Azərbaycan Respublikasında ümumi təhsil “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa, insan hüquqları haqqında beynəlxalq
konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər
beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində Azərbaycan xalqının
dəyərlərinin və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil
sisteminə inteqrasiya olunaraq inkişaf edir.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması
sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin
təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Təhsil qanunvericiliyində mənəvi psixoloji amillərə xüsusi diqqət verilir.
Təhsil prosesi üçün münbit şəratin yaradılmasında təhsil verən və alan
fərdlərin mənəvi-psixoliji stabilliyi şərt kimi göstərilir. Buna görə də Ümumi
təhsil prosesinin iştirakçıları sırasına psixoloqlarda daxildir.
Təhsil prosesində təhsilalanların yaşına, mənəvi-psixoloji xüsusiyyətlərinə
uyğun olaraq, onların əqli, fiziki, mənəvi, estetik inkişafının, müstəqil əmək
və təhsil həyatına hazırlanmasının, cəmiyyətin faydalı və məhsuldar
üzvünə çevrilməsinin təmin olunması olduqca vacibdir.
Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən
sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil
almaq təhsilalanların hüquqü kimi müəyyən olunur.
Qanunun 1.0.7 maddəsinə əsasən ümumi təhsil müəssisələrində
psixoloji xidmət – valideynlərlə, rəhbər və pedaqoji işçilərlə əməkdaşlıq
yolu ilə şagirdlərin meyil və maraqlarının, təhsil, sosial-mənəvi
problemlərinin öyrənilməsini və onlara zəruri hallarda pedaqoji-psixoloji
dəstək göstərilməsini təmin edən xidmət növüdür.
Qanuna əsasən təlim strategiyası – psixoloji və didaktik prinsiplər
əsasında müəyyən edilib təhsil prosesində tətbiq olunan forma, metod, üsul
və vasitələrin məcmusu kimi ehtiva olunur ki, bu da təhsildə pisixoloji
stabilliyin vacibliyini ifadə edir.
Qanunun 18ci maddəsi məhz Ümumi təhsil müəssisəsində psixoloji
xidmət barədədir.
Bu maddəyə əsasən:
18.1. Ümumi təhsil müəssisəsində müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada
psixoloji xidmət təşkil olunur.
18.2. Ümumi təhsil müəssisələrində psixoloji xidmət ixtisaslı psixoloq
(məktəb psixoloqu) tərəfindən həyata keçirilir.
18.3. Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
Təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və
zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və
sağlamlığının mühafizəsində iştirak etmək təhsilverənlərin vəzifəsidir.