Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil



Yüklə 388.63 Kb.
səhifə1/5
tarix22.12.2016
ölçüsü388.63 Kb.
  1   2   3   4   5
Zərİf məqamlar

(Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr)

Beşinci cild

Tərtib edən: Həsən Qüddusizadə

Çevirən: Maqsud Əzizoğlu

Birinci fəsil: Qərb mədəniyyəti və sivilizasiyasının xüsusiyyətləri



1. Qərb mədəniyyətinin kökü

Bugünkü Avropa mədəniyyətinin kökü qədim Roma mədəniyyətinə qayıdır. Yəni bu gün bütünlüklə Avropa və Qərb mədəniyyətinə və bunun ardınca ABŞ mədəniyyətinə hakim olan amillər Roma imperiyasında mövcud olan qayda və prinsiplərdir. Bugünkü meyar onlardan ibarətdir. O zaman da qadınları böyük məqama ucaldıb, hörmət edirdilər, müxtəlif zinətlərlə bəzəyirdilər. Amma nə üçün? Kişidə mövcud olan ən aşağı və ən maddi hissi doyurmaq üçün. Bu, insana və qadına qarşı necə də böyük təhqirdir!1


2. Qərb mədəniyyətinin zahiri bərbəzəyi

Bu gün Amerikada və Avropanın inkişaf etmiş ölkələrində aclıq, yoxsulluq, qida maddələrinin çatışmazlığı üzündən ölüm halları, evsizlik və hətta heyvani yaşayışdan ötrü lazım olan təhlükəsizlik də yoxdur. Bu ölkələrdə texnologiyadan və yeni elmərdən bəhrələnənlər xalqın yuxarı təbəqəsidir. Lakin bir qarın çörəkdən ötrü öz şərəfini, namusunu və şəxsiyyətini satmağa məcbur olanlar, müxtəlif təhqirlərə məruz qalanlar xalqın böyük bir hissəsini təşkil edir. Bu, bir həqiqətdir. Zahir çox gözəl və bəzəklidir. Televiziya kanalları və xəbər agentlikləri təbliğat məqsədilə məhz bəzəkli və gözəl məqamları göstərirlər.

Qərb mədəniyyəti bütün elmi tərəqqisinə, kosmik ixtiralarına, ixtiyarında olan və üçüncü dünyanın kasıb ölkələrindən çapıb-taladığı böyük maddi sərvətlərinə rəğmən, inkişaf etmiş ölkələrdə yoxsulluğu aradan qaldırdığını iddia etsə, yalan demişdir. Buna görə də, Qərb mədəniyyəti rifah və asayiş dolu maddi həyatı da bütün insanlara verə bilməmişdir.2

3. Qərb mədəniyyətinin ən mənfi cəhəti

Qərbi inkar etmək - onun texnologiyasını, elmini, inkişafını və təcrübələrini inkar etmək demək deyil. Heç bir ağıllı insan bunu etməz. Qərbi inkar etmək – onun istismarçılığını inkar etməkdir; istər siyasi istismarçılıq olsun, istər iqtisadi və yaxud mədəni. Mən bu qısa vaxt ərzində Qərbin mədəni istismarçılığı haqda bir neçə cümlə demək istəyirəm. Bu, sizin üçün faydalı ola bilər.

Qərb mədəniyyəti gözəllik və çirkinliklər məcmusundan ibarətdir. Heç kim Qərb mədəniyyətinin bütünlüklə çirkin olduğunu deyə bilməz. Xeyr! Bütün mədəniyyətlər kimi, o da gözəl cəhətlərdən xali deyil. Heç kim öz qapılarını bu və ya digər əcnəbi mədəniyyətin üzünə mütləq şəkildə bağlamaq istəməz. Qərb mədəniyyəti Şərq mədəniyyəti və dünyanın digər mədəniyyətləri kimi, həm yaxşı, həm də pis elementlərdən təşkil olunub. Ağıllı bir xalq və toplum yaxşı elementləri götürüb öz mədəniyyətinə əlavə edər, onunla öz mədəniyyətini zənginləşdirər, pis elementləri isə rədd edər. Dediyim kimi, bu məsələdə Avropa, Qərb, Amerika, Latın Amerikası, Afrika və yaxud Yapon mədəniyyətləri arasında heç bir fərq yoxdur - hamısı bərabərdir. Biz hər hansı bir mədəniyyətlə rastlaşdıqda, təbii olaraq bacardığımız qədər onun gözəlliklərini götürməli, bizə münasib olmayan pis və zərərli cəhətləri və bizim baxışımızdakı gözəlliklərlə ziddiyyət təşkil edənləri rədd etməliyik. Bu, ümumi bir prinsipdir.

Qərb mədəniyyəti haqda isə mühüm bir məqam var, sizin buna diqqət yetirmənizi istəyirəm. Qərbin, yəni avropalıların mədəniyyətinin, bizim bildiyimiz qədər, başqa mədəniyyətlərdə olmayan bir eybi var. Bu, hakimolma hissidir. Bu, qəti humanitar, coğrafi və tarixi dəlillərə əsaslanır. Onlar dünyada elmi üstünlüyə malik olan kimi, on doqquzuncu əsrdə birbaşa müstəmləkəçilik formasını alan siyasi və iqtisadi hökmranlıqları ilə öz mədəniyyətlərini yeritməyə başladılar, xalqların mədəniyyətinə qarşı mübarizə apardılar. Bu, pis haldır. Hər hansı bir xalqın başqa bir ölkəyə öz mədəniyyətini qəbul etdirməyə qalxması əsla qəbuledilməzdir. Əgər çox yaxşı da olsa, xalq ona sırınan mədəniyyəti qəbul etməz. Siz yəqin ki, öz meylinizlə yediyiniz qatıq-çörəyi zorla ağzınıza qoyulan kabab-plovdan üstün tutarsınız. Hər hansı bir iş zorla olduqda, güc göstərildikdə, amiranə və təkəbbürlü şəkildə yeridildikdə, hər bir xalq ona qarşı çıxar. Bu, belə də olmalıdır. Misal üçün, qalstuk Qərbə aid bir şeydir. Qərblilər bunu istəyirlər, sevirlər, öz ənənələrinə uyğundur. Siz isə başqa bir ölkənin vətəndaşı ola-ola, əgər təsadüfən kostyum geyinməyi seçmisinizsə və qalstuk taxmırsınızsa, mədəniyyətsizmi hesab olunmalısınız?! Nə üçün? Bu sizin mədəniyyətinizdir, mənim günahım nədir?! Əgər kostyum geyinmisinizsə, bant və ya qalstuk da taxmalısınız, yoxsa filan məclisdə iştirak edə bilməzsiniz, mədəniyyətsiz, nəzakətsiz və səliqəsiz adam sayılacaqsınız! Bu, Qərb mədəniyyətinin zorla qəbul etdirilməsidir.

Qərbli qadının öz adət-ənənəsi var. Onların qadın məsələsinə, qadının geyiminə, kişilərlə əlaqəsinə və cəmiyyətdə roluna dair xüsusi normaları var. İndi bunların yaxşı, ya pis olmasından danışmırıq. Məsələ burasındadır ki, onlar bu mədəniyyəti zorla dünyanın digər xalqlarına qəbul etdirmək istəyirlər. Bu, Qərb mədəniyyətinin pis xüsusiyyətidir.3
4. Qərb mədəniyyətinin digər ölkələrə ixracı

Qərb dünyası və Qərbin azğın mədəniyyətinin başçıları dünyaya fəsad, pozğunluq, narkomaniya, müxtəlif fəlakətlər ixrac etmələrindən xəcalət çəkmirlər. Bu gün təəssüf ki, bütün dünyanı və ən çox da üçüncü dünyanın yoxsul ölkələrini bürüyən bu pozğun mədəniyyət haradan gəlmişdir?! Bu, Qərb mədəniyyətinin, müstəmləkə və hegemonluq sivilizasiyasının ixracatındandır. Bu gün bəşəriyyətə əziyyət verən müxtəlif fəsad və pozğunluqlar, bir çox yoxsul və geriqalmış ölkələrdə gənclərin bulaşdığı təhlükəli narkomaniya haradan gəlmişdir?! Üçüncü dünyanın bir çox müsəlman və qeyri-müsəlman ölkələrində məcburən yaradılan yanlış istehlakçılıq ənənəsi haradan gəlmişdir?! Siz bizim bölgəmizin yoxsul olan neft və qeyri-neft ölkələrinin bazarlarına girsəniz, Qərbin artıq və lazımsız məhsullarının reklamları ilə bəzəndiyini görərsiniz. Bəşərin bunlara ehtiyacı vardımı?! Neft istehsal edən ölkələr Allahın bəxş etdiyi, bütün xalqa məxsus və ölkənin abadlığına sərf edilməli olan sərvəti verib qarşısında fəsaddan və pozğunluqdan başqa heç bir xeyri olmayan məhsullar alırlar. Bunların hamısı Qərb, Amerika və Avropa mədəniyyətinin üçüncü dünya ölkələrinə ixracatıdır. Amerika, Avropa və Qərb ölkələri öz sivilizasiyalarının xüsusi bir qrupa deyil, bütün bəşəriyyətə məxsus olan sənaye, elm və tədqiqat məhsulları arasında üçüncü dünya ölkələrinə müxtəlif fəsad və pozğunluqlar da ixrac etdilər, xalqı, gəncləri, hökumətləri bədbəxt günə qoydular. Onlar öz işlərindən utanıb xəcalət çəkmir, başqa ölkələrə çirkin ixracatları ilə fəxr də edirlər.4


5. Qərb mədəniyyətindən imtina etməyimizin səbəbi

Soruşa bilərsiniz ki, məgər Qərb mədəniyyəti, Avropa və Amerika mədəniyyəti nədir ki, biz ondan qaçmalı və qarşısında beynimizi bağlamalıyıq. Bu mühüm sualdır. İnqilabdan sonra xalq müəyyən həddə bunun cavabını tapmışdır. Lakin yenə də bu barədə bir neçə cümlə demək istəyirəm.

Qərb mədəniyyəti insanın fəsadına hesablanmış, bəşəri dəyərlərə düşmən, qızıl və güc sahiblərinin və qüdrət imperatorlarının əlində alət olmuş bir mədəniyyətdir. Bu mədəniyyətlə Adəm övladlarını bütün insani dəyərlərdən ayırmaq, insanları əxlaqsız, müti, təslimçi, Allahdan və mənəviyyatdan xəbərsiz məxluqlara çevirmək istəyirlər. Onların maraqları bu mədəniyyəti yaymaqla təmin olunur. Bu çılpaqlıq mədəniyyəti və qadınla kişinin qeyd-şərtsiz qarışması Qərb mədəniyyətinin əsaslarından biridir, ilk gündən insanların fəsadı və bəşəriyyətin insani dəyərlər çərçivəsindən ixrac edilməsi üçün düşünülüb. Onların bəşəriyyətə ürəkləri yanmır.5
6. İran xalqının Qərb mədəniyyətinə qarşı çıxmasının səbəbi

Qacarların hakimiyyətinin sonlarında qərblilərin İrana hücumu başlandı, Pəhləvilərin dövründə isə pik həddinə çatdı. O dövrdə yetişənlər İran xalqını özünü idarə etməyə, işləməyə, bir şey düzəltməyə, dünyaya nə isə təqdim etməyə və yaxud əldə edilmiş nailiyyətləri artırmağa layiq bilmirdilər. Bu, nəyə görə idi? Bu, xalqın mədəniyyətinin, milli mənliyinin təhqirinə və əcnəbi mədəniyyətin qəbul etdirilməsinə görə idi. Milli mənlik mədəniyyətlə formalaşır. Hər bir xalqın mənliyi və qüruru onun mədəniyyətidir. Bunu yaralamaq olmaz. İran xalqının Qərb mədəniyyətinə qarşı çıxması buna görədir.

Qərb mədəniyyətinin gözəllikləri də var. Onların mədəniyyətinin gözəlliklərini öyrənib götürməyin eybi yoxdur. Amma öncə o gözəlliklərin nədən ibarət olduğunu müzakirə etmək lazımdır.6
7. Modabaqzlığa və dəbdəbəyə meyl – Qərb mədəniyyətinin çox təhlükəli boyunduruğu

Məncə, modabaqzlığa və dəbdəbəyə meyl göstərmək, hər şeyin yenisini istəmək və kişilərin qarşısında bəzənməkdə ifratçılıq bizim cəmiyyətimizin və qadınlarımızın yoldan sapmalarının ən böyük amillərindən biridir. Qadınlar bunun qarşısında müqavimətli olmalıdırlar. Qərblilər qadını öz istədikləri məxluqa çevirmək üçün daim yenilənən modalar düzəltməyə, gözləri, ürəkləri və düşüncələri belə zahiri və aldadıcı məsələlərlə qarışdırmağa ehtiyaclıdırlar. Bunlarla məşğul olan insan nə zaman həqiqi dəyərlərə qovuşa bilər?! Heç bu barədə düşünməyə macal tapmaz. Özünü kişilərin diqqətini cəlb etməkdə alətə çevrimək istəyən qadın mənəvi saflıq haqqında düşünməyə macal taparmı?! Məgər bu, mümkündür?! Onlar bunu istəyirlər. Onlar üçüncü dünya qadınlarının aydın və ideal düşüncə sahibi olmalarını istəmirlər, özləri isə böyük məqsədlərə sarı hərəkət edir, öz ərlərini və övladlarını da hərəkət etdirirlər. Cəmiyyətimizin cavan qadınları çox ehtiyatlı olmalı, Qərb mədəniyyəti və təfəkkürünün bu təhlükəli və gözəgörünməz kəməndini tanımalı, ondan qorunmalı, digər qız və qadınları da çəkindirməlidirlər.7


8. Qərbli cavanların üsyanı - Qərb mədəniyyətinin təzyiqlərinə adekvat cavab

Mənəviyyatdan xəbərsiz olan, həqiqi məhəbbətin ən az göründüyü, hər bir şeyin yalançı qayda-qanun və zahiri gözəllik olduğu sənaye sivilizasiyasının çox sıxıcı mühitində cavan üsyan edir. Bir mağazaya girişin səliqəli olmaqla, qalstuk taxmaqla və ya hər hansı bir xüsusi geyimlə şərtləndiyi bir cəmiyyətdə cavan, ənənələrə qarşı inadkarlığından, onlarla zidd olan ən pis formanı seçir və ümumi yerlərdə görünür. Bu, üsyan xarakteri daşıyan təbii reaksiyadır. O cavan filosof olduğundan belə etmir, xeyr, o, adi bir insandır. Lakin maddi və sənaye mədəniyyətinin insanın qanını sorduğu və ətini sümükdən ayırdığı mühitdə bir cavan öz etirazını necə göstərə bilər?! O, bu formada üsyan edir, lakin üçüncü dünyanın təqlidçi cavanı bunun bir mod olduğunu düşünür və yamsılayır.8


9. Qərb ölkələrinin böyük problemlərindən biri

Gənc məsələsi hər bir cəmiyyətdə ən əhəmiyyətli məsələlərdəndir. Qərb ölkələrinin də bəzən dedikləri və bəzən gizlətdikləri problemlərdən biri onların gəncləridir. Siz elə düşünməyin ki, Qərb cəmiyyətlərində gənclərin problemləri həll olunmuşdur. Xeyr, oranın min cavanı arasında bəlkə də bu qədər səfalı, nurani və pak olan bir nəfər də tapmaq olmaz. Maddiyyata, pul və kapitalın dəyərinə və ehtiras azadlığına söykənən quruluşların vəziyyəti bu gün görüb təcrübə etdiklərindən başqa bir şey ola da bilməz.

Xalqların süqutu həmişə qəfildən olmur, tədricən həyata keçir. Bu tədrici məsələni qərbli mütəfəkkirlərin iti gözləri Amerikada və Avropada müşahidə edirlər. O cəmiyyətlərdə cavanlar pozğunluğa meylliliklə, həyadan uzaq, cinayətkar və təcavüzkar ruhda tərbiyə alırlar, adətən, əxlaqi pozğunluqlara qərq olurlar. Belə bir gənc nəsil elm və sərvətin hansı səviyyədə olmasından asılı olmayaraq, yaşadığı cəmiyyətin və quruluşun bünövrələrini qarışqatək çeynəyib məhv edəcək. Bunun əksini siz bu gün öz ölkəmizdə müşahidə edirsiniz. Cavanların paklığı, saflığı, onlarda olan iman və dindarlıq inqilabın ilk günlərindən indiyədək həmişə artmaqdadır. Bizim ölkəmizin gənc və yeniyetmələri müharibə dövründə və ondan sonra öz saflıqlarını qoruya bildilər. Bunun əksini göstərən bəzi statistik rəqəmlər düzgün deyil. Mən cavanlar arasında olan azğın cərəyanlardan xəbərsiz deyiləm, nə baş verdiyini bilirəm. Lakin bu köpüklərin, bu bulanıq lilin altında nəciblik və dindarlığın, təmizlik və nuraniliyin böyük və qüdrətli axınını müşahidə edirəm.9
10. Laqeydlik və cavan nəslin əldən çıxması - bir xalqın məhv olması əlaməti

Hər bir cəmiyyətin cavanlarının necə düşünmələri və işləmələri o cəmiyyət üçün çox önəmlidir. Hər bir ölkənin cavan nəsli əslində, həlledici qüvvədir. Əgər hər hansı bir ölkə maddi, elmi, sənaye, iqtisadi və müxtəlif sərvətlər cəhətindən tərəqqinin ən uca zirvəsində olsa belə, öz cavanlarını düzgün idarə edə bilməsə, gənc nəsil əldən çıxsa, heç şübhəsiz, çətin bir gələcəyi gözləməli olacaq. Bu məsələ bu gün Qərb dünyasında, xüsusən də bəzi Qərb ölkələrində baş verməkdədir.

Unutmaq lazım deyil ki, belə ictimai və tarixi tufanlar özünü tədricən göstərir. Diqqətsiz adamlar sona yaxınlaşmayınca nə baş verdiyini anlamırlar. Eqoist, şəxsi mənfəətini və öz cibini güdən adamlar da ya ümumiyyətlə, nə baş verdiyini anlamırlar, ya da anlayır, amma əhəmiyyətsiz yanaşırlar. Lakin hər bir cəmiyyətin uzaqgörən və qayğıkeş insanları gənc nəslin tələfolma təhlükəsini hiss edirlər. İndi bu hadisə baş vermişdir. Qərb cəmiyyətlərindəki uzaqgörən və qayğıkeş insanlar hansı faciənin baş verdiyinin fərqindədirlər. Cavanları çox ciddi şəkildə narkomaniya və bu kimi ictimai bəlalara düçar olmuşlar. Çoxları azdırıcı həyəcanların təsirindən adam öldürməyə, oğurluğa, soyğunçuluğa, cinayətə və çox çirkin şəhvətpərəstliyə üz tutmuşlar. Çoxları laqeyd olub seçkilərdə və ümumi tədbirlərdə iştirak etmirlər. Səbəbini soruşduqda deyirlər ki, bunun bizə əhəmiyyəti yoxdur. Onların laqeyd halı məhv olmaq əlamətlərindəndir.10
11. Qərbin ikili standartlarına misallar

Bu gün dünyada xüsusi məsələlərin üzərində həssaslıq var. Bu gün qadının əri tərəfindən döyülməsinə həssas yanaşılmır. Avropada və Amerikada, əlbəttə hamısı olmasa da, kişilər çox asanlıqla qadınları vururlar. Ailədə kişinin qadına zülm etməsinə dünyada həssas yanaşan yoxdur. Statistikalar göstərir ki, Amerika və Avropa ailələrində atalar və ərlər çox rahatlıqla övladlarını və həyat yoldaşlarını incidirlər. Dünyada bu məsələ üzərində ciddi dayanan yoxdur. Amma qadının geyimi üzərində həssaslıq var. Əgər bir insan, bir şəxsiyyət, bir filosof, bir sistem və bir siyasət qadının çılpaqlığına qarşı çıxsa, bunu dünya səviyyəsində böyük səs-küylə qarşılayacaqlar. Lakin fəsadların, adət və üslubların çoxunun üzərində həssaslıq yoxdur. Əgər bir ölkə öz siyasəti olaraq spirtli içkiləri qadağan etsə, bu, bütün dünyada rezonans doğuracaq. Onu mürtəce adlandırıb istehzalı təbəssümlə qarşılayacaqlar.

Bu haranın mədəniyyətidir? Qadının bu çılpaqlığı və spirtli içkilərin yayılması, bir ənənə kimi, haraya aiddir? Bu, Avropaya məxsusdur və bu ölkələrin qədim mədəniyyətindən qaynaqlanır. Amma bu gün bu adət-ənənələr dünyanın başqa yerlərində də meyar götürülür və buna qarşı çıxanlar böyük günah etmiş sayılırlar.11
12. Qərbin hicaba ikili yanaşması

Siz bilirsiniz ki, bir vaxt bizim ölkəmizdə hicab qadağan edildi, amma dünyada heç kim buna etiraz etmədi. Qonşu Türkiyədə hicabı qadağan etdilər və son zamanlara qədər bu ölkənin bəzi iqtidarları eyni ənənəni davam etdirdilər. Bunun nümunələri son illərdə də göründü, amma dünyada heç kim buna qarşı etirazını bildirmədi və bildirmir.

Özünü inkişaf etmiş bilən, insan haqları məsələsinin onlar üçün əhəmiyyət kəsb etdiyini iddia edən və reklam etdirən Avropa ölkələrində - Fransa və İngiltərədə bir neçə müsəlman qadının İslam hicabı ilə get-gəl etmələrinə və məktəblərə girmələrinə icazə vermədilər. Belə yerdə qadağa qoymağı və maneə yaratmağı mümkün sayır, bunda bir eyib görmürlər. Lakin ictimaiyyət arasında hicabı vacib bilən İslam Respublikasına hər yerdə etiraz sərgiləyirlər. Əgər qadınların hər hansı bir geyim formasına müdaxilə etmək düzgün deyilsə, onların müdaxiləsi hicabı icbari etməkdən daha pisdir. Çünki bu, təhlükəsizliyə və sabitliyə daha yaxındır. Ən azı budur ki, bunlara eyni formada yanaşmaq lazımdır, lakin Qərb belə etmir. Qadınların geyimində bəzi qadağaların olduğuna görə Qərb İslam Respublikasını qınayır, kişi və qadının çılpaqlığının və hicabsızlığının icbari edildiyi ölkələri isə tənqid etmir. Bu nə üçündür? Ona görə ki, bu, Qərbin qəbul etdiyi mədəniyyətin ziddinədir. Onlar bu məsələ üzərində çox həssasdırlar.12

13. Qərbin zorakılığa və terorizmə ikili yanaşması

Bəzən eşidirik ki, bizi zorakılıqda suçlayırlar. Biz indi nə etməliyik?! Bunlar ağıllı və düşüncəli insanların qəbul edəcəyi və dilə gətirəcəyi sözlər deyil. Bir xalqı məhv etmək üçün ən yaxşı yol budur ki, davamlı təbliğatla onu səhnədən çıxarsınlar, həmişə ittiham altında saxlasınlar. Bu, məlum bir üsuldur. Bizi zorakılıqda süçlayırlar. Bunu kim edir?

Bir-iki il bundan əvvəl bir Avropa ölkəsinin başçısı buraya gəlmişdi. Bildiyiniz kimi, yüksək səviyyəli beynəlxalq görüşlərdə deyilən sözlərin çoxu formal və kompliment xarakterli olur. O, sülh haqqında danışdı. Dedi ki, bəli, biz sülhün tərəfdarıyıq. Mən belə görüşlərin normal protokollarından çıxıb bir ruhani kimi dedim ki, müharibəni siz avropalılar başlamısınız, özünüz də sülhdən dəm vurursunuz. Bəşər tarixinin ən böyük müharibələrini siz avropalılar törətmiş və nə qədər adam öldürmüsünüz. Biz dünyanın bu tərəfində ola-ola sizin müharibərlərinizin küləyi bizə bu qədər xəsarət yetirdi, indi də gəlib sülhdən dəm vurursunuz. Dedim ki, bizim müharibə adlı problemimiz yoxdur. Müsəlman ölkələrinin heç biri müharibə istəmir. Müharibədən siz danışıbsınız, sonra da gəlib sülh şüarı verirsiniz.

Onlar bu qədər silah istehsal edib bütün dünyaya verirlər. Həqiqət budur ki, onların özü ən böyük zorakılığı törədənlərdir. Terrorizimdən danışırlar, amma məqsədləri budur ki, İslam Respublikası nə üçün öz vətənlərini müdafiə edən mübariz fələstinliləri dəstəkləyir. Beynəlxalq informasiya vasitələrinə görə, terrorizmi müdafiə fələstinli mübarizləri müdafiədir. İsrail tanklarının fələstinlilərin evlərini başlarına uçurması və bir neçə aylıq körpələri qətlə yetirməsi terrorçuluq deyil. Amma qəddar cinayətkar bir hərbçi bir hadisədə öldürüldükdə, öz mətbuatlarında ağlayan həyat yoldaşının şəklini ayrıca, uşağının şəklini ayrıca, dəfn mərasiminin şəklini də ayrıca vururlar. Bu, qarşı tərəfi zorakı və terrorist təqdim etməkdən ötrüdür. Bu, sözügedən təbliğat xarakterli əməllərdəndir.13


14. Qərb ölkələrinin iddia etdiyi demokratiya əsla mövcud deyil!

Bu gün beynəlxalq aləmdə və Qərb dünyasında fəxrlə təriflənən demokratiya nə ABŞ-da mövcuddur, nə Fransada, nə də İngiltərədə. Faşizm və nasizm kimi keçmişi olduğu üçün Almaniyanı misal çəkmirəm. Özlərini demokratiyanın beşiyi adlandıran ABŞ və Fransada iddia etdikləri demokratiya əsla mövcud deyil, onunla məsafələri çoxdur. Lakin qərblilərin xüsusiyyəti budur ki, ən pis bir şeyi belə çox təmiz, ütülü, qablaşdırılmış, ətirlənmiş və gözəl şəkildə təqdim edirlər. Onların tərbiyəsi belədir. Kiminləsə vuruşmaq istədikdə, bizim kimi yaxalaşıb hay-küy salmırlar, əsəblərini əsla pozmadan qarşı tərəfin ürəyinin başından bir güllə çaxır, çox soyuqqanlılıqla adam öldürürlər. Onların xüsusiyyəti belədir.14


15. Qərbin elmə baxışı

İslamın insana, elmə, insan həyatına, təbiətə və varlıq aləminə baxış tərzi yeni məlumatlar ortaya qoyur. Bu baxış Qərbdə elmi tədqiqatların əsası və təməli olmayıb. Qərbdə elmi tədqiqatlar din adlandırdıqları bir şeylə ziddiyyət fonunda aparılıb. Əlbəttə, onlar buna haqlı idilər. Renessansın qiyam etdiyi, dünyanın elm və düşüncə istqamətinə zidd olan bir din din deyildi, din adı altında xurafat və əfsanələr toplusu idi. Orta əsrlər kilsəsinin dini əsl din deyildi. Təbii idi ki, alimlərin, ziyalıların və düşüncə sahiblərinin beyinlərində düyün və şübhələr qalsın və onlar antidin çıxış yolları axtarsınlar. Buna görə də, onlar üçün elm və dinin bir araya gəlməsi çox çətin məsələdir, bizdə isə problem deyil.

Bizim dünyagörüşümüzdə elm dindən baş qaldırır, elmin ən yaxşı həvəslənidiricisi dinin özüdür. Bizim tanıdığımız din, Qurandan öyrənib əxz etdiyimiz dini dünyagörüş, eləcə də yaranış, insan, metafizika, tövhid, ilahi iradə, qəza və qədər haqda təsəvvürlərimiz elmə uyğundur. Ona görə də din elmə səbəb olur və həvəsləndirir. Nümunəsinə özünüz tarixdə baxın. Bu dinin həvəsləndirməsinə görə İslamın ilk əsrlərində bütün sahələrdə elmi hərəkət yüksəlib o zamana qədər analoqu olmayan həddə çatdı. O zaman elm və dinin bir-birinə sıx bağlı olduğu şəraitdə elm, tədqiqat və texnika özünə görə çox inkişaf etdi.

Bu gün Qərbdə mövcud olan humanitar elmlərin - iqtisadiyyat, sosiologiya, idarəetmə və digər sahələrin bünövrəsi İslamın uca tövhid etiqadına inananlar üçün etibarsız olan antidin və qeyri-dini dərkə əsaslanır, yüksək biliyə və İslam tövidinə inanan şəxslərə görə etibarsızdır.15


16. Elm – qərblilərin qüdrət vasitəsi

Müstəmləkə altında olan ölkələrdə inkişaf etməyə qoymadıqları və ciddi maneə törətdikləri məsələrdən biri elmdir. Onlar bilirlər ki, elm qüdrət amilidir. Qərblilərin özləri elmlə gücləniblər. Bu, tarixi həqiqətlərdəndir.

Əlbəttə, elm Şərqlə Qərb arasında hərəkət edib, gah onlarda, gah da bunlarda olub. Bir zaman onlar cəhalətdə idilər. Özlərinin təsvir etdikləri Orta əsrlər dövründə dünyanın bu tərəfində elmin zirvə çağı idi. Amma qərblilər elmə yiyələnən kimi ondan hökmranlıq, sərvətlənmək, siyasi güclərini artırmaq, xalqların sərvətini talamaq və özlərinə sərvət istehsal etmək üçün bir vasitə kimi istifadə etdilər. O sərvətlə yenidən elm istehsal etdilər, elmi inkişaf etdirdilər. Onlar elmin bir ölkəyə qüdrət bağışlamaqda nə qədər təsirli olduğunu bilirlər. Buna görədir ki, istismarçı sistemin, yəni istismarçı ilə istismar olunan arasındakı əlaqənin dünyaya hakim olmasını isətyirlərsə, istismar altında saxladıqları ölkələri savadlanmağa və elmi inkişafa qoymamalıdırlar. Bu, dəyişməz strategiyadır, oyan-buyanı yoxdur. Bu gün dünyada bu minvalla hərəkət edirlər. Buna əsasən, elm öyrənmək və tədqiqat aparmaq üçün zəhmət çəkmək, çalışmaq lazımdır.16
17. Qərbin elmi üstünlüyü onun mədəni üstünlüyü demək deyil!

Başqalarından elm öyrənmək onların mədəniyyətini öyrənməklə qarışdırılmamalıdır. Kiminsə, “qərblilərin elmi yaxşıdır, deməli onların mədəniyyətləri, həyat tərzləri və əxlaqları da yaxşıdır” – deyə düşünməsi çox kobud səhvdir. Xeyr! Bunlar arasında heç bir əlaqə yoxdur. Elmləri yaxşıdır, amma elm bu mədəniyyətin nəticəsi deyil, əksinə, bu mədəniyyət elmə də zərər vurur.

Elmin özünəməxsus yaradıcı elementləri var. Onları tapmaq lazımdır. Özbaşınalıq, dinsizlik, eqoistlik, pula və maddiyyata sitayiş və maddi dəyərlərin birinciliyi Qərbin bugünkü yanlış mədəniyyətidir. Əgər o xalq imanlı, saleh, yaxşı işlər görən və dünyanın bərbəzəklərinə etinasız olsaydı, bu elm bütün dünyaya faydalı olardı. Necə ki, İslam mədəniyyətinin çiçəklənmə dövründə - hicrətin 4, 5 və 6-cı əsrlərində görkəmli elm adamları meydana çıxdı və elmi günün ən uca zirvəsinə çatdırdılar. Bu gün Qərbdə yayılan veyillik, dinsizlik və sair bu tip ənənələr onlara hakim deyildi; ibn sinalar, məhəmməd ibn zəkəriyya razilər, xarəzmilər və digərləri belə deyildilər. Bunlar Qərb mədəniyyətinə oxşar mədəniyyət altında yetişmədilər. Heç Qərbin böyük alimləri, Qərb elminin əsasını qoyanlar da belə mədəniyyətlə böyüməmişlər. Odur ki, Qərbin elmi üstünlüyünü və tərəqqisini heç zaman onun mədəni üstünlüyü kimi başa düşmək olmaz.17
18. İranlı beyninə yeritdilər ki, mütləq Qərbin yolu ilə getməlisən!

Daha böyük mədəni hücum budur: onlar uzun illər beynimizə yeridiblər ki, sən bacarmırsan, Qərbin və Avropanın arxasınca getməlisən. Uzun illər bizi özümüzə inanmağa qoymayıblar. Siz bu gün humanitar elmlərdə, təbiət elmlərində, fizikada, riyaziyyatda və ya başqa bir sahədə dünyanın məşhur nəzəriyyələrinin ziddinə bir nəzəriyyə irəli sürsəniz, bəziləri ona qarşı çıxıb deyəcəklər ki, sizin iqtisadiyyatda filan sözünüz filan nəzəriyyənin ziddinədir; psixologiyadakı sözünüz filankəsin nəzəriyyəsinə müxalifdir. Yəni bunlar bir avropalı alimin fikirlərinə möminlərin Qurana və ilahi vəhyə inandığı kimi, hətta ondan da çox inanırlar. Maraqlıdır ki, bəzən bu nəzəriyyələr köhnəlib sıradan çıxır, yerinə yeni nəzəriyyələr gəlir, amma bunlar 50 il qabaqkı nəzəriyyələri müqəddəs mətn kimi qoruyub saxlayırlar. On illərdir Popperin siyasi və ictimai nəzəriyyələri köhnəlib qüvvədən düşüb, Avropada onun əleyhinə onlarla kitab yazılıb. Amma son zamanlar bəziləri peyda olub fəlsəfi dərk iddiası ilə onun nəzəriyyələrini yaymağa başlayıblar. Uzun illərdir dünyanın iqtisadi mərkəzlərinə hakim olan nəzəriyyələr qüvvədən düşmüş və yeni fikirlər otraya çıxmışdır. Amma indi də bəziləri iqtisadi layihələr həyata keçirmək istəyəndə köhnəlmiş nəzəriyyələrə baxırlar.18


19. Qərbdə elmin sekulyarlaşdırılması

Dünyada elmin sekulyar mahiyyətli olmasını və dəyərlərlə heç bir əlaqəsi olmadığını sübuta yetirmək üçün çox çalışdılar, onun üçün fəlsəfə düzəltdilər, dəlil göstərdilər.

Həqiqət budur ki, elm və ağıl ikitərəfli qüvvələrdir. Onlar dəyərlərə də xidmət edə bilərlər, heyvanlığa və yırtıcılığa da. Bu, elmin idarəsinin kimin əlində olmasından asılıdır. Əgər elmin idarəsi dünyagir, pulpərəst və müstəmləkəçi insanların əlində olsa, bu gün dünyada müşahidə etdiyiniz olacaq; yəni elm müstəmləkə, istismarçılıq, xalqların təhqiri, işğalçılıq, pozğunluq, seks və heroini yaymağa vasitə olacaq. Elm olmasaydı, müstəmləkə də olmazdı. Avropalılar elmlərinin sayəsində dünyada ölkələri müstəmləkəyə çevirdilər. Əgər elm düzgün insanlar tərəfindən idarə olunsa, belə hallar qarşıya çıxmaz və elm bəşəriyyətin xidmətində durar. Onda bu qüdrət var. Buna görə də, elmi sekulyarizə etməyə, onun dəyərlə birgə olmadığını isbatlamağa çalışmaq çox böyük bir çaşdırma və hiylədir. Xeyr! Elm dəyərlə birgə ola bilər. İslam mənəviyyatının heyvanlıqla, fəsadla və elmdən sui-istifadələrlə problemi var, elm, texnologiya və tədqiqatla yox. Mənəviyyat elmlə birgə ola, elm və tədqiqatın nəticələri mənəviyyat istiqamətində hərəkət edə bilər.19
20. Qərblilərin elmi üstünlüyü onlardan mədəniyyət öyrənməyə dəlil deyil!

Bəziləri belə düşünürlər ki, qərblilər elmi cəhətdən bizdən üstün olduqlarına görə, biz mədəniyyəti, inancları, həyat tərzini, ictimai və siyasi münasibətləri də onlardan öyrənməliyik. Bu, düzgün deyil. Əgər çox gözəl və sevdiyiniz bir müəllim sizə dərs verirsə, bu o deməkdir ki, onun xoşu gəlsin deyə, mütləq onun paltarı rəngində paltar geyinməlisiniz?! Əgər bu müəllimin pis bir adəti varsa, siz də bu adəti ondan öyrənməlisiniz?! Məsələn, müəllim dərsin ortasında əlini burnuna salırsa, siz ondan elm öyrənirsiniz deyə, bu işini də yamsılamalısınız?!

Avropalıların səhv işləri və çirkin hərəkətləri olduqca çoxdur. Nəyə görə bunları öyrənməliyik?! Qərblilərin elminə ürəkdən məftun olan bir nəfər deyirdi ki, biz təpədən dırnağa qədər qərbləşməliyik. Niyə? Biz iranlıyıq, iranlı da qalmalıyıq; müsəlmanıq, müsəlman da qalmalıyıq. Onların elmi bizdən çoxdursa, eybi yox, biz gedib onlardan elm öyrənərik. Nəyə görə adət-ənənələri, mədəniyyət və rəftarları da onlardan öyrənək?! Bu, çox yanlış məntiqdir. Onlar hər hansı bir səbəbə görə qalstuk adlı bir şeyi boyunlarına dolayırlar. Biz onları bu işə görə qınamırıq, qalstuk onlarındır. Amma biz də onları yamsılamalıyıqmı?! Bu iş üçün bizim məntiqimiz nədir?! Biz nə üçün onların geyimlərini, rəftarlarını, davranış və danışıq tərzlərini və hətta ləhcələrini yamsılamalıyıq?! Mən bəzən televiziyada bizim müxbirimizin dünyanın hansısa nöqtəsindən farsca bir reportaj verdiyini izləyirəm. O, farsca elə danışır ki, elə bil bir ingilis fars dilində danışır. Bu, milli qürurun zəifliyindən və həqarət hissindən doğur.20

21. İndiki nəslin özünə inamsızlığı Qərb texnologiyasının əzəmətinə görədir!

Təəssüf ki, yeni nəsil bizim keçmişdə olan elmi nailiyyətlərimizdən xəbərsizdir. Siz elm adamları kimi, ölkəmizin elm tarixinin necə şanlı olduğunu bəlkə bizdən də yaxşı bilirsiniz. Bəzən nəyisə aşağılamaq üçün onun Orta əsrlərə aid olduğunu deyirlər, amma bilmirlər ki, Orta əsrlər Avropa üçün xəcalət dövrü, bizim üçün isə nur çağıdır.

Siz hicrətin dördüncü əsrinə baxın. Adam Mitsin “Dördüncü hicri əsrində İslam mədəniyyəti” kitabı göstərir ki, bütün İslam məmləkətləri dünyanın elm bazarı və onun əsas mərkəzi də İran olmuşdur; yəni İsfahan, Rey, Fars, Xorasan, Hərat, Mərv və s. Bu şəhərlər dünya elminin mərkəzi və zirvəsi olmuşdur. Təəssüf ki, bugünkü nəsil bunları bilmir. Əlbəttə, dediyim bu sözləri yüz dəfə eşidiblər, hamı kitabında yazıb, hər yerdə danışılıb, amma buna inam yoxdur. Dillə deyilməsə də, bugünkü və bundan qabaqkı nəsildə İranın keçmişinə dair inamsızlıq haləti var. Səbəbi də budur ki, Qərb sivilizasiyası və nəhəng texnologiya hər yeri o qədər bürüyüb ki, heç kim öz keçmişinə baxmağa cürət etmir.21
22. Qərb ölkələrində təhsil alanlarda milli və mədəni kimliyin unudulması

Bir dönəmdə bizim ölkənin cavan nəslinin başına böyük bir bəla gəldi. O da bu idi ki, onlar elm öyrənmək üçün başqa ölkələrə getdilər; elm öyrəndilər, amma daha əhəmiyyətli bir şeyi unudub orada qoydular. Bu, onların mədəni və milli kimliyi idi. Onlar qayıtdıqları ölkədə dəyərli alim olmalarına baxmayaraq, bir əcnəbi kimi rəftar etdilər, öz ölkələrinin və xalqlarının köklü məqsədlərinə lazımi xidməti göstərə bilmədilər. Bir dönəmdə bizim ölkəmizdən gedib Avropada təhsil alanların çoxu asılılığa səbəb oldular. Çünki öz kimliklərini, milli mənliklərini itirmişdilər.22


23. Qərb dünyasının ən böyük çatışmazlığı kainatın düzgün dərkinə əsaslanan bir ideologiyanın olmamasıdır!

Avropanın, adətən, Qərb dünyasından və onun əlaltılarından ibarət bugünkü hakim dünyanın ən böyük çatışmazlığı düzgün təfəkkürə və kainatın düzgün dərkinə əsaslanan bir düşüncə və ideologiyanın olmamasıdır. Onların ən böyük çatışmazlığı budur, buna görə də, ardıcıl olaraq yalançı ideologiyalar düzəltməyə çalışırlar. Bizim inqilabımızdan qorxmalarının ümdə səbəblərindən biri budur ki, bu inqilabın düzgün dünyagörüşünə və yaradılış aləminə dair məntiqli və möhkəm dərkə əsaslanan, düzgün tərif olunmuş bir təfəkkürü vardır. Buna əsasən, bizdə hər kəs bilir ki, dünyanın və yolun harasında yerləşir, hansı istiqamətə hərəkət edir. Bu zaman həyat da, mübarizə də məqsədli olur.

İslam təfəkkürünə görə, insan həyatının məqsədi kamillik zirvələrinə çatmaqdır: maddi gözəlliklə yanaşı olan mənəvi təkamülə, necə deyərlər, dünyadan keçən axirətə, yüksək maddi gücə, mənəvi istiqamətlərə, etikaya və həqiqi bəşəri hisslərə malik mütərəqqi və mənəvi bir ölkə və ədalətli cəmiyyət qurmağa nail olmaq. Görün nə qədər uca və gözəl bir məqsəddir! Qərblilərin belə bir şeyi yoxdur. Bir-birinin belinə mindirdikləri bütün bu sivilizasiya və yarış xudpəsəndliyə, şəxsi maraqlara dayanır. Buna görə də, bu yarışda bir yerdə qələbə əldə edirlər, amma başqa bir yerdə problemlər çıxır. Bu əxlaqi anormallıqlar, düşüncə boşluqları, cavanların sinir pozğunluğu, iztirabı və məqsədsizliyi sözügedən xudpəsəndlikdən, eqoistlikdən və şəxsi maraqların birinciliyindən qaynaqlanır. İslam quruluşunda isə belə deyil. İslamın fəlsəfi təfəkkürü və İslam əsaslarının düzgün anlayışı insanın hər an harada, yolun harasında olduğunu və hansı səmtə doğru hərəkət etdiyini bilməsinə kömək edir, hadisələri analiz etmə qabiliyyəti yaradır və hər bir şəraitdə vəzifəsini müəyyənləşdirir. Bu gün bizim cavanlarımız belə olmalıdırlar!23
24. Ölkənin tələbə nəsli bilsin: Bu gün elmi üstünlük qərblilərdədirsə, iş və iradə sayəsində sabah onu özümüzünkü edə bilərik.

Biz dünya elmindən iki yüz il geri qalmışıq. Amma elmin sərhədlərinə çatmaq o demək deyil ki, avropalıların iki yüz ilə getdikləri yolu biz də iki yüz ilə gedək, sonra onların bu gün çatdıqları yerə çataq. Yox, belə deyil, biz kəsə yollar tapmalıyıq. Biz elmi öncüllüyü avropalılardan almalıyıq. Biz öyrənməyə utanmırıq. İslam deyir ki, dünyada bir neçə qrup var. Onların biri bilmədiklərini öyrənmək fikrində olanlar, öyrənməyə utanmayanlardır. Biz bu gün bəşər beyninin, istedadının nəticəsi olan elmləri öyrənirik. Bilmədiklərimizi böyük məmnuniyyətlə öyrənirik, müəllimlərimizə hörmət də edirik, bizə elm öyrədənlərə hörmətsizlik etmirik. Amma ayrısından elm öyrənmək şagirdin həmişə şagird qalması mənasında başa düşülməməlidir. Biz bu gün şagirdik, sabah onların müəllimi olacağıq. Necə ki, onlar bir gün bizim şagirdimiz idilər, amma indi müəllimimiz olmuşlar.

Qərblilər elmi bizdən öyrəndilər. Siz Pier Russonun Elmlər tarixi kitabına baxın: Dörd-beş əsr öncə bir tacir Avropa ölkələrindən birində bir müəllimə müraciət edir, deyir ki, istəyirəm övladım dərs oxusun, onu hansı məktəbə yollayım? Müəllim cavab verir ki, əgər dörd riyazi əməllə - toplama, vurma, çıxma və bölmə ilə kifayətlənirsənsə, onu bizim, yaxud digər bir Avropa ölkəsinin istənilən məktəbinə yolla, amma bundan artığını istəyirsənsə, onu Andalusa, yaxud müsəlmanlar yaşayan başqa bir bölgəyə göndərməlisən. Bunu Pier Russo yazır, mənim sözüm deyil.

Xaç yürüşləri bu sahədə onlara kömək etdi. Onlar bizdən öyrəndilər. Onların alimlərinin bu bölgələrə səfərləri bizdən öyrənmələrinə səbəb oldu. Həmçinin bizim alimlərimizin səfərləri və kitablarımızın aparılması onlara böyük kömək göstərdi. Bir gün onlar bizdən öyrəndilər, bizim şagirdimiz oldular, sonra isə bizə müəllimlik etdilər. İndi də biz onlardan öyrənirik, onların şagirdi oluruq və sonra onlara müəllimlik edəcəyik. Buna görə ölkəmizin tələbə, tədqiqatçı və alim nəsli bilsin ki, bu gün elmi üstünlük qərblilərdədir, amma sizin əmək və iradəniz sayəsində yaxın gələcəkdə onu sizdən öyrənə bilərlər.24


25. Qərb elmi sindromunun mənfi təsirləri

Başqalarının öz elmi nailiyyətlərini, formul və nəzəriyyələrini öyrətmələri, öyrənənlərin də dərinliyə varmadan öyrənmələri heç bir ölkənin inkişafına kömək etməz; nə bizim, nə də başqa ölkənin.

Keçmişdə bu ölkədə elm bulaqları qurumuşdu. Bu iş müxtəlif yollarla baş tutmuşdu. Biri bu idi ki, Qərbin elmi tərəqqisi qarşısında ölkəmizdə belə bir təsəvvür çox ciddi şəkildə formalaşmışdı və təkidlə deyilirdi ki, iranlı qadir deyil, iranlı bacarmır, iranlının elm və sənaye inkişafı üçün lazım olan istedadı yoxdur. Bu gün bu söz sizin qulaqlarınıza tanış deyil, amma bilin ki, uzun müddət ölkədə bu düşüncə tərzi yayılırdı. Deyirdilər ki, iranlı ancaq ədəbiyyatı bacarır, özü də poetik ədəbiyyatı - gülü-bülbülü və sair belə məsələləri. Ədəbi araşdırmalarımızı da avropalılar və Avropa şərqşünasları aparırdılar, iranlı ciddi və əsaslı işləri bacarmırdı. Elmi yoxsulluğun nəticəsi sənaye yoxsulluğu oldu. Sənaye yoxsulluğunun nəticəsində adi dünya yaşayışı səviyyəsinə nail olmaq üçün bütün ehtiyatları xərcləməli olduq; yəni həmişə idxal etdik, montaj sənaye yaratdıq, başqalarının ardınca qaçdıq, neft və digər daxili ehtiyatları əldən verdik. Başqa bir nəticəsi də bu oldu ki, bu ölkədə humanitar istedadlardan əlavə, həm də çoxlu təbii potensiallar məhv oldu. İnsanlar alim olmadıqda, sənaye, elm və texnologiyaları olmadıqda, özlərinin təbii sərvətlərindən xəbərsiz qaldılar.

Uzun illər ötürdü; bu ölkədə neft var idi, amma heç kim bilmirdi ki, o nədir və hansı işə yarayır. İnkişaf etmiş əcnəbilər isə onu tanıyır, işləndiyi yerləri yaxşı bilirdilər. Buna görə də, gəlib onu kəşf etdilər, ona sahib çıxdılar və öz xeyirlərinə işlətdilər. Həm bizim ölkəmizdə, həm də dünyanın çoxlu neft ölkələrində belə etdilər. Bütün bunlar elmi geriliyin nəticəsidir.25


26. Qərb və hegemonizm dini xalqların tiryeki kimi tanıtdırdılar!

Qurucu hərəkətlərdə din-imanın böyük təsiri var. Lakin bunun əksinə olaraq, Qərb dünyası və hegemonizm uzun illər dini uyuşdurmaq, mürgülətmək, bir kənara çəkilmək və dünyadan küsmək kimi tanıtdırmışlar. Siz İmam Xomeyniyə nəzər salın. O, həqiqi bir dindar idi, görün dünya işlərində, siyasətdə, müxtəlif hadisələrdə və quruculuqda nələr etdi. Dinin təsiri belədir. Dinin xalqlar üçün uyuşdurucu olduğunu deyənlər dini tanımamışlar, yaxud da qərəzli olaraq belə danışırlar. Onlar bəlkə doğrudan da dini tanımamışlar. Onlar din adlanan və uyuşdurucu olan tamam başqa bir şeyi görür, dinin uyuşdurucu olduğunu düşünurdülər. Xeyr, din uyuşdurucu deyil. Onların gördüyünün uyuşdurucu olması mümkündür, amma İslam dini oyadan və yaşadandır.26


27. Müsəlman və Qərb romanlarının müqayisəsi

Yüsif peyğəmbərin hünəri təkcə bir cinsi ləzzətdən imtina etmək deyil, daha böyükdür. Siz tam kübar bir ailədə, evin xanımının xüsusi diqqət mərkəzində olan və evin kişisinin etimad etdiyi gözəl və ləyaqətli bir cavanı təsəvvür edin. Misir əzizinin evində hər cür insan mövcuddur: nökər, xidmətçi, işçi və sair. Şəxsiyyətli, ağıllı, gözüaçıq, nəcabətli, pak və olduqca gözəl olan bu cavan evin kişi və qadını tərəfindən sevilir. Bu evin bütün üzvləri bu cavana hörmət edir və əmrlərini yerinə yetirirlər.

Bu gənc bir imtahanla üz-üzə qalıb. Bu imtahanın təfərrüatını, qadının dəvətini və bu cavanın imtahandan necə uğurla çıxdığını hamınız eşitmisiniz, bilirsiniz. Öz ehtirasına üstün gəlmək məsələnin kiçik tərəfidir. Görün Quran nə qədər zəngindir! Bu hələ məsələnin kiçik tərəfidir.

Mən Qərb mədəniyyətinin çirkinliklərini ona görə təkrarlayıram ki, müqayisə məqamında aydınlıq və zülmət, təmizlik və çirkinlik qarşı-qarşıya dayanır. Tanınmış yazıçı Stendalın “Qırmızı və Qara” adlı məşhur hekayəsi yüz ildir bütün dillərə tərcümə olunub. Bu hekayə bir neçə il əvvəl fars dilinə də çevrilmişdir. Burada da oxşar vəziyyət var: Bir gənc evə daxil olur. Əlbəttə, ev nisbətən kübardır, amma Misir əzizinin evi kimi deyil. Cavan da Yusif kimi deyil, amma həmin hadisə baş verir. Yəni evin xanımı bu oğlana aşiq olur. Bu qadınla gənc arasında baş verənlər cinsi murdarlığın, xəyanətin, alçaqlığın, vəfasızlığın, şəhvətpərəstliyin və nəfsə qul olmanın bariz nümunəsidir. Stendal Qərb ədəbiyyatının korifeylərindəndir. Bu kitabına görə onun adı Fransanın birinci dərəcəli roman yazıçıları sırasında çəkilir. Bu əsər dünyanın ən yaxşı və ən məşhur on romanından biridir.

Baxın, belədir. O da dərsdir. Romanı təkcə baş qarışdırmaq üçün yazmırlar, onun mesajı var və bir mədəniyyətin göstəricisidir. Roman öz oxucusuna bir növ həyat dərsi verir. Quran belə bir imtahan qarşısında Yusifi elə təsvir edir ki, insan bu əzəmətə heyran qalır. Həssas bir şəraitdə qadın bu cavanı yaxalayır, amma cavan onun əlindən qaçır və dərhal ittiham olunur. Bu zaman Misir əzizini otağın qarşısında görürlər.27 Qadın tez bu cavanı ittiham edərək deyir ki, günahkar budur. Sonra o, günahsız olduğuna görə xilas olur, qadının günahı sübuta yetir.

Bəli, bu, böyük bir imtahandır. Elə bir imtahandır ki, zəif formasında belə minlərlə insandan biri də uğurla çıxmır. Burada Yusif paklıq və təqva simvoluna çevrilir, lakin bundan da üstünü sonra gəlir.

Misirdə söz-söhbət gəzir ki, əzizin xanımı öz xidmətçisinə aşiq olub. O, ittihamları uzaqlaşdırmaq məqsədilə Misirin qadınlarını evinə dəvət edir və meyvə soymaq üçün hər birinin qarşısına bir bıçaq qoyur. Bunlar nağıl deyil, Qurandır, gerçəyin mətnidir. Müxtəlif məsələlərdə lazımsız məqamlardan yan keçən Quran burada məsələni təfərrüatı ilə çatdırır. Qadın qonaqlarının hər biri üçün bir mütəkkə hazırlayır və sonra Yusifi qadınların gözü qarşısında məclisə daxil edir28. O, ittihamı özündən uzaqlaşdırmaq istəyir. Hansı ittihamı? Bu cavana aşiq olmaq ittihamını? Yox, yersiz hərəkət ittihamını. Demək istəyir ki, mən hərəkətini bilməyən qadın deyiləm. Yusif budur; kim belə bir gözəllikdən imtina etmək istəyirsə, buyursun. Yusif məclisə daxil olur. Qonaqlar Yusifin gözəlliyinə elə heyran olurlar ki, hamısı əllərini kəsirlər. “Qəttə`nə”29 sözü ilə “qətə`nə” sözünün fərqi var. Qətə`nə - yəni kəsdilər. Qəttə`nə isə - yəni ciddi şəkildə yaraladılar. Şoka düşdüklərindən nə etdiklərini bilmirdilər. Onlar əllərini qanatdılar. Sonra Misir əzizinin xanımı dedi ki, həmin cavan budur. And içdi ki, mənim iradəmə təslim olmasa, onu həbsə salacağam.

Yusif məsələnin nədən ibarət olduğunu bilir. Ona deyiblər. Deyir ki, İlahi, həbs mənim üçün bu günahdan, bu həvəsbazlıqdan və bunların məni dəvət etdiklərindən yaxşıdır. Burada artıq məsələ bir cinsi istəkdən imtina etmək məsələsi deyil, hər bir şeydən keçməkdir: ağalıqdan, rahatlıqdan, onu sevən bir ailədə yaşamaqdan. Bu həyat onun üçün çox gözəl idi. Hər yerdə hörmət-ehtiram, təzim, parlaq gələcək, çoxlu pul, geniş imkanlar... Onun üçün hər şey var idi. O, bütün bunlara göz yumur. Təqva budur. Həbsə düşür, həbsi bir ay, iki ay, altı ay, bir il çəkmir, bunun ümumiyyətlə, zamanı yoxdur. O dövrün həbsi belə idi ki, həbsə düşən artıq məhv olmuş sayılırdı. Bəzi hədislərə görə, o, 7 il, bəzilərinə görə isə 14 il həbsdə qaldıqdan sonra azad edilir və Allah-Taala onu mükafatlandırır.30


28. Qərb uçurum qarşısında

Əgər bu gün müxtəlif Qərb cəmiyyətlərinə baxsanız, xüsusən daha çox maşınlaşmış ölkələrdə fəsadların günbəgün artmaqda olduğunu görəcəksiniz. Əxlaqi çirkinliklər cəmiyyəti məhv edir. Bu, zəlzələ və sel kimi birbaşa bəlalardan deyil tədrici, amma müalicəsiz bəlalardandır. Hər hansı bir cəmiyyət bu bəlaya düçar olsa, bunu tezliklə anlamır, tədricən başa düşür. Bu xəstəlik bədənin içini məhv etdikdən sonra özünü göstərir. O zaman da daha əlacı tapılmır.

Bu gün Qərb cəmiyyətləri buna doğru gedirlər, özü də sürətlə. Yəni doğrudan da çox təhlükəli bir uçuruma çatmışlar.31 Qərb dünyasında ailə institutu dağılıb, ailələr gec qurulur və tez dağılır, fəsad və pozğunluq günbəgün artır. Əgər bu, sonacan davam etsə, cəmiyyət çox böyük problemlərlə üzləşəcək. Əlbəttə, bu xəstəliklər və müsibətlər beş ilin, on ilin içində özünü göstərmir. Lakin uzun illərdən sonra öz təsirini göstərdikdə cəmiyyəti bütünlüklə məhv edir, elmi və maddi sərvətləri dağıdır. Qərb ölkələrinin çoxunu bu gələcək gözləyir.32




  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə