BİZ NİYƏ SEVMƏYƏK BİR-BİRİMİZİ
Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?
Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi?
Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi?
Gül şehdən güc alır, mamır qayadan,
Köz oddan qızarır, çiçək həyadan,
Süzülüb gəlirsə kökdən, mayadan,
Biz niyə sevməyək bir-birimizi?
Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi?
Ömrün həm sevinci, həm ahı varsa,
Pərvanə yanğısı, şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir-birimizi?
Yağış gözəllərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü.
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?
___________________Milli Kitabxana__________________
44
ALLAH SƏNİ PƏNAHINDA SAXLASIN
Ömrüm boyu duaçınam, ay gözəl,
Allah səni pənahında saxlasın.
Oruc tutub, namazını qılmışam,
Allah səni pənahında saxlasın.
Hər qaşında Quranın bir ayəsi,
Sevilməkdi insanlığın qayəsi.
Üzərindən çəkilməsin sayəsi,
Allah səni pənahında saxlasın.
Mən nə şaham, nə şahlıqda vəzirəm,
Eşqin ilə dərviş olub gəzirəm.
Səndən ötrü məscidlərdə nəzirəm,
Allah səni pənahında saxlasın.
Nə Tanrıyam, nə Allaham, nə dinəm
İcazəsiz nə danışam, nə dinəm.
Vaqif demiş: sən ey Məkkəm, Mədinəm,
Allah səni pənahında saxlasın.
Tur dağında, Musanın Tur eşqinə,
Məhəmmədin alnında nur eşqinə,
Quran, İncil, Tövrat, Zəbur eşqinə,
Allah səni pənahında saxlasın.
Sevgi sözü əqidədi, inamdı,
Sevən kəslər peyğəmbərdi, imamdı.
Bəlkə bu gün mənim ömrüm tamamdı,
Allah səni pənahında saxlasın.
Belə gülü hər gülüstan bitirməz,
Hər torpaq da bu neməti yetirməz.
Zəlimxansız dünya bir şey itirməz,
Allah səni pənahında saxlasın.
___________________Milli Kitabxana__________________
45
XƏTRİNƏ DƏYMƏ
Meh var, qoy sığallasın,
Yelin xətrinə dəymə.
Saçdı, qoy dalğalansın,
Telin xətrinə dəymə.
Barmaqlarım inciyər,
Əlin xətrinə dəymə.
Daş-qaşdı, qoy düzülsün,
Ləlin xətrinə dəymə.
Sözüm bir nəmər olsun,
Dilin xətrinə dəymə.
Qollarım kəmər olsun,
Belin xətrinə dəymə.
Qoy çağlasın Zəlimxan,
Selin xətrinə dəymə.
Şairi küsdürərsən
Elin xətrinə dəymə.
Dostları ilə paylaş: |