22 Ноябрь 2007 г. Romani yazmağim barəDƏ



Yüklə 238,72 Kb.
tarix02.01.2022
ölçüsü238,72 Kb.
#2525
növüYazı



22 Ноябрь 2007 г.

ROMANI YAZMAĞIM BARƏDƏ



Romanın ilk üç fəsli üzərində iş qurtarmaq üzrəydi. Uzun müddətli fasiləsiz yazı rejimi məni yorub əldən salmışdı. Divarlar, bağlı qapılar, artıq televizorun və küçə səslərinin, qonşu mənzillərdən eşidilən hənirtilərin qabağını saxlaya bilmirdi. Binamızla üzbəüzdəki balaca səsyazma köşkündən qoşa gücləndirici ilə səhər-axşam küçəyə yayaılan «Xoçu umeret molodım...» mahnısı da bir yandan… Əsərin son fəsilləri məni dünyanın ən səssiz qatlarına aparıb çıxardıqca, ətrafın səs-küyü elə bil məkrli bir qəsdlə birə-on artıb çoxalırdı. Nə yanvar ayının (söhbət 1995-ci ilin qışından gedir) qar - çovğunu, nə televizya və qəzetlərin, dünyanın axırı barədə verdiyi ətürpədən informasiyaları, ətrafın bu xəstə aktivliyini səngidə bilmirdi. Yazını yarımçıq saxlamaq - sürətlə qaçan adamı, yüyürdüyü yerdə dayandırıb, ağız-burnunu qapamaq kimi öldürücü bir şey idi... Yeganə çıxış yolu qalırdı: Mərdakandakı bağ evimizə köçmək və işi orda davam etdirmək.
İlk əvvəl, həftənin üç günü - cümə, şənbə və bazar günləri Mərdakandakı evdə - qızdırıcı sistemi olmayan, işıqları dəqiqədə bir sönən ikimərtəbəli bədheybət bir binada tənha qalmağı qərara aldığım üçün evdə mübahisə düşdü. Lakin, çox keçmədi ki, «evin içində barmaqlarının ucunda gəzməyi ilə də fikirlərimin dağılmasına səbəb olan» yoldaşım axır ki, Mərdakana köçməyə razılıq verdi. Amma orda tək yox, kiçik qızımla birgə qalmaq şərti ilə.
Beləliklə, yanvar ayının axırları mən kiçik qızımla birgə, bir müddət, küləklərin qorxunc-qorxunc uğuldadığı, gecələrlə qaranlıq otaqlarının hər küncündən əcaib səslərin eşidildiyi bu sakit və kimsəsiz evdə yaşamalı oldum.
Günlər anlaşılmaz sürətlə keçir, mən, əlimdə qələm, bir gözüm saatda, sübhün açılmağıyla gecə qapanmaları arasında qalır, hər səhər yeməyindən sonra mətbəxin qapısını bağlayır, qaz plitəsinin gözlərini yandırıb yazıya girişir, arada nahar və şam yeməyində fasilə verə-verə, qızımı yedirdib qısa, ötəri söhbətlərdən sonra, gecədən xeyli keçənə qədər işləyir, yazdıqlarımı səliqəylə üst-üstə yığır, şəhərdə bəlkə də on aya bitib başa çatdıracaqlarımı burda qısa müddətə yazdığımdan anlaşılmaz fərəh hissi keçirirdim. Qızım gününü, əsasən qarovulçunun (qarovulçunun koması bizim binadan bir xeyli aralıdadır) komasında keçirir, arada bir küçə itləriylə oynayırdı…
Beləcə, əsərin dördüncü fəslini başa vurdum. Sonuncu fəsil qalırdı… Gözlərimin, yaddaşımın taqətsizliyini hiss edirdimsə də, işi dayandırıb istirahət etməklə, mənasını özüm də anlamadığım nə isə bağışlanmaz bir iş tutmuş olacağımı anlayırdım.
Belə günlərdən birində, axşama yaxın göyün üzü qəfildən qaramtıl buludlarla örtüldü… gecə düşdükdə isə ara sıra qar yağmağa başladı.
Dənizin yaxınlığında olduğumuzdan, şiddətli xəzri damın dəmirlərini, pəncərə çərçivələrini qorxunc - qorunc əsdirməyə, məni və qızımı vahimələndirməyə başladısa da, şəhərə zəng vurub fikrini beynimdən qovub çıxardım. Bir qədər keçmiş yoldaşım zəng vurub, bizi şəhərə aparmaq üçün gəlməyə hazırlaşdığını dedisə də, mən şəhərə qayıtmağa razılıq vermədim və bütün gecəni soyuq, tənha yataq otağında, soyuqdan qucağıma qısılan qızımla birgə qasırğanın qorxunc uğultuları altında yatdıq…
Gecədən xeyli keçmiş işıqlar söndü… İşıqla bir yataq otağımızı qızdıran elektrik sobası da sönüb soyudu.
- Mama… - uşağın səsi xırıldayırdı…
- Hm.
- Yatmısan?..
Bildim ki, boğazı gəlib. Bütün günü həyətdə, yaxası-başı açıq oynayıb, gecələr pallı-paltarlı nəm yorğan-döşəkdə yatmağın axırı belə də olmalıydı.
Əlimi qızımın alnına toxundurdum… azca istisi vardı.
- Yox, yatmamışam, nədi ki?.. - dedim.
- Səsləri eşidirsən?..
- Hansı səsləri?
- O biri otaqda kimsə gəzir…
Nəfəsimi saxlayıb o biri otağa qulaq kəsildim... səs-səmir gəlmirdi.
- Küləkdi… - dedim - qorxma, gözünü yum, yat.
- Mən qorxmuram. Deyirəm, sən qorxmursan ki?..
- Yox… - dedim, amma əslinə qalsa, qorxurdum. O biri otaqdan gələn hənirtilərdən çox, hər qış qar yağanda, qarovulçunun yuxusundan, çölün tufanından istifadə edib pəncərələrdən evlərə girən bağ oğrularından qorxurdum. Adətən gecələr mətbəxin, bir də artırmanın işığını yanılı qoyurdum ki, görsünlər evdə adam var. İndi tərs kimi, işıqlar da sönmüşdü…
…Səhərin ala qaranlığında qapının əsəbi - əsəbi döyülməsinə ayıldım… Gələn yoldaşım idi. Saçları, bığları qardan ağarmış halda içəri girib salamsız-kalamsız, birbaş yataq otağına keçdi, uşağı yuxudan oyadıb dodağını yuxulu qızın alnına toxundurdu, sonra çönüb əyri-əyri üzümə baxdı:
- Sənin bu yazıların hamımızın axırına çıxacaq. - dedi.
…Şəhərə qayıtdıqca, bütün yolu ağlayırdım... O günlər qədər şəhərə nifrət elədiyim olmamışdı. Elə bil məni, ecazkar sirlər dolu əfsanəvi ərazidən, sintetik qoxulu, səs-küylü zavoda aparırdılar…
Ərimlə yolda qısa və acı mübahisə etdik. O, günahkar kimi, gözünün altına kölgə çökə-çökə, dinməz-söyləməz yola baxır, sükanı elə sıxırdı, elə bil bu dəqiqə iki yerə bölüb sındıracaqdı. Mənsə arxa oturacaqda yırğalana-yırğalana, gözüm yaşla dolub boşala-boşala fikirləşirdim ki, kaş ki, o, sükanı iki böləydi, maşın da iki bölünüb hər yarısı bir tərəfə gedəydi. Birində o - şəhərə, o birində mən - geriyə…

A Z A D L I Q

(roman)

I FƏSİL


…Gecəki hadisədən sonra şəhərin havası qəfildən dəyişmişdi. Yazın məsum sifəti bir günün içində qeybə çəkilmiş, göyün üzü acı-acı bozarmış, təzə-təzə çırtlamağa başlayan tumurcuqların rəngi dönmüşdü. Səkilərin tozunu göyə sovuran külək, torpağın yaz qoxulu ətrini gözlənilmədən sivirib harasa aparmışdı.
Yazın dünənəcən bu şəhərdə olduğu elə bil adamların da yadından çıxmışdı. Dünənəcən küçələrdə, yaxası açıq, yüngül pencəklərdə gəzişənlərdən əlamət yox idi. Şəhərin mərkəzində, əsasən güc nazirlikləri və dövlət aparatı yerləşən məhəllələrdə ümumiyyətlə gözə adam dəymirdi. Arada bir, maşın yollarında, göy-sarı işıqlarını hərlədə-hərlədə əcayib səslər çıxaran polis maşınları görünüb tez də yoxa çıxırdı.
Evlərdə, idarələrdə, dükan-bazarda altdan-altdan, xımır-xımır bircə söhbət gedirdi: deyirdilər, bu gecə, şəhərdən uzaq kazarmada günahsız öldürülənlərə görə dövlət çevrilişi olacaqdı, hakimiyyətdə olan əldəqayırma iqtidar axır ki, devriləcəkdi…
Deyilənə görə, hərbi şəhərcikdə ölənlər - eyni qandan, eyni millətdən olan həmvətənlər idi. İqtidar tərəfindən gecə ilə gizlicə, şəhərdən uzaq kazarmaya göndərilən silahlı dəstə, deyilənə görə, dövlətin tabeçiliyindən çıxan N saylı hərbi hissəni tərksilah etmək məqsədi ilə qəflətən kazarmaya daxil olmuş, nəticədə qardaş qırğını törənmişdi. Deyirdilər, bu qanlı qiyamətdən təşvişə düşən hökümət üzvləri başlarını itirib hərəsi bir yana qaçmışdı. İtkin düşmüş iqtidar nümayəndələrini tapıb xalqın məhkəməsinə vermək üçün təcili surətdə komissiyavari dəstə seçilmiş və faciənin mahiyyətini aydınlaşdırmaq məqsədi ilə hadisə yerinə göndərilmişdi. Komissiyanın tərkibi - ağsaqqal yazıçılardan, alim və hüquqşünaslardan, təqaüdçü hərbiçilərdən, bir də bir dəstə televiziya jurnalistlərindən ibarət idi.
Günortaya yaxın parlamentin növbədənkənar təcili iclası çağırılmış, ölkədə yaranmış böhranın qarşısını almaq məqsədilə, Milli Məclisin üzvlərindən, hərbçilərdən və hüquqşünaslardan ibarət müvəqqəti rəhbərlik qərargahı yaradılmışdı.
Camaatın bir qismi deyirdi ki, onların axırı elə-belə də olmalıydi. Hakimiyyətə gələndən bəri ölkənin başına açdıqları oyunları, yaranandan üzü bəri, nə bu məmləkətin daşı-torpağı görmüşdü, nə də adamları belə müsibətlər haqqında o biri məmləkətlərin tarix kitablarında oxumuşdu…
-…Bu, nə idisə, görünməmiş bir şey idi… - camaat danışırdı - …bir növ gözlənilmədən, hardansa sonsuz kainatın ənginliklərindən qopub yana-yana üstümüzə uçan, düşdüyü yerin külünü göyə sovurub özü enində, özü ağırlığında həyat əlaməti olmayan nəhəng, qaranlıq dəlik yaradan dağıdıcı kommetanın gəlişinə oxşar bir şey idi…Çox güman ki, - deyirdilər - onların hamısını tutub dama basacaqdılar. Hələ ola bilsin, lap güllələyəcəkdilər.
- Əcəb də eləyəcəkdilər… - qadınlar deyirdi. Axı gör bir neçə illərdi, bu «millət fədailəri», «azadlıq aşiqləri» millətin ana-bacılarını ağladır, övladlarını yalın-çılpaq halda, dəqiq səmtini özləri də bilmədikləri müharibə bölgələrinə göndərib qırdırır?!..
- Bir dəfə camaatı, qanlı yanvar gecəsi həmin o lənətəgəlmiş «azadlıq» şüarlarıyla evlərindən çıxarıb tankların altına salıb məhv elətdirdilər. Dünən də bir ayrı cür - silahı cavanların əlinə verib qardaşı-qardaşa qırdırdılar. Müharibə də ki, o tərəfdən… xalxın uşağını, ət maşınından keçirən kimi, bir ucdan kəsib tökür...
- …Qəribə burasdı ki, özlərinə heç nə olmur… - camaat deyirdi - İki gündən bir, bu başıpozuq adamlar döyüş bölgələrindən verilən canlı yayımlarda, qanlı-qadalı barrikadalardan döyüşçülərlə çiyin-çiyinə dayanıb müsahibə verirdilərsə də, həmin o bölgə yarımca saatdan sonra düşmən tərəfindən darmadağın edilirdisə də, ordan, bir nəfər belə olsun, salamat adam çıxmırdısa da, bunlara heç nə olmurdu. Yenə məlum olurdu ki, nə ölənlərin, nə də yaralanların arasında bunlardan biri var…
- O səbəbdən ki, bu adamlar Allaha da lazım deyillər, bala... - qarılar deyirdi…
Amma xalqı necə gözbağlıcaya salmışdılarsa, hamıya elə gəlmişdi ki, dara düşən ölkəni, hüququ tapdanıb, mənəviyyatı illərlə təhqir olunan xalqı bu miskin quyudan bu adamlar xilas edəcək.
- Qəribədi… - camaat çaşqın halda danışırdı - axı bu, necə olmuşdu?!.. Nə üzlərini, nə əməllərini tanımadıqları, ölkənin ha tərəfindən, hansı möcüzəylə pırtlayıb çıxdıqlarını bilmədikləri bu adamlar, qısaca bir vaxt ərzində onların – bütün xalqın inamını, etimadını nə vaxt və necə qazanmışdılar?!..
- Əslində hər şey - naxələf ermənilərin, beş-on nəfər bunnar ağılda olanlarının qırıb yandırdığı o lənətəgəlmiş meşədən başladı.
- Belə cəhənnəmə-gora qalaydı o meşəni... Hər şey də onun ağaclarının badına getdi… Torpaqlar da, bığ yeri hələ tərləməmiş cavan-cavan oğlanlar da. – şəhəryanı kəndlərin sakinləri deyirdi - Belə bilsəydik, o meşəni gedib əvvəlcədən elə özümüz qırardıq, təki, bu heyvərələrin cənginə keçməyəydik. O cür meşələrdən azmı qırılıb?.. Qışın souqlarında odun əvəzinə azmı. belə meşələrdən yandırılıb?!.. Noldu, bu vaxtacan nə o ağacların, nə o hektar-hektar yandırılıb külü göylərə sovrulan meşələrin taleyi heç kimi maraqlandırmırdı, indi noldu, hamı birdən-birə təbiət vurğunu oldu?!..
- Bütün bunlar bəhanə idi... - siyasətdən az-maz başı çıxanlar deyirdilər. - Avam xalqı çaşdırıb yerindən oynatmaq, ölkəyə qarışıqlıq salıb, hakimiyyəti əldə etmək istəyən bir dəstə nankorun qurğusu idi. Bu da nəticəsi…
- Bir prezidentə imkan vermirdilər ki, yazıq bir iş görə... Prezidentlik andının içməyi ilə, tətillərin ürəküzən fitlərinin işə düşməyi bir olurdu. Gah bəhanə bu olurdu ki, hardasa hansısa ütük meşəni amansızcasına qırıb məhv ediblər, özləri isə, şəhərin ağaclarını sındırıb, küləkli mitinqlərdə qızınmaqdan ötrü tonqallarda yandırırdılar. Gah bəhanə bu olurdu ki, sən demə, ölkədə əcnəbi təhsilli məktəblərin sayı altdan-altdan artır və bu, bizim milli «mən» imizi təhlükə altına alır. Guya bu vaxtlaracan bunların milli «mən»i olmuşdu. Gah bəhanə bu olurdu ki, hansısa ölkənin hansı qəzetindəsə, millətin qeyrətinə toxunan məqalə nəşr edilib, amma satqın iqtidar buna biganədi... Bəli, yeddi gün - yeddə gecə bir dənə dılğır məqaləyə görə, bütün ölkə ölüm bataqlığına qərq olurdu… idarələrdə, məktəblərdə iş dayandırılır, çörək zavodları sobalarını söndürür, avtobus sürücüləri küsüb evlərində gizlənirdilər…
Xalq yekdil iradəylə, avamlıq edib bir yığın «vətəndaş qeyrətli» həmvətəninə inandığına görə bağışlanmaz səhvə yol verdiyini anlamışdı.
- Bu millətə nə olursa, elə əcəb olur… - camaat pərt üzlərlə danışırdı – Bizə, vallah, hələ bu da azdı. Bir yığın burnufırtıqlı uşağın felinə uyub arvadlı-uşaqlı küçələrə tökülüşməyin, bir-birinin ağzına baxa-baxa, dəli kimi: «Azadlıq!..» çığırmağın axırı elə belə də olmalıydı.
- Baş qatmağa, vaxt keçirməyə özlərinə yer tapmışdılar. Babat havalarda orda-burda yığılıb, boğazlarını cıra-cıra, gah himn oxuyurdular, gah da «Birlik!», «Birlik!..» - çığıra-çığıra, qıçları əyilənəcən oturub-dururdular. Guya bunları bu vaxtacan bir-birindən ayıran vardı… - mitinqlərdə asayişi qoruyan polislər danışırdı.
-…çoxu bura qayışının altını bərkitməyə gəlir… - Azadlıq meydanında qəzet satan arıq arvad deyirdi - …mitinqin şıdırğı vaxtı bir də görürdün budu ha, gəldilər. Üç-dörd yük maşını camaatı yara - yara, öküz palçığa girən kimi, ləngər vura-vura düz yuxarı başa - meydanın əsas qərargahına keçib orda lövbər saldı. Bəli, maşınların yük yerindən yeşik-yeşik ərzaq düşürülməyə başladı… Bunlara deyən gərək, balam, belə imkanınız vardısa, bunu bayaqdan niyə eləmirdiz, millət nə gündə yaşayırdı, indi nə yaxşı yadınıza düşdü, gün ha yandan çıxdı, balam?!..
- Əşşi «Azadlıq!» çıcırmaqnan döyül ki?!.. Əslində bura hərə bir şey üçün gəlirdi… - mitinqlərin gedişinə nəzarət edən xırda məmurlar danışırdı - Biri direktorundan narazydı, o biri, neçə il idi, ev ala bilmirdi, bu biri jek müdirinin əlindən zəncir çeynəyirdi, bir başqası - günlərlə binalarına işığın verilməməsindən narazı idi, o biri, uşağını institutun həndəvərinə yaxın qoymayan rüşvətxor müəllimlərə qarğış yağdırırdı… Amma elə ki, gəlib bura yığışırdılar, hamının dərdi bir olurdu, bir-birinə qoşulub «Azadlıq!» çığırırdı…
-…O mitinqlərə gedənlər əsasən, yerdən, göydən, öz uğursuz bədbəxt talelərindən narazı adamlar idi… - mitinqlərdən istifadə edib, nəşr etdirə bilmədikləri şerlərini tribunadan oxuyan şairlər deyirdi - Bu adamlar, uzun illərdən bəri, az qala bütün əzalarına yeriyib orda xəbis-xəbis qaynaşan kin-küdurətlərini, üst-üstə yığılıb daşlaşmış ağrı-acılarını orda daş əvəzinə yumruqlarında sıxa-sıxa elə bil rahatlanırdılar…
-…orda kimi desən, tapmaq olardı... Bu, bir növ xalq təntənəsini xatırladan kütləvi bayramsayağı bir mərasim idi. Orda hərə öz qabiliyyətini nümayiş etdirirdi. Gənc şairlər şer deyir, müğənnilər oxuyur, filosoflar bəşəriyyət və millət haqqında mülahizələrini söyləir, sinoptiklər hava haqqında məlumatlar verir, həkimlər isə, adam tünlüyündə ürəkkeçmənin qarşısını alan tədbirlərlə məşğul olurdular.
- Bu mitinqlərə görə uşaqları dərsdə saxlaya bilmirdik. - müəllimlər deyirdi - Dərsdən qaçanlar birbaş mitinqlərə yollanır, orda ağaclara dırmaşıb budaqlardan sallaşır, əllərinə keçəni camaatın təpəsinə ilişdirə-ilişdirə: «Azadlıq!» - deyib hırıldaşırdılar. Hərdən də çaşıb kiminsə üstünə yıxılırdılar. Amma bütün bu kütləvilikdən, həmrəylik və birlik bayramından, hətta matəm sükutlarından və ağlaşmalardan belə, adamın ürəyi açılırdı...
Axır vaxtlar camaat bu mitinqlərə o qədər öyrəşmişdi ki, mitinq olmayanda, hamının canına bit-birə daraşırdı elə bil. Belə günlər çox adam qanıqara gəzir, durduğu yerdə dövləti söyür, ya da onu-bunu acılayır, həyatın maraqsızlığından və məntiqsizliyindən, intihar etmək həddinə gəlib çatırdılar. Bir sözlə, mitinqlər – bu məmləkətin havası, suyu, dənizi kimi, həyatəhəmiyyətli, vacib ehtiyacına çevrilmişdi…
- Axı nə qədər canını dişinə tuta-tuta idarənin yeknəsəq işlərini görüb, axşamlar da küftə yeyə-yeyə, duzsuz verilişlərə baxmaq olardı?!.. Nə qədər ölkəyə gəliş-gedişinin səbəbi bilinməyən əcnəbi dövlətlərin rəhbərlərini gülümsər üzlərlə qarşılamaq üçün saatlarla küçələrdə dayanıb, gün təpəni deşə-deşə, yaxud soyuqdan quruya-quruya, gəlib - gedənə əl eləmək olardı?!.. Nə qədər ölkədə, şəhərdə baş verənlərə kənardan, seyrçi kimi baxmaq olardı?.. Nə qədər başdan ayağa qanun və qərarlardan ibarət ütülü qəzetlər oxumaq olardı?!.. Bataqlıq və kəsafət qoxuyan bütün bu yeknəsəqliyə məhz mitinqlər son qoydu. Hər kəs özünün, adam olduğunu, axır ki, nə iləsə də olsa, razılaşmaya bildiyini, nəyin uğrundasa mübarizə apara bilmək qabiliyyətini hiss etdi… Məgər bu az idi?.. - bəzilər deyirdi - Camaat nəyə qadir olduğunu bu mitinqlərdə anladı. Hamı hər şeyə, hətta öz evində, öz ailəsində belə, ictimayi nöqteyi-nəzərdən, milli mənafe baxımından yanaşmağa başladı. Xalq qəflət yuxusundan oyandı. Bu böyük oyanma bütün ölkəni lərzəyə gətirdi. Şəhərlərdən, kəndlərdən göylərə, yeraltı təkanları xatırladan möhtəşəm uğultu ucalmaqda idi…
Xalq hərəkatının ön cərgələrində əllərində bayraq, işıqlı üzlərlə addımlayan bir neçə məhrəm üzlü adamın təsiri altına nə vaxt və necə düşdüyünü hərə bir cür xatırlayırdı…
Bəziləri deyirdi ki, bir neçə il bundan əvvəl qəfildən, gözlənilmədən «Azadlıq» meydanında zühur edən bu adamlar, uzun illərdən bəri görə-görə öyrəşdiyimiz sanballı, toxunulmaz nomenklatura ehkamlarını qırıb, nəhayət ilk dəfə camaatla adam dilində - səmimi xalq dilinlə danışdıqlarına görə, qısa müddət ərzində xalqın rəğbətini və inamını qazandılar.
Bəziləri də deyirdi ki, onlar sadəcə, xalqın incə damarını tuta bilmiş, hakimiyyətə gəlməyin, tarix boyu dəfələrlə işlənmiş məlum fəndlərini işə salmışdılar. Xalq kütlələrinin, bineyi-qədimdən, toxumalarıyla qəbul etmədiyi, gizlidə əbədi nifrət bəslədiyi zümrəni - yüksək vəzifə sahiblərini, tanınmış alim və yazıçıları kütləvi surətdə təhqir etməyin, öz birlik möhtəşəmliyini duyub kütləvi iğtişaşlar yaratmağın - hücum çəkib haralarısa dağıtmağın, zəbt etməyin və sairənin, əslində, təbiətcə coşqun və ehtiraslı olan bu qədim qafqaz xalqının ürəyindən olacağını, tarix elminə yaxşı yiyələnmiş bu fəndkir adamlar yaxşı bilirdilər.
- …Bir çox dünya xalqları həmin bu mərhələləri eynilə belə keçib... - tarixçilər deyirdi - Uzaq əsrlərdən bəri meydanların edam tamaşalarına baxa-baxa yetişən və bu ibrətamiz mənzərədən özünəməxsus güc alan xalqın qan yaddaşı, sözsüz ki, onu bu heyrətamiz, kütləvi qalibiyyət aktlarına cəlb eləməyə bilməzdi…
Coşğun demokratiya dalğasının keçmiş sovetlər birliyinin, az qala bütün regionlarını çalxaladığı bir dövrdə, küləkli meydanları, özləri də gözləmədən, peşə ixtisaslarına görə az-maz öyrənib bildikləri səthi nəzəriyyələrlə idarə eləməyə nail olan bu kənd mənşəli uğursuz alimlərin sonradan, tarixdə görünməmiş, heç bir dövlət quruluşuna, siyasi rejimə uyğun olmayan, əndirəbadi «bolşevik-qolçomaq» dövləti quracağına kim inanırdı?!.. - ziyalılar ürkək səslərlə, hələ də nədənsə ehtiyatlana - ehtiyatlana danışırdılar...
- Bunların işindən heç Allah da baş açmazdı… - camaat deyirdi - Allah onların evini yıxsın, necə ki, elə yıxdı!.. Bu bir ili daha nələr görmədik?!.. Camaatı Allahın çörəyinə də həsrət qoydular. O nə günlər idi, ilahi?!.. Getsin o günlər, bir də qayıtmasın. Çörək növbəsinə düşməkdən ötrü, məhəlləbəməhəllə yığılıb axşamdan püşk atırdıq, sonra da səhərin ala-qaranlığında, payımıza düşən nömrələrlə dəli kimi dükanlara cumurduq… O günlər, şəhərin küçələri, lap rəhmətlik Qorkinin əsərlərindəki, inqilabdan əvvəlki fəhlə qəsəbələrini xatırladırdı…
- Bir ara xəbər yayıldı ki, təzə hökumət hansısa xarici dövlətdən xeyli miqdarda un alıb və daha camaat çörək sarıdan əziyyət çəkməyəcək… camaat sevinib dərindən nəfəs dərdisə də, çörəklər bişirilib dükanlara paylananda çaşıb qaldılar… Çörəyi ağzına qoymağınla, tikənin sabun kimi sürüşüb damağına yapışmağı bir oldu. Sonradan məlum oldu ki, bu başıbatmışlardan kimsə, hansısa xarici şirkətlə müqavilə bağlayıb, şəhər camaatının qarnını doyurmaq üçün, ucuz başa gəlsin deyə, un əvəzinə, mal-qaraya yedirdilən kombikorm alıb.
- Bu günü də gördük… - camaat içini çəkə-çəkə danışırdı - …bu imansızlar bizə donuz yemi də yedirtdilər…
…Elmlər Akademiyasının binasını doğum evinə, Yazıçılar Birliyini Çin səfirliyinə, teatr binalarını əmək birjalarına verməyə hazırlaşırdılar. Simfonik orkestri ləğv edib, zəif, eynəkli musiqiçiləri müharibəyə göndərdilər ki: - «İndi simfoniya vaxtı deyil». Orda öləni öldü, qalanı qumbara səsindən kontuziya aldı. – mədəniyyət nazirliyinin, işdən qovulan qocaman işçiləri danışırdı… - Mədəniyyət naziri - keçmiş aqronom, violonçeli rəsmi qərarla, bir instrument kimi ləğv elətdirdi: «Skripkadı, trambondu, cəhənnəm, yenə nəyəsə oxşayır. Bu violonçel nəyə lazımdı axı?!.. Həmin yekə skripkadı da, ayaqlarının arasında çalırsan…»
- …Bir də gördük, yeraltı keçidlərin pilləkənlərini sökürlər… Burdan, camaatın bir qulağı, bu dəqiqə hardasa yaxında atılacaq düşmən toplarının səsinə kəsilib, bu biri qulağı çörək növbəsinə gecikməmək üçün, gecədən qurduqları saatın zəngini güdür, balalarını müharibəyə göndərən ana-bacılar səhəri diri gözüylə açır, bunlar keçidlərin pillərini söküb yeraltı maşın yolları düzəldirlər ki, öz müşayiət dəstəsi ilə küçələrdən güllə kimi vıyıldamağa, bir növ adətkardə olmuş Daxili İşlər Naziri işə vaxtında gedib çata bilsin. Guya ki, vaxtında çatanda, orda dağı dağ üstə qoyacaq. Heç hənanın yeridi?!.. Dünyanın bu qatmaqarışıq vaxtında yeraltı keçidləri rekonstruksiya eləmək bunnarın ağlına hardan gəldi axı?.. Sonradan məlum oldu ki, keçidlərin pillələri, nazirin şəxsi göstərişi ilə sökülür. Deyilənə görə, nazir bu sərəncamı, şəhər sakinlərinin, xüsusən qocaları və uşaqları, pillələri düşüb-qalxmaq əziyyətindən qurtarmaq və yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə veribmiş. Bu, pis idi, ya yaxşı idi, heç kim bilə bilmirdi. Daha doğrusu, bu barədə fikirləşməyə imkan yox idi. Çünki o biri gün, qəfildən, heç bir xəbərdarlıqsız-filansız, binaların novalçalarının təcili söküntüsünə başlanıldı… Deyilənə görə, novalçaların sökülməsinə səbəb - güclü yağışlar vaxtı içiboş novalçaların səs eləyib, əsəbləri, müharibə xəbərlərindən onsuz da tarıma çəkilmiş şəhər əhlinin yuxusuna haram qatması olub. O biri gün isə bütün şəhər - binalar, dükanlar, maşınlar, az qala adamlar da, millilik əlaməti olaraq, milli bayraq rəngində rəngləndi…Ta o biri gün, əhalinin sosial rifahını yaxşılaşdırmaq məqsədiylə evlərə, zibil yığmaq üçün parlıtılı etiketli ciğırılır paylandı...
- …Yeməyə bir şey var ki, tullamağa da zibil olsun?!.. - deyən camaat bu parıltılı cığaraları səliqəylə qatlayıb bir kənara qoydular.
Sonra da məlum oldu ki, sən demə, bu cazibədar cığaralar zibil üçün yox, hansı xarici dövlətinsə müharibə bölgələrinə göndərdiyi humanitar yardımın - əsgərlərin ərzaq paylarının torbaları imiş.
- Bu da bunnarın azadlığı. «Azadlıq» dedikləri, buydusa, lənətə gəlsin belə azadlığı!.. Belə azadlıqdansa, sürünə-sürünə ölmək yaxşıdı. - camaat deynirdi.
Lakin bütün bunlarla yanaşı, son illər ölkədə baş verən bütün bu qeyri-müəyyənliklərin, naməlumluqların və əcayibliklərin ən sirllisi və möcüzəlisi - hamının gecə-gündüz beynini yora-yora, dönə-dönə təhlil edib xırdalasa da, kimliyi barədə heç cür aydın bir nəticəyə gələ bilmədiyi - həmin bu «Azadlıq» partiyasının, hay-həşirlə taxta oturtduğu ucaboylu, şiv qamətli prezident idi…
Bir qisim adam prezidentin həmin bu əcayib qəribəliyini, heç bir normal hesaba gəlməməyini, onun romantik təbiətli, şair xisləti, vətənini, millətini dəlicəsinə sevən, ömrünü onun azadlığı uğrunda mübarizəyə fəda edən, müqəddəs bir adam olmasıyla bağlayırdı. Onu – gözü dünya nemətlərini seçməyən müqəddəs İsaya oxşadanlar da vardı...
- Doğrudan qəribə idi… - camaat deyirdi - …ömrü boyu Elmlər Akademiyasında, sonralar Əlyazmalar institutunda işləyən bu 56 yaşlı dörd uşaq atasının, hər şey bir yana qalsın, evi də yox idi…
Onu ilk gənclik dövrlərindən tanıyan yaxın adamları, dostları və doğmaları da, bu keçmiş elmi işçinin, evlənib oğul-uşaq sahibi olmasına baxmayaraq, ev, yaxud insan həyatına yararlı olan başqa nə isə barədə fikirləşdiyini xatırlamırdılar. Deyilənə görə, hakimiyyətə gələnə qədər ailəsi daim qayınanasının yanında - uzaq kəndlərində, özü isə onun-bunun evində, çox vaxt da yataqxanalarda qalan bu adamın, tez-tez o üz-bu üzünə çevirtdirdiyi nimdaş qara kostyumundan, geyilməkdən balaqları üzülən qara idman formasından, bir də, cildləri üzülmüş tarix və ədəbiyyat kitablarından savayı heç nəyi yox idi…
- …Alim kimi o, alınmadı… - dilçilər danışırdı -… özü dilçi ola-ola, nəyə görəsə, birdən-birə tarixə girişdi. Orda da ortaya elə bir təqdirəlayiq iş çıxara bilmədi. Qədim tarixdən seçib araşdırdığı dövrlərə təhlil verməkdən çox, tapıb bəyəndiyi bu tarixi faktları, hadisələri bədii ifadələrlə cilalayıb şişirdir, qabardıb qəlizləşdirir, hər şeyə bədii rəng, poetiklik verməyə çalışırdı. Görünür bu, onun ədəbiyyata olan həvəsindən irəli gəlirdi. Bu, qəribə novator vəhdəti idi. Tarixi mövzuları tədqiq edən dilçi şərqşünasının ədəbi meyli. Nə isə qəliz alındı…
Bir qisim adam da deyirdi ki, əgər ölkədə son illər baş verən bütün hadisələr, deyilən kimi, bu «xəstəhal», «yazıq» alimin, özü üçün qurub yaratdığı uydurma «azadlıq» proqramının nəticəsi idisə, onda bunun harası zəif olur ki?!.. İlk gənclik xəyallarını, bu qədər ili pusub gözləyə-gözləyə qoruyub saxlamaq, vaxt yetişəndə realizə edib bütün ölkəni çalxalamaq, yeddi milyonluq xalqı ayağa qaldırıb, bir-birinin ardınca üç prezidenti aşırmaq və nəhayət, qalib addımlarla keçib taxta əyləşmək - zəif, yaxud xəstəhal adamın işi deyildi…
O birilər isə deyirdi ki, ölkədə qeyri-iradi, kütləvi iğtişaşlarla işə düşən xalq hərəkatına bu adamın, ümumiyyətlə dəxliyyəti yoxdu. «Bu, yaz gününün, gözlənilmədən, şimşəkli göydən dolu yağdırmağına bənzər heyrətamiz hasilər burulğanı idi. Hüququ, uzun illərdən bəri tapdanmış, torpaqları zaman-zaman gizli -gizli düşmənə ötürülmüş qəzəbli xalqın total üsyanı idi. Sadəcə, iş elə gətirdi ki, həmin bu üsyan - illərlə öz gözəgörünməz iynəsi ilə «gor qazan» bu xəyalpərəst üçün əlverişli məqam rolunu oynadı və əslində, heç bir real əsası olmayan vətənpərvərlik ideyalarının, necəsə, özü-özünə, ya nəyinsə hesabına ətə, qana dolma məqamına çevrildi…
- …Mitinqlərin ilk günləri onu orada görən olmamışdı... Deyilənə görə, bütün bu hadisələrdən onun, ümumiyyətlə, heç xəbəri yox idi…
- Həmin vaxtlar onu, ümumiyyətlə heç harada tapmaq olmurdu. Deyilənə görə o, səhərdən-axşamacan, işlədiyi Əlyazmalar institutunun tozlu arxivində itib-batır, çox vaxt elə oralarda da gecələyirdi. Hətta danışırdılar ki, guya bir dəfə institutun qarovulçusu bayram günlərində evində oturduğu yerdə, qəfildən, arxivə, hələ ötən həftənin axırları daxil olmuş bu fağırı xatırlamış, özünü başıalovlu instituta yetirmişsə də, arxivin qapısını açıb yarıqaranlıq zirzəmisinə enəndə onu, üç gün bundan əvvəl qoyub getdiyi vəziyyətdə - tozlu əlyazmaların üstündə oturan yerdə tapıbmış…
- …Əgər ölkəni başına bürüyən o kütləvi hərəkat başlamasaydı, bu elm pərvanəsi öz nəzəriyyələri ilə ömrünün axırınadək həmin o kifsəmiş arxivlərdə, saralmış kağız-kuğazın arasında eşələnəcəkdi. Beş-on adamı başına yığıb şam işığında gizli dərnəklərini aparacaq, günlərin bir günü qocalıb üzündəki həmin o mübariz ifadəylə, ələgəlməz arzuları və xəyalları içrə o arxivlərdəcə, tozlu əlyazmaların üstündəcə öləcəkdi… - institutun əməkdaşları deyirdi.
- Bu adamın işindən baş açmaq olmurdu... - camaat hövsələsi darala-darala danışırdı - başa düşmək olmurdu, onun elədikləri düzdü, ya səhv… Taxta çıxdığının səhəri günü o, ilk növbədə qonşu dövlətlərlə müqavilə bağlayıb şəhər əhalisi üçün içi maqnitafonlu, ikimərtəbəli avtobuslar gətizdirdi. Ərzaq məhsullarının on dəfə artmasına kompensasiya əvəzi, şəhər nəqliyyatının qiymətini beş dəfə aşağı endirdi... guya bununla camaatın yarası sağalacaqdı… - camaat danışırdı - Odu ki, bahalıqdan, ehtiyacdan başını itirənlər, əsəbləri zəiflər günlərini bu ucuz və rahat avtobuslarda keçirir, küçələrə tamaşa eləyə-eləyə, dərdlərini musiqidə əridə-əridə şəhərin bir başından o biri başına gedə - gedə vaxtlarını öldürürdülər.
Bəziləri deyirdi ki, bu, prezident tərəfindən atılan çox humanist bir addımdı. Bir qisim adam da danışırdı iş gününün axırına yaxın bu ucuzlu, havasız avtobuslardan iki-bir, üç-bir, acından, ya havasızlıqdan, ya da adi qan təzyiqindən keçinənləri yığırdılar. Bu avtobuslar bir növ, ölmək istəyənlər üçün musiqili, poetik vida salonunu əvəz edirdi…
Döyüş bölgələrində qırılanların sayı həddini aşanda, daha nazirliyin, onsüz da məşğul işçilərinə, iş-güclərini atıb bir-bir evləri gəzmək, çağırış vərəqəsi alıb orda-burda gizlənənləri tapıb üzə çıxarmaq lazım gəlmirdi. Bircə sürücünü və avtobusun hərəkət cədvəlini dəyişmək kifayət idi ki, bu musiqili avtobuslar, arvad-uşağı düşürüb, şəhərin mərkəzindən burulub musiqisini küçələrə yaya - yaya ordan birbaş sərhəd bölgələrinə - müharibəyə yollansın.
Ümumiyyətlə, deyirdilər, ilk baxışda sadəlövh insan, romantik şair təsiri bağışlayan prezident, əslində, heç də elə-belə, sadə adam deyildi. Deyirdilər, onun özünəməxsus, dərin siyasəti vardı. Məsələn, kənd təsərrüfatı problemlərinə həsr olunmuş dövlət müşavirələrində, yaxud beynəlxalq əhəmiyyətli sülh konfranslarında prezident, gözlənilmədən, çəkisiz, hündür bədəni ilə kürsüyə qalxır, orda qəribə bir coşqunluqla, heyvandarlıq sahəsində, xüsusən iribuynuzlularda yaranan kəskin çatışmazlıqlardan danışmağa başlayır, sonra qəfildən, qəribə bir dönüşlə ədəbiyyata, ordan birbaşa poeziyaya keçir, yanaqları qızara – qızara, saatlarla orta əsrlər ədəbiyyatından qəmli qəzəllər oxuyur, onları bir-bir təhlil edir, mətndə işlənən mürəkkəb ərəb sözlərinin mənalarını xüsusi həvəslə izah edirdi.
Bu gözlənilməz «gedişlər»-dən çaş-baş qalıb donuxan müşavirə əhli
boğazları quruya-quruya, diqqətlə bu dərin və mürəkkəb mənalı qəzəllərə qulaq asır, başbilənlər, bacarıqlılar bu qəzəllərdən özlərinə dair lazımi eyhamları seçib çinədanlarına atır, müşavirədən sonra otaqlarına çəkilib günlərlə başlarını sındıra-sındıra, prezidentin həmin o ərəb qəzəlləriylə atdığı «incə eyhamların» gizli mənalarını arayıb-axtarmaqla məşğul olurdular.
Belə müşavirələrdən sonra ölkənin bir çox sahələrində bir çox şeyin rəngi, yönümü dəyişilir, hər şeydə bir poetiklik, incəlik duyulmağa başlayırdı…
Paytaxta iki daşın arasında bu ikimərtəbəli, rahat avtobusların gətirilməsi də bir siyasət idi və bu, deylənə görə, heç də elə-belə iş deyildi. Bunun nə üçün edildiyi, yalnız sonradan, bəlkə də uzun illərdən sonra, «Böyük Həqiqət nəhayət ki, öz təntənəsini çalanda» avam camaata məlum olacaqdı… - prezidentin şairqəlbli tərəfdaşları deyirdi.
…Prezidentin ən dərin siyasi gedişlərindən biri də – onun, Nazirlər Kabineti strukturunda ildırım sürətiylə apardığı dəyişikliklər oldu.
İlk növbədə o, bivec İqtisadiyyat nazirliyi ilə, Meşə, Yanacaq, Əlvan və ağır metallurgiya və bir sıra bu sayaq xırda-xuruş nazirlikləri birləşdirib, Kənd Təsərrüfatı nazirliyini ayrı - ayrı nazirliklərə, ayrıca İribuynuzlu Maldarlıq, Xırda buynuzlu Maldarlıq, Quşçuluq, Baramaçılıq, Arıçılıq, Çəltik, Taxıl, Silos və sair nazirliklərinə böldü.
Bir qisim adam deyirdi ki, prezidentin bu gedişinin əsas səbəbi - hakimiyyətə yenicə gələn «Azadlıq» partiyasının, gecə-gündüz prezident iqamətgahında vurnuxan, imkan tapdıqca, prezidentin otağına soxulub, orda stolunun üstünü yumruqlaya-yumruqlaya, ondan vəzifə istəyən kənd mənşəli üzvlərinin, iş yerləri ilə təmin edilməsi idi.
Digər qisim isə deyirdi ki, heç də elə deyil, bu da prezidentin uzaqgörən siyasətinin bir qolu idi və bir neçə ildən sonra hamı hər şeyi başa düşəcəkdi… Necə ki, bir vaxtlar, hələ prezidentliyindən çox-çox əvvəllər - uzaq ərəb ölkələrinin birində tərcüməçi işləyəndə, gecələrlə küçələrə çıxıb cibinin son qəpiyinəcən küçədən keçən dilənçilərə verərək: «A bəy, götür bu pulu, sən əzizinin canı, səsin gəldikcə qışqır, denən yaşasın azadlıq!..» - deməyini onda dolayıb ələ salanlar, azadlığın nə demək olduğunu, yalnız çox-çox sonralar - coşğun milli azadlıq hərəkatı bütün ölkəni bürüyəndə başa düşdülər…
Prezidentlə həmin o vaxtlar xaricdə işləyənlərsə danışırdılar ki, o, öz qəribəliyi və anlaşılmazlığı ilə az bir müddətdə hamıda özünə qarşı maraq oyatmışdı. Deyirdilər, orda o, demək olar, heç kimlə əlaqə saxlamır, boş vaxtlarını qədim kitabxanalarda keçirir, axşamlarsa, paytaxtın ən bahalı restoranlarında şam edirdi…
Restoranın xidmət personalı onu əcnəbi milyoneri kimi tanıyır, o, qapıda görünəndə, deyirdilər, ofisiantlar qabağına qaçır, musiqiçilər, çaldıqları havanı dəyişib, onun şərəfinə, sevdiyi «Qaragilə» ni öz milli çalarlarında ifa eləməyə başlayır, rəqqasələr oynaya-oynaya pişvazına çıxır, onu araya alıb çalıb oxuya-oxuya, restoranın ən mötəbər stoluna ötürürdülər. O da, gözündə qara eynək, boynunda güllü şərf, şərəfinə bəzədilmş bahalı süfrənin arxasında təmtək otura - otura bütün gecəni dilinə heç nə vurmadan içir, doğma xalq havalarını çaldırıb ay ərzində qəpik-qəpik yığdığı maaşını musiqiçilərin, rəqqasələrin başına ələyir, üzlə, sallaq qollarıyla tərk edirdi… Səhərisi, ya elə o biri günlər isə onu, uzun müddət aclıq çəkməkdən altı qaralıb çuxura düşmüş gözləriylə, tüklü, əzgin üzüylə, səfirliyin xidmət personalının ucuzlu yeməkxanasında, turşumuş borşu yeyən görürdülər...
Deyirdilər, ümumiyyətlə o, həmin o azadlıq dərdinə, hələ lap cavan yaşlarından - universitetdə oxuduğu illərdən də əvvəl tutulmuşdu. Tələbəlik illəri isə, təqiblərə və təzyiqlərə baxmayaraq, gizli dərnəklər təşkil edir, bu dərnəklərdə - uzun illər kölə halında yaşayan xalqının azadlığa qovuşması, işıqlı günlərə çıxmasından ötrü, min bir sərvətə malik ölkəsini müstəqil görməkdən ötrü, irili-xırdalı minimum-maksimum proqramlarını hazırlamaqdan yorulmurdu. Deyilənə görə bu millət fədaisinin 70-ci illərdə uzun müddət həbsdə yatmağı da elə buna görə imiş.
Deyilənə görə, prezident həmin bu işıqlı fikirləri ilə dustaqxanadakıları da zinhara gətirib dünyadan bezdirmişdi. Deyirdilər, qəlbi vətən eşqiylə çırpınan bu yorulmaz adam orda da gecə-gündüz kölgəli üzü, xəstəhal gözləri, arıq, uzun bədəniylə dustaqxananın havasız, yarıqaranlıq otaqları boyu gicəllənə-gicəllənə, hey azadlıqdan dəm vurur, əlinə keçən məhbusları bir küncə çəkib çılğın həvəslə o birilərə danışdıqlarını, onlara bir də yenidən danışır, məhbuslarda milli ruhun oyanmasına zəmin yaratmaqdan yorulmurdu. Deyilənə görə, bu azadlıq divanəsi dustaqxanada da özü üçün, kiçik də olsa, dərnəkvari bir auditoriya yaratmağa nail olmuşdu.
- Hər şey ondan başladı ki, bütün vücuduyla, onsuz da hamıda maraq oyadan bu dərvişvari insan, günlərin bir günü dustaqxananın bir küncünə çəkilib, ordan, gözlərində yaşımtıl qığılcımlar oynaya-oynaya, maraqlı tarixi hadisələrdən danışmağa başladı və bununla da, qalan məhbusların diqqətini də özünə cəlb elədi. – dustaqxanada onunla bir dövrdə yatan məhbuslar danışırdı - Məhbusların böyük bir qisminin «tora düşdüyünü» gördükdə isə, o, çevik bir fəndlə mövzunu dəyişərək, tarixdən, birbaşa bu günə – qeyri-hüquqi şəraitdə yaşamağa məhkum olan xalqının mənəvi-siyasi problemlərinə keçirdi. Dustaqxanada onun toruna düşməyənlər də az deyildi. Onlar da, elə ki, bu divanə «kürsüyə» qalxırdı, üzlərini divara çevirib:«Bunu bura salanın atabaatasının goruna lənət…» - deyirdilərsə də, söhbəti yekunlaşdıran milli himni oxumaqdan boyun qaçıra bilmirdilər.
Deyilənə görə, dustaqxananın işçi personalı da onun əlindən zəncir çeynəyirmiş. «Bu xəstə bura düşəndən, hamı demoqoq olub gedib… hamı insan hüququndan, müstəqillikdən danışır, azadlıqdan dəm vurur... bir adama: «gözün üstə qaşın var» demək olmur»… - dustaqxana nəzarətçiləri deyinirmiş.
Deyirdilər, belə məşğələlərdən sonra o, uzun müddət özünə gələ bilmir, ehtirasla danışdığı ideyalarının, işıqlı fikirlərinin təsiri altından çıxa bilmir, gah üzünü divara söykəyib dinməzcə ağlayır, gah da kimisə kətilə çıxartdırıb, gecədən xeyli keçənədək: «Yaşasın azadlıq!» - şüarıyla çığırtdırırdı…
-Başa düşmək olmurdu, hansı daha təsirli… - dustaqlar deyirdi - onun ideyaları, yoxsa o özü?..
Axır günlərsə, danışırdılar ki, hər belə məşğələdən sonra, siyasi cəhətdən maariflənmiş dustaqlar himni, artıq ayaq üstə dayanıb oxuyurdular və deyilənə görə, himnin səsinə, o biri kameraların dustaqları da qoşulurdular. Deyilənə görə, son aylar dustaqxananın nəzarətçiləri də, dustaqlarla bir himn oxuyurdular… Odu ki, sakit gecələr, şəhərdən bir qədər aralıda – ağacsız-kolsuz çöllüklərin ortasında uzanan bu yarıuçuq dustaqxanının qədim, üçmərtəbəli binasından qaranlıq göylərə əzəmətli himnin səsi ucalmağa başlamışdı…
Deyirdilər, bu tükürpədən kütləvi gecə mərasimlərindən, «azadlıq» şüarlarından qorxuya düşən müdiriyyət məsələləri araşdırıb, dustaqların hansı azadlıqdan dəm vurduğunu, ölkənin rəsmi himni olan bu əzəmətli mahnını niyə məhz gecələr və niyə məhz birlikdə, o sayaq qorxunc təntənəylə oxuduqlarının mənasını uzun müddət götür-qoy edib nə isə anlamağa çalışırdılarsa da, aydın bir nəticəyə gələ bilmirdilər. Kameralardan alınan gizli məlumatlara görə, dustaqlar, uzun illər yad xalqın tapdağı altında inləyən millətin, əsirlikdə olan dilindən və mənəviyyatından danışırdılar. Bu məlumatlardan sonra, deyirlər, yalan-doğru, arada bir, bu millət fədaisinin siyasi dərslərində, bütün bu təntənədən vəcdə gəlib milli heysiyyəti oyanan dustaqxana müdirinin özü də, gizli surətdə iştirak etməyə başlamışdı…
…Bir gün belə məşğələlərin birindən sonra, həmin bu keçmiş prezident yenə təsirlənib boğazını qəhər tuta-tuta, dustaqların birini kətilə çıxararaq: «Yaşasın azadlıq!..» - çığırtdıranda, deyirlər, onun toruna düşməyən dustaqlardan hansı birisə üstünə cumub yaxasından silkələyə-silkələyə:
- Denən, yaşasın rahat, tox həyat da ay... - deyə çığırıbmış. Sonra da hirsindən göyərə-göyərə: «Tox firavanlığın» adını «azadlıq» qoymağı, bu avam camaata o və onun kimi qurumsaqlar öyrədib. Bilə-bilə ki, heç bir dövrdə, heç bir xalqa siyasi azadlıq nəsib olmayıb və əslində olmağı məsləhət də deyil, Yer üzünün bütün xalqlarının, tarix boyu, hakim dairələrlə davasının bircə və yeganə səbəbi – dinc və firavan həyat olub, o və onunkimilər «azadlıq» deyə-deyə camaatı yolundan çıxarır, onsuz da qara gününü bir az da qaraldır, beynini dumanlandırıb küçələrə saldırır… sonra dəliyə, yəni avam xalqa əl verib, əlinə də bel verir. Yığışdırsın, bu avantüralarını!..»
Deyirlər, dustaq sözünə beləcə çımxırıb yekun vurubmuş.
Yaxın adamlarının dediyinə görə, uzaq illərin bu xatirəsi, göyərmiş dustağın dediyi bu qəliz sözlər sonralar da heç cür prezidentin yadından çıxmırmış. Bunu həssas prezident, ürək qızdırdığı adamlarına dönə-dönə, hər dəfə də həyəcanlanıb səsi titrəyə-titrəyə danışır, sonra da siqaretini tüstülədə-tüstülədə, uzun-uzadı fikrə dalırmış… Deyilənə görə, prezident özü danışıbmış ki, həmin o filosof - dustaqla sən demə, sonradan dostlaşıbmış. Sən demə, dustaq sonralar da ona azadlıq haqqında öz qəribə moizələrini oxuyurmuş. Məsələn, dustaq deyirmiş ki, dərinə getsən, ümumiyyətlə, bu azadlıq deyilən şey nə deməkdi axı?.. Tarix boyu hansı xalq, sözün əsil mənasında azadlığı uğrunda mübarizə aparıb ki?.. Niyə nələrisə əldə etməyin adı həmişə «azadlıq» olub?.. Axı bir millət, kütlə şəklində, kollektiv surətdə necə azad ola bilər ki, onun, ayrı-ayrılıqda hər bir nümayəndəsi yaranışından, öz cismani və ruhu varlığı ilə, hər şey bir yana qalsın, bədəninin quruluşu ilə kölədi. Hamıdan Uca Allahın köləsi… Əgər söhbət, bir xalqın, ayrı bir dövlətin əsarətindən qurtarıb azadlığa çıxmasından gedirsə, bu, canım-gözüm, bizə aid deyil. – müdrik dustaq deyirmiş - Biz dünya tarixinə böyük filosoflar, şair və yazıçılar, sərkərdələr, rəssam və bəstəkarlar vermişik… lakin, əfsuslar olsun ki, bineyi-qədimdən üzü bəri, qanımıza, canımıza hopan, ətimizə, sümüyümüzə yeriyən köləlik xislətindən qurtula bilməmişik. Əsarəti altında yaşadığımız dövlət işdi, bizdən imtina edərsə, biz o dəqiqə təşvişə düşüb başımızı itirə-itirə, təcili surətdə, özümüzə təzə ağa axtarıb taparıq. Bu, bir millət kimi, bizim ahiyyətimizdi, qan qrupumuzun göstəricisidi… xəmirimizin mayasıdı. Olsun ki… - dustaq deyirmiş – bineyi qədimdən kök salıb yaşadığımız torpaqlarımızın münbit, əlverişli şəraiti də burda müəyyən rol oynayıb. Axı bizlərin, heç bir vaxt, yaşamaq uğrunda mübarizə aparmağa ehtiyacımız olmayıb. Ömrümüz boyu özümüzün istifadə edə bilmədiyimiz min bir sərvətimizə yiyə durmağa ağıllı adamlar tapılıb. Yeyiblər, bizləri də yedirdiblər. Tox adama daha nə lazımdı ki?!.. «Odu ki, akademik, özünü əbəs yerə yorma. Bütün bu «birliklər» və kövrəlməklər boş şeydi. Bizimki belə gəlib. Elə belə də gedəcək. Sənin o sevimli «azadlıq» şüarından isə, tarix boyu «hakimiyyət» deyilən əlçatmaz Qalanın bağlı qapılarını aça bilən açr kimi istifadə ediblər həmişə…»
…O dustaq, prezidentin dediyinə görə, orta savadı belə olmayan, həyatı boyu oğurluqla məşğul olub, ömrünün çox hissəsini dustaqxanalarda çürüdən yeddi uşaq atası imiş. Deyirlər, o dustaqdan danışandan sonra, siqareti siqaretə calaya – calaya, fikir dəryasına qərq olan prezidenti, hələm-hələm o dumanlı dəryadan çəkib çıxarmaq olmurdu. Heç kim də, prezidentin, ara-sıra düşdüyü bu kədər dəryasının sirrini bilə bilmirdi. Anlamaq olmurdu, prezidenti fikrə salan nədi. Dustağın sözləriylə razıdı, ya yox. Dustağın, «azadlıq» haqqında dediklərində həqiqət var, ya yox… Elə bil prezident özü də dustağın dediklərindən axıracan dəqiq bir şey anlamırdı. O sözləri, ötəri söhbət kimi qulaqardına vurub unuda da bilmirdi görünür. Hər dəfə də bu söhbətin axırına gəlib çıxanda, üzündəki sual ifadəsiylə həmsöhbətlərinin gözünün içinə elə baxırdı, elə bil bütün bu deyilənlərin cavabını axır ki, orda tapacaqdı…
Bu gizli dustaqxana epizodundan xəbəri olan bəzi xalq siyasətçiləri bu söhbətə ciddi əhəmiyyət verirdilər. Prezidentin, hər bu xatirədən sonra düşdüyü kədərli trans vəziyyətini bununla izah edirdilər ki, dustağın nəzəriyyəsi, uzun müddət öz al-əlvan xəyallarının qoynunda üzən və camaatı da həmin bu «xəyallar bataqlığında» üzdürən prezidenti sadəcə çaşdırmışdı... Dustağın dediyindən belə çıxırdı ki, prezident bütün ömrünü, cavanlığını, istedadını, öz təxəyyülündə qurub düzəltdiyi xalqın azadlığı uğrunda, əslində isə, mahiyyət etibarı ilə absurd, cəfəng bir arzu yolunda qurban vermişdi. Və burda prezident iki şeyi qarışdırırdısa da, hər iki variant ayrı-ayrılıqda da, cəm halında da, dustağın dediyi ilə üst-üstə düşürdü. Birinci variant bu idi ki, yaranışından bura başının ağrısını bilməyən, düşündüyünü deməyi bacarmayan xalq, öz irili-xırdalı dərdlərinin çarəsini, həyatdan narazı üzüylə doğma olan bir adamın ayağa qalxaraq üsyankar səslə dediyi: «Azadlıq!..» kəlməsində tapmışdılar. Yaxud, bütün faciələrin həll yollarını, öz coşğun xəyallar dumanında, parlaq ideyalar şüarları altında görməyə alışmış romantik prezident, gözü dünyanın min bir naz-nemətində qalan, bir qarnı ac, bir qarnı tox xalqının dərdini düzgün başa düşməmişdi.
- …Ona nəhayət çatmışdı ki… - bəzi ticarətçilər gözlərindən qığılcım çıxa-çıxa dınışırdılar - …sən demə, xalqa siyasi, mənəvi, hüquqi azadlıq yox, adicə qarın azadlığı lazım imiş…
İndi əgər məsələlər gəlib bu yerdə beləcə yoğunlaşmışdısa, onda belə çıxırdı ki, prezident çaşıb «eşşəyə minmişdi» və daha bu eşşəkdən düşməyin yeri olmadığını da anlamışdı. Odu ki, istəsə də, istəməsə də, Allahın bu yazıq, tərs bəndəsini harasa sürməliydi. Lakin, hara?..
- Bax, prezidenti də çaşdıran elə bu idi… - adamlar qəribə azarkeşliklə elə danışırdılar, elə bil söhbət – onlardan yox, hansısa ayrı ölkənin vətəndaşlarından gedirdi...
- O, orta və yaxın əsrlər tarixindən, o dövrlər yaxın və uzaq Şərqdə gedən daxili ixtişaşlardan, siyasi, sinfi mübarizələrdən, şah üsul - idarəsinin incəliklərindən, hakimiyyətin devrilmə yollarından və sairədən saatlarla, bəlkə günlərlə məruzələr edə bilirdi, amma, xalqını, düşdüyü çətin vəziyyətdən qurtarmağın yollarını bilə bilmirdi. Bunu o, nə təhsil aldığı ali məktəbdə, nə də sonralar, sevə-sevə, həvəslə mənimsədiyi qalın-qalın kitablarda, qədim əlyazmalarda oxuyub öyrənə bilməmişdi. İnqilabi hərəkatlardan və sinfi mübarizələr yazılan bu ədəbiyyatlarda, görünür ki, xalqın bu həmişəac gödənini doyurmaq yolları təsvir olunmamışdı. – prezidenti sevən bir qisim ziyalılar, ürək ağrısıyla danışırdılar.
- Monarxiya quruluşundan, respublika üsul-idarəsinə, yaxud əksinə işləyən keçid dövrlərində, dövlət rejimlərinin dəyişdirilməsi yolları, xalq kütlərini hansı ideyalar və bayraqlar altında istiqamələndirməyin incəlikləri, ölkədaxili sinfi qarşıdurmalar zəmnində, xalqın siyasi baxışlarında müvafiq dəyişikliklərin yaradılması yolları və sair barədə elmi ədəbiyyatlara o, hələ gənc yaşlarında, Elmlər Akademiyasında kiçik elmi işçi işləyən vaxtlar, günlərlə Akademiyanın yarıqaranlıq, havasız arxivlərində yatıb qaldığı dövrlər yiyələnmişdi… - akademiyann əməkdaşları deyirdi.
-…ola bilər - ola bilər… - Əlyazmalar institutunun direktoru televiziya ilə verdiyi müsahibədə deyirdi - … onun, hələ bizim institutda işlədiyi dövrlər qədim əlyazmalara olan xəstəhal münasibəti, düzünü deyim, məni həmişə narahat edirdi. Bu adamı günlərlə institutun arxivlərindən çıxarmaq olmurdu… O, günlərini orda keçirir, iş günü başa çatanda, institutun qapıları bağlanar-bağlanmaz, o, tozlu əlyazmaları yığışdırıb icazəsiz-filansız, özü ilə evinə aparırdı. Gün-gündən də arıqlayırdı… rəngi solur, gözləri çuxura düşürdü, göz görə-görə saralıb solurdu. Yataqxana yoldaşları danışırdılar ki, gətirdiyi əlyazmaları bu adam gecəylə oxuyur, gecənin bir yarısı hamını yuxudan oyadıb, gözündən qığılcım çıxa-çıxa, səhərin gözü açılanacan, hansısa şahın siyasi gedişlərindən danışır, heç kimi yatmağa qoymurdu. Bilirsiz, dilçi olmasına baxmayaraq, o, tarixi dəlicəsinə sevirdi. Onun bu sevgisinin, sonradan birdən-birə siyasi fəaliyyətə keçməsi, açığını deyim, məni çox təəccübləndirdi. Mənə belə gəlir, siyasi həyata meyli onun, hər şeydən əvvəl, həmin o tarixi şəxsiyyətlərə olan böyük sevgisindən irəli gəlirdi…
- …Camaatı yoldan çıxaran o idi… - liberallar partiyasının sədri «r» hərfini yeyə-yeyə, sağ gözü, oyüncaq gözü kimi, necəsə öz-özünə bağlana-bağlana danışırdı. - Rus qəsbkarları, ölkədə yaranan daxili gərginliyi yatırtmaq adıyla şəhərə daxid olan gecə də, camaatı evlərindən çıxarıb ordunun qabağına düzdürən, ətdən çəpər düzəldən o idi. O gecə yüzlərlə adam qırıldı, ona isə heç nə olmadı. O dəhşətli, qarlı qış gecəsi əliyalın, dinc şəhər sakinlərini tankların, top-tüfəngin qabağına tökən bu millət fədaisi qaçıb dostunun evində gizlənmişdi və yalnız bu müdhiş hadisədən üç gün keçəndən sonra - küçələrə tökülən meyitlər yığılıb daşınandan, qan gölməçələri yuyulub qurudulandan sonra zühur eləyib üzə çıxdı. Bu insan ikicə il ərzində iki qanlı millət qırğını törətdi. O hadisədən sonra bu adam haqqında artıq nəticə çıxarmaq olardı. Lakin, xalq kütlələri, hipnoza düşmüş müsəlləh ordu kimi, yenə onun ardınca getməyinə davam elədi. Bu da axırı. Camaatı elə bil qan çəkib aparırdı. Tarix təkrar olunur. 1920-ci ildə, guya aclıq və səfalət bataqlığında inləyən xalqın köməyinə gələrək, şəhərə daxil olan, camaatı qıran rus ordusu və başını götürüb aradan çıxan milli azadlıq hərəkatının «qeyrətli» liderləri.
-Bütün bu söhbətlərdən adamın başının tükləri biz-biz durur… - camaat deyirdi - Bu necə adam imiş, ilahi?!… Onun haqqında hərə bir söz deyir və işin qəribəsi də odu ki, bütün deyilənlərin hamısı da həqiqətdi. Bütün bu deyilənlərə və danışılanlara görə belə çıxırdı ki, prezident - vicdanlı, qorxaq, simasız, təvazökar, riyakar, mənəviyyatlı, xudbin, millətini dəlicəsinə sevən xəstəhal və cəsur adamdı.
Prezidentə ürəyi yananlarasa deyirdilər ki, ona - xalqının azadlığı, vətəninin müstəqilliyi uğrunda İlahidən verilmiş müqəddəs missiyasının başa çatdığını, gərək hakimiyyət xalqın özünə veriləndə anlayaydı.
-…amma qəribədi… - camaat deyirdi - o, sonralar da, Azadlıq partiyası hakimiyyətə gələndən çox-çox sonralar da - ölkə günbəgün, aybaay, kərpic-kərpic sökülməyə başlayanda da, elə bil uduzduğunu hiss eləmirdi. Ya bəlkə hiss eləyirdi, özünü o yerə qoymurdu?!.. Deyirdilər, hakimiyyətdə olduğu son vaxtlar, o ömrü boyu çəkdiyi əziyyətlərini, təqib və işgəncələrini, ehtiyac və aclıq günlərini, həyatının ən işıqlı anları kimi xatırlayır, o günləriylə gizlicə fərəhlənir, bütün o məşəqqətlərin əbəs getməməsindən, iztirablar və mərhumiyyətlər dolu o qara günlərin, indi xalqının işıqlı, xoş həyatına çevrilməsindən danışıb elə bil təskinlik tapır, sonra yenə siqaretini tüstülədə-tüstülədə fikrə gedirdi…
- Görən onda o nə fikirləşirdi?.. – «Azadlıq» partiyasının cəfakeş üzvləri narahat üzlərlə deyirdilər - Bəlkə «azadlıq» deyilən işıqlı genişliyə aparmalı olan bu yolun, hansısa tamam ayrı – qarmaqarışıqlıqlar dolu sistemsiz yataqxana həyatını andıran anlaşılmaz yaşam üsul idarəsinə gətirib çıxarmasının səbəblərini arayıb axtarırdı?.. Ya bəlkə, millətin işıqlı gələcəyinə əbədi ümidlə yaşayan bu həssas qəlbli insanın, ölkədə baş verən bütün o əcayibliklərdən sonra hələ də nəyəsə ümidi vardı?!.. Bəlkə ölkədə yaranan bu ağır böhranı o, hələ də, millətin aydın sabahına aparan müqəddəs yolun növbəti mərhələsi hesab edirdi?!.. Ya bəlkə ömrü boyu mübariz ideyalarla yaşayan prezident bütün bu mübarizələrdən, heç cür ələ gəlməyən, alınmayan ideyalarından axır ki, cana doyub yorulmuşdu?.. Və indi artıq özü haqqında, insan taleyindən çox, quş taleyini andıran qəribə ömrü haqqında fikirləşməyə başlamışdı?!.. Bəlkə o an onun quş kimi qanad çalıb buralardan - heç cür oyanmaq bilməyən bu ölü torpaqlardan uçub getməyi gəlmişdi?!..
Bu sayaq ehtimallardan bir qisim adam kövrəlir, bəziləri əsəbiləşir, üzlərindəki bezgin ifadəylə:
-…axı özünü niyə o günə qoyurdu ki, sonra da uçmağı gələ?!.. - deyirdilər.
- Axır ki, bütün bu söz-söhbətdən, bir-birinə uyuşmayan, yarıhəqiqətə, yarıuydurmaya oxşayan ehtimallardan belə çıxır ki… - sonsuz mükalimələrdən başı şişən və axır ki, bir nəticəyə gəlmək istəyən camaat danışırdı - …ilk baxışda sadəlövh insan təsiri bağışlayan prezident, elə də sadə adam deyildi. Ən azı o səbəbdən ki, hakimiyyətdə olduğu dövrlər də, hələ ondan əvvəlki illər də, onun gizlidə, yaxud aşkarda apardığı qəliz siyasi gedişlərinin sirrini, demək olar ki, heç kim aça bilmirdi.
- …Onun, ölkənin şimal-qərbində gedən müharibə ilə əlaqədar özünəməxsus uzaqgörən siyasətindən - uzun müddət içində zərgər incəliyi ilə bişirdiyi və heç bir vəchlə heç kimə açıqlamadığı «sirli planlarından» bir çoxları agah idi. Ölkə əhalisi isə bunu onun, müharibənin vəziyyəti ilə əlaqədar hansısa tlekanaldan verdiyi unikal müsahibədən anlamışdı...
Müsahibədən əvvəl, döyüş bölgələrindən çəkilən reportajlarda – necəsə qəfildən düşdükləri müharibə bölgələrində gülləbaranın, qulaqbatırıcı yaylım atəşlərinin səsindən döyüküb çaşan, yarımaçıq ağızlarla, böyümüş gözlərlə yan-yörələrinə baxa-baxa, ayaqlarındakı nazik idman ayaqqabılarında qarlı barrikadalarla o yan-bu yana sürünən «igid döyüşçüləri», köhnə dizel xırıltısıyla xırıldayıb işə düşüb, mərmilərini köndələn uçura-uçura harasa yaxınlığa endirsə də, heç haranı partlatmayan ağır artilleriya qurğularını göstərmişdilər. Daha sonra ekranda, prezidentin özü görünmüşdü... Kostyumunun rəngini, dərisinin qaralığından ayıran ağ qolçaqlı uzun qollarıyla dəyirmi stolun üstündəki külqabını dövrəyə alaraq:
- Demək, biz belə edəcəyik… - demişdi - həm irəlidən, həm geridən…
O verilişdən sonra çox adam prezidentin, bu həddən ziyadə qısa və qabaqcıl fikirlərinin qəlizliyindən, külqabının və qolların, gətirilən misalda kimi və nəyi təmsil etdiyini axıracan müəyyən edə bilmədiyindən gileylənirdisə də, xalqın əksər hissəsinin, üzü mərhəmət və dözümlük saçan bu adama inamına xələl gətirmirdi.
- Əgər külqabı düşmən ordusuydusa, onda bu ordu, onların mühasirəsinə nə vaxt, necə və hardan düşmüşdü?!.. Yox, əgər külqabı onlar idisə, onda demək, kitabları bağlanmışdı… - siyasətdən az-maz başı çıxan futbol azarkeşləri danışırdı - Elə olan halda, əgər kitabları bağlanmışdısa, onda bəs prezidentin üzündəki o nikbin qalibiyyət ifadə hardan idi?..
O müsahibədən bir qədər keçmişdi ki, şəhərə ayrı bir vəlvələ düşdü… Deyilənə görə, prezident, hansısa xarici radioya verdiyi müsahibədə, gözlənilmədən coşub özündən çıxaraq, yumruğunu mikrofon bərkidilmiş stola çırpıb, efirdə partlayış gurultusuna bənzər uğultu yarada-yarada, yaxın günlərdə, millətin böyük bir qisminin uzun illərdən bəri kölə vəziyyətində yaşadığı qonşu dövlətin ərazisinə hücuma keçəcəyini, həmvətənlərini azadlığa çıxaracağını elan edərək hökumətin adından rəsmi bəyanat vermişdi. Səhəri gün «təcavüzə məruz qalmaq ərəfəsində olan» möhtəşəm qonşu dövlət hərb maşınını işə salmış - ağır artilleriyasını, hava və dəniz desantını sərhədlərdə yerləşdirmiş, müharibəyə hazır olduqları barədə ölkəyə cavab notası göndərmişdi… Bu təhlükəli notadan təşvişə düşmüş ölkə əhalisi - kapitanı havalanıb sükanı başlı-başına buraxan gəminin sərnişinləri özlərini bir ucdan dənizə atan kimi, hər anı ölüm və təhlükə saçan bu qorxunc ölkədən baş götürüb qaçmaq üçün tədbirlər tökməyə başlamışdılar... Dünyanın bütün informasiya mərkəzləri, torpaqlarının az qala yarısı düşmən taptdağı altında olan, hərbi potensialı təəsüf doğuran bu balaca məmləkətin, belə bir ağır siyasi, iqtisadi böhran keçirdiyi dövründə - ərazisinə, əhalisinin sayına, hərbi və iqtisadi potensialına görə müqayisəyəgəlməz dərəcədcə möhtəşəm bir dövlətə müharibə elan etməsini fövqəladə xəbərlər sırasında dünyaya yaymışdı...
Səması gün-gündən qaranlıq buludlar bağlayan ölkədən qaçıb canını qurtarmaq istəyənlərin çoxu, məşhur sənət adamları, bir də, müstəqilliyə yenicə qədəm qoymuş ölkənin müflis iqtisadiyyatını qaldırmaq məqsədiylə həvəslə işə girişən bir sıra vətəndaş qeyrətli işgüzarlar oldu…
- Qoy getsinlər… - deyirlər, prezident, opera müğənnilərinin, rəssam və yazıçıların xaricə köçməyindən narahat olan jurnalistlərin suallarına cavab verərkən deyirmiş -…xalq hərəkatı öz sənətkarlarını - milli ruhlu sənətkarları yetişdirəcək!..
- Bu, lap Oktyabr inqilabı dövründə bolşeviklərin, əsil sənətçiləri, ziyalıları güllələyib, əvəzinə - sovet ideologiyasını bərqərar edən fəhlə-kəndli mənşəli yeni növ sənətkarlara, «cəmiyyətə sosialist-realizmi ruhunu aşılayan» yazıçı - şairlərə meydan verməyini xatırladırdı… - yazıçılar ürkək üzlərlə danışırdılar...
Bəziləri də deyirdi ki, tələsik nəticələr çıxarmaq lazım deyil, yetmiş il bu çürük sistemdə kölə vəziyyətində yaşaya-yaşaya, ayıq düşüncəsini, qıvraq qavrayış qabiliyyətini itirmiş, siyasi cəhətdən cahil bir xalq üçün, prezidenti başa düşmək hələ çox tezdi. Bunun üçün xalq ilk növbədə intellekt baxımından öz üzərində bir qədər işləməlidi…
…Camaatı bir də ən çox çaşdıran - əlli altı yaşa çatmış prezidentin, dörd uşaq atası olmasına baxmayaraq, evsiz-eşiksiz, dərzi iynəsi kimi əyin-başsız olması idi… Bəziləri ağızlarını büzə-büzə deyirdilər ki, «bir adam ki, bu yaşa gəlib çatıb, nə özünə, nə də ailəsinə bir gün ağlaya bilməyib, bir adamın ki, başının üstə damı, yıxılıb yatmağa küncü yoxdu, bu boyda xalqa o nə gün ağlayacaq?!..»
Deyirdilər, ümumiyyətlə prezidenti, hələ o prezident olmamışdan əvvəl də, sonralar da, heç vaxt nə dünya malı, nə pul, nə şöhrət, nə vəzifə, bir sözlə, heç nə maraqlandırmamışdı... Ömrü boyu əlinə gələn cüzi qazancını o, tarix və ədəbiyyt kitablarına və bu kitabları oxumağa heyi olsun deyə, pendir-çörəyə verməklə yaşamışdı. Odu ki, hələ lap uşaqlıqlığından, kəndin daş-kəsəkli yollarıyla, kasıbçılığın ücbatından çəkməsiz gəzən, tələbəlik illərində də həmçinin, imkansızlıq ucbatından, yeganə pencəyini ildə bir dəfə dərziyə verib o üz-bu üzə çevirtdirən, pendir-çörəyə öyrəşən mədəsi ayrı yeməkdən qıcqırıb pozulan prezident, deyilənə görə, yüksək təminatlı prezidentlik kreslosunda özünü çox narahat hiss eləyirdi…
-…Elə üzündən də görünürdü ki, gün-gündən arıqlayır, gözləri çuxura düşüb, altı qaralır… arıqlıqdan ovurdu-ovurduna keçir, əynindəki pencək-şalvar, külək vurduqca, çubuğa keçirilən bayraq kimi dalğalanır… - camaat danışırdı...
- A kişi, biz görmüşük, adamı vəzifədən çıxarıb atanda, qəm-qüssəyə düşər, fikir çəkib bu cür şam kimi əriyər… Taxtda otura-otura əriyən adamı da gördük, məsləhətinə çox şükür!..
-…qəbul olunmuş protokol üzrə prezident davranışı qayda-qanunu onu çox darıxdırırdı… - prezident müşayiətinin əməkdaşları danışırdı -… bir də görürdük, budu ha, iş gününün axırına yaxın kağız-kuğuzunu qoltuğuna vurub aradan çıxdı… payi-piyada, maşınsız-müşayiətsiz düzəldi yola. Ayə, qoyma, getdi!.. - deyib biz də ardınca götürülürdük… özümüzü ona güclə yetirirdik. Zalım elə də becid yeriyirdi ki, küçəyə çıxmağıyla göz qırpımında yoxa çıxmağı bir olurdu… elə bil idmançı idi... Bizi görən kimi də… Bax, elə ki, müşayiət kortejinin - motosikllərinin, maşınların səsini eşitdi, addımlarını yeyinlədib özünü adamların gur yerinə salırdı, ayaqları da uzundu deyə… onun bir addımı bizim iki addımımıza bərabərdi, ona çatmaq mümkün olmurdu… o dəqiqə camaata qarışıb gözdən itirdi. Nə isə, gəlib axır ki, ona çatırdıq… küçənin ortasında camaatı aralayıb, onu həbs edən tək, mühasirəyə alırdıq, qabağımıza salıb maşina oturdurduq… O da yazıq… cinayət üstündə yaxalanan kimi, başını aşağı salıb uşaq kimi qabağımıza düşürdü, dinməz-söyləməz keçib maşina əyləşirdi. Ya da bir də görürdün, əsəbiləşirdi… özündən çıxıb, əl-qol ata-ata üstümüzə qışqırırdı, onu rahat buraxmağımızı, cəhənnəm olub yaxasından əl çəkməyimizi əmr edirdi… bizi «nomenklatura nökərləri» adlandırırdı… rəngi qarala-qarala, dil- dodağı əsə-əsə, çığırıb onu, Allahın havasına, otuna, quşuna həsrət qoyduğumuza görə, yerə-göyə lənət yağdırırdı…
-…Ən müsibəti isə, andiçmə mərasimindən sonra, onu gətirib zorla prezident iqamətgahına saldığımız günün axşamı oldu… - mühafizə xidmətinin işçiləri danışırdı - …onu, çığıra-çığıra da olsa, axır ki, gətirib iqamətgahın vestibülünə sala bildik. Qapıları da arxadan möhkəm-möhkəm bağladıq ki, ordan çıxa bilməsin. Mühafizə dəstəsinin sayını birə-beş artırıb iqamətgaha aparan yolları da, hər ehtimala qarşı kəsdik ki, işdi, birdən pəncərədən, ya ayrı bir yerdən çıxıb qaçsa, uzağa gedə bilməsin. O gecə o, başımıza nə oyunlar açmadı?!.. Sarayın şüşə qapılarını yumruqlarıya döyəcləyib o ki, var çığırdı… «Məni bu imperiya qorxulu qaladan azad eləməsəniz, intihar edəcəyəm!..» -deyib hamını qorxutdu. Eləsə də eləyərdi… Onun gözlərində, dəliliyi andıran, nə isə qəribə, izaholunmaz ifadə vardı…
Deyilənə görə, daha doğrusu, mühafizə xidməti işçiləri danışırdılar ki, həmin gecə üsyankar prezident iqamətgahın ikinci mərtəbəsinə - onun üçün hazırlanıb bəzənmiş otağına qalxmamış, bir müddət çağırıb qapıları döyəcləməkdən yorularaq, elə vestibüldəcə - şüşəli qapıların yanındakı kresloda yuxulayıbmış. Deyilənə görə, hökümət üzvləri prezidenti saraya bir təhər öyrəşdirmək məqsədi ilə, təcili surətdə onun, şəhərdən uzaq, dağ kəndlərinin birində yaşayan ailəsini də iqamətgaha köçürməyi qərara almış və yaxın günlərin birində prezidentin, həyətyanı bostan sahəsində əkib-becərdiyi tərəvəzlə dolanan ailəsini, maşınlara doldurub təcili surətdə iqatməgaha çatdırıbmışlar. Sonradan bu iqamətgahda baş verənlər haqqında camaat arasında dildən-dilə gəzən gülməli lətifələrin tarixçəsi də məhz həmin o günlərdən başlayıbmış…
Deyilənə görə, iqamətgahın mərmər sütunlu qəbul otağı, nadir Şirvan xalıları döşənmiş vestibülü bircə həftənin içində, prezidentin xanımının uzaq kənddən özü ilə gətirib gəldiyi şoraba balonları ilə dolubmuş… Deyirdilər, bürkülü gecələrlə, şorabalardan bəziləri qıcqırıb qapağını güllə kimi tavana atanda və sirkəni hələ canına çəkməmiş yarıduzlu badımcanlar balonlardan sıçrayıb qara, kök zəlilər kimi ağ, mərmər sütunlara yapışanda, prezidentin mühafizə dəstəsi təşvişə düşərək, sarayın vestibülündə qəfildən başlanan bu «gülləbaranın», «qıcqırmış şoraba əməliyyatı» olduğunu aydınlaşdıranacan, az qala bütün şəhəri ayağa qaldırıbmış… Həmin dəqiqə sarayın dörd bir yanı silahlı dəstələrlə dolmuş, küçələrdə, şəhərin girişlərində təcili polis postları qoyulmuş, sərhəd qoşunu, aldığı xüsiusi göstərişə görə, sərhəd zolağını gücləndimiş, güc nazirləri öz müşaiyət dəstələri ilə hadisə yerində peyda olubmuşlar...
Adamlar danışırdı ki, vestibülün çoxsaylı mərmər sütunlardan biri də, orda, küncələrin birində adam hündürlüyündə adamaoxşar saxsı küpdə qıcqıran üzüm sirkəsinin badına gedibmiş. Deyilənə görə, ağzı möhkəm tıxaclanan sirkə, köpüklənib küpü necə qıcqırıbmışsa, küpü necə partladıbmışsa, iqamətgahın bu sütunu, bombadan uçulan tək, tən ortasından sökülübmüş.
- …O gurultuya biz hərbi vertolyotları çağırdıq… - mühafizə dəstəsinin rəisi danışırdı - vertolyotlar dama xüsusi qumbarayoxlayıcı radarlarla qondu… Biz isə birinci mərtəbəni mühasirəyə aldıq, pəncərələri qırıb içəri daxil olduq.
Deyirdilər, saraya daxil olan silahlı dəstə qatı sirkə iyindən boğula-boğula, gözləri acışa-acışa, əvvəl bu şübhəli, kəskin qoxunu gözyaşardan zəhərli qaz bilərək, geriyə çəkilmək istəmişdisə də, sonradan sonraya, vestibülün yuxarı başında dizi üstə düşüb, döşəməyə dağılmış sirkəni, iri döşəmə əskiləriylə yığan xidmət personalının işçilərini gördükdə, çaşıb qalmışlarmış...
- Hamısı da prezidentin ürəyiyumşaqlığının, sadəlöhvlünün nəticəsidi... - camaat deyirdi. Deyirdilər, prezident aparatının binasının da, qısa müddət ərzində pis günə düşməsi də, prezidentin həmin bu üzüyumşaqlığının nəticəsi idi…
Prezident aparatına yolu düşənlər, oranın mənzərəsindən uzun müddət özlərinə gələ bilmirdilər. Deyirdilər, binanın vestibülündəki al-əlvan gül-çiçəklə dolu bürünc dibçəklərdən əsər-əlamət qalmamışdı… güllər, siqaret kötüklərinin zəhərindən yanıb qaralmış, adamboylu pəncərələrin şüşələri his çəkmiş, qranit sütunlar, bıçaqla cızılıb qaralanmaqdan, tanınmaz hala düşmüşdü. Deyirdilər, bir vaxtlar ağ, buz parçası kimi par - par parıldayan bu sütunların üstündə o qədər söyüş, adam adları və doğum tarixləri və «azadlıq» sözü cızılmışdı ki, sütunlar, xaraba qəbiristanlığın kimsəsiz başdaşlarını xatırlatmağa başlamışdı... Pilləkənlərin, dəhlizlərin xəlçələri top-top daşınıb binadan çıxarılmış, qızğın mübahisələrin sonuna yaddaqalan nöqtə qoyan sınıq stul qalaqları künclərə qalanmış, bir vaxtlar dəhlizlərin divarlarını bəzəyən işıq plafonlarının yerinə, ucundun lampa açılan elektrik şnurları sallanmışdı…
Deyirdilər, ölkə müstəqillik statusu alandan, xalq müstəqillik və azadlıq yoluna qədəm qoyandan çox-çox sonralar da, prezident, artıq müstəqil yaşayan ölkəsinin müstəqilliyi, azad xalqının azadlığı haqqında, yenə əvvəlki qaydada - on beş-iyirmi ilə əvvəl universitetdə təşkil etdiyi gizli dərnəklərdə danışdığı kimi, əlçatmaz bir xəyal kimi danışıb kövrəlir, sonra yanındakılardan kimisə stulun, ya stolun üstünə çıxartdırıb: «Yaşasın azadlıq!» - çığırmağa məcbur edir, özü isə əlləri ilə üzünü qapayıb, olsun ki, ağlayırdı…
- …balam, bu adamı heç cür, o «azadlıq» azarından sağaltmaq mümkün döyüldü də… - prezidentin, almanın tən yarısı kimi özünə oxşayan böyük qardaşı deyirdi - …bu insanı nə uşaq, nə arvad maraqlandırırdı. Nə qarnının haynı qalırdı, nə evinin… Cavanlığından beləydi, bədbəxt… elə «azadlıq» deyib özündən gedirdi, vəssalam…
- …Belə çıxır ki, - müxalif partiyaların rəhbərlərindən biri deyirdi -…prezidentə xalqın azadlığı, dövlətin müstəqilliyi yox, bu azadlıq və müstəqillik yolunda əbədi mübarizə əhvalı lazımmış.
Bəziləri deyirdi ki, prezident, uzun illərin arzularının həyata keçmədiyndən, ölkəsinin alınmayan kağız müstəqilliyindən, yalançı azadlığından ağlayırdı. Son vaxtlar keflənib:
- Bu o deyil… Bu, o azadlıq deyil… - deyib sümüklü yumruğunu stola çırpmasının səbəbi də elə bu idi…
- …başa düşmək olmurdu, bu bədbəxt hansı azadlığı deyir... - camaat çaşqın üzlərlə, nəfəsləri darala-darala bir-birinin üzünə baxırdılar - o deyən hansı azadlıqdı?.. Əgər azadlıq bu deyildisə, onda bəs azadlıq nə idi?..
Deyirdilər, iqtidar heyətinin içində prezidenti ən çox sevən, ona ana qayğısıyla yanaşan yeganə adam - həlim xasiyyətli, gülümsər üzlü, nəzakətli müdafiə naziri idi... Nazir olmazdan əvvəl, ömrü boyu yol yeməkxanalarında aşpazlıq edən bu qayğıkeş insan, deyilənə görə, düşmən ordusu ölkənin daha bir bölgəsini zəbt eləyən vaxtlar belə, prezidenti baxımsız qoymur, nahar vaxtı, iş otağının arxasındakı balaca artırmada, prezidentin sevimli xörəyini - elektrik plitəsinin üstə qızdırdığı göbələk qovurmasını çörəyin arasına yığıb qəzetə bükür, gözlə-qaş arasında özünü saraya çatdırırdı. Meşə göbələyinin həvəskarı olan prezident, yalnız bu ləzzətli bükməni yeyib qurtarandan sonra, naharın üstündən bir stəkan pürrəngi çay içib rahatlanandan sonra, nəzakətli nazir tədricən işgüzar görkəm alır, bir əli ilə naharın qırıntılarını stolun üstündən yığa-yığa, yenicə zəbt olunmuş bölgə barədə qara xəbəri prezidentə üstüörtülü eyhamlarla, baş vermiş qanlı faciələrə çəhrayı rənglər artıra-artıra, ehtiyatla elə təqdim edirdi ki, canı, onsuz da, ölkə daxilində baş verən baş-ayaq işlərdən üzülmüş prezidentin, olan-qalanını da üzməsin.
Təhlükəsizlik naziri isə deyirlər, prezidenti, hələ o prezident olmamışdan əvvəl də, öz qüvvətli əzələli qollarıyla bütün təhlükələrdən, çox vaxt prezidentin iş otağında düşən qəfil dava-dalaşdan qoruyan sağlam bədənli, gümrah üzlü, alyanaq dağ adam idi.
- Bütün həyatı, səhər-axşam kənd toylarında yeyib-içməkdə, qarmon çalıb, ürəkoxşayan ahəstə səsiylə muğamat oxumaqda keçən bu adamın, gizli dövlət məsələləri ilə, məxfi rəsmi sənədlərlə işlədiyinə inanmaq olmurdu… - camaat danışırdı...
Təhlükəsizlik naziri, bədəncə iqtidarın bütün nümayəndələrindən iri olduğundan, «Azadlıq» partiyasının, vəzifəcə böyük üzvləri də onunla ehtiyatla davranır, dedikləri sözü ölçüb-biçirdilər. Deyilənə görə, o, Azadlıq partiyası hakimiyyətə gələnəcən, o, uzaq kəndlərin birində idman müəllimi işləmiş, ağır çəkili güləşçi olmuşdu. Deyirdilər, cari məsələlərin müzakirəsi zasanı prezidentin otağında şuluqluq düşəndə, prezidentin həyatı təhlükəylə üzləşən anlar həmin bu alyanaq təhlükəsizlik naziri göz qırpımında özünü saraya yetirir, ya gözlənilmədən hardansa - pəncərədən, yaxud stolun altından peyda olur, öz məşhur «dövlət-prezident, prezident-dövlət!» - şüarını çığıra-çığıra bütün söhbətə, bircə dəfə kəllə atmaqla son qoyurdu.
Deyirdilər, belə günlərin birində həmin bu ağır çəkili güləşçi, prezidentlə, hansı məsələyə görəsə mübahisəsi düşən baş nazirə necə kəllə atmışdısa, o biri milçək kimi divara yapışmışdı... Deyirdilər, o hadisədən bir müddət sonralar da, nazirin, divara həkk olunmuş biabırçı qövsvari silueti nə qaşınmaqla, nə də yuyulmaqla getmədiyindən, məcbur olub otağın bütün divarlarının məxmərini dəyişmişdilər...
- …O günün səhərisi isə… - camaat deyirdi - …Milli İstiqlal bayramı günü, onlar hər üçü, heç bir şey olmayıbmış kimi, dəyirmi stolun arxasında yanaşı oturub bir-birin tərifləyə-tərifləyə, millətin azadlığına, dövlətin müstəqilliyinə aparan təbii tarixi qanunauyğunluqlardan danışır, bir-birini və xalqı bu müqəddəs bayram münasibəti ilə səmimi qəlbdən təbrik edib

ərmiş…
-…Bir sözlə, dəlixana idi… - camaat danışırdı -…heç nədən baş açmaq olmurdu. Səhərlər nazirlər, televiziyanın canlı yayımla verdiyi müşavirələrdə söyüşür, günortalar bir yerdə ailəvi nahar edir, parlamentin axşam iclaslarında təpikləşir, axşamlarsa bilyard oynayırdılar…


- Şükür Allaha!.. - camaat deyirdi - Axır ki, Allah bu binəva camaatın səsini eşitdi...
Deyirdilər, şəhərdən uzaqdakı kazarma faciəsindən sonra prezident gecəylə başını götürüb harasa qaçmışdı…
- Axı belə baxanda, - camaat deyirdi - prezidentin nə günahı vardı ki?!.. Sonradan acgöz nazirlərə, quldur - müşavirələrə çevrilən bu səmimi kənd adamlarına, o bədbəxt kimi, onlar da inanmışdı axı?!..
Deyilənə görə, prezident əsasən baş nazirin əlindən baş götürüb qaçmışdı. Baş nazir özü isə, deyirdilər, Afrikaya qaçmışdı... Niyə məhz Afrikaya, burası heç kimə məlum deyildi. Məlum olanı, bircə bu idi ki, baş nazir hələ nazir olmamışdan çox-çox əvvəl, coğrafiyadan dərs dediyi kənd məktəbində Afrikadan danışanda qəribə, anlaşılmaz bir niskillə doluxsunurmış… Bəziləri yarıdoğru, yarızarafat deyirdilər, guya baş nazirin ulu babaları o torpaqlardandı. Bəlkə də, baş nazirin Afrikaya bağlılığı haqqında gedən bu söz-söhbət, onun, zənci dərisinə oxşar qəhvəyi dərisinə, qıvrım, cod saçlarına, qalın dodaqlarına, iri pərəkli enli burnuna görə ortaya çıxmışdı?!.. Bu görünüşlə, nazirin Afrikaya qaçması xəbərində nə isə qəribə bir uyarlıq, sirli bir romantika var idi…
Çoxu da deyirdi ki, nazir qaçmamışdı, onu doğma, isti vətəni - ətirli kakos və manqo ağacları arasında qayğısız bolluq dünyasında, Günəşin istisinə sevinə-sevinə yaşayan qardaş-bacılarının qaynar qanı çəkib aparmışdı…
Amma… - deyirdilər, - Afrika olmur, lap belə Antraktida olsun, xeyri yoxdu, onu, harda olsa, tutub dərisini boğazından çıxaracaqlar. Çünki, deyirdilər, bu bir il ərzində baş nazir, ölkənin neçə illik yanacaq ehtiyatını, ata malı kimi, vaqon-vaqon xarici şirkətlərə, özü də dəyər-dəyməzinə satıb pulunu altına vurmuşdu. Dünənki hadisədən sonra olsun ki, həmin o yığdıqlarını qoltuğuna vurub, çantasına basıb, qorxaq fərari kimi aradan çıxmışdı. Allah bilə, indi - ölkənin üstünü qara buludlar aldığı bu vaxtında, yaz fəslinin, yam-yaşıl təravətiylə pardaxlanmaq əvəzinə donuxub, döyüküb bozardığı yerdə, ölkə - iyirmi yeddi igidinə görə qara matəm libası geydiyi bir vaxt, baş nazir öz günəşli Afrikasında, şirin banan və baobab ağaclarının kölgəsində şellənir, yığdığı pulları, bu ucuz və azad məmləkətdə nəyə xərcləyəcəyini götür-qoy eləyirdi…
- Burnundan gəlsin!.. - camaat deyirdisə də, hamı başa düşürdü ki, afrikalı baş nazirin burnundan heç nə gəlib eləməyəcək.
Günortaya yaxın isə, yeni xəbərlər dalğası şəhəri gizli-gizli çalxaladı… Deyilənə görə, bir saat bundan əvvəl Daxili İşlər nazirini - qara eynəkli, çəlimsiz, əsəbi generalı həbs etmişdilər.
Bir qisim adam deyirdi ki, naziri aeroportda - iki konteyner silahı uçuş xəttinə keçirərkən tutmuşdular. Guya nazir aeroportu zəbt etmək istəyirmiş. Bəziləri də deyirdi ki, generalı, şəhərin mərkəzi küçələrindən birində, kiməsə şillə vuran yerdə yaxalayıblar. Görünür dünənki faciə də - dövlət rəhbərlərinin, qəfil zərbə almış bilyard şarları kimi pərən-pərən olub, hərənin bir deşikdə gizlənməsi, əldəqayırma hakimiyyətin açıq-aşkar süqutu belə, çılğın nazirə, bu üzdəniraq «şilləvuranlıq» adətini tərgitdə bilməmişdi.
Deyirdilər, nazir öz müşaiyət dəstəsi ilə - altı polis maşını, dörd motosikllə yoldan güllə kimi ötərkən, hansısa yol maşını təsadüfən müşaiyət karvanının qarşısından vıyıltıyla keçərək, balaca nazirin əsəblərinə toxunubmuş. O, həmin dəqiqə bu «cəsarətli» maşın sahibini tapdırıb hadisə yerinə gətizdirmiş, maşından düşüb, balaca, nazik bədəniylə ona yaxınlaşmış, əlindəki qara, dəri əlcəyini tarıma çəkərək, qəfildən, özündən iki dəfə hündür olan bu yekəpər, qanacaqsız sürücüyə öz məşhur şilləsini ilişdiribmiş…
Nazirin bu şillə xəstəliyi, deyilənə görə onu, hələ lap tələbəlik illərindən məşhurlaşdırıbmış. Deyirdilər, nazirin özünün dediyinə görə, balaca bədəninə uyuşmayan yekə, əzələli əlləri, hələ lap tələbəlik vaxtlarından sözünə baxmır, ona tabe olmurmuş… Deyilənə görə, nazir hələ o vaxtlar da, adamlarla əsəbsiz-filansız, mülayim səslə danışdığı yerdə, əlləri, necəsə qəfildən elə bil özü-özünə cinlənirmiş, cərəyan vuran tək, atılıb üzbəüzdəkinin sifətinə ilişirmiş. Deyirdilər, guya nazir özü də bu tərbiyəsiz əllərinə görə dönə-dönə xəcalət çəkir, həmsöhbətlərindən üzr istəyir, təhqir olunanların gözü qarşısında az qala ölüb yerə girirmişsə də, bu dikbaş əllərini heç cür ram eləyə bilmirmiş...
Bəziləri isə deyirdi ki, əlləri haqqında qurub düzəltdiyi bütün bu nağıllar nazirin öz uydurmasıydı…
- Əgər həqiqətən eləydisə, əlləri doğrudan da ona tabe olmurdularsa, onda niyə bir dəfə də şillənin biri çaşıb onun öz sifətinə dəymirdi?!.. Bu, ətrafdakıların, bir növ gözünün odunu almağın, təhlükəli ola biləcək fikirlərin, hələ fikir olmaq ərəfəsində yoldaca yönunu dəyişməyin, hamını öz cılız vücuduna tabe elətdirməyin bir üsulu idi… - camaat deyirdi.
Bir qisim adam da deyirdi ki, nazir, lap uşaq vaxtı kəndlərindəki mal tövləsinin damından yıxılaraq başından zədə alıbmış və hər şey də, deyilənə görə, bu zədədən sonra başlayıbmış. Odu ki, deyirdilər, onu yaxalayarkən, bu hadisədən xali olan hərbçilər birinci növbədə onun əllərini bağlayıbmışlar.
Deyirdilər, nazirin bu ədəbsiz adətindən nazirliyin qalan işçiləri də yoluxubmuşlar. Nazirliyin daxili işlərinin, çox vaxt nazirliyin otaqlarında, dəhlizlərində şilləylə həll olunması, ölkənin daxili asayişiylə məşğul olan bu qürumda, deyilənə görə, son aylar adət halını alıbmış. Deyirdilər, bəzən bu şillə mərasimləri yoğunlayıb, polislərin əlbəyaxa döyüşünə, hərdən də güllə-barana keçirmiş.
- Bir də görürdün… - nazirliyə yaxın ərazilərdə yaşayan şəhər sakinləri danışırdı - …gecənin bir aləmi nazirliyin binası mühasirəyə alındı… İçəridən atışa-atışa çıxan bir dəstə silahlı adam, nazirliyin yuxarı mərtəbələrinin pəncərələrindən atılan güllələrə cavab atəşi aça-aça kol-kosun dibində gizləndilər... Deyirdik, bəs olsun ki, şəhərdə düşmən var… ya da hərbi vəziyyət elan olunub, xəbərimiz yoxdu. Sonra məlum olurdu ki, atışanlar - nazirliyin müxtəlif şöbələrinin, sözləri düz gəlməyən əməkdaşlarıymış. Sən demə, bunlar mübahisələrini belə həll edirlərmiş…
- Bu, bir növ ağıllı-başlı döyüş idi… Amma bu döyüşlərdə, qəribəydi ki, ölən, ya yaralanan olmurdu… - camaat danışırdı - Başa düşmək olmurdu, güllələr kimisə qorxutmaq üçün havaya atılırdı, yoxsa ümumiyyətlə, atılan - güllə idimi?!..
Belə döyüşləri adətən, balaca, əsəbi generalın, nazirliyin yuxarı mərtəbəsindəki otağının döşəməsinə atdığı irikalibrli güllə sakitləşdirirdi. Yalan-doğru, deyirlər, generalın gülləsi, yeddi mərtəbənin tavan-döşəməsindən keçə-keçə, gəlib vestibülün mərmər döşəməsinə düşənəcən güllə-baran davam edir, yalnız atəş səsi eşidiləndən sonra atışma səsi kəsilir, kol-kosda gizlənənlər ayağa qalxıb, üst-başlarını çırpa-çırpa binaya daxil olur, heç bir şey olmayıbmış kimi, hərə öz otağına çəkilib işiylə məşğul olmağa başlayırdı.
Deyilənə görə, prezidentin özü də, prezidentliyə, həmin bu cinli generalın qorxusundan razılıq vermişdi. Bədnam «Azadlıq» partiyasının hakimiyyətə gəldyi günün səhəri, təzəcə zəbt olunmuş prezident aparatındakı yığıncaqda, deyilənə görə, prezident, arıq, uzun qıçlarını bir-birinin üstə aşırıb oturduğu məqam, qəfildən gözü, cinli generalın, üzbəüzdəki küncdən, kor eynəyini xatırladan, qara eynəyin arxasından üzünə zillənən qorxunc baxışlarına sataşmış və o, həmin dəqiqə prezident olmağa razılıq vermişmiş…
Deyilənə görə, dünən, şəhərdən uzaq kazarmada baş verən faciənin hərbi əməliyyatı da hazırlanarkən, əsəbi general, prezident aparatının binasında keçirilən gizli yığıncaqda da, həmin o baxışlarını işə salmış və bu qəddar aktla heç cür razılaşmayan humanist prezidenti ram eləmişmiş…
Mühafizə dəstəsinin əsgərlərinin dediyinə görə, o gecə - gizli yığıncağın sonuna yaxın, prezident, ani olaraq, iqamətgahın cıqqavari artırmasında görünmüş, qəhərli səsiylə harasa şəhər tərəfə qışqıra-qışqıra:
- Ay camaat, eşidin məni!.. Mən belə demirdim!.. - deyibmişsə də, əsgərlər and içirdilər ki, artırmanın məhəccərindən asılıb az qala ağlaya-ağlaya özünü aşağı atmaq istəyən prezidenti, danışdığı yerdəcə, otaqdan eyvana atılan üç-dörd silahlı adamın sürütləyib içəri apardıqlarını öz gözləriylə görüblərmiş. Qaranlıq olduğundan, əsgərlər, silahlı adamların kimliyini dəqiqləşdirə bilməsələr də, bu adamların iqtidar nümayəndələrindən olduğunu da istisna etməyiblər. Əsgərlərin bu ehtimalına səsbəb isə, yığıncaq vaxtı, iqamətgahın arxa qapılarından bir-bir həyətə çıxaraq, orda kol-kosun dibində xısınlaşan, aradan bir, gizli-gizli künc bucağa qusan adamların, güc nazirliklərinin rəhbərlərinə oxşaması olub.
- Allah bilə, onların ürəyini, o axşam verdikləri ədalətsiz qərarın vahiməsi bulandırmışdı… - camaat deyirdi - …bu qərarla, olsun ki, özlərinə oxuduqları ölüm hökmünün havasını da, necəsə anlamışdılar…
Deyilənə görə, o gecə nazirlər, coşub özündən çıxan prezidenti uzun müddət sakitləşdirə bilməmişdilər... Prezident, əllərdən çıxıb düz divara dırmaşır, stolun altına girir, pərdələri, ip əvəzinə boğazına dolayıb: «Öldürün məni!.. Məni öldürün!..» - deyə-deyə, səsi gəldikcə çığırırmış…
Deyirlər, bu ürəkgöynədən mənzərəyə tab gətirməyən, əsəbləri zəif daxili işlər naziri o gecə, dözməyib müdafiə nazirini şillələmiş, müdafiə naziri kəllə atıb baş nazirin gözünün altını göyərtmiş, təhlükəsizlik naziri - keçmiş idman müəllimi, havalanmış nazirləri sakitləşdirmək məqsədiylə ortaya girməyə məcbur olmuş, bir-iki qapaz da o alandan sonra, o da püskürüb nərildəyə-nərildəyə döyüş meydanına atılmış və bircə yumruğuyla azğın nazirlərin ikisini də yerə sərmişmiş…
- O gecə iqamətgah az qala uçulurdu… - mühafizə xidmətinin əsgərləri danışırdı - …pəncərələrdən, qucaqlaşıb otaq boyu o yan-bu yana süpürləşən nazirlərin kölgələrindən başa düşürdük ki, içəridə əməlli-başlı əlbəyaxa döyüş gedir. Sonra kim idisə, bir də gördük, top kimi pəncərəyə dəydi, şüşəni başıyla yarıb, yuxarıdan kəlləsi üstə həyətə düşdü… Öaxıb gördük, cinli generalın özüdü…
Həmin axşam, gecədən xeyli keçmiş, deyilənə görə, nazirlər aşağı düşüb bir müddət də qaranlıq həyətdə söyüşüblərmiş… Sonra haçandan - haçana, səhərə az qalmış maşınlarına minib bir-birinin ardınca yola düzəliblərmiş. Bir qədər sonra isə, iqamətgahın işıqları sönəndən, ətrafa yuxulu sakitlik çökəndən sonra, iqamətgahdan ev geyimində – ayaqlarında yumşaq idman ayaqqabıları, oğrun-oğrun çıxıb, pay-piyada şəhərin yuxarı başına - dağətəyi parkda salınmış Şəhidlər xiyabanına yollanan prezident görünübmüş…
- «Min bir gecə» - nin qorxulu nağıllarındakı kimi… - mühafizə dəstəsinin əsgərləri danışırdı - …ətrafa sakitlik çökəndən sonra bir də gördük, iqamətgahın birinci mərtəbəsindəki mətbəxin pəncərəsindən çölə uzanan uzun, arıq ayaq göründü… ayağın ardınca kimsə sivişib çölə tullandı… Əvvəl biz atəş açmaq istədik, sonra baxıb gördük ki, prezidentin özüdü… idman formasının üstündən geydiyi yüngül gödəkçədə pəncərədən düşüb özünü ağaclığa saldı... Dedik, olsun ki, onun da ürəyi bulanır. Amma bir də gördük, o, ağaclığın o biri başından, şəhərə aparan maşın yolunun ağzına çıxdı. Onda biz bu barədə təcili rəisə xəbər verdik və həmin dəqiqə də əmr aldıq ki, hay-küy salmadan, prezidenti hürkütmədən, gizlicə onun ardınca gedək. Biz də getdik... Prezident iqamətcahın hündür hasarını bircə göz qırmına aşıb küçəyə çıxdı… oğrun-oğrun o yan-bu yanına baxa-baxa, divarlara qısıla-qısıla harasa üzüyuxarı gedirdi... Bir qədərdən sonra onun şəhidlər xiyabanına döndüyünü görüb biz də xiyabana sarı burulduq… bir qədər gözləyib özümüzü xiyabanın böyür tərəfindən içəri saldıq. Qaranlıq idi deyə, bir müddət onu orda - sıx ağaclıqların arasında ha axtardıqsa da, tapa bilmədik. Onda ayaq saxlayıb sakitliyə qulaq asdıq ki, bəlkə hənirtisini eşidək. Bir qədər keçmişdi ki, hardasa lap yaxınlıqdan inilti səsi gəlməyə başladı… kolların arasında gizlənə-gizlənə səs gələn tərəfə getdik və onu tapdıq… O mənzərə indiyə qədər heç birimizin yadından çıxmır… Siz bir təsəvvür edin ki, o boyda ölkənin prezidenti, üstü yalançı, dəmir güllərlə bəzədilmiş qəbirlərin arasında üzüqoyulu yerə uzanmışdı… üzünü torpağa sürtüə-sürtə, balaca uşaq kimi ağlayır… Bunu görəndə biz elə günə düşdük ki, dizi üstə düşüb, onunla bir hönkürüb ağlamaqdan özümüzü zorla saxladıq. O bizi görəndə, yerə dirsəklənib ağzına dolan torpağı əlinin arxasıyla silə-silə:
- Öldürün məni... Mən ölməliydim… Mən – əclaf… - deyə-deyə hönkürüb ağlamağa başladı…
Ümumiyytlə, şəhər adamlarının dediyinə görə, prezident Şəhidlər xiyabanına tez-tez, əsasən də gecələr - bütün şəhər dərin yuxuya qərq olandan sonra, küçələrdən əl-ayaq çəkiləndən sonra gedirmiş. Bəzən belə gecələrlə onu, şəhərin küçələrində də - pencəyi çiynində, səkilərlə, bəzən maşın yollarıyla tək-tənha gəzən, gəzə - gəzə hansısa xalq mahnısını oxuyan yerdə görənlər də olmuşdu. Bir dəfə isə, deyilənə görə, mühafizə dəstəsinin əsgərləri onu, şəhər bazarlarının birinin çirkli qarovul kökündə, qoca, sərxoş qarovulçu ilə oturub çaxır içən yerdə tapmışlarmış… Deyirdilər, onu qarovul köşkündə tapanda, o, yenə azadlıq haqqında danışırmış… Əynində sırıqlı kürk, başında kirli beret, yarım kilometrdən soğan iyi verən kefli qarovulçu da, deyirlər, ona qulaq asa-asa ağlayırmış…
Bir qisim adam, prezidentin bu gecə sərgərdanlığını, onun kiməsə aşiq olmasıyla əlaqələndirirdisə də, onu yaxından tanıyanlar – bütün vücuduyla qeyri-maddi dünyaya aid olan bu qəribə adamın aşiq olub sevdiyinin, snvə-sevə başını itirdiyinin və heç cür qovuşa bilmədiyi «gözəlin» azadlıq olduğunu deyir və bunu müxtəlif qəliz vasitələrlə sübuta yetirməyə çalışırdılar.
- Axı bu azadlıq nə olan şeydi ki, o boyda adamı o günə salmışdı, dəli-divanəyə çevirib məcnuna döndərmişdi?!.. - camaat təəccüblənirdi.
Həmin o gecə - şəhərdən uzaq kazarmada baş verən faciənin hərbi planı təsdiqlənən həmin o taleyüklü, məşum gecə nazirlər, prezidentə verdikləri sözün üstündə durdular və deyilənə görə, səhəri gün prezident iqamətgahının həyəti, əlləri kamera-mikrofonlu çəkiliş qruplarıyla, nəhəng efir ötürücüləri avadanlıqlarıyla dolmuşdu. Projektorlar, mikrofonlar prezidentin otağında qurulmuş, kameralar işə düşmüşdü… Deyirdilər, o gün prezident hündür, çəkisiz bədəniylə otağına daxil olub, törədilmək üzrə olan qanlı cinayət barədə bütün ölkəyə bəyənat verməkdən ötrü yuxarı başa – öz kreslosuna keçəndə, hamının ona ürəyi ağrımışdı…
- Prezidentin üzü eləydi…- operatorlar danışırdı… - …elə bil bura, uzun müddət yatdığı işgəncələr kamerasından çıxıb gəlirdi…
Deyirlər, prezident bir müddət projektorların gur işığından qamaşan üz-gözünü yığıb don vuran kimi, susub qalmış, bir qədərdən sonra, özünü ələ almaqdan ötrü, bir-iki dəfə dərindən nəfəs dərmiş, sonra günah və əzab dolu titrək səsiylə çıxışına başlamışmış…
- Əziz xalqım!.. - deyibmişsə də, boğazının qəhərdən tutulduğunu, çəkiliş aparanların hamısı hiss edibmiş… - İndi deyəcəyim sözlər qoy qəlbinizi ağrıtmasın. Mən… - deyirlər prezident bu yerdə sözünün dalını gətirə bilməmiş, bir müddət susub doluxsunmuş, sonra özünü toplayıb sözünü davam etdirmişmiş - …ömrümün böyük və əsaslı hissəsini millətimin azadlığı, ölkəmin müstəqillliyi uğrunda gizli və aşkar mübarizələrə həsr etmişəm… və elə bilirəm, yanılmamışam. Bu məsləkim uğrunda mən həbsxanada da yatmışam, bilirsiz… və bununla yalnız qürur duyuram. İstəyirəm bunu da biləsiz ki, o vaxtlar mən, Dövlət Təhlükəsizlik Komitəsinə ilk dindirmələrə çağrılanda, tutulmaya da bilərdim. Çıxış yolu hamınıza məlumdu: tutduğum yoldan əl çəkəcəyimi, tövbə edəcəyimi rəsmi izahatla bildirərək, canımı, həbsxana əzablarından qurtara da bilərdim. Lakin mən buna getmədim. Ona görə getmədim ki, istəyirdim xalqımın – Adam öldürmək, oğurluq, fırıldaq və zor üstə tutulub dustaqxanalarda yatmaqdan çəkinməyən oğulları, siyasi məhbusluqdan qorxmasın! Xalq, nəhayət başa düşsün ki, bu dünyada siyasi mübarizə adında da «cinayət» var və bu cinayətin o birilərindən fərqi budur ki, onu törədib məhbəslərdə çürüyənlər, özlərini müqəddəs amal uğrunda - xalqın azadlığı və müstəqilliyi yolunda qurban verirlər və milyonlarla xalq kütlələrinin işıqlı gələcəyi məhz bu şəhidliklə təmin olunur!
İstəyirəm, bunu da biləsiz ki, mən özümü, keçib gəldiyim həmin o həyatımla, çəkdiyim min bir işgəncə və əzablarımla xoşbəxt insan hesab edirəm. Bu gün biz artıq müstəqillik yoluna qədəm qoymuşuq, öz taleyimizi özümüz həll etməyə qadirik. Lakin, bu qadirlik, hələ müstəqillik səadəti deyil. Əziz xalqım, istəyirəm, məni düzgün başa düşəsiniz və əgər günahkaramsa, cəzamı durmadan, bu dəqiqə verəsiniz. Mən… - deyirlər, bu yerdə prezident, danışmağa çətinlik çəkdiyindən, ya nədənsə, yenə susubmuş, sonra çuxura düşən gözlərini döşəməyə endirib, günahkar səslə - xalqımı, azadlığa çıxaracaq yolları arayıb axtararkən, müstəqillik əldə etmiş vətənimin taleyinin etibar ediləcəyi rəhbər haqqında fikirləşməmişəm… - deyilənə görə, bu yerdə prezident susub başını aşağı salmışdı, elə bil deyəcəyi sözə görə utanıbmış - Mənə inanın… Mən… O prezident mən deyiləm…
Deyirlər bu yerdə çəkiliş meydanına səssiz çaxnaşma düşmüşdüsə də, prezident buna məhəl qoymadan sözünə davam eləmişdi…
- Məni bağışlayın… bağışlayın ki, o qanlı yanvar gecəsi, nə ondan sonra, müharibə bölgələrində ölmədim… Bağışlayın ki, xəyalımda qurduğum dövləti gerçəkdə qura bilmədim. Buna qadir olmadım. Bağışlayın ki…
…Prezidentin bu qısa və kövrək müraciəti, deyirlər, hamını - çəkiliş qrupunu da, onların arxasında, əlləri qoynunda dayannan iqtidar nümayəndələrini də kövrəltmişmiş. Prezidentin bu çıxışından sonra otağa çökən uzun-uzadı hüznlü sakitliyə, deyilənə görə, nazirlər də riayət etmiş, incə qəlbli müdafiə naziri üzünü divara çevirib səssiz-səssiz ağlamışmışsa da, deyirdilər, ölkə həyatı üçün vacib siyasi əhəmiyyət daşıyan bu bəyənat nə o gün, nə də sonra efirə buraxılmamışdı… Deyilənə görə, prezident çıxışını başa vurub, sarsılmış vücuduyla, adam bədənindən çox, ruh ilğımını andıran çəkisiz bədəniylə adamların arasından keçərək yuxarı qalxandan sonra, çəkiliş yerində hardansa peyda olan təhlükəsizlik nazirliyinin əməkdaşları bütün lentləri operatorlardan almış, özlərini isə, hərbi qaydada iqamətgahdan kənarlaşdırmışdılar. Təhlükəsizlik əməkdaşlarının bu azğınlığından hiddətlənmiş telejurnalistlər iş yerlərinə qayıdıb şirkət rəhbərlərinə şikayət etmişdilərsə də, sədrdən – «Azadlıq» partiyası hakimiyyətə gələnəcən, ölkənin dağ rayonlarında aşıq kimi məşhurlaşmış sənətpərvər adamdan aydın bir cavab ala bilməmişmişlər… Deyirlər, Dövlət Televiziyası və Radiosu Komitəsinin sədri təyin edilənəcən, onu tez-tez kənd toylarında, sazı sinəsinə basıb vətənə və partiyaya qoşduğu şeirlərindən oxuya-oxuya, oynayan görürmüşlər. Bir vaxtlar Oktyabr inqilabının qələbəsinə qoşduğu, məşhur «Oktyabr» mahnısını oxuyarkən, deyirlər, aşıq sazı sinəsinə basıb gözünü yumub:
-Oktu… Oktu… - deyə-deyə əvvəl bir müddət hamını gözlədir, camaat çəpik çalıb qışqırışandan sonra, sözünün dalını gətirə - gətirə:
- …yabr qadan allam, yabr qadan allam!.. Uh-hey!.. - deyib, yayın cırhacırında da qara, meşin uzunboğazlarından çıxmayan ayaqlarını, dümbək ağaclarının becidliyiylə tərpədə-tərpədə oynayır, bu «uh-hey» siz də heç cür keçinə bilmirmiş…
Deyirdilər, sədr, parlamentin iclaslarına, dövlət müşavirələrinə və konfranslara da həmin bu uzunboğazlarında, çiyninə aşırdığı sazıyla gəlirmiş. Elə ki, iclaslarda söz vətəndən, ya millətdən düşürdü, şirkətin sədrini heç kim saxlaya bilmirmiş. Sədr, sazı sinəsinə basıb, vətənə qoşduğu «güllü-bülbüllü» şerlərindən deməyə başlayırmış. Belə məqamlar, deyirdilər, bir adam sazı onun əlindən ala bilməzdi. Sədr:
- Bu, mənim silahımdı!.. - deyib, əzmlə kürsüyə qalxır, sazı sinəsinə basıb, gözünü yumurdu… İclasa dığ-dığ düşür, bəzilər yerə tüpürüb, zalın qapısını çırpıb çıxır, o birilər üç-üç, beş-beş bufetə axışır, qalanları da qəzet oxuyur, yaxud, sədrin poetik çıxışı bitənəcən, başlarını söykənəcəyə atıb mürgüləyirdilər…
Deyirdilər, sədrin bu yanıqlı mahnılarına, bircə prezidentin özü, məmnuniyyətlə qulaq asırdı. Deyilənə görə, aşıq-sədr coşanda, o, prezidiumun arxa kreslolarında tək-tənha oturub siqaretini tüstülədə-tüstülədə, gözləri yol çəkə-çəkə fikrə dalır, bəzən başını qollarının üstə qoyub, elə bil yuxulamağa çalışırdı…

…Devrilməkdə olan əldəqayırma iqtidar barədə söz-söhbət saatbasaat artır, yeni-yeni xəbərlər, ağlasığmaz şaiyələr, mayası qıcqıran xəmir kimi aşıb-daşır, bir ucdan elə hey «xoruz səsi eşitməyən» yeni xəbərlər dalğası axıb gəlir, xəbərlər artdıqca, son aylar ölkədə baş verənlərdən, onsuz da başlarını itirmiş camaatın çaşqınlığı bir az da artırırdı… Axşamlarsa, hava qaraldıqca, bu çaşqınlıq, izaholunmaz, kütləvi xofla əvəz olunmağa başlayır, qapısız, bacasız ölkəni bürüməkdə olan acı yiyəsizlik qoxusu, vahiməli, tutqun duman kimi ölkə əhalisinin canına yeriyirdi…


Şəhərdən uzaq kazarmada baş verən faciənin gecəsi isə, küçələrdən əl-ayaq çəkiləndən sonra ölkəyə daha qorxunc bir sakitlik - ölüm sükutunu andıran ağır matəm sükutu çökdü… İnsanlar evlərinə çəkilib, hərə öz qaranlıq otağında, tənha yatağında, gün ərzində şəhəri, dəmə qoyulan xörək kimi xırda-xırda qaynadan söhbətləri - hakimiyyətə öz çiyinlərində gətirib gəldikləri, yaxın günlərədək ümid bağlayıb göz dikdikləri adamların, son aylar ərzində törətdikləri bir-birindən qəribə əməllərini yadlarına salıdıqca, daha pis qorxuya düşməyə başladılar. Bu əcayib insanların, hakimiyyətə gəldikləri cəmi bir ilin ərzində ölkə boyu törətdikləri bu qədər haqq-hesabı saf-çürük eləmək, nəyin doğru, nəyin əyri olduğunu ayırd eləyib ümumi mənzərəni aydınlaşdırmaq, başları, gün ərzində şəhərin dörd bir yanından axıb gələn söz-söhbətlərdən şişmiş ölkə əhalisi üçün bir o qədər də asan deyildi. Hər şey olduqca qəliz və anlaşılmaz idi… Aydın olan bir o idi ki, ölkənin, qəfildən dərin quyuya düşən təki, düşdüyü bu ağır böhran vəziyyəti, indii belə məlum olurdu ki, coşqun vətən yanğısıyla küçələrə, meydanlara tökülüşüb, orda yayın istisində, qışın soyuğunda yumruqlarını havaya döyə-döyə tələb etdikləri və qazandıqları həmin bu «azadlığın» nəticəsiydi…
Bu və bu sayaq qaranlıq qənaətlərlə əli hər yandan üzülmüş insanları, ertəsi günün sübh çağı növbəti möhtəşəm xəbər dalğası çalxaladı…
Bütün deyilənlərə, uzaqdan-yaxından alınan irili - xırdalı məlumatlara görə, ortaya belə bir ehtimal çıxırdı ki, ölkəni, düşdüyü bu çaxalmaz vəziyyətdən çıxarmağın yeganə və ən qısa yolu - bir vaxtlar ölkəyə uzun müddət başçılıq edən və həmin illər ölkəni hər sahədı, sözün əsil mənasında çiçəkləndirən, qəzəbli, qüdrətli Millət Atasının ölkəyə gətirilməsidi. Bu qəfil ehtimal, ölkədə baş verən son hadisələrdən sonra hər şeydən xoflanmağa başlamış ölkə əhalisini sevindirmək əvəzinə, bir az da qorxutdu… və şəhərin bozarmış sakitliyinə qəribə, içi təhlükə və nigaranlıq dolu bir vahimə sükutu da qatıldı…
Qorxunun əsas və başlıca səbəbi - Atanın, idarəçiliyi dövründən yaddaşlara həkk olunmuş təhlükə və qəzəb saçan boz gözləri idi… Camaat danışırdı ki, burdan - ölkədən gedəndən sonra uzun illər, paytaxtdan bir neçə yüz kilometr uzaqda, anadan olduğu kəndində təvazökar kəndli həyatını yaşayan və uzaqdan - uzağa ölkədə baş verən hadisələri yetərincə izləyən bu ahıl yaşlı, təcrübəli dövlət məmuru, neçə illərdən bəri, faciələr burulğanına düşmüş «qədirbilən xalqının» çağırışını gözləyə-gözləyə, onu qoyub, dünənin uşaq-muşağını «vurreylə» hakimiyyətə gətirməklərini onlara heç cür bağışlamayacaqdı…
- Ata belə şeyləri bağışlamır… - hamı hüznlə deyirdi…
Bəziləri də deyirdilər ki, xalqın burda nə təqsiri var axı?!.. Millət Atası bunu da yəqin ki, gözəl bilir ki, tarix boyu bütün dövrlərdə və məmləkətlərdə, ölkənin və millətin taleyini həll edən taleyüklü məsələlərin həlli məqamında xalq həmişə seyrçi rolunu oynayıb…
Deyirdilər, Millət Atasının, ölkədə gedən bütün gizli və aşkar hadisələrdən, xüsusən son ilin «möcüzələrindən», bütün incəliklərinəcən xəbəri vardı.
- Bu, onun peşə təcrübəsindən irəli gələn, adi bir şeydi. O, həmişə, hər şeydən xəbərdar olmağa, hələ lap gənc yaşlarından – Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi vaxtlardan alışıb… - onunla bir vaxtlar həmin sistemdə işləmiş təqaüdçü hərbçilər deyirdi…
Deyilənə görə, bütün bu «tamaşalara» Miilət Atası, günəşli paytaxtdan çox-çox uzaqlarda - başı qarlı dağların ətəyində yerləşən balaca, yaşıl kəndindəki təmirsiz evində - yırğalanan kreslosunda oturub, axşam çağları dağ ətəyindən yığıb topladığı kəkotu çayından içə-içə, asta-asta yırğalana-yırğalana, Nüh əyyamından qalmış ağ-qara ekranlı televizorunda da baxıbmış… Odu ki, deyirdilər, o, nəinki ölkədə gedən hadisələrin gedişatından, hər bir adamın qarnının içindəkilərdən, qəlbinin «dəruni guşələrində» tutduğu mövqeyindən belə, xəbərdardı. Onunla son vaxtlar görüşənlər danışırdılar ki, onun əfsanəvi duyum qabiliyyəti, analitik düşüncəsi, boz gözlərinin sehri, o illərdəki vəziyyətində qalmış, hələ üstəlik, yaşlandığından, ya nədənsə, bir az da artmışdı… Yaşadığı kəndə gedib onunla görüşməyə, üzbəüz oturmağa müvəffəq olanlar, deyilənə görə görüş vaxtı, yenə əvvəlki qaydada, uzaq illərdə olduğu kimi, harda olduqlarını, kimliyini unudub, bütün vücudlarıyla onun baxışlarına tabe olmuşmuşlar…
-…Ən qorxulusu da elə budu… - camaat deyirdi - Onun ölkəyə qayıdışı bizlərə elə-belə, havayı başa gəlməyəcəkdi…
Odu ki, uşaqdan böyüyə hamı bir nəfər kimi, son dövrlər elədiyi bütün hərəkətləri, atdıqları addımları, dedikləri sözləri bircə-bircə yadlarına salır, götür-qoy edib öz-özlərindən xoflanır, bundan bir az da qorxuya düşüb daha pis həyəcanlanırdılar…
Bəziləri isə, Millət Atasının, olsun ki, hardansa, hansı deşikdənsə gizlicə onlara qulaq asdığından ehtiyatlanıb, dil boğaza qoymadan, onun, bir vaxtlar ölkədə gördüyü böyük quruculuq işlərindən – tikdirdiyi nəhəng zavodlardan, konservə teatr binalırndan, saldırdığı körpülərdən danışır, vətəni üçün gördüyü bu əvəzsiz işləri, gah «Azadlıq» partiyasının ütük komandasının biabırçı əməlləri ilə, gah da onlardan əvvəlki acgöz prezidentlərin vecsiz üsul-idarəsiylə müqayisə edir və bundan, bir qədər də olsa, rahatlıq tapırdılar…
-…Biz, dərisi soyulan millət olduğumuzu kitablarda -xumuşduq, amma daha bunu öz gözlərimizlə gördük. - camaat deyirdi - Qoy gəlib bizim dərimizi soysun, «azadlıq» deyən dilimizi kəssin. Ən gözəl günlərimizi, sən demə, o kişinin vaxtında yaşamışıq, amma bunu bilməmişik, qanmamışıq!.. Hər şey bir yana, evimizdə rahat yatıb-durmağımızın, böyük insan səadəti olduğunu anlamamışıq. O qurbanolduğum burda olanda, balam, bilirdik ki, dövlət var, evimizin, canımızın keşiyini çəkən qanunlar var. Bu nə od-alov idi, özümüzü saldıq?!.. Gəlsin, yiyə dursun yiyəsiz millətinə... Allahdan buyurulan sahibliyini eləsin…
- …Bunu daha uşaqdan-böyüyə hamı başa düşdü ki, bu əlindən bir iş gəlməyən, başsız, köməksiz millətin bircə yiyəsi varsa da, bu, odu. Bu böyük Yer kürəsinin bircə Allahı olduğu kimi, bu məmləkətin də bir Allahı Odu. O kişi zülümkardısa da, əmməlləri göz qabağındadı. Evlər, imarətlər ucaltdı, yaşıllıqlar saldırdı, şəhərlərə su çəkdirdi, körpülər tikdirdi, yolları abadlaşdırdı… Bu başıbatmışlar neylədi?.. Onun tikdiklərini söküb, trolleybusların alüminium xəttlərinəcən, qonşu ölkələrin yol alverçilərinə satdılar…
-…İlk dəfə, ana dilimizi o, dövlət dili elan elədi… - ziyalılar xatırlayırdı.
-…Ona qədərki prezidentləri də, ondan sonrakıları da, Allaha şükür, gördük… - camaat Millət Atasından sonra hakimiyyətə gələnləri xatırlayırdı - Ağ gül, qırmızı gül, bir də sarı gül…
-…Millət Atasından sonra gələn balığa oxşayırdı... Sarı, donba gözləriylə daş-divarı yalaya-yalaya, ağzını balıq ağzı kimi aramla açıb-bağlaya-bağlaya, elə bil söz yox, bomboş hava qabarcıqları buraxırdı… Onun rəhbərliyi dövründə, ölkə həyatı - sürətlə getdiyi yerdə, qəfildən yolun yarısında mühərriki sönüb, asta-asta üzüaşağı sürüşən köhnə maşina bənzəməyə başlamışdı… getdikcə də, hər şeyin elə bil gücü azalırdı, heyi tükənirdi… O dövrlər ölkənin özü də, durğun gölə, camaat da, ağızlarından qabarcıq buraxan balıqlara oxşayırdı…
-…O birisininsə nazlı işvələrindən adamın əti tökülürdü... Çənəsinin yumru çuxurundan, bir də fəxr elədiyi, ləhcəsiz rus nitqindən savayı, ondan da bir şey görmədik. Deyirlər, guya balet məktəbində də oxumuşdu, yerişi də, olsun ki, ona görə balerun hərəkətlərini xatırladırdı…
-…Bu birisi isə ağ dəli idi… Kişi, iraq olsun, elə bil ipləməydi… Gecə-gündüz, dalınca qaçırlar kimi, tələsə-tələsə, göz vurub az qala dombalaq aşa-aşa, qaça-qaça, yarırus, yarıazərbaycan sözlərinin axırlarını yeyə-yeyə havaya tullayır, dediklərindən, deyəsən, özü də baş açmırdı…
-…Axırıncısı da ki, millət aşiqi, axır-axıra lap qan elədi… «millət» deyə-deyə milləti qara günə qoydu...
Deyirdilər, Millət Atasını paytaxta gətirmək üçün, dünəndən bəri dörd nümayəndə heyəti paytaxtdan uzaq şəhərə yollanmışdı. Elçilərin bir hissəsi təyyarə ilə, o biri hissəsi maşınla getmişdilər. Adlı-sanlı sənət adamlarından, qocaman akademik və hərbçilərdən ibarət nümayəndə heyətləri, deyilənə görə, heç cür onu, paytaxta qaytarmaq üçün yola gətirə bilməmişdilər.
-…Bu o demək idi ki… - camaat deyirdi - kişi xalqından üz döndərib…
Tele – kanallar, səhərin gözü açılandan, ölkədə yaranan ağır böhran vəziyyətinin aradan qaldırılması məqsədiylə, Millət Atasının paytaxta təcili çağırışına dair müxtəlif idarə kollektivlərinin, əmək veteranlarınının bəyənatlarını və müraciətlərini yayımlayır, görkəmli ictimayi xadimlərin həyəcanlı teleqramların mətnlərini verirdi…
Bəziləri deyirdilər ki, Millət Atası qəsdən paytaxta gəlişini gecikdirir ki, istəyir, əvvəl, mitinqlərdə «birlik!» deyib çığıra-çığıra döşünə döyən xalq özü özünə, yəni həmin o birlik qabilyyətnə, elədikləri əməllərinə yaxşı-yaxşı qiymət versin, toxuduğu bu eybəcər düyünü aça bilirsə, özü açsın. Bəziləri də deyirdi ki, ölkədən gedəndən sonra, uzaq kənddə iztirablı, tənha həyat sürdüyü dövrlər, doğma xalqından, bir vaxtlar əl uzadıb kömək etdiyi yaxın-uzaq adamlarından gördüyü münasibət Millət Atasını, bu xalqdan ümumiyyətlə, birdəfəlik iyrəndirib... və onu gözləməyin mənası yoxdu…
O birilərsə deyirdi ki, bu balaca, qarmaqarışıq məmləkətə gəlib hər şeyi bir də yenidən qurmaq, yaşı ötmüş, səhhəti zəifləmiş Millət Atasının nəyinə gərəkdi axı?!..
Atanın ölkəyə fövqəladə gəlişi ilə bağlı söz-söhbət getdikcə çoxalır, televiziyanın xəbərlər bülleteni, axşama yaxın, müharibə bölgələrində ağırlaşan vəziyyətdən, son kiloqramları işlənib qurtarmaq üzrə olan taxıl ehtiyatından, yanacağın çatışmamazlığı üzündən, yolların kənarlarına, nəhəng dalğaların sahilə atdığı ölü balıqlar kimi yığılan maşınların hərəkətsizliyindən, hərəkəti həmin səbəbdən dayandırılan dəmiryolu nəqliyyatının çətinliklərindən, hər yarım saatdan bir xəbərlər yayır, siyasi icmalçılar, hüquqşünaslar ölkədə yaranan ağır siyasi-iqtisadi-sosial vəziyyətin çıxılmazlıqlarından, keçmiş iqtidarın törətdiyi əməllərin ağır nəticələrindən danışır, şəhəri çüğlayan narahat gərginliyi bir az da artırırdılar…
-…Son illər ərzində işğal olunmuş torpaqlardan ayağıyalın, başıaçıq qaçıb gələn həmyelilərimiz, neçə vaxtdan bəri yaşadıqları natəmiz, antigigiyenik şəraitdən qazandıqları yoluxucu xəstəlikləri ölkə əhalisi arasında yaydılar… epidemiyalarla mübarizə aparmağa, qonşu dövlətlərdən, yaxud xarici ölkələrdən dərman ləvazimatları gətizdirməyə, nə xəstəxanaların, nə də Səhiyyə nazirliyinin imkanı yoxdur. Belə gedərsə, yaxın aylar ərzində ölkə əhalisinin sağlamlıq durumu ciddi təhlükəyə məruz qalacaq…
-…Torpaqların dörddə bir hissəsi əldən gedib… təbii ehtiyatlar dəyər-dəyməzinə qonşu ölkələrə satılıb… bölgələrdə quldurluq və basqınlar qeydə alınır… kənd təsərrüfatı bərbad vəziyyətdədir…. Ümumölkə aclığı gözlənilir… Şəhər əhalisini təmin edəcək çörək istehsalına cəmi iki günlük un ehtiyatı qalır…
-…Ölkənin bir sıra bölgələrində əhali arasında silahlı toqquşmalar baş verir… ölənlər və yaralananlar var…
- …Dövlət parçalanmaq təhlükəsi altındadır!.. Uzun illər
- çiyin - çiyinə bir xalq kimi yaşayan azsaylı xalqlar arasında, düşmən hiyləsiylə qurulmuş qarşıdurmalar zəmnində siyasi çaxnaşmalar qeydə alınır…
- …İndi, ölkənin bu vəziyyətində, əgər Millət Atası, Allah eləməmiş, ölkəyə qayıtmaqdan imtina edərsə, yaxın bir neçə gün ərzində paytaxta gəlib ölkəni bu ölüm uçurumundan çıxarmağa razılıq verməzsə, ölkənin taleyi necə olacaq?.. Dəqiqəbədəqiqə bulanıq göl kimi hansısa qaranlıq dərinliklərə çökməkdə olan məmləkətə, bu binəva xalqa kim yiyə duracaq?!.. - hamı sarsılmış üzlərlə bir-birinə baxa-baxa danışırdı…
…Yalnız o biri gün, axşama yaxın respublika televiziyası ilə, Millət Atasının, uzun-uzadı söhbətlərdən sonra paytaxta qayıtmağa axır ki, razılıq verdiyi barədə xəbərlər səslənməyə başladı. Xəbərlərə görə, onun, sabah, günortadan sonra təyyarə ilə paytaxtın hava limanına düşəcəyi gözlənilirdi.
Bu xəbərdən sonra camaat elə bil azacıq da olsa toxtadı, iki gündən bəri şəhəri qaynadan söz-söhbətlər də elə bil səngidi... ya da ola bilsin, camaat özü yoruldu…

* * *



…Səhəri gün şəhər bir-birinə dəymişdi. Atanı layiqincə qarşılamaq üçün hər yerdə hazırlıq işləri gedirdi...
Şəhərin, böyükdən, kiçiyə, demək olar, bütün rəssamları, Atanın, iri həcmli, rəngli portretinin təcili çəkilməsi üçün idarə və təşkilatlardan təkliflər alır, əldə olan foto-şəkilləri böyüdülür, iri, ipək parçalarda yağlı, qırmızı hərflərlə: «Var olsun!» «Yaşasın!» şüarları yazılır, küçələrə, yollara milli bayraqlar vurulur, bayram işıqları çəkilirdi…
…Günortaya yaxın şəhərdən uzaq hava limanı, deyilənə görə, adam dənizi ilə aşıb daşırdı… Bir yanda - Atanın ayağı altında kəsiləcək qoyunlar sıraya düzülmüşdü, bu biri tərəfdə - uçuş xəttinin yaxınlığında, əlləri gül-çiçəklə, transporantlar və portretlərlə dolu camaat dayanmışdı…
Transporantlarda Atanın şərəfinə yazıln: «Yaşasın Millət Atası!», «Gəl ey xilaskarımız!», «Sən gələn yollara qurban olaq!..» - sözlərini oxuyanda, deyirdilər çoxlarının boğazını qəhər tuturdu…
Deyirlər, axşama yaxın hava limanına axışan adamların sayı birdən-birə birə-on artmışdı, aeroportun ikimərtəbəli binası ağzınacan adamla dolmuş, o biri girişlər bağlandığından, gələnlərin çox hissəsi liman yolunu tutub dayanmışdı…
Deyirdilər, Atanın uçduğu təyyarənin limanın üzərində görünməyi ilə, camaatın çığırışıb bir-birinə qarışmağı bir olmuşdu… Təyyarə bir müddət ağır ləngərlər vura-vura, limanın üstüylə hərlənib sonra tədricən yerə enmişdi. Deyirlər, hamı təyyarəyə əl çalır, səsləri gəldikcə «Var ol!» - deyib qışqırır, özləri ilə gətirdikləri al-əlvan fişəngləri göyə buraxırmışlar...
Həmin gün limana yığışan adamlar danışırdılar ki, Atanı paytaxta gətirən təyyarə yerə enəndən sonra bir müddət də uçuş xətti ilə hərlənib axır ki, dayanıbmış… bir müddətdən sonra, təyyarənin qapıları açılanda qapıda, Atanın zəhmli cüssəsi, yorğunluq və qəzəb dolu gözlərinin görünməyi ilə, əlvan fişənglərin havadaca sönməyi, camaatın qışqırığının kəsilməyi bir olubmuş…
Ata, deyilənə görə, bir müddət təyyarənin açıq qapısında, arxasından çevik-çevik o yan-bu yana boylanan mühafizəçilərin qarşısını kəsərək dayanıb durmuş, sonra təyyarədən bir qədər aralıda, əllərindəki gül dəstələrini, transporantları və onun portretlərini havada yellədən camaata sarı baxmış, sonra, əvvəllər elədiyi kimi, gülümsəmədən, əl eləmədən, başını qaldırıb nədənsə göyə zillənmişmiş…
-…Kişi elə bil şəhərin göyü üçün darıxmışdı…
Deyirlər, Ata həmin o qəzəbli üzüylə, boz gözləriylə bir müddət beləcə göyə - göyün üzünü neçə gündən bəri tutan boz buludlara baxıbmış… Deyirdilər, Atanın bu baxışından hava limanına vahiməli bir sükut çökübmüş…
Camaat and içirdi ki, Atanın həmin o baxışlarından sonra çox keçməmiş, göyün üzünü neçə gündən bəri tutmuş buludlar, əfsanəvi qala qapıları kimi öz-özünə aralanıbmış… və axşam günəşinin zəif şəfəqləri limana elə bil məhrəm bir ilıqlıq axıdıbmış…
Sonra, deyirdilər, Ata tələsmədən, bir növ həvəssiz, ağır addımlarla təyyarənin pillələrini enərək, uçuş xəttinin önündə xalılarla bəzədilmiş kürsünün arxasına keçibmiş, həmin o qəzəbli gözləriylə bir müddət də camaata ordan baxıbmış…
-…Onun o vahiməli baxışlarına davam gətirmək çətin idi… - görüşdən sonra bir neçə gün özünə gələ bilməyən adamlar danışırdı - …baxdıqca, elə bil hamımız özümüzdən xəbərsiz, ayağımızın altından yer qaça -qaça ona tərəf sürüşürdük. Bizi elə bil yerin özü ona sarı çəkib aparırdı…
Deyirlər, Ata camaata bir müddət beləcə, dinməz-söyləməz baxandan sonra, üzünü mikrofona yaxınlaşdıraraq sakit səslə:
- Yaşasın azadlıq!.. - deyibmiş...
Deyirlər, onun bu sözündən camaat çaşıb donuxmuş, sonra nəfəslərini dərib çaşqın nagümanlıqla:
- Yaşasın... – deyərək, asta səslərlə qışqırışmışdılar...

II FƏSİL
Şəhərin tanınmış psixiatoru, professor N.Veyisov həmışəki kimi, bu gün də yuxudan, dan yeri sökülməmiş, havasızlıqdan qulaqları uğuldaya-uğuldaya ayıldı. Əvvəl bir müddət, yerinin içində vurnuxa-vurnuxa, bu gecəki yuxusunu yadına salmağa çalışdı və tam da olmasa, bəzi məqamları xatırladı…


Bu gecə professor, yenə yuxunun ən ürəkdağıdan yerindən – özünü zorla yetirdiyi qapılarının ağzından, bir qulağı qaranlıq blokun aşağı mərtəbələrindən eşidilən hənirtiyə kəsildiyi an oyanmışdı… Hər dəfə yuxuların bu sayaq çıxılmaz məqamına çatanda, professor, dənizin qaranlıq dibindən təkan alıb, suyun üzünə atılan kimi, özünü, yuxunun ən çıxılmaz yerindən, havasız döngəsindən çəkib çıxarmağa, bir növ adət eləmişdi və bunu, yəni yuxunun istənilən məqamından silkinib çıxmağı, professor, son bir neçə ayı, necəsə, elə yuxunun içində öyrənmişdi. Son günlər isə, bu «yuxu sıçrayışları» professor üçün o qədər asanlaşmışdı ki, o, yuxunun ən «bağırçatladan» məqamlarında belə, özünü itirmir, bədəninə sulu sarmaşıq kimi sarılan soxulcanvari, əcayib canlıları boyun-boğazından, tələsmədən, ehmalca qoparır, onları, tədqiqat üçün ayırdığı çantasına yığır, yaxud, gecənin bir aləmi, hansı möcüzəyləsə peyda olduğu kimsəsiz, küləkli səhralarda vahimədən bağrı yarıla-yarıla çığırmaq əvəzinə, sakitcə narın qum təpələrinin birinin üstə oturur, səbrlə, buralara necə, hardan, hansı yollarla gəlib çıxdığını yadına salmağa çalışır, yaxud, evinə necəsə daxil olub, pərdələrin, şkafların arxasıyla qorxunc kölgələrlə sürünən oğrularla söhbətə girişir, onları, evində köhnə mebeldən və tozlu kitablardan savayı, heç nəyi olmadığına inandırıb, peşman oğruları qapıdan yola salırdı.
Bəzi hallarda isə – yuxunu istədiyi səmtə yönəldə bilməyəndə, yuxunun qorxunc məngənəsi, professorun əl-qolunu bağlayıb bədəninə soyuq vahimə cərəyanları yeridəndə, professor dərhal yuxunu tərk etməyi qərara alır, bundan ötrü, o, nəfəsini içinə yığıb saxlayır və havasızlıqdan ürəyi partlayanacan, ürək döyüntüləri zəifləyib susanacan səbrlə gözləyir, sonra bədəninin min bir həyat eşqli toxumalarıyla, tapançadan açılan güllə kimi yuxudan sıçrayırdı.
Belə yuxulardan sonra, ala-bula xırdaçılıqlarından bezib zinhara gəldiyi yeknəsəq həyatı, professor üçün elə bil təzələnir, hər şeyin rəngi, dadı dəyişir, qəribə, sirli mənalar kəsb etməyə başlayırdı... Son vaxtlarsa, professor günortalar da yuxularından ötrü darıxır, işinin ən qızmar məqamlarında, yaxud evləri ilə üzbəüzdəki yaşıl xiyabanda gəzdiyi yerdə, qəfildən qəribsəyir, gecədən-gecəyə dəyişə-dəyişə, təzələnən yuxu həyatına tezcə qovuşmaqdan ötrü, səbrsizliklə gecənin düşməyini gözləyir, hava qarala-qaralmaz, özünü evə çatdırıb şam yeməyini tələsik yeyir, sonra iş otağına çəkilib, orda saatlarla qədim kitabların arasında eşələnir, yuxular və ruhlarla bağlı seçib kənara qoyduğu ədəbiyyatları, çarpayısının içində, stolüstü lampanın zəif işığında oxumağa başlayır və eləcə oxuya-oxuya da, kıtab sinəsində, eynəyi burnunda, sirli yollarla, yarıqaranlıq, dumanlı cığırlarla, asta-asta yuxularına qərq olurdu… Lakin, hər gecə, maraqdan az qala nəfəsi tutula-tutula, səylə apardığı bu hazırlıq işləri, hər dəfə professorun gözlədiyi bəhrəni vermirdi. Məsələn, bir neçə ay bundan əvvəl yuxuya getməzdən, ötən əsrin axırlarında Rusiyanın uzaq Saxalin dustaqxanasından, ətli-canlı dustaqları «azadlıq» fitvasıyla yoldan çıxarıb, qarlı Tayqa meşələriylə «yola salan» və zavallıları, elə yoldaca diri-dıri yeyib geriyə qayıdan Qubar adlı birisi haqqında oxuyandan və kitabın saralmış səhifələrinin birində, adamyeyən olduğu bilinsin deyə, başının tən yarısı ülgüclə qırxılmış, öküzəbənzər casusun, səhifə ölçüsündə vahiməli şəklinə uzun-uzadı baxdıqdan sonra, professor yuxuda, nəyə görəsə, bir neçə il bundan əvvəl itirdiyi balaca qarısını görmüşdü… Qarısı bütün yuxunu ona baxa-baxa, titrək əlləriylə xırçhaxırçla başını qaşıyırdı, sonra, seyrək saçlarının arasından tapıb çıxartdığı rəngbərəng bitləri stolun üstünə buraxa-buraxa, sağlığında professorun heç vaxt eşitmədiyi ətürpədən, dəli bir gülüşlə gülə-gülə bir-bir öldürürdü…
O yuxudan sonra, professor bir müddət gecələrlə, tənha evinin dəhlizindən, qaranlıq mətbəxdən eşidilən hənirtilərdən vahimələnməyə başlamış, səhərləri diri gözlə aça-aça, yuxunun, heç bir izaha gəlməyən tilsimi haqqında fikirləşə-fikirləşə qalmışdı.
Başqa bir yxusunda isə professor, hardasa boz, fırtınalı dəniz sahillərində peyda olmuş, sahilə yan almış nəhəng, boz gəmiyə, iri yeşiklərdə daşınan diri adamların iniltililərini öz qulaqlarıyla eşitmişdi... Onda professor, bu «daşınma əməliyyatına» rəhbərlik edən iri gövdəli, nəhəng adamabənzər məxluqlardan birinə yaxınlaşmağa heç cür ürək eləməməmiş, sıldırımlı qayaların arxasında gizlənərək, külək, pal-paltarını əynindən soyub çıxara-çıxara, sahilin qumu, ağız-burnuna dola-dola, bu sirli mənzərəni kənardan müşahidə etməklə kifayətlənmişdi.
Bu yaxınlarda isə…
Hər dəfə professor, məzmun etbarıyla, çoxseriyalı filmi andırmağa başlayan bu yuxularını gözünün qabağına gətirəndə, ürəyi pis-pis bulanırdı. Bu silisilə yuxulardan qabaq nə oxuduğunu, professor indi heç cür yadına sala bilmirdisə də, gecədən-gecəyə qəribə məntiqi ardıcıllıqla davam edən bu qəribə görüntülərin bər birini, necəsə, bütün xırdalığıyla xatırlaya bilirdi... Hər şey isə ondan başlamışdı ki, professor, yuxusuna hansı möcüsəyləsə düşən, tamamilə tanımadığı, o vaxtacan üzünü belə görmədiyi naməlm kimisə səylə təqib eləməyə başlamışdı... Həmin o naməlum kəsin ardınca professor, qan-tər içində boğula-boğula, vahimədən əsə-əsə, hansısa yarıqaranlıq çardaqlara qalxır, kimsəsiz dalanlara soxulur, gah da «hərifi» maşınların altından, yaxud küçələrlə yeriyən adamların arasından güdürdü. İşin qəribəsi o idi ki, professorun, yuxuda inadla təqib etdiyi bu adam özü də, elə bil kimisə təqib edirdi… O da öz növbəsində, hansısa dəhlizlərdən adlayıb qapıların arxasında gizlənir, tinlərdən sivişib, oğrun-oğrun geriyə qanrıla-qanrıla, elə bil kımisə inadla güdürdü...
Professor, qətiyyən tanımadığı bu adamı hansı səbəbdən təqib etdiyini, elə bil yuxuda bilirdi və elə həmin o səbəbdən də, bu adamın gözünə çarpmaqdan dəhşətli qorxurdu.
Bu gecə isə, professorun, xəbis inadla təqib etdiyi həmin adam, İstiqlaliyyət küçəsindəki Elmlər Akademıyasının Rəyasət Heyətinin qədim bınasına daxil olarkən, qəfildən ayaq saxlayıb geriyə çönmüşdü… və üzbəüz səkinin tinində gizlənmiş professoru, necəsə görmüşdü... Professoru görəndən sonra naməlum adam binaya daxil olmamış, binanın girəcəyindəncə çönüb əsəbi addımlarla pillələri enərək, onun dayandığı səkiyə sarı irəliləməyə başlamışdı…
Həmin gecə, yuxudan tıxac kimi sıçrayıb ayılandan sonra, professor, heç cür bu bozödəkçəli, naməlum adamın üzünün vahiməsindən xilas ola bilməmişdisə də, onu vahimələndirən bu üzün cizgilərini də yaddaşında saxlaya bilmədiyindən, niyəsə ürəyi sıxılmışdı... Yuxudan ayılandan sonra o, bir müddət qulaqları uğuldaya-uğuldaya yerinin içində vurnuxa-vurnuxa qalmış, sonra ayağa qalxıb mənzilinin bütün işıqlarını yandırmışdısa da, bütün vücudunu titrçdçn bu dəhşətli qorxunun cəngindən xilas ola bilməmişdi… Onda professor, məcbur olub bütün otaqların pəncərələrini taybatay açmış, evin ölüm sakitliyini, hava işıqlandıqca, küçədən ara-sıra eşidilməyə başlayan tək-tük maşın səsləriylə dağıtmışdı.
Həmin o əlamətdar yuxudan sonra isə, məsələlər bir ayrı cür qəlizləşmişdi. O gecədən başlayaraq, yuxularında, professorun özünü təqib eləməyə başlamışdılar… Təqib edən isə - professorun, bir gecə əvvəl yuxuda gördüyü həmin o boz gödəkçəli, naməlum adam idi…

* * *



Növbəti gecənin yuxusu ondan başlamışdı ki, klinikanın qarşısındakı tramvay dayanacağında dayandığı yerdə, professorun gözü qəfildən, dayanacaqdan bir qədər aralıda – qəzet köşkünün böyründə dayanıb, harasa ayrı səmtə zillənən həmin o naməlum adama sataşmışdı… Professorun ürəyi, bu xoşagəlməz görüşdən pis-pis bulanmışdısa da, özünü o yerə qoymamış, heç bir şey olmamış kimi, tramvaya minərək, qabaq oturacaqların birində oturmuşdu… Sonra bütün yolu, geriyə çönməsə də, boz gödəkçəlinin hardasa arxalarda dayanıb, adamların arasından, boynunun ardına zilləndiyini necəsə hiss edə-edə getmişdi… Axırıncı dayanacaqda tramvaydan düşüb, kimsəsiz, qaranlıq küçələrlə addımladıqca isə, naməlum adamın, arxasınca qorxunc kölgə kımi sürünməyə başladığını hiss edib addımlarını yeyinlətmiş, özünü, nəfəsi kəsilə-kəsilə, həyətlərinə çatdırıb orda – həyətin tən ortasındakı sıx ağaclığa salmışdı... Bir müddət qorxudan ürəyi sıxıla-sıxıla qaranlıq ağaclıqda dayanıb dura-dura, gecənin sakitliyinə qulaq kəsilmiş, bozgödəkçəlini azdırdığını yəqin etdikdən sonra ağaclıqdan sivişib bloklarına girmişdi. Pillələri, ürəyi az qala dayana-dayana, iki-iki qalxmış, qapının ağzında, həyəcandan əl-ayağı əsə-əsə açarlarını axtarmışdısa da, açarlar heç cür tapılmamışdı... Məhz onda professor, həmişəki üsuluna əl atmış, özünü toplayıb, nəfəsini saxlayıb ürəyini dayandıra-dayandıra, yuxudan sıçramışdısa da, bozgödəkçəlinin əlindən qurtara bilməmiş, gecədən gecəyə qorxunc məntiqi ardıcıllıqla davam edən yuxularının, qorxuc qəhrəmanın, incə ehtiyatla təqib etdiyi ova çevrilmişdi…
İndi professor, bozgödəkçəlidən qurtulmaqdan ötrü hər gecə yuxunun eyni yerindən – qapılarının ağzına çatıb, nəfəsini saxlayıb, az qala ürəyini dayandırmasının hesabına sivişib çıxır, yuxudan ayılandan sonra səhərin gözü açılanacan, xəstə ürəyi ilə əlləşə-əlləşə, yataq otağıyla mətbəxin arasında vurnuxa-vurnuxa qalırdı…
Ən qorxulusu isə bu idi ki, – professor, o biri böyrü üstə çönüb fikirləşdi – …hər gecə gördü yü bu yuxuların məzmununda da, qəribə, anlaşılmaz dəyişikliklər getməyə başlamışdı... Son günlər professor, yuxuda havanın temperaturunu, ağacların ətrini, becid yerişindən tərləyən bədəninin qoxusunu, ayağının altında əzilən torpağ xışıltısını da hiss eləməyə, ən xırda, əhəmiyyətsiz detalları belə, sezməyə başlamışdı... Məsələn, dünənki yuxusunda, o, hansı möcüzəyləsə, boz gödəkçəli adamın sağ yanağındakı çapığı, qaranlıq həyətlərinə daxil olarkın, ayağının altında qalıb onu büdrədən düyməyəbənzər dəyirmi dəmir qırığını, bloklarına girərkən, binalarının dördüncü mərtəbəsində sökülüb yenidən tikilən eyvanın açıq mavi rənglə rəngləndiyini görmüş, bu səhər həyətdən çıxanda isə, yuxusunu xatırlayıb geriyə çönmüş və yuxuda gördüyü eyvanın, həqiqətən yenidən tikildiyindən və yuxuda gördüyü, həmin mavi rəngə boyandığından vahimələnmişdi...
Qonşu divarın o üzündə, kimsə əlindən, ağı ütünü andıran nə isə yerə düşdü… və professor, neçə gecənin yuxusuzluğundan gicişən gözlərini ova-ova fikirləşdi ki, yuxuları, gün-gündən, hansısa sirli qanunauyğunluqlarla, nizamlı ardıcıllıqla yetişə-yetişə, olsun ki, onu harasa aparır... Amma hara?.. Yuxuların bu iblisanə məzmunu, hadisələrin qəribə, nizamlı ardıcıllıqla dəyişməsi, gündən-günə aydınlaşıb, real qoxular və görüntülərlə maddiləşməsi barədə düşündükcə, professorun, onsuz da xəstə ürəyinin, olan-qalan qüvvəsi də elə bil əriyib gedirdi...
Bu gecəki yuxudan isə, professor, demək olar ki, ürəyıni tam dayandırandan sonra, gözləri, yuxudaca qaralıb huşu itəndən sonra ayılmışdı…
Bu gecəki yuxusu, professorun iş otağından başlamışdı. Həmin o boz gödəkçəlini professor, öz iş otağında oturduğu yerdə, qəbuluna yazılan xəstələrin müayinəsi vaxtı – otağın, dəhlizə açılan qapısı arasından görmüşdü… Professor onu, həmişəki sumağı ayaqqabılarından və dama-dama, boz gödəkçəsindən tanımışdı…
Otağının qapısı qəfildən, necəsə öz-özünə aralanmış, qapının arasından, dəhlizdə kiminləsə, elə bil onun barədə astadan danışan boz gödəkçəli adamın kürəyi görünmüşdü… Professor müayinə etdiyi xəstəni unudub, ehtiyatla dəhlizə çıxmışdısa da, bozgödəkçəlini orda tapmamışdı… Onunla, professor, bir də işdən çıxanda - xəstəxananın qarşısındakı tramvay dayanacağında rastlaşmışdısa da, özünü o yerə qoymamış, içini oyan həyəcanını gizləyərək, bir müddət yağış çətirini döyəcləyə-döyəcləyə dayanıb tramvayı gözləmişdi... Tramvay dayanacağa çatıb dayanandan sonrakı hadisələrsə, professorun, əvvəlki gecələr gördüyü yuxularının davamıydı.
Keçən həftədən bu yana gördüyü bu eyni məzmunlu yuxularını yadına saldıqca, professoru narahat eləməyə başlayan bir incə məqam da - bu oxşar mənzərəli yuxu sonluqlarının, yuxudan-yuxuya dəyişməsi, professorun, «usta ayılmaq fəndlərini» yuxudan-yuxuya ləngitməyə başlamasıydı…
Qəribəydi ki, əvvəlki yuxulardan fərqli olaraq, son yuxularında, professorun peşəkar «sıçrayış» ysulları niyəsə daha kara gəlmir, yuxunun sonuna yaxın, özünü tövşüyə-tövşüyə çatdırdığı qapılarının ağzında əvvəlki yuxulardan daha çox ləngiyir, ayılandan sonra isə, yuxudan sıçramaq məqsədiylə dayandırdığı ürəyini zorla hərəkətə gətirirdi...
Bu gecəki yuxuda isə, qapılarına çatıb həyəcandan əl-ayağı əsə-əsə, məlum «açar əməliyyatına» başlayanda, professor, o biri yuxularda, aşağı mərtəbələrdən eşitdiyi addım səslərini, lap yaxınında, az qala arxasında eşitmişdi…
Bu o demək idi ki… – professor fikirləşirdi – …bu, yenə o demək idi ki, yuxuları, gecədən-gecəyə hansı qanunauyğunluqlasa dəyişirdi, ha yanasa yön alırdı…
Yorğanı üstündən atıb fikirləşdi ki, yuxuları, olsun ki, onu Ölümə aparırdı... Belə gecələrin birində, o qorxunc bozgödəkçəli adam axır ki, özünü ona yetirəcəkdi, ağız-burnunu qapayıb, onsuz da xəstə ürəyini əbədilik susduracaqdı.
Bu fikirdən professor, ürək döyüntülərinin sürətləndiyini hiss etdi və fikirləşdi ki, bütün iradəsini toplayıb, yuxunun hansısa müvafiq bir məqamı o adama yaxınlaşmalıdı, peşəkar yanaşma üsulları işə salıb, bir neçə gün bundan əvvəlki yuxusunda, həkim adına yaraşmayan miskin güdükçülüklə məşğul olduğuna görə, ondan üzr istəməli, onu, bu təqibin, tamamilə təsadüfi, səbəbsiz, şüursuz bir hərəkət olduğuna inandırmalı və bu inadkar yuxu torundan xilas olmalıydı.
Əslinə qalsa, professor, hələ srağagünkü yuxusunda bunu eləməyi qərara almışdı da. Lakin, bozgödəkçəlinin, dəhlizin aşağı başından eşidilən sehrli pıçıltısının xofundan yerindəcə donub qalmış, otağından çıxmağa necəsə cürət eləməmişdi. İş gününün sonunda isə küçəyə çıxıb, biyara gedən kəndli itaətiylə, xəstəxanayla üzbəüzdəki dayanacağa yollanmış və bütün gecəni, inadkar bozgödəkçəlini qaranlıq dalanlarda, sıx ağaclıqlarda azdırmağa məşğul olmuşdu.
…Ayağa qalxıb xalatını geyindi. Nəbzi, getdikcə uzaqlaşan qatarın səsi kimi zəifləyib itirdi. Yorğanı çiyninə salıb eyvana çıxdı. Bir müddət sübhün, şeh qoxulu havasını ciyərlərinə çəkə-çəkə, eyvan boyu var-gəl elədi. Sonra alnını eyvanın şüşəli qapısına söykəyib ordan içəri – balaca yataq otağına, tənha çarpayısına, rəflərdə üst-üstə qalanan tozlu kitablara, stolüstü lampasına baxdı...
Otaq - mənzildən çox, elmi-tədqıqat laboratoriyasını xatırladırdı.
Təcrübə başa çatmışdı. – professor fıkirləşib üşütdü.

* * *



Klinikanın hay-küylü dəhlizlərinin, həmişəki kimi, elə bil şəhərin yuxulu küçələrinə aidiyyatı yox idi. Kimlərləsə rastlaşmağın, saxta təbəssümlə salamlaşmağın üzüntülərindən xilas olmaqdan ötrü, professor, döşəməsi ağ neftlə yağlanmış, yarıqaranlıq dəhlizlərdən tələm-tələsik, arada bir çəkməsinin dabanı yağlı döşəmənin üstündə sürüşə-sürüşə ötüşüb özünü, dəhlizin qurtaracağındakı kabinetinə saldı. Otağına girib bir müddət nəfəsini dərə-dərə, dəhlizə – ardınca gələ biləcək həkim, yaxud xəstə personalına diqqət kəsildi. Sonra paltosunu soyunub asılqana keçirdi, şkafdan ağ, nişastalı xalatını çıxarıb geyinəndə, yenə adəti üzrə, üç il bundan əvvəl dünyasını dəyişmiş qarısını xatırladı...
Qarısının vəfatından sonra, professor xalatını, klinikanın xadimələrinə yudurdurdusa da, hər səhər bu xalat professora, əziz qarısını xatırdlatmaqdan yorulmurdu…
Qapı aralandı və qeydiyyat şöbəsində işləyən tabelçi-qızın ağ papaqlı başı göründü:
– Sabahınız xeyir, professor.
– Sabahın xeyir. – professor stolunun arxasına keçə-keçə dedi.
– Sizə kimsə zəng vurmuşdu. Adını dedi, yaxşı eşitmədim. Soruşdu, bu gün qəbul saatınız neçədədi, mən də dedim.
– Yaxşı elədin. – professor başını qaldırmadan, stolun üstündəki xəstəlik vərəqələrini bir-bir gözdən keçirə-keçərə dedi və ürəyi əsəbi-əsəbi döyünə-döyünə, qızın, nəhayət ki, çıxıb getməyini gözlədi.
Son vaxtlar, insanların dəli həyatsevərliyi, becid yerişləri, gümrah səsləri, professorun, onsuz da zəif əsəblərınə toxunurdu.
Tabelçi qız bir müddət beləcə kandarın ağzından asıla-asıla professora baxdı, sonra qapını örtüb ha yanasa uzaqlaşdı. Sonra, dəhlizdən qızın isterik gülüşü eşidildi və professorun yadına, srağagün, qapısını içəri üzdən açarlayıb, bütün günü otağına heç kəsi buraxmayan, daxili telefonun zənginə, qapısının döyülməsinə cavab verməyən, iş gününün axırında isə, içəridən ağarmış bəniziylə çıxıb, heç nə olmayıbmış kimi, evinə yollanan baş həkim düşdü…
Klinika yavaş-yavaş öz xəstələrinə oxşamağa başlayırdı... – professor fikirləşdi və o gələnəcən artıq stolunun bir tərəfinə yığılmış xəstəlik vərəqələrini bır-bir gözdən keçirməyə başladı. Qapı xırda-xırda döyüldü və açıldı. İçəri, qədim dövrlərin zadəgan müəllimlərini xatırladan, balacaboy, çalsaç bir adam daxil oldu… xırda addımlarla irəli yeriyib onunla üzbəüz dayandı, sonra təklif gözləmədən, cılız bədəninə uyuşmayan yekə çantasını yerə qoyub müyayinə stuluna əyləşdi və quş gözlərini andıran xırda, mavi gözlərini professora zillədi.
«Qonağın» üzü professora tanış gəldisə də, onu harada gördüyünü o, heç cür yadına sala bilmədi. Eynəyini alnına qaldırıb:
– Siz qəbula yazılmısınız? – dedi.
– Tanış olaq. – «qonaq» oturan yerdə balaca əlini professora uzadıb – Akademik Siracov. – dedi.
– Çox gözəl. – professor akademikin, buz kimi soyuq əlıni sıxdı.
– Mən fəlsəfə ilə məşğulam. Necə deyərlər, filosofam. Həm də universitetdə dərs deyirəm. – akademik həyəcanlı idi, danışdıqca, balaca əlləri yerdən qaldırıb sinəsinə basdığı çantasının içindəkiləri əzirdi...
Professor, xəstəyə qulaq asdıqca, vərəqələri stolun üstünə yaydı, onların arasında, akademikin familiyasını axtardısa da, tapmadı.
Müayinə vərəqi akademikin özündə idi. Akademik onu, çantasından çıxarıb stolun üstünə qoydu:
– Dedilər, vərəqəsiz qəbul etmirsiz, mən də, hər ehtimala qarşı aldım.
Professor vərəqəni qabağına çəkib oxudu:
«Siracov K.N. – 1918 – ci il. Təqribi diaqnoz: maniakal ahıllıq psixozu.
simptomlar: təqib və təhlükə hissi, skleroz».
– Professor, – akademik altındakı stulu irəli çəkmək istədisə də, balaca əllərinin buna gücü çatmadı… – sizdən bir xahişim var. Mənə xəstə kimi yanaşmayın… Mən sızin yanınıza müalicə üçün gəlməmişəm.
Akademikin bu sözlərindən niyəsə, professorun ürəyi sıxıldı.
– Məni düzgün başa düşün. Biz hər ikimiz elm adamıyıq. – akademik elə danışırdı, elə bil harasa tələsirdi. – Siz insanların ruhi durumuyla məşğulsuz, mən – qavrayışıyla. Peşələrimiz hardasa qohumdu.
– Mən sizi eşidirəm. – akademikin, bu uzun-uzadı «girişi» professoru darıxdırdı – Buyurun, danışın.
Balaca akademik bu sözdən elə bil azca toxtadı, əlini, daraq əvəzi, seyrək saçlarına keçirib geriyə daradı, bir müddət professorun üzünə baxa-baxa, tərəddüd içində susub qaldı, sonra lap astadan:
– Mən qorxulu yuxular görürəm, professor. – dedi.
– Çox əcəb. – professoru nədənsə əsəbi gülmək tutdu – Qorxulu yuxular görmək - bizim peşəmizdi.
– Yox, elə deyil. – akademik elə bil birdən-birə yumaq kimi büzüşdü – Mən vahiməli yuxular görürəm... Yuxudan qan-tər içində, bəzən çığıra-çığıra ayılıram. Bir də görürsən, heç ayıla bilmırəm... Ordan özümü, ürəyim dayana-dayana, boğula-boğula, bir təhər sürüyüb çıxarıram. Sonra nə qədər dava-dərman içirəmsə də, xeyri olmur. Ürəyim əldən düşüb. Özüm də keçən il infarkt keçirmişəm…
Akademik danışdıqca, professor fikirləşirdi ki, alim qocalığının axırı budu. Tipik psixoz. Belə günlər, inşaallah, onu da gözləyir. Bəlkə də artıq «arzusuna» çatıb. Hansı dəli öz dəliliyini boynuna alır ki?!.. Axır günlər, bütün klinika kimi, o da öz yuxularıyla yavaş-yavaş xəstələrinə oxşamağa başlayır...
…Akademik həyəcanlı idi. Danışdıqca da, elə bil bu dəqiqə burda baş verəcək nədənsə ehtiyat edirdi.
– Arvadım, demək olar, hər gecə təcili yardıma zəng vurur. Təcili yardımın həkimləri də hər gecə ürəyimə qulaq asandan sonra, üzümə elə baxırlar, elə bil axırıncı dəfə görürlər məni. Mən qorxuram, professor. – akademik bunu deyib elə bil titrətdi.
Professor, akademikin, uşaq üzünü andıran, balaca üzünə, quş caynağına oxşar xırda əllərinə baxa-baxa:
– Sakit olun, əzizim, tələsməyin. – dedi - Burda ki, Allaha şükür, qorxmursuz?!.. Qorxu – əsəb gərginliyinin, beyin yorğunluğunun, yaxud uzun müddətli depressiyaların yaratdığı normal hissdir. Burda təhlükəli bir şey yoxdu, özünüzü qorxutmayın. O yuxuları nə vaxtdan görməyə başlamısınız?..
– Üç -dörd ay olar… – akademik dedi və gözləri elə bil çuxura düşdü.
– Danışın, nə görürsüz, nədən qorxursuz...
Akademik bayaqdan bəri bu sualı gözləyirmiş kimi, professora sarı əyilib, kiminsə onu eşidəcəyindən ehtiyat edə-edə, astadan:
– Məni güdürlər, professor. – dedi.
Akademikin bu sözündən, professorun ürəyi düşdüsə də, özünü o yerə qoymadı:
– Güdürlər?..
Akademik professorun sualını, bu dəfə başı ilə təsdiq elədi.
– Sizi güdən… Onu tanıyırsız?..
– Mənə, onun üzünü görmək heç vaxt müyəssər olmur. – akademik hələ də yarıpıçıltı ilə danışırdı.
– Deməli, onu tanımırsız. Kimdənsə şübhələnirsiz?.. Məsələn, ola bilər, həyatınızda, lap elə gənclik illərində kıminsə ürəyini sındırmısız, ya kiməsə borclu qalmısız…
Akademik nə isə demək istədi, amma demədi, susub bulanıq gözləriylə professora baxdı.
– Deyirəm, belə şeylər ola bilərmi, kolleqa?.. – professor dedi və karandaşla akademikin xəstəlik vərəqəsində yazılmış «maniakal» sözünün altından xətt çəkdi.
– Yox, qətiyyən. – akademik elə bil yuxudan ayıldı.
– Yuxularınızı təxminən danışa bilərsiz?..
Akademik bir müddət fikrə getdi sonra çiyinlərini çəkib:
– Onların hamısı əslində bir yuxudu… – dedi və elə bil özü öz dedıyindən xoflandı...
Professor stolun siyirtməsindən qəlyanını çıxardıb içini tütünlə doldura-doldura:
- Danışın, tələsməyin. – dedi.
Akademikin üzünün bayaqkı qorxusu bir anın içində elə bil gözlərinin içinə yığıldı, bəbəklərini qaraltdı:
– Mən onu həmişə tramvay dayanacağında görürəm... Dayanacaqda, adamların arasında dayanıb, guya kiminləsə danışır, amma əslində, bilirəm, fikri məndədi. Görürəm axı, arada gözucu mənə sarı baxır…
Professorun, akademikin bu təsvirindən əvvəl ürəyi düşdü, sonra o, ürək döyüntülərinin birdən-birə xoşagəlməz bir tələskənliklə sürətləndiyini hiss etdi… qəlyanın tüstüsü boğazının yolunu acışdırıb, onu boğa-boğa öskürtdü...
Akademik, professorun öskürəyinə məhəl qoymadan, danışır, arada bir fikirləri qırılır, cümlələrin arasında büdrəyib susurdu… Yuxusu yadından çıxırdı, ya fikirləri qarışırdı?.. Akademik həm də elə bil üşüyürdü. Danışdıqca, balaca əllərini gah qoltuğunda, gah da sümüklü dizlərinin arasında gizlədirdi.
– …həmişə də adamların arasından görürəm onu…- akademik deyib yenə susdu, fikrə getdi.
– Danışın, danışın. – professor, qəlyanının sönük külünü külqabıya boşaltdı – Deyirsiz, o, adamların arasından gözaltı sizə baxır…
– O, həmişə eyni yerdə dayanıb guya kiminləsə danışır. Özü də, bilirəm, məndən danışır. Sonra tramvay gəlir, mən tramvaya minirəm… O da minir, özü də ayaq üstə dayanır, həmişə də arxada dayanır. Bütün yolu gözünü məndən çəkmir…
Professor hiss elədi ki, akademikin dediklərindən gözləri qaralır… Sonra hansısa məqam akademikin dedikləri eşidilməz oldu… və professor, bədəninin, bir neçə il bundan əvvəl, ağır cərrahi əməliyyatqabağı keçirdiyi müdhiş ölüm qorxusunu andıran anlaşılmaz qorxudan soyuduğunu hiss etdi...
– …axır mən düşürəm, o da düşür… - akademik, dil-dodağı quruya-quruya, halbahal ola-ola danışırdı – …sonra bir xeyli onunla, qorxudan bağrım yarıla-yarıla, qaranlıq küçələrdə gizlənpaç oynayıram… onu evimin yan-yörəsində azdırıram ki, heç olmasa, mənzilimin yerini bilməsin. O isə bilir… O, hər şeyi bilir… Özümü gah ağaclığa salıram, gah dalanlarda gizlənirəm... qorxudan da bağrım çatlayır, professor…
Professorun gözünün qabağına, bu gecəki yuxusu gəldi… Boz gödəkçəli oğlanın əlindən qurtulub, özünü kimsəsiz bloka salmağı, pillələri iki-iki qalxıb qapının ağzında, vahimədən bağrı yarıla-yarıla, əl-ayağı əsə-əsə açarları axtarmağı…
– …bu gecə isə… – akademiki də öskürək tutmuşdu. - …o, lap yaxındaydı, qapımızın ağzına çatmışdı… Mən zəngin düyməsini basıram… eşidirəm, zəng çalınır… içəridən, arvadımın hənirtisi eşidilir… Qapı isə heç cür açılmır ki, açılmır. Axırda əlacsız qalıb, qapını ikiəlli döyürəm, qışqırıram… Arvadım da qapının o üzündən - içəridən nə isə deyir, mən anlamıram… - akademik deyib elə bil ağardı - …ağlayıram… «havam çatmır…» - deyirəm…
Professor hiss elədi ki, o da ağlamaq istəyir... Boğazını sıxan qəhəri udub özünü ələ almağa çalışdı.
- Mənə kömək edin, professor… - akademikin burnunun ucu saralmışdı… - Bu, heç bir yorğunluq-fılan deyil, inanın mənə. Bircə siz mənə əlac eləyə bilərsiz. Mən bilirəm… Mən hər şeyi bilirəm…
- Siz nəyi deyirsiz, anlamıram.
- Mənə deyiblər. Siz, insanın şüarltı yaddaşına yol tapan yeganə mütəxəssissiniz. Yuxularımız – bizim şüuralıtımızdı. Orda nə vaxtsa baş verən hər hansı bir hadisə…
- Bir dəqiqə-bir dəqiqə… - professor akademikin sözünü yarımçıq kəsdi – Sizə, olsun ki, səhv məlumat veriblər. Mən, heç bir şüuraltıyla məşğul olmuram. - professor dedi və nədənsə özünü, bu balaca, çalsaç adamın qarşısında günahkar hiss etdi.
– Siz mənə inanmırsız. – akademik sakitcə dedi və yenə qırıq-qırıq öskürdü, sonra üzü yazıqlaşdı, xırda gözlərinin dərinliyində, köməksiz çıxılmazlıq dolu kölgələr dollaşdı - Mənimsə, sizdən savayı üz tutmağa adamım yoxdu.
– Əvvəla, mən demədim ki, sizə kömək eləmək istəmırəm. – professor əllərini xalatının cibinə saldı və fikirləşdi ki, akademik, olsun ki, dediyi həmin o ürək çatışmazlığından öskürür. - Sadəcə, istəyirəm biləsiniz ki, şüuraltıya daxil olmaq və orda hansısa əməliyyatı aparmaq mümkün olan iş deyil. Mənim köməyim bir bu ola bilər ki, sizə, müyyən seanslar təyin edə bilərəm…
– Nə istəyirsiz eləyin, - akademik, təslim olan tək, başını aşağı salıb susdu, sonra lap astadan - təki məni o yuxulardan xilas edin.
– Siz demək istəyirsiz ki…
– Hə, hə… mən demək istəyirəm ki, elə edin ki, mən daha o darısqal yuxulara düşməyim. Yalvarıram sizə. – akademik deyib professorun gözlərinin içinə elə baxdı, elə bil orda nə isə gördü… sonra qəfildən, qızdırmalı üşütməylə üşüdə-üşüdə - …Onlar məni yuxuda aparacaqlar, professor… - dedi və elə bil oturduğu yerdə çəkisiz yüngüllüklə yelləndi.
– Kim, onlar?..
– Sizə bir sirr açım, professor… – akademik elə bil professorun sualını eşitmədi – Bu yuxular, əslində yuxu deyil.
– Yuxu deyil?.. – professor akademikin gözünün içinə baxdı.
Akademik dəliyə oxşayırdı…

* * *


– Bütün bu danışdıqlarım, əslində yuxu deyil, professor… – akademik deyib, sirli eyhamla başını yellədi. – Bunu mən, yalnız bu yaxınlarda, son yuxularımında anlamışam. Bütün bu danışdıqlarımıı mən, əlbəttə ki, yatandan sonra görürəm. Amma, bunlar, yuxu deyil. Bu… – akademik sözünü bu yerdə kəsdi, gözlərinin dərinliyində xəstə parıltılar oynaya-oynaya – Əslində bu, Ora aparan yolun başlanğıcıdı.
– Hara, ora?..
– Ora… – akademik balaca şəhadət barmağıyla haranısa arxına göstərdi və dodaqları, uşaq dodağı kimi büzüldü – Mən ölümdən qorxmuram, professor. Mən… – akademik yenə pıçıltıya keçdi – … o qorxunc yollarda itib-batmaqdan qorxuram... Yuxuda, Ölümün ərazisinə keçməyin vaxtı da, məsafəsi də hüdudsuzdu, professor. Mən, həmin o qaranlıq, sosuz hüdudsuzluqda əbədi qalmaqdan qorxuram... Siz məni başa düşürsüz?..
– Başa düşürəm. - professor dedi və anladı ki, heç nə başa düşmür.
Akademikin yuxuları, onun yuxularına qarışıb, anlaşılmaz və vahiməli olan hansısa sirli aləmin mövcudluğundan xəbər verirdisə də, bu mövcudluğun, hansı şəkildə, ha tərəfdə olduğunu təsəvvürə gətirmək, professora mümkünsüz gəlirdi.
– Mən başa düşürəm, bu, axırdı. Bu yuxular - mənim sonumdu. – akademik harasa kənara elə baxdı, elə bil kiməsə təslim oldu. – Amma, qorxulu olan, bu deyil. Qorxulu olan – mənim, həmin bu ərazidə əbədi yaşamağa məhkumluğumdu.
Akademik bunu deyib susdu, elə bil danışmaqdan yoruldu, gözlərinin işığı da elə bil söndü, heysiz səslə:
– Bu yuxular Cəhənnəmin özüdü… – dedi və sönük gözlərlə professora elə baxdı, elə bil onunla vidalaşdı.
Professorun qəlyanı stolun üstündə, dəyirmi, büllur külqabıda öz-özünə tüstüləyirdi...
– Neçə illərdi bir mövzu üzərində işləyirdim. – akademik, qəlyanın tüstüsünə baxa-baxa dedi. – Mənə aydın olanı budu ki, həmin o tora keçməyim, o işə görədi, bilirəm. Mən tələyə düşmüşəm… Ötən ay əlyazmanı yandırmaq istədim, əlim gəlmədi. - akademik deyib professora baxdı. - Orda müəyyən qadağa mətləblərə toxunulur… Bütün bu qaçdı-qovdu da onlara görə başladı…
– Qadağa mətləblər?.. Siz nəyi deyirsiz?.. – professor dedi və özünü onda tutdu ki, akademikin səhhəti, artıq onun üçün heç bir maraq kəsb etmir.
Qapı astaca döyüldü və açıldı. Yenə tabelçi-qızın ağ papaqlı başı göründü:
– Professor, burda xəstələr maraqlanırlar, bu gün qəbul olacaq, ya yox?..
Professor bir müddət qızın üzünə baxıb, elə bil nə dediyini anlamadı, sonra soyuq, sərt səslə:
- Gözləyə bilməyənlər getsinlər. – dedi.
…Akademik deyəsən sözünü bitirmişdi… əldən düşüb nəyəsə, kiməsə təslim olan tək, oturduğu stulun söykənəcəyinə dayaqlanıb, döşəmədə seçdiyi hansısa nöqtəyə baxırdı...
Professor üzünü ouşdurub fikirlərini sahm

nlamağa çalışdısa da, neçə günün gərginliyyindən və yuxusuzluğundan onsuz da yorğun beynini toplaya bilmədi...


Ötən həftədən bəri gördüyü yuxuları, akademikin yuxularına qarışıb təsəvvüründə - qadağalar və əzablar dolu Cəhənnəməbənzər, yarıqarnlıq bir məkanı canlandırdı… Hələ ki, aydın olan bir bu idi ki, akademik, özü deyən kimi, xəstə deyildi. Amma o, həm də, necəsə, dəliyə də oxşayırdı…
Professor, hələ bayaqdan bəri, akademiki dinlədikcə, yuxular barədə və insanın şüuarltısına dair, bu yaşınacan oxuduğu müxtəlif səpkili ədəbiyyatları, əlinə keçən irili-xırdalı yazıları yadına sala-sala, iki adamın, eyni vaxtda, eyni yuxu görməsi barədə hansısa məlumatı, ya heç olmasa fikri xatırlamağa çalışmışdısa da, yadına heç nə düşməmişdi.
– O adamı… – professor ayağa qalxıb, pəncərənin qabağına keçdi - təsvir edə bilərsiz?..
– Təsvir?.. – akademik elə bil yuxudan ayıldı.
– Deyə bilərsiz, məsələn, o adamın görünüşü necəydi, cavan idi, qoca idi...
– O, çox cavandı… – akademik, fikirləşmədən dedi. – Üzü dəqiq yadıma gəlmir, amma boyu hündürdü, özü də çiyinlidi. Bozumtula çalan, dama-dama gödəkçəsi də var…
Akademikin son təsvirindən professor, birdən-birə süstləşdiyini hiss etdi… üzünü, akademikdən gizləməkdən ötrü, alnını pəncərənin şüşəsinə dirəyib, qulaqları uğuldaya-uğuldaya küçəyə baxdı.
- Yalvarıram sizə, professor. Məndən heç nə gizlətməyin. – akademik, nə vaxtsa gəlib arxasında dayanmışdı, asta-asta nəfəs alırdı…
O, akademikə heç nə deyə bilməzdi. Xəstə ilə, tərəf müqabili kimi danışmağa ixtiyarı yox idi. Ən azı, bu, onun, ömrü boyu hər şeydən üstün tutduğu həkimlik ləyaqətinə yaraşmazdı.
Çönüb, akademikin, çölün işığında açıq maviyə çalan gözlərinə, üzünün, solğun qırışlarına baxdı…
Hə, o, akademikə heç nə deyə bilməzdi. Akademikin səhhəti, onsuz da ürəkaçan halda deyildi. Odu ki, mümkün qədər mülayim:
– Gəlin əyləşək, əzizim. – dedi və akademikin çəlimsiz çiyinlərini qucaqlayıb bayaqkı yerinə oturtdu. Özü də yazı masasının arxasına keçib əllərini qoltuğuna qoyub oturdu.
İndi, o, akademiki öz peşəkar üsulları ilə ovundurub yola salacaqdı. Özü isə həmin o qaranlıq uçurumlu yuxularıyla bir, burda – dörd bir yanı ruhi xəstələr dolu xəstəxanada qalacaqdı…
Fikirləri yenə bir-birinə qarışdı… Aydın olan, bir bu idi ki, o – heç kimə dəyib-dolaşmadan, öz yoluyla gedib-gəldiyi yerdə, öz evindəcə, yorğan-döşəyindəcə, dərin, çıxılmaz bir quyuya düşmüşdü… Həmin bu sirli quyuda, ondan savayı bir nəfər də vardı. O da - həmin bu mavi gözlü, kövrək akademik idi…
Boğazının quruluğunu yumşaltmaq üçün stolun üstündəki qrafindən su töküb akademikə təklif etmədən, iri qurtumlarla içdi.
…Baş həkimin selektorunun, yanğın maşınının siqnalına oxşar zəngi çalındı:
– Kolleqa?!.. Camaatı niyə qəbul eləmirsən?.. Bu da təzə çıxdı?.. – baş həkimin səsi elə idi, elə bil onunla uzanan yerdə danışırdı.
– Xəstəm var. Vəziyyəti ağırdı.
– Lap elə ağırdı?..
– Ağırdı, ağırdı. – professor tələm-tələsik dedi.
– Nə deyirəm?!.. Boşalanda mənə xəbər elə. – baş həkim deyib dəstəyi asdı.
Dəstəyi yerinə qoyub akademikə baxdı:
– İndi mənə qulaq asın, görün nə deyirəm. Sizə bir qədər dincəlmək, bir sıra yüngül trankfilizatorlar qəbul eləmək lazımdı. Bir də pis olmaz ki…
– Professor, - akdemik qəfildən professorun sözünü kəsib başını qaldırdı – siz bilirsiz, Cəhənnəm nə rəngdədi?.. – sonra cavab gözləmədən ayağa qalxdı, elə bil boğazını yenə qəhər tutdu. Ya bu, professora elə gəldi?.. Xırda addımlarla qapıya sarı yeriyib orda qəfildən ayaq saxladı, geriyə çönüb, doluxsunmuş üzüylə professora baxdı, sonra dinib-danışmadan, ehmal addımlarla otaqdan çıxdı.
…Akademikdən sonra, professor bir müddət yazı masasının arxasında, tarazlığını itirən kimi, yöndəmsiz vəziyyətdə qaldı... Başını əlləri arasına alıb, qarışıq fikirlərinə müəyyən aydınlıq gətirməyə çalışdısa da, akademikin, Cəhənnəm barədə dediyi son cümləsi buna imkan vermədi.

***



…Professor xəstəxanadan çıxanda, yağış yağırdı... Tramvay dayanacağı, həmişəki kimi adamla dolu olduğundan, professor keçib qəzet köşkünün yanında dayandı. Adamların arasında dayananda, özünü nədənsə pis hiss edirdi, elə bil nədənsə yoluxurdu.
Üzbəüz səkidən bir dəstə adam, əllərində milli bayraq, «Azadlıq» qışqıra-qışqıra, harasa üzüaşağı, olsun ki, «Azadlıq» meydanına sarı gedirdilər...
Professor, gözünün ucuyla, bir qədər aralıda, gödəkçəsinin ala-bula rəngiylə adamların sıx yerində bozaran adam siluetini sezib, ürək döyüntüləri ləngiyə-ləngiyə fikirləşdi ki, bu dəfə nəyin bahasına olur-olsun, özünü ələ almalıdı, öz həyasız təqibləriylə onu zinhara gətirən bu adama yaxınlaşmalı, adamların arasında yaxasından tutub silkələyə-silkələyə, ondan nə istədiyini, bu aramsız təqiblərinin səbəbini soruşmalıdı.
Professorun dayandığı yerdən baxanda, Bozgödəkçəlinin üzünün üçdə bir hissəsi görünürdü. O, arxası ona dayanıb, kiminləsə astadan danışa-danışa, arada bir, ötəri nəzərlərlə yolun o biri üzünə boylana-boylana olsun ki, tramvayın gəlişini gözləyirdi.
Professor, bir anın içində bütün bədəninə yeriyən titrətməsini gizləməkdən ötrü, paltosunun boyunluğunu qaldırıb, dayanacağın gölməçələrini adlaya-adlaya var-gəl eləməyə başladı və qəfildən, tramvayla gedəcəyi yolun vahiməli marşrutunu – hər gecə evinin ətrafında gicəllənə-gicəllənə qaldığı qaranlıq dalanları, nəvəsi kəsilə-kəsilə divarlarına qısıldığı darısqad döngələri xatırlayıb duruxdu.
Bütün bu tamaşalara son qoymağın vaxtı çatmışdı. İndi o, nəyin bahasına olursa-olsun, toparlanıb, bütün vücuduyla təhlükə saçan bu şiv qamətli adama yaxınlaşmalı, onu, yaxasından tutub siləkələyə-silkələyə, yaxud, dönə-dönə üzr istəyib üzbəüz dayana-dayana, bu anlaşılmaz «gizlənpaç oyununa» bir aydınlıq gətirməlidi… Professor bu fikirlərlə çönüb Bozgidəkçəliyə sarı addımlamağa hazırlaşırdı ki, qəfildən, dayanacağın tən ortasında dayanan cavan bir gəlin, bayaqdan bəri böyründə dayana-dayana ətəyini didişdirən körpəsinin ağzının üstündən sillə vurdu… uşaq sillənin təsirindən səndələyib yerə oturdu, üst-başının palçığını üz-gözünə yaxa-yaxa, ayaqlarını yerə döyüb əti kəsilmiş kimi, ətürpədən, cır səslərlə çığıra-çığıra ağlamağa başladı…
Bu çığırtıdan, niyəsə professorun içində qəribə bir rahatlıq yarandı… özünü toplayıb, iti addımlarla Bozgödəkçəliyə sarı yeriyə-yeriyə fikirləşdi ki, indi onu necə çağırmalıydı?.. Adını ki, bilmirdi?!.. Nə deməliydi, «ay oğlan», yoxsa, «ay vətəndaş», ya «a bala»?!.. Müraciətlərin heç biri düz gəlmirdi. Biri kobud çıxırdı, o biri rəsmi, bu biri… Yaxşısı budu… – professor addımlarını ləngidə-ləngidə fikirləşdi – ehmalca onun kürəyinə toxunsun. Onda oğlan geriyə qanrılıb ona baxacaqdı. Sonra professor bunu təsəvvürünə də gətirdi… və Bozgödəkçəlinın aramla geriyə çönməsindən, üzünə lap yaxından tuşlanacaq bu naməlum üzün vahiməsindən, bədənindən, iti, soyuq cərəyanlar öüb keçdi…
Bozgödəkçəli, arxası professora dayanıb hələ də kiminləsə astadan danışırdı... Bu məqam tini burulan tramvay dayanacağa yaxınlaşıb qapılarını açdı və Bozgödəkçəli, professora məhəl qoymadan, yanındakı arıq, donqar bir adamla danışa-danışa, tramvayın arxa qapısından minib, salondakı adamlara qarışdı.
Professor bu dəfə tramvaya minmədi… bayaqkı yerində səbrlə dayanıb dura-dura, tramvayın qapılarının bağlanmasını gözlədi… Tramvayın qapıları axır ki, bağlandı və tramvay zəngini çalıb, Bozgödəkçəliylə birgə dayanacaqdan uzaqlaşdı…
Professor ürəyi döyünə-döyünə fikirləşdi ki, bunu çoxdan eləyə bilərdi. Bozgödəkçəlini beləcə usta fəndlə tramvaya salıb, özünü evə, onadan qabaq çatdıra bilərdi, orda qapı-bacasını kip bağlayıb bu şübhəli adamın cəngindən qurtula bilərdi...
Bu fikirlərlə professor, əllərini paltosunun ciblərinə salıb, becid addımlarla evinə yollandı…
Hər şey dəyişmişdi… – küçələrin palçıqlı gölməçələrindən adlaya-adlaya, fikirləşə-fikirləş yeriyirdi – …o biri yuxularında, məsələn, uşağını şillələyən döyən əsəbi qadın yox idi...
Yolu bir qədər qısaltmaqdan ötrü professor, təxminən o tərəflərə aparan marşrut taksilərindən birinə minidi və bütün yolu, bu incə bicliyin, bu vaxtacan ağlına gəlmədiyinə görə ürəyində öz-özünü danladı. Taksini, yaşadığı məhəllədən bir küçə yuxarıda saxladıb düşdü və qalan yolu açıq havayla, havanın, yağışdan sonrakı təmizliyini ciyərlərinə çəkə-çəkə getdi. Evlərinə çathaçatda çönüb, hər ehtimala qarşı, geriyə baxdı. Küçə bomboş idi… Yaş asfaltın üstündə sayrışmağa başlayan işıqlara baxa-baxa, küləyin, arada bir tərpədib yellətdiyi ağacların xışıltısından üşüyə-üşüyə addımlarını yeyinlətdi. Sonra nə oldusa, həyətlərinə çıtmağa azca qalmış, qəfildən elə bil arxada kimsə yıxıldı…
Professor çönüb geriyə baxanda, az qaldı vahimədən bağıra…
Yenə o idi... dama-dama, boz gödəkçəsi yarıqaranlıq küçənin o biri başından bozara-bozara, ona sarı addımlayırdı… Yaş asfaltın üstüylə, bəbirsayağı, ehmal addımlarla sanki, buzun üstüylə sürüşə-sürüşə ona sarı axan bu siluet – professorun, həyatı boyu gördüyü mənzərələrin ən vahiməlisi idi...
…Nəfəsi darala-darala, ayaqları bir-birinə dolaşa-dolaşa tini burulub özünü həyətə saldı…
Həyət, həmişəki kimi, zülmət qaranlıq idi... İndi binaya daxil olmaq, bu naməlum casusu mənzilin qapısınacan ardınca aparmaq olmazdı… – professor tövşüyə-tövşüyə, həmişəki qənaətinə gəldi. Onu, ötən gecələrdəki kimi, həyətin ortasındakı sıx ağaclıqda azdırmalı, yalnız bundan sonra sivişib bloka daxil olmalıydı...
Həyəcandan, ya yüyrək gəldiyindən, ayaqları sözünə baxmırdı, dəqiqədə bir, bir-birinə dolaşıb, onu addımbaşı büdrədirdi…
…Özünü, ağaclığa zorla çatdırdı... Üz-gözü, ağaclığın, xırda, iti budaqlarından cızıla-cızıla, çöməlib nəfəsini içinə sıxdı, həyətə diqqət kəsildi…
…Elə bil həyətə, ondan sonra heç kəs daxil olmadı. Hə yət sakitlik idi… Arada bir əsən narın külək, ağacların budaqlarını həzin-həzin yırğalayıb vahıməli-vahiməli xışıldadırdı… Elə bu məqam hardansa lap yaxınlıqdan, kiminsə tanış pıçıltılsı eşidildi…
–Professor!..
Professorun ürəyi qırıldı…
– Yalvarıram, mənə kömək edin, professor…
Bu, akademikin səsiydi… soyuq dəymiş kimi, xırıldayırdı…
– O, yenə məni güdür, professor. Bu dəfə daha buraxmayacaq. Daha nəfəsim çatmır, professor…
– Siz… – professor, vahimədən nəfəsi tutula-tutula, yan-yörəsinə boylanıb akademiki, qaranlıq ağaclığı boyu axtardısa da, tapmadı. – …siz hardasız?.. Mən sizi görmürəm…
Bu məqam, professor sözünü bitirməyə macal tapmamış, həyətin o biri başından tini burulub qaça-qaça həyətə daxil olan kimsə özünü birbaş ağaclığa saldı… Sonra hardansa lap yaxınlıqdan, ağacların sıx yerindən tarappıltı səsləri eşidildi… – Professor!.. – akademik daha pıçıldamırdı… boğuq xırıltılarla qışqırmağa çalışırdısa da, səsi çıxmırdı… Ağaclığın həmin yaxınlığından, əlbəyaxa süpürləşən adam səsləri eşidildi… sonra onu köməyə çağıran akademikin, getdikcə itən səsi gəldi:
– …kömək… ed… profes…
Vahimədən bədəni uçunan professor bir anlıq, heç nə düşünmədən, ani vahiməylə ağaclıqdan sıçradı… keyimiş ayaqları bir-birinə dolaşa-dolaşa bloka sarı qaçdı… pillələri, nəfəsi kəsilə-kəsilə qalxıb, bir müddət qapının ağzında, əl-ayağı əsə-əsə açarları axtarmağa başladı…
Açarlar, həmişəki kimi, professorun paltosunun astarından tapıldı... Professor, astarın içinə az qala dirsəyinəcən saldığı qolunu cibinin dar yırtığından bir təhər çəkib çıxartdı… əlləri titrəyə-titrəyə açarı qapının dəliyinə keçirib iki dəfə burdu və… dəhşətdən yerindəcə donub qaldı…
…Arxasında kimsə dayanmışdı… buz kimi soyuq əlini onun çiyninə qoymuşdu…
…Professor əlini açardan çəkib geriyə çönmək istədisə də, çiyninə qonan əlin ağırlığından tərpənə bilmədi, boğızının yoluna dirənən nəfəsini udub astaca:
– Nə istəyirsən?.. – dedi və hiss elədi ki, boğazını qəhər tutdu.
Arxadan cavab gəlmədi… Onda professor, keyi heç cür açılmayan çənəsini zorla tərpədə-tərpədə bir də:
– Nə istəyirsən məndən?.. – dedi və çiyninə qonan zindan əlin ağırlığı altında bir müddət çırpına-sırpına, it kimi zingildədi, sonra qəfildən, vəhşi səslə elə bağırdı ki, öz səsindən az qaldı ürəyi dayana… və öz səsinə ayıldı…
…Əcayib səslər və uğultular dolu yarıqaranlıq yuxudan sonra yataq otağının, suvağı tökülmüş, hisli tavanı professorun xofunu bir qədər səngitdisə də, bədəninin, cərəyan almış kimi, titrəməsini ovuda bilmədi.
Otaq sakit idi… Aşağıda həyəti süpürürdülər. Olsun ki, səhərə az qalırdı…
Professor yorğanı üstündən atıb ayağa qalxmaq istədi, yuxunun təəsüratından ağırlaşıb keyiyən qollarını tərpədə bilmədi... Ürək döyüntüləri getdikcə zəifləyirdi, nəfəsi, arada bir cıyərlərində ləngiyir, sinəsinə qırıq-qırıq sızırdı…
Neçə vaxtdan bəri yerinə gioməmişdən əvvəl atdığı yuxu dərmanlarının təsiridi… – professor fıkirləşdi – bir də hər gecəki yuxularında keçirdiyi qorxunun nəticəsi. Çarpayısının böyründəki mizin üstündən eynəyini götürüb gözünə taxdı və üzbəüz divardan asılmış saata baxdı. Beşə on dəqiqə işləyirdi...
Düz yeddi saat yatmışdı… yeddi saat idi, bayaqkı o ətürpədən mənzərənin içində çabalamaqla məşğul idi… Klinikadan evinə aparan gündəlik marşrutunun vaxtı, ən çoxu bir saatlıq idi. Yuxuda zaman hüdudunun ölçüsü yoxdu… – professor fikirləşdi və qollarını asta-asta ovub keyini aça-aça, özünü ayağa qaldırdı, xalatını əyninə geyib, başmaqlarını sürüyə-sürüyə pəncərənin qabağına gəldi, qaranlıq həyətə baxdı.
Həyətin tən ortasında, hündür kol kimi bir yerə sıxlaşan ağaclar, yuxudakı vahiməli xışıltıyla sirli-sirli yırğalanırdılar…
Üşüdüb geriyə çəkildi, yorğanı çiynində, asta-asta mətbəxə getdi, orda işığı yandırıb, fincan-nəlbəkilərin arasında gizlədıyi ürək dərmanını tapdı, fincana damcıladıb içə-içə fikirləşdi ki, bu gün hökmən akademiki tapmalıdı, bu dəfə yuxular barədə onunla ətraflı danışmalıdı. Bu, hər şey bir yana qalsın, onun həkimlik və insanlıq borcudu.
Sonra yataq otağının divarındakı saat zəngini çalmağa başladı və professor, akademiklə dünənki söhbəti xatırladı...
Dünənki söhbəti, akademikin monoloqu hesab etmək olardı. Sinirləri pozulmuş köməksiz xəstə, həkımin qəbulunda öz-özü ilə danışıb, sonra da ümidsiz halda klinikanı tərk etmişdi.
Akademikin şəxsiyyət vərəqəsinin göstəricilərləri klinikanın qəbul şöbəsində olmamış olmazdı. Bunsuz, akademikə xəstəlik vərəqəsi açmazdılar. – professor fikirləşdi və bu fikirdən ürəyinin ağrısı elə bil bir qədər azaldı.

* * *



Akademikin şəxsiyyət vərəqəsinin göstəriciləri və ünvanı qeydiyyat kitabçasında, uzun bir siyahının ortasında, cürbəcür ad-famıliyaların arasında səliqəli xətlə yazılmışdı…
Professor bu rəqəmləri balaca kağıza köçürüb cibinə qoydu, otağına qalxıb paltosunu soyunmadan, arayış telefonuna zəng vurdu, akademikin ünvanını deyib, nömrəsini həmin kağıza, akademikin familiyasının altından yazdı və həmin dəqiqə də nömrələri yığdı.
Telefona, uzun-uzadı çağırış zənglərindən sonra cavan oğlan səsi cavab verdi:
– Bəli…
– Alo, salam. Sabahınız xeyir… – professorun dili dolaşdı – Mənə akademik Siracov lazımdı.
Telefonun o başında bir müddət susdular, sonra sakit səslə:
– Kimdi soruşan?.. – dedilər.
– Bu, həkimdi… onun həkimi. Professor Veyisov. Dünən o, bura gəlmişdi, mənim yanıma…
– Bəli.
– Mən onun özüylə danışmalıym. Mümkünsə, təcili. – professor boğazını arıtlayıb mümkün qədər nəzakətlə dedi.
Telefonun o başında yenə susmuşdular.
– Alo?!.. – professor bir də dedi – Əgər o, evdə yoxdusa, onda iş nömrəsini verin, xahiş edirəm.
– Bilirsiz… – oğlanın səsi elə bil ağırlaşdı – o, bu gecə vəfat edib.
– Vəfat edib?.. Akademik Siracov vəfat edib?.. - professor dedi və sualının yersiz olduğunu həmin dəqiqə də başa düşdü və gözləri qarala-qarala, dünənki yuxusunu – qaranlıq, sıx ağaclığın dərinliyində, görünməz kiminləsə əlbəyaxa süpürləşən akademikin xırıltılı səsini xatırladı…
– Cənazə bu gün saat beşdə, Elmlər Akademiyasının bınasından götürüləcək. – oğlan bu dəfə rəsmi dedi.
Professor nə deyəcəyini unudub, udquna-udquna, ağzının içində nə isə mızıldadısa da, telefonun o başında bir qədər susduqdan sonra dəstəyi asdılar…
…Bir müddət gözü, qara telefon aparatının, ağ gözlər kimi dövrələnmiş nömrələrinə zillənə-zillənə oturub qaldı... onsuz da dumanlı beynində hər şey bir-birinə qarışdı…
Bu, necə ola bilərdi axı?..
Dəstəyi qaldırıb, cibindən çıxardığı burun yaylığını üz-gözünün tərinə hopdura-hopdura, bayaqkı nömrəni bir də yığdı. Bu dəfə dəstəyi ikinci zəngdə qaldırdılar. Danışan, yaşlı qadın səsi idi.
– Bu, yenə mənəm… – professor astadan dedisə də, telefonun o biri başından səs gəlmədi. – Mən… üzr istəyirəm… Bu, akademik Siracovun evidi?.. Fəlsəfə elmləri doktoru, akademik Siracovun mənzilidi?..
– Bəli. – qadın səsi hüznlə dedi.
– Bayaq bu nömrədən mənə… bir kədərli xəbər dedilər. Bilmək istəyirdim ki…
– Bəli, cənazə bu gün, saat beşdə, Elmlər Akademiyasının binasından götürüləcək.
– Sağ olun… - professor dedisə də, sonra nəyisə xatırlayıb – Üzr istəyirəm… Bu, danışan - professor Veyisovdu. O, dünən mənim yanıma gəlmişdi… - boğazına tıxanan nəfəsini buraxdı.
Qadın səsi, güclə seziləcək ehtiramla:
– Veyisov?!..
– Mən - həkiməm. Psixiator Veyisov.
– A-ah… – səs endi – professor Veyısov. Onun son ümidi… Neçə vaxt idi o, yalnız sizin varlığınızla təskinlik tapırdı... Sizə deməmiş olmazdı, yuxularından əziyyət çəkirdi, yazıq. Yanınıza da buna görə getdi. Ümidi, bircə sızə idi…
– Mən… – professor hiss elədi ki, qızarıb tərləyir. – axı mən…
– …Sizdən sonra onun ümidi tamam qırıldı... Axır ki, apardılar onu… - qadının axırıncı sözləri telefon xəttinin xırıltısına qarışıb anlaşılmaz oldu…
– «Apardılar» deyirsiz?.. – professorun içi titrədi...
– …Dediyi kimi də oldu… yuxuda keçindi. – qadın, onu eşitmirmiş kimi, ahəstə-ahəstə sözünün ardını gətirdi. – Saat üçlə dörd radələrində...
– Yuxuda?..
– …Axır ki, bu yuxular axırına çıxdı oun. Özü də həmişə deyirdi. Bunu deyirdi… «Bu – mənim axırımdı.» - deyirdi… - qadın sonra yenə nə isə dedi, professor eşitmədi… Professorun beyni ağappaq, sopsoyuq dumanın içindəydi…
Akademik bu gecə, saat üçlə dörd arası, yuxuda ölmüşdü. Akademikin bu xəbis ölüm aktı, həmin radələrdə, necəsə, həm də onun yuxusunda baş vermişdi... Bu, necə ola bilərdi?..
Professor hiss elədi ki, bədəni tədricən soyuyur.
– Elə deyirdi, yanımda yat, qorxuram. Onu, yuxuları o günə salmışdı. Son aylar ki, tamam üzüb əldən salmışdı… Xırıltısına ayıldım... Yuxuda da sizi çağırırdı yazıq. «Kömək edin, professor…» - deyə-deyə çabalayırdı, «nəfəsim çatmır…» deyirdi... – bu yerdə qadının boğazını qəhər tutdu – Elə bil kiminləsə əlbəyaxa əlləşirdi... Çiynindən tutub nə qədər silkələdim ki, oyadam, oyanmadı ki, oyanmadı... Elə əlləşə-əlləşə də getdi…
Professor hiss elədi ki, daha danışmaq istəmir. Danışmağa heyi yoxdu. Bir də, qadın kövrəldikcə, səsi əsəblərinə toxunurdu. Odu ki, söhbəti yekunlaşdırıb dəstəyi asdı.
Əl-üzyuyanın qarşısına keçib, orda, bir neçə dəqiqə soyuq suyla əl-üzünü yudu və əl-üzyuyanın üstündən asılmış balaca, dördkünc güzgüdən üzünə baxdı... Rəngi avazımış, gözlərinin altı, neçə gecənin yuxusuzluğundan tuluqlanmışdı…
Siyirtməni çəkib qəlyanını çıxartdı, tənbəkisini doldurub tüstülədə-tüstülədə, dönə-dönə, bayaqkı qəfil xəbəri, gecəki yuxusunu, akademikin arvadının dediklərini bir-birinin ardınca sıraya düzüb, bütün bu ağlasığmazlığın səbəb və məntiqini müəyyənləşdirməyə çalışdısa da...
Akademiki onun yuxusunda öldürmüşdülər… Dəqiq olanı, hələ ki, bu idi. Digər müəmma - onun, hansı möcüzəyləsə, akademikin yuxusuna düşməsiydi.
İndi bütün bu anlaşılmaz qarışıqlığa, necəsə aydınlıq gətirmək lazım idi. Bu gecəki yuxunun hardan başladığını yadına salmaq, kimin nə vaxt, hardan hara düşdüyünü dəqiqləşdirmək lazım idi… Bu gecəki yuxusunda o, öz gündəlik marşrutu ilə – 12 nömrəli tramvayla gedib öz küçələrində düşmüşdü… - professor fikirləşib duruxdu və bu gecəki yuxuda evə, tramvayla yox, marşrut taksisində yollanmağını xatırladı… Sonra həyətlərinə girib özünü ağaclığa salmağını və akademikin səsini eşitdiyi məqamları xatırladı… Evə marşrut taksisiylə yollanmağını çıxmaq şərtiylə, bu gecəki yuxusu, o birilərin davamı idi. Sonra professorun, qəfildən beynindən ötən fikirdən, oturduğu yerdə gözləri qaraldı…
Bu gecə onun yuxusunda baş verənlər, elə o birilər də, olsun ki, akademikin dediyi kimi, yuxu deyildi... Və əgər eləydisə, onda ora hara idi ki, şəhərin o biri başındakı mənzilində, öz yorğan-döşəyində yatdığı yerdə dünyasını dəyişmiş akademikin, onların həyətində, onun beşcə addımlığında qətlə yetirilməsini o, hansı məntiqlə, hansı məkan, yaxud zaman ölçüləriylə hesablamalıydı?.. Ya bəlkə… – professor şlyapasını çıxarıb stolun üstünə qoydu – …bəlkə hər şey çox sadə idi?.. Akademik də, o da – ahıllıq psixozu keçırən ruhi xəstələr idi?..
Professorun gözlərinin qabağına, akademikin solğun üzü, xəstəhal gözləri gəldi...
Yox, akademik xəstə deyildi. Sadəcə, nə isə baş verirdi... və onlar hər ikisi, həmin o Baş Verənin bədbəxt iştirakçıları, bəlkə də qurbanlarıydılar. Belə olmasaydı, bu gecə həyətin qaranlıq ağaclığında ağlaya-ağlaya, onu köməyə çağıran akademikin dediyi son sözləri, akademikin, şəhərin mərkəzində yerləşən evində, böyründə yatan arvadı eşidə bilməzdi. Yox-yox, hər şey ağlasığmaz dərəcədə qəliz idi… – professor fikirləşdi. - Demək belə, tələsik nəticə çıxarmaq, təşfişə düşmək lazım deyil. – professor fikirlərini sahmanlamağa çalışdı... – Hər şeyi soyuq ağılla, səbrlə düşünüb daşınmaq, bu düyünlü tələnin açarını, nəyin bahasına olursa olsun, tapmaq lazımdı.
Birinci ehtimal budu ki, akademik xəstə deyildi və dünən bu otaqda onunla üzbəüz otura-otura, dərdini anlayacaq yeganə həmfikir kimi ona danışdığı bütün o sayıqlamaları, indi belə məlum olurdu ki, həqiqətdi. Akademik, həqıqətən tələyə keçmişdi. Akademiki, həmin o ölüm tələsinə, özü dediyi kimi, elmi işində toxunduğu «bəzi qadağa mətləblərə» görə salmışdılar. Və burdan belə məlum olurdu ki, son günlər gördüyü öldürücü yuxu silsilələri, onun da, belə bir tələyə keçmək ərəfəsində olduğundan xəbər verirdi. Akademiki, neçə aydan bəri yuxularında güdə-güdə, axır ki, canını alan həmin o Naməlum Kəs, indi belə məlum olurdu ki, niyəsə həm də onu güdürdü. Bu gecə isə, bu Ölüm elçisi, akademikin son yuxularında olduğu kimi, onun da mənzilinin ağzına çatmışdı və zindan ağırlığında soyuq əlini onun çiyninə qoymuşdu... Bu, o demək idi ki, onun da vaxtına az qalırdı…
Bu fikirdən, ya bayaq üzünü yuduğu suyun soyuqluğundan, professorun saçlarının dibi gizildədi... Ani bir məqam qapını açıb dəhlizə atılmaq, səsi gəldikcə bağırıb adamları başına yığmaq, onların arasında gizlənmək istədi… və həmin dəqiqə də, gözləri qarala-qarala, başına yığışacaq insan dəstələrinin, onu qucaqlarına alıb qabırğalarının altına soxsalar belə, Bozgödəkçəlinin əlindən qurtula bilməyəcəyini anladı... O səbəbdən ki, yuxuda heç kimin, heç kimi qorumaq gücü yox idi... Bu fikirdən, professora elə gəldi ki, otağın tavanı bir pillə aşağı endi, ya işıq azaldı?.. Başını əlləri arasına alıb sıxdı...
Günahı nə idi axı?.. O ki, akademik kimi, elmi iş yazıb qadağalı mətləblərə toxunmamışdı?.. Sonra əllərini qoltuğuna vurub gözləri yol çəkə-çəkə, son illər olub keçənləri - dediyi bütün sözləri və hərəkətləri, getdiyi yerləri və görüşdüyü adamları yadına salmağa çalışdısa da, qarısının ölümündən sonrakı son üç ili, xəstələrindən və kolleksiyasını topladığı cücü qurularından savayı heç nəyi xatrlamadı… Bəlkə günahı o idi ki, öz xəstəhal yuxu aludəliyiylə o da, necəsə, hansısa qadağa sərhədləri pozmuşdu, yuxuda nəyinsə, haranınsa səddini aşıb, özü də bilmədən, akademiki təqib edən həmin o Bozgödəkçəlinin izinə düşmüşdü?.. Yaddaşını cilovlayıb həmin gecə, Bozgödəkçəlinin izinə hardan, necə düşdüyünü, bütün yuxunu onu, qorxudan az qala bağrı yarıla-yarıla, addımbaaddım izləməyinin səbəbini yadına salmağa çalışdısa da, hansısa dəhşət filmlərinin kadrlarını andıran təqibin özündən savayı, yadına heç nə düşmədi…
…Qapı astaca tıqqıldadı və aralandı. Qapının o üzündən ədəbli səs:
- Olar? – dedi və içəri, orta yaşlı, səliqəli geyimli, yaraşıqlı bir adam daxil oldu. İçəri keçib əllərini, imtahana gələn tələbə təvazökarlığıyla arxasında çarpazladı və professorun stoluyla üzbəüzdəki stula əyləşmək üçün təklif gözlədi.
Professor fikirdən ayılıb cib saatına baxdı... On birin yarısı idi.
– Buyurun, əyləşin. – professor xəstəyə yer gösiərdi, özü isə, vahimədən keyi hələ də açılmayan qolları bir-birinə dolaşa-dolaşa plaşını soyunub kreslosunun kürəkliyinə saldı, sonra stolun üstünə səpələnmiş kağız-kuğuzu sahmana sala-sala fikirləşdi ki, hansı ağılla xəstə qəbul eləyir?!..
Xəstə, professorun təklif elədiyi stula əyləşib ayağını ayağının üstünə aşırdı, əllərini dizi üstündə çarpazlayıb professora edə baxdı, elə bil bura, öz istəyiylə yox, professorun dəvətiylə gəlmişdi.
– Müayinə vərəqəniz var?.. – professor candərdi soruşub kağızları, necə gəldi, üst-üstə yığdı.
- Bəli, bəli, gərək ki, burda, sizdə olmalıdı. Mən dünən də gəlmişdim. Sizi tapa bilmədim, çıxıb getdim.
- Familiyanız necədi?
- Qurbanov.
– Qurbanov… - professor ağzının içində deyə-deyə, «Qurbanov» familiyasını qarşısındakı xəstəlik vərəqələrində axtardısa da, tapmadı. Siyirtmədən tənbəki qutusunu çıxarıb stola qoydu və xəstəyə - Buyurun, danışın. Nə kimi şikayətləriniz var?.. – deyib dəmir sancaqla qəlyanının içini təmizləməklə məşğul oldu.
– Məncə əsəb pozğunluğu.
– Sizcə?..
– Həyat yoldaşım da deyir. - xəstə deyib elə bil qızardı – Dostlarım, tanış-biliş də deyir. Son vaxtlar özüm də hiss eləyirəm. Bura da məni, düzünü desəm, elə arvadım göndərdi.
- Onlar nə deyir, özünüz nə hiss edirsiniz?.. – professor qəlyanı təmizləməkdən yorulub stolun üstünə qoydu, özü isə kreslonun söykənəcəyinə söykəndi.
– Arvadım deyir, axır vaxtlar vasvası olmuşam, hər şeydən əsəbiləşirəm, acıdillik eləyirəm… – xəstə deyib susdu, dovşan gözlərini andıran dəyirmi gözlərlə professora baxdı.
– Danışın, danışın… – professor deyib qəlyanını tütünlə doldura-doldura müsahibinə baxdı.
– Özümsə hiss eləyirəm ki, son vaxtlar məndə təkliyə qəribə bir meyl yaranıb. Yavaş-yavaş, özüm də bilmədən, tanışlardan, son vaxtlar, ən yaxşı dostlarımdan da qaçmağa başlamışam. İşdə qapını arxadan açarlayıram ki, içəri girən olmasın. Başa düşürəm, belə olmaz, bu, pisdi… amma…
– Adamlardan qaçmağınızın səbəbi özünüzə aydındı?..
Xəstə çiyinlərini çəkib susdu, bir qədər düşünüb:
– Adamlardan əsəbiləşirəm. – dedi.
– Səbəbi?..
– Səbəbi?.. Bunu dəqiq deyə bilmərəm. Məncə odu ki, mənimki onlarla tutmur.
– Bəs dostlarınız? Onlarla da tutmur?
Xəstə başını yellədi:
– Onlar mənə maraqsız görünürlər. Elə arvadım da deyir. Elə ona görə də məni bura göndərdi.
Xəstənin danışığı professoru birdən-birə darıxdırdı, qəlyanının tütününü külqabıya çırpıb:
– Yaxşı, tək qalanda, nə edirsiz, nə ilə məşğul olursuz? – dedi.
– Əsasən kitab oxuyuram, dini kitablar.
– Belə de… Peşəniz nədi?
– Əlyazmalar İnstitutunda işləyirəm. Özüm dilçiyəm, amma tərcüməylə də məşğul oluram. Bu dəqiqə əlimdə qədim Misir rəmmallarının «Yuxu məkanı» adlı maraqlı əlyazmasını tərcümə edirəm. Düzünü deyim, əsəblərim, ən çox da elə o əlyazmaan sonra pozuldu.
«Yuxu» sözündən professorun ürəyi düşdü.
– Deyirsiz əsəbləriniz bundan pozulub? İzah edə bilərsiz niyə?..
– Niyə?.. – xəstə elə bil bu sualdan çaşdı. – Onu deyə bilmərəm...
– Siz o əlyazmanı əvvəldən axıra qədər oxumusunuz?..
– Bəli, oxumuşam. Əlyazma elə də böyük deyil, təxmınən iki yüz səhifə olar. Arada bəzi səhifələri itib, bəzilərində mətn pozulub.
– Maraqlıdı… – professor həyəcandan təngiyən nəfəsini nizama sala-sala, bayaqkı təmkinlə – Düzü, mən özüm də qədim əlyazmalar həvəskarıyam. Babat kitabxanam var. Amma yuxular barədə məndə olanlar, sırf tibbi ədəbiyyatlardı.
– Yox, professor, dilimdə «Misir» deyirəm. Qədim, əfsanəvi Misir… – bu sözdən nədənsə xəstənin gözlərindən sərxoş bir ifadə axıb keçdi, yanaqları qızardı... Ya bu, professora elə gəldi?.. – …Bu, əlyazmanın əsli deyil, surətidi. – xəstə həvəslə sözünə davam elədi. - Bunun əsli ələ düşməz. Təsəvvür edin, bu əlyazmanın tarixi bilinmir. Orda yuxular – insanın fizioloji halı kimi yox, onu, sağ ikən o biri dünyalarla bağlayan körpü kimi təqdim edilir…
Professor, xəstəni dinləyə-dinləyə fikirləşdi ki, gözündə zərrə qədər xəstəlik əlaməti olmayan bu gümrah adamın təşrifinin də, olsun ki, onun yuxuları kimi, hansısa mistik məqsədi var və bu fikirdən qəribə bir titrətməylə üşütdü, kreslonun söykənəcəyinə aldığı paltosunu çiyninə salıb özünə bürüyə-bürüyə fikirləşdi ki, hər şey bir yana qalsın, o, ilk növbədə həkimdi və qarşısında oturan adamın, onun köməyinə ehtiyaclı olduğunu unutmamalıdı. O, yalnız onu dinləməli, öz vəziyyətini, xəstəhal yuxularını, müvəqqəti də olsa, bir kənara qoymalıdı.
– Maraqlıdı. – professor sönmüş qəlyanını yenidən yandırıb xəstənin üzünə baxdı.
– Çox maraqlıdı. – xəstə, getdicə elə bil bir az da həvəslənirdi… – Orda yuxu – insan ruhunun, bədəni tərk edib, hansısa görünməz aləmlərlə əlaqəyə girmə məqamı kimi təsvir edilir. Bu aləmlərin, daha doğrusu, bu məkanların mövcudluğu orda elmi dəlillərlə sübuta yetirilir. O dəlillərə görə, yuxu, bu dünyayla o dünya arasında asılan görünməz, şəffaf laydır…
…Bu gecəki yuxusu, yarıqaranlıq ağaclıq, akademikin köməksiz səsi hardansa lap yaxından - professorun arxa tərəfindən ötüb keçdi… Əgər bu xəstə tərcüməçinin sözündə həqiqət var idisə, demək, professor həmin o Yerə akademiklə bir düşmüşdü...
– …odu ki, adəm əhlinə qadağan edilir.
– …Üzr istəyirəm, fikrim yayındı. Deyirsiz, nə qadağan edilir?..
– Yuxuları yadda saxlamaq. Orda deyilir ki, insan yuxusunu yadında saxlasa, istər-istəməz o adamın bir ayağı bu dünyadan üzülməyə başlayır. Odu ki, siz, bir fikir verin, görün, hansı birimiz, gecənin neçə saatı ərzində gördüyü yuxusunu yadında saxlaya bilir?.. Orda elə belə də yazılır: «Yuxu ərazisinə aludə olanlarn burda, yəni Yer üzündə yaşamaq limiti başa çatır...»
– Nə mənada?..
– O mənada ki, insan daim ora – yalnız yuxuda düşə bildiyi həmin o məkana can atır... İndi görün bu, necə bir yerdi ki, insanın əlini dünyadan üzür. – bu yerdə xəstə bir anlıq susub xəyala daldı, sonra gözləri yol çəkə-çəkə, qəribə, sirli ecazla – Mən bunu başa düşürəm… - dedi – Olsun ki, burda axtardığımız azadlıq – yalnız ordadı. Axı orda biz, hər şey bir yana qalsın, bədənsiz oluruq?!..
– Nə mənada?.. – professor elə bil diksindi.
- O mənada ki, yuxuya aludə olan – axı bizim bədənimiz deyil… - xəstə deyib yenə fikrə getdi. Elə bil daha nə isə deyəcəyini yadına salmağa çalışdı...
Professorsa, yenə dünən, həmin bu kabinetdə, xəstənin oturduğu stulda oturub, ona dərdini danışan bədbəxt akademiki… otaqdan çıxhaçıxda, qapının ağzında ayaq saxlayıb ümidsizlik içində ona zillədiyi xırda gözlərini xatırladı…
Xəstəyə nə deməli olduğunu bilmirdi… Bircə onu anlıyırdı ki, hər şey durulub açılmaq əvəzinə, getdikcə, düyünlənib qəlizləşməyə doğru gedirdi...
– …orda bu barədə dəqiq bir şey yazılmır… – xəstə hələ də bayaqkı həvəslə danışırdı – Bu, mənim qənaətimdi. Məncə, orda, burdakı həyat çərçivələrinin və qanunların darısqallığı yoxdu… - xəstə bunu deyib fikrə getdi, sonra yadına yenə nə isə düşdü – Hə, yadıma düşdü, Orda bir də yazılır ki, o Məkaının, yuxu məkanının yəni, təhlükəli əraziləri də var və oralara da düşənlər olur. Bax ən dəhşətlisi də budu...
Xəstənin bu sözündən, pofessorun ürəyi düşdü:
- Nə dəhşətdi?..
- Həmin o ərazilərin ixtiyarına keçmək. Ordan xilas yoxdu. Bəli, bəli. – xəstə artıq müəllim kimi danışırdı... – Orda o ərazilər barədə yazılanları oxuyanda, anlayırsan ki, bu, təxminən Cəhənnəmin özüdü… Ya da ən azı, Oranın astanasıdı. Orda bir fəsil ancaq bu barədədi. Əlyazmanın ən sehrli yeri də budu. Orda deyilir ki… - bu yerdə xəstə, nəyə görəsə səsini azaltdı – həmin o ərazilərin ixtiyarına keçmək – İblisin nəzarəti altına – Zonaya düşməkdi…
Xəstə bu sözləri qəribə ehtiyatla, elə bil, otaqda onların ikisindən savayı olan kiminsə eşidəcəyindən çəkinə-çəkinə, astadan dedi. Yoxsa bu, professora elə gəldi?!..
- Yuxuya aludəlik, yəni yuxuya meyl, bu dünyadan küsmək kimi bir şeydi. – xəstə deyib, özünü stulun söykənəcəyinə saldı - Bu cür yuxu aludəliyi Orda, Allahı qəzəbləndirən intiharla müqayisə edilir. Yuxuya can atmaq, yuxuda yaşamaq, Allahın yaratdığı bu işıqlı dünyadan, yəni Allahın özündən üz çevirməkdi.
– Maraqlıdı. – professor süni laqeydliklə dedi və hiss elədi ki, başı gicəllənir…
– Orda yazılıb ki, həmin o ərazilərə əsasən, bağışlanmaz günah sahibləri düşür. Daha doğrusu, onları oralara necəsə çəkib aparırlar.
…Akademik öz günahını bilirdi… - professor, xətənin sonrakı sözlərini dinləsə də anlamırdı... - Onun günahı nə idi?..
– …bunlar xırda şeylərdi… – xəstə susmaq bilmirdi, elə danışırdı, elə bil neçə vaxtdan bəri həsrətlə bu əlyazma haqqında ona mühazirə deməyə hazırlaşmışdı. – Orda o da yazılıb ki, Allahı ən çox qəzəbləndirən - onun adına, yaratdığına, dərgahına toxunmaqdı…
Professor fikirləşdi ki, akademikin həmin o elmi işini, mütləq, nəyin bahasına olursa olsun, günü elə bu gün, əldə etməlidi. Bu qarmaqarışıq, kilkəli tilsimdən çıxmağın yolunu ona, olsun ki, həmin o «qadağalı yazılar» göstərəcəkdi.
– …Ordan geriyə yol yoxdu. – xəstə deyib, qəribə bir hüznlə professora baxdı.
– Ordan, yəni…
– Həmin o məkandan. Orda elə-belə də yazılıb.
Professor fikirləşdi ki, qəribədi ki, bayaqdan bəri bu gümrah üzlü xəstənin, onun beynindən keçənləri həmin dəqiqə oxuması, ürəyində bitən ani suallara o andaca cavab verməsi, onun diqqətini cəlb eləməyib. Sonra nə oldusa, xəstəlik vərəqəsi də, necəsə, tapılmayan bu cavan adamın üzü professora tanış gəldi… Oğlanın nazik burnu, qövsvari qaşları, qulaqlarının iti ucları – onu balaca, fitnəkar şeytana oxşatmağa başladı… və professor, ürəyi sıxıla-sıxıla, yalnız indi fikirləşdi ki, niyə bayaqdan bəri, otağına təşrif buyuran bu adamın, gələndən, ancaq yuxulardan danışmağı da, onun diqqətini cəlb etməyib?.. Bəlkə bu adam bura, elə bundan ötrü gəlib?.. Ya bəlkə onu bura göndəriblər?!.. – professor ürəyi sıxıla-sıxıla fikirləşdi… - Göndəriblər ki, neçə vaxtdan bəri başını sındıra-sındıra açmaq istədiyi yuxu düyününü ona açsınlar, hansı əməlinə görə ölüm hökmünə məhkum olunduğunu izah etsinlər…
– Belə-belə işlər. – xəstə deyib harasa döşəməyə baxdı.
Professorun nə isə deməyə heyi qalmamışdı…
Hamısı yorğunluqdu… beyin və əsəb yorğunluğu… bir də son həftələr, az qala ovuc-ovuc içdiyi yuxu dərmanlarının təsiri… – professor beyni dumanlana-dumanlana fikirləşdi, eynəyini çıxarıb üz-gözünü ovuşdurdu. - Bu, son idi. Hər şey – hadısələr, yuxular və əlyazmalar bir şey deyirdi: o, – Astanadadı.
– Maraqlanırsızsa, mən o yazının üzünü çıxarıb, sizə gətirə də bilərəm. – xəstə dedı.
Professor nə isə demək istədisə də, dilini tərpədə bilmədi… sonra gözlərini bir neçə dəfə yumub-açdısa da, başgicəllənməsi səngimədi...
– Deyəsən özünüzü pis hiss edirsiz, professor. – xəstə deyib elə bil ayağa qalxmaq istədi... Sonra ayağa qalxdı da… stolun üstündəki qrafindən su da töküb içdi… yoxsa, stəkanı professora uzatdı?..
Olsun ki, qan təzyiqi qalxıb. – professor, xəstənin ona uzatdığı suyla dolu stəkana baxa-baxa, gözləri qarala-qarala fıkirləşdi və əlini stəkana uzatdısa da, onu heç cür xəstənin əlindən ala bilmədi… və gözü, stəkanın, xırda titrəyişlərlə çalxalanan suyuna zillənib qaldı… Sonra nə oldusa, professor oturduğu yerdə, elə bil harasa arxaya getdi… orda nəyəsə söykənib, ya arxası üstə yıxılıb otaq başına hərlənə-hərlənə qaldı… və getdikcə işığı azalan bulanıq gözləriylə, xəstənin, qəribə, qorxaq addımlarla ona yaxınlaşdığını, üstünə əyilib sivri burnuyla, qırmızı gözləriylə üzünə yaxından baxdığını gördü və bundan zəif-zəif titrətdi… sonra qəfildən gözü, xəstənin ayağındakı sumağı ayaqqabılara sataşdı… ayaqqabılar bir-birini növbələyə-növbələyə, ehmal-ehmal döşəməyə basıla-basıla qapıya sarı getdi… və orda qaranlıq dumanabənzər nəyinsə içində yoxa çıxdı…

…Bir qədər sonra professor, sallaqxanı andıran, yarıqaranlıq bir yerdən birbaşıaşağı asılmışdı… Bədəninin qanı, uzun müddət başıaşağı asıldığından, təpəsinin ortasına yığılmışdı… indi orda, nəbziylə bir, aramla lükküldəyirdi... Sonra elə bil təpəsinin hansısa damarı lükkültüyə davam gətirməyib çatladı… və qanı, ağır damcılarla harasa aşağı – sonu, axırı görünməyən dibsiz dərinliklərə damcılaya-damcılaya çaaqıldamağa başladı… Damcıların səsi hardansa lap uzaqdan, elə bil Yerin o üzündən eşidildi… Sonra hava elə bil soyudu və professor, eləcə başıaşağı asıldığı yerdə pis-pis üşütdü… çənəsi əsəbi titrəyişlə əsib dişlərıni bir-birinə vurdu... Sonra hardansa sürünüb soyuq, sürüşkən bədənləriylə biləklərinə, topuqlarına sarılan ilanabənzər əcaib məxluqlar kor üzlərni professorun bıləklərinə dirəyib qanını sümürməyə başladılar… Tərpənməyə, qışqırmağa heyi yox idi… Tərpəndikcə, təpəsindən süzülən qanın axını güclənirdi, biləyindəki kor ilanların dişsiz ağızları bir az da dərinə yeriyirdi… Bütün bu müdhişlikdən xilas olmaqdan ötrü, gözlərini yumub özünü yuxuya verməyə çalışdı... Qan itkisinin - ölümün ən asan və ağrısız yolu olduğunu professor yaxşı bilirdi... Sonra nə oldusa, asıldığı yerdəcə onu silkələməyə başladılar… Canı sızıldadı… kimsə ağır əlini çiyninə dirəyib onu kobud-kobud tərpətdi, sonra üzünə üzünə su çilədi…


…Gözlərini açdı…
…Klinikanın bir neçə həkimi, tibb bacıları, ətrafına yığışmışdılar. Qolları, yalın topuqları, kardioqram cihazının sulu əmzikləriylə dolu idi... Bayaqkı xəstə də burda idi, ağarmış bəniziylə həkimlərin arasından, ona baxırdı… qulaqları artıq bayaqkı kimi ucuiti deyildi...
– Özünə gəldi. – kimsə başının üstündə dedi, sonra üstünə əyilib üzünə lap yaxından baxa-baxa:
– İndi necəsiz, professor?.. – dedi.
Baş həkim də burdaydı, qapının ağzında dayanıb qəhərli səsiylə astadan kiməsə:
– Hamımızın axırı budu. – deyirdi…
Gözlərinin qabağı yenə bulanıq idi… Başı daha hərlənmirdi. Həkimlər köməkləşib deyəsən onu xərəyə keçirmək istədilər.
– Lazım deyil… – professor dilini ağzının içində zorla tərpəcə-tərpədə dedi.
– Bəlkə sizi evə aparaq, professor?.. – bayaqkı xəstə günahkar üzüylə hələ də ona baxırdı. – Sizi mən yordum.
– Lazım deyil, əziyyət çəkməyin. – bir təhər dedi və qayğıkeş xəstənin bayaqkı söhbətini xatırladı... – Yaxşıyam daha.
Professor heç cür evə gedə bilməzdi, özünü o ölüm qoxulu yuxularının ixtiyarına verə bilməzdi. Odu ki, bir də:
– Daha yaxşıyam, narahat olmayın. – deyib özünü dikəltdi. - Bir azdan özüm asta-asta gedəcəyəm.
Xəstə, həkimlər dağılışandan sonra da getmədi, qapının ağzında dayanıb günahkar üzlə:
– Məni bağışlayın, professor. – dedi. – Sizin işiniz onsuz da ağırdı. Mən də bu yandan. – dedi, sonra çönüb, ehmal addımlarla otaqan çıxdı.
Xəstə gedəndən sonra bir müddət gözü, telefon apparatında qala-qala oturdu. Hər şey izaholunmaz bir qəlizliklə mürəkkəbləşməyə doğru gedirdi… – professor, gözlərinin qabağı tədricən aydışlaşa-aydınlaşa fikirləşdi və yenə hardansa yadına, qorxunc Bozgödəkçəlinin, İstiqlaliyyət küçəsindəki Elmlər Akademiyasının girəcəyində ayaq saxlamasını, qəfildən geriyə çönüb bozumtul üzüylə uzaqdan ona zillənməsini xatırladı… hiss elədi ki, yenə alnına soyuq tər gəldi. Ayağa qalxıb nəfəsliyi açdı, bir müddət pəncərədən küçəyə baxa-baxa, sinəsinin sol tərəfinə qısılan nəfəsini nizamlamağa çalışdı…
Yağış yağırdı…
Hər şey, dahiyanə ustalıqla işlənmiş simmetrik naxışlarla böyür-böyürə, üst-üstə sıralanaraq, hansısa naməlum, qorxunc məntiqli mənzərə yaradırdı... Bütün bunları, əsassız fərziyyəyə, adi təsadüfə, yaxud anlaşılmaz uyğunluğa bənzətmək üçün professor, xırdaca da olsun, səbəb, yaxud, bəhanə tapa bilmirdi... Bütün bu qəliz izaholunmazlığa müəyyən aydınlıq gətirəcək bir şey vardısa, o da akademikin əlyazması idi… O əlyazmanı professor mütləq tapmalyıdı. Ayrı yol yox idi… Bütün bunlardan sonra o, başını aşağı salıb, qurbanlıq qoyun kimi evinə yollana bilməzdi, özünü, o iti qırmaqlı yuxuların ixtiyarına verə bilməzdi...
Stolunun arxasına keçib siyirtməni çəkdi, sonra döyüntüsü hələ də qaydasına düşməyən ürəyini xatırlayıb qəlyanı siyirtmənin dibinə itələdi.
Qapı yenə xırda-xırda döyüldü. Gələn yenə tabelçi idi, armudu stəkanda gətirib gəldiyi çayı professorun qabağına qoyub astaca:
– Limon tapa bilmədim. – dedi və bayaqkı xəstə kimi, ehmal addımlarla otaqdan çıxdı.

***


Akademikin cənazəsi, Akademiyanın böyük iclas salonunun gur işıqlı səhnəsində - qırmızı məxmər üzlü hündür pyedistalın üstündə, gül səbətlərinin və əklillərin ortasında qoyulmuşdu. Cənazə – baş tərəfdən, azca şaquli vəziyyətdə dayandığından, içindəkinin rəngsiz üzü, üfürlənmiş qarnının üstə çarpazladığı sarımtıl əlləri aşağı cərgələrdə oturanlara aydın görünürdü.
Akademikin üzündəki vahimə, olsun ki, gecəki yuxusundan bura olduğu vəziyyətində qalmışdı. Burun pərələri iri-iri açılmış, nazik dodaqları, ağlamsınan tək, büzülmüşdü.
Həmin bu ifadəylə bir gün əvvəl akademik onunla, klinikasındakı otaqda üzbəüz oturmuş, saman qırığından yapışan tək, içi çıxılmazlıqlar dolu gözlərlə yaxasından asılmışdı… - arxa cərgələrin birində, bir neçə qoca, eynkli qarının arasında oturmuş professor səhnəyə baxa-baxa fikirləşirdi… - Akademikin ölümündə onun da təqsiri var idi və bundan sonrakı ömrünü, bəlkə də artıq barmaqla sayılmış günlərini, bu günah hissi ilə də yaşayacaqdı. - professor fikirləşdi və bu fikirdən içinə qəribə bir üzüntü çökdü…
Salonda - qabaq cərgədə oturan yeddi-səkkiz qadından, beş-on kişidən, onunla yanaşı oturub ciyərlərini xışıldada-xışıldada ağır-ağır nəfəs alan qarılardan, bir də cənazənin ətrafında fəxri qarovulda dayanmaqdan hərəsi bir tərəfə əyilən, sinəsi ordenli qocalardan savayı heç kəs yox idi. Onlar da, cənazənin ətrafında uzun müddət dayanmaqdan, ya nədənsə, getdikcə, tabutda yatan akademikə oxşamağa başlamışdılar.
Salona gücləndirici ilə ötürülən matəm musiqiləri növbələndikcə, akademikin cəsədindən saçan formalinin iyi cərgələr boyu yayılır, hardasa, professora ən yaxın məsafələrdə havadan asılıb qalır, onun, onsuz da hüznlü əhvalını bir az da ağırlaşdırırdı.
Cərgələr getdikcə adamla dolurdu. Adamlar iki-bir, üç bir salona daxil olur, bəziləri, qabaq cərgədə oturan qadınlarla görüşüb salonda yerlərini tutur, bəziləri isə birbaş səhnəyə qalxır, gətirdikləri gül dəstələrini akademikin ayaqları altına düzüb aşağı enirdilər.
Professor, səhnədə, əlvan gül dağının altında uyuyan akdemikin sarımtıl əllərinə baxa-baxa, bütün bu çııxılmazlıq dolu matəmin, cənazədə uyuyan akademiklə bərabər, ona da aidiyyatı olduğunu necəsə hiss eləyirdi… Əslinə qalanda, bu mum rəngli cansız vücudun özünün də, elə bil, dünən onunla üzbəüz oturub daqışa-danışa, gözləri dəqiqədə bir yaşaran akademikə elə bir aidiyyatı yox idi… - professor bığlarının uclarını çeynəyə-çeynəyə fikirləşdi. Akademik indi Allah billir, hardaydı…
Saatına baxdı. Dördə az qalırdı. On-on beş dəqiqədən sonra cənazə götürüləcəkdi.
Ayağa qalxıb, ehmal addımlarla irəliyə keçdi, qabaq cərgədə oturan qara örtüklü qadınların arxasında əyləşib, bir müddət də səhnəyə ordan baxdı.
Akademikin cəsədi, yaxından baxanda, qətiyyən özünə oxşamırdı. Üzü, qəribə natarazlıqla enlənmiş, qaşları qalınlaşmış, bədəni irilmişdi... Ya bəlkə bu, ona elə gəldi?
Birinci cərgədəkilər, barmaqlarının ucunu belə tərpətmədən, donuq səssizliklə səhqnəyə elə baxırdılar, elə bil bu dəqiqə orda nə isə baş verəcəkdi…
Professor, musiqi fasiləsindən istifadə edib irəliyə əyildi, qara örtüklü qadınların tən ortasında oturan yaşlı qadının qulağına, mümkün qədər mülayim səslə:
– Allah rəhmət eləsin. Axır qəminiz olsun… – dedi.
Qadın çönüb yaşlı gözlərlə professora elə baxdı, elə bil indicə professordan nə isə biədəb bir söz eşitmişdi. Sonra üzündəki incik ifadəylə yanındakı qadına işarəylə:
– Mərhumun yoldaşı budu. – dedi.
Akademikin yoldaşı - orta yaşlı, yaraşıqlı bir qadın idi. Üzünün sivri cizgiləriylə professora sarı çönüb astaca:
– Sizi səsinizdən tanıdım. – dedi.
– Mən… - professor dedi və elə o dəqiqə də nə deyəcəyini unutdu. - Allah rəhmət eləsin, axır qəminiz olsun. – deyib geriyə söykəndisə də, sonra yenə irəliyə dartındı. – Dönə-dönə üzr istəyirəm. Yeri olmasa da, sızinlə danışmalıyam. Mümkünsə, təcili.
– Mənimlə?.. – qadın geriyə çevrilmədən, harasa kənara pıçıldadı.
Professor saatına, sonra yan-yörəsinə baxdı:
– Çox xahiş edirəm, beşcə dəqiqəlik.
– Axı indi…
Qara örtüklü qadınlar çönüb ikrahla professora, sonra akademikin arvadına baxdılar.
– Qulaq asın, istəyirsiz, elə burda danışaq. Bilirsiz, məsələ bundadı ki… - bu məqam professor cənazədəki akademikin, qarnının üstə çarpazladığı əllərindən birini, necəsə tərpətdiyini – kiməsə əl eləyən kimi, qalxıb-endiyini öz gözləriylə gördü... və özünü ələ alıb ətrafdakıların üzlərinə baxdı...
Adamlar bayaqkı hüznlü səbrlə səhnəyə zillənmişdilər.
– ...mənə, mərhumun son əlyazması lazımdı… - professor ağzını, akademikin arvadının qulağına mümkün qədər yaxınlaşdırıb, boğazını yandıran pıçıltıyla dedi. - Mümkünsə təcili…
Akademikin arvadı, professorun son sözlərindən, elə bil diksindi, çönüb kömür bəbəklərini professorun gözünün içinə zillədi və astadan.
– O, sizə o əlyazma barədə nə isə deyib?..
– Bəli… – professor pıçıldadı. – Daha doğrusu, belə demək olar.
Bu sözdən sonra akademikin arvadı bütün bədəniylə professora sarı çöndü, başını professorun qulağına sarı əyib:
– Təəssüf ki, bunu edə bilməyəcəyəm. - dedi.
– Niyə?.. Siz elə bilirsiz…
- Mən onu yandırmışam. – akademikin arvadı professorun sözünü ağzında qoydu. - Dünən… o, keçınəndən sonra.
Akademikin arvadının bu sözündən sonra matəm musiqisi kəsildi və milli himn çalınmağa başladı...
Professor geriyə söykənib, qulaqları uğuldaya-uğuldaya yenə səhnəyə - gül-çiçəyin arasında uyuyan akademikə baxdı. Akademikin əli daha tərpətmirdi...
Ayağa qalxıb, paltosunun ətəkləri cərgələrin tinlərinə ilişə-ilişə salondan çıxdı. Vestibülün aşağı başındakı zibil qutusuna yaxınlaşıb orda, heç kim görməsin deyə, üzü küncə ögüdüsə də, mədəsi boş olduğundan, ağzının içi suyla doldu… Paltosunun cibindən tapdığı yaylığı ağzına basıb divara söykəndi, təngiyən nəfəsini nizama sala-sala, bayaq akademikin arvadının, qəribə gizli həyəcanla ona çatdırdığı son xəbər barədə fikirləşdi... Akademikin işini, olsun ki, arvadına yandırtdırmışdılar. Sonra professor, vestibülün künc-bucağında o baş-bu başa söykənib öz aralarında asta-asta danışan adamlara göz gəzdirə-gəzdirə fikirləşdi ki, indi o, neynəməliydi?.. Kəfən alıb bədəninə sarımalı və yatağına girib boz ölüm elçisinin yolunu gözləməliydi?!..
Hiss elədi ki, bağırmaq, səsi gəldikcə, ulayıb, vestibülün bu səliqəli, akademik sakitliyini pozmaq istəyir...
Bu məqam iki nəfər yüksək rütbəli, orta yaşlı hərbçi pilllələri qalxıb, öz aralarında nə haqdasa astadan danışa-danışa salona daxil oldular.
Hamısı əsəb pozğunluğu və yorğunluqdu. – professor, üzünü divara çevirib pəncərənin məhəccərinə söykəndi. Elə bu məqam salonun ikilaylı, qədim qapıları taybatay açıldı, içəridən bir neçə nəfər vestibülə çıxdı və çox keçmədi ki, salonun adamboylu giriş qapılarında, üstü atlas lentlər və güllərlə bəzədilmiş cənazə göründü. Cənazəni, salona indicə daxil olan hərbçilər və bir neçə cavan adam çıxratdı, ardınca əklillər və qalan camaat çıxmağa başladı.
Cənazə professorun lap yaxınlığından ötdü və o, ağır gül dağının içindən, akademikin:«professor!..» - deyən yazıq pıçıltısını elə bil öz qulaqlarıyla eşitdi…
Yıxılmamaqdan ötrü qol-qola girib, cənazənin ardınca ehmal addımlarla yeryən qara örtüklü qadınların kinayə dolu baxışları da, hardansa, professorun lap yaxınlığından ötüb keçdi.
– Professor…
Akademikin arvadı idi, vestibülə dağılan adamların arasından narahat gözlərlə ona baxırdı…

Küçənin bir hissəsində maşınların hərəkəti dayandırılmışdı. Cənazə, İstiqlaliyyət küçəsinin mərkəziylə – professorun, bir neçə gün bundan əvvəlki yuxusunda Bozgödəkçəlinin nəzarətinə düşdüyü küçənin tən ortasıyla harasa üzüyuxarı üzürdü…


Akademikin formalininin iyi, arvadının geiminə hopmuşdu. Qadın addımlarını bilərəkdən yavaşıdıb onunla yanaşı addımlayırdı.
Olsun ki, bütün gecəni, ərinin formalinlənmiş meyiti ilə bir otaqda keçirib. – professor addımlaya-addımlaya fıkirləşdi və belə gecələrin birində, belə bir formalinlənmiş, cansız bədənlə özünü də mənzilinin tən ortasına qoyulmuş tabutda gördü…
– Professor, – akademikin arvadı balaca əl sumkasını sınəsinə basıb xırda addımlarla yanaşı yeriyirdi. – siz demədiz, əlyazma sizin nəyinizə gərəkdi?..
– Mən sadəcə… - professor hiss elədi ki, bütün bu təntənədən, yuxularının davamını andıran bu qara bəbəkli qadından tezcə qurtulmaq istəyir. – onun son işini oxumaq istəyirdim. Mənə o iş barədə danışmışdı…
- Amma mənə elə gəlir… – akademikin arvadı ovcunda bürüşdürdüyü yaylıqla sulu burnunu sildi – …siz məndən nə isə gizlədirsiz. O da son vaxtlar nə isə gizlədirdi məndən.
Professor qadına cavab vermədi. Bunu lüzumsuz hesab etdi. Neçə həftənin yuxusuzluğundan keyiyib ağırlaşmış ayaqlarını ardınca zorla sürüyə-sürüyə fikirləşdi ki, hansı ağılla bura gəldi?..
– Başa düşürəm… – qadın gözlərini qıyıb indi də harasa uzaqlara baxırdı – …hamısı onun o son işinə görə oldu. Özü də deyirdi. Hər şey, o yazını yazmağa başlayandan başladı. Bədbəxtin yuxularına haram qatıldı.
«Yuxularına haram qatıldı…» – professor ürəyində bir neçə dəfə təkrar elədi. Görünür, yuxularına haram qatılan, tək bir o, və bədbəxt akademik deyilmiş. Bu barədə zərb-məsəl də varmış. – fikirləşdi və ayaq saxladı. Akademikin arvadından gələn formalinin iyi elə bil paltosunun boyunluğuna hopmuşdu. Qadına Sarı baxmadan, ağzının içində:
– Məni üzürlü hesab edin. – dedi. –İşə qayıtmalıyam. Sonra çönüb izdihamın əks istiqamətində addımlamağa başladı.
– Professor… - akademikin arvadı tələsik addımlarla ardınca gəlirdi - Dayanın. Görün bir, nə deyirəm… - Bu, onun qeyd kitabçasıdı…. – qadın dik dabanları üstə büdrəyə-büdrəyə, əl çantasından çıxardığı balaca qeyd kitabçasını professora uzatdı – Demək olar, bütün qeydlərini burda aparırdı. Bəlkə burdan bir şey anlayarsız.
Ayaq saxlayıb qırmızı, nimdaş cildli qalın kitabçanı əlinə aldı, o üz-bu üzünə çevirdi. Kitabçanın vərəqləri saralımış, çoxu dibindən qopmuşdu… köhnəliyi, ya nəyi iləsə onun yuxularını xatırladırdı. Elə bil həmin o yarıqaranlıq yuxudakı ağaclıqda süpürləşən an akademikin cibindən sürüşüb düşmüşdü…
– Son günlər elə ölümdən danışırdı, yazıq. Deyirdi, «məni əlyazmamla basırdın…» Mən-axmaqsa... elə bil ağlım yerindən oynadı… – akademikin arvadı qəhərləndi. – Bunu, əlyazmanın yerinə tabutuna qoymaqdan ötrü götürdüm. Nə qədər olmasa… Professor kitabçanı vərəqləyə-vərəqləyə fikirləşdi ki, kitabçanı ona vermək – elə tabuta qoymaq kimi bir şeydi.
– Professor, söz verin ki, mənə hər şeyi izah edəcəksiz…
– Söz verirəm. – professor fikri kitabçada, ağızucu deyib addımlarını yeyinlətdi, akademikin narahat arvadını arxada qoya-qoya, yolun o biri üzünə keçib qənbər daşlı səkiylə üzüaşağı getdi. Yolun sağ cinahı boyu uzanan bağa daxil olub, özünü iri küknar ağaclarının arasıyla uzanan xiyabana saldı və oturmağa yer axtarmadan, səbri darala-darala kitabçanı vərəqləməyə, qopuq səhifələri o üz-bu üzə çevirməyə başladı...
Səhifələrin çoxu köhnə əlifbayla, ixtisarla yazıldığından, oxunmurdu. Bəzilərində kiçik sxemlər, əcayib xəritələri xatırladan cədvəllər cızılmışdı. Arada, bir neçə boş vərəq vardı. Qalan səhifələr qırıq sözlər və rəqəmlərlə dolu idi. Sözlərdən bəzilərini höccələdi: «dərk olunmaz de…» Sonra yenə, yarımçıq yazıldığından, anlaşılmayan sözlər, qövsvari xətlər, kubşəkilli, rombvari fiqurlar və oxlar gəlirdi…
«Ondan olan bir ruhdur… » burda cümlə qırılırdı və xırda rəqəmlərə oxşar əcaib işarələr gəlirdi. Bir neçə səhifədən sonra: «naqis insan…» sözləri oxunurdu. Səhifənin kənarında yanbayan iki nida işarəsi qoyulmuş və: «ruh – bədən… ruh – şüur - bağı…lar» Professor bu sözü heç cür öxuya bilmədi. «Barmaqlar», yoxsa «bağbanlar», ya «bağırsaqlar»?.. Özüdü ki, var: «bağırsaqlar…» - professor dönə-dönə höccələdi: «şüur və bağırsaqlar…» Şüur və bağırsaqlar?.. Bu nə demək idi?!.. Sonra ardını oxudu:«vəhdət köləliyi…» - fikir qırılırdı, sonra: «O-nun kö-ləsi… onu o, heç vaxt azad… etmə…»
Azad etməyəcək… – professor oxuduğu fikri ürəyində bir neçə dəfə tamamladı. Səhifələrin bir neçəsini o üz-bü üzə çevirə-çevirə, son cümləni bir də oxudu və elə bil dumanlı da olsa, nə isə anladı.
Bəlkə də… Bəlkə yox, həqıqət budu ki, insan azad deyil… - professor fikirləşdi və bu fikirdən, nədənsə bədənində qəribə bir soyuqluq gəzdi. – Hətta yuxularında da.
Akademikin qənaətləri bu idi: məhəbbət və bağırsaqlar… Buna, acı istehzadan savayı, ayrı nə ad vermək olardı?.. – professor fikirləşdi və başını qaldırıb, getdikcə qaralan göyə baxdı. Bu məqam qəfildən, üzbəüz ağaclığın sıxlığından kiminsə ona baxdığını duyub xoflandı… Bədənindən yenə tanış gizilti keçdi və gözü, kitabçanın içindən yerə səpilən qopuq səhifələrdən birinin üstündə oturub, balaca, kor üzüylə aşağıdan-yuxarı ona zillənən ilbizvari, əcayib böcəyə sataşdı… və professor, cərəyan vurmuş kimi, ayağa sıçradı… kitabça əlindən yerə düşüb, qopuq səhifələrini küləyin içinə dağıtdı. Xırda, sarı vərəqlər, akademikin, artıq ölü beyninin son izləri küləyin içiylə burula-burula, bağın dörd bir yanına dağıldı… Professor səhifələrdən bir-ikisini havada tutdusa da, kağızların çoxunun uçub gizləndiyi qaranlıq ağaclığa girməyə ürək eləmədi.
Hava elə bil, birdən qaraldı, həm də soyudu.
Professor paltosunun yaxalığını qaldırıb ətrafına baxdı. Bağ bayaqkı kimi kimsəsiz idi. Şəhərin mərkəzində belə bir bağın olduğundan bu vaxtacan xəbərsiz olmağı, birdən-birə professora qəribə gəldi… Sonra o, xoflu-xoflu dörd bir yanına boylana-boylana, onu xiyabana gətirən küknarlığa tərəf addımladı. Addımladıqca, bayaqdan bəri buralardan bir kimsənin ötüşmədiyi barədə fikirləşə-fikirləşə, qəfildən öz-özünə vahimələndi.
Hava qaraldıqca, ağaclığın xışıltısı da böyüyüb çoxalırdı… və professorun yadına, bu gecəki yuxusunu, eynilə bu sayaq xışıltının içində boğula-boğula xırıldayan akademikin qətlini salırdı... Professor küknarlığa çıxıb bağın girişinə tərəf addımladısa da, girişə çata bilmədi. Girişin əvəzinə, iri gövdəli qovaq ağaclarının sıralandığı ayrı bir xiyabana düşdü. Buranın küləyi, qəribəydi ki, tamam ayrı cür əsirdi. Ağacların budaqlarını tərpətmədən, hardasa aşağılarda uğuldayırdı.
Professor bir müddət xiyabanın tən ortasında dayanıb dura-dura, heç nə fikirləşmədən, uğultuya qulaq asdı, sonra çönüb gəldiyi yolla geriyə addımlaya-addımlaya gırişi, bağın ayrı səmtlərində axtardısa da, giriş deyilən yerdən əlamət tapa bilmədi. Bağın girişi, necəsə, yoxa çıxmışdı… Yoxsa, hava belə idi, qaraldıqca, sirli bağın olan-qalan girişlərini də bağlayıb yoxa çıxarırdı?..
Külək, getdikcə bərkiyirdi. Professor, ayaqlarının yaddaşıyla bağın mərkəzi hissəsini tapıb, bura ha tərəfdən, bağın hansı səmtindən daxil olduğunu yadına salmağa çalışdısa da, yadına, kitabçada gözünə sataşan əcayib işarələrdən savayı heç nə düşmədi… Bağın dörd bir tərəfi, tən bölünmüş alma oxşarlığıyla biri-o birinin davamına oxşayırdı…
Sonra necəsə qəfildən, hardansa yaxınlıqdan, professorun qulağına trolleybus siqnalı, adda-budda maşın səsləri dəydi…
Addımlarını yeyinlədib, səs gələn tərəfə getdi və yarı yolda dəhşət içində donub qaldı…
…Qarşıda, yenə həmin sıx qovaq ağacları idi... Gözləri vahimədən qarala-qarala ətrafına baxdı.
Bağın dörd bir yanı, həmin eyni biçimli sıx qovaq ağacları idi… Yaxın küçələrdən güllə vıyıltısıyla ötüşən maşın kortejinin səsi eşidilirdi. Ruporda kiminsə qalın tembrli səsi həyəcanla:
– Yolları boşaldın!.. Yol verin!.. Yol verin!.. – deyirdi.

III FƏSİL

«Hökmdarların qəlbi oxunmur…»

Bibliya, Solomonun hekayətləri XXV fəsil, 3-cü bölmə


– Vi Lillahi həmd… Allahu Əkbər kəbirə…


…Dizi üstə düşüb namazın, divarlar boyu əks-səda verən duaları altında alnını döşəməyə toxundurdu, duanın sözlərini deyib, dikəldi, sonra bir də təzim elədi və dizi üstə düşüb alnını döşəməyə qoydu. Xalçadan motal iyi gəlirdi…
– Və əzzə yundəhu və həzəməl əhzəba vəhdət…
Hamıyla bir ayağa qalxdı, sağ tərəfində dayanıb duanın sözlərini ağzının içində deyə-deyə, harasa tavana baxan nazirin, uşaq üzünə bənzər kök, tüksüz sifətinə baxdı.
Nazirin gözləri fikirli, üzünün əzələləri gərgin idi. Elə bil doğrudan Allahla ünsiyyətdəydi.
Fikirləşdi ki, qəribədi, illər ötdükcə, hamı yaşa dolub qırış atdıqca, bu uşaq üzlü nazir ildən-ilə elə bil gəncləşir, gözləri durulur, üzü aydınlaşır, təmənnasız təbəssümü, üzünü körpə üzünə bənzədir. Nazir bütün bu illəri ona sadiq qala-qala, uzaqdan-yaxından, irili-xırdalı əmrlərinə tabe olub hüzurunda müntəzir dura-dura, həm də sən demə, altdan-altdan gəncləşirmiş. Nazirin bu gəncləşməyində, onun əleyhinə yönələn fitnəkar fəndi andıran nə isə vardı elə bil...
Şeyx sol tərəfində, həmişəki kimi, qəsdən bir addım qabaqda dayanmışdı ki, onu, namazın müntəzir icrasında görməsin. Şeyxdən bir addım arxada, balaca, cansız başı, oyuncaq əllərinə oxşar bükülməyən qolllarıyla əyilib-qalxan daxili işlər nazirinin ifadəsiz üzü, tükdən çox, qara, mərmər papağa oxşar şəvə saçları, başının, ryuncaqvari, yalançı hərəkətləri namazın rəvan ahənginə heç cür uyuşmurdu. Nazir namaz qılmaqdan çox, işgüzar vücuduyla, hansısa təcili gizli hərbi tapşırığı səylə yerinə yetirməklə məşğul idi elə bil.
– …və sübhanallah bukratan və La İlahə İlləlahu vəhdə…
Yenə hamıyla bir dizi üstə düşüb alnını döşəməyə söykədi və fikirləşdi ki, bəndələrini gündə beş dəfə dizi üstə çökdürmək, köləliyini yadına sala-sala, başını döşəməyə vurdurmaq Allahın nəyinə gərəkdi görən?.. Bəlkə Allah bundan güc alır?.. Bəlkə Allah elə bundan güc alır?..
Dikəlib əllərini açdı, duanın sözlərini ağzının içində dedi.
Arxada, onunla bir dizi üstə oturub dua oxuyanların bütün diqqəti onda idi, bilirdi. Odu ki, bütün hərəkətləri, dəqiqliyinə qədər düzgün eləməyə çalışırdı.
Arxada, hamıdan qabaqda baş nazir dayanmışdı. Son illərin hadisələrindən sonra, gərginlik və qorxudan böyüyüb, daha kiçilmək bilməyən iri, qara bəbəklərini bu dəqiqə onun peysərinə zilləmişdi. Son vaxtlar baş nazirin bu şəvə bəbəkləri hara zillənirdisə, oralara kölgə salırdı.
– …və əla ali Seyyidi Mühəmməd və əla Əshahi Seyyidinə Mühəmməd… və əla Ənsari Seyyidinə Mühəmməd…
Sözsüz ki, baş nazirə, hələ onun ölümü lazım deyildi… – fikirləşdi. – Nə baş nazirə, nə də onun böyür-başında dayanan o biri «sadiq» nazirlərə. O səbəbdən ki, bu gün onun ölümü bir çox şeyi dəyişib bulandıra bilərdi, bu dəqiqə arxasında yetim üzlərlə daynaıb, xoşbəxt həyəcanla namaz qılan bu nazirləri - külək, durğun gölün üzünə yığışan həşəratı dağıdan kimi, bircə həmləyə qovub dağıdardı.
…Arxada kimsə öskürdü. Elə bil onun beynindən keçənlər boğazında qaldı...
Gölün özü də şübhəli vəziyyətdə idi… – fikirləşdi və yenə təzim elədi.
Yox, onun ölümü bu dəqiqə heç kimə lazım deyildi. Qocalmağı isə lazım idi… – fikirləşdi və ayinin icrasıyla hamıyla bir ayağa qalxıb salavat çevirdi.
Qocalmağı bu dəqiqə hamıya hava və su kimi lazım idi. Odu ki, arxasında oturub-durub dua oxuya-oxuya, neştər gözləriylə onun əzələlərinin vəziyyətini güdürdülər, qocalığından xəbər verəcək ləngimələrini və büdrəməlrini altdan-altdan izləyir, xırdaca ləngiməni, ya büdrəməni, susuz balıq su damlasını dərisiylə içən tək, acgöz-acgöz canlarına çəkirdilər. Olsun ki, bu tədbirli böcəklərin canlarındakı xofu, bircə qocalmağı əridirdi…
Orası da qəribəydi ki, bu həşəratlar onun hüzurunda, səbəbi özlərinə də məlum olmayan, lal bir təhlükə hiss edirdilərsə də, həm də necəsə, onsuz bacarmırdılar.
– La İlahə İlləllahu və Həzəmən Əhdə ba Vəhdət…
La İlahə İlləlahu və la nabdü…
Hamıyla bir dizi üstə oturdu…
Şeyxin kök budları dizi üstə oturmağa mane olur, dəqiqədə bir, onu oturduğu yerdə laxladıb böyrü üstə yıxmağa cəhd edirdisə də, o, ehtiyatı əldən vermir, bədəninin olan-qalan qüvvəsini toplayıb tarazlığını mümkün qədər saxlayırdı.
Ürəyi sıxıldı... O, bu adamlara, onların öz rahatlıqlarına görə, balaca canlarının, canlarından da əziz tutduqları əmlaklarının toxunulmazlığı naminə lazım idi. Onlar bunu utanmadan, elə beləcə, açıqca da deyirdilər: «Bu ölkəni müharibənin cəngindən qurtarsanız, siz qurtaracaqsınız. Balalarımızı xilas edəcəksiz, aclığın qarşısını siz alacaqsınız. Yiyə durun bizə…»
Alnını döşəməyə söykəyib fikirləşdi ki, min bir nəfəs qoxuyan bu havasız yerdə, bu şüursuz böcəklərlə yanbayan oturub qıldığı namaz, bu müsəlman adət-ənənələri niyə ona bu qədər yaddı?..
Bu havasız məscid, bu darıxdırıcı butavari naxışlar, iniltili azan səsi, sözləri heç cür dilinə yatmayan anlaşılmaz ərəb duaları…
Arxada kimsə dalbadal üç dəfə asqırdı, sonra fınxırıb, sanki açarı buran kimi, burnunu burub bağladı.
Məscidin, xırda, zərli naxışlarla işlənmiş, dar nəfəslikli tavanına baxdı…
Tavan, üzüyuxarı qalxdıqca daralırdı və bu quruluşuyla məsçidin içinə qəribə bir darısqallıq gətirirdi elə bil… Yoxsa, onun ürəyi sıxılırdı?..
Dikəlib oturdu, əllərini, kitab oxuyan tək qarşısında cütləyib, duanın sözlərini ağzının içində deyə-deyə fikirləşdi ki, indi bu qorxaq böcəklərlə bir bu darısqallıq qoxulu yerdə namaz qılmasaydı da, həmin bu adamlarla bir şəhərdə yaşamalı, torpağa da, əvvəl-axır onlarla bir gömülməlidi.
Ayaq üstə dayanan yerdə təzim etdi və torpaqda onunla yanbayan yatacaq adamlar haqqında fikirləşdi.
Torpaqda onunla yanaşı, olsun ki, ömürlərini, öz səthi anlayışlarıyla, naxışlı, ucuz sözlərlə, cılız dünyalarını təsvir etməyə həsr edən yazıçıları, ya da, öz köləgələrindən qorxan, bacarıqsız dövlət xadimlərini basdıracaqdılar… Sonra bu fikirdən, burnuna, Fəxri xiyabanın dörd bir yanında, qəbirlərin böyür-başında, ölü sümüklərinin toxumalarından şirələnib saralan xırda, sarı ləçəkli çiçəklərin ölüm qoxulu ətri dəydi…
Namaz sona yetəndə, hamı ayağa qalxıb üst-başını sahmana salanda, Şeyx, əyilib-qalxmaqdan pörtüb tərləyən sifətiylə, məsul gərginlikdən altı kölgələnən gözləriylə ona yaxınlaşdı hər iki əlini uzadıb, əlini, kök əllərinin içində yumşaq-yumşaq sıxdı, arada elə bil əyilib öpmək də istədi:
– Böyük savabdı. Cümə axşamı, şəhidlərin ruhuna namaz qılmaq, böyük savabdı. – dedi. – Bu gün, bu əziz gündə bura təşrif buyurmağınız, qiymətli vaxtınızdan ayırıb…
…Şeyxin əlləri tərli idi… Onun əlini, isti, ətli əllərinin içində saxlayıb buraxmaq bilmirdi və get-gedə daha məhəbbətlə sıxırdı, sıxdıqca da, niyəsə gözləri parıldayırdı.
Əlini Şeyxin əlindən sivirib, ona tamaşaya yığılan, məscidin hündür hasarlarına dırmaşıb, qapılarından asılıb dəli gözlərlə hərəkətlərini izləyən adamları əliylə salamlaya-salamlaya, kameraların və qıvraq mühafizəçilərin müşayiəti ilə məsciddən çıxdı, məscidin həyətinə yığışıb onun salamını gözləyən camaata da əl eləyib pillələri endi, küçənin əsas hissəsini tutmuş kortejin tən ortasında onu gözləyən maşına mindi və kortej, darısqal küçələrin adamla dolu izdihamını aramla yara-yara irəliləyib tini buruldu, üzüaşağı enib geniş prospektə çıxdı və sürətini artırdı.
– Yolları boşaldın!.. Yolları boşaldın!.. – hardansa qabaqdan
ruporun səsi eşidildi.
– Birbaşamı gedirik, cənab General?.. – qabaq oturacaqda yanpörtü oturan köməkçi geriyə çönmədən, yola baxa-baxa dedi.
– Birbaşa. – deyib yanında oturan nəhəng gövdəli, cavan mühafizəçinin üzünə baxdı.
Oğlandan yenə qatı odekolon iyi gəlirdi.
Düyməni basıb pəncərənin şüşəsini endirdi. Fikirləşdi ki, niyə hər dəfə məsciddən çıxandan sonra bir müddət ürəyi bulanır?.. Bu ürəkbulanma, məscidin illərlə üzü gün görməyən nimdaş xalçalarının kiflənmiş iyindəndi, yoxsa Şeyxin ətli əllərinin tərindən?
Əlini iylədi. Əlindən Şeyxin kök əllərinin iyi gəlirdi... Mühafizəçi cibindən ətirli salfet çıxarıb onun əllərini sildi.
Fikirləşdi ki, niyə son vaxtlar qoxular ona bu qədər təsir eləyir?!.. Bədənində zəhərlənmə gedir, nədi?..
Bu fikirdən birdən-birə bədəni soyudu. Son günlər yediyi ayrı-ayrı yeməklərin dadını, ölkəyə qayıdandan bəri, baş nazirin təqdimatıyla işə yenicə götürdüyü balacaboy aşpazın, şit qadın təbəssümünü yadına saldı. Yox, bu, nə isə ayrı ürəkbulanma idi.
…Səkilər adamla dolu idi. Adamlar, maşının qaramtıl, günkeçirməz şüşələrindən onu görmürdülərsə də, küləyə, çiskinə məhəl qoymadan, nə isə qışqırışa-qışqırışa kortejə əl eləyirdilər. Əl eləyənlərin üzləri, birdən-birə ona, uzaq keçmişi - uşaqlıq illərində kəndin dar məhəllələrində ənzəli oyununu oynadığı, çəpik çalıb çığırmaqdan pörtən uşaqların üzlərini xatırlatdı... Sonra, elə həmin günlərin birində, o uşaqlardan da, oyunlardan da necəsə, birdən-birə bezməyi yadına düşdü...
Fikirləşdi ki, qəribədi, o illər uşaq oyunlarından, elə uşaqların özündən də soyuyub böyüklərə də isinişmədi…
Köməkçi geriyə çönüb hürkmüş üzüylə:
– Sizi külək vurmur?.. – dedi, sonra çönüb əvvəlki vəziyyətində oturdu.
Köməkçi, səliqəli saçı, ağ, nişastalı boyunluğu ilə, uşaq vaxtı, dava-dava oyununda Xain rolunu oynayan hansısa uşağı xatırladırdı.
…Böyründəki mühafizəçini, öskürək tutmuşdu... Mühafizəçi qızarıb boğula-boğula, boğazını arıtlaya-arıtlaya, öskürəyini içində boğurdusa da, sinəsinin qaşınmasını yatırda bilmir, üzünü pəncərəyə çevirib gözləri sulana-sulana, yola baxırdı...
Fikirləşdi ki, niyə hələ orda - doğulub böyüdüyü doğma yerlərində, ən yaxın doğmalarının, qohum-əqrəbasının arasında belə artıq özünü o cür kimsəsiz, yolunu azıb səhvən kəndin içinə, adamların tələsinə düşən tənha yalquzaq kimi hiss eləyirdi?!.. Sonra bu tənhalığı, bu anlaşılmaz, izaholunmaz yalquzaqlığı, ömrünün bütün qalan hissəsi - gəncliyində də, ondan çox-çox sonralar da - o, müxtəlif dövlət vəzifələrində işləyənd dövrlər də, ətrafındakılarla saxta doğmalıq münasibətləri qura-qura hamıdan gizləyirdi?.. Bu, nə bədbəxtlik idi?.. Axı ulu babalarından üzü bu yana bütün nəsli həmin bu yerlərdə, bu adamların arasında, öz əziyyətli, kasıb həyatlarından qane ola-ola, xoşbəxt, dinc kəndli həyatılarını yaşamışdılar?!.. Bəs o, niyə elə yaşaya bilməmişdi?.. Hansı ulduz altında dünyaya gəlmişdi axı?!..
Bu barədə həm də elə bil nə isə bilirdi… Hansı ulduz altında dünyaya gəldiyini də, o ulduzun rəngini də bilirdi… Elə bil o ulduzda olmuşdu da…
– …bir də Sadıqov… – köməkçi dedi və bu dəfə çönüb onun üzünə baxdı. Köməkçinin üzünün bayaqkı ürkək ifadəsi dəyişməmişdi.
– Sadıqov sonraya qalsın. İndi heç cür imkan yoxdu. O birini də keçir gələn həftəyə. Denən, hələ baxa bilməmişəm.
– Bir də çıxış edənlər məsələsi.
– Ölənlərin bir-iki qohumuna söz verərlər. Elə bilirəm, bəs edər.
Saatına baxdı. On birə işləyirdi.
Yanındakı mühafizəçi də nəyə görəsə saatına baxdı.
Mühafizəçi elə bil hansısa gözəgörünməz tellərlə ona bağlı idi. O yatanda yatırdı, duranda dururdu, vaxtı da o

unla bir izləyirdi. Dəfələrlə kiminsə təsadüfi hərəkətinin, çevik baxışının, şübhəli yerişinin, onunla bir, bu cavan mühafizəçinin də içini titrədiyini hiss eləmişdi. Son vaxtlar mühafizəçinin içindəki titrəmə, elə bil ani də olsa, onu rahat buraxmırdı. Sayıq mühafizəçi, ola bilsin, bu titrəməyə artıq öyrəşmişdi.


Gözaltı, mühafizəçinin, bir tərəfi görünən üzünə baxdı. Paytaxta gəldiyi ilk günlərdən işə götürdüyü bu cavan adam, həmin o uzaq kənddə, doğmalıq dolu saxta təbəssümlə davrandığı uzaq qohumlarından idi. Otuz beş yaşına yenicə qədəm qoymasına baxmayaraq, işə başladığı bu son bir neçə ayın içində elə bil on il yaşlanmışdı. Gözünün altı qaralmış, yanaqlarının çəhrayılığı solmuşdu.
Hamısı, son ayların gərginliyinin, hər dəqiqəsi ölüm, sui-qəsd qoxuyan təhlükəli görüşlərin, sayı gün-gündən artan duzsuz mərasimlər zamanı, keçirdiyi məsuliyyət dolu qorxuların nəticəsiydi. – fikirləşdi. Sonra da fikirləşdi ki, bəlkə mühafizəçi onun, son vaxtlar gördüyü yuxuları da görür?!.. Gözünün ucuyla mühafizəçini bir də gözdən keçirdi.
Mühafizəçi yorğun gözlərlə pəncərədən çölə baxırdı…
Yox, mühafizəçi onun gördüyü yuxuları görmürdü. Görsəydi, bunu o, həmin gün hiss eləyərdi. Ona aid olan və ola biləcək hər bir şeyi hiss elədiyi kimi… Paytaxtdan uzaq hərbi kazarmada nə baş verəcəyini, baş verəcək o taleyüklü faciənin nə ilə nəticələnəcəyini, hələ bir neçə ay əvvəl, paytaxtdan uzaq şəhərdəki tənha evində, öz dahiyanə duyumuyla hiss elədiyi kimi… Bir neçə ay bundan əvvəl, paytaxtdan çox-çox uzaq, zirvəsi qarlı dağların yaşıl ətəyində yerləşən balaca əyalət şəhərində qaldığı günlərin bir günü - yuxudan, səhərin ala-toranında oyanıb, sübhün ilahi səssizliyinə diqqət kəsilə-kəsilə, gözəgörünməz, nəhəng çarxabənzər nəyinsə ləngər vurub işə düşdüyünü, hardansa dumanlı uzaqlardan, ilğım çəkisizliyiylə gizli-gizli ona sarı sürünməyə başlayan Nəyinsə yaxınlığından az qala bayıldığı həmin o taleyüklü, unudulmaz məqamı xatırladı… Bağlı pəncərələrin çərçivələrindən içəri sızmağa başlayan havanı qəfildən soyudan, qonşu evin radiosunda çalınan milli himni, izaholunmaz əzəmətlə çaldıran həmin o qəribə məqamı – o gündən sonra bütün olacaqları və ola bilməyəcəkləri elə orda, həmin o balaca, kimsəsi evində, öz yorğan-döşəyinin içində uzandığı yerdə gördüyü və ürəyi, qapını döyən kimi, sinəsini döyüb çölə atılmaq istədiyi möhtəşəm anı xatırladı…
…Maşınlar dayandı. Köməkçi becid sıçrayışla maşından düşüb onun tərəfdən qapını açdı.
Maşından düşüb dağın gül-çiçək qoxulu təmiz havasını ciyərlərinə çəkdi, əlini gözünün üstünə qoyub dağın zirvəsinə baxdı. Sonra çəkmələrini çıxarıb mühafizəçinin cütlədiyi uzunboğazları geyinə-geyinə:
– Burda gərək ki, cığır olmalıydı… – deyib, ayaqları kol-kosa ilişə-ilişə, dağın döşü ilə üzüyuxarı qalxmağa başladı.
– Çoxdandı gəlmirik, cənab General, cığırı ot basıb ola bilsin…
Köməkçinin səsi hardansa arxadan gəlirdi, onun ardınca tez-tez qalxdığından, nəfəsi təngiyirdi.
Fikirləşdi ki, bu uşaq hardan bilir ki, buralara çoxdan gəlmir?.. Sonra bura axırıncı dəfə nə vaxt gəldiyini yadına salmağa çalışdısa da, qəribədi ki, yadına heç nə düşmədi. Yaddaşı bulanıq xatirələrlə dolu idi...
Dikdiri yarıyacan qalxıb dayandı, geriyə çönüb yuxarıdan-aşağı, dağın ətəyi boyu tövşüyə-tövşüyə, pörtüb tərləyə-tərləyə, ardınca yuxarı dırmaşan yöndəmsiz əshabələrinə baxdı. Tövşüyüb tərləməyən bircə özü idi.
…Zirvəyə çatar-çatmaz, daşyonan dəzgahların, hardansa dikdirdən eşidilən səsindən ürəyi çırpındı. Məqbərənin möhtəşəm sütunlarını yonan dəzgahlar uğuldayır, bənnalar iç hissəni hörür, bir ucdan tikintiyə qum, sement daşınırdı…
…Məqbərənin tikintisi başa çatsaydı, rahatlanardı. Burda, bu balaca, ilıq küləkli məmləkətdə, bu vecsiz adamların arasında - yekə böcəklərin, kök ilbizlərin içində yaşamaq və ölmək sıxıntısı olsun ki, bir qədər sovuşardı.
…Nazirlər də tikilinin başına yığışmışdı, yerə tirlənən nəhəng, mərmər sütunlara baxa-baxa, ciddi üzlərlə öz aralarında guya nə isə müzakirə edirdilər.
…Məqbərənin içinə daxil olub, tən ortada ucaldılan bürünc pyedestala sarı addımladı. Pyedestal, hardansa yuxarıdan süzülən gün zolağının altında nəhəng büllur külqabı kimi par-par parıldayırdı…
Şəhər Bələdiyyə rəisi qəfildən böyründə peyda oldu, məqbərənin naxışlı döşəməsini göstərə-göstərə:
– Su çıxırdı, cənab General, çoxusu da iş buna görə uzandı… – dedi.
– Su?.. Burda?.. Bu yüksəklikdə?.. Qəribədi…
– Təsəvvür edin. Görünür, yeraltı çaylardan hansınınsa yolu bu hündürlükdən keçir. Ya da ola bilər, bura hansısa nəhəng bulaq çökəyidi.
Rəislə danışmağa hövsələsi çatmadı:
– İndi neylədiniz?..
–Yerini dəyişdik. Fundamenti atmazdan, iki yüz metrəyəcən qazdırdım ki, tam arxayınçılıq olsun.
Rəis elə danışırdı, elə bil söhbət, nə vaxtsa onun cansız bədəninin saxlanacağı Məqbərədən yox, bu yaxınlarda xoşbəxt sakinlərə təhvil veriləcək yaşayış binasından gedirdi.
– İndi necə, arxayınçılıqdı?..
– Bəli, cənab General. – rəis deyib qəribə, nazlı təbəssümlə gülümsünə-gülümsünə qızardı.
– Arxayınçılıqdı demək… – dedi və rəisin gözlərinin içinə baxdı.
Rəisin, qoyun gözlərini andıran xırda gözlərinin dərinliyində yenicə çırtlamaq istəyən sevinc işartısı, həmin an yoxa çıxdı, bəbəkləri kiçilib cansız nöqtələrə döndü…
– Mən… – deyib susdu, elə bil qalan sözlər yadından çıxdı.
Məqbərədə ikisi idilər… Fəhlələr alətlərini yerə qoyub harasa çıxmışdılar. Danışdıqca, səsləri Məqbərənin çılpaq divarlarına dəyib əks-səda verirdi.
Rəis dinmirdi, burun pərələri xırda-xırda titrəyə-titrəyə, niyəsə onun hülqumuna baxırdı, arxasında cütlədiyi kök əlləri bir-birini didişdirirdi.
– Sənnənəm, üzümə niyə baxırsan?.. De də…
Rəis tələyə düşmüş siçan kimi yerində vurnuxub peşman-peşman çiyinlərini çəkdi və yazıq səslə:
– Nə deyim?.. – dedi.
– Bayaq dediyini.
– Nə deyim?.. – rəisin səsi əsdi.
– Denən, «meyitinizi su aparmayacağından daha tam arxayınıq, indi rahat ölə bilərsiz…» – çöldəkilər eşitməsin deyə astaca dedi.
– Mən… – rəisin üzü, göz görə-görə yığılıb kiçildi, ağzı da büzülüb nazildi.
– Hə, nədi?.. Bəlkə arxayın deyilsən?..
– Arxayınam, arxayınam... – rəis təşvişlə dedi.
– Onda denən.
Rəis başını aşağı saldı, əllərini arxasında cütləyib, cəzasını alan uşaq kimi, ayaqlarını növbə ilə götürüb qoya-qoya, səssizcə ağladı.
Çöldən ayaq səsləri eşidilməyə başladı. Hövsələsi daraldı:
– Hə, di qurtar.
Rəis ağlayırdı... Kök, qısa ayaqlarını nizamlaya bilmir, şüursuz hərəkətlərlə gah gözlərinin yaşını, gah da alnının tərini silirdi.
– De.
– Meyitinizin… – rəis boğula-boğula deyib, harasa yana baxdı, sonra dodaqları, körpə dodağı kimi büzülüb yığıldı, dizi üstə düşüb dizin-dizin qabağına yeridi, rəngi ağara-ağara, gözləri hədəqəsindən çıxa-çıxa:
– Keçin günahımdan, əla həzrətləri… – deyib ayaqlarına sarılmaq istədi.
Geri çəkildi. Rəisdən palçıq iyi gəlirdi… onun geriyə çəkilməsinə məhəl qoymadan, dizin-dizin qabağına süründü:
– Mən sizi sevirəm… Əfv edin əla həzrətləri… Zat aliləri, əfv edin!.. – deyib başını, namaz qılan tək, yerə qoydu və çiyinləri əsə-əsə hönkürdü.
– Ayağa qalx! – çöldəkilər eşitməsin deyə, astaca dedi – Qalx, deyirəm sənə, gələn olar.
Rəis onu eşitmədi, kök dizlərinin üstə ona tərəf süründü:
– Məni onlar yoldan çıxartdılar, cənab General! Ağlımı oğurladılar… Mən sizi sevirəm!.. Axı sizdən savayı kimi sevə bilərəm?!.. Əfv edin!..
Ağzına, əsəbilikdən, ya nifrətdən, zəhər tamlı, qəribə acılıq gəldi… Gözlərindən xainlik yağan bu miskin icraçını, sulu böcəyi əzən tək, tapdayıb əzməyi gəldi.
– Özün necə bilirsən, əfvə layiqsən?..
Rəis başını yerə qoyub titrətdi elə bil… Ya bu, onun gözünə göründü?.. Bir də onu gördü ki, əlləri rəisin ətli boğazına keçib gücü gəldikcə sıxır… sıxdıqca, rəisin boğazı qəribə yumşaqlıqla nazilirdi, dəyirmi sifəti şişib üfürlənirdi… Sonra rəis necəsə, ağzından pırtlayıb, az qala yerindən qopan qaralmış dilini zorla hərlədə-hərlədə:
– Səksən yeddi… səksən yeddi… – deyə-deyə boğulmağa başladı.
Əlini rəisin boğazından çəkdisə də, rəis özünə gəlmədi, üzüqoyulu döşəməyə sərilib, nəfəsi boğazının yolunda çalxalana-çalxalana xırıldadı və susdu…
Yerindən dik atıldı… Ürəyi çırpınırdı…
– Deyirəm, şəhərdən saysaq, təxminən səksən yeddi kilometrdən çox olmaz… – sürücü mühafizəçi ilə güzgüdən danışırdı.
Demək yuxulamışdı. Amma həm də elə bil bu sürücü də orda – yuxuda, hardasa yaxınında olmuşdu… sükanın arxasında beləcə otura-otura, bütün olanları necəsə görmüşdü...
Saatına baxdı. Cəmi səkkiz dəqiqə…
Yuxunun zaman ölçüsü qəribədi. - fikirləşdi - Bir neçə saat, ya bir neçə gün hansısa ani dəqiqələr ərzində yaşanır…
Sonra bir müddət, bayaq yuxuda çığıra-çığıra boğduğu adamın üzünü xatırlamağa çalışdı. O adam kim idi?.. Niyə onu boğurdu?.. Söhbət nədən gedirdi?.. Dəqiq yadında qalanı bircə bu idi ki, o adam kim idisə, onu tikintinin ləngiməyinə görə boğmurdu…
– Hələ çox qalıb?..
– Otuz-otuz beş kilometr ancaq olar.
Sürücü yola baxırdı. Üzü elə idi, elə bil, yuxuda boğduğu o naməlum adamı tanıyırdı...
Yenə məqbərə… – fikirləşdi və ürəyinin nizamsız döyüntülərlə axdığını hiss etdi. Arada bir, yadına gəlir, bu Məqbərədən, necəsə, canını qurtarmışdı. Orda – paytaxtdan uzaq şəhərcikdə, gecələr taxtaqurdlarının altdan-altdan gəmirdiyi köhnə şkafların qırıq cırıltılarından savayı ayrı bir səsin eşidilmədiyi tənha evində, qəribəydi ki, tamam ayrı yuxular görürdü. O günlər yuxuda nə gördüyünü indi dəqiq xatırlamasa da, bircə o dəqiq yadındaydı ki, hər səhər yuxudan oyanmağına peşman olurdu. Yuxudan ayılmağıyla, yataq otağının bozumtul-çəhrayı butalarla dolu divarları üstünə yeriyib ürəyini darıxdırırdı. Onda, yadına gəlir, çönüb geriyə – həmin o yadında saxlaya bilmədiyi yuxularına qayıtmağı gəlirdi...
Pəncərədən görünən duz göllərinə baxa-baxa, yuxunun – gün ərzində baş verən hadisələrin, yaxud daxili problemlərin və xatirələrin, bir sözlə, müxtəlif emossional halların, insanın şüuraltısında saxlanılması barədə oxuduğu ədəbiyyatları yadına saldı. Əgər beləydisə, - başını oturacağın kürəkliyinə atıb gözlərini yumdu – …neçə illərdən bəri yuxularanıda gecədən-gecəyə tikilib ucalan o Məqbərə, onun şüuraltısına hardan və necə düşmüşdü?.. Fikirləşdi ki, olsun ki, nə vaxtsa, hardasa, hansı ölkədəsə gördüyü bu Məqbərə barədə o, özündən xəbərsiz, hansısa ayrı yaddaşıyla düşünür, sonra da bütün o düşündüklərini necəsə unudur.
…Köməkçi geriyə çönüb, ovcunun içində buğlanan çayı ona uzatdı. Balaca armudu stəkanı ona hədsiz səylə ötürdüyündən, ya nədənsə titrəyən əli, çayın bir hissəsini nəlbəkiyə dağıtdı.
– Üzr istəyirəm… – köməkçi pərt üzüylə deyib çayı geriyə çəkmək, elə bil özünü cəzalandırmaq üçün, onu, elə buğlana-buğlana başına çəkmək istədi…
– Eybi yox, sağ ol. – deyib çayı oğlanın əlindən aldı və iylədi.
Çaydan, darçın iyi gəlirdi…
– Darçındı. Siz xoşlayırsız. – köməkçi yola baxa-baxa dedi.
…Köməkçi nəyisə qarışdırırdı. O, ümumiyyətlə ədvalı çay sevmirdi.
Çaydan xırda qurtum alıb fikirləşdi ki, hər halda, bu, yaxşı əlamət deyil. Hər gecə yuxudan-yuxuya eyni bir prosesin getməsi, yuxunu bir az yuxuluqdan çıxarır. Məsələn, Rusiyada yaşadığı, Moskvada işlədiyi dövrlər də, ya elə ondan da əvvəllər, burda ölkəyə rəhbərlik etdiyi illər də onun, hər hansı yuxu problemi olduğu yadına gəlmirdi. Onda olsun ki, o, müxtəlif məzmunlu yuxular görürdü. Kimlərisə yuxuda, öz qalstukuyla, yaxud telefon şnuruyla boğurdu, təntənəli dəfn mərasimlərində mötəbər pyedestallarda uyuyan rəsmilərin ölü qulaqlarına vida kəlmələri pıçıldayırdı və sair. Amma, bu yuxuların heç birinin o biriləri ilə əlaqəsi olmurdu, biri o birini tamamlamırdı, hansısa naməlum, sirli qanunauyğunluqla nizamlanmırdı.
…Mühafizəçinin gözü, hələ də onun dizləri üstə saxladığı qaynar çayda idi.
Mühafizəçinin əsəbləri olsun ki, korlanmışdı. – fikirləşdi. Son vaxtlar onun həyatına və sağlamlığına təhlükə ola biləcək hər bir xırda şey bu həddən ziyadə ciddi və tədbirli adamı xoflandırır, içini anlaşılmaz şübhələr və qorxularla doğrayırdı.
Mühafizəçinin uzaq kənddə yaşayan bir bölük ailə üzvləri - ardıcıl surətdə tutumlu yemək yemədiklərindən, solğun bənizləriylə, cılız bədənləriylə yeniyetmə xəstə uşaqları andıran tanış adamlar gözünün qabağına gəldi. Onların arxasınca, qocalıqdan, ya üzünün dərin qırışlarından ağzını zorla tərpədə-tərpədə danışan ağbirçək Çiçək qarı gəlib üzbəüzdə dayandı, balaca ağzını bilinər-bilinməz tərpədə-tərpədə:
- Atam-anam saa qurban, gözümün işığı… - dedi.
…Ovcundakı çay, soyumaq əvəzinə, get-gedə elə bil isinirdi, buğunu artırıb pəncərələrin şüşələrini tərlədirdi. Pəncərələrin şüşələri, həm də həssas mühafizəçiylə bir tərləyirdi.
Mühafizəçini sakitləşdirmək üçün çayı ona uzadıb:
– İç. – dedi.
Mühafizəçi onun bu təklifindən əvvəl elə bil çaşdı, sonra nə fikirləşdisə, stəkanı onun əlindən alıb xırda qurtumlarla, elə buğlana-buğlana başına çəkdi, sonra çayın buğu elə bil mühafizəçinin burnundan çıxdı. Ya hava soyumuşdu?!..
Pəncərədən, yol boyu uzanan bomboz, yalın səhralara, əyri-üyrü, paslı buruqlara baxdıqca, sağ gözü acışıb bulanırdı…
Cib yaylığını çıxarıb sağ gözünə basdı.
Sağ gözü, son vaxtlar gizli düşmən kimi, altdan-altdan acışıb-gizildəyirdi... Bu gözü, yadına gəlir, hələ bir neçə il bundan əvvəl, paytaxtdan hava limanına uzanan qaranlıq, qarlı rus meşələrinin arasıyla, buzlu yollarla gəldiyi gecədən bulanmağa, durduğu yerdə acışıb gizildəməyə başlamışdı…
Fikirləşdi ki, olsun ki, bu sağ gözü, taleyinə yazılmayan, alnına həkk olunmayan, gözlənilməz dönüşə tab gətirməyib, içinə qaynar su tökülən incə çini kimi çatlamışdı. Gözünün ən incə damarını, olsun ki, nəhəng rus küknarlarının o gecəki qüdrətli əzəməti çatlatmışdı...

* * *



Son illər, heç bir damlanın, yaxud dərmanın kar eləmədiyi sağ gözünün dərdini müəyyənləşdirmək məqsədiylə tapıb oxuduğu tibbi ədəbiyyatlarda da, bu barədə heç nə yazılmamışdı. Bircə ötən həftə hansı təsadüfləsə oxumağa başladığı «Elm» jurnalının sonuncu nömrəsində, sağ gözün tutulmasından, nurunu itirən sol göz haqqında xırda bir yazıya rast gəlmişdi. O yazını oxuyandan sonra, bir müddət sağ gözü elə bil özünü yığışdırıb acışmağı, bulanmağı tərgitmişdi.
Gözünü yumub bir müddət qaranlığa baxdı. Korluq, təxminən belə bir şeydi… – fikirləşdi. – Hər halda ölüm deyil. Ölüm bircə ora idi. İki ay bundan əvvəl, ölü balığın havasız qarnını yırtıb çıxan kimi, sivrilib çıxdığı həmin o paytaxtdan uzaq şəhər… Hava, səs keçirməyən, səssiz, tənha evi…
Dəqiq yadına sala bilmədi, hardasa oxumuşdu ki, Cəhənnəmin bir üzü – harasa mıxlanıb, burnunun ucundan ötüb keçən adamların gözünə görünmədən, yadına düşmədən, həmin o asılı vəziyyətdə əbədi yaşamaqdı. Sonra yaddaşını gərib, bu cümləni harda oxuduğunu yadına salmağa çalışdı və yadına düşdü… Klinik ölüm halı keçirən alman meşəbəyinin, O dünya barədə yazdığı xatirələrində. Sonra müxtəlif dini, elmi kitablarda, O dünya haqqında oxuduqlarını yadına sala-sala, fikirləşdi ki, bütün təsvirlərə və təhlillərə görə, O dünya, elə bu dünyanın özündədi, onun astar üzüydü.
Məsələn, Cəhənnəm, bütün o yazılanlara görə, təxminən belə bir yerdi… – pəncərənədən, uzandıqca uzanan qupquru, boz çöllüklərə baxa-baxa fikirləşdi.
Bir də ən ürəkdağıdan olanı o idi ki, bütün bu mənzərələr – bu Adam ayağı dəyməyən yalın, boz çöllər, ucu şiş, boz dağlar, həmin o böcəküzlü adamlarla bir elə bil hansısa gözəgörünməz şüşənin o üzündəydilər, üzünə baxa-baxa, hüzurunda müntəzir dura-dura, həm də elə bil onu görmürdülər… Bəs onu kim görürdü?!.. – fikirləşib böyründə oturan mühafizəçiyə baxdı.
Mühafizəçi uduzmuş üzüylə çölə baxırdı.
…Həm də elə bil kimsə də görürdü onu… Bütün olub keçənləri, hərəkətlərini və fikirlərini səbrlə izləyir, uğurlarına sevinir, uğursuzluğunu sükutla qarşılayırdı…
Bu fikirdən, sağ bəbəyinin içinə elə bil neştər batırdılar.
Yaylığı gözünə basıb sıxdı. Gözünün yaşı, yanağı boyu süzüldü. Yaylığı yanağına hopdura-hopdura fikirləşdi ki, hal hazırda həmin bu sağ gözü - onun alnına yazılan uğurlu ölüm ehtimalını oxundan döndərmək istəyən təhlükəli qohumuna çevrilib. Son vaxtların ən həlledici məqamlarında - rəsmi mərasimlərin ən gərgin, kuliminativ dəqiqələrində – onda ki, kameraların obyektivi üzünə zillənib, cizgilərini irildə-irildə, onun hər sözünü, baxışının mənasını bütün ölkəyə, dünyaya yayımlamağa başlayırdı, sağ gözü xəbis-xəbis acışıb, bulanır, içinin yaşını axıda-axıda ətrafdakıların diqqətini özünə cəlb eləyirdi.
Mühafizəçi gözünün yaşını görməsin deyə, tərini silirmiş kimi, yaylığı alnında da gəzdirdi. Mühafizəçinin rəngi, çayı içəndən sonra elə bil saralmışdı.
Son vaxtlar elə bil o da mühafizəçinin təhlükəsizliyinə məsuliyyət daşıyırdı. Ya da elə bil hər ikisi, həyatı sapdan asılı olan naməlum kimə, ya nəyə görəsə birlikdə məsuliyyət daşıyırdılar. Nəydi bu?.. Onun ölümü?.. Yoxsa, nə isə, ondan da qoxulu və təhlükəli olan bir şey?.. Yox, bu, elə bil onun ölümündən o tərəfə olan bir şey idi… Amma axı nə?..
Nəbzi ləngiyib, aramsız döyüntülərlə döyündü. Düyməni basıb pəncərənin şüşəsini endirdi.
– Soyuq olar, cənab General. – sürücü geri çönmədən dedi.
Nəbzi ləngiyirdi... Nəbzi, son ayların yorğunluğundan, məsuliyyət və gərginlik dolu yuxusuz gecələrlə yatağında və iş otağında saatrala apardığı nəzəri əməliyyatlarından zəifləyib ləngiməyə, döyüntüsünün nizamını itirməyə başlamışdı.
Pəncərədən əsən ilıq mehi ciyərlərinə çəkə-çəkə, qəfildən, indicə, maşında getdiyi yerdə nəbzi əbədilik dayanan məqam, son nəfəsi xirtdəyində çalxanıb geriyə sümürülərək, gözlərini əbədilik yuman an sağında və qabaq oturacaqlarda qayğıkeş üzlərlə onu müşayət edən bu çalışqan adamların nə edəcəyini gözünün qabağına gətirdi.. Sonra həmin o mənzərəni necəsə, gördü də… Maşının arxa söykənəcəyində hərəkətsiz qalan cansız başını… harasa tavana zillənmiş ifadəsiz gözlərini, yarımaçıq vəziyyətdə qalan qanıqaçmış dodaqlarını… mühafizəçinin, köməkçinin və sürücünün, qızdırmalı xəstə sayıqlamalarını andıran əlaqəsiz sözlərlə deyişə-deyişə, çaşqın üzlərlə, böyümüş gözlərlə ətrafında vurnuxduğunu gördü…
Onu, maşının oturacağına uzadırdılar… Guya belədə ona rahat olacaqdı. Sonra xüsusi rabitə xəttləriylə paytaxta təcili xəbərlər göndərə-göndərə, həmin o çaşqın üzlərlə, qorxudan hərəkətini itirib əsməcəyə düşən vücudlarla geri qayıdırdılar... Sonra bütün bu vurnuxmanın içində özünü gördü… Oturacaqda yatan başı, sürətlə getliyindən, rayon yollarının çala-çuxurlarında atılıb-düşən maşının qapısındakı külqabının dəmir qapağına dəyə-dəyə getdiyi uzun-uzadı palçıqlı yolu da gördü… Başı, bütün yolu maşının hamar oturacağında ağır-ağır yırğalandı, arada bir, sürüşüb yerə asıldı… Qabaq oturacaqda, üzü arxaya oturan köməkçi vahimədən titrədib, onun ağırlaşmış başını yerinə qaytarmaq istədisə də, nə köməkçinin, nə də ayaq tərəfində, nəhəng bədənini oturacağın küncünə qısan mühafizəçinin, onun, içinə qurğuşun dolmuş kimi, ağırlaşmış başını qaldıra bilmədilər…
…Mühafizəçi deyəsən, gözünün sulanmağından xəbər tutmuşdu, üzünü pəncərəyə çevirib guya yola baxırdı.
Kürəkliyin orta hissəsindəki qoltuq balışını endirib dirsəkləndi. Belədə kürəyinin əzələləri boşalıb şirin-şirin sızıldayırdı. Həm də belədə daha rahat fikirləşirdi. Burda nə telefon zəngi, nə qəbul otağının gərginliyi, nə də bir ucdan süzülüb, az qala tavandan yağan yeni-yeni, lazımlı-lazımsız informasiyalar yox idi.
– …etiraz etmirsiz, cənab General?.. – köməkçi geriyə qanrılmadan soruşdu.
– Nə deyirəm?.. Amma, tədbir məsələsində tələsmisən. Bu tələsmək adətindən birdəfəlik əl çək. O siyahını da saxla şəhərə. – dedi və fikirləşdi ki, köməkçi niyə bu qədər danışır?!.. Görünür, düşünmək vərdişi yoxdu hələ. Yoxsa, yada salmağa xatirəsi yoxdu?..
Onunsa yaddaşında iməcilik aparmaq, lazım olmayanları, beyninə illər uzunu damla-damla süzülən zəhərli xatirələri yerli-dibli məhv eləmək lazım idi. Yoxsa, dünyaya göz açandan bəri görüb tanıdığı, duyub anladığı nə vardısa, hamısı olduğu rəngində və çəkisində, yaddaşının, heç cür köhnəlib davamlılığını itirməyən hücrələrində dayanıb durmağındaydı. Hə… - burun yaylığını qatlayıb pencəyinin cibinə qoya-qoya fikirləşdi – yaddaşının hüdusuz ərazisi hər şeyi, anlaşışmaz mühafizəkarlıqla qoruyub saxlamaqdan yorulmurdu. Bu qədər ili, bu qədər günləri və saatları, bu qədər adamları və üzləri, hadisələri və hissləri, cümlələri və ayrı-ayrı sözləri, hətta qırıq-qırıq səsləri belə, olduğu kimi, bütün dəqiqliyinəcən yadda saxlamaq, hər adama nəsib olan xoşbəxtlik deyildi. Bəlkə də bədbəxtlik idi?.. – fikirləşib başını söykənəcəyin kürəkliyinə atdı. - İnsanlarınsa hafizəsi yox idi… Yadına, paytaxtdan uzaq şəhərdə yaşadığı havasız illər, insanların onu, uzaqdan-uzağa necəsə, tədricən unutduğu, yaddaşlardan aramla silindiyininin əzabından üzüldüyü darısqal məqamlar düşdü… Onda, yadına gəlir, unudulduğunu, adamların bulanıq yaddaşlarında əriyib, vecsiz, dumanlı xatirələrə qarışdığını hiss etdikcə, balaca, kimsəsiz evinin, qədim, yarıqaranlıq mağar kimi böyüdüyünü, gözlərini xəstə sarımtıllığıyla ağrıdan zəif işığa boylandığını duyurdu… İllər ötdükcə, insanların xatırlama qabiliyyəti zəiflədikcə, şəhərin ən mənzərəli yerlərində ucaldılan möhtəşəm tikililərin, çəkilən ikitərəfli yolların, nəhəng körpülərin müəllifi unudulub bulanıq su çöküntü verən tək, yaddaşların dibinə çökdükcə, yadına gəlir, «mağarın» həmin o gözağrıdan, xəstə işığı get-gedə öləziməyə, evin içini, xof dolu qaranlıqlarla doldurmağa başlayırdı…
Fikirləşdi ki, görünür o gecə, şəhərdən uzaq kazarmada baş verən faciə taleyin hökmüylə yazılmasaydı, heç nəyin təhərini bilməyən bu südəmər hökumət üzvləri xofa düşüb aləmi bir-birinə qata-qata, milləti bir-birinə qırdırmasaydı, bütün bu müsibətlərdən cana doyan xalq hiddətlənib ayağa qalxmasaydı, o, elə oradaca, gözdən-könüldən uzaq tənha evində, həmin o sarımtıl işığın içindəcə əriyib gedəcəkdi. Deməli, nə qədər qəribə də olsa, belə çıxırdı ki, o, xalqa lazım olduğu qədər, xalq da ona lazım idi…
...Yenə dağı qalxırdı… Hava qaralmışdı deyə, ayağının altını görmürdü. Uzunboğaz çəkmələrinin iti burnuna ilişən kol-kosu, əlindəki ucuiti tiyəylə kəsə-kəsə özünə yol aça-aça, dağın başından dörd bir yana yayılan zurna-qavalın səsinə tərəf qalxırdı… Dağ – havanın qəfildən qaraldığından, ya nədənsə, ona əvvəlkindən xeyli böyük gəldi… irəlilədikcə, bitib boy atdı... Bir qədərdən sonra isə, dağın, acıqlı küləklər oynayan zülmət qaranlıq zirvəsində – ucuiti, mavi qüllələri, qaranlıq göyün içinə dirənən möhtəşəm Məqbərənin qızılı sütunları görünməyə başladı...
…Məqbərənin dörd bir yanı dövlət maşınlarıyla dolu idi… Musiqi səsi Məqbərənin içindən gəlirdi.
Bir istədi içəri girsin, sonra nə fikirləşdisə, Məqbərənin arxa tərəfinə keçib qülləyə aparan hörmə pillələrlə yuxarı qalxdı. Orda, nəfəsliyəbənzər balaca pəncərədən aşağı boylandı…
…Məqbərənin, gur işıqlı, geniş zalı başdan-başa, üstü min cür naz-nemət dolu süfrələrlə bəzədilmişdi. Kim idisə, bükülməyən qol-qıçı ilə ortalıqda atılıb düşür, o birilər də ona əl çalırdı.
Bürünc pyedestalın üstünə qoyulmuş havakeçirməz şüşə qutunun yan-yörəsi, üstü, qızılı hərflərlə yazılmış qara lentlli əklillərlə dolu idi deyə, içindəki görünmürdü. Sonra musiqi kəsildi, məclisin aşağı başından kimsə ayağa qalxıb:
– İndi isə gəlin, bir ağızdan çağıraq. – dedi və həmin dəqiqə arvadlı-uşaqlı hamı xorla:
– Ə-ziz A - ta!.. A – ta - can! – deyib onu çağırmağa başladılar.
Nəfəslikdən geriyə çəkilib, Məqbərənin içinə aparan adamboylu arakəsmədə dayandısa da, aşağıdakılar onu necəsə gördülər, ayağa qalxıb qışqırışa-qışqırışa:
– Gəldi!.. Gəldi!.. – deyib əl çaldılar. – Urra!.. – deyib qışqırışdılar. Sonra kimsə kimisə dümsükləyib:
– Di başla. – dedi və ortaya, başında ağ lent, beş-altı yaşlı balaca qız çıxdı, əllərini arxasında çarpazlayıb bərkdən-bərkdən:

Bu gün bayramdır, ata!..


Bu gün bayramdır, baba!..
Məqbərən də bərq vurur!..
Dünya durduqca, durur!.. – deyib qaçdı.

Məqbərənin divarları gurultulu alqışlardan titrəyib əsdi...


– Kim icazə verib?.. – dişi-dişinə sürtülə-sürtülə, astaca dedisə də, səsi niyəsə bərkdən eşidildi və Məqbərənin divarlarını titrətdi… Nəfəsliyin altındakı pəncərəni taybatay açıb yuxarıdan-aşağı:
– Sizinləyəm!.. – deyə çımxırdı.
– Bu, xalqımızın sərvətidir. – Milli Akademiyanın prezidenti ağarmış bəniziylə ayağa qalxıb, qısa qollarıyla Məqbərənin dörd bir yanını ona göstərə-göstərə dedi.
– Nə xalqımızın sərvətidi?..
– Bura. Bu məqbərə… – yerdəkilər də səs-səsə verib qoyun-quzu kimi mələşdilər.
– Siz də. – kimsə, stolun o biri başından nazik, ürkək səslə dedi.
– Nə mən?..
– Xalqımızın sərvətisiz.
Gözünü qıyıb, sonuncu sözü stolun o biri başından atan, üz-gözünün, saçının rəngiylə, kiminsə qorxunc neqativini andıran kenquruyabənzər, arıq adama baxdı. Elə həmin dəqiqə də stolun yuxarı başından ayrı birisi:
– Biz sizi sevirik, cənab General… – dedi və bu sözə o birilər də qoşuldu… Hamı ayağa qalxıb yer-yerdən:
– Sevirik!.. Sevirik!.. Sevirik!.. – deyə-deyə inildədilər…
Ürəyi pis-pis bulandı… Ağzına dolan suyu kənara tüpürüb dişlərinin arasından:
– Nifrət eləyirəm… – dedi, sonra lap bərkdən – Eşidirsiz?.. Nifrət eləyirəm!.. – dedisə də, elə bil onu eşidən olmadı.
…Yuxudan dik atıldı. Alnı yüngülcə tərləmişdi… ürəyi, tələyə düşən quş kimi, zəif-zəif çırpınırdı…
Köməkçi deyəsən, bayaqdan bəri, onun ayılmağını gözləyirdi, gözünü açan kimi, geriyə çönüb, əlindəki qəzetləri ona uzatdı:
– Təzə qəzetlərdi… – dedi və gözünün içinə elə baxdı, elə bil bəbəyinin içində sivişib yoxa çıxmaqda olan nəyinsə ucundan tutmaq istədi.
Qəzetləri oturacağa qoyub, nəfəsini nizamlaya-nizamlaya, indicə yuxuda gördüyünü yadına salmağa çalışdısa da, yadına, tanış Məqbərənin, qaranlıq göyün dərinliklərinə dirənən qızılı-mavi qüllələrindən savayı ayrı bir şey düşmədi…
Dincəlmək lazımdı… - gicgahı lükküldəyə-lükküldəyə fikirləşdi. - Oturduğu yerdə yuxulamağı da təzə çıxdı. Hər halda bu, qocalıq mürgüsü deyildi. İnsan qocalmamışdın əvvəl, olsun ki, yuxuları qocalır. Onun yuxuları isə qocalıb heydən düşmək bilmirdi, əksinə, getdikcə sanki daha aktivləşir, onu, yuxudan-yuxuya daha pis diksindirib qorxudurdu.
Yuxunun gərginliyi, hələ də sovuşub getməyən üzünü hər iki əliylə ovuşdurub nəfəsini dərdi. Köməkçi, hələ də üzünü geriyə çevirmədən, ona nə haqdasa məlumat verirdi...
Qəribədi ki, köməkçi, ona qulaq asmadığını biləndə, elə bil daha çox danışırdı. – fikirləşdi. - Ümumiyyətlə, son illər, xüsusən respublikadan kənarlarda olduğu dövrlər əhalinin mənəvi durumu çox dəyişmişdi. Son dövrlər ölkə boyu bir-birinin ardınca baş verən ictimayi-siyasi dəyişikliklər camaatı çaşqınlığa salmış, həm də elə bil bir az bicləşdirmişdi.
Hər şey əvvəlkindən qat-qat çətin olacaqdı… – fikirləşdi. Ölkədə olmadığı bu son bir neçə ili burda o qədər sular axmış, o qədər əcayib hadisələr baş vermiş, o qədər balaca padşahlar, bir-birindən səfeh siyasətçilər ortaya çıxmışdı ki, bütün bunları – illərdən bəri toz basıb bit-birə salmış üfunətli evi təmizləyən kimi, səbrli qadın səliqəsiylə təmizləyib sahmana salmalı olacaqdı… Sahmana ən çətin gələni isə – on il əvvəl nizamlı ordu kimi qoyub getdiyi, indi isə gəlib tanınmaz halda tapdığı, qorxunu, itaət və pərəstiş qabiliyyətini itirmiş xalq idi… Yaxın bir neçə ili beyinlərinə yeridilən axmaq arzularla, çılğın, irreal ümidlərlə hər işə qarışmağa, başları çıxmayan yerə burunlarını soxmağa öyrəşmiş bu miskin vətəndaşlar ordusunu «coşğun fədailər» obrazından çıxarıb əvvəlki yerinə oturtmağa, qulaq asıb əməl eləmək mədəniyyətinə alışdırmağa bir xeyli vaxt və hövsələ lazım olacaqdı. Bu, bir növ, sərgərdan həyata, ucsuz-bucaqsız çöllərdə başlı-başına yaşamağa öyrəşib, hər hərəkətə soncuqlayan atın, ağzını çəkib belinə minmək kimi bir şey idi...
…Mühafizəçini yenə öskürək tutmuşdu. Xəcalətdən az qala boğula-boğula, pörtüb qızara-qızara, öskürəyini harasındasa əzib-gizləməklə məşğul idi...
…Keçmiş iqtidar nümayəndələrinin, ədəbazlıqdan gərilib tarıma çəkilmiş şüursuz üzləri bir-bir gözünün qabağına gəldi…
Bu bədbəxtlərin hakimiyyət haqqında birmənalı anlayışı vardı görünür… – fikirləşdi. - Yaxın günlərəcən, tələbə yataqxanalarında qayğanaq yeməkdən qaşınmaya düşən, corablarını stulların başında qurudan, şalvarlarını döşəklərinin altında ütüləyən bu kasıb tələbələr üçün, hakimiyyət – yuxularında da görməyə iqtidarları çatmadığı şirin xəlifəlik həyatından savayı ayrı bir şey deyildi. Keçmiş iqtidarın bir neçə «qabaqcılının», yaşamaq eşqiylə alışıb yanan xəstə gözlərini xatırladı... Bu, uzun müddətli yalquzaq həyatının qəddar çöl qanunlarında bərkimiş, dönə-dönə alçalıb, qısnanıb, məhv olmaq təhlükəsində yaşamağa alışmış bir sürü canavar gözü idi…
Fikirləşdi ki, sədd heyflər olsun ki, bəlkə də nə vaxtsa gözəl alim, ya mühəndis, dilçi, yaxud müəllim ola biləcək bu istedadlı və bacarıqlı cavanları, bütün bu hadisələrdən sonra, artıq itirilmiş nəsil hesab etmək olar. Bir illik ecazkar hakimiyyət eyforiyasından, əvvəlki solğun miskinliyə qayıtmaq – bu bədbəxtlər üçün, dalğanın qupquru sahilə atdığı balığın çabalaya-sabalaya məhv olmaq kimi bir şey idi.
Bircə keçmiş prezident, deyilənə görə, özünü gümrah və rahat hiss eləyirdi.
Keçmiş prezident - uca boyu, arıq, şiv qaməti, qarayanız üzünün həyatsevər ifadəsi və yaşadığı əlli illik ömrünün qəribə bioqrafiyası ilə həmişə ona, sevimli ədəbi qəhrəmanını – dahi Servantesin Don Kixotunu xatırladırdı. «Don Kixot» qəribəydi ki, nə bu cəmiyyət bataqlığının, nə də məmləkətin, uzun-uzadı keçdiyi bulanıq dövrlərinin məhsuluna oxşamırdı… Son günlərin məlumatlarına görə, keçmiş prezident – ömrü boyu azadlığı və müstəqilliyi uğrunda guya canını fəda verməyə hazır olduğu millətini dar günündə atıb, biabırçı vəziyyətdə uzaq kəndlərinə qaçmışdısa da, orda, hamının gözlədiyi kimi, çıxılmazlıqlar və sarsıntılar içində qovrularaq içkiyə qurşanmamış, deyilənə görə, əksinə, gün-gündən gümrahlaşıb gəncləşməyə başlamışdı.
Kənd adamlarının dediyinə görə, səhərlər o, pencəyi çiynində, dağlara qalxır, orda bir müddət dağ ətəyinin ətirli çiçəklərindən yığa-yığa gəzişir, zirvəyə qalxıb, ordan görünən sərhəd mənzərələrinə zillənir, evə qayıtdıqdan sonra otağına çəkilib orda bir müddət yazı-pozuyla məşğul olur, axşamlarsa, kənd camaatıyla mətbuat konfransları keçirirdi.
…Gülməyi tutdu. Özünü saxlaya bilməyib güldü də. Nə sağ tərəfində oturan mühafizəçi, nə də köməkçi, onun gülüşünə çönməyə ürək eləmədilərsə də, yerlərində qurcalandılar.
Keçmiş prezidentin, alim üzündən çox, əzabkeş daşyonan üzünü xatırladan, dərin qırışlar və ağrılar dolu doğma üzü gözünün qabağına gəldi… Uzaq uşaqlıq illərində, kəndin daş-kəsək yollarında, gün başına döyə-döyə yumurta, ya arxa həyətlərindəki bostandan yığdığı yaşıl lobya satmağını, yay-qış ayaqqabısız gəzməkdən, əzilib göyərib döyənək ola-ola diriliyini itirən balaca, qara ayaqlarını xatırladı…
Köməkçi radionu yandırıb səsini azaltdı.
–…faciə qurbanlarının ailələri ilə görüşü olacaq. Görüşün, respublika televiziyası ilə birbaşa yayımına, saat on iki radələrində baxa bilərsiz… – diktor danışırdı.
Deyilənə görə, keçmiş spiker də özünü yaxşı hiss edirdi. Heç bir şey olmayıbmış kimi, hələ də partiyasının binasındakı səliqəli otağında oturub həmin o ədəbaz üzüylə, dəyişməz, sakit inadla öz işini davam etdirməyindəydi. Deyilənə görə, o həftəaşırı həmin o təmkinli, asta səsiylə mətbuat konfransları, müşavirələr keçirir, əcnəbi ölkələrin nümayəndələrini həmin o görüşlərə dəvət edir, öz yenilməz, soyuq mübarizəsini davam etdirirdi.
Keçmiş spikerin mübarizəsi – bir o qədər də hündür olmayan məsafələrdən ləng damlalarla daman suyun, daşı oymasını andıran, uzun və yorucu bir proses idi... – fikirləşdi və əsnədi.
Yenə göz qapaqları ağırlaşırdı… Yuxusu gəlirdi…
Fikirləşdi ki, xəlifəlik həyatının dadı, o biri iqtidar üzvləri kimi, keçmiş spikerin də damağında qalıb. Özü də elə bil hamıdan çox və əsaslı şəkildə məhz onda qalıb. Bir də, keçmiş spiker, o birilərdən fərqli olaraq, xəlifəlik həyatından başqa daha nə isə də istəyirdi elə bil…
Bu fikirdən azca əsəbiləşdisə də, yuxusu qaçmadı. Fikirləşdi ki, bu səfeh özünəbədgümanlıq hardan yaranıb bunlarda?!.. Hələ özləri bəs deyil, bu bədgümanlıq xəstəliyini, epidemiya kimi, az qala bütün ölkənin də canına yeridiblər. Kimi dindirirsən, prezidentlikdən, partiyadan danışır. Yadına, dünənki mətbuat konfransına jurnalist sifətində gələn 17-18 yaşlı cavanların iddia dolu, həyəcanlı üzləri düşdü...
Bu uşaqları daha acınacaqlı tale gözləyirdi. Ölkənin canına zəhərli neştər kimi sancılan «demokratik anarxiya», yaxud «anarxik demokratiya» iynəsindən, az qala genetik göstəricilərini itirmiş bu sadəlövh uşaqları, düşdükləri eyforiyadan çıxarmağın özü də asan olmayacaqdı. Hüquqi, yaxud milli azadlıqdan çox, daxili azadlığa, adi davranış azadlığına, sərbəstliyə ehtiyac duyan bu təcrübəsiz cavanların əvvəlki vəziyyətlərinə qaytarmaq üçün müəyyən vaxt və gənclərin şüurunu bu sahədə formalaşdıracaq islahatlar lazım olacaqdı. – fikirləşdi və oturacaqdakı qəzetlərdən birini əlinə alıb birinci səhifəsindəki başlıqları gözdən keçirdi.
Dünənki konfransda söz alıb mikrofon arxasına keçən 16-17 yaşlarında tələbə qızın, projektorların gur işığından quruyan balaca dili dodaqlarını yalaya-yalaya, körpə səsinə uyuşmayan, anlaşılmaz yekəxanalıqla ona verdiyi:
– Siz kimsiz, cənab General?.. – sualını xatırladı… və bundan ürəyi pis-pis sıxıldı… Bu balaca, balaca olduğ qədər də yaraşıqlı azərbaycanlı qızına maraqlı olan - sualın cavabı yox, Generalla üzbəüz dayanıb həmsöhbət statusu qazanmağın özü olduğunu anlayan konfrans iştirakçıları bu qəfil sualın nə ilə bitəcəyini, maraq və məzə dolu gözlərlə izləməyə başlayında, günahsız uşağa ürəyi ağrımışdı...
Cavanlarda təqsir yox idi… - fikirləşdi və qəzetin o biri səhifəsini açdı. İkinci səhifə iri hərflərlə yazılmış «Böyük Qayıdış» başlıqlı yazıyla başlayrırdı. Yazını gözdən keçirə-keçirə fikirləşdi ki, dövlətin, millətin müstəqilliyini fərdi azadlıq kimi qəbul etməyin, daha doğrusu, «azadlıq» adlandırılan çoxmənalı məhfumun, yazıq camaatın canına bu sayaq xəstəhal formada yeridilməsinin məsuliyyəti birbaşa, «azadlıq aşiqlərinin» çiyinlərinə düşürdü. İndi xalqı, qaranlıq, dərin uçurmalar aparan bu kələ-kötür, darısqal yoldan saxlamaq, getdiyi yolla geri qaytarıb genişliyə çıxarmaq və ayrı səmtə yönəltmək lazım idi ki…
- Səfirlə görüşü neçəyə keçirim?.. – köməkçinin səsi fikirlərini qırdı.
Səfirin, tranzistoru andıran dördkünc sifəti gözünün qabağına gəldi:
– Dördə. O da, hələ yekunlaşdıra bilsək. – dedi.
Fikirləşdi ki, indi bu «Azadlıq» şüarı altında azğınlaşmış xalqa necə başa salasan ki, ümumiyyətlə, «azadlıq», «müstəqillik» deyilən məfhumun özü də nisbidi?!.. Dünyanın hansı dövlətinə – tam müstəqil dövlət, hansı xalqına – tam azad xalq demək olar ki, bütün dövlətlər və millətlər bir-birindən, iqtisadi, ya siyasi cəhətdən asılıdırlar?..
– Ölənlərin ailələrinə xəbər vermisiz?..
– Bəli, cənab General.
– Neçə nəfərdilər?..
– Təxminən otuz yeddi.
– Yenə təxminən?..
Köməkçinin rəngi qaçdı, azca kəkələdi:
– Dəqiq otuz altıdı. Bir nəfər…
Fikirləşdi ki, bir az da dərinə getsə, ümumiyyətlə, «azadlıq» nə deməkdi axı?.. Qəribədi, bu «azadlıq» haqqında, elə bil heç əməlli-başlı fikirləşməmişdi. Buna vaxtı olmamışdı, yoxsa, hər bir şeyi xırdalayıb kökünə gedən kimi, «azadlığ»-ı xırdalamaq yadına düşməmişdi, ya buna sadəcə ehtiyac yaranmamışdı?.. Amma elə bil həm də, ömrü boyu can atdığı bütün o qaçdı-qovdular, irili-xırdalı sıçrayışlar, enişlər və yoxuşlar, təhlükə və vahimə dolu gecələr və gərgin günortalar – hər şey, hər şey, əslində həmin bu azadlıq deyilənə görə olmuşdu... Bəlkə, hələ lap uşaqlıq illərindən, özünü nələrdənsə məhrub edib, elə hey nə isə qura-qura, güclənib bərkiyə-bərkiyə, əslində özünə müəyyən azadlıqlar əldə etməklə məşğul olmuşdu?!..
Pəncərədən yenə, sahili duz örtüyü bağlamış boz göl göründü…
Kortej rayonun, havanın bozluğundan tutqunlaşıb, sınıq - salxaq tikiləlri ilə, şəhərdən çox, fəhlə qəsəbəsini andıran mərkəzinə daxil olanda mühafizəçi pəncərələrin düymələrini basdııb qaldırdı və o, yolların kənarı boyu sıralanıb qışqırışa-qışqırışa ona əl eləyən adamlara baxdı.
– Yaşasın! Var olsun!.. Var olsun!..
– Bir də, səhər şair zəng vurmuşdu… – köməkçi, pəncərədən görünən adamlara baxmadan, telefonun düymələrini basa-basa dedi – dedi, icazə versəydiz, görüşə o da gələrdi…
– Ehtiyac yoxdu… – dedi və fikirləşdi ki, bu adamın da nə istədiyi bilinmir. Bütün dövrlərdə və zamanlarda, bu şair, mövcud olan və olmayan bütün fəxri adları, orden və mükafatları almışdısa da, yenə də elə bil nə isə istəyirdi… Yeni olan nə isə almaq istəyinin gizli ağrısı, şairin, qocalıqdan xal düşən bəbəklərinin lap dərinliyində, bir də, təntənəli yığıncaqlarda vətən yanğısıyla oxuduğu şeirlərinin bəzi sətirlərində duyulurdu...
Fikirləşdi ki, şairin növbəti narahatçılığı, olsa-olsa, Fəxri Xiyabanda onun üçün ayrılacaq qəbrinin yeri və qəbrin üstündə ucaldılacaq abidəsi ola bilərdi. Bəlkə bu narahat şairi şübhəli üzüntülərdən qurtarmaq üçün, Fəxri xiyabanın ən gözəgörünmlü yerlərindən birində ona, elə indidən yer ayırtdırsın?.. Şairin, faciə saçan qarayanız üzü, içi həyat eşqi və vüqar dolu narahat gözləri gözünün qabağına gəldi. Üzünün tunc rəngi, dərisinin qalın büküşləri, onu canlı abidəyə oxşadırdı…
…Kortec, üstündə iri, paslı hərflərlə «Mədəniyyət sarayı» yazılmış ikimərtəbəli binanın qarşısında dayandı. Qapılar açıldı. Gülümsər üzlər bir-birinə mane ola-ola ona yol açdılar:
– Xoş gəlmisiz… Buyurun, bura… Buyurun…
Sarayın girəcəyinə yığışan adamlar onu görüb əl çalmağa, «Var ol!» - deyib qışqırışmağa başladılar.
İcra hakimiyyətinin başçısı qabaqda, ona yol göstərə-göstərə, hörmət əlaməti olaraq yanpörtü gedirdi deyə, arada ayağı nəyəsə ilişib, onu büdrədi.
Zalın divarlarına, matəm əlaməti olaraq, qara örtük çəkidiyindən, ya nədənsə, burda çığıran olmadı.
Adamların arasından keçib səhnəyə qalxdı, rəyasət stoluna tərəf yeriyə-yeriyə, hardasa aşağıda - qabaq cərgələrin arasıyla, asta səslərlə xısınlaşıb: «Şükür Allaha…», «Allah, sənə çox şükür…», «Allah, sən ömrümüzdən kəs, onun ömrünə cala…» - deyənlərin səsini eşitdi. Rəyasət stolunun arxasına düzülən stulların mərkəzində onun üçün hazırlanmış məxmər üzlü kresloya əyləşib fikirləşdi ki, şair də, o biri sənətçilər də, onun hüzurunda, öz sənət dünyalarının xırda ölçülərini daha yaxşı hiss edirlər. Bu dünyadan almaq istədiklərinə - fəxri adlara, yubiley təntənələrinə, əbədiliyə məhz Fəxri Xiyabanda qovuşmağa, dövlət səviyyəli dəfnlərə və sair və ilaxıra onsuz yetə bilməyəcəklərini, o, ölkədə olmadığı son illər əyani surətdə başa düşdüklərindən, artıq onu «sevməyə» bilməzdilər.
– Camaatımız adından, kazarma faciəsində həlak olanların qohumları adından, öz qiymətli vaxtından ayırıb, bura təşrif buyurduğu üçün, möhtərəm Generala öz təşəkkürümü bildirirəm… – qəsəbə nümayəndəsi, kələ - kötür üzlü, orta yaşlı adam, kürsüdən uçacaqmış kimi, harasa irəliyə dartılmış vəziyyətdə danışırdı…
Fikirləşdi ki, o gecə – vətəninə qarlı yollarla döndüyü o qara gecə, möhtəşəm ordunu xatırladan qaranlıq rus meşələrinin qüdrətindən zəifləməyinin bir səbəbi də, elə bu adamlar, uzaq uşaqlıq illərindən bu yana, əsərlərini oxuya - oxuya böyüdüyü, bu zatıqırıq ziyalılar idi… Sonra çıxış edənə baxıb, onun dediklərini başıyla təsdiqləyə-təsdiqləyə, yenə həmin o qarlı gecəni, hava limanına aparan buzlu yollarla üz tutduğu bu adamsız Vətənin miskinliyindən canının darıxdığını, bütün yolu, qüdrətli İlahinin, ağıldan savayı hər şey bəxş etdiyi bu millətə tarix boyu göstərdiyi böyük lütfkarlığın səbəblərini axtarıb aramağını xatırladı…
Tənhalıq, görünür ki, onun alın yazısı idi. – fikirləşdi - Bəlkə də gücü elə bunda, bu tənha, cod yalquzaqlığındaydı.
– İndi isə söz - şəhərin ağsaqqalı, Böyük Vətən müharibəsi əlili Həmid kişiyə verilir. – ondan bir neçə stul aralıda oturan icra başçısı deyib ehmal hərəkətlərlə yerinə əyləşdi.
Fikirləşdi ki, «xalqın bu düşünən beyni», bu həssas qəlbli ziyalılar ordusu niyə bu gündəydi axı?!.. Sonra ötən həftənin, ziyalıların qan yaddaşına həkk olunacaq hadisəsini xatırladı. İki aylıq ağır xəstəlikdən sonra dünyasını dəyişən qocaman xalq yazıçısının dəfni, bu elm və sənət aşiqlərinin canına bir xeyli qorxu yeridəcəkdi. O ibrətamiz mərasimdən sonra, hərə öz payını götürəcəkdi, hər kəs, o, ölkədə olmadığı son on ildə büruzə verdiyi vətəndaşlıq və ziyalılıq mövqeyini bir də, dönə-dönə, yuxusuz gecələrlə araşdırıb təhlil edəcəkdi, canına bit-birə kimi daraşan qorxusunu, uzaqdan-uzağa, gecələrlə, gizli-gizli ona ötürəcəkdi…
Ömrünü cild-cild, qalın kitablar yazmağa sərf edən bu qocaman yazıçı, o, paytaxtdan uzaq dağların ətəyindəki kimsəsiz evinə sığındığı vaxtlar, çıxışlarının hansı birindəsə onu, «əzazil diktator» adlandırmışdısa da o, paytaxta – vəzifə başına qayıdan gündən, yorğan-döşəyə düşmüş və ötən həftə, hansısa xəstəxananın küncündə, döyüşdə məğlub olan əsgər ölümü ilə ölmüşdü. Vəfasız yazıçının ölümü ictimaiyyətə açıqlanmamış, radio və televiziya, eləcə də digər mətbuat vasitələri bu barədə qətiyyətlə susmuşdular.
– Şükür!.. Min şükür, İlahi!.. Ya xuda! Fəhminə bütün xalq baş əyir!.. – Böyük Vətən müharibəsi əlili, ağzının tüpürcəyini dörd bir yanına sıçrada-sıçrada danışırdı.
Üzünü ikiəlli ovuşdurdu. Son vaxtlar üzünün dərisi elə bil quruyurdu…
Xalq, öz yazıçısının ölümündən, çox-çox sonralar, aylar, bəlkə də illər keçəndən sonra xəbər tutacaqdı. Bəlkə də heç xəbər tutmayacaqdılar. Uzun müddət səsi-sorağı gəlməyən, bu özündən bədgüman ədibi, minlərlə istedadsız ölünü unudan kimi, ölümündən xəbər tutmadan unudacaqdılar.
Fikirləşdi ki, əslinə qalsa, xalq, bu yazıçısını, o, təntənəli dəfnlə basdırılsaydı belə, bir müddətdən sonra, bircə cümləsiylə yaddaşlarda qalmayan duzsuz əsərləriylə birgə unudacaqdı və o dəfn, əgər o, baş tutsaydıda belə, onun cəsədinin yox, illər uzunu öz qənirsiz istedadsızlığıyla yazıb yaratdığı bivec həqiqətlərin dəfni olacaqdı.
– Çox sağ olun… – bayaqdan bəri kürsüdən, yumşaq çənəsiylə danışan müharibə əlili irəli çıxıb ona baş əydi, elə bil arada dizi üstə düşmək də istədi… qoluna girib kişini bir təhər səhnədən sürüdülər.
Ayağa qalxıb kürsüyə sarı addımladı. Salona çaxnaşma düşdü. Yaddaş instinkti işlədi. Hamı ayağa qalxıb, on-on beş il bundan əvvəlki sabit ritmlə ona əl çalmağa başladılarsa da, əlini qaldırıb:
– Əyləşin, xahiş edirəm, lazım deyil… – dedi və hiss elədi ki, adamla dolu, matəm örtüklü bu salondan, üzləri – qara, çatma qaşları, dəyirmi sifətləriylə, yaddaşının hansısa sarımtıl hücrəsini oyadan bu adamlardan ürəyi bulanır. Olsun ki, min bir başlı bu nataraz heyvandan – bu «qədirbilən», «sadiq» insan yığnağından, nə vaxtsa, lap çoxdannan sınmışdı. Ya iyrənmişdi?.. – kürsüdə yerini tutub adamların əyləşməsini gözlədi. - Bu şüursuz insan yığnağıyla bağlı, yaddaşının hansı tərəfindəsə, çatlara, yaralara bənzər sağalmaz zədələr vardı elə bil. Dəqiq bildiyi bir bu idi ki, bu min üzlü yöndəmsiz heyvan, bu dəqiqə lazım gəlsəydi onu, qırxayaq ayaqlarını andıran çevik əlləri üstə qaldırardılar, sonra nədənsə cuşa gəlib, elə ordan da, kəlləsi üstə yerə çırpar, tapdaq altına salardılar.
– Məni bura gətirən, ilk növbədə vətəndaşlıq borcum, ürək ağrılarımdı. Bu gün hamımız üçün ağır gündü. – zalın dörd bir tərəfindən qurulan gücləndiricilərdən axan səsi divarları titrətdikcə, öz səsindən kövrəldi... Bu dəqiqə bu nataraz binada, bu minbaşlı heyvanı ovcuna yığıb saxlaya bilən bir şey vardısa, o da səsiydi. Onun ən etibarlı silahdaşı.
– …vətənin bu ağır günündə, düşmən torpaqlarımızın canına yeriyən bir vaxtda!.. Bu qardaş qırğınını törədənlər öz cəzalarına çatacaq!.. Onlar xalqın qarşısında cavab verməli olacaqlar…
Sonra nə oldusa, səhnəyə yaxın cərgələrin arasndan, hardansa lap yaxından, qəribə, tanış səs axdı elə bil… Ya ona elə gəldi?!.. Elə bil kimsə astadan, lap yaxından onun adını çəkdi…
Danışa-danışa, qabaq cərgədə oturanların üzlərinə baxdı. Qabaqda həmin çatmaqaş adamlar oturmuşdu.
– …o səbəbdən ki, ölkə bu gün çox ağır vəziyyətdədi. Müharibə, son illərin hakimiyyət dəyişkənliyi, dövlətçiliyi onsuz da laxlayan resrublikanın vəziyyətini daha da ağırlaşdırıb. İqtisadiyyat, kənd təsərrüfatı iflic vəziyyətdədir. Ordu quruculuğu haqqında heç danışmağa dəyməz. İnflyasiya, aclıq, anarxiya, ölkəni başına götürüb. Bütün bunları həll etmək lazımdır. - fikirləşdi ki, bəlkə də bu qədər ümidsiz olmağı düzgün deyil. Bəlkə də elə burda, üzləri, səhnənin gur işığından kölgəli görünən bu çatmaqaşların arasında, ona sədaqətli olan nəcib insanlar var?!.. Sonra da, gicgahı lükküldəyə-lükküldəyə fikirləşdi ki, axı niyə yenə nəcib adam axtarır?.. Yenə noldu?!..
Qabaq cərgədə oturanların üzləri daha aydın görünürdü deyə, danışdıqca, oturanlara göz gəzdirdi. İkinci sırada, qarayaylıqlı qadınların arasında gözünə tanış üz dəydi elə bil…
– …müharibənin qarşısını almaq!.. Bu məqsədlə mən, bir neçə dövlətlə rəsmi danışıqların aparılması üçün müvafiq göstərişlər vermişəm …
Bu, otuz-otuz beş yaşlı, qısa saçlı, aydın, yaraşıqlı üzlü, cavan bir qadın idi, bulanıq üzlərin arasından tanış gözlərlə ona baxırdı…
– …ilkin olaraq, Atəşkəsə əməl olunarsa, bunu, müharibənin və itirilmiş torpaqların taleyinin həlli üçün zəruri addım hesab etmək olar...
Yaddaşını ələk-vələk edib, bu qadını hardan tanıdığını, onunla harda, nə vaxt görüşdüyünü yadına salmağa çalışdısa da, yadına heç nə düşmədi. Qəribəydi ki, qadının üzü get-gedə elə bil daha çox tanış gəlirdi… və bu naməlum tanışlığın, heç cür yada düşməyən, yalnız yaddaşının ha tərəfdənsə nisgil dolu havası sızan xatirələrindən ürək döyüntülərinin sürətləndiyini hiss etdi…
–…iqtisadiyyatımızdır. Bu sahədə də artıq müəyyən işlər görülür. Bir çox qabaqcıl ölkələrlə iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bu əlaqələrin, dövlətçilik baxımından, gələcək proqramlarımıza uyğun düzgün müəyyənləşdirilməsi…
Qadın olsun ki, bayaqdan ona baxırdı… Məlum məsələydi, kürsüdə danışana baxmayıb, kimə baxacaqdı ki?.. Ürək döyüntüləri nizamını itirirdi. – …həmin o dövlətçilik baxımından. İstəyirəm, bunu hamı bilsin!.. Artıq belə qanunsuzluqlara yol verilməyəcək!..
Gözləri, ikinci cərgədə sırayla oturan qarayaylıqlı qadınların arasından, ona baxan bu şümal üzdən ayrılmaq istəmirdi. Sonra birdən-birə ona elə gəldi ki, bu qadını çoxdan, lap çoxdannan tanıyır. Axı bu qadını o, nə vaxt, harda görmüşdü?!. Bəlkə ölkədən getdiyi on beş il əvvəl, elə burda, həmin bu tövlə iyi verən salonda?.. Ya bəlkə yuxuda?.. – fikirləşdi və ürəyi düşdü. İçində – hansısa əlçatmaz dərinliklərində, nə vaxtsa, lap çoxdannan qaysaq bağlamış zədələrinin hansındasa, tumurcuğabənzər nə isə çırtladı elə bil... Bu çırtlamadan, matəm örtüklü zalın rəngi də dəyişdi.
–…hər birimiz bilməliyik. Bu, bizim qan yaddaşımızdı!..
Salondan gur alqışlar qopdu. Qadın da əl çaldı. İmkanı olsaydı, özü də əl də çalardı. Bu gözlənilməz görüşə… içində, gözlənilmədən çırtlayan həmin o bapbalaca, çəhrayı tumurcuğa.
– Sağ olun… – deyib əllərini yuxarı qaldırdı, kürsüdən çıxıb yerinə qayıda-qayıda qabaq cərgələrə nəzər saldı.
O, niyəsə əl çalmırdı… camaatla bir, ayaq üstə dayanıb qəhərli gözlərlə onun üzünə baxırdı…
Başı hərləndi… Səhnədən enib iri addımlarla salon boyu yeridi. Hə, elə bil onu yuxuda görmüşdü. Amma nə vaxt, hansı yuxuda?..
Mühafizəçilər, ətrafında toxunulmaz dəhliz yarada-yarada onunla bir irəliləyirdilər. İcra başçısı də irəlidə, yenə yanpörtü gedirdi:
– Şəhidlərin qohumları ilə görüşmək istəmirsiz, cənab General?!..
Camaat ayaq üstəydi deyə, cərgələr bir-birinə qarışmışdı…
– Mərhum leytenant Yusifovun anasıdı… - deyə başçı cərgələrdən birinin qarşısında ayaq saxladı.
Ağ saçlı qarı boynuna sarılıb səssiscə hönkürdü, dişsiz ağzını qulağına dirəyib astaca:
– Düzünü de, bala… Bütün bunlar sənin üçün idi?.. – dedi.
Qarını özündən kənarlaşdırdı, bədənini soyuq tər basdı...
– Düzünü de, mənim balam… Bütün bunlar nə üçün idi?.. – qarı ağlaya-ağlaya xırıldadı. – Qardaş da qardaşa əl qaldırarmı?!..
Başçının işarəsi ilə, qarını, qoluna girib ehmal-ehmal ha yanasa sürüdülər.
– Havalanıb yazıq… – başçı pərtliyini gizlədə-gizlədə, ağızucu dedi, sonra irəli keçib, növbəsini gözləyən yekəpər kişini təqdim etdi. – Bu kişinin də oğlu burda xidmətdə olub.
– Familiyam Salmanovdu. – kişi deyib, sinəsini qürurla qabağa verdi.
– Allah rəhmət eləsin. – dedi və gözünün ucuyla, görüşmək üçün növbəsini gözləyən Ona baxdı.
– Sercant Maisovun anası…
– Allah rəhmət eləsin.
– Bu böyük oğlum idi, yoldaş General. – kişi dedi - İndi bircə oğlum qalıb, o da işləmir. Güzəranımız ağırdı.
– Qeyd eləyin. – arxadakılara atdı və fikirləşdi ki, bu millət ölüsüylə də alver eləyir.
– Leytenant Ələsgərovun yoldaşıdı.
– Allah rəhmət eləsin.
– Polkovnik Seyidovun həyat yoldaşı…
Onun gözləri indi lap yaxındaydı. Dustaqxana qəfəsindən boylanan doğma adamın üzünü andırırdı…
«Sən kimsən?..» – yumşaq, soyuq qadın əli, əlinin içində əriyib bədəni boyu yayıla-yayıla, gözləriylə Ona – «Kimsən sən?..» - dedisə də qadından cavab gəlmədi.
Ovcunun, qadının yumşaq əlindən diksindiyini hiss edib əli buraxdı və mühafizəçilərin müşayiəti ilə addımlayıb zaldan çıxdı. Sonra maşın kortecinin yanında, onu ötürənlərlə vidalaş-vidalaşa, qulağına ha tərəfdənsə mərhum arvadının səsi dəydi. Arvadı, növbəti eşq macərasından xəbər tutanda sağlığında elədiyi kimi, yatağına dirsəklənib, heysiz əlləriylə saçlarını düzəldə-düzəldə:
– Qoy, heç olmasa, rahat ölüm… – dedi…
– Şəhərə neçə vaxta çatarıq?..
Qabaq oturacaqda, arxası pəncərəyə, köndələn oturmuş köməkçi, qəfil sualından diksinib nəyə görəsə bloknotunu vərəqlədi:
– 8-də çatarıq. Almaniya səfirinin qəbulunu sabaha, saat 5-ə keçirdim. Hərbi kollegiyanın iclasının vaxtı da, buna görə dəyişdirildi. – köməkçi dedi, sonra geyirə çönüb:
– Özünüzü necə hiss edirsiz?.. – soruşdu.
– Necə ki?.. – deyib maşının yan güzgüsündən üzünə baxdı.
Rəngi avazımışdı. Sağ gözü, sol gözünün sayıqlığına uyğun olmayan, qəribə sərxoşluqla süzülürdü. Yorğun gözlərinin dərinliyində qəribə işıltı əmələ gəlmişdi…
Köməkçi, ayağa qalxdığını görüb irəli sıçradı, kreslosunun başına keçirdiyi pencəyini tutmaq istədi:
– Lazım deyil, mən özüm… – dedi, sonra əllərini cibinə salıb güzgünün qabağına keçdi.
Dağınıq saçları, yaxası açıq köynəyi, qalstukunun boşalıb böyümüş düyünüylə, 60 – cı illərin hansısa amerika kino aktyorunu xatırladırdı…
Saçlarını geriyə hamarlayıb:
– Gələn var?.. – dedi.
– Hamı burdadı, cənab General.
– Dəvət olunanları soruşuram.
– Onlar da gəliblər.
Ürəyi atıldı:
– Hardadılar?..
– Aşağıda.
– Deyirəm, banket zalına keçirmisiniz, yoxsa…
– Xeyr, cənab General, hələ ki, vestibüldədirlər, sizi gözləyirlər.
Bir anlıq, banketə dəvət olunan qonaqlardan bir qədər kənarda, mərmər sütunların yanında, həmin qara, ipək paltarında dayanan həmin o qadını gördü… Qalstukunu çəkib düyününü bərkitdi:
– Zala keçirin, mən də gəlirəm… – dedi.
Banket zalının gur işığından, ilk əvvəl uzunsov stolun ətrafında dayananların üzlərini aydın görə bilmədi. Odu ki, aşağıdan yuxarı, hamıyla bir-bir əl tutub görüşə-görüşə stolu dövrə vurdu. Axırıncı adamla görüşüb yerinə keçdi.
O gəlməmişdi…
Ayağa qalxıb sakit səslə:
– Bir də hamınıza «xoş gəlmisiniz» deyirəm. – dedi, sonra stolun arxasında boş qalan iki kresloya baxa-baxa, həmin sakit səslə, tələsmədən, aramla, yenə, bir neçə ay bundan əvvəl, şəhərdən uzaq kazarmada tökülən günahsız qanın yerdə qalmayacağından, bu qanlı faciəni törədən səbəblərdən, ölkənin bu günkü vəziyyətdən, ümumxalq mənafeyi üçün görülməsi vacib olan işlərdən danışdi.
Uzun illərdən bəri, istənilən mövzuda saatlarla, çaşmadan, büdrəmədən, sözləri, mirvarini sapa yığan kimi, ardıcıl düzə-düzə söylədiyi nitqlər vaxtı, həm də dediklərinə dəxli olmayan hansısa ayrı mətləblərlə məşğul olmaq vərdişi onu, vəzifə başında işlədiyi uzun dövrlər bir çox qadalardan xilas eləmişdi. Bu dəfə isə, ölkə iqtisadiyyatının iflic vəziyyətindən danışıb ordu quruculuğuna keçəndə, birdən-birə necəsə, daha danışmaq istəmədiyini, danışmaq gücünü itirdiyini hiss etdi. Fikrini yarımçıq yekunlaşdırıb:
– Bu qədər. – dedi və yerinə əyləşdi.
Stolun ətrafındakılar bir müddət, sakit üzlərlə ona baxdılar. Elə bil təəccüblənməyə ürək eləmədılər.
– Buyurun, şam edək. – dedi və kreslosunun yanında, əlləri arxasında dayanıb onun buyruğunu gözləyən xidmətçiyə, badəsinə içki süzməyi işarə etdi, sonra dilinə heç nə vurmadan iki qurtum içib, çəngəl-bıçaqlarını tədricən, ehmal-ehmal işə salan qonaqlara baxdı, yarıciddi-yarızarafai:
– Bu gün nə isə gözümə az dəyirsiz. – dedi.
Qonaqlar əvvəl bir müddət çaşqın-çaşqın bir-birinə baxdılar, sonra kimsə stolun lap aşağı başından ayağa qalxıb nə ısə mızıldadı...
– Nə?.. – dedi və hiss elədi ki, hövsələsi daraldı. – Bərkdən danış, görüm nə deyirsən. – dedi.
Stolun sağ cinahında əyləşmiş çalsaçlı bir adam ayağa qalxıb, dərsə cavab verən kimi, əllərini arxasında çarpazladı:
– Leytenant Müslümovun atasıdı gəlməyib, ağır xəstədi. Oğlundan sonra lap düşüb, yazıq. – dedi. - Bir də, polkovnik Seyidovun yoldaşı gəlməyib. - deyib əyləşdi.
Üzünü yığıb, əsəbilikdən gicişən yanağını qaşıdı:
– O da xəstədi?..
– Yox, o, xəstə deyil. – kimsə dedi.
– Bəs niyə gəlməyib?.. – dedi və fikirləşdi ki, burda lap ağını çıxartdı, həm də çox gözəl bir şey alındı.
Qonaqlar yenə çaşqın-çaşqın bir-birinə baxıb çiynlərıni çəkdilər, gizli təlaşla:
– Bilmirik. – dedilər.

***


Otağına qayıdanda hiss elədi ki, başı hərlənir. Köməkçini dəhlizdəcə ixtisara salıb, üzünü geriyə çevirmədən:
– Gecən xeyrə qalsın. – dedi.
– Xeyrə qarşı, cənab General, sabah…
– On tamamda.
– Oldu. Sağ olun, cənab General.
Bir müddət də, mühafizəçilərin yumşaq xalçanın üstü ilə, səssiz addımlarla arxasınca gəldiyini hiss etdi, geriyə çönmədən onlara da:
– Gecəniz xeyrə qalsın. – dedisə də, arxasınca sürünən ayaq səsləri kəsilmədi.
Dayanıb geriyə çöndü, mühafizəçilərin, istidən tərləyib pörtmüş üzlərinə baxıb:
– Gecəniz xeyrə qalsın, uşaqlar. – dedi.
– Xeyrə qarşı, cənab General. - mühafizəçilər dedilər.
Çönüb otağına girdi. Bir müddət qapının o üzündən, öz aralarında astaca nə haqdasa danışa-danışa, o baş-bu başa var-gəl eləyən mühafizəçilərin səsləri eşidildi və kəsildi.
Soyunub ipək xalatını geydi, hamama keçib suyu açdı.
Soyuq su, üzünün, boynunun dərisini soyutduqca, yadına, bir vaxt səhərlər, bədəni havanın şaxtasından qızara-qızara bumbuz suya girib, nəfəsi daralanacan, az qala üfüqə qədər üzdüyü günləri düşdü. Birdən-birə içindən, o illərin ehtiras və çılğınlıqlar, qorxular və təhlükələr dolu, şipşirin, ecazkar havası keçib getdi…
Sonra hamamın, dəyirmi güzgüçündə, sulu saçlarını geriyə daraya-daraya diqqətlə üzünə, ipək xalatda cüssəsiz görünən bədəninə, gözlərinin içinə baxdı. Gözlərinin lap dərinliyində, yaddaşının ən toxunulmaz, ən gizli nöqtələrinə aparan namnazik, qaranlıq yolların başlanğıcları görünürdü…
Otağa keçib televizorun qarşısındakı kresloya oturdu, televizoru yandırıb mizin üstünə yığılan qəzetlərdən birini açdı.
Birinci səhifədə - onun, milli bayrağın önündə danışan yerdə şəkli və qəzetin qoşa səhifəsini tutan çıxışı dərc edilmişdi. Qəzeti, əlini darıxdırdığından, kənara atdı.
Televizorda «Xəbərlər» proqramının gecə buraxılışı gedirdi. Diktor, kazarma faciəsinin qurbanlarından danışırdı. Sonra ekranda, faciə qurbanlarının şəkilləri verildi. Şəkillərdən sonra ekranda diktorun üzü göründü. Diktor, tanış hüznlə:
- Bir neçə dəqiqədən sonra, həlak olanların yaxınları ilə görüşdən hazırlanmış
reportaja baxacaqsınız. – dedi.
Reportaj - onun iri addımlarla binaya daxil olmasından başladı. Üzü iri planda görünürdü. Sonra iri planda, ona qulaq asan insanların üzləri göründü. Oturanlar, qulaq asmaqdan çox, elə bil ona tamaşa edirdilər.
Kreslonun kürəkliyinə söykənib əllərini ovuşdurdu. Əlınin biri isti, o biri soyuq idi.
Televizorda, indi də üzüm tarlalarını göstərirdilər…
Bu həftə ərzində görəcəyi işləri, gedəcəyi yerləri, danışacağı adamları, söyləyəcəyi nitqləri yadına salıb ürəyini bulandırdı. Yorulmuşdu, nədi?.. Ya bəlkə rahatlıq istəyirdi?.. Daha doğrusu, rahatlıq istədiyini indi hiss eləyirdi. Sonra elə bil bunu kiməsə qudağına da pıçıldadı… Yoxsa qapı döyüldü?..
Qapını astaca tıqqıldadırdılar… Olsun ki, mühafizəçiləri idi. Dikəlib:
– Gəl. – dedi və fikirləşdi ki, onlar olsa…
Qapı astaca aralandı və aralıqdan, hərbi geyimli adamıniçəri boylanan başı göründü:
– Üzr istəyirəm, cənab General…
– Sən kimsən? – deyib ayağa qalxmaq istədi.
– Mən… – hərbçi içəri girib qapının ağzındaca dayandı – Selektorunuz cavab vermədi… Dedim, birdən nə isə olar, Allah eləməmiş. Mən - axşam növbəsinin rəisiyəm: Leytenant Heydərov:
– Nəyin axşam növbəsinin?..
– Qarovulun, cənab General. Gecə qarovulunun növbə rəisiyəm.
– Nə istəyirsən?..
– Sizi aşağıda bir qadın görmək istəyirdi, dedim istirahət edirsiz…
– Qadın?.. Nə qadın?!. – dedi və hiss elədi ki, ürəyi əsdi.
Növbə rəisi, ürəklənib bir addım da irəli gəldi:
– Familiyası Seyidovadır. Üstündə sənədi də var. Yoxladım. Deyir, siz dəvət eləmisiz, o isə gecikib, deyir… Bayaqkı qonaqlığa, deyir, gecikib. Üzrxahlıq eləyir…
Ayaqlarının altından dizləri ilə üzüyuxarı, soyuq gizilti yayıldı...
– Hardadı o?.. – deyib yenə ayağa qalxmaq istədisə, özünü zorla saxladı.
Növbə rəisi elə bil onu eşitmədi, fikri hardasa ayrı yerdə, mat - məəttəl üzünə baxdı.
– Deyirəm, o… qadın, hardadı?..
– Burda, aşağıdadı, cənab General.
– Burax, gəlsin.
– Hara, bura?..
– Bura.
– İndi gəlsin?..
Çönüb növbə rəisinin üzünə baxmaq istədisə də, növbə rəisi yoxa çıxmışdı.
Xalatını tələsik soyunub kənara tulladı, tələm-tələsik geyinə-geyinə fikirləşdi ki, banketə gəlməməyi, bəlkə elə buna görəydi?..
Qapı yenə astaca döyüldü.
– Buyurun… – deyəndə, o, artıq tarım geyimində, saçları səliqə ilə geriyə daranmış vəziyyətdə, kreslosunda oturmuşdu.
Qapı açıldı… və içəri hansısa uzaq illərin tanış, ecazkar qoxus doldu…
O, yenə həmin qara, ipək paltarında idi, içəri girib qapının ağzındaca ayaq saxladı, yanaqları qızara-qızara:
– Axşamınız xeyir. – dedi.
Ayağa qalxıb çəkisiz addımlarla Ona yaxınlaşdı:
– Axşamın xeyir. Buyur, keç. - dedi - İstədiyin yerdə əyləş. Özünü rahat hiss elə…
– Mən… - qadın həyəcanlı idi.
Bunu, hələ qapı təzəcə açılanda hiss eləmişdi.
– Gecikdiyimə görə üzr istəyirəm. – o, dedi və susub günahkar gözlərlə döşəməyə baxdı.
– Belə daha yaxşıdı. Yaxından tanış olarıq. – deyib susdu və hiss elədi ki, Ona deməyə sözü yoxdu… Ümumiyyətlə, bütün söz ehtiyatı harasa yoxa çıxıb. Odu ki, televizorun pultunu əlinə alıb düyməsini basdı və həmin dəqiqə də elədiyinə peşman oldu. Televizorun səsi, otağın gərginliyini bir az da artırırdı…
Ayağını dizinin üstə aşırıb qollarını qoltuqlarına saldı:
– Özünüzdən danışın. Danışın, necə yaşayırsız, nə kimi problemləriniz var, çətinlikləriniz nədi… - dedi və fikirləşdi ki, bu nə suallardı verir?.. Ümumiyyətlə, niyə özünü belə itirib? Qadın qəlblərinin ən incə, gözəgörünməz yollarını havadaca tutan, əhvalılarını, ovqatlarını gözlərinin rəngindən oxuyan o deyildi?..
Qadın dinməz-söyləməz, döşəmədə tutduğu hansısa nöqtəyə baxa-baxa, elə bil ona nə isə deməyə hazırlaşırdı. Olsun ki, şəhid olmuş ərinə görə təqaüd, ya da ev almaq istəyini təqdim etməyin yollarını aryıb-axtarırdı. – fikirləşdi.
Uzun-uzadı pauzadan sonra qadın başını qaldırıb, gözlərini, o dəfəki kimi, gözünün içinə, ürəyinin başına sancdı və:
– Heç bir problem yoxdu. – dedi – Dəvətinizi alıb gəlməməyim, bir az yaxşı çıxmazdı. Odu ki, gəldim. Gəldim ki, öz minnətdarlığımı bildirəm. – dedi və ayağa qalxdı, elə bil yenə qızardı – Qayğınıza görə çox sağ olun.
Birdən-birə içində nə isə burxuldu elə bil. Ayağa qalxıb qadına yaxınlaşdı, əlini əllərinə alıb yumşaq –yumşaq sıxa-sıxa:
– Borcumuzdu. – dedi.
Qadının əli isti və yumşaq idi. Başı hərləndi… Əli necəsə, öz-özünə, qadının belinə dolandı, üzü üzünə toxundu, dodaqları qulağında gəzdi...
– Sən kimsən?.. – qadının qulağına pıçıldadı.
Qadın tərpənmirdi… üzünü, onun boynunda gizlədib, balaca dovşan kimi asta-asta nəfəs alırdı... Sonra nə oldusa, dodaqlarını onun qulağına yaxınlaşdırıb pıçıltıyla:
– İş başa çatıb daha… – dedi. – Ordan bütün şəhər, bütün ölkə görünür… Dəniz də görünür… Dənizin ləpələri də, içindəki balıqlar da… Balıqların qarnındakılar da…
Qadının dodaqları elə qaynar idi, az qalırdı qulağını yandıra… Sərxoş əllərlə qadını özündən ayırıb, keyimiş dilini ağzının içində zorla hərlədə-hərlədə.:
– Nə deyirsən?… - dedi - Nə dəniz, hansı balıqlar?..
Sonra qəfildən beynində elə bil ildırım çaxdı… Ya ildırım çöldə çaxdı?!.. Otağın işığı da sönüb-yandı…
– Sən nəyi deyirsən?.. – qadının qollarından tutub silkələdi. – Nə demək istəyirsən?..
– Yaxşı bilirsən nəyi deyirəm. – qadının üzü dəyişmişdi, bayaqkı məsum sifətindən əlamət qalmamışdı.
Qadın düz deyirdi… - fikirləşdi - bilirdi o, nəyi deyir.
Çöldə ildırım çaxdı… İldırım həm də elə bil, qadının qapqara, iri bəbəklərində çaxdı…
Yuxudan, şimşəyin səsinə ayıldı…
…Verilişləri başa çatmış ekranın ağ-qara nöqtələri, xırda həşərat yığnağı kimi, qaynaşırdı…. Səhərə az qalırdı…
** *

Nazirlər Kabinetinin nəhəng iclas zalı, Kənd Təsərrüfatı Nazirliyinin və İcra aparatının, hürkmüş üzlü işçiləriylə dolu idi.


– …Bununla bağlı, əgər yadınızdadırsa, bir neçə ay bundan əvvəl, həmin bu salonda deyilmişdi. Nəticə göz qabağındadı. Hələ onda demişdik ki, bu gün respublika büdcəsinin əsaslı bir hissəsini, məhz bu sahələrdən gələn gəlir doldurur. Onu da demişdik ki, yığımı düzgün təşkil olunmadığından, çox hissəsi yağışın, günün altında tələf olan bu məhsulu yoldan ötənlər, qonşu respublikaların işgüzar təsərrüfatçıları daşıyıb aparırlar… – baş nazir aramla danışırdı.
Baş nazir elə danışırdı, elə bil üzümçülüyün və tütünçülüyün tələf olmasından həqiqətən narahat idi.
…Gecəki yuxusunun vahiməsi hələ də canındaydı. Qadının şümal belinin istisi hələ də ovcunun içindəydi…
Bu, nə idisə, yaddaşının örtülü hissələrindən süzülüb gələn bir şey idi. Bu barədə hardansa bu yaxınlarda, hansısa qəzetdə də oxumuşdu. Həmin o məqalədə, insanın şüuraltı yaddaşına daxil olub, orda bir sıra əməliyyatlar aparan professor haqqında da yazılmışdı.
– …onda biz təcili surətdə aparatın bir neçə məsul işçisini o rayonlara ezam etdik, onlara, işlərini məhz bu istiqamətdə qurmağı tövsiyə etdik. Bununla yanaşı, bu yaxınlarda biz, məhsul yığımının təşkili haqqında müvafiq qərar qəbul etdik. Bəs bütün bunlar nə üçün idi?.. – baş nazir get-gedə elə bil coşurdu.
…Hardansa uğultu səsi gəldi... Elə bil hardasa yaxınlıqda yeri eşirdilər...
– Bu nə səsdi belə?.. – sağ tərəfində oturan müşavirdən soruşdu.
– Nə səs?.. – müşavir onun qəfil sualından diksinib ətrafına baxdı.
– Səsi eşitmirsən?.. Elə bil yeri eşirlər.
Müşavir hansısa yaxınlıqlara diqqət kəsilib:
– Xeyr məncə… – dedi, sonra hər ehtimala qarşı, başını bir də sağa-sola çevirə-çevirə, dediyi uğultunu tutmağa çalışdı, sonra ona sarı əyilib:
– Mən eşitmirəm, zat aliləri. Heç nə eşitmirəm. – dedi.
Baş nazir sözünü yekunlaşdırıb yerinə qayıdandan sonra, ayağa qalxıb ləng addımlarla kürsüyə sarı yeridi. Salona ölüm sükutu çökdü.
Kürsüyə keçib yarıqaranlıq zala baxdı.
– Bayaqdan hamınıza qulaq asıram və təəccüb qalmışam. Bütün bunlara nə ad vermək olar?.. – qəfildən acıqlı səslə dedi və hiss elədi ki, heç cür, heç bir vəchlə əsəbiləşmir, harasa itirdiyi hirsınin, acığının ucundan tutub özünə sarı çəkə bilmir. – Bu vaxta qədər nə ilə məşğulsuz, deyə bilərsiz?.. Əgər ölkənin belə ağır məqamında da heç nə eləmək istəmirsinizsə, buna həvəsiniz, daxili ehtiyacınız yoxdursa, onda niyə o kabinetlərdə oturursunuz?..
Qabaq cərgədə oturan nazirlər onun bu sözündən diksinib, necəsə bir-birinə sıxıldılar.
– Yığışdırın, bu hərc-mərcliyi!.. Bu da sizin üçün o «Azadlıq» partiyasının qurub düzəltdiyi qurama hökümət deyil!.. …Yenə elə bil hardasa yeri eşməyə başladılar... Hardasa yox, lap yaxında, budu burda, kürsünün altında. Sonra necəsə qəfildən yereşən qurğunun uğultu dolu titrəyişini düz ayağının altında hiss elədi… alnına soyuq tər gəldi…
– Nə qədər olar bu vecsizlik?.. İndi ki, biz, kiminsə, hansı dövlətinsə qoltuğuna desığınmamışıq?!.. Heç kimin buyruğuyla yox, özümüzə görə, xalqımıza, vətənimizə görə çalışırıq?!.. Əgər bu ağır vəziyyətdə yaşayan xalqınıza bu gün də kömək əlinizi uzatmaq istəmirsınizsə, onda siz kimə və nəyə lazımsız?..
İclas iştirakçıları elə oturmuşdular, elə bil onun dediklərini eşitmirdilər, fikirləri nə isə ayrı yerdə idi bil… Ya bu, ona elə gəldi?!.. Qabaq cərgələrdə oturan baş nazirin iki müavini, bir az arxada əyləşən kənd təsərrüfatı naziri də, bayaqkı ifadəsiz üzlərlə ona elə baxırdılar, elə bil söhbət - hava məlumatlarından gedirdi.
Çıxışının təsirini artırmaq üçün işə saldığı əlləri də, dediklərinə tabe olmurdu, yöndəmsiz hərəkətlərlə havada oynayıb, danışmağa həvəssizliyini nümayiş etdirə-etdirə, dəqiqədə bir kürsünün məhəccərinə düşürdü. Odu ki, əllərini arxasında çarpazladı.
- Bu sözlər ilk növbədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə – mənim, çox böyük ümidlərlə təyin etdiyim nazirə aiddi…
Nazirin üzünün, bu sözdən sonra da, bircə əzələsinin belə tərpənmədiyini, gözlərini belə qırpmadan, həmin bivec ifadəylə aşağıdan-yuxarı üzünə baxmağına davam etdiyini öz gözləriylə gördü… Sonra elə bil nazir, oturduğu cərgənin söykənəcəyə yayxanıb, qəribə, ədəbaz baxışlarla yanındakılara baxdı… və bundan sonra nazirin yanında oturanlar da qarınlarını qabağa verib söykənəcəyə yayxandılar. Daha sonra nazir, gözü onun üzündə, ağzını iri-iri aça-aça əsnədi…
…Yereşənin uğultusu get-gedə elə bil artırdı... Ya bu, ona elə gəlirdi?!.. Ürəyi əsəbi-əsəbi döyündü… Sözünü yarımçıq kəsib zala baxdı.
Arxadakılar da söykənəcəyə yayxanıb, dünyadan bezmiş üzlərlə ona baxırdılar... Bütün zal söykənəcəyə yayxanmışdı… hətta səhnədə – rəyasət stolunun arxasında oturanlar da… Hamı, gözü onda, kürsünün altını döşəmənin o biri üzündən qazıyan qurğunun apardığı «əməliyata» diqqət kəsilmişdi... Hamı hər şeyi bilirdi… «Qəzəbli» nitqinin saxtalığını, nə vaxtsa, necəsə, hardasa itirdiyi – qəzəbini, qapqara kinini, olmaya-olmaya, süni şəkildə yaratmaq istədiyini, bütün zal başa düşmüşdü... odu ki, əllərini qoltuqlarına vurub, söykənəcəklərə yayxanıb, səbrlə bütün bu tamaşanın nə ilə bitəcəyini gözləyirdilər…
Dəhşətdən qulaqları uğuldadı... Sözünü yekunlaşdırıb yerinə qayıtdı. Dizləri əsirdi...
Uğultu kəsmişdi.
- Nə deyirsiz, bu günlük bitirək iclası?.. Yoruldunuz deyəsən… - sol tərəfində oturan baş nazir qulağına sarı əyilib pıçıldadı və cavab gözləmədən, səhnənin o başında kiməsə işarə elədi.
* * *

…Məqbərənin, adamboylu ağır qapıları kip bağlı idi... Qapıların qabağın



a, əlində, ucu süngülü silah, ayaqlarını çiyinləri bərabərində aralı qoyaraq dayanmış nəhəng cüssəli əsgərin üzünün bircə əzələsi belə tərpənmirdi.
Məqbərəni ziyarətə gələnlərin növbəsi tikilini, əjdaha quyruğu kimi dövrəyə almışdı. Soyuqdan büzüşmüş adamlar yorğun, narazı üzlərlə yerlərində vurnuxa-vurnuxa, itələşə-itələşə deyinirdilər.
– Elə bil ora girənin qarnını doyuracaqlar. – qabaqda dayananlardan kimsə deyib hikkəylə güldü.
– Di açın görək də. Biz görmüşük, fasilə mağazada olar, qastronomda olar. Fasilə vaxtı o, neyləyir axı?!.. Bəlkə durub çörək-zad yeyir?..
Növbəyə duranların nə hərəkətləri, nə atmacaları əscərin üzünün ifadəsini dəyişmədi. Əsgər elə bil ebonitdən idi.
Çox keçmədi ki, adamların arasından qəfildən kənara sıçrayan alçaqboy, arıq bir kişi əsgərlə üzbəüz dayanıb əllərini belinə vurdu:
– Karsan-nəsən?.. Bu boyda camaatı görmürsən?.. Görmürsən, yazıqlar soyuqdan gömgöy göyəriblər?.. İnsanda bir insaf olar, mürvət olar. Bax, görürsən, sözlərin özü də oxşardı: in-san, in-saf.
Sonra nə oldusa, növbə əhli, gizli əmr almış kimi, «ebonit əsgəri» əlləri üstə qaldırıb qışqırışa-qışqırışa, harasa üzüaşağı apardılar… və Məqbərənin ətrafı bomboş boşaldı.
Əllərini ciblərinə salıb Məqbərənin giriş qapılarına yaxınlaşdı, ağır bürünc qulpundan yapışıb özünə sarı çəkdisə də, qapılar açılmadı. Qapılar arxadan, yoğun kilidəbənzər nə iləsə möhkəm bağlanmışdı.
Üzünü, qapının arakəsməsinə söykəyib içəri baxdı…
İçəridən, hansısa ədəvanın qoxusunu andıran qəribə tüstü gəlirdi… Solğun şam işığının işıqlandırdığı yarıqaranlıq boşluqda uzunətəkli, qara əbalarda aramla o baş-bu başa gəzişə-gəzişə, öz aralarında xısın-xısın söhbətləşən adamları tanımadı. Sonra kiminsə gözü, qapının o üzündən, elə həmin arakəsmədən onun gözünə zilləndi və gözün sahibinin:
– Gəlmisən?.. – deyən qaynar pıçıltısı eşidildi.
– Hə. – o da niyəsə pıçıldadı.
Qapının ağır kilidi yerindən oynadı və qapılar cırıliıyla aralandı. Başında, uzunsov, ağ papaq, üzünətəkli əbasıyla onun qarşısına çıxan çalsaqqallı adam - keşiş İosif idi, onu içəri ötürüb qapını bağladı, kılidin ağır qırmağını yerinə oturtdu.
- Gəl… – keşiş İosif qəribə bir rahatlıqla dedi və xırda, yumşaq addımlarla Məqbərənin dərinliyinə sarı addımladı.
Keşişin ardınca yeriyə-yeriyə, ani tələskənliklə, bu xristian təriqətli din adamının bura necə, hardan gəlib düşdüyünü fikirləşdisə də, gözünün qabağına nədənsə, küknarlı, şaxtalı Moskvanın şəhəryanı bağ evlərin gəldi…
Məqbərənin, bürünc pyedestal qoyulmuş əsas zalı adamla dolu idi. Adamlar, məqbərənin naxışlı divarlarına, işləmələrlə dolu hündür tavanına tamaşa edə-edə, asta-asta gəzişir, zalın mərkəzi hissəsindəki pyedestalın önündə ayaq saxlayır, şəkil çəkdirirdilər.
Keşiş İosif də onu pyedestalın önünə gətirdi, pyedestalın üstünə qoyulmuş şəffaf qutunun qarşısında dayana-dayana bir neçə dəfə xaç çəkib ağzının içində eşidilməz dua oxudu və əllərini qarnının altında çarpazladı.
Zalın işığı zəif idi deyə, şəffaf qutunun içində uyuyanın üzü dəqiq görünmürdü. Əyilib baxmağa da ürək eləmədi. Odu ki, əllərıni arxasında çarpazlayıb, şüşə qutudakı mərhumun fəxri qarovulunda dayanan tək, matəm sükutuna daldı.
Keşiş İosif də, bir müddət onunla bir dayanıb durdu, sonra bir də xaç çəkib qutuya təzim etdi və çönüb yüngül addımlarla harasa uzaqlaşdı.
Oğrun-oğrun ətrafına baxdı… Yaxında adam olmadığından arxayanlaşdıqdan sonra cəld əyilib qutunun içində yatanın üzünə baxdı… və dəhşətdən az qaldı ürəyi dayana…
– Bu ki…
– Bəli, bəli… – kimsə amiranə səslə arxadan dedi. – Belə alındı. O öldü. Onu da basdırdıq.
– Axı… bəs…
Danışan kim idisə, sütunun arxa tərəfində dayanmışdı, üzü aydın görünmürdü. Səsi də tanış deyildi.
Ürəyi sıxıldı… Fəxri xiyabanda basdırılmaq arzusuyla yanıb-yaxılan tədbirli xalq şairinin bu qəfil ölümü elə belə deyildi… Bu, onun şəxsiyəti əleyhinə yönəldilmiş tədbirli düşmən siyasətinin nəticəsiydi… - fikirləşdi və sivişib, bu şübhəli ölüm aktının mahiyyətini təcili araşdırmaq üçün buralardan uzaqlaşmaq, bu yarıqaranlıq darısqallıqdan açıqlığa çıxıb, dağ ətəyinin çiçək qoxulu havasını canına çəkmək istədisə də…
– Xeyr, xeyr, camaat bayaqdan sizi gözləyir. – bayaqkı səsin sahibi fikirlərini necəsə oxuyub irəli çıxmışdı, yolunu kəsib, qaramtıl üzüylə ona baxırdı. – Buyurun, danışın. Söz sizə verilir.
Bayaqdan zal boyu dağınıq nizamsızlıqla gəzişənlər ayaq saxlayıb ona diqqət kəsilmişdilər. Odu ki, boğazını arıtlayıb, peşəkar natiqlik ustalığını işə salıb:
– Mərhumun sətirləri yadıma düşür… – dedi və dayandı.
Şüşə qutunun içində yatan xalq şairinin, bircə saniyə əvvəl beynində dolandırdığı sətirləri hansı möcüzəyləsə yadından çıxmışdı… Yaddaşı, verilişləri bitib başa çatmış televizor ekranı kimi bozarırdı…
Camaatın diqqəti onda idi. O isə, nitqini itirmişdi…
Adamların arasından kimsə, bayaq Məqrəbənin qabağında hay-küy salan arıq kişinin səsinə oxşar civiltili səslə:
- Danış da, noldu?.. Həmişə bulbul kimi ötən sən döyildün?..
Əsəbilikdən başı hərləndi… Yoxsa yer tərpəndi?.. Dayandığı yerdə sərxoş büdrəmələrlə harasa geriyə səndələdi…
…Dik atılıb yuxulu gözləriylə ətrafına baxdı…
Qəfil zərbədən, qabaqda oturan köməkçinin alnı partlamışdı, qanı üzünün bir tərəfi ilə axıb köynəyinin yaxalığını islatmışdı… Sürücü maşında yox idi… Müşayiət polisi maşını dörd bir yandan əhatəyə alıb mühafizəçilərin enli gövdələri arasından, böyümüş gözlərlə içəri boylanırdılar…
Hardansa uzaqdan, yaxınlaşmaqda olan vertolyotun uğultusu eşidilirdi…
Maşının rabitə xəttində kiminsə bağıra-bağıra:
– 62!.. Cavab ver!.. 62!.. Cavab ver!..
– Sizə heç nə olmayıb, cənab general?.. – ayıldığını görən mühafizəçi nəhəng gövdəsini maşının arxa oturacağına salıb titrək ələrliylə onun qabırğalarını, dizlərini yoxlardı…
İrəlidə, müşayiət motosikletlərindən biri aşmışdı, onun da sürücüsü gözə dəymirdi. Olsun ki, təkandan harasa kənara atılmışdı. Bir də, qabaqda gedən polis maşını sol tərəfindən əzilmiş, çarxı əyilib oxundan çıxmışdı. Maşından düşmək istədisə də:
– Siz maşinda qalın, xahiş edirəm… – mühafizəçi deyib yolunu kəsdi.
– Burda nə baş verib axı?..
– Sol yoldan qəfildən yük maşını çıxdı… - mühafizəçi nəfsi təngiyə-təngiyə, qırıq-qırıq dedi. - Elə bil yerin içindən pırtladı…
– Heç nə başa düşmədim. Burdan ki, maşın yolu yoxdu?!..
Mühafizəçi çiyinlərini çəkib, onu anlada bilmədiyi üçün elə bil pərt oldu.
– Geriyə qayıdırıq, yolları nəzarət altına alın!.. – köməkçi hardasa arxada, alnının qanını yaylığına hopdura-hopdura deyəsən telefona deyirdi. – Tünd yaşıl rəngli yük maşını… Axır nömrəsi əlli altıydı deyəsən… Əlli altı!..
Vertolyotun səsindən, ağız deyəni qulaq eşitmirdi…
Sürücü yerinə qayıdıb maşını işə sala-sala, ağzının içində:
- Bunların işindən Allah da baş açmaz… - dedi.
Kortej yolun ortasından geriyə burulub – şəhərə sarı götürüldü. Əzilmiş polis maşını və aşmış motosikl arxada qaldı.
– Onlarla kim qaldı? – güzgüdən arxaya - getdikcə adamlar yığışan polis maşınına baxa-baxa soruşdu.
– Orda adam var. Rayona xəbər vermişəm. - köməkçi dedi. Onunsa burnuna, təntənəli dəfn mərasimlərində məzarların böyür-başında üst-üstə yığılan matəm əklillərinin iyi gəldi… Qalstukunun düyününü boşaldıb özünü dikəltdi.
Sürücü dinmirdi, bayaqkı hadisənin vahiməsini hələ də canında əridə-əridə saralmış bəniziylə yola baxırdı. Mühafizəçi də dinməz oturmuşdu. Heç yeri əzilməmişdi deyə, elə bil azca pərt olmuşdu.
İrəlidə, yolu eninə kəsən ala-bula qoyun sürüsü görünürdü. Qoyunlar yolun ortasına dağılışıb balaca üzlərini maşının pəncərələrinə vura-vura, şüursuz gözlərlə ona baxa-baxa, itələşə-itələşə, yolun o biri üzünə yeriyirdilər.
Köməkçi geriyə çönüb günahkar üzlə:
– İrəlidəki postu ala bilmədim. – dedi – Yol təmizlənməyib…
Sürü, maşınları içinə salıb, qapılarını, təkərlərini taqqıldada-taqqıldada, təzəcə qırxılmış xırda, cod tükləriylə toz-torpağını silib təmizləyə-təmizləyə keçib gedirdi...

* * *


Otağına girəndə, bayaqkı hadisənin ölüm qoxulu havasından canında, zərrə qədər olsun, əlamət qalmamışdı. İqamətgahın, ətirli akasiya kollarıyla, məxmər yarpaqlı şam ağaclarıyla dolu həyəti, sinirlərini bayaqdan bəri tarıma çəkən qorxusunu, bircə anın içində yoxa çıxarmışdı.
…Dəhlizin adamboylu güzgüsündə, yorğunluqdan altı torbalanan gözlərinə baxdıqca, bu səhərki iclası, cərgələr boyu qənbər sifətlərlə ona zillənən nazirlərin bivec üzlərini, günorta qəzasında yaralanan polis işçilərinin qanlı sifətlərini xatırladı… və qəfildən, bir-birini qəribə, ardıcıl bir nizamla davam etdirən bütün bu mənzərədən anlaşılmaz təhlükə hiss etdi…
Otağa keçib pencəyini soyundu, hündür söyeənəcəkli kresloya əyləşib üz-gözünü ovdu. Ürək döyüntülərinin, qəribə, sərxoş ahənglə ləngidiyini hiss etdi…
Vaxtı ilə şəhərin bu əlçatmaz hündürlüyündə, basılmaz qala kimi tikdirdiyi, dörd bir yanı əlisilahlı mühafızəçilər və hasarlarla bağlı bu iqamətgahın səskeçirməz divarları da, ürək döyüntülərini nizamlamaqda aciz idi. Son günlərin qarmaqarışıq yuxuları, bayaqkı qəza… Bütün olanlar bir-birini tamamlayırdı… biri, o birinin davamı idi…
Yuxusuzluqdan gözləri acışdı. Yenə yuxusu gəlirdi… Bu nə yuxu azarıydı, axır vaxtlar yaxasından əl çəkmək bilmirdi?!.. – göz qapaqları ağırlaşa-ağırlaşa fıkirləşdi və yuxusunu qaçırmaqdan ötrü, ayağa qalxıb hamama keçdi, orda üzünü soyuq suyla bir xeyli yudu, sonra əl-üzyuyanın üstündən asılmış güzgüdə, suyun, çəhrayılaşdırıb təzələdiyi üzünə baxdı…
Yuxu, suyun soyuqluğundan göynəyən sifətinin gözəgörünməz kapilyarlarıyla, su basmaya hopan kimi, dərisinin altıyla xırda-xırda yeriyirdi, göz qapaqlarının altına dolurdu, acı zəhər tamlı badam iyi qoxyurdu…
Gözü, qəfildən, köynəyinin yaxasına - sinəsinin üstə düşən xırda qan damlasına sataşdı. Barmağını suya batırıb qan ləkəsini islatmaq istədisə də, ləkə, su dəydikcə böyüyüb yayıldı, elə bil həm də təzələndi. Burnuna qan iyi dəydi… Əti ürpəndi… və yadına düşdü. Köməkçinin qanı idi, görünür, qəza vaxtı necəsə, onun da köynəyinə sıçramışdı. Sonra bayaqkı iclasda ifadəsiz gözlərlə üzünə dirənən müşavirlərin, nazirlərin üzləri gözünün qabağına gəldi… Sui-qəsddən, hamıdan əvvəl onlar xəbər tutmuşdu… bu dəqiqə, aparatın, nazirliklərin otaqları boyu orda-burda yığışıb xısınlaşa-xısınlaşa bir-birlərinə məxfi məlumatlar ötürürdülər… onun əleyhinə gizli planlar cızır, nə isə hazırlayırdılar…
Onunsa yuxusu gəlirdi… Gözlərinin içi acışır, qolları, dizləri boşalır, beyni heç nə haqda fikirləşmək istəmir, bədəni yumşaq-yumşaq ilıqlaşırdı…
Otağa qayıdıb yazı masasının arxasına keçdi, stolüstü lampanı yandırıb yarıqaranlıq dəhlizə qulaq kəsildi...
Qapının o üzündən - dəhlizdən asta-asta söhbətləşən mühafizəçilərin səsi gəlirdi. Mühafizəçilər – 25-30 yaşlı, xüsusi təlim keçmiş cüssəli oğlanlar qapının o üzündə, dəhlizdəki kreslolarda oturub deyəsən ondan danışırdılar.
Ayağa qalxıb ehmal addımlarla qapıya yaxınlaşdı.
– …dünənki qəbuldan sonra… – biri dedi – heç kim bilmirdi. Heç bizimki də bilmirdi…
– Onu hələ bilmək olmaz. Onun işindən, Allah da baş açmaz. – o biri dedi.
– Görək də… – yenə hansısa deyib ah çəkdi. – Elə deyirlər. Demək ayrı, eləmək ayrı.
– Məlum məsələdi. – o biri pıçıltıyla danışsa da, səsi aydın eşidilirdi – O da insandı. Bütün insanlar qocalır…
Mühafizəçinin, güclə də olsa, eşidilən son cümləsindən, sağ gözü yığılıb pis-pis bulandı. Sonra bulantı o biri gözünə keçdi və otağın işığını azaltdı.
Son günlərin, irili-xırdalı səhvləri bir-birinin yanına düzüldü. Yuxulu vəziyyətlərinə görə, neçə vaxtdan bəri yarımçıq saxladığı, həlli vacib məsələlər, bu səhərki müşavirədə oynadığı uğursuz hirsi… onu, gizli istehzayla dinləyən nazirlərin üzü, az qala ölümüylə başa yetəcək düşünülməmiş səfər, yersiz ehsan ziyafəti…
– …həkimi deyib. – qapının o üzündə mühafizəçilərdən hansısa dedi.
– Heç inandırıcı deyil.
– Nə inandırıcı deyil?..
– Sən dediyin… Görən özü bilir?..
– Bilər yəqin, nə bilim?!.. Bəlkə də bilmir. Bunu kim bilə bilər ki?..
Gicgahında lükküldəməyə başlayan ürək döyüntülərinin səsi, mühafizəçılərin danışığını eşidilməz etdi. Sonra qulağı qəribə bir uğultuyla doldu və o, demək olar, daha heç nə eşitmədi. Qapının dəstəyini ehtiyatla burub dəhlizə çıxdı…
Mühafizəçilər, onu görüb ayağa sıçradılar, üst-başlarını sahmana salıb qarşısında günahkar üzlərlə dayandılar.
Bir neçə saniyə beləcə - qapının ağzında, əlləri cibində, gicgahı əsəbi lükkültülərlə döyünə-döyünə, dinməz-söyləməz dayanıb durdu. Mühafizəçilərin rəngi avazımışdı… birinin ürəyi şiddətlə vururdu. Bunu, oğlanın, ürək kimi döyünən sol gicgahından hiss elədi.
– Gedin, uşaqlar, gecdi daha. – dedi və bir müddət cavanların üzlərinə baxdı. Sonra çönüb içəri girdi, qapını o üzdən açarlayıb bir qədər də dəhlizdə dayandı.
Mühafizəçilər, barmaqlarının ucunda yeriyə-yeriyə qapıdan uzaqlaşdılar, amma deysən, aşağı düşmədilər.
Otağa qayıdıb yazı masasının arxasına əyləşdi. Bir kənarına səliqə ilə yığılmış qəzetlərdən birini açdı. Qəzetin arasından bağlı zərf düşdü. Zərfi qaldırıb üstünü oxudu: «Polkovnik Süleymanovdan». Məktubun bura hansı möcüzəylə düşdüyünü fikirləşməyə hövsələsi çatmadı.
…Boz polkovnik… Dağıdılmış hərbi hissənin komandiri, beş-on ütük əlisilahlısından «qoşun» düzəldib «cəngavər-sərkərdə» rolunda paytaxta – başıpozuq iqtidarın baş-ayaq işləri altında «inləyən» xalqı xilas etməyə gələn əfsanəvi, Boz polkovnik…
Polkovnikin, əsəbdən gərilən nazik üzü, inadkar qısqanclıqla bir-birinə sıxılan dördkünc dodaqları gözünün qabağına gəldi…
Polkovnikin nə istədiyi aydın idi. Yaxın günlərəcən, əyalət şəhərlərindən birində kustar ticarətlə məşğul olan bu otuz beş yaşlı alverçi, olsun ki, müharibə bölgələrindəki xırda-xuruş qələbələrinin mükafatını istəyirdi. Gecəylə hərbi hissəyə göndərilən dəstəni darmadağın edib keçmiş iqtidarın burnunu ovduğuna görə o, həqiqətən mükafata layiq idi. – fikirləşdi və məktubu açıb oxudu:
«…Cənab General!..
Dəfələrlə Sizə yazdığım məktublarıma, teleqramlara, telefon zənglərimə cavab verməmənizi özümə təhqir hesab edirəm. Keçmiş iqtidarın ölkədə yaratdığı hərc-mərcliyin qarşısının alınmasında, haqqın, ədalətin zəfər çalıb, Sizin – xalqımızın yeganə, əvəzolunmaz rəhbərinin hakimiyyətə qaytarılmasında mənim xidmətlərim danılmazdır. Bu və digər xidmətlərimi nəzərə alaraq və ən əsası, son aylar müharibə bölgələrində yaranmış acınacaqlı vəziyyətlə bağlı məni qəbul etmənizi rica edirəm.
Hörmətlə: Polkovnik Süleymanov S.N.»
Selektor bippildədi. Dəstəyi qaldırdı.
– Cənab General… – mühafizə alayının rəisi idi.
– Eşidirəm.
– Polkovnik Süleymanov burdadı. Sizi görmək istəyir.
İçindən bumbuz gizilti keçdi, boğuq səslə:
– Kim buraxıb onu bura?.. – dedi.
– Deyir, sizin göstərişinizlə gəlib. Buraxılış vərəqəsi də var.
– Hansı göstəriş?.. Hansı vərəqə?.. Mən heç bir göstəriş verməmişəm!..
– Aydındı, cənab General…
Dəstəyi asıb, gözləri qarala-qarala, polkovnikin qəbulu barədə göstəriş verib-vermədiyini yadına salmağa çalışdısa da, yadına, son həftələr bir-birinin ardınca verdiyi saysız-hesabsız göstərişlər düşdü…
Qapının kilidi tərpəndi… Ya bu, ona elə gəldi?..
Əlini selektorun düyməsinə atdı. O üzdə dəstəyi qaldıran olmadı. Tələsik hərəkətlərlə o biri düymələri də basdı. Nömrələrin heç biri cavab vermirdi…
Alt mərtəbələrdən, yeraltı təkanları xatırladan uğultu səsləri eşidilirdi... Aşağının uğultusundan, döşəmə və divarlar, büllur çilçıraq və pəncərələrin şüşələri xırda-xırda titrəyırdı…
Bu, zəlzələ deyil… – yerindən təppənmədən fikirləşdi və hiss elədi ki, çıyinləri titrəyir. Sonra qəfildən anladı… Boz polkovnik... Son bu neçə ayın əldəqayırma sui-qəsdlərin gizli müəllifi...
Bir anın içində Boz polkovnikin, iqamətgahı dörd bir yandan əhatəyə alan əlisilahlı dəstələrini, iqamətgahın vestibülü və pillələri boyu dəstə-dəstə axışan qara ləçəkli əsgərlərini, bu dəqiqə qapının kilidini o üzdən xəbis-xəbis tərpədən Polkovnikin, hikkədən qaralmış üzünü gördü… və əli, özündən xəbərsiz, masanın alt siyirməsinə uzandı... siyirtməni çəkib tapançanı tapdı... sonra ilan xışıltısıyla siyirtmənin arxa küncünə sürünüb ordan şəffaf qapaqlı yastı qutunun üstünə qondu, qapağını açıb soyuq güllələri bir-bir içinə yığdı. Sonra gözü, yarıqaranlıq girəcəkdə, qorxudan keyimiş barmaqlarıyla tapançanı doldurub ehmalca ayağa qalxdı, nəfəsi darala-darala, səssiz addımlarla girəcəyə sarı yeridi…
Girəcəyin qapısı aralandı… Özünü kənara atıb divar şkafının böyrünə qısıldı, nəfəsini saxlayıb dəhlizə diqqət kəsildi… Hardansa alt mərtəbələrdən, hərbi çəkmələrinin kobud dabanlarını yerə vura-vura, dəstə-dəstə yuxarı qaçan əsgərlərin əsəbi danışıqları eşidilirdi… Dəhlizdə də kimsə vardı… səssiz hərəkətlərlə qapının arxasında dayanıb nə isə eləməyə hazırlaşırdı…
Bədəni, keçmiş illərin, xüsusi təlim keçmiş hazırlıqlı əzələlərinin yaddaşıyla gərildi və onu qıvraq bəbir sıçrayışıyla dəhlizə atdı... Barmağı, tapançanın tətiyini basa-basa, qaranlıq dəhlizin mümkün tərəflərində, qurşaqdan yuxarı, yanpörtü, çöməli vəziyyətlərdə dayana biləcək Polkovnikin bədənini güllələdi…
…Güllələr hədəfi aldı və dəhlizin sol küncündə nə isə tappıltıyla yerə düşdü… Sonra kimsə yarı bükülüb, bir müddət ləngər vura-vura, dəhlizin dıvarlarına sürtülə-sürtülə, bir neçə addım atdı və içi qənbər dolu çuval ağırlığıyla yerə sərildi…
Bədəni vahimədən soyuya-soyuya, əlini divar boyu gəzdirib işığın düyməsini basdı və gördüyü mənzərədən az qaldı ürəyi dayana… tapança əlindən yerə düşdü… boğazı qəhərdən tutula-tutula, qol-qıçı keyiyə-keyıyə yerə çöküb qaldı…
…Sevimli arvadı sönməkdə olan donuq gözlərlə ona baxırdı… sınəsinin qanına bulaşan əli, qanı dodaqlarına yaxmışdı…
Dəhşətdən nəfəsi kəsilə-kəsilə, diz-dizi sürünüb, neçə illərdən bəri görmədiyi doğma üzə yaxından baxdı… bir az da yaxınlaşıb qadının başını dizləri üstə qoydu, üzünün qanını silə-silə ağladı... Sonra ağlaya-ağlaya, dəhlizə doluşan ayaq səslərinə dikəlib, hamıdan arxada - uzun, boz şineldə, qapının ağzında dayanıb sakit gözlərlə ona baxan Polkovnikə:
– İstəmirəm… Heç nə istəmirəm… – dedi. - Nə istəyirsiz, edin… Daha mənə heç nə lazım deyil…
Boz polkovnik, elə bil onun sözlərini eşitmədi, əlləri cibində dayanıb dinməz-söyləməz üzünə baxa-baxa, elə bil onun daha nə deyəcəyini gözlədi.
– Çıxın gedin. – səsi titrədi. – Gedin, deyirəm sizə!.. – bu dəfə əmr etdi.
Onda polkovnik, həmin o sakit üzüylə yanındakılara nə isə işarə elədi və əlisilahlı əsgərlərin arasından çıxan tanış üzlü birisi dəhlizə qaçıb, tez də geriyə qayıtdı. Çox çəkmədi ki, içəri, keşiş İosif daxil oldu, əlindəki zəncirdən asılmış dəmir gürzü tüstülədə-tüstülədə, qalın səsiylə oxumağa başladı. Sonra hardansa uzaqdan kilsə zənglərinin səsi eşidilməyə başladı… və o, başını yuxarı qaldırıb, tavan əvəzinə, son ucu hardasa göyün hansısa ucqar dərinliklərində bitən qüllələlərin, işləmələr dolu naxışlarına, Məqbərənin çölə açılan dəyirmi nəfəsliklərinə baxdı… Sonra həmin o tanış üzlü adam iti addımlarla üstünə yeriyib üzbəüz dayandı, əlindəki tapançanı onun alnına dirəyib dalbadal dörd güllə açdı…
…Yuxudan dik atılıb dodaqlarını yalamaq istədisə də, dilini tərpədə bilmədi. Dili, uzun müddət ağzıaçıq qalmaqdan quruyub keyimişdi…
Stolüstü lampanın işığı, sübhün sütül şəfəqləri altında əriyib itməkdəydi. Məktub bağlı vəziyyətdə, qəzetlərin arasındaydı.

* * *


…Səhnəyə qalxanda, elə bil zalda pıçıltı gəzdi… Yoxsa, ona elə gəldi?!..
Keçib rəyasət stolunun arxasındakı yerində əyləşdi. Kürsüdən çıxış edən müdafiə naziri nitqini saxlayıb bədəninin yaltaq vəziyyətiylə, narahat gözlərlə ona sarı çönmüşdü.
– Davam elə, davam elə. – dedi və gözaltı zala göz gəzdirdi.
Müdafiə naziri döyüş bölgələrindəki vəziyyət barədə, atəşkəsə əməl olunma qaydaları haqqında, ölkənin ordu quruculuğu sahəsində yaranan çətinliklərdən danışırdı.
– Səhhətiniz bu gün necədi, cənab General?.. – baş nazir sol qulağına pıçıldadı.
Baş nazirdən bir cür, qəribə ot iyi gəlirdi. Odekolon iyi idi, yoxsa ot iyi idi, başa düşmək olmurdu. Elə bil dünən o, bomboz yollarla şəhərdən uzaq kazarmaya yollananda, baş nazir hardasa, ətirli-çiçəkli dağ ətəyinin ilıq çəmənliklərində dincəlməklə məşğul olmuşdu.
Baş nazirin gözünün içinə baxdı.
Baş nazir elə bil bu bir neçə günə özünə gəlmişdi, yanaqları çəhrayılaşmış, gözləri aydınlaşmışdı. Sualından, yoxsa onun baxışından çaşıb yöndəmsiz təbəssümlə gülümsündü:
– Məncə əladı. - dedi.
Zalın diqqəti həmişəki kimi onda idi. Ona tamaşa elədikcə, elə bil hamı nədənsə doyurdu…
Baş nazir indi də, başını qaldırmadan, qarşısındakı kağızda nə isə yazıb-pozurdu, onun baxışlarını hiss eləsə də, başını qaldırmağa, çönüb üzünə baxmağa ürək eləmirdi.
Uzaqgörən və tədbirlidi… – fikirləşdi. – Yoxsa, bu neçə ili, o, paytaxtdan uzaq şəhərdə, dağların döşündəki kimsəsiz evindəki tənha yalquzaq ömrünü yaşayan vaxtlar ona o sevgi dolu, kövrək məktubları yazmazdı.
– …adi yanacağın çatışmaması, əlavə döyüş sursatının, ordu hissələrinin, müharibə bölgələrinə atılmasına əngəl törədir… – müdafiə naziri eynəyinin altından oxuduğu vərəqi çevirdi.
–Yanacağın çatışmaması səbəbi sizi ümumiyyətlə maraqlandırıbmı?.. – qəfildən müdafiə nazirinin sözünü kəsdi.
Nazir döyüküb eynəyini çıxartdı, çönüb qorxudan irilmiş bəbəklərlə ona baxdı. Deyəsən, sualın ona, yaxud başqasına verildıyini anlamadı.
– Bəli, bəli, sizinləyəm. Bir az da, bu barədə danışın. – dedi və qollarını qoltuqlarına vurdu.
– Mən əlbəttə ki, maraqlanmışam, zati-aliləri… – müdafiə naziri bədənini bir qədər dikəldib kəkələdi. – Dəfələrlə bu barədə Yanacaq Komitəsinə müraciət də etmişəm, amma… - müdafiə naziri bu yerdə susub dayandı. Elə bil deyəcəyi sözü ürəyində götür-qoy elədi.
Üçüncü cərgənin sol cinahında oturan Yanacaq naziri yerində narahat-narahat qurcalandı.
– Danışın, danışın. Siz müraciət etmisiz və…
– Onlar, bizə lazım olacaq yanacağı verməyə imkanları olmadıqlarını bildiriblər.
– Siz maraqlanmamısız niyə?!.. Bəlkə bu, Komıtə rəhbərliyinin şəxsən sizə olan qərəzli münasibətidi?..
Müdafiə naziri xırda gözlərini, havada tutduğu nəyisə tələsik oxuyan tək, ora-bura qaçırda-qaçırda, gah ona, gah da, üçüncü cərgənin solunda oturan nazirə baxa-baxa, köntöy sükutla susub qaldı…
Müdafiə nazirinin çaşdığın görüb:
– Məsəl üçün deyirəm… – dedisə də, nazir özünə gəlmədi.
Nazirin bu vəziyyətindən, sağ tərəfində oturanlar da narahat-narahat yerlərində qurcalandılar. Zala pıçhapıç düşdü…
– İstəyirəm, onu da biləsiz ki, yanacaqla bağlı dedikləriniz sizə şərəf gətirmir…
Nazir balıq ağzını andıran balaca ağzını açıb, elə bil isə də demək istədi, amma deyə bilmədi.
- Buyurun, deyəsən nə isə demək istəyirdiz.- deyib zala da göz gəzdirdi.
- Mən?!.. – nazirin üzündə, yaltaqlıqla vahimə qarışıq qorxulu bir ifadə dolandı. – Mən… heç… Dedim, bəlkə bu barədə sizə yazılı surətdə yazım?.. - səsi nazilə-nazilə, deyəsən sözünü tamamlamaq istədi.
- Əyləşə bilərsiz. – deyib yanındakı baş nazirə baxdı.
Müdafiə naziri əlləri titrədiyindən, oxuduğu məruzənin vərəqlərini sahmana sala bilmədi, bir təhər üst-üstə yığıb saralmış bəniziylə kürsüdən endi.
Baş nazir heç nə eşitmirmiş kimi, hələ də başını aşağı dikib nə isə yazırdı... Zalda yaranan uzun-uzadı sakitlikdən duruxub qələminin ucuyla xırda-xırda stolunun üstünü tıqqıldatdı.
Zalda oturanlar da elə bil yığılıb balacalaşdılar, girdə başlarıyla, gərginlik və qorxu saçan rəngsiz üzləriylə bir-birinə oxşadılar.
– Kimin nə ilə məşğul olduğu bizə məlumdu. - hansı möcüzəyləsə geriyə qayıtmış tanış kiniylə dedi. – Kim nə ilə nəfəs alır, o nəfəsi necə alır, o da məlumdu.
Baş nazirin, onun bu sözündən sonra əsəbi hərəkətlə sol gözünü ovduğunu, gözünün yanıyla tutdu. Gərgin vəziyyətlərdə sol gözünü ovmaq adəti, baş nazırin çoxdankı vərdişiydi. Ən gərgən məqamlar baş nazirin gözünü gicişdırən, olsun ki, qorxudan, ya nədənsə genişlənib toxumabatoxuma böyüyən, irilib gözünün ağını tutan bəbəyi idi… - fikirləşdi.
Baş nazir ağzını mikrofona yaxınlaşdırıb xırıltılı səslə:
– Hərbi hissədə baş verən faciənin nəticələri ilə bağlı çıxış üçün söz - istintaq komissiyasının sədri… – bu yerdə baş nazirin səsi tutuldu… bir müddət mikrofonu ovcuyla bağlayıb, gözləri yaşara-yaşara, boğula-boğula harasa kənara öskürdü, sonra gözünün suyu axa-axa:
– Əhməd Məlikova verilir. – dedi və stolun üstündəki qrafindən su töküb acgöz-acgöz içdi.
İstintaq komissiyasının sədri, keçmiş iqtidardan qalan, çəlimsiz vücudlu, uzunburun bir adam idi, yekə ölçülü kostyumu əynində çalxalana-çalxalana, yöndəmsiz hərəkətlərlə yellənə-yellənə səhnəyə qalxıb mikrofonla üzbəüz dayandı.
…Qəfildən yenə ürəyinin təyyarədəki kimi, enib-qalxdığını, sonra uzun-uzadı fasilələrlə susa-susa, nizamsız döyüntülərlə axdığını hiss etdi…
Hamısı neçə ayların yorğunluğunun nəticəsidi. Hələ bəlkə lap ondan da əvvələrin… uzaq əyalət şəhəpciyində keçirdiyi üzücü fasilənin yorğunluğunun nəticəsiydi. – fikirləşdi. Sonra çıxışçıya qulaq asdıqca yadına, bu gecəki yuxusu, əlində tapança, casus hərəkətləriylə yarıqaranlıq otağında sürünməyi, qaranlıq dəhlizdə kimisə güllələməyi… qanlı əlləri üzündə qalmış, donuq gözlü qadını düşdü… Yaddaşını tarıma çəkə-çəkə, bir neçə il bundan əvvəl dünyasını dəyişmiş qadınının üzünü xatırlamağa çalışdı və çaşıb qaldı… Qadının üzü tamamilə yaddaşından silinmişdi. Sonra üzünü ovuşdura-ovuşdura fikirləşdi ki, bəlkə yuxuda öldürdüyü, heç qadını deyildi?.. Əgər eləydisə, onda niyə dizi üstə düşüb ağlayırdı?..
Yenə gözləri acışırdı… acışa-acışa göz qapaqlarını ağırlaşdırırdı. Yenə dincəlməyi gəlirdi… bütün bədəniylə yumşaq rahatlığın içində əriyə-əriyə, balışını qucaqlayıb yuxuya getməyi gəlirdi…
– …elə deyilmi, cənab General?.. – istintaq komissiyasının sədri, sözünü kəsib ona baxırdı.
Komissiyanın sədriylə bərabər, bütün zal ona baxırdılar, nə deyəcəyini gözləyirdilər... Olsun ki, istintaq komissiyasının sədri ona, nə isə əsaslı bir mətləb barədə sual vermişdi…
– Bəlkə də elədi. – özünü toplayıb təmkinlə dedi – Amma, belə bir ciddi məsələ ilə bağlı bu cür tələsik nəticə çıxarmaq olmaz. Təqdim etdiyiniz materiallar, hadısə haqqında hələ tam təsəvvür yaratmır. Bu hadisə daha ciddi araşdırmalar, dəqiq faktlar, situasiyaya incə yanaşma tələb edir. – dedi və hiss elədi ki, əlləri soyudu. İlk dəfəydi ki, fikirləşdiyi an, çıxışçının dediklərini eşitməmişdi. Bu necə olmuşdu?.. – zala göz gəzdirə-gəzdirə fikirləşdi.
İstintaq komissiyasının sədri, onun cavabından məmnun olub çıxışına davam elədi.
Diqqətlə qabaq cərgədə oturanların üzlərinə baxdı, sonra gözünün ucuyla, yanındakıların vəziyyətini yoxladı. Hamı, bayaqkı üzlərlə danışana qulaq asırdı.
Fikrini toplayıb diqqətini çıxışçıda cəmlədisə də, bir qədərdən sonra özünü onda tutdu ki, yenə bayaqdan bəri danışılanları eşitməyib.
Ürəyi sıxıldı... Elə bil əlləri bir az da soyudu.
Son vaxtlar, əlləri, beləcə tez-tez soyuyurdu. Qanı pis işləyirdi, nədi?..
Əllərini ovuşdurub üst-üstə qoydu. Əlləri, kiminsə əllərinə oxşayırdı. Barmaqları, qoca, qozbel adamlar kimi əyilmişdi, dərisi qurumuşdu.
Əsnəmək istədisə də, ağzına yığdığı hava əsnəyinə dolmadı. Elə bil zalda oturanların üzləri mane oldu əsnəməyinə. Sonra axır ki, əsnədi… və əsnədikcə, hamının ona qoşulub ağzını iri-iri aça-aça, ordan-burdan əsnəməyə başladığını öz gözləriylə gördüsə də, özünü ələ ala bilmədi. Yatmaq istəyirdi… Zal boyu yuxulu üzlərlə cərgələnənlərə baxa-baxa, yuxydan heç cür sivrilib çıxı bilməyən, yatdıqca şişib saralan «yuxulu Genaralın» ölkəsində baş verənləri – dəli azadlıq sevdasıyla binalara dırmaşıb ordan vəhşi bağırtılarla bağıranların, qalibiyyət dolu üzlərini gördü… Bu nə idisə, fəlakətli bir şey idi. – fikirləşdi. Kiminsə öz yuxularına sümrülməsi barədə nə vaxtsa, hansısa kitabda nə isə oxuduğunu yadına salmağa çalışdısa da, anladı ki, bu barədə heç bir ədəbiyyatda heç nə oxumayıb. Bu, nə idi, xəstəlik idi, ya qocalıq idi?.. Ya bəlkə adi yorğunluq idi?.. – sağ əliylə sol əlini sığallaya-sığallaya fikirləşdi. - Əgər yorğunluq idisə, yuxudan-yuxuya tikilən o Məqbərə nə idi?..
Sonra çıxışçıya qulaq asa-asa, hardansa yadına, yaxın günlər hansı qəzetdəsə oxuduğu bir məktubun mətni düşdü…
Məktubu, naməlum familiyalı bir ana yazmışdı. Qadın, narkoman oğlunu, bir neçə hipnoz seansına müalicə etdiyinə görə, hansısa psixiatra öz minnətdarlığını bildirdi.
Psixiatrın familiyasını yadına salmağa çalışdısa da, yadına düşmədi. Məktubun altında, redaksiyadan verilən P.S.-də yuxularla bağlı bir cümlə də yaddaşında bulandı. Sonra məktubun böyründə verilən şəkli - psixiatrın, yorğun üzünü xatırladı və çıxışçıya sarı çönüb:
– Sizə deyim ki, saydığınız o artilleriya qurğuları, dedıyiniz mənbələrdən yox, qonşu respublıkalardan alınır. Silahların bir hissəsi isə, son məlumatlara görə, xarici təyyarələrlə gətirilir. Sözünüzə davam edin. – dedi və hardansa yadına, bir vaxtlar, uzaq şəhərlərdən birinin vağzalında rastlaşdığı, boş vaxtını öldürmək məqsədiylə söhbətə girişdiyi qaraçı qadının, onun ölümü ilə bağlı dedikləri düşdü…
– Buna ölüm də demək olmaz, bala… Şəkli o üzünə çevirən kimi, sənin də üzünü, O dünyaya çevirəcəklər!..
IV FƏSİL
- …Professor!.. Professor!.. Professor!..
…Professor yuxudan dik atılıb ətrafına baxdı… Otağın işığı gecədən yanılı qalmışdı. Gün artıq yuxarıda idi. Üzbəüz divardakı saat doqquzun yarısını göstərirdi.
Qəribəydi ki, bədənində elə bir rahatlıq, gümrahlıq hiss eləyirdi, elə bil birdən-birə on il cavanlaşmışdı. Həm də elə bil bu gejə… – professor bunu fikirləşəndə bədəni gizildədi – …həm də bu gecə yuxuda elə bil bütün ömrünü yaşamışdı.
Böyrü üstə çönüb yuxuda gördüklərini yadına salmağa çalışdısa da, yadına demək olar, heç nə düşmədi. Nə isə ara-sıra yumşaq-yumşaq əlinə, ayağına dəyən ağ buludları, qəribə tülvari örtükləri xatırladı. Dəqiq olanı bir bu idi ki, professor bu gecəki yuxudan sonra ömrünü artıq başa vurduğunu, onu bu dünyayla daha heç nəyin bağlamadığını, əlini, ayağını hiss eləyən kimi, qəribə bir rahatlıqla hiss eləyirdi. Bu gecəki yuxusunun, hələ də canında soyuyan izləri professorun, uşaqlıqdan bura görüb-tanıdığı, bacardığı qədər qavrayıb anladığı bu dünyadan artıq doyduğunu deyirdi.
…Dəhlizdən, telefonun zəif zəngləri eşidilirdı…
Olsun ki, klinikadan zəng vururdular. – fikirləşdi və ayağa qalxıb döşəmənin soyuğu iliyinə işləyə-işləyə dəhlizə çıxdı.
– Sabahınız xeyir, professor!.. – baş həkimin katibəsi idi. – Sizə nə nolub?..
– Mənə?.. – qızın köntöy suallarına öyrəncəliydi. – Heç nə.
– Deyirəm, xəstələnməmisiz ki?.. – katibənin səsi həyəcanlı idi. – Bütün klinika bir-birinə dəyib… hamı sizi axtarır. Necəsiz indi?..
– Yaxşıyam, sağ olun. Nolub ki, məni axtarırlar?..
– Bilmirəm. Bəydadaş (baş həkimi klinikada belə çağırırdılar) səhərin gözü açılandan: «Veyisov» deyib dad eləyir. Evdən o vəziyyətdə, başılovlu gəlmişdi. Soruşuram: «nolub?», demir. Elə deyir: «tap onu», vəssəlam. İndi nə deyim ona?..
Baş həkimin, dana üzünü xatırladan donuq sifəti gözünün qabağına gəldi.
- Denən, gəlirəm. – deyib dəstəyi asdı.
Olsun ki, yenə yuxarılardan zəng olub. Kimsə xəstələnib. – professor fikirləşdi və bir müddət dəhlizin ortasında, yorğanı çiynində dayanıb qaldı. Sonra mətbəxə keçib işığı yandırdı və gözü, srağagünün axşamından stolun üstünə səpilib qalan cücü tozuna sataşdı. Kətilə əyləşib başını əlləri arasına alıdı və yadına düşdü… qopuq cib kitabçası… girişsiz bağ…
Son iki gün ərzində nələr baş verməmişdi?.. Bunların hansının yuxu, hansının gerçək olduğunu ayırmaq, bayaqkı yuxunun təsirindən hələ də ayılmamış professora çətin gəldi. Ürəyi pis-pis bulandı. Ayağa qalxıb krantı açdı. Krantdan nazik şırımla qəhvəyi rəngli, çirkli su axdı…
Çox güman ki, «xəstə tərcüməçi» haqlı idi. Dediyi o qədim əlyazmaya görə də belə çıxırdı ki, akademiklə o eyni bir yerdə – həmin o «Astana» deyilən təhlükəli zonada olmuşdular. Akademik ölmüşdü. O isə hələ ki, sağ idi… hələ ki, müvəqqəti olaraq, qorxunc ölüm elçisinin ona sarı uzanan əlinin nəhəng kölgəsi altında zamində idi…
Sonra qəfildən nə oldusa, həmin o sirli kölgəni professor birdən-birə elə ordaca – oturduğu yerdə, dörd bir yanı qarısını xatırladan doğma əşyalarla dolu balaca mətbəxdə də hiss elədi… Mətbəxin bir tərəfinə - professorun oturduğu küncə birdən-birə elə bil axşam düşdü… Ya bu, ona elə gəldi?..
Vahimədən bədəni yığıldı…
Günlərin bir günü, nəyinsə siluetini andıran bu sirli kölgə küçə ilə getdiyi yerdə, ya evindəcə oturub günəşin erkən şəfəşqlərinin gecənin vahiməsini dağıdacağını gözlədiyi məqam quzğun kimi üstünə şığıyıb iti caynaqlarını xirtdəyinə keçirəcəkdi, onu yorğan-döşəyindən, ya oturduğu kreslosundan qoparıb özü ilə Ora – bozumtul burulğanlardan yığılmış həmin o sarımtıl məkana aparacaqdı.
Bu fikir professoru, oturduğu yerdən tıxac kimi irəliyə atdı… Mətbəxin üzübərk döşəməsiniə üzü üstə düşməkdən özünü zorla saxladı. Kölgə göz qırpımında sivişib ha yanasa yox oldu.
Bir müddət mətbəxin ortasında dayanıb dura-dura qaldı, sonra üşüyə-üşüyə otağa qayıdıb çarpayısının kənarına oturdu, gecədən çıxarıb yerə atdığı soyuq corablarını ayaqlarına keçirə-keçirə, dünənki gecəni, dörd bir yanı qorxunc simmetriyayla bir-birini təkrarlayan yarıqaranlıq bağı xatırladı… vahimədən bədəni uçuna-uçuna, küləkli-fırtınalı bağın içindəki uzun-uzadı axtarışlarını, sonra axır ki, uzaq bir küncündə tapdığı əcayib cığırı, cığırın, quş səsləriylə dolu darısqal qaranlığını, onu sirli itaətlə müşaiyət edən adamüzlü, qara iti xatırladı…
Sonra professor, dünənki məşəqqət dolu axşamını – gecədən xeyli keçənəcən, yuxusuzluqdan gözlərinin içi acışa-acışa, televizorunda qabağında otura-otura, bütün kanalların verilişləri bitənəcən gözləməyini, hey otağın ha tərəfindənsə ilıq hava kimi axıb əl-ayağına dolanan yuxularının cənginə keçməməkdən ötrü, səhərin gözü açılanacan, az qala bir çaydan qəhvə içməyini və yalnız dan yeri söküləndə – günəşin kal şəfəqləri göylərin qaranlıq tilsimini dağıdanda, yuxusuzluqdan ağırlaşmış vücuduyla özünü çarpayısına salmağını xatırladı…
Bu axşam o, gecəni belcə zülümlə başa vurub, Bozgödəkçəlinin qırmağından qurtula bilmişdi. – fikirləşdi və mətbəxə qayıdıb orda özünə qəhvə hazırlaya-hazırlaya, bu gecəki bağın, həmin o «astana» deyilən sirli məkana hansısa aidiyyatı barədə uzun-uzadı fikirləşdisə də, bu barədə təsəvvüründə zərrə qədər olsun, aydınlıq yaranmadı. Təsəvvürü, bulanıq su kimi tutqun və qaranlıq idi… Sonra qəhvədən növbəti qurtumu aldığı yerdə, qəfildən ağlına gələn növbəti fikirdən çeçədi…
Bu gecəki yuxusunu onun yaddaşından qəsdən silmişdilər. Hələ ola bilsin, bu gecə ona nə isə eləmişdilər. Hə, dəqiq nə isə eləmişdilər. – professor nəbzi ləngiyə-ləngiyə fikirləşdi - Yaddaşını dəyişmişdilər… ya da ruhunu oğurlamışdılar. Ya da olsun ki, bu gecə, Bozgödəkçəli axır ki, özünü ona yetirmişdi, qapılarının ağzına çatıb, orda Allah bilə ona nələr eləmişdi. Bəlkə də artıq öldürmüşdü onu?!..
Bu fikirdən, professorun ürəyi pis-pis sıxıldı. Yarımçıq fincanı nəlbəkiyə qoyub pəncərənin şüşəsinə düşən əksinə baxdı və ürəyi düşdü…
Pəncərənin tozlu şüşəsindən ona, yastı burnu, qalın, çal bığları və girdə gözlüklü eynəyi ilə qoca, boz bayquş baxırdı…

* * *


…Baş həkimin selektorunun, həyəcan siqnalını xatırladan səsi klinikanın bütün dəhlizləri boyu eşidilirdi. Baş həkim özü isə kabinetinin girəcəyində, əllərini, az qala dirsəyinəcən xalatının yekə ciblərinə salıb, əsəbilikdən qaralan üzüylə ona baxırdı:
– Siz axtarırlar, professor. Səhərdən düz üç dəfə zəng vurublar. - baş həkim deyib əsəbi-əsəbi sağ ayağı üstə yelləndi.
– Kim, axtarır məni?..
– Nazir özü zəng vurmuşdu.
– Nazir?..
– Bəli, nazir. – baş həkim hövsələsi darala-darala deyib kabinetinə girdi.
– Bilmədiniz, nəyə görə?.. – baş həkimin ardınca kabinetə daxil oldu və səhiyyə nazirinin, köpək balığının üzünü xatırladan, yırtıcı üzü gözlərinin qabağına gəldi.
– Bilmirəm. Maşın da göndərib. Bayaqdan budu burdadı, sizi gözləyir.
– Hara getməliyəm, evinə?.. – professor ciblərini eşələyə-eşələyə kabinetinin açarını axtardı.
– Yox, hələ ki, nazirliyə.
– Nazirliyə niyə?.. – kabinetin açarı elə bil cibindən buxarlanmışdı.
– Bilmirəm. – baş həkimin çiyinlərini əsəbi-əsəbi atdı.
– Başa düşmədim. – professor dedi və fikirləşdi ki, kabinetin açarını hardasa salıb itirə bilərdi.
Baş həkim çaşqın üzlə:
– Mən də bayaqdan onu deyirəm. – dedi və bu dəfə çiyni özü-özünə atıldı.
Baş həkimin çiyni son vaxtlar tez-tez beləcə, özü-özünə atılırdı.
– Deyirəm, bəlkə nəsə olub oralarda?!.. – baş həkim səsini yavaşıdıb yazıq üzlə professora baxdı və başıyla haranısa arxanı göstərdi.
– Harda?..
Baş həkim «ora»nı gözləriylə göstərdi:
– Yuxarıları deyirəm. – dedi. – Elə bil nazir özü də bilmir, nə məsələdi.
Baş həkimin bu hərəkəti professora, balaca akademiki, onun «ora» deyə-deyə, gah şəhadət barmağıyla, gah da gözləriylə haranısa arxanı, sonra tavanı göstərməyini xatırlatdı…
Professor baş həkimi dinləsə də, dediklərini eşitmirdi. Görünür, beyni hələ uzun müddət bu vəziyyətdə olacaqdı. – baş həkimin üzünə baxa-baxa fikirləşdi. - İndi həmin bu beyinlə o, kiməsə diaqnoz qoymalı, kimisə müalicə etməliydi. Ən pisi də o idi ki, kabinetin açarı yoxa çıxmışdı və bu dəqiqə professoru ən çox darıxdıran da elə bu idi. Açarı, bayaq qapıdan çıxar-çıxmaz, paltosunun cibində yoxladığını, sonra bütün yolu cibində saxladığı ovcunda sıxmağını xatırladı...
–…məndən dönə-dönə soruşdu ki, «bu, həmin o Veyisovdu?..» Mən özüm də çaşbaş qaldım. Dedim, hansı - «həmin»?.. O, özü də, deyəsən, bilmədi hansı. Dedi, «Təcili gəlsin.» Maşını düz bir saatdı burdadı.
Professor sağ əlini bir az da dərinə salıb, cibinin dəlmə-deşiksiz olduğunu yəqin edəndən sonra fikirləşdi ki, açarın cibindən itməyinin tək bircə variantı qalırdı: açarı o özü, klinikaya gəldiyi yolun hansı döngəsindəsə, öz əliyə cibindən çıxarıb atmışdı…
– Başa düşmədim, məni çağıran kimdi… - professor hövsələsinin daraldığından, əlindəki çantanı zərblə yerə qoydu.
- Onu vallah mən də bilə bilmədim.
Baş həkimin domba gözləri həyəcandan qan çəkib qabarmışdı…
Professor baş həkimin, hədəqəsindən çıxmaq istəyən gözlərinə baxa-baxa fikirləşdi ki, gərək bayaq, katibə zəng vuranda, zirək tərpənib deyəydi ki, işə çıxa bilməyəcək, xəstədi, ya nə isə ayrı bir səbəb tapıb deyəydi.
– …Onu bu vəziyyətdə birinci dəfədi görürəm… – baş həkim fikirli idi.
– Hansı vəziyyətdə?..
– Belə də… çaşqın. Elə bil işdən çıxmaq söhbəti var.
Professor baş həkimin, qorxudan az qala heykəlləşmiş vücuduna baxıb başa düşdü ki, heç bir bəhanəylə bu çağırışdan boyun qaçıra bilməyəcək. Odu ki:
– Yəqin müayinə olunmaq istəyir. – dedi.
– Kim?
– Nazir.
– Yox, özünün məsələsi deyil. Mən onu da soruşdum. Dedi, ayrı məsələdi. Özü də bərk həyəcanlı idi. Mənimlə də bir təhər danışdı…

* * *
…Professor əlindəki nimdaş çantasıyla, xalılar döşənmiş geniş qəbul otağına daxil olanda nazirin, gülümsər üzlü, gənc köməkçisi selektorun dəstəyini qaldırıb qısa, anlaşılmaz mətnlə, professorun gəlişini nazirə çatdırdı və həmin dəqiqə də dəstəyi asıb, qıvraq hərəkətlərlə onu içəri ötürdü.


Nazir onu, işıqlı otağın yuxarı başında, nəhəng, uzunsov iş masasının önündə, ayaq üstə gözləyirdi. O, içəri daxil olanda, bəzi hissələri, döyülmüş kimi qaralan uzunsov üzüylə gülümsəyib, iri addımlarla qabağına yeridi, əlini bərk-bərk sıxa-sıxa:
– Xoş gəlmisiniz, professor… – dedi və hörmətlə ona yer göstərdi.
Professor bu qaramtıl üzlü acıqlı naziri birinci dəfə görürdü. Qırx beş illik həkimlik müddətində, bundan əvvəlki naziri çıxmaq şərtilə, nazirlərin heç birinin üzünü görməmişdi. Bu nazir, professorun klinikada işlədiyi müddətdə beş ildən bir dəyişilən nazirlərin deyəsən səkkizincisiydi.
– Sizi görməyimə şadam. Necəsiz?.. – nazir yağlı bas səsiylə dedi və cavab gözləmədən – Məni, olsun ki, xatırlamırsız. – deyib susdu. – Təəccüblü deyil. O qədər tələbəni yadda saxlamaq mümkün işdimi?..
Giriş söhbətinin boşluğunu doldurmaq üçün nazirə söz axtarmaq lazım olmadı. Olsun ki, onun gəlişinə ciddi hazırlaşmışdı, ya da ola bilər, nazir, həm də «boşluq doldurmaq üzrə» mütəxəssis idi. – professor yerində qurcalana-qurcalana fikirləşdi, sonra nazirin, köpək balığının gözlərini andıran qorxunc gözlərinə, yüngülcə tərləyən alnına baxa-baxa, bu tədbirli adamı qorxudub həyəcanlandıra biləcək mümkün və qeyri-mümkün səbəblər barədə fikirləşdi.
– Siz - mənim ən sevimli müəllimim olmusuz. – nazir, nədənsə birdən-birə əsas mövzuya keçməyə ürək eləmirdi. – Mühazirələrinizi yaımda salanda, özümü o illərdə hiss eləyirəm.
Professor nazirin, danışdıqca qaralan üzünə baxa-baxa, bu qorxunc üzü nə vaxt, neçənci ildə və harda gördüyünü yadına salmağa çalışdısa da, xatırlamadı. Nazirin üzü, minlərlə tanıdığı-tanımadığı, adını, kimliyini unutduğu tələbələrin, müəllimlərin, xəstələrin, həkimlərin üzlərinə qarışaraq, kaleydoskopvari bir mənzərə yaratdı.
- Professor… - axır ki, nazir söhbətin giriş hissəsini yekunlaşdırıb əsas hissəsinə keçmək qərarına gəlmişdi. - …baş həkiminiz sizə ucundan-qulağından deyib yəqin. – nazir sözünə ara verib professorun gözünün içinə baxdı və üzü birdən-birə dəyişib ciddiləşdi, bayaqdan bəri gözlərinin üstündə qara, cansız zolaq kimi qaralan qalın qaşları yerindən oynadı. – Sizi bura çağırmaqda məqsədim… - nazir yenə susub harasa kənara baxdı, sonra sözünə elə bil yenidən başladı - …Bilirsiz, bu söhbət bir qədər konfidensial xarakter daşıyır. Məsələ burasındadı ki… – nazir bu yerdə səsini azaltdı – …bu axşam, saat on səkkiz otuzda sizin həyətə 10 -11 nömrəli maşın gələcək. Siz o maşına minib bir ünvana getməlisiz. Təəssüf ki, o ünvanı və xəstənin kim olduğunu mən özüm də bilmirəm. - sonra professorun təəccübünü duyub, – Bircə bunu deiə bilərəm ki, bu, şəxsən onun öz xahişidi…
Nazir «onun» sözünü xüsusi vurğuyla dedi, sonra susub professora baxdı.
– Kimin, onun?..
– Cənab Generalın. – nazir bu dəfə pıçıldadı və susub professora baxdı – Ola bilsin, kimdisə yaxın adamıdı. Sözün düzü, mənə köməkçisi zəng vurmuşdu…
Generalın, daim anlaşılmaz vahimə saçın yorğun, boz gözləri bir anlıq professorun gözlərinin qabağına gəldi… Generalın sağ gözündə nə isə parıldayıb söndü…
– Maşın hara gələcək deyirsiz?..
– Sizin həyətə… bir azdan… – nazir bunu deyib qol saatına baxdı və bum əqam nazirin qızılı bilərziyində də nə isə elə bil parıldayıb söndü. Ya bu, professorun gözünə göründü?!.. – Saat on səkkiz otuzda. İndi hələ ikiyə işləyir…
– Axı bizim həyət… – professor deyib susdu və fikirləşdi ki, nazirin dediyi həmin o maşın, dünyanın o başındakı üfunətli küçələrin arasında bitən darısqal həyətlərini necə tapacaqdı?!..
– Nə həyət dediniz? – nazir professoru yaxşı eşitmək üçün nəyə görəsə çənəsini qabağa verdi.
– Deyirəm, bizim həyəti necə tapacaqlar?.. Ünvanı…
– Onlar özləri bilir. – nazir ağızucu deyib masanın alt hissəsindəki düyməni basdı. – Professor, mən başa düşürəm. Yaşınızı, səhhətinizi də nəzərə alıram. Sizin yaşda bu peşənin yükünü çəkmək həqiqətən ağırdı. – nazir qəribə bir ədayla danışmağa başladı. – Əgər bir şey lazım olarsa… hər hansı bir cihaz, yaxud ayrı nə isə, şəxsən mənə müraciət eldin.

…Professor nazirlikdən çıxanda hava yenə çiskinləyirdi.


Paltosunun yaxalığını qaldırıb nazirliyin geniş, ağ salonlu maşınına əyləşə-əyləşə fikirləşdi ki, yuxuları deyəsən, yavaş-yavaş bu biri üzə keçir… Kim idi onu çağıran?.. Niyə məhz onu?.. Onu hara aparacaqdılar?.. Niyə maşını klinikaya yox, birbaş həyətlərinə göndərirdilər?.. Niyə indi yox, axşam?..
Sonra professor bütün yolu, havanın çiskinindən bozaran küçələrə baxa-baxa, yenə akademik haqqında fikirləşdi. Görəsən akademik indi hardaydı?!.. Sonra bu sirli məkanı, bulanıq da olsa, təsəvvürünə gətirməyə çalışdı… və oranı - Yer kürəsinin üstünü şəffaf qabıq kimi bağlayan sarımtıl duman kimi gördü…
Ən əsas bu idi ki, o, akademikin ardınca həmin o təhlükəli, sarımtıl məkana düşməməyin əlacını tapmışdı: yalnız sübhə yaxın, günəşin zəif şəfəqləri gecənin tilsimini qıranda yuxuya getmək. Bu fikirdən, professorun beynində, azca da olsa, səliqə-sahman yarandı və bir neçə gün bundan əvvəl vərəqlədiyi üçcildlik «Psixiatriyanın əsasları» kitabından oxuduğu: «… və təqib hissi, beyin qabığının qidasızlığı, ümumi yorğunluq və sinir zəifliyi ilə əlaqədar müşahidə olunur. Belə hallarda təqib kompleksi xəstənin yuxularında özünü daha qabarıq şəkildə büruzə verir. Bu, ahıllıq psixozunun əsas göstəricilərindən biridir….» - abzasını xatırladı…
…Evə daxil olanda, yenə kabinetinin itmiş açarını xatırladı və bir neçə dəqiqə işığı yandırmadan açarı dəhliz şkafında axtardısa da tapmadı. Paltosunu soyunub yataq otağına keçdi və ilk növbədə şkafdan, bir vaxt qarısının, onun ad gününə bağışladığı təzə ağ köynəyini tapıb çıxartdı. Köynək cığaradan çıxarılıb ütüləməliydi. Əynindəki köynəyin, elə o birilərinin də yaxalıqları, illər uzunu yuyulub-ütülənməkdən yeyilib pürşüklənmişdi. Bir də çəkmələrinin palçığını yumalı, üzünü qırxmalıydı.
Köynəyin cığarasını açıb, xırda iynələrini, tikanı çıxaran kimi, hövsələsi darala-darala, dırnaqların ucuyla çəkib çıxartdı, sonra mətbəxə keçib orda ütüləməyə başladı. Ütülədikcə, köynəyin ağ kətanından üzünə qəribə, tanış qoxu yayıldı. Əlini saxlayıb stola sarı əyildi və köynəyi iylədi.
Köynəkdən kəfən iyi gəlirdi…
* * *
…Bir neçə dəqiqədən sonra professor, küknar və çinar ağaclarının, ətirli akasiya kollarının ortasında ağaran cıqqayabənzər artırmalı, mərmər sütunlu, möhtəşəm binanın qarşısındaydı…
Onu bu nağılabənzər yerə gətirib çıxaran maşının sürətindən, ya nədənsə, professor, burda nə vaxt, necə peyda olduğunu, heç əməlli başlı hiss etmədi də. Yadında qalan bir bu oldu ki, üfunətli zibil yeşiklərindən, sınıq-sökük skamyalarda hərəsi bir yana əyilən qarılardan ibarət balaca həyətlərinə nə vaxtsa daxil olub gözdəniraq bir yerdə dayanan, heç nəyi ilə bu miskin həyətə uyuşmayan, qara rəngli, tutqun şüşəli, nəhəng maşına əyləşmişdi… bir müddət salonun, nəşə iyini andıran sirli qoxusunu canına çəkə-çəkə, əlləri, sükana bitişmiş kimi, tərpənməyən cansız sürücünün plastilinvari başından xoflana-xoflana, yuxularının davamını xatırladan bu qorxunc vəziyyətdən qurtulmağın yollarını axtarmış, iqamətgaha çathaçatda isə, rəngbərəng gül kollarının və fəvvarələrin içində itib-batan əfsanəvi həyətə daxil olmağıyla, canına yeriyən qorxusu necəsə öz-özünə yoxa çıxmışdı… Professorun qorxusuyla bir, onu bu yerə göz qırmında çatdıran maşının özü də, necəsə, yoxa çıxmışdı. Harasa geriyə sivrilmişdi, ya dayandığı yerdə hansısa gizli, yeraltı dayanacağa çökmüşdü?..
Professor bir müddət beləcə, yüngül mehdən yırğalanan ağacların xışıltısından, ara-sıra quş cükkültülərindən savayı ayrı bir səsin eşidilmədiyi kimsəsiz, sakit həyətin ortasında duub qaldı. Demək, baş həkimin də, nazirin də nagüman həsrətlə bilmək istədikləri naməlum ünvan bura idi… – professor fikirləşdi və gəzə-gəzə, sehrli nağılları andıran həyətin naxışlı skamyalarını, ağ mərmərdən tökülmüş fəvvarələrini, bir ucu sıx meşəliyin dərinliyində itib-batan döşəmə cığırlarını, cığırların kənarları boyu sıralanan dəyirmi işıqları gözdən keçirə-keçirə, bu möhtəşəm ərazidə xəstələnə biləcək adamlar haqqında fikirləşdi. Reallıqdan çox, naməlum sonluqlu yuxunu andıran bu mənzərənin içində, elə durduğun yerdə havalanmaq olar… – professor fikirləşdi və başını qaldırıb göyə baxdı.
Göyün üzü küləyin, ha tərəfdənsə qovub gətirdiyi nəhəng bulud topalarıyla örtülürdü... Professor göyə baxdıqca, yadına, öz həyətlərinin göyünü salmağa çalışdısa da, nə vaxtsa həyətdə ayaq saxlayıb göyə baxdığını xatırlamadı. Dəqiq olanı bir bu idi ki, professor heç vaxt, heç bir yerdə belə bir göy görməmişdi…
Buranın göyü də necəsə ayrı cür idi… – professor fikirləşdi, sonra hardansa yadına, nə vaxtsa Konstitusiyada göy haqqında oxuduğu bənd düşdü: «…ölkənin sərhədləri arasındakı göy ərazisi onun sərvətidi və ona məxsusdu…» Onda yadına gəlir, Konstitusiyanın bu gülməli bəndini qarısına da oxumuşdu. Sərhəd və ərazi tanımayan göy hansı əraziyə məxsus ola bilərdi axı?.. Ərazisi dəqiqləşdirilmiş həmin o göydən keçib gedən və bir neçə saatdan sonra o biri ölkələrin əraziləriylə üzən buludlar?!.. Onlar kimə məxsus idilər?.. Göyün əraziyə, ərazinin göyə nə qədər dəxli olduğunu, onda professor dəqiq birmirdi. Bu göydən sonra isə professor, həmin o səthi fikirlərinə görə öz-özünə xəcalət çəkdi.
Həqiqətən, göylə yer ərazisinin hansısa sirli bağlılığı, oturuşmuş, qırılmaz əlaqəsi varmış demək. – professor fikirləşib paltosunun düymələrini bağladı. Konstitusiyanın o bəndindəki cümlənin özü düz qurulmamışdı, fikirdə bir qədər dolaşıqlıq vardı: göy əraziyə yox, olsun ki, ərazi göyə məxsus idi…
Ən qəribəsi isə bu idi ki… – professor gördüklərini kiməsə danışan tək, ürəyində özü - özünə başa salırdı, – iqamətgahın səkkiz laylı, şüşəli qapılarının qabağında, başlarında qara beret, əllərində süngülü silah, üzbəüz dayanan əsgərlər, elə bil bayaqdan bəri onu görmürdülər, o, həyətə daxil olandan, başlarını belə tərpətmədən, gözlərini qırpmadan, heykəl donuqluğuyla bir-birinin üzünə baxmaqlarına davam edirdilər.
Asta-asta binanın girişinə sarı addımladı. Binanın içi də, çölü kimi kimsəsiz idi elə bil. Elə bil buralarda indilərdə nə isə baş vermişdi və binanın sakinləri hansısa qəfil xəbərdən yığışıb təcili surətdə buraları tərk etmişdilər...
Pillələri qalxıb dayandı. İqamətgahın birinci mərtəbəsinə açılan şüşə qapıların o biri üzündən, tavanın saysız-hesabsız gur işıqları altında nəhəng, ağ gəmi kimi bərq vuran, mərmər döşəməli geniş vestibül görünürdü... Professor içəri keçməzdən, qapının ağzında bir-birinə zillənən çəhrayı üzlü əsgərlərə baxıb nə isə demək istədisə də, hərbçilərin ona məhəl qoymadığını görüb dinməz-söyləməz içəri addımladı. Dabanı yeyilmiş ayaqqabılarıyla döşəməni tuppuldada-tuppuldada, ehmal addımlarla vestibülün tən ortasına yeridi, eynəyini çıxarıb ətrafına – dörd bir yanda tavanla döşəməni birləşdirən qızılı sütunlara, zalın hər iki tərəfindən ikinci mərtəbəyə aparan ağ, mərmər pillələrə, üzbəüzdəki şüşəli divardan, zərli parça kimi sayrışan şəhərə, şəhərdən sonra qara zolaq kimi sonsuzluğa qədər uzanan dənizə baxdı…
– Professor Veyisov?!..
…Vestibülün ha tərəfindənsə qəfildən peyda olan dolu bədənli, qıvraq yerişli cavan adam ona yaxınlaşdı, çəhrayı, tarım sifətiylə bir anlıq professora baxıb yaxındakı kreslolarda ona yer göstərdi:
– Buyurun, əyləşin. – dedi. – Başım elə qarışıb, üzr istəyirəm, qarşılaya bilmədiyimə görə. Qonaqlar gəlib, onların yerləşdirilməsiylə məşğuluq səhərdən. Əyləşin, sizi çağıracaqlar.
Olsun ki, Generalın köməkçisi, ya da onlardan biridi. – professor dinməz-söyləməz kresloya əyləşə-əyləşə fikirləşdi.
Köməkçi professordan arxayın olduqdan sonra çönüb harasa yan tərəfə uzaqlaşdı və sütunların arasında gözdən itdi.
Köməkçidən sonra professor vestibülü bir də gözdən keçirdi. Oturan yerdə baxanda, vestibül daha əzəmətli görünürdü. Kimsəsiz, soyuq sarayn əfsanəvi ecazı buranın hər nöqtəsində – durduğu yerdə necəsə, öz-özünə bərq vuran gövdəli sütunlarında, divarlardan asılmış qədim şəkillərin qəribə rənglərində, görünməz, tül pərdə kimi havadan asılıb qalan və ani hərəkətdən yerini dəyişən sirli qoxusunda duyulurdu.
Şəkillərdən biri, professorun yuxularını andıran ucsuz—bucaqsız səhralığı əks etdirirdi. Bu səhralıqda çatmışmayan bir şey vardısa, o da, bu kimsəsiz, sarımtıl qumsallıqda azan akademik idi… - professor şəklə baxa-baxa fikirləşdi və bu fikirdən ürəyi sıxıldı. Sonra səhralığa baxa-baxa, professoru elə bil yuxu apardı… və o, hardansa yaxınlıqdan, dəmir çarxlarını relslərin üstüylə taqqıldada-taqqıldada ona yaxınlaşan tramvayın səsini eşitdi… oturduğu yerdə dik atılıb ətrafına baxdı.
Hava qaralmışdı… Qıvraq köməkçidən əlamət yox idi.
Saatına baxdı. İqamətgaha gəldiyi qırx dəqiqə idi. Köməkçinin başı, olsun ki, hələ də qonaqlara qarışmışdı. Bu fikirdən, professorun ürəyi yenə sıxıldı. İndi o burda – dörd bir yanı bərq vuran bu soyuq, kimsəsiz vestibüldə nə qədər oturmalıydı?.. Tavanın yüzlərlə iti işığı, professorun onsuz da yorğun beyninə işlədi, gözlərini ağrıtdı və professor fikirləşdi ki, gərək bayaq köməkçiyə, yorğun və yuxusuz olduğunu deyəydi… Bəlkə bu məşğul köməkçi onu bu qədər gözlətməzdi.
Sonra ürək döyüntüləri ləngiyə-ləngiyə, adi həkim çağırışından çox, nə isə gizli dövlət əməliyyatı aktını andıran bu dəvət barədə fikirləşdi. Olsun ki, bu sirli dəvətin özünün də, həmin o yuxularıyla hardasa, necəsə əlaqəsi var idi. Əlbəttə var idi… - professor qəfildən ağlına gələn növbəti fikirdən, yuxudan oyanan kimi, ayılıb özünü dikəltdi. Yoxsa, niyə hər şey bu qədər müəmmalar və sirlərlə dolu idi?.. «Xəstənin» kimliyinin bilinməməsi, bura – bu nağılvari məkana, yalnız hava qaralandan sonra gizlicə gətirilməsi, bayaqdan bura, tilsimə keçən tək, bu gur işıqlı, təntənəli tənhalığın əsirinə çevrilməsi... Hansı günahın sahibi olmuşdu?.. Niyə onu sakit yaşamağa, qarısından sonra, onsuz da dadı-duzu qalmayan həyatını adam kimi başa vurmağa imkan vermirdilər?.. Yuxuları o tərəfdən, bu əcaib çağırış bu yandan…
İçi ləvazimatlarla dolu ağır çantasını qucağından yerə endirib ayağa qalxdı, əllərini arxasında çarpazlayıb, asta addımlarla, caynaq kimi sinəsinə keçib nəfəs yoluna dirənən sıxıntını əridə-əridə vestibül boyu gəzişməyə başladı. Bu möhtəşəm saraya hansısa dövləti cinayət üstə yaxalanmış təhlükəli casus kimi, təcili surətdə çatdırılması və indi gərəksiz halda unudulması, yaxınlaşmaqda olan hansısa qorxunc hadisənin başlanğıcından xəbər verirdi… Ya bəlkə… - professor, ağlına gələn növbəti fikrin dəhşətindən büdrədi…
Bəlkə, onun təşrifindən Generalın ümumiyyətlə, xəbəri yox idi?!.. Bəlkə o, necəsə, özü də bilmədən, taleyin hansısa acı istehzasıyla, son vaxtlar Generalın ətrafında bir-birinin ardınca baş verən amansız sui-qəsdlərdən birinin iştirakçısına çevrilmişdi?.. Və indilərdə burda baş verəcək, yaxud artıq baş vermiş cinayətin izini öz qanı və canıyla itirməli olan qurban idi?.. Sonra bu fikirləşdiyini, bədənini soyuq tər basa-basa gördü də… İkinci mərtəbədəki çilçıraqlı, zəngin otaqların birində, qanı yatağının ağ üzlüyünə, divarlara sıçramış əfsanəvi Generalın, otağın tən ortasında, döşəmədə üzüqoyulu qalan cansız bədəni gördü… və bu mənzərədən qəribə üşütmə ilə titrətdi… paltosunun cibindən çıxardığı burun yaylığını alnının tərinə hopdura-hopdura fikirləşdi ki, bütün bu cəfəng fikirlər, neçə vaxtın yorğunluğunun və yuxusuzluğunun nəticəsidi. Günü sabah baş həkimdən icazə alıb bir müddət evdə, ya hardasa dincəlməli, bir az da, xəstələrinə yazdığı əsəbsakitləşdirici trankfilizatorlardan içməlidi.
Cib saatını çıxarıb düyməsini basdı. Səkkizə on beş dəqiqə qalırdı… Yox, bu, daha lap ağ oldu… – professor səbri darala-darala fikirləşdi və qəti hərəkətlə ayağa qalxıb çantasını əlinə aldı, iri addımlarla girişə sarı yönəldi. Açıq qapıları ötüb çölə çıxdı. Əsgərlər, bayaqkı donuq üzlərlə hələ də bir-birinə baxırdılar.
Professor bir istədi əsgərlərdən, köməkçinin yerini soruşsun və elə həmin dəqiqə də fikrindən daşındı, paltosunun boyunluğunu qaldırıb, əsgərlərlə sağolllaşmadan, mərmər pillələrlə həyətə endi.
Hava dəyişmişdi… Bircə saat bundan əvvəlki sakit «cənnətdən» əsər-əlamət qalmamışdı. Bayaqkı yüngül mehin müqavimətindən həzin-həzin yellənən ağaclar bir-birinə çırpıla-çırılpa canavar sürüsü kimi ulaşır, iqamətgahı dörd bir yandan dövrəyə alan meşəliyi çalxalayıb uğuldadır, fəvvarələr sularını əcayib burulğanlarla göyə sovururdular…
Professor bir müddət, iqamətgahın işıqlı pillələri ilə, qaranlıq həyətin sərhəddində dayanıb durdu… sonra yeyin addımlarla həyətə enib üzünü paltosunun boyunluğunda gizlədə-gizlədə tozanağın içiylə maşın yoluna tərəf üz tutdu.
Narın-narın sulu qar çiləməyə başlayırdı…
Maşın yolu hardasa buralarda olmalıydı. – professor, iqamətgahın çıxışına aparan yolla addımlaya-addımlaya fikirləşdisə də, bir qədərdən sonra, yolun qabaq hissəsində, bu biri hissədən fərqli olaraq, işıq dirəklərinin olmadığını, yolun son ucunun, hardasa, sıx meşəliyin qaranlığında bitdiyini görüb xoflandı, ayaq saxlayıb geriyə çöndü və gəldiyi yola baxdı.
İqamətgahın ikinci mərtəbəsində bir neçə otağın işığı yanırdı… Olsun ki, General bu işıqlı otaqlardan hansı birindəsə oturub onun təşrifini gözləyirdi. – professor fikirləşdi və gözünün qabağına, baş həkimin, hürkmüş dana üzünü xatırladan, dördkünc sifəti, nazirin, köpək balığının gözlərini andıran xırda, yırtıcı gözləri gəldi…
Sabah, ya da bəlkə elə evə çatan dəqiqə baş həkimlə nazirin telefon zəngləri bir-birinə aman verməyəcəkdi, onu sorğu-suala tutub, qəbuldan yayındığının səbəbini soruşacaq, sonra da o ki, var, danlayacaqdılar. Hələ bəlkə işdən də azad edəcəkdilər… - professor qanı qarala-qarala fikirləşdi. O özünü təmizə çıxara-çıxara:
«- Bilirsiz, cənab nazir, mən getdim… saat yarım orda, iqamətgahın birinci mərtəbəsində gözlədim də. Mən çox gözlədim, çağıran olmadı... «- deyib günahkar sükutla susacaqdı.
Nazirin bas səsi qulağında uğuldadı:
« – Gərək siz gözləyəydiniz. Lap belə gecəyəcən, lazım olsaydı, sabahacan gözləyəydiniz. Bu, sizin vətəndaşlıq borcunuzdu. Axı söhbət görün bir, kimdən gedir?!.. Görün bir, siz harda, kimi gözləmisiz?!.. Bir də axı saat yarım nədi ki?!»
« – Bilirsiz, nə var?.. Məni rahat buraxın… – onda o, deyəcəkdi. – Dediniz get, mən də getdim. Üstəlik saat yarım da gözlədim. Bundan artıq nə edəcəyimi anlamıram. Belə narahatsınızsa, özünüz gedin, ya da ayrı birisini göndərin.»
Onda nazirin üzü əsəbi əlacsızlıqla əyiləcəkdi, nazir:
« - Axı…» – deyib duracaqdı… və daha heç nə deməyəcəkdi. Onu hörmətlə qapıdan yola salacaqdı. Sonra bu fövqəladə «anlaşılmazlığın» heyfini tək bir ondan yox, bütün klinikadan alacaqdı.
Klinikanın xəstəhal bənizli, qoca həkimləri gözünün qabağına gəldi… və professor, maşın yolunun artıq qaranlıq hissəsiylə addımladığından yalnız indi xəbər tutdu.
Hardasa lap yaxında bayquş uladı və professor, daha bu barədə fikirləşməməyi qərara aldı.
Yolun sonu, qurtaracağı görünmürdü. Professor ayaq saxlayıb geriyə çöndü və artıq uzaqda, tozanağın içində alınmaz qala sakitliyi ilə ucalan iqamətgahın, xırda, sarı düymələr kimi işaran pəncərələrinə baxıb fikirləşdi ki, bəlkə yolu düz getmir?.. Çıxış, heç də onun düşündüyü kimi bu tərəflərdə deyil?!..
Bayquş bir də, bu dəfə hardansa aşağıdan – elə bil ayaqlarının altından buppuldadı və elə həmin an, professor, başının tükləri qabara-qabara, balaca evini, indi bu dəqiqələrdə, çölün qaranlıq fırtınası dörd bir yanı titrədib az qala binaları kökündən qoparmaq istədiyi an, balaca evinin divarları boyu xəbis səssizliklə sürünən kölgəni, yolunu yumşaq qəbir kimi gözləyən allı-güllü yorğan-döşəyini xatırladı… İndi o, bu sirli saraydan baş götürüb, həmin o qaranlıq uçuruma – ha tərəfiyləsə bu dünyadan qopub sınıq körpü kimi havadan asılı qalan kimsəsiz, soyuq mənzilinə - yuxuların, qorxunc duman kimi canına dolacağı balaca ölüm kamerasına yollanırdı…
Bu fikirdən professorun, yol getdiyi yerdə gözləri qaraldı… Odu ki, ayaq saxlayıb bir müddət qaranlıq yolun ortasında dayanıb qaldı… Yolun bir başı - işıqlı iqamətgaha, o biri başı - onun, darısqal yuxularına aparırdı… Dünənki yuxusu – özünü axır ki, mənzilin qapısına yetirib, sağ əlini onun çiyninə qoyan vahiməli ölüm elçisi, indi onu evinə yaxın yarıqaranlıq dalanlarda, ya da olsun ki, həyətin ortasındakı ağaclıqda gözləyirdi…
Yox, o, evə gedə bilməzdi… - professor paltosunun boyunluğunu yığışdırıb yeyin addımlarla iqamətgaha sarı addımlamağa başladı. Evə, mümkün qədər gec getməliydi. Sübhün açılmağını, həmin o kölgəli divarların arasında tək tənha otura-otura gözləmək, elə də asan iş deyildi.
…İqamətgahın ikinci mərtəbəsindəki pəncərələrdən birinin o üzündə kimsə vardı… Professor bunu, iqamətgaha yaxınlaşan an, pəncərələrdən birinin pərdəsinin astaca tərpənməsindən hiss etdi. Ya bu, professorun gözünə göründü?.. Axı niyə də gözünə görünməlidi?.. – professor çantasını bir anlıq yerə qoyub, paltosunun, bir tərəfi süzülüb cırılmış astarını düzəldə-düzəldə, əsəbi-əsəbi fikirləşdi. - İşıq və əzəmət saçan bu sirli qalanın bir yiyəsi olmalıydı axı?!..
İndi o, iqamətgaha çatıb vestibülə daxil olacaqdı, orda məxmər üzlü kreslolardan birinə oturub Generalın dəvətini gözləyəçəkdi. Generalın, yoxsa bəlkə ayrı bir kimsənin?.. Burası hələ dəqiq bilinmirdi. Bu naməlum dəvətin özünü nə qədər gözləməliydi, bu da məlum deyildi. Amma bütün bu naməlumluqların özü də, artıq professor üçün elə bir əhəmiyyət kəsb eləmirdi. Bura, sirli və müəmmalı, ora, qaranlıq və təhlükəliydi…
İqamətgaha çatar-çatmaz, professor onu da fikirləşdi ki, bəlkə də hər şey elə belə də olmalıdı. Bəlkə də bu müəmmalı donuqluq, iqamətgahın, qəbulolunmuş gündəlik mənzərəsidi. Ya da ola bilsin, onu bura, təyin olunmuş vaxtdan bir qədər əvvəl gətirmişdilər. Hər şey ola bilər... – professor fikirləşib girəcəyin pillələrini qalxdı.
…Vestibülün işıqlarının yarısı sönmüşdü… Onları kimsə, o gedəndən sonra söndürmüşdü. – professor, ürəyi tez-tez döyünə-döyünə fikirləşdi. Yoxsa işıqlar çöldəki fırtınanın dağıdıcı həmlələrindən sönmüşdü?!.. Axır nəydisə, bütün bunlar yaxşı əlamət deyildi… – professor fikirləşdi. – Kimsəsiz iqamətgah, dəqiqliyi sevən Generalın, görüşü bu qədər ləngitməsi, indi də bu işıqlar… Hər şey təhlükəli sonluğun başlanğıcına aparırdı… – professor fikirləşdi və girişin yaxınlığındakı çəhrayı örtüklü kreslolardan birinə oturub çantasını açdı, ordan qəlyanını çıxarıb içini tənbəkiylə dolduranda, əllərinin əsdiyini hiss etdi…
Olsun ki, General məşğuldu. Bəlkə də bu dəqiqə telefonla hansısa dövlətin başçısıyla danışır… – professor tüstünü ciyərlərinə çəkə-çəkə fikirləşdi və çönüb, girəcəkdə həmin donuqluqda qalan əsgərlərə baxdı. Qəribəydi ki, nə onun təşrifi, nə də çölün tufanı əsgərlərə, dəli inadkarlıqla bir-birinə zillənməyə mane olmurdu.
Generalın iqamətgahı da, özü kimi qəliz və tilsimli idi. – professor fikirləşdi və hardansa yadına, on-on beş il bundan əvvəl, məşhur bir bəstəkarın dəfnində baş verən unikal hadisə düşdü… Fəxri xiyabanda baş tutan həmin o mərasimdə, camaatdan xeyli irəlidə – məiyyəti ilə birgə, arxası camaata dayanan Generalın, necəsə qəfildən, geriyə çönmədən, onu minlərlə adamın arasından seçməyini, beynindən ötən ani fikirləri hansı möcüzəyləsə uzaqdan-uzağa oxumağını, əlini peysərinə atıb geriyə qanrılaraq, iti canavar baxışlarını onun gözünün içinə zilləməyini xatırladı… və bundan bədəninin vicəlləndiyini hiss etdi…
Həmin o dəfn mərasimində yadına, təxminən belə bir mərasimdə arxadan atılan qəfil güllədən öldürülən yüksək rütbəli məmur haqqında bir neçə ay əvvəl oxuduğu əsər düşmüşdü və o, nəhəngliyi ilə yanındakılardan seçilən Generalın səliqəli başını seçmiş, kütlənin arasında gizlənən ədəbi qəhrəmanın əvəzinə, bu səliqəli peysərə tuşladığı tapançadan ona «güllə açmışdı…» Onda, beynindən ötəri əsintiylə ötən bu təsadüfi fikri hansı sirli dalğaylasa, peysərinə arxadan uçan gülləni tutan kimi, havadaca tutan General qəifldən geriyə çönmüş, qorxunc, boz gözləriylə gözünün içinə zillənmişdi… Onda yadına gəlir, vahimədən dizləri boşalmış, qəfil qorxunun heysizləşdirdiyi bədənini yerə sərilməkdən zorla saxlamış, özünü bir təhər, ürək döyüntüləri ləngiyə-ləngiyə, adamların sıx yerinə salaraq gizlənmişdi…
Təhlükə zənn etdiyi bu təsadüfi səfeh fikirin, boş xəyaldan savayı ayrı bir şey olmadığını General həmin dəqiqə – gözü onun üzünü seçəndə anlamışdısa da, mərhumun xatirəsi haqqında nitq deyərkən, bu zərərsiz təhlükəni qeyd eləməyi də unutmamışdı. Generalın onda dediyi sözlər, nöqtə-vergülünəcən professorun yadındaydı. «Bəzi siyasi kəmsavadlar… adi tüfeylilər belə, mənim müqəddəratım haqqında fikirləşməyi özlərinə ar bilmirlər. Əllərindən heç nə gəlməsə də, heç olmasa, bu haqda fikirləşirlər. Onlardan burda, sizin aranızda da var. Qoy onlar qulaqlarını açıb yaxşı-yaxşı eşitsinlər: – Məni fiziki məhv etmək mümkün deyil!..» - General dağüstü yüksəklikdə qurulan kürsüdən düz onun gözünün içinə baxa-baxa, havada yellətdiyi şəhadət barmağıyla onu hədələyə-hədələyə demişdi...
«Məni fiziki məhv etmək mümkün deyil...» – professor Generalın, bir neçə il bundan əvvəl söylədiyi həmin qısa nitqinin son cümləsini yenə, hardansa lap yaxından eşitdi… Generalın bu haqlı hədəsini professor, o hadisədən sonra uzun müddət unuda bilməmişdi.
…Fırtına lap şiddətlənmişdi. Külək vestibülün şüşə divarını, dördlaylaı, iri pəncərələrini titirəyib vestibülün boşluğuna, müharibə gurultusunu andıran əcayib bir gurultu salırdı. Sonra elə bil hardasa yuxarıda - ikinci mərtəbədə qapı açıldı… Yoxsa professorun qulağına səs gəldi?.. Həmin o səsdən, ya nədənsə qəfildən ağlına gələn növbəti fikrin vahiməsindən professorun boğazını qəhər tutdu…
Professorun ağlına gələn qorxunc fikir isə bu idi ki, dahiyanə duyumu və yaddaşıyla məşhurlaşmış canavar gözlü General, son vaxtların alınmayan sui-qəsdlərindən sonra deyilənə görə, hamıdan və hər şeydən şübhələnməyə, neçə illərdən bəri görüb tanıdığı başlamışdı. Həmin o təhlükəli xatirə Generalın yadından çıxmaya da bilərdi…
Saatına baxdı. Doqquzun yarısı idi…
…Vestibülün sütunlarının hansınınsa arxasından addım səsləri eşidildi və çox keçmədi ki, iti addımlarla ona sarı yeriyən bayaqkı qıvraq köməkçi göründü, ona yaxınlaşıb bayaqkı səsinə oxşamayan tamam ayrı bir səslə:
– Professor, çox-çox üzr istəyirəm, cənab Generalın bu günə planlaşdırdığı qəfil bir məsələ ortaya çıxmışdı, sizi gözlətməli olduq. – köməkçi deyib ehtiramla professorun çantasını əlinə aldı və onu vestibülün sol cinahındakı pilləkənə sarı apardı. – İşimiz belədi. Gərək bağışlayasız…
Olsun ki, bayaqkı adam deyil. – professor heç nə demədən, ayağa qalxıb köməkçinin ardınca yeriyə-yeriyə fikirləşdi. – Ya da bəlkə odu, səsi dəyişib.
İkinci mərtəbəyə çatıb, nə iləsə qatar perronunu xatırladan dəhlizə çıxdılar. Dəhliz, həm də nə iləsə, hansısa məxfi məqsədlər üçün istifadə olunan yarıqaranlıq tuneli də xatırladırdı. Lap qurtaracağında hardansa sol tərəfindən sızan işıq, dəhlizin bu gərgin tilsimini bir qədər elə bil yumşaldırdı. Yaxınlaşdıqca, işıq sızan tərəfdən danışıq səsləri eşidilməyə başlayırdı.
– Ürəkli ol, əzizim… – kiminsə tanış səsi deyirdi – bayaqdan aşağıda oturub səfeh fikirlərə dalmaqdansa, yanıma gələydin. Sən ki, ağıllısan. Özün də bilirsən ki, ha yana da getsən, əvvəl-axır yanıma gələcəksən…
Professor duruxub ayaq saxlamaq istədisə də, irəlidə iti addımlarla yeriyən köməkçi geriyə qanrlıbı:
- Burdan sola. – dedi və professor heysiz ayaqlarının onu, qəribə qıvraqlıqla harasa sola – girəcəyinin bir hissəsi yarımaçıq qapısından görünən işıqlı otağa apardığından, özü də mat qaldı.
– …axı əlimdən hara qaçacaqsan?.. Hara sivişəcəksən?.. Yaxın gəl… yaxın gəl… sən mənimsən…
Dəhlizin axır

na çatdılar. Professor bir müddət yarımaçıq qapıdan görünən televizor ekranının bir hissəsinə baxa-baxa, təngiyən nəfəsini nizama saldı. Qapının aralığından görünən şəbəkəli döşəmə professora, uzaq gənclik illərində, nəhəng zallarında, ayaqqabısının üstündən geydiyi yumşaq, kətan üzlüklərdə gəzdiyi Ermitajın güzgü döşəmələrini xatırlatdı.


Köməkçi qapının ağzına çatdısa da, birdən-birə otağa girməyə ürək eləmədi, bir müddət pusquda duran tək dayanıb nəfəsini saxlaya-saxlaya, səssiz hərəkətlərlə qapıdan içərini elə bil oxudu, sonra kənarını ehmalca tıqqıldatdı.
– Buyurun. – içəridən Generalın tanış səsi eşidildi və professor, bayaqdan eşitdiyi səslərin, olsun ki, televizordan gəldiyini fikirləşib bir qədər toxtadı.
Generalın dəvətindən sonra köməkçi professora baxdı və necəsə, içəri keçməyə işarə verdi.
Professorun ürəyi döyündü, köməkçinin uzatdığı çantanı əlinə alıb bir neçə addım atdı, qapını astaca araladı və az qaldı ürəyi dayana…
…Gur işıqlı, geniş otağın ortasında, qapı ilə üzbəüz hündür söykənəcəkli kresloda, uzunətəkli, qara zolaqlı, ipək xalatda, cavanar gözlü Generalın özü oturmuşdu…
– Axşamınız xeyir… – professor deyib qapının ağzında dayandı.
– Axşamınız xeyir. – General ayağa qalxıb iri addımlarla ona sarı yeridi, əl uzadıb görüşdü və professora, kreslosuyla üzbəüzdəki qara meşin divanda yer göstərdi.
Generalın əli isti və quru idi. Gərginlikdən, ya əsəb pozğunluğundan idi, nəydisə, professora elə gəldi ki, Generalın ovcu, başdan-ayağa bütün vücudunu sıxıb əzdi. Özünü divana çatdırıb əyləşdi. Nəfəsini dərib qapıya sarı boylandısa da, qıvraq köməkçidən əlamət tapmadı. Köməkçi də, onu iqamətgaha çatdıran qara maşın kimi qeybə çəkilmişdi. Otaqda ikisi idilər.
Generalın gümrah vücudu, aydın gözləri, üzünün rahatlıq saçan sağlam ifadəsi, «xəstənin», General olması ehtimalının üstündən çalın-çarpaz xətt çəkdi.
Professor Generalın yumşaq xalatını gözdən keçirə-keçirə, bu istirahət libasında bayaqdan bəri burda nə ilə məşğul ola biləcəyi barədə tələm-tələsikliklə fikirləşdi.
- Qonaqlarımız vardı. Sizi gözlətməli olduq. Gərək günahımızdan keçəsiz. – General deyib gülümsündü.
– Mən… – professor hiss elədi ki, quru dili danışmağına mane olur. – Mümkünsə su… - deyib udqundu.
General məmnun təbəssümlə gülümsünüb ayağa qalxdı. Elə bil onun susamağı ürəyinə yatmışdı. Yazı stoluna yaxınlaşıb orda hansısa düyməni basdı və:
– Su gətirin. – dedi, sonra geri qayıdıb bayaqkı yerinə əyləşdi və su gəlib çıxanacan, təbəssüm saçan üzüylə professoru gözdən keçirməyə başladı.
Generalın ona, təzə, məzəli oyuncağa baxan kimi baxmağının gərginliyindən, ya, uzun illər uzaqdan-uzağa, yalnız televizor ekranlarında gördüyü bu əfsanəvi adamla bu qədər yaxında oturduğundan, suyun gəlmə prosesi professora, gün qədər uzun göründü.
Suyu, bayaqkı plastilinvari sürücüyə oxşayan cavan adam gətirdi. Professorun qarşısında dayanıb stəkanı ona uzatdı və professor suyu içib qurtaranacan, əlində balaca məcməyi, dayanıb gözlədi.
Professor suyu içib stəkanı xidmətçiyə qaytarandan sonra da, General bir müddət ona, muzey eksponatına baxan kimi baxmağına davam etdi, amma daha gülümsəmədi. Elə bil professora baxa-baxa, ondan nə düzəldəcəyi haqqında fikirləşdi.
– Mən… cənab General, bayaqdan gəlmişəm. – professor boşluğu doldurmaq xatirinə astadan deyib yerində qurcalandı.
– Bilirəm, bilirəm.
Generalın boz baxışlarından idi, ya nə idisə, professor birdən-birə, yaddaşının hansı ehtiyacıyla, bütün ömrü ərzində tutduğu səhvlərini, günahlarını xatırladı… və oturduğu yerdə, bütün olub keçənlərə görə, günah və xəcalət tərində boğula-boğula öz-özünə nifrət eləməyə başladı... Sonra hardansa qəfildən vicdan əzabları baş qaldırdı və professorun ürəyini ağrıda-ağrıda, bütün vücudunu sıxıb əzdi. Professor bir də özünü onda tutdu ki, çaşqınlıqdan, özünə yer tapmayan narahat əllərini gizləməyə yer axtarır...
– Siz soyunun. Özünüzü rahat hiss edin. – General, olsun ki, onun narahatlığını hiss edib dedi və ağzının bir tərəfi ilə gülümsədi.
Generalın bu təbəssümü professora tanış idi. General çox vaxt niyəsə beləcə, ağzının bir tərəfi ilə gülümsəyirdi. Elə bil o biri tərəfini işə salmağı lüzumsuz hesab edirdi.
Professor paltosunu soyunub divanın bir tərəfinə qoydu, şlyapasını çıxarıb, bayaqkı tufandan qarışan saçlarını sahmana saldı və yenə Generalın boz gözləriylə üzbəüz qaldı...
Gözləri onu unutmamışdı görünür… – professor ürəyi döyünə-döyünə, bayaqkı qorxulu xatirəsini – həmin o əlamətdar dəfn mərasimini, Generalın havada yellənən qəzəbli barmağını xatırladı… Bəlkə də bura gətirilməyinin sirli səbəblərindən biri də bu idi.
– Sizin işlərinizi həqiqətən möcüzə adlandırmaq olar. - General dedi və nədənsə sözünün ardını gətirmədi.
– Mən adi həkiməm. – professor hiss elədi ki, gərginlikdən əlləri əsir. Odu ki, onları cütləyib dizlərinin arasında sıxdı. – Hələ ki, heç bir möcüzəli iş görməmişəm.
– Hədsiz təvazökarlıq da bir şey deyil, professor. Mən «möcüzə» deyəndə, sizin sanballı elmi işlərinizi, ya nə isə ayrı bir şeyi nəzərdə tutmuram. – Generalın üzü dəyişdi elə bil. – Sizin, klinikada gördüyünüz gündəlik əfsanəvi işlərdən danışıram.
Professor yenə akademiki xatırladı… Həyatı boyu yeganə möcüzə bildiyi bir şey vardısa, o da akademikin ölümü idi… Sonra qəfildən ağlına gələn fikirdən qulaqları uğuldadı…
Bəlkə General, akademikin ölümünü deyirdi?..
– Siz qeyri-mümkün işlər görürsüz, professor. İnsanın şüuraltı yaddaşına müdaxilə etmək, orda hansısa xəstə nöqtələrlə işləmək – sehkarlıqdı.
General, çox güman ki, onun, son illər ağır narkoasılılıqdan qurtardığı xəstələrdən danışırdı. Bu haqda mətbuatda çox yazırdılar.
– Məni ən çox heyrətə gətirən - sizin son əməliyyatınız oldu. Qorxudan yerişini itirmiş balaca qız uşağıyla apardığınız əməliyyatı deyirəm. – General deyib susdu və daha professora baxmadı. Dərin fikrə getdi və fikirli halda niyəsə professora, portretlərində, qəzet səhifələrində və təqvimlərdə nəşr olunan şəkillərindən çox-çox cavan və gümrah göründü. Sonra qəfildən ayılıb:
– Nərdlə aranız necədi, professor? – dedi və sakitcə professorun üzünə baxdı.
– Nərd?.. – professora əvvəl elə gəldi ki, nəyisə düz eşitmədi. – Mən nərd oynaya bilmirəm. – dedi və qorxdu. Niyə qorxdu, orasını da bilmədi.
– Demək nərd oynaya bilmirsiz. – General fikirli-fikirli dedi və barmaqlarının ucuyla kreslosunun taxta qolunu taqqıldatdı.
…Professorun ürəyi sıxıldı. Bütün bunlar nə demək idi?.. Bu gümrah üzlü, sağlam gözlü adam ondan nə istəyirdi? Bəlkə o… – professorun fikirləri yenə bir-birinə qarışdı. - Bəlkə o, özü də bilmədən, xəbəri olmadan bu möhtəşəm, sirli saray tərəfindən, necəsə alınmışdı?.. Generalı əyləndirmək, onun fikirlərini bölüşdürmək məqsədiylə seçilmiş saray həkiminə, Generalın şəxsi həkiminə çevrilmişdi?!..
– Şahmat necə?.. – General bu dəfə professora sınayıcı gözlərlə baxdı.
– Şahmat da oynaya bilmirəm. – professor dedi və hiss elədi ki, əsəbilikdən, ya nədənsə, saçlarının dibi gizildədi.
– Əslində bu, bir o qədər də vacib deyil. Elə belə, istədim, sizinlə birlikdə bir şey edək, görək necə alınır. - General deyib gülümsündü, sonra nə fikirləşdisə, ayağa qalxıb pəncərəyə yaxınlaşdı, pərdəni azca aralayıb çölə baxdı.
…Çölün uğultusu Generalın səliqəli otağına da vəlvələ salmışdı…
– Hava yaman dəyişdi. – General çölə baxa-baxa dedi, sonra çönüb:
– Professor, sizin, yuxularla bağlı, sözsüz ki, öz qənaətləriniz olmamış deyil. – dedi və elə bil azca pərt oldu. - Yəni insan hər gecə yuxuda eyni bir yerdə olursa və o yerin cəngindən heç cür qurtula bilmirsə…
– Siz hansı yuxuları deyirsiz?.. – professorun, «yuxu» kəlməsindən ürəyi düşdüsə də, özünü o yerə qoymadı.
– Mən hal-hazırda özümdən danışıram. – General dedi və narahat hərəkətlə kreslonun kürəkliyinə söykəndi. – Söhbət məndən gedir, mənim yuxularımdan.
– Bəli, başa düşdüm. – professor dedi və hiss elədi ki, danışanda dili dolaşır.
– Son aylar mən, demək olar, eyni yuxunu görürəm. Qəribəsi odu ki, ömrüm boyu altı saatdan artıq yata bilməyən adam – yəni mən, indi gecə-gündüz yatmaqdan doymuram.
General danışdıqca, professor fikirləşdi ki, əgər indi General da tramvay dayanacağından başlasa, o, dəli olacaq, başına hava gələcək… Getdikcə, aydınlaşmaq əvəzinə, daha da qəlizləşib düyünlənən bütün bu qarmaqarışıqlığı ayırd eləməyə daha taqəti yox idi. Özünü bir təhər ələ alıb boğazına dolan qəhərəni uddu, yerində qurcalanıb:
– Olsun ki, bu, adi yorğunluqdu. - dedi və üzünü gizləməkdən ötrü, ayağının yaxınlığında yerə qoyduğu çantasının içində eşələndi, ordan çıxardığı qəlyanını Generala göstərib – Burda çəkmək olar? – dedi.
– Buyurun, çəkin. Cavanlıqda mən də çəkirdim. Amma sonradan tərgitdim. – General deyib jurnal mizinin üstündəki külqabıya işarə elədi, sonra geriyə söykənib yerini rahatladı. - Hədsiz yatmağım, razıyam, olsun ki, yorğunluqdu, amma hər gecə eyni bir yerdə olmağım… bunu nə ilə izah edərsiz?..
Professor qəlyanını tüstülədib:
- Harda olursuz axı?.. – dedi.
- Məqbərəyəbənzər bir yerdə…
«Məqbərə» sözündən professorun ürəyi bir qədər yerinə gəldi, qəlyanının külünü külqabıya çırpıb:
– Qəribədi. – dedi.
General bayaqkı kimi, qıçını qıçının üstə aşırmışdı. Gözlərindəki bayaqkı mülayim ifadədən əlamət qalmamışdı.
– Dediyiniz o Məqbərəyəbənzər bir yerdə olmusuz nə vaxtsa?.. – professor dedi və həmin dəqiqə də cavab gözləmədən – Bu sayaq hallar adətən, uzunmüddətli stresslərdən, yaxud fasiləsiz, gərgin iş rejimindən sonra yaranır. İstənilən halda sinirlərinizin vəziyyəti müayinə olunmalıdır.
Professorun bu sözündən sonra Generalın üzündə xoşagəlməz bir rəng dolandı.
– Bəs əgər bu hal stressiz və gərginliksiz yaranıbsa, onda necə?..
– Onda… – professor, Generalın gözlərindən bir qədər uzaqlaşmaq üçün divanın kürəkliyinə söykəndi. – Əgər elədisə, onda bu vəziyyətin səbəbi sizin şüuraltı yaddaşınızda axtarılmalıdı. Olsun ki, gizli yaddaşın hansı nöqtəsindəsə oyanışın baş verməsiylə əlaqədar ola bilər. Bəzən hansısa təsadüfi söz, ötəri qoxu belə, şüuraltı yaddaşı oyada bilir.
– Məsələn…
– Məsələn?!.. Məsələn, nə vaxtsa, uzaq uşaqlıq illəri keçirdiyiniz hansısa ağrı, illər ötdükcə, korşalıb yaddan çıxırsa da, şüuraltı yaddaşınıza köçürülməmiş qalmır. Bir müddətdən sonra isə hansısa qoxunun, yaxud musiqinin köməyi ilə yenidən oyana bilir. Nə vaxtsa keçirdiyiniz həmin o ağrı… sözsüz ki, söhbət ruhi ağrıdan gedir, real halda mövcud deyil, lakin hər hansı asossativ məqam, üstü, illər və xatirlərlə qaysaqlanmış o ağrını, sizdə bir də yaşada bilir...
Professoru dinlədikcə, Generalın gözləri harasa kənara çəkilmişdi, elə bil eşitdiklərini əyani surətdə həmin o «kənarda» seyr edirdi… Sonra nə oldusa, professor, qəfildən gözlərinin içinə boz, iti iynələrlə sancılan baxışlarından, cərəyan vurmuş kimi diksinib titrətdi.
…General, əcyayib nəyəsə baxan kimi, ona baxırdı… susduqja, gözlərinin dərinliyi elə bil get-gedə qaralırdı… Sonra nə oldusa, gözlərini professorun üzündən yığıb harasa, beyninin kökünə aparan ağrılı nöqtəsinə zillədi və professor, oturduğu yerdəcə, içi ləvazimatlar dolu ağır, nimdaş çantasıyla bir, metal qırığı, maqnitə dartılan tək, necəsə sürüşüb Generalın boz gözlərinə dirəndi... İçi uğultulu, qaramtıl küləkli bomboz uçurumu andıran bu dibsiz, sümürücü boşluğa düşüb bir müddət çəkisiz natarazlıqda asıla-asıla qaldı…
– Bu barədə heç kim bilməsin, heç kim!.. Bura gəldiyini, burda olduğunu, mənim dediklərimi və deyəcəklərimi… Demə… yoxsa… Yoxsa, özünü ölmüş bil…
Pofessor keyimiş dilini ağzının içində zorla hərlətdi:
- Söz ve… ri… rə…
…General bayaqkı kimi, ayağı ayağı üstündə otura-otura, sakit gözlərlə ona baxırdı:
– Bu barədə mən çox fikirləşmişəm, professor. Yəni siz deyəni. Mən bir çox ölkələrdə, böyük şahların, sultanların məqbərələrində olmuşam. Amma bura, tamam ayrı bir yerdi. Bu, hardasa buralıqlarda olan dağətəyi ərazidi. Mən o yerləri qoxusundan tanıyıram. Bir də tutaq ki, lap mən nə vaxtsa həmin o Məqbərədə olmuşam. İndi demək, ömrümün axırınacan onun içində vurnuxa-vurnuxa qalmalıyam?.. Bunun bir səbəbi olmalıdı, ya yox? - General özü-özünü hövsələdən çıxarırdı. – Son bir neçə günü isə… səfeh bir fikir məni rahat buraxmır. Mənə elə gəlir ki, mən… – General bu yerdə susub elə bil ardını deməyə ürək eləmədi. Elə bil bu barədə danışmaqdan əziyyət çəkirdi.
– Siz mənə yuxunuzu danışın. Mən, onların məzmununu bilməliyəm.
General professorun bu sözündən elə bil narahit oldu, ayağa qalxıb ehmal addımlarla o biri otağa keçdi və çox keçmədi ki, ordan, bir əlində, içi qəhvəyi rəngli içki dolu balaca, büllur qrafin, o biri ovcunda bir cüt gümüş qədəh geriyə qayıtdı, kreslosuna əyləşib, gətirdiklərini qarşısındakı alçaq mizin üstünə düzdü, qrafinin qapağını açıb içkini qədəhlərə süzə-süzə:
– Viski necə, içə bilirsiz?.. – dedi və cavab gözləmədən, qədəhin birini professora uzatdı.
Professor qədəhi dodaqlarına yaxınlaşdırıb iylədi, canını dişinə tutub zorla iki qurtum içdi.
– Qəribədi. Yuxularım heç vaxt yadımda qalmazdı. Amma indi qalır. Mən demək olar, hər gecə orda oluram. Gah hansısa adamların arasında, gah tək… Məsələ bunda da deyil, professor. Məni qorxudan, gecə-gündüz gözlərimi acışdıran anlaşılmaz yuxusuz vəziyyətlərimdi. Bu xəstəhal yuxu asılılığı, məni işləməyə qoymur. Mən artıq iclaslarda da yatıram. – bu yerdə Generalın gözlərinin dərinliyində çıxılmazlığı andıran qəribə ifadəsi dolandı. - Bir sözlə, bu yuxular mənim axırıma çıxacaq, bilirəm. Bu, elə belə deyil. Məni o Məqbərəyə elə belə salmırlar, bunu dəqiq bilirəm. – General deyib susdu, sulu gözlərini yenə harasa kənara zillədi.
Burda axır ki, nə iləsə onun yuxuları arasında qəribə bir uyarlıq yaranırdı… - professor bığlarının ucunu eşə-eşə fikirləşdi – Bu sirli iqamətgaha gəlib çıxmağının səbəbi də aydın oldu. Onunla və akademiklə baş verənlər, Generalın da başına gəlmişdi. O ərazilərdə olsun ki, General rütbəsi heç bir şey həll etmirdi. Ya həll edirdi?.. Akademiklə ondan fərqli olaraq, Generalı tələyə salan ayrı-ayrı ərazilər idi…
Çöldəki fırtına sulu qar dənəciklərini pəncərələrin şüşəsinə çırpırdı.
– Siz mənə çox şeyi danışmalısız, cənab general. - professor dedi və nədənsə yenə gözünün qabağına səhiyyə nazirinin qaramtıl üzü gəldi.
– Nəyi danışmalıyam?.. – General qollarını qoltuğuna vurub geriyə söykənmişdi, ona doğma baxışlarla baxırdı.
– Mən sizə bir halda kömək edə bilərəm. Siz mən deyənlərə əməl etsəniz.
– Mən neyləməliyəm?..
– Mənə hər şeyi danışmalısız.
– Məsələn nəyi?.. Kimin barədə nə fikirləşirəm, nə barədə, hansı qərar qəbul eləmək istəyirəm və niyə, hə?.. Siz bunları bilmək istəyirsiz?..
– Yox. Mənə, sizin şəxsi həyatınız, ən əsası, qəlb həyatınızın incəliklərini bilmək vacibdi.
– Mən bu barədə danışmaq istəmirəm. – General deyib qəfildən bozaran qorxunc gözlərini yenə professorun gözlərinə zillədi.
Generalın bu qəfil baxışından professorun ürəyi sıxıldı. Əlindəki boş qədəhi mizin üstünə qoyub əllərini niyəsə ciblərinə saldı. Elə isə, bircə yol qalır… – professor fikirləşdi – bu anlaşılmaz yöndəmsizlikdən bir təhər sivişib çıxmaq… və Generalın növbəti «hücumundan» qorunmaqdan ötrü, harasa kənara baxa-baxa:
- Əks halda, mən acizəm. – dedi. Sonra kreslosunun hündür söykənəcəyindən onu amiranə sükutla müşahidə edən Generala baxıb – İcazənizlə, mən gedim… - dedi və ayağa qalxdı.
General dinmirdi. Bilmək olmurdu, getməyinə razıdı, ya yox. Bunu professor bir neçə an ayaq üstə dayandığı yöndəmsiz vəziyyətdə götür-qoy elədisə də, dəqiq bir qərara gələ bilmədi. Divanın dirsəkliyində yatan paltosunu əlinə alıb ehmalca geyindi, şlyapasını başına qoyub çantasının qulpundan yapışdı:
– Sağ olun, cənab General. – deyib, cavab gözləmədən, qapıya sarı addımladı, dəhlizə çıxıb bir neçə addım atmışdı ki, arxadan Generalın amiranə səsi eşidildi.
– Professor!..

* * *


…Mətbəxdən yenə telefonun uzun-uzadı zəngləri eşidilirdi...
…Professor yuxudan oyanıb başını qaldırmaq istədisə də, boynunu tərpədə bilmədi. Başının içini ağır qənbərlə doldurmuşdular elə bil…
Yerində uzana-uzana, bir müddət dəhlizdən eşidilən telefon zənglərinə qulaq asdı. Telefon bir müddət də cingildəyib axır ki, susdu.
Bütün gecəni ağzı açıq qaldığından, ya nədənsə quruyan dilini ağzının içiylə gəzdirə-gəzdirə, dünənki iqamətgahın küləkli həyətində vurnuxmağını xatırladı… Sonra adəti üzrə, bu gecə yuxuda gördüklərini yadına salmağa çalışdısa da, yadına, yuxunun əvəzinə, otağın hansı küncündəsə üzünə zillənən bir cüt boz göz düşdü… – Azad olmaq istəyirəm… – General hardansa yaxınlıqdan, astaca deyib incik üzünü kimdənsə inciyən tək, kənara çevirdi...
Həyətdən zibil maşınının səsi gəlirdi... Çox keçmədi ki, üfunətli çürüntü iyi professorun yataq otağına doldu və professor həyətin sulu zibil çürüntüsündən paslanıb cırılmış zibil çənlərinin zibil maşınının yük yerinə boşaldılmasını, necəsə, yerində uzana-uzana gördü. Aşağıda kimsə:
– Dala çək, dala! Dala!.. – deyib çığırdı.
Professor balışın altından, gecələr qulaqlarına basdığı pambıq tıxaclarını çıxarıb qulaqlarının dəliklərinə keçirdi, yorğanı başına çəkib gözlərini yumdu və dünənki axşamı, Generalın çıxılmazlıqlar dolu əsəbi üzünü, boz gözlərinin o biri üzünə keçə bilmədiyi uğursuz seansları xatırladı…
Ayağa qalxıb dəhlizdəki divar şkafının yuxarı rəfinə dırmaşmaq, orda bir neçə ay bundan əvvəl yeşiklərə yığıb gizlətdiyi qədim əlyazmaların arasından, şüuraltı yaddaşın oyanışına dair olan bütün materialları tapıb çıxarmaq lazım idi. – professor fikirləşdi. Dünənki seansın alınmamasının səbəbi - Generalın yorğun gözlərinin hansısa sirli mühafizə qatıyla örtülü olmasıydı. Bunu professor, yalnız dünənki seansın axırına yaxın, onun hipnotik üsullarına heç cür tabe olmayan Generalın sayıq əhvalından anlamışdı. Ya bəlkə nə isə ayrı bir səbəb vardı?.. – professor ürəyi sıxıla-sıxıla fikirləşdi. Bəlkə onu bu sirli gözlərin o biri üzünə buraxmayan, hansısa ayrı qüvvə idi?!.. Sonra bir müddət də yerinin içində vurnuxa-vurnuxa, hər şeyi bir də yenidən xatırlamağa, sakit, yeknəsəq həyatının son bir neçə həftəsi ərzində baş verənlərin ağlasığmaz, fantastik sıçrayışlarla getdikcə, harasa daha qəliz anlaşılmazlıqlara yönəlməyinin səbəblərini arayıb araşdırmağa çalışdısa da, beyninin, bu barədə düşünmək qabiliyyətinin darısqal məhdudluğunu anladı və bir vaxtlar Quranda, Allahın Məhəmməd peyğəmbərə müraciətlə dediyi: «Səndən ruh barədə soruşsalar əgər, de ki, bu, Onun ÖZ işlərindəndi…» - kəlamını xatırladı.
Qəribəydi ki, bütün bu qatmaqarışıqlıqda həm də, lənət şeytana, qəribə bir qanunauyğunluq, anlaşılmaz bir uyarlıq var idi. Bu vaxtacan elə bilirdi ki, onu yuxuda izləyirlər. İndi isə belə məlum olurdu ki, sən demə, həyatda da təqib edirmişlər. Dünənki görüşdə Generalın, onun barədə hər şeydən – az qala, qarısıyla evlərinin içində apardıqları söhbətlərdən də agah olduğu bilinəndə, professor özünü, üzərində təcrübə əməliyyatı aparılan dovşan kimi hiss etmişdi. Bir-birinə dəyib toxunmadan, anlaşılmaz paralelliklə gedən bu sirli təqibləri bir-birinə bağlayan nə idi?.. – professor, yenə içinə qum tökülmüş kimi acışan gözlərini ova-ova fikirləşdi. Həm də bütün bu hadisələrin içi ilə nə isə tamam ayrı - ay şüası kimi ələgəlməz və namnazik bir proses də gedirdi elə bil… Bu, proses idi, ya parofessorun, heç cür tuta bilmədiyi səs, ya dalğa idi?.. Ya vaxtın hansısa naməlum tərəfi idi?.. Axır nəydisə, professor son bu neçə günü bunu hardasa lap yaxında, bütün mənzərələrin rəngində, adamların gözlərində, səslərində də hiss edirdi. Bu sehrli dumanabənzər nəydisə, həm də elə bil günbəgün, saatbasaat tədricən, aramla ona yaxınlaşmaqdaydı… və ən qəribəsi də o idi ki, o yaxınlaşdıqca, professor qəribə bir arxayınlıq, bütün vücudunu sakitləşdirən izaholunmaz bir rahatlıq hiss eləyirdi…
…Telefon yenə zəng çalmağa başladı və professorun fikirlərini dağıtdı...
Saata baxdı. On birin yarısı idi. Olsun ki, baş həkim idi. Dünənki görüşün marağından bağrı deşilə-deşilə onu axtarırdı. Ayağa qalxıb telefonun həyəcanlı zəngləri altında tələsmədən geyindi, dəhlizə çıxıb, bir müddət əlləri cibində, zəngini hələ də inadla çalan telefonun qarşısında dayandı.
Dəstəyi qaldırsaydı, baş həkimin, mənası özünə də aydın olmayan yöndəmsiz suallarını bir-birinin ardınca yağdırmağı bir olacaqdı. İndi o nə baş həkimə, nə də nazirə heç nə deyə bilməzdi. Bunu professor hələ dünən, Generalla görüşü zamanı anlamışdı. Generalın ona açıqladığı həqiqətləri professor, əlli ilə yaxın müddət ərzində ona açıqlanan neçə-neçə sirlərlə bir özüylə qəbir evinə aparacaqdı.
Bu axşam yenə dünənki «casus-maşın» onu saraya, Generalın hüzuruna aparmaq üçün həyətlərinə gələcəkdi, həmin o gözdəniraq, adamsız yerdə dayanıb səbrlə onu gözləyəcəkdi.
…Telefon bir müddətdən sonra yorulub axır ki, susdu və evə qəribə, lal bir sükut çökdü. Professor mətbəxə keçib orda çaydana su doldura-doldura, dünən bütün axşamı Generalın danışdığı acı xatirələrdən, ömrü boyu ətrafından – doğma və yaxınlarından gördüyü xəyanətlərdən danışdıqca, açıq boz gözlərindən keçən nisgilli-ağrılı dalğaları xatırladı... Bütün o möhtəşəmliyin və əzəmətin, yuxular qarşısındakı acizliyi, bu yenilməz insana, professorda, mənası özünə də aydın olmayan qəribə mərhəmət hissi oyadırdı.
…Telefon yenə aramsız zənglərlə cingildəməyə başladı… Professor, telefona məhəl qoymadan, eyvana çıxıb, ordan taxta nərdivanı sürüyə-sürüyə dəhlizə gətirdi, onu divara söykəyib pillələrini ehtiyatla qalxdı, divar şkafının arxa küncündən, köhnə qəzetlərə büküb gizlədiyi bir neçə əlyazmanı üst-üstə yığıb aşağı düşürdü.
Cilidləri pürşüklənmiş qovluqları yazı stolunun üstünə düzüb stolüstü lampanı yandırdı, kresloya əyləşib qovluqların birini açdı və birinci səhifəni oxudu:
«Həyatımız – əbədi ölümümüzdə qısa fasilədir…»

V FƏSİL


... Professor içəri daxil olanda, yenə ürəyinin sol nöqtəsi sanjdı. Elə bil o nöqtə məhz psixiatra reaksiya verirdi, onu görəndə xəstələnib beləjə şıltaq- şıltaq sızıldayırdı.
Professor, çal bığları, girdə gözlüklü eynəyi, tünd göy mahud şlyapasıyla bu gün ona, gənjlik illərində ləzzətlə baxdığı sovet filmlərində təsvir olunan çar dövrünün zadəgan həkimlərini xatırlatdı...
Üzr istəyirəm, deyəsən... – professor deyib çaşqın halda qapının ağzında dayandı. Elə bil içəri girməyə ürək eləmədi.
- Buyurun, əzizim. Sizi görməyimə şadam. – deyib professora, dünən divanda oturduğu həmin yeri göstərdi.
Professorun fikri yenə dağınıq idi... elə bil indilərdə əlindən nəyisə salıb itirmişdi. İçəri keçib paltosunu soyunmadan huşsuz hərəkətlərlə çantasının içində eşələnməyə başladı.
- Gözləmirdim ki, bu tezliklə nəsə eləmək mümkün olajaq. – dedisə də, professor onu eşitmədi, dağınıq hərəkətlərlə dəri çantasının içindən, bir- birinə mane olan müxtəlif ölçülü kağız bağlamaları çıxara- çıxara mizin üstünə düzdü.
- Siz orda neyləyirsiz?..
Professorun zahirində də, çaşqınlıq dolu hərəkətlərində də ona tanış və doğma olan nə isə var idi. Elə bil bu səbrsiz, çalsaç adamla nə vaxtsa, hardasa həyatının hansısa ağrılı anlarını yaşamışdı... Ya bəlkə professora ona, dünənki kimi qoruyub saxladığı ən gizli sirrlərini etibar etdiyindən, belə doğmalaşmışdı?.. Qəribəydi ki, dünən professoru, iqamətgahının az qala göyə sovrulan həyəti ilə evlərinə yola salandan sonra da, ürək qızdırıb olub- keçəni ona danışdığına görə, zərrə qədər olsun, peşmançılıq çəkməmişdi. Bütün gejəni də rahat yatmışdı. Bu səhər isə, dünənki “alınmayan”seanslarıyla əslində onu hipniza saldığını və bütün “lazımi məlumatları” əldə etdiyini anlamışdı. Elə olmasaydı, o, özünə yaraşmayan o miskin sadəlövhlüklə bütün həyatını, olub keçən ən gizli hadisələri və hisslərini, əsgər zabitə hesabat verən tək, bütün axşamı ona danışmazdı.
- Demək, deyirsiz, yuxu – insanın azad ola bildiyi yeganə vəziyyətdi...
- Bəli, bəli, elədi ki, var... – professor indi də dizlərinin üstünə yığdığı kağızları bir- birindən ayıra- ayıra jandərdi dedi.
- Əslinə qalsa, professor dünən də, burda onunla üzbəüz oturub onun kövrək səmimiyyətlə danışdıqlarına qulaq asanda da bu vəziyyətdəydi. Özü burda – onun hüzurunda ola- ola, elə bil həm də hardasa uzaqlarda – şəhərin ən uja yüksəkliyində bitən bu iqamətgahdan görünməyən hansısa ayrı ərazilərdəydi...özüylə gətirib gəldiyi kağızların arasında tələsik hərəkətlərlə eşələnə - eşələnə,elə bil tezjə sivişib buralardan qurtulmaq istəyirdi.
Bir qədərdən sonra deyəsən professor axır ki, istədiyinə çatdı. Kağız bükülüləri müxtəlif həjmlərə bölünmüş hissələrlə mizin üstündə yanaşı dayanmışdılar. Professor da nəhayət ki, paltosunu soyunmaq qərarına gəlmişdi.
- Dünənki söhbətlərimizdən belə başa düşdüm ki, sən demə, özüm haqqında heç nə bilmirəmmiş.
- Əslinə qalanda, heç birimiz özümüz barədə heç nə bilmirik. – professor paltosunu soyuna- soyuna dedi və yenə mizin üstünədəki vərəqlərə qayıtdı. – Dünən özünüz də gördünüz ki, sizi hipnoza salmaq mümkün olmadı. Şüuraltı yaddaşınız möhkəm qorunur. Ora müdaxilə etmək olmur. Yol yoxdur... Ən təsirli hipnoz əməliyyatları belə, o yola qoşulmağa imkan yaratmır. Mümkün deyil... – professor deyib çiyinlərini çəkdi, sonra qəfildən rahat bir təbəssümlə gülümsədi. – Açığını deyim ki, bu, mənim qırx beş illik praktikamda rast gədliyim ilk hadisədi. Mənim özüm üçün də bu çox maraqlıdır.
... Hipnoz alınmışdı... – General, ürəyindən qara qanlar axa- axa fikirləşdi - ...professor yalan deyirdi. Olsun ki, professor onu düz hesablaya bilməmişdi. Onu – yaddaşlarında, qəlblərində, paltar şkafının siyirmələrində eşələnən tək eşələndiyi yüzlərlə xəstələriylə qarışıq salmışdı...
- Danışdıqlarınızda da, sizə deyim ki, elə bir əsaslı səbəbə rast gəlmədim. Məni, əslində ən çox narahat edən, sizin, insanlara olan o anlaşılmaz inamsızlığınızdı. Olsun ki... - professor bu yerdə susub fikrə getdi, sonra niyəsə ayaqlarına söykədiyi çantasının içinə baxdı. - ...insanlara qarşı bu yadlığınızın, nə isə, çox ciddi səbəbləri var. Bu səbəblərin özəyi sizin özünüzə də qaranlıqdı. İlk əvvəl bu aydınlaşmalıdı...
Hələ ötən həftədən stolunun üstünə qoyulan məlumatlara görə, professorun, şəhərin mərkəzindən kənar məhəllələrindən birində, nimdaş avadanlıqlı, təmirsiz evdə, qarısının ölümündən sonra tək yaşadığından xəbərdar idi. Onun, nə işlədiyi klinikada, nə ondan kənarda kiminləsə əlaqə saxlamadığını, heç bir elmi əsər üzərində işləmədiyini, yalnız praktiki müalicə ilə məşğul olduğunu yaxşı bilirdi. Eləydisə, professorun, onun hüzurundan sivişib yetişməyə tələsdiyi yer hara idi?.. – professoru dinləyə-dinləyə fikirləşdi.
- ...O ki, qaldı Məqbərəyə... burda müəyyən qədər nə isə başa düşülür... - professor deyib, ondan bir qarış kənara - elə bil hansısa uzaqlarda qaralan möhtəşəm Məqbərəyə baxdı. - O Məqbərəni, mən belə başa düşdüm ki, siz özünüz tikdirirsiz. Yəni yuxularınızda...
- Belə çıxır. Amma, mənim, heç bir Məqbərə tikdirmək arzum yoxdu və olmayıb. – dedi və həmin dəqiqə də, yuxularında gördüyü Məqbərəyə, nə vaxtsa, necəsə isinişdiyini anladı.
- İndi bunun bir o qədər də əhəmiyyəti yoxdu. Bunu dünən də danışdıq. Bizim şüuraltımızda baş verənlərdən, çox vaxt özümüz xəbərsiz oluruq. - professor eynəyini düzəldib gözlərini qıya-qıya, elə bil fikirlərində sahman yaratmağa çalışdı. - Dünən mən bu barədə çox fikirləşdim. Sizə sirayət eləməyin mümkünsüzlüyü barədə. Dünən bunun səbəbi mənə məlum deyildi...
- Demək, araşdırmalarınız bir şeyi sübut edir ki, mən – xortdanam. - General deyib sınayıcı gözlərlə professorun gözünün içinə baxdı.
Professor əvvəl onun nə dediyini elə bil anlamadı, sonra fikrini toplayıb:
- Siz məni anlamadınız... - dedi.
- Sözün qısası: vəziyyət - əlacsızdı.
- Mən, elə demədim. - professor deyib özünü divanın söykənəcəyinə yıxdı. – Bu dəfə biz ayrı cür işləyəcəyik. – dedi və çantasının içindən, dəstəyi üst-üstə çirkli tənziflə sarınmış, ucuəyri, qaramtıl bıçağı və bir neçə sarımtıl səhifəni çıxarıb dizlərinin üstünə qoydu.
- Bu bıçaq misdəndi. - dedi - Bunu siz hər iki əlinizlə, ovuclarnızda saxlamalısız.
…Bıçağı əlinə alanda, bədənindən, soyuq cərəyanabənzər nə isə ötüb keçdi elə bil... barmağını ağzına toxundurub itiliyini yoxladı. Bıçaq, küt və ilıq idi... işlənməkdən, ya köhnəldiyindən, misi qaralmış, dəstəyi yeyilmişdi...
- Bu, lap casus bıçağına oxşayır. – bıçağı əlinin içində oynada-oynada dedi.
- Gözünüzü yumun və mənə qulaq asın. - professor yenə elə bil harasa tələsirdi. – İlkin şərt – sizin daxilən rahat olmağınızdı.
...Gözlərini yumub dünənki kimi rahatlanmağa çalışdısa da, içini gərən narahatlığı sovuşmadı. Bütün bu seanslardan sonra, bu tədbirli, uzaqgörən qocanın, həyatı boyu doğmalarına belə açmadığı sirlərini öyrənib özüylə harasa kənarlara - dörd bir yanı adamla dolu açıqlıqlara aparacağını bilə-bilə, hansı rahatlıqdan danışmaq olardı?..
- Hər şeyi unudun... – professor, öz səsinə oxşamayan, ayrı səslə dedi. - Heç nəyi xatırlamırsız... Sizi heç nə narahat etmir... tam sakitsiz... ovuclarınız istidi... tam rahatsız...
Professor dünən də eynilə bu sözləri deyirdi... – bıçağı ovuclarının içində bərk-bərk sıxa-sıxa fikirləşdi. - onun da, eynilə dünənki kimi, yuxusu gəlmirdi...
- ...Ayaqlarınızın altı yumşalır, dabanlarınız ilıqdır…
Bıçağın tiyəsinin itiliyini, indi də ovuclarında yoxladı. Bıçaq, sən demə, bir o qədər də küt deyildi. Ən azı, onunla çörəyi kəsmək olardı… Sonra elə bil o çörəyi kəsdi də… bıçağın əyri ucunun, yaxşı bişməkdən qupquru qabarcıqlar bağlamış ətirli, qara çörəyin içinə salıb dilim-dilim doğradı… və professorun həzin səslə, qulaqyoran ahənglə dediyi sözlərdən, ya nədənsə qollarının süstləşdiyini hiss etdi... Sonra dabanları isindi, ovuclarının içində, getdikcə ağırlaşan mis bıçağın da, insan temperaturunu xatırladan, qəribə, diri bir istiliklə isinməyə başladığını hiss etdi...
- ...ətraf sakitlikdi... boşluqdu... bizi heç nə narahat etmir... – professorun səsi getdikcə uzaqlaşırdı...
Gözlərini açmaq, professorun ha yana, hansı tərəfə çəkildiyinə baxmaq istədisə də, göz qapaqlarını qalıdra bilmədi… eşitdiyi son sözlərin, hansısa yad dildə, qəribə, qorxunc fışıltılarla dolu, əcayib səslərlə böyüdüyünü hiss elədi… və doğma, darısqal cığırların, nazik şırımlı arxların, kövrək, taxta körpülərin üstündən ötə-ötə, nə vaxtsa çoxdannan görmədiyi tanış mənzərələri - doğulub böyüdüyü kəndlərini... tez-tez cığallıq edib döyüşdüyü kənd uşaqlarını, tənəffüslərdə məktəbin arxa həyətində qoyun qırxan, dazbaş coğrafiya müəllimini gördü... Bir az kənarda, belində dama-dama yun şal, örüşə aparan bostanlıqda çöməlib işləyən cavan anasını gördü… Anası yenə hamilə idi... sonra, elə ordaca yenicə doğulan körpənin səsini eşitdi… körpəni qucağına sıxa-sıxa, ona sarı yeriyən nənəsini gördü... Nənəsi, ona çatıb qucağındakı bələyi göstərə-gəstərə, tənbəkidən qaralan dodaqlarnı, fıştırıq çalan kimi, qabağa uzada-uzada xırıltılı səsiylə:
- Sən bunnardan döyilsən, bala!.. - dedi. - Sən ayrı ulduz altında gəlmisən dünyaya. Ən böyük, ən işıqlı ulduzun altında!.. O ulduz buralardan görünmür, bala!.. Amma onu sən mütləq görməlisən, bala!.. Yoxsa, kim olduğunu bilməyəcəksən… Vallah bilməyəcəksən…

***



...Ayaqlarını altı gizildəyirdi... yandırırdı... Əlini ayağının altına atmaq istədi... Qolu da gizildəyirdi...
- Çıraqları yandırın! Yandırın çıraqları!.. - dedisə də, səsini eşidən olmadı. Səsi, hovuzun çeşməsindən xırda ləpələrlə axıb tökülən suyun səsinə qarışdı...
... Məqbərənin içi boğanaq idi... həm də isti idi...
Arxada dayananların isti nəfəsindən idi, nəydisə, havası çatmırdı... Arxadakılar da elə bil qızdırmışdılar... Arxadan ona sarı isti nəmişlik axırdı elə bil... Yoxsa, bu qəfil boğulma tutması, son həftələrin əsəb gərginliyinin bəhrəsi idi?.. Yenə bədəni, əyləci sıradan çıxmış mühərrik kimi, canının istisini içinə yığmağa başlamışdı...
...Çıraqları axır ki, yandırdılar… Məqbərənin divarları, içərinin istisindən tərləyib damla-damla su axıdırdı... Yoxsa yağış yağırdı?..
- Açın pəncərələri. - dedi, sonra qəfildən bərkdən – Pəncərələri açın!.. – deyib bağırdı.
- Rütubət özüldən gəlir, əla həzrətləri... - kimsə lap böyründə, astadan dedi.
...Qəsdən bu yeri seçmişdilər… - zəqqutun tamlı acı qəzəb içini oya-oya fikirləşdi - Qəsdən məhz buranı seçmişdilər ki, zəlzələ də sökə bilməsə, nəmişlik söksün. Söküb çökdürsün... yerlə yeksan eləsin... Nəmişlik daşların canına yerimişdi, divarların içini oya-oya, gün şüuları buz sarayı əridən kimi, Məqbərəni əridirdi… əridirdi ki, onunla bir Yer üzündən itirsin...
- Buranı seçəndə başınız hardaydı?.. - Məqbərənin nəm divarları, o danışdıqca, səsini canına çəkib suya çevirirdi, damla-damla sızdırıb sakitcə ha yanasa axıdırdı. Səsi də itirdi burda...
- Sizinləyəm!..
Arxada dayanlar, səmtini dəyişən sürü kimi, yerlərində tərpəşdilər...
- Mən dedim, sözümü eşidən olmadı. - kimsə arxadan dedi.
Divarların nəmişi, hardansa arxa tərəfdən, sütunların o biri üzündən gəlirdi elə bil… mərmər döşəmənin altıyla, torpağın içiylə sürünə-sürünə, divarların canına yeriyirdi… özülü damla-damla, hissə-hissə yuya-yuya, Məqbərəni pillə-pillə çökdürürdü…
Geriyə qanrılıb arxada dayananların üzlərinə baxdı… İçərinin qaranlığından, heç kimin üzü görünmürdü… Burdan baxanda, hamı bir-birinə oxşayırdı…
...Yadına, iki gün əvvəl, nahar vaxtı - taleyin buyruğuyla içirtdiyi çəhrayı şərbətdən, getdiyi yerdəcə, qapının ağzında, əlində içi qab-qacaq dolu məcməyi, bükülüb qarala-qarala keçinən xidmətçinin, zəhərlənmədən qaralıb kül rəngini alan üzü düşdü...
Bütün bunlar elə belə deyildi... - gözünün ucuyla, hovuzun ətrafında hürkmüş üzlərlə, xain gözlərlə, pusquda duran kimi, dayananlara baxa-baxa fıkirləşdi. Bəlkə də bu dəqiqə, bu an - o, burda - Məqbərənin tikilişinin seyrinə çıxdığı məqam, ölümünə gizli hazırlıq işləri gedir, məkr və intiqam dolu sui-qəsd planları hazırlanır. Odu ki, nəfəsləri belə istidi... Odu ki, qızdırmalıdırlar. Odu ki, divarlar tərləyir... Divarları tərlədən – xainlikdən isinən nəfəslər idi nəfəslər!..
Ürəyi sıxıldı. Ötən həftənin sonu gördüyü yuxusunu xatırladı... Yarıqaranlıq, darısqal dəhliz... qaça-qaça ondan uzaqlaşan atından qalan cilov... dəhlizin qurtaracağında iniltisini eşidib köməyinə qaçdığı, çatanda, cansız olduğunu gördüyü ölü uşaq...
...Üzbəüz sütunun arxasında kimsə vardı... Ya ona elə gəlirdi?.. Sonra hardansa uzaqdan, aramla Məqbərəyə yaxınlaşan ilxının səsi eşidilməyə başladı... Ürəyi, qəfil zədə almış kimi, soyuq giziltiylə göynədi...
Bu, ilxı deyildi… Atlı qoşunun səsi idi...
- Bu nə səsdi belə?.. - səsi də zədəli idi...
- Nə səs, əla həzrətləri?..
Nəfəsini saxlayıb, sakitliyə qulaq asdı... Hə, özüdü ki, var… atlı qoşunun səsi idi… Aramla məqbərəyə yaxınlaşırdılar...
Ürəyi əsəbi-əsəbi döyündü:
- Guya eşitmirsiniz?
- Xeyr, heç bir şey eşitmirik... - hamının rəngi saralmışdı. Ya gözünə belə görünürdü?!..
...Sonra o qoşunu, elə bil gördü də... Dayandığı yerdə, Məqbərənin səskeçirməz divarların arasından… elə bil qulaqlarıyla gördü...
...Ucubiz dəbilqələri, gümüşü nizələri, pul-pul döyüş libaslarıyla, nəhəng, dəmir dalğanı andıran atlı qoşun vahiməli toz dumanının içiylə Məqbərəyə yaxınlaşırdı...
- Demək heç nə eşitmirsiniz... - deyib ayağa qalxdı.
- Xeyr, zati-aliləri, heç nə eşitmirik. - hamı bir ağızdan mələşdi.
- Bəs onda niyə belə saralmısız?..
...Bu sözdən sonra nə oldusa, hamı, əmr almış kimi, geriyə çəkildi və üzbəüz sütunun arxasından sıçrayan iki nəfər üzü niqablı, əlisilahlı əsgər qara quzğun kimi üstünə şığıdı... Əsgərlərdən biri göz qırpımında, qollarını geriyə qarıb onu dizi üstə çökdürdü, o biri - yastı, enli xəncərini boğazına yeritdi...
...Xəncərin itiliyindən bədəni uçundu... boğazının qanı nəfəs yoluna doldu. Sonra o, hansı möcüzəyləsə, o biri sütunun arxasından, sütundan qopan qəlpə kimi, ayrılıb ləng addımlarla üstünə yeriyən Minbaşnın, nifrət və qələbə dolu cavan üzünü gördü... Minbaşı ona yaxınlaşdıqca, həm də elə bil yuxarı qalxırdı, havayla gəlirdi... Yoxsa, o aşağı çökürdü, qanının isladıb sulandırdığı ipək arxalığının dibinə yatırdı?!..
Minbaşı dizi üstə oturub bir müddət ağır-ağır nəfəs ala-ala onun üzünə yaxından baxdı… sonra ehmal hərəkətlərlə, deyəsən əlini əlinə alıb, dövlət möhürlü üzüyünü şəhadət barmağından sivirdi, ovcunda sıxa-sıxa ona bir az da, bu dəfə mərhəmətlə baxdı...
... Minbaşının da üzü tərli idi...
***

- ...Cənab General!.. Cənab General... - professorun dil-dodağı qurumuşdu...


...Generaln nəbzi itmişdi, rəngi avazımış, dırnaqları göyərmişdi...
...Bu, nə demək idi?!.. - professor, vahimədən başının tükləri qabara-qabara fıkirləşdi. Bu, necə ola bilərdi?.. Əlləri titrəyə-titrəyə, Generalın göz qapaqlarını aralayıb bəbəklərinə baxdı. Generalın bəbəkləri tündləşmişdi, gözlərində həyat əlaməti yox idi... Nəfəsi tutula-tutula, köynəyinin düymələrini açıb qulağını sinəsinə dirədi.
Generalın sinəsi, divar kimi quru və səssiz idi...
...Gözü, küncdəki mizin üstündə qaralan nömrəsiz telefon aparatına sataşdı... özünü cəld ora atıb dəstəyi qaldırdı... Telefonun o başından:
- Bəli, cənab General. – səsi eşidildi.
- Mən Veyisovam... Professor Veyisov... - professor hiss elədi ki, dili söz tutmur - ... cənab General...
...Bir dəqiqə keçmədi ki, dəhlizdən tarappıltı səsləri eşidildi və bir neçə əlisilahlı hərbçi hövlənak içəri daxil oldu… professoru kənara itələyib, divara dirədilər, o birilər cəld hərəkətlərlə nəfəssiz Generalın vəziyyətini yoxladılar, sonra ağırlaşmış bədənini ehtiyatla kreslodan qaldırıb yaxındakı divana keçirdilər. Dəhlizdə kiminsə telefonla:
- … Nəfəsi eşidilmir… - deməyi eşidildi və çox keçmədi ki, otağa, əlləri kardioloji cihazlarla, çantalar və qutularla dolu həkim briqadaları doluşdu... ağarmış bənizlərlə Generalın nəbzini, bəbəklərini yoxlamağa, ürəyi süni hərəkətə gətirən cihazları tələsik hərəkətlərlə quraşdırmağa başladılar.
Generalın şəxsi mühafızəçiləri də burda idi. Onlardan biri, professora yaxınlaşıb üzbəüz dayandı, qəfıldən əl atıb professorun üzünü, kağızı əzən kimi, eynəyiqarışıq əzdi... eynəyin qırıq şüşəsi professorun qaşını kəsdi... Burnunun əzildiyindən idi, ya mühafızəçinin əlindən gələn dərman iyindən idi, nəydisə, professor damağında qəribə, kimyəvi dad hiss elədi...
Mühafizəçini ondan araladılar...
Sonra otağa, dörd nəfər eyni biçimli, mülkü geyimli adam daxil oldu. Onlar da bir müddət cansız Generalın başı üstündə dayandılar, sonra kənara çəkilib mühafızəçilərlə astadan danışa-danışa professora baxdılar. Bir qədər keçmiş, onlardan biri professora yaxınlaşıb qəribə, süni iztehzayla:
- Buyuracaqsınız, cənab İbn-Sina... – dedi və ona qapını göstərdi.

* * *


Maşın kimsəsiz, qaranlıq küçələrdən ötdükcə, təkərləri yolların çala-çuxuruna düşüb içindəkiləri çalxaladıqca, professorun qaşının qanı daha şiddətlə axıırdı.
- Olsun ki, damara düşüb. - qabaq oturacaqda oturan mülkü geyimlilərdən biri, deyəsən qrupun başçısı maşının qabaq güzgüsündən geriyə baxa-baxa dedi.
Bayaqkı mənzərə... Generalın qəfildən zərbə almış kimi ağrılı iniltiylə inildəyib susması, özünü boğan tək, hər iki əliylə boğazından yapışıb cansız hərəkətlə kreslonun dirsəkliyinə sürüşməsi gözünün qabağına gəldikcə, ürəyi bulanırdı… içində, qaranlıq dumanabənzər nəyinsə vahiməli-vahiməli dolandığını hiss edirdi... Bütün bunlar nə demək idi?.. - professor özünü toplayıb dünən bütün gecəni yeni növ seansın tətbiqinə dair çardaqdan tapıb çıxardığı qədim əlyazmada oxuduqlarını… bu əlyazmanı hardan, nə vaxt əldə etiyini yalına salmağa çalışdı və xatırladı... Bu əlyazmanı ona, uzun müddət Tibetdə işləyib, sonradan Rusiyanın hansısa əyalət şəhərinə köçmüş, bir neçə ay bundan əvvəl isə, dünyasını dəyişmiş köhnə bir həmkarı – bu sahə üzrə yazdığı elmi əsərləri artıq Rusiyanın bir çox şəhərlərində məşhurlaşmış rus alimi bağışlamışdı...
...Əlyazmanın saralmış səhifələri, cadu və dua mətnlərinin oxunuş qaydaları, paralel zaman ölçülərinə keçmə üsulları, əlaqə cədvəlləri, energetik qütblərin bölünmə əmsalları bir anın içində gözünün qarşısından ötüb keçdi...
- Alın, yaranıza qoyun... – qrupun başçısı arxaya xırda tənzif bükülüsü ötürdü.
Eynəksiz idi deyə, ona ötürülənin nə olduğunu seçə bilmədi. Əlini cibinə salıb burun yaylığını çıxartmaq istəyəndə çantasının və əlyazmaların Generalın otağında qaldığını xatırladı...
- Mənim çantam...
Başçı geriyə çönüb həmin quru iztehzayla:
- Nə dediniz, professor?.. - dedi.
- Çantam orda qaldı.
- Narahat olmayın, professor, çantanıza heç nə olmayacaq... - sol böyründə oturan o biri mülkü geyimli dedi və professor, böyründə oturan adamın onu çiynindən qucağladığını yalnız indi hiss etdi.
«Çantanıza heç nə olmayacaq, sizə isə olacaq.» – professor böyründə oturanın demək istədiyini özü, ürəyində dedi.
Əlbəttə ki, onu evə aparmırdılar. Məlum məsələydi ki, evə aparmırdılar. Generalı öldürən adamı hansı məntiqlə evə apara bilərdilər?!.. Onu...
Bu yerdə professorun bədəni, cərəyan vurmuş kimi titrədi...
...Maşın, professorun uzaq gənclik illərindən yaxşı tanıdığı, içində baş verənlərdən uzaqdan-uzağa xəbərdar olduğu, yeddi mərtəbəli, möhtəşəm binanın həyətinə buruldu, həyəti dövrə vurub arxa qapılarından birinin qarşısında dayandı.
Səhərlər klinikaya gedərkən, hər gün qarşısından ötüb keçməli olduğu bu nəhəng binanın, işıqlarının yanıb-yanmadığı bilinməyən bozumtul pəncərələrinə baxdıqca, burda, bu cansız binada adam adında bir kəsin olub-olmadığı barədə fikirləşdiyini xatırladı. İndi hər şeyi əyani surətdə, öz gözləriylə görəcəkdi.
...Professoru maşından düşürüb içəri ötürdülər, bozumtul divarlı vestibüllə müşayiət edib, elektrik yanığı iyi verən darısqal liftə mindirdilər. Liftin düymələrinin üstündə, ya yanında mərtəbələrin nömrələrini göstərən rəqəmlər yox idi. Qrupun başçısı liftə hamıdan axırda daxil oldu, professorla üzbəüz dayanıb, nömrəsiz düymələrdən birini basdı və lift, professorun gözlədiyi kimi, yuxarı yox, harasa aşağı getdi... Alt mərtəbələrdən birində, liftin qarşısı ağzında professoru iki nəfər əlisilahlı əsgər gözləyirdi, onu mülkü geyimlilərdən təhvil alıb yarıqaranlıq dəhlizlərlə binanın yarıqaranlıq dərinliklərinə apardılar.
Binanın alt qatı, üst qatından xeyli böyük və əzəmətli idi. Yeddi mərtəbəli üst hissəsi, ayzberq quruluşuyla, onun çoxmərtəbəli və çoxhücrəli alt hissəsinin bir növ başlanğıcı idi... - professor əsgərlərin arasıyla yeriyə - yeriyə fikirləşdi.
Əsgərlər dəhliz boyu sıralanmış alçaq qapılardan birinin qabağında dayandılar, qədim qala qapılarının açarlarını xatırladan iri, qara açarlarla qapını açıb professoru içəri ötürdülər, qapını arxadan kilidləyib yorğun addımlarla elə bil yenə aşağı düşdülər. Ya bəlkə yuxarı qalxdılar?.. Axır ki, bir müddət, hardansa aşağı mərtəbələrdən əsgərlərin, getdikcə uzaqlaşan ayaq səsləri eşidildi və kəsildi...
Bura, alçaq tavanlı, darısqal bir yer idi. Üstünə boz adyal çəkilmiş dəmir çarpayıdan, aşağı küncdə yerə qoyulmuş qazana oxşar köhnə dəmir qabdan savayı heç nə yox idi.
Otağın ortasına yeriyib özünü çarpayıya saldı. Dizləri əsirdi... Olsun ki, aclıqdan idi… həm də gərginlikdən. Özünü dikəldib toparlanmağa çalışdısa da, dizlərinin, qollarının tanış süstlüyündən, dərmansız keçinə bilməyəcəyini anladı. Gərək bayaq, ona tənzif bükülüsü ötürən başçıya deyəydi. - ayağa qalxıb qapıya sarı yeriyə-yeriyə fikirləşdi, orda divara söykənib qapını yumruğuyla zəif-zəif döyəclədi. – Gərək başa salaydı onu ki, dərmansız keçinə bilmir. Xəstədi.
Ürək döyüntüləri getdikcə zəifləyirdi. Nəfəsi arada bir ciyərlərində ləngiyib gözlərini qaraltdı...
...Yenə bayaqkı mənzərə - ovuclarındakı mis bıçağı, iki yerə bölən tək, sıxıb saxlayan Generalın cansızlaşması, başının sinəsinə asılıb son xırıltılarla xırıldaması gözünün qabağına gəldi...
Seansa başlamazdan, yadına gəlir, cib saatında vaxtı dəqiqləşdirmişdi. Ölüm - düz yeddi dəqiqədən sonra baş vermişdi… General, boğulurmuş kimi, əllərini xirtdəyinə atmış, başı kəsilmiş kimi, xırıldamağa başlamışdı...
...Bu nə demək idi axı?.. - yenə hiss elədi ki, bədəni boyu bütün qanı dondu... Bu, olsun ki, fiziki ölüm deyildi. Olsun ki, Generalın şüuraltı yaddaşında nə isə baş vermişdi... Amma nə?.. Onu ordan – yaddaşının hansı döngəsindəsə düşdüyü o ölüm uçurumundan çıxarmaq olardımı?.. Bütün bunları indi o, kimə və necə başa salaydı?.. Bu gecəki seansdan sonra artıq o, casus statusunu qazanmışdı… dediklərinin, casus dindirmələri protokoluna köçürülməkdən savayı, ayrı nəyəsə yaraya biləcəyinə ümid etmək – qaranlıq otaqda qara pişiyi axtarmaq qədər ağlasığmaz bir şey idi.
...Hiss elədi ki, ürəyi dayanmaq istəyir. Qapıdan aralanıb dərindən nəfəs ala-ala, asta addımlarla otaq boyu gəzişdi.
Ya bəlkə bu, adi təsadüf idi?.. Generalın ölüm məqamı həmin bu seansın vaxtına təsadüf eləmişdi?..
…Dəhlizdə elə bil bir qapı da açıldı… Ya bağlandı?.. Və professorun yadına, yenə yuxuları… akademikin qətli düşdü. Bu qədər təsadüf olardımı?..
...Əlini jiletinin cibinə saldı. Saatı yoxa çıxmışdı...
Saatını harda qoya biləcəyini yadına salmağa çalışdı və yadına düşdü ki, saatını heç yerdə qoya bilməzdi, çünki saatı, zəncirqarışıq şalvarının toqqa yerinə bərkidilmişdi.
...Əlini toqqasına atdı. Zəncir həmişəki yerində, toqqanın ilgəyindən asılı vəziyyətinda qalmışdı. Saat isə yoxa çıxmışdı. Ola bilsin, qırılıb harasa düşmüşdü. - fıkirləşdi və yenə çarpayının kənarına əyləşdi. Bundan sonra saat nəyinə lazım idi?.. İndi onu burdan, bu havasız, dar kameradan azadlığa buraxsalar belə, onsuz da yaşamağa qoymayacaqdılar. Sonra hardansa yadına, "Lenin 1918-ci ildə" filmi, əks-inqilabçı Kaplanın, Lenini qəfıl güllə ilə öldürməsi, camaatın əlinə keçən cani qadının, xalqın təpiyi altında vəhşicəsinə döyülməsi səhnəsi düşdü...
İndi o da təxminən həmin vəziyyətdəydi. - gözləri yuxusuzluqdan acışa-acışa fikirləşdi və çarpayınım üstünü açmadan, oturduğu yerdə böyrü üstə uzandı.
Hər şey hansısa sirli qunauyğunluqlarla, səliqəli ardıcıllıqla bir səmtə doğru gedirdi. Onu hər tərəfdən sıxa-sıxa, darısqal yollarla edama aparırdılar...
…Çarpayının dirəndiyi əhəngli divar xırda-xırda döyüldü... Ya bu, professora elə gəldi?!.. Dikəlib sakitliyə diqqət kəsildi.
Üstü, hansısa iti alətlə cürbəcür rəqəmlər və sözlərlə cızılan divarı o üzdən kimsə xırda-xırda döyürdü…
Dizi üstə çarpayıya oturub qulağını divara dirədi…
Divarın o üzü sakitlik idi...
Bir müddət beləcə, qulağı, əhəngi getmiş, soyuq divarda, oturub qaldı. Sonra nə fıkirləşdisə, barmağının ucuyla divarı astaca tıqqıldatdı.
- Professor!.. - divarın o üzündən tanış, boğuq səs eşidildi... - Bu sizsiz?!..
Qulağında yandırıcı güllə kimi partlayan səsin vahiməsindən professorun gözləri qaraldı...
…Bu, bir neçə gün bundan əvvəl mum rəngli solğun bəniziylə Elmlər Akademiyasının işıqlı salonunda - gül səbətləri və qara, atlas lentlərlə bəzədilmiş səhnədə, qırmızı məxmər örtüklü tabutun içində yatan akademikin səsiydi...
Nə isə demək istədi, səsi çıxmadı...
- Professor, bu mənəm... akademik Siracov... Yadınıza düşdü?..
Professor özünü toplayıb astaca "hə" dedi. Lakin divar bir də, bu dəfə həyəcanla döyüldü...
- Professor?!.. Siz məni eşidirsiz?..
- Eşidirəm, eşidirəm... – özünü toplayıb bu dəfə ucadan dedi.
- İndi inandız mənə?.. - akademik həmin boğuq səslə, həmişəki tələsikliklə danışırdı. - Heç olmasa, indi başa düşdüz, mən ruhi xəstə deyiləm?.. Axı sizə deyirdim... Deyirdim ki...
…Bütün bunlar nə demək idi?.. – akademikin boğuq səsini dinlədikcə, ürəyi vahimədən sıxıla-sıxıla fikirləşdi... - Akademiki bura kim salmışdı?.. Bütün o gördükləri, belə çıxır ki, yuxuda yox, həqiqətən baş vermişdi?.. Akademikin, gözlərinin ağı böyüyə-böyüyə: «Bütün bunlar əslində yuxu deyil, professor…» - deməyini də həmin məqam xatırladı və bundan, bədənindən xoşagəlməz gizilti ötüb keçdi… Əgər eləydisə, onda bəs ölən kim idi?.. – professorun fikirləri yenə bir-birinə qarışdı. Əgər akademik indi, bu dəqiqə burda – çarpayısının dirəndiyi əhəngli divarın o biri üzündəydisə, onda iki gün bundan əvvəl Elmlər Akademiyasının səhnəsindəki cənazədə, qızılı-gümüşü orden-medalların arasında uyuyan o sarı bənizli adam kim idi?.. Yaddaşını tələsik gərib dəfn günü səhnədə gül dağının içində itib-batan akademikin üzünü xatırlamağa çalışdısa da, yadına, tanımadığı, sarımtıl dərili, yad adam sifətindən savayı, ayrı bir şey düşmədi... və dəhşət içində anladı ki, hansı möcüzəyləsə o daha akademikin üzünü xatırlamır... Yaxın dəqiqələrəcən, üzünün, az qala ən xırda əzələsi belə yadından çıxmayan akademikin balaca üzünü, nəyə görəsə onun yaddaşından yerli-dibli silmişdilər...
Akademikin səsi ha yanasa uzaqlaşdı… və professor, vahimədən bədəni uçuna-uçuna, divarın o üzündən qırıq-qırıq sızan pıçıltı səslərinə diqqət kəsildi… Anlaşılmaz pıçıltılarla bir-birinə qarışıb təngiyən insan nəfəsləri bir anda divarın içini doldurdu… ordan qulağına axıb bütün bədəninə daraşdı…
…Cərəyan almış kimi divardan kənara sıçradı, bir müddəd boğazını qəhər tuta-tuta çarpayıda oturub qaldı… Bayaqdan hey aşağı enə-enə gəlib çıxdığı bu qorxunc yer, olsun ki, yuxularında düşdüyü həmin o sürüşkən Astananın özüdü… - qulaqları uğuldaya-uğuldaya fikirləşdi.
Çox keçmədi ki, divar yenə bayaqkı tıqqıltılarla, xırda-xırda döyüldü...
- Professor?! ... Siz hara getdiz?.. - akademikin səsi, niyəsə bayaqkından xeyli aydın eşidildi. Akademik elə bil divarın içində oturub danışırdı. - Siz məni eşidirsiz, professor?..
- Eşidirəm, eşidirəm... - deyib udqundu.
- Mən sizə deyirdim, sizsə inanmırdız. Deyirdim axı, onlar məni aparacaqlar?.. Deyirdim?..
Hiss elədi ki, başının tükləri qabardı:
- Mən... mən elə bilirdim, siz hansısa ayrı qüvvələri deyirsiz...
- Qüvvələri?.. Hansı qüvvələri?..
- Yuxarı qüvvələri... İlahi qüvvələri… - dedi və özü də fikirləşdi ki, niyə sərək-sərək danışır?..
- Hə də, yuxarı qüvvələri. Mən bunları deyirdim, professor. Axı mən onun haqqında yazırdım. – akademik bu yerdə pıçıltıya keçdi. - Onlar da o dəqiqə xəbər tutdular...
- Kimin haqqında?.. - pıçıldadı.
- Onun haqqında.
- Axı kimin, onun?..
Bu an professor, akademikin isti nəfəsini hardasa lap yaxınlıqda – qulağının içində hiss etdi... Elə bil akademikin seyrək, çal bığları qulağının ucuna da dəydi…
Akademik qaynar pıçıltıyla:
- Sizin, beşcə dəqiqə bundan əvvəl öldürdüyünüz adam haqqında...
...Akademikin bu sözündən, bədəninə soyuq elektrik cərəyanı buraxdılar elə bil...
- Mən heç kimi öldürməmişəm... - tələsik deyib divardan aralandı.
- Öldürmüsüz, öldürmüsüz. - akademik pıçıldadı - Bu məqamı da ömrünüz boyu gözləmisiniz. Özünüzdən xəbərsiz, əlbəttə...
Akademik sonra yenə nə isə dedi, professor, qulaqlan uğuldadığından, başa düşmədi. Sonra, akademikin səsi yenə uzaqlaşıb bayaqkı pıçıltılara qarışdı və professor divarın o üzündə kiminsə pis-pis güldüyünü özqulaqlarıyla eşitdi… vahimədən ağzı quruya-quruya:
- Siz orda tək deyilsiz?.. - deyərək ayağa sıçradı... və nəyə görəsə qızardı.
Professorun bu sözündən sonra divarın o üzünə sakitlik çökdü... Sonra akdemikin, qəribə şadyanalıq dolu səsi eşidildi:
- Professor, sizi günü sabah, gəldiyiniz dəhlizlərdən keçirib bir mərtəbə də aşağı düşürəcəklər. Orada meşin divarlı balaca otağa salıb xırdaca dəlikdən güllələyəcəklər...
- Nəyə görə?.. - professor bir şüşəsi çatlaq eynəyini gözünə sıxdı. Elə bil akademiki eynəksiz eşidə bilmirdi.
- Nəyə görə?.. Guya özünüz bilmirsiz?.. Axı siz qatilsiz, professor. Generalın qatili. - akademik bunu deyib o üzdə pıqqıldadı elə bil.
- Siz... Siz orda gülürsüz?.. - professorun dili dolaşdı.
- Kim, mən?.. – akademikin səsi qəfildən anlaşılmaz qəhərlə dolub boşaldı. - Professor, mənim ağlamaqdan savayı, ayrı əlacım yoxdu. Hansı günümə gülə bilərəm?!.. Sizdən sonra məni də, həmin otaqda güllələyəcəklər. Ya da olsun ki, artıq güllələyiblər?!.. - akademik ağlamsına-ağlamsına dedisə də, çox keçmədi ki, yenə divarın o üzündən xısın-xısın gülüş səsləri eşidildi...
Akademikin son cümləsindən az qala nəfəsi kəsildi… sonra fikirləri bir-birinə qarışdı... Nəhəng cüssəli General yenə geriyə çönüb boz canavar gözlərini nizə itiliyi ilə bütün vücuduna sancdı... Ürək döyüntüləri zəifləyib itə-itə çarpayıya oturdu, başını divara söykədi…
...Divarın o üzü sakitlik idi. Elə bil daha orda heç kəs yox idi.
Divarı tıqqıldadıb:
- Siz ordasız?.. – soruşdu və həmin dəqiqə divarın o üzündən astaca:
- Burdayam. – deyən akademikin səsi eşidildi.
- Mən… qorxuram. - dedi və hiss elədi ki, boğazını qəhər tutur...
- Mən də. - akademik pıçıldadısa da, professor onun səsində, qorxuya aid olan zərrə qədər olsun, nə isə hiss etmədi. Sonra divarın o üzü xışıldadı, deyəsən akademik oturduğu, ya dayandığı vəziyyətini dəyişdi. - Burdan xilas olmağın bircə yolu var, professor. Biz burdan qaçmalıyıq.
- Qaçmalıyıq?.. Burdan qaçmaq... – professor deyib duruxdu…
- Biz hamısını fıkirləşmişik...
- Biz?!..
- Hə, burda mənim iki adamım var. Onlar bizə kömək edəcəklər. Əslində mən dünən getməliydim… sizi gözlədim. Bilirdim, əvvəl-axır gələcəksiz.
- Siz...
- Qulaq asın, indi sizin kameranm qapısını o üzdən açacaqlar. O dəqiqə çıxmayın. Qırxacan sayın, sonra dəhlizə çıxıb sol tərəfə gedin. Orda sizi qarşılayacaqlar...
- Bes heç siz demədiz axı... - dəhlizdən eşidilən ayaq səsləri, professorun sözünü yarımçıq qoydu. Kimsə oğrun-oğrun kameranın qapısına yaxınlaşırdı...
Dizlərini qucaqlayıb divara qısıldı...
Çox keçmədi ki, kameranın qapısına açar saldılar… nəhəng kilidinin içində üç dəfə burub saxladılar. Sonra yenə sakitlik çökdü. Qapının arxasındakı adam niyəsə çıxıb getmədi. Yoxsa, onun çəkisiz yerişini, həyəcandan tutulan qulaqları eşitmədi?!..
Bir müddət çarpayıda otura-otura, akademikin dediyi kimi, qırxacan saydı. Sonra ehmal hərəkətlərlə çarpayıdan sürüşüb ayağa qalxdı. Bir müddət qapını açmadan, kandarda dayanıb dəhlizə diqqət kəsildi. Dəhliz sakit idi…
Qapını ehmalca aralayıb çölə boylandı.
Dəhlizdə heç kim gözə dəymirdi… sağa və sola burulan yarıqaranlıq, dar keçidlərin qurtaracağı görünmürdü.
Dəhlizə çıxıb, akademikin dediyi kimi, sol tərəfə buruldu, ehmal addımlarla yeriyə-yeriyə, akademikdən, bura necə düşdüyünü, arvadının, divar sobasında yandırdığı əsərində General barədə nə yazdığını, onun, məhz bu kameraya salınacağını əvvəlcədən kimdən öyrəndiyini soruşmağı unutduğuna görə özünü qəribə yöndəmsizlikdə hiss etdisə də, addımlarını ləngitmədi.
Dəhlizin qurtaracağında bir yol da sola burulurdu, ordan yarıqaranlıq pillələrlə harasa, aşağı mərtəbələrə aparırdı...
...Pillələri ehmalca endikcə, bayaq kamera divarının o üzündən eşitdiyi sirli pıçıltıları xatırladı… akademikin kamerasını gözünün qabağına gətirdi və bundan bədəni ürpəndi… Hardansa, akademikin arxasında dayanıb xısınlaşa-xısınlaşa pis-pis gülüşən o adamlar kim idi?..
...Hardasa irəlidə iki kölgə dəydi gözünə… Kölgələr onu görüb elə bil əl elədilər. Ya bu, professora elə gəldi?!.. Pencəyinin düymələrini bağlayıb addımlarını yeyinlətdi.
Kölgələr - hərbi geyimli, bulanıq üzlü iki nəfər cavan adam idi, o, yaxınlaşdıqca, əllərindəki açarlarla hansısa kilidləri açmağa başladılar.
Açılan - zindan qapısının kilidi idi. Professor bunu, qaranlıq dəhlizin qurtaracağına qəfildən şığıyan işıqdan anladı...
...Çölə çıxıb ətrafına baxdı... Sarımtıl işıqlı, qəribə, ilıq boşluq idi...
- Bura... - deyib nə isə soruşmaq istədisə də, soruşacağı, həmin an da yadından çıxdı... Onu azadlığa buraxan hərbçilərə təşəkkürünü bildirməkdən ötrü geriyə qanrılanda, hərbçilərdən birinin tanış üzündən, qaranlıqda hərbi uniformanı andıran boz gödəkçəsinin damalarından, az qaldı ürəyi dayana...
...Bozgödəkçəli idi… ona məhəl qoymadan, arxayın hərəkətlərlə qapını o üzdən bağlayırdı… Olsun ki, daha onu haqlamaq fikri yox idi. Zindan qapılarının tozlu pəncərsindən ona həmin donuq təbbəssümlə baxa-baxa, ağzının içində nə isə deyirdi… Ya bu, professora elə gəlirdi?..
Bir müddət bədəni bu ilıq sarımtıllığın içində rahatlana-rahatlana dayanıb durdu. Sonra necəsə qəfildən gözü, Bozgödəkçəlinin çəkib bağladığı qapının üstündəki rəqəmlərə sataşdı...
Qapının yuxarı hissəsində gümüşü rəqəmlərlə 21, bir qədər aşağıdakı ağ lövhəcikdə isə, qara hərflərlə: Veyisov N.A. yazılmışdı...

***



- Cənab General… Zati aliləri…
- Elə yox, mən özüm… - kimsə astadan dedi və üstünə əyilib lap yaxından:
- Cənab General… - pıçıldadı.
Şəxsi həkimi idi… üstündə təcrübə aparan alim sifətiylə, üzünə lap yaxından baxırdı… Ayıldığını görüb mümkün qədər ehtiyatla:
- Özünüzü necə hiss edirsiz, cənab General? – deyib dikəldi.
…Danışmaq istədi… dili elə bil böyümüşdü… ağzına zorla yerləşirdi…
- Yaman qorxutdunuz bizi. – həkim rahat təbəssümlə ona baxırdı…
…Tavana baxdı… Bura iqamətgah deyildi…
- Qorxulu bir şey yoxdu. Yüngülvari ürək çatışmazlığıdı. – həkim deyib, arxasında dayanan kiməsə əliylə işarə elədi.
Gicgahı, küt alətdən zərbə almış kimi, gizildəyirdi… Dilini zorla tərpədib:
- Başım ağrıyır… - deyə bildi.
- İynələrin təsiridi. Beyniniz tam dincəlməlidi. Hamısı yorğunluqdu, cənab General. Həmişə deyirdim sizə. Qulaq asmırdız.
Dikəlmək istədisə də, özünü tərpədə bilmədi. Qolları key ağrılarla gizildiyirdi...
- Qollarım… şişib elə bil. – dedi və sol qolunu yorğanın altından çıxarıb o üz-bu üzə çevirdi.
- O sizə elə gəlir. Dərmanların təsiridi. Bir müddət belə olacaq. Zarafat deyil, sizi ölümdən qaytardıq.
"Ölüm" sözündən ürəyi bulandı...
- İki gündü əlləşirik...
- İki gün?..
- İki gün...
- Demək istəyirsən, iki gündü mən yatıram?..
- Yatmısız deyəndə ki, biz sizi yatırtmışıq. Siz elə vəziyyətdəydiniz ki... – həkim dedi və elə bil bəbəkləri qaraldı.
- Nə vəziyyətdəydim axı?
Həkim bir anlıq tərəddüddən sonra hüznlə:
- Ürəyiniz düz səkkiz dəqiqə dayanmışdı... - dedi.
- Səkkiz dəqiqə?..
Həkim başını kədərlə elə yellədi, elə bil dediyi həmin o səkkiz dəqiqədən sonra o, ölmüşdü. Sonra da üzünü yana çevirib elə bil qəhərləndi. Ya bu, ona elə gəldi?!..
- Demək səkkiz dəqiqə... – deyib fikirlərini bir yerə toplamağa çalışdısa da, fikirləri, çəkisiz toz zərrəcikləri kimi haralarasa dağılışıb ələ gəlmədilər. Sonra yaddaşını gərib, həkimin dediyi həmin o vahiməli səkkiz dəqiqənin ərzində onunla nə baş verdiyini yadına salmağa çalışdı və yadına, dumanlı ağrlıqdan savayı heç nə gəlmədi.
- Heç nə yadımda deyil... - dedi.
Sonra həkim deyən, həmin o səkkiz dəqiqəlik «ölümündən» əvvəl harda olduğunu yadına salmağa çalışdı və yaddaşı, gur işıqlı səhnələrlə, bir-birinə bənzər adam üzləriylə doldu...
...Qapı astaca döyüldü və açıldı. Həkim kiminsə işarəsiylə ayağa qalxıb:
- Mən çox üzr istəyirəm. - deyərək qapı arasından sivişib çölə çıxdı.
Həkim gedəndən sonra otağa, əllərində suyla dolu iri ləyən, iki tibb bacısı daxil oldu. Ləyəni çarpayısının yanındakı mizin üstünə qoyub, özləriylə gətirib gəldikləri sabunla onun əllərin yudular, sonra ehmal hərəkətlərlə qurulayıb çıxdılar.
Tibb bacılarından sonra, gümüşü məcməyidə ona yüngül nahar yeməyi və meyvə şirəsi gətirdilər. Məcməyini gətirən ayrı tibb bacısı idi, əlindəkini mizin üstünə qoyub utancaq təbəssümlə:
- Həkim dedi ki, sizi yedirdim. – dedi.
Qızın üzü Generala tanış gəldi. Amma onu harda gördüyünü yadına sala bilmədi.
- Ac deyiləm.
- Sizə damardaxili dərman vurulmalıdı. Acqarına olmaz, həkim dedi… - qız deyib çarpayısının yanındakı stula əyləşdi, içi şorba dolu kasanı əlinə alıb asta-asta qarışdıra-qarışdıra üzünə baxdı. Sonra şorbanı yenidən məcməyiyə qoyub ayğa qalxdı:
- Qoyun, bir az dikəldim sizi… - dedi.
- Lazım deyil… - deyib zəif-zəif gülümsündü – Mən nə qədər qoca olsam da, dəyərəm min cavana… - dedi və özünü bir təhər dikəldib balışa söykəndi.
Şorba qəribə şirin tam veriridi… Yoxsa ağzının tamı dərmanlardan dəyişmişdi?.. Sonra ağzına qaşıq-qaşıq süzülən şorbanı keyimiş udlağıyla bir təhər uda-uda, yenə həmin sirli səkkiz dəqiqə haqqında fikirləşdi və qəfildən yaddaşı – gur işaqlı səhnələrlə, bir-birinə bənzər adam üzləriylə doldu… Sonra necəsə, adamların arasında, gözündə eynək, başında tünd göy mahuddan şlayapa, qəhərli üzüylə ona baxan tanış sifəti gördü… və xatırladı… Professor…
Şorba, az qala boğazında qaldı... və o, yaddaşının, ən nazik şırımlarıyla həmin o küləkli-fırtınalı axşamı, şüşəli sarayın tir-tir titrəyən pəncərələrini, professorun dağınıq hərəkətlərini xatırladı...
Əllərini çevirib ovuclarlına baxdı. Miss bıçağın bilinə-bilinməz izi hələ də ovuclarında qaralırdı...
- Bəsdi, daha istəmirəm. – deyib özünü yatağının içinə sürüşdürdü. Bıçağı ovuclarında sıxdığı anı yadına salmaqdan ötrü gözlərini yumub fikirlərini bir yerə toplamağa çalışdı və qırıq-qırıq nə isə xatırladı...
…Yarıqaranlıq sarayı xatırladan havasız yer... hardasa arxa tərəflərdən eşidilən ürəküzən pıçıltılar... Elə bil bütün bunlar professordan sonra olmuşdu... Bəs ürəyi nə vaxt dayanmışdı?.. Həmin o havasız sarayda?.. Yoxsa professordan sonra gördüyü hansısa yuxusunda?.. Fikirləri yenə bir-birinə qarışdı... Ora hara idi?.. Son vaxtlar gördüyü yuxularının davamıydı bəlkə?..
…Tibb bacısı şorba kasasını məcməyiyə qoyub ayağa qalxdı və asta addımlarla otaqdan çıxdı.
…Professorsuz heç nə aydınlaşmayacaqdı... – ürəyi darıxa-darıxa fikirləşdi. Nə ürəyinin səkkiz dəqiqəlik dayanması, nə yarıqaranlıq, havasız saray...
Sonra nə oldusa, birdən-birə uzandığı yerdə başı hərləndi... boğazının dərisi göynədi…
Əlini xirtdəyinə atdı və yenə xatırladı... Yarıqaranlıq sarayaoxşar həmin o yerdə, dizi üstə düşdüyünü, sonra xirtdəyinə yeriyən bıçağın iti, soyuq tiyəsini xatırladı...
Əlini boğazında gəzdirə-gəzdirə, bıçağı hülqumuna yeridən adamın üzünü yadına salmağa çalışdısa da, qəfildən ağlına gələn növbəti fikrin dəhşətindən, uzandığı yerdəcə gözləri qaraldı…
Bəlkə xirtdəyinə yeridilib ürəyini susduran – professorun, ona müqəddəs tutiya kimi verdiyi həmin o qaramtıl miss bıçaq idi?..
Nəfəsi sinəsinə qaldı… əlini çarpayının baş tərəfındə, divarda qızaran düyməyə uzadıb basmağıyla, qapının açılması bir oldu və içəri, bir neçə ağ xalatlı adam daxil oldu.
Gələnləri o dəqiqə tanıdı. Bu, onun şəxsi asayişini qoruyan, təhlükəsizlik xidmətinin əməkdaşları idi. Bayaqdan pusquda duran kimi, olsun ki, qapısının ağzında dayana-dayana, onun göstərişini gözləyirmişlər.
- Professor Veyisovu təcili tapın. – deyib özünü dikəltməyə çalışdısa da, alınmadı, qolları zəif-zəif titrəyib bədənini yatağın içinə saldı.
Mühafizə xidmətinin əməkdaşlarından biri irəli atılıb ona, dikəlməyə kömək elədi:
- Cənab General, sizə tərpənmək olmaz.
- Təcili Veyisovu tapın, dedim… - deyib nəfəsi təngiyə-təngiyə öskürdü.
Əməkdaşlar bir-birinin üzünə baxıb dəhlizə çıxdılar. Həmin dəqiqə hardansa aşağıdan – həyətdən, at ayağının səsini andıran səslər eşidildi… və qəfildən yenə xatırladı...
…Gecələrlə xəbis-xəbis yuxularına yeriyən həmin o lənətəgəlmiş Məqbərəni – oranın çıraqlı sütunlarını, nəm çəkib qaralmış divarlarını… sütunların arxasından sıçrayıb üstünə şığıyan qara libaslı əsgərləri, onlardan birinin ona sarı uça-uça, havadaca uzunboğazının sol tayından siyirib çıxardığı qısa xəncəri… xirtdəyinə işləyib damarlarının arasıyla sürüşən ətürpədən itiliyi… Bütün bunlar professorun seans vaxtı baş vermişdi. Ürəyi də həmin vaxt dayanmışdı olsun ki. İtiliyini hələ də canında hiss edən xəncər boğazına yeriyib onu öldürmüşdü demək... Sonra beynini gərib, dizi üstə çökdüyü son məqam üzünə yaxından baxan üzü tərli adamın rütbəsini yadına salmağa çalışdısa da, xatırlamadı. Demək, professorun «heç cür alınmayan uğursuz seansları» onu axır ki, "bir addım geriyə» - içinə sala bilmişdi... Demək, içi bu idi... Demək...
Qəfildən ağlına gələn növbəti fikirdən az qaldı nəfəsi kəsilə... Demək, bütün bunlar əslində olmuşdu... Onu nə vaxtsa öldürmüşdülər, xəyanət etmişdilər...
...Yarıqaranlıq Məqbərənin mərmər sütunları boyu dilimlənən zəif alovu, hardansa uzaqlardan Məqbərəyə yaxılaşan görünməz qoşunun səslərini xatırladı...
Bütün bunlar nə vaxt olmuşdu?.. Ora hara idi?.. Dəqiq olanı, bir bu idi ki, bütün bunlar həqiqətən baş vermişdi. Onu xaincəsinə öldürmüşdülər və səbəbi məlum olmayan bu sui-qəsd, neçə vaxtdan bəri yuxularında qaralan həmin o ölüm qoxulu Məqbərədə baş vermişdi…
Ürəyi zəif-zəfiv çırpındı…
Bir şey də dəqiq idi ki, ora - bu ilıq küləkli, balaca məmləkət deyildi...
Qapı xırda-xırda döyüldü və açıldı.
Gələn - Təhlükəsizlik naziri idi. Qapının arasından əvvəl başı, sonra bütün bədəni göründü. Ürkək hərəkətlərlə içəri daxil olub çarpayısına yaxınlaşdı və ehmal hərəkətlərlə yaxındakı stula əyləşdi. Yenə ürəyini bulandıran həmin o süni sevinclə:
- Həmişə ayaq üstə, cənab General. – dedi.
- Hələ ki, uzanmışam. - ağzının içində deyib naziri başdan-ayağa süzdü.
- Qalxarsız, inşallah.
Nazirin bozumtul gözlərinin dərinliyində, sevinc əlaməti yox idi. Olsun ki, nazir onun sağ qalmağından bir o qədər də razı qalmamışdı.
Üzünə pəncərəyə çevirib:
- Mən Veyisovu çağırtdırmışdım. – pəncərədən görünən tənha buluda baxa-baxa dedi.
…Həkim də nə vaxtsa içəri daxil olmuşdu, hardansa nazirin arxasından:
- Elə o məsələdən ötrü gəlib, cənab General. - dedi və otaqdan tələsik çıxdı.
- Hansı məsələdən ötrü, mənə heç nə deyilməyib, cənab General. - nazirin rəngi dəyişdi. - O gecə sizin vəziyyətiniz elə idi ki... Biz öhdəmizə düşən vəzifə borcumuzu yerinə yetirdik. Biz qanunlar üzrə hərəkət etdik cənab General. Protokol bunu tələb edir.
- O, indi hardadı?..
Nazirin sağ yanağı titrədi.
- Sizinləyəm.
- Biz onu o axşam… - nazirin səsi də titrədi. – nazirliyə apardıq…
- Nazirliyə niyə?
- Cənab General, bu, bizim vəzifə borcumuzdu…
İndi o hardadı?.. – deyib dikəlmək istədisə də, qolları yenə bədənini ağırlığını qaldıra bilmədi.
- O… O axşam uşaqlar onu zirzəmiyə saldılar…
- Zirzəmiyə?..
Gözləri qaraldı:
– Kim göstəriş verib?..
- Mən... - nazir ölümcül səslə deyib girdə gözlərini tez-tez qırpdı.
- Sən?..
- Bəli, cənab General.
- Axı... - nə isə demək istədisə də, nəfəsi sinəsinə tıxanıb danışmağa mane oldu.
- Cənab General, siz əsəbiləşməyin... - nazir kəkələyə-kəkələyə dedi. - Məni axıracan dinləyin. Axı o gecə, sizin ürəyiniz... vəziyyətiniz pisləşəndə, otağınızda... lap kreslonuzun yanında bıçaq tapılıb. O axşam professordan savayı iqamətgaha ayrı bir adam daxil olmayıb. Siz bir özünüz fikirləşin...
Nəfəsi heç cür nizama düşmürdü. Nazirin dediklərini axıra qədər dinləməyə səbri çatmadı:
- Professoru bura gətirin. Təcili.
Nazirin rəngi getdikcə qaraya çalmağa başladı, əlləri əsəbi nəvazişlə bir-birini sığalladı:
- Cənab General, xahiş edirəm... Son dərəcə xahiş edirəm, məni axıracan dinləyin.
Nazirin halı heç xoşuna gəlmirdi.
- Veyisovu təcili bura gətirin. - dedi və hiss elədi ki, havası çatışmır.
Nazir başını aşağı salıb susdu.
- Nə oturmusan?..
- Cənab General...
- Sözünü de!..
Nazirin, dodağı səyridi:
- Professor Veyisov həmin gecə kamerada... keçinib. - na

ir dedi və qorxudan bərələ qalmış gözləriylə üzünə baxdı.


-Necə keçinib?..
- Ekspertin rəyinə görə, üçlə dörd radələri arasında ürəyi dayanıb. Yuxuda.
...Gözləri qaraldı… Nazir yenə nə isə dedi və sol əliylə sağ əlini, özgə əlini sığallayan tək sığalladı. Sonra qapı açıldı… və otağa, bir-birinin ardınca, həmin təbəssümlərlə üzünə gülümsəyən nazirlər daxil oldu… çarpayısının qabağına düzülüb bir müddət şagird duruşuyla dayana-dayana üzünə baxdılar. Sonra qapıda, bəbəklərinin qarası, az qala bütün vücudunu bağlayan baş nazir göründü… xırda, qıvraq addımlarla ona yaxınlaşıb yüngül təzimlə əlini sıxdı və əyləşdi. Daha sonra xarici işlər və sosial müdafiə naziri, dövlət müşavirləri və o birilər, ehmal addımlarla otağa daxil olub bir müddət ayaq üstə dayana-dayana böcək gözləriylə üzünə baxdılar... Sonra tibb bacısı gəldi, qolunu çirmələyib damarına iynə vurdu. Nazirlər də ayağa qalxıb nə isə deyə-deyə, əlindən öpdülər. Nazirlərdən kağız iyi gəlirdi... Sonra... tənha cənazədə, döşəkağı əvəzinə altına, yorğan əvəzinə üstünə salınmış milli bayrağın içində, ucsuz-bucaqsız izdihamın üstü ilə üzdü...
…Qadınlar və uşaqlar, qocalar və şikəstlər, çolaq, iflic xəstələr də burdaydı, ayaqlarını çəkə-çəkə, kədərdən, ələmdən üzülə-üzülə onun ardınca gəlirdilər... İnsanlar dəli çığırtılarla qışqırır, qadınlar əyinlərindəki paltarları cırır, uşaqlar ağlaşırdı... Onu cənazəqarşıq mavi Məqbərənin naxışlı döşəməli salonuna salırdılar… neçə vaxtdan bəri həsrətlə yolunu gözləyə-gözləyə bərq vuran bürünc pyedestalın üstünə, havakeçirməz, şəffaf qapağın altına qoyurdular…
Məqbərənin, ölkənin dörd bir səmtinə baxan qapıları taybatay açılırdı… Aşağıda Məqbərəyə gətirən yollar boyu tonqallar qalanırdı… Uşaqlı-böyüklü odun daşıyırdılar… tonqalların alovu getdikcə şahə qalxırdı… Odun daşımağa gücləri çatmayanlar əyinlərindəki paltarları cırıb, uşaqlarını soyundurub tonqallara atırdılar… o da olmayanda, növbəyə düzülüb, ən yumşaq çarpayılara girən tək, yalın ayaqlarıyla bir-bir tonqallara girir, orda şəhid sükutuyla diri-diri külə dönürdülər…
…Sonra nə oldusa, onu da cənazədən çıxardılar… milli bairaqqarışıq harasa aşağı sürüdülər… Gur alovlu tonqallardan birinin içinə basıb həmin sevgi dolu səslərlə qışqırışmağa başladılar… «Cənab General!!.. Zat aliləri!!!..» çığırtıları göylərə qalxdı… və o, heç bir ağrı hiss etmədən, sumağı-göyümtül alov dilimlərinin içindən, qızılı-mavi Mənbərənin ikilaylı, nəhəng qapılarının aramla bağlandığını, pəncərəlində közərən işıqlarının bir-bir söndüyünü öz gözləriylə gördü… Sonra tonqalda onunla bir yananlardan kimsə lap yaxından:
- Daha yaxşısız, cənab General... - dedi...
...Gözlərini açdı… Həkimi idi, çarpayısının yanındakı stulda əyləşmişdi, həmin saxta təbəssümləüzünə baxırdı:
- Qərara gəldik ki, sabahdan iynələri kəsək. - dedi - Ürəyinizin vəziyyəti yaxşıdı. İndi sizin dərmanınız müəyyən qədər hərəkət və təmiz havadı. Təmiz hava!..

***



…Son günlər camaat danışırdı ki, qiymətlər daha qalxmayacaq. Bununla da inflyasiyaya son qoyuldu. Daha çörək növbələrində gecədən-sübhəcən keşik çəkib, onunla-bununla sözləşməkdən canımız qurtardı. Çörəklər də, Allaha min şükür, daha dədə-baba qaydasıyla, ağıllı-başlı buğda unundan bişirilir və onları yeyəndən sonra, adamın qarnı tay o cür köpmür. Şəhərin küçələri də elə bil abıra minib, bu başıbatmışların vaxtında, səkilərin kənarına köhnə ayaqqabı tayları kimi yığılıb toz-torpağın altında bozara qalan maşınların da, trolleybusların da hərəkəti, Allaha şükür ki, bərpa olunub. Daha camaat hava qaralandan sonra küçələrə çıxmağa qorxmur. Adamların üzündən də, elə baxanda görünür ki, rahatlıq yağır.
Deyirlər, müharibəyə də bununla son qoyuldu. Daha oğul-uşağına baxanda heç kimin ürəyinin başı sökülməyəcək.
- O kişi, Allahın bu məmləkətə göndərdiyi xilasın özüdü… - adamlar danışırdı. – Xalqının uğrunda ölümə getməyə də hazırdı. Deyirlər, ölkənin, Vətənin müqəddəratı həll olunan yığıncaqlarda onun, canavar gözünü andıran boz gözlərinin vahiməsindən bir çox məmurların əhvalı çönür. Hətta, deyilənə görə, hansısa müşavirinin, onun bu vahiməli baxışlarından, iclasda oturduğu yerdə, hamının gözü qabağında ürəyi də gedib…
Bəziləri isə hürkmüş üzlərlə, həmin o iclaslarda, Millət Atasını, hər an qarabaqara izləyən düşmənlərindən qorunmaq məqsədilə, onun cüt tayının iştirak etdiyini deyir, həmin o tayı, ayrı yerlərdə öz gözləriylə gördüklərini sübuta da yetirirdilər. Bəziləri isə danışırdılar ki, onun oxşar tayı bir yox, bir neçədi. Deyilənə görə, Millət Atasının, eyni bir vaxtda bir neçə yerdə görünməsini, şəhərin ayrı-ayrı səmtlərində keçirilən bu görüşlərdən yayımlanan verilişləri izləyənlərin çoxu görmüşdü. Deyilənə görə, dünən axşam saat beş radələrində o, şəhərin uzaq qəsəbələrindən birində yerləşən Kondisioner zavodunda olmuş, səhnəyə qalxıb fəhlələrin qarşısında iki saata qədər nitq söyləmiş, həmin vaxt həm də filarmoniyada olmuş, qocaman memarın dəfn mərasimində iştirak etmiş, qolunda qırmızı bağlama, sənətkarın cənazəsi önündə fəxri qarovulda dayananmışmış… Qəzetlərsə, həmin tarixdə Millət Atasının ümumiyyətlə ölkədə olmadığını, iki gün bundan əvvəl hansı dövlətsə başçısının dəvətiylə, həmin ölkəyə üçgünlük rəsmi səfərə yola düşdüyünü yazırdılır…
Yalan-doğru, deyilənə görə, Millət Atasının həmin o əkiz tayları onu yalnız, danışmaq lazım olmayan yerlərdə əvəz edə bilirdilər. Bəziləri isə deyirdilər, həmin o əkiz tay, ümumiyyətlə. adam deyil… üstünə dəri çəkilmiş cansız robotdu. Qışın sərt şaxtasında, yayın cırhacırında açıq havada saatlarla ayaq üstə, qolları taxta kimi yanından asılı dayanmağından da, üzünün donuq ifadəsindən də bilinir ki, bu, adam deyil. Deyirlər, bunu təhlükəsizlik xidmətinin xüsusi idarəsi, Generalı xəbis düşmənlərini çaşdırmaqdan ötrü həyata keçirir.
- Odu ki, kişiyə heç nə eləyə bilmirlər. Üç körpü, dörd bina, yeddi küçə partladısa da, kişinin tükünə belə xələl toxunmadı. Göydə Allah var. Odu ki, onu istəməyənlər, adlarını «müxalifət» qoyub onun əleyhinə səfeh-səfeh təbliğat aparanlar da, Allahın cəsasına gəldilər. Biri maşın qəzasında öldü, o biri vertalyotda partladı, bu biri içkidən zəhərləndi…
Camaat danışırdı ki, son aylar Generalın yaxın ətrafından, keçmiş iş yoldaşlarından da bəzi naməlum vəziyyətlərdə yoxa çıxanlar olmuşdu.
-Onlar da, Allah bilir, kişinin ayağının altını qazmaq fikrinə düşənlərdən olub.. – camaat deyirdi.
Deyilənə görə, yaxın günlər prezidentin şəxsi həkimi - məşhur psixiator, professor Veyisov da bir neçə gün bundan əvvəl, axşam çağı, həyətlərinə səssizcə daxil olan qara maşında hansısa naməlum istiqamətə getmiş və daha geri qayıtmamışdı.
Yüklə 238,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin