2. Sığorta müdafiəsinə tələbatın yaranmasının əsas mənbələri



Yüklə 13,11 Kb.
tarix22.04.2023
ölçüsü13,11 Kb.
#101618

2.Sığorta müdafiəsinə tələbatın yaranmasının əsas mənbələri
Sığorta bazarı anlayışı iqtisadi ədəbiyyatda iki aspektdə izah olunur. Birincisi, sığorta bazarı alqı-satqı obyekti xüsusi növ defisit əmtəə-sığorta müdafiəsi (sığorta xidmətləri) olan iqtisadi münasibətlərin spesifik bir sahəsidir və burada ona tələb və təklif formalaşır. Bazar sığortaçı ilə sığortalı arasında üzvi əlaqəni təmin edir. İkincisi, sığorta bazarı sığorta fəaliyyətini həyata keçirən sığorta və təkrar sığorta təşkilatlarının (sığortaçıların) inteqrasiya olunmuş mürəkkəb sistemidir. Sığorta bazarının fəaliyyəti dəyər qanununa və təklif qanununa tabe olur.
Sığorta bazarının formalaşmasının və inkişafının obyektiv əsasını sığorta müdafiəsinə olan ictimai tələbat təşkil edir. Beləliklə, sığorta xidmətlərini satan sığortaçılar (sığorta şirkətləri) və sığorta müdafiəsinə ehtiyacı olan sığortalılar (hüquqi və fiziki şəxslər) sığorta bazarında sığorta xidmətlərinin iştirakçılarıdırlar. Sığorta bazarı elə bir iqtisadi münasibətlər sferasıdır ki, burada alqı-satqı obyekti rolunda sığorta müdafiəsi çıxış edir və ona tələb və təklif formalaşır. Sığorta bazarında spesifik əmtəə kimi bazar münasibətləri şəraitində tərkibi və strukturu daha da genişlənən sığorta xidmətləri çıxış edirlər. Sığorta bazarı sığorta xidmətlərinə olan tələb və təklifin miqyasından asılı olaraq daxili, xarici və beynəlxalq növlərinə ayırmaq olar. Daxili sığorta bazarı – öz fəaliyyətini müəyyən ərazidə həyata keçirən konkret sığortaçılar tərəfindən sığorta xidmətlərinə olan tələbatın ödəndiyi hər bir ayrıca regionda meydana çıxan bazardır. Xarici sığorta bazarı – müəyyən ərazidə sığortaçılarla və sığortalılarla qarşılıqlı əlaqədə olan və daxili bazarın hüdudlarından kənarda yerləşən bazardır. Beynəlxalq (dünya) sığorta bazarı – dünya təsərrüfatı miqyasında sığorta və təkrar sığorta fəaliyyətini əks etdirir. Dövlət bazar münasibətlərində dövlət sığorta təşkilatları vasitəsilə iştirak edə bilər və sığortanın bazar mexanizmini tamamlamaqla müxtəlif normativ hüquqi və qanunverici aktlarla sığorta bazarının fəaliyyətinə tənzimləyici təsir göstərə bilər. Əvvəldə qeyd etdiyimiz kimi sığorta bazarında xüsusi əmtəə dedikdə sığorta xidməti nəzərdə tutulur. Digər əmtəələrdə olduğu kimi, o, da istehlak və mübadilə dəyərinə malikdir. Sığorta xidmətinin istehlak dəyəri sığorta ödənişi formasında həyata keçirilən sığorta müdafiəsi təminatını ifadə edir. Sığortanın mübadilə dəyəri dedikdə isə sığorta təkliflərində ifadə olunan sığorta xidmətinin qiyməti başa düşülür. Sığorta xidmətinin qiyməti tələb və təklifə əsaslanan rəqabət şəraitində təşəkkül tapır. Bu qiymətdə sığorta xidmətinin göstərilməsinə sərf edilən ictimai zəruri məsrəflər əks olunur. Bu isə sığorta işinin aprılması və sığorta ödənişinin həcmi ilə müəyyən olunur. Rəqabət şəraitində qiymət müqavilənin obyektidir və o, həmişə müəyyən həddə doğru hərəkət edir. Qiymətin aşağı həddi sığorta münasibətlərindəki bərabərlik prinsipləri ilə, yəni sığortalananların ödənişlərindən daxilolmaları, sığortaçıların sığorta ödənişi və sığorta məbləği arasındakı tarazlıqla, yuxarı həddi isə sığortaçıların tələbatları ilə müəyyən edilir. Bu tələbatın yüksəlməsi mənfi hallara gətirib çıxara bilər. Konkret sığortaçının xidmətinin qiyməti onun sığorta portfelinin strukturu və böyüklüyündən asılıdır. Bu portfeldə də investisiya fəaliyyəti, idarəetmə xərclərinin böyüklüyü, gözlənilə gəlirlər əks olunur. Sığorta növlərinin siyahısı özünü sığorta bazarının çeşidi kimi göstərir. Bu çeşidlər isə sığortalananlar tərəfindən istifadə olunur. Sığorta bazarındakı vəziyyət çoxsaylı amillərin fəaliyyəti ilə müəyyən olunur ki, onlardan ən vacibləri risk vəziyyəti, sığortalananların pul gəlirləri, sığorta tarifi, sığorta xidməti təklifi və s.- dir. Konkret regionda və konkret vaxtda təşəkkül tapan sığorta xidmətinin reallaşdırılması şəraiti sığorta bazarının vəziyyəti adlanır. Bu vəziyyət ilk növbədə sığorta xidmətlərinə tələb və təklifin tarazlıq səviyyəsindən asılıdır. Bazarın inkişafı tələbin təklifdən üstün olmasını tələb edir. Sığorta xidmətinə tələbin obyektiv əsası sığorta marağı kimi reallaşan sığorta müdafiəsinə tələbatdır. Onu da qeyd edək ki, cəmiyyətin sığorta marağı olduqca müxtəlif və çoxsaylıdır. İqtisadiyyat inkişaf etdikcə bu maraqların tərkibi və xarakteri dəyişir.
Yüklə 13,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin