Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Həkim-psixiatrın nümunəvi vəzifə
T Ə L İ M A T I
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı həkim-psixiatrın vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Həkim-psixiatr vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir.
Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində
(xəstəxanalarda), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə
müəyyən edilmiş qaydada “psixiatriya” ixtisası üzrə peşə hazırlığı keçmiş, ixtisası
üzrə ən azı 2 il əmək stajına malik şəxs təyin edilir.
3.
Həkim-psixiatr Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Həkim-psixiatr bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə tibb
müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Həkim-psixiatr aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə
müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.2. xəstəxana və ambulator-poliklinik müəssisələrdə, təcili və
təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının
təşkilinin əsaslarını;
5.3. öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın
müasir metodlarını, neyrobiologiya və sübutlu təbabətin prinsiplərini;
5.4. psixi sağlamlıq üçün bioloji, psixoloji və sosial faktorların rolunu;
5.5. psixi xəstəliklərin epidemiologiyası, etiologiya və patogenezi, klinik
simptomları, təbii gedişi və proqnozunu;
5.6 psixi xəstəliklərin ölkədə qəbul olunmuş müasir beynəlxalq
klassifikasiyasını;
5.7. farmakoloji preparatların dozalanma rejimi, tibbi göstəriş və əks-
göstərişləri, əlavə təsirləri, digər preparatlarla qarşılıqlı təsirini;
5.8. ən az bir
konsultativ
/psixoterapevtik texnikanı;
5.9. psixiatriya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə
bağlı məsələləri;
5.10. öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik
sənədləri;
5.11. tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;
5.12. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-
sosial ekspertizanın aparılması qaydasını;
5.13. dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
5.14. tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin
fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;
5.15. həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın
əsaslarını;
5.16. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və
laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;
5.17. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;
5.18. sanitar-maarifləndirmənin əsaslarını;
5.19. daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.
II. Vəzifə öhdəlikləri
6.
Həkim-psixiatr tibbi praktikada tətbiqinə icazə verilmiş müasir
profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə
öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir.
7.
Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin
individuallaşdırılmış aparılma taktikasını (anamnezin toplanması, klinik-laborator
tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir.
8.
Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni
təyin və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik
prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.
9. Ayrı-ayrı fərdlər, ailələr və qruplar üçün psixoterapevtik müdaxilələri
təşkil edir və aparır.
10. Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən
asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının
zəruriliyini müəyyən edir.
11. Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimləri ilə
yanaşı psixoloq, sosial işçi, psixiatrik tibb bacıları və digər ixtisas sahibləri ilə
əməkdaşlıq edir və müalicə planı və müdaxilələrinin təhlili, dəyərləndirilməsi və
təkmilləşdirilməsində öz ixtisası üzrə məsləhət yardımı göstərir.
12. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə
öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.
13. Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və
avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və
kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi
qaydalarına riayət edilməsinə nəzarət edir.
14. Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin
aparılmasında iştirak edir.
15. Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.
16. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq
vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
17. Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət
edir. Xəstələrin ehtiyac və problemlərinə həssalıqla yanaşır, empatiya nümayiş
etdirir, onların ailə üzvlərinə, qəyyumlara və digər əhəmiyyətli şəxslərə xəstənin
vəziyyəti və müalicənin gedişi barəsində məlumat və məsləhətlər verir.
18. Lazım gəldikdə pasienti başqa mütəxəssislərə, müəssisələrə və
psixososial xidmətlərə yönləndirir.
19. Məhkəmə-psixiatrik, hərbi xidmətə yararlılıq və əmək qabiliyyətinin
müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak edir və tibbi-sosial
ekspertiza üçün zəruri sənədləri hazırlayır.
20. Elmi tədqiqatları tənqidi nəzərdən araşdıraraq öz professional
fəaliyyətində istifadə edir.
21. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar
səviyyədə və vaxtında icra edir.
22. Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
23. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
24. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin
fəaliyyətinə, işçilərinə, pasientlərə təhlükə yaradan təhlükəsizlik texnikası,
yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə,
rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər
görür.
III.
Hüquqlar
25. Həkim-psixiatrın aşağıdakı hüquqları vardır:
25.1. klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-
laborator tədqiqatların məlumatlarına əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz
müəyyənləşdirmək;
25.2. müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması
taktikasını müəyyən etmək;
25.3. pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator
diaqnostika metodlarını təyin etmək;
25.4. diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə
etməklə diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;
25.5. zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün
müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri və digər mütəxəssisləri cəlb
etmək;
25.6. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək
fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər
vermək;
25.7. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və onlardan dəqiq icra tələb etmək, həvəsləndirilmə və
tənbeh edilmə üzrə rəhbərliyə təkliflər vermək;
25.8. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya
materiallarını və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək
və istifadə etmək;
25.9. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
25.10.müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
26. Həkim-psixiatr Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV.
Məsuliyyət
27. Həkim-psixiatr aşağıdakılara görə məsuliyyət daşıyır:
27.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli
həyata keçirilməsinə;
27.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının,
normativ-hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;
27.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
27.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və
digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
27.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
27.6. ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin
yerinə yetirilməsinə;
27.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə
yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının
pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması
da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə;
28. Həkim-psixiatr əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
Dostları ilə paylaş: |