AZƏRBAYCAN HAVA YOLLARI QSC
MİLLİ AVİASİYA AKADEMİYASI
Sərbəst iş №5
Fakültə.............................Aerokosmik
İxtisas..............................Ekologiya mühəndisliyi
Fənn................................ Tullantısız istehsal prosesləri, tullantıların təkrar emalı
Mövzu............................. Azərbaycan respublikasında tullantıların ətraf mühitə təsirinin qiymətləndirilməsi
Müəllim...........................Alıyev Mürsəl
Tələbə.............................Hüseynzadə Sadiq
Qrup...............................1438A
Bakı 2021
Bu gün orta statistik Azərbaycan vətəndaşı üçün tullantısız istehsalat texnologiyası ağılagəlməz məsələ, fantastik film kimi görülə bilər. Çünki ölkəmizdə nəinki tullantısız, heç olmasa az tullantılı texnologiyaların tətbiqinə belə, maraq göstərilmir. Lakin Avropa ölkələrində, Amerikada, Kanadada, Yaponiyada, Çində və digər inkişaf etmiş dövlətlərdə aztullantılı və tullantısız texnologiyalar çox geniş səlnamələrə - uğur hekayələrə malikdir. Məsələn, Hollandiyada sahibkarın şəkər və ya şərab zavodu varsa, onun mütləq ferması da var. Çünki şəkər və şərab zavodlarının istehsalat tullantıları heyvan yemi kimi əvəzsizdir. Bununla yanaşı şərab zavodunun tullantıları özü də bir neçə istiqamətdə çeşidlənməyə məruz qalır. Birincisi, hər bir üzüm növü ayrıca sıxılır ki, onun tullantısı da digərləri ilə qarışmasın, axı bu tullantı bizdəki kimi istehsalat müəssisəsinin tullantı meydançasına deyil, növbəti istehsal sahəsi üçün xammaldır. Şəkər zavodunun tullantısının əsas hissəsi birbaşa mal fermasının yem sexinə daşınır. Orada isə quvvəli yem istehsalı zamanı istifadə edilir. Digər hissəsi isə orqanik tibbi peraparatlar hazırlayan zavodlara satılır. Şərab zavodunun tullantısı isə iki hissəyə çeşidlənir, üzüm tumu bir tərəfə, qabıq və digər hissələr isə digər tərəfə ayrılır. Qabıq və digər hissələr yenə mal fermasının yem sexinə, üzüm tumları isə növlərə çeşidlənərək bir hissəsi orqanik tibbi peraparatlar hazırlayan zavoda və üzüm yağı çəkən sexlərə satılır. Həm üzüm tumundan dərman hazırlayan zavod, həm də üzüm yağı çəkən sex sonda istehsalat tullantılarını müqaviləyə uyğun olaraq fermerin mal fermasının yem sexinə göndərir. Orada isə həmin tullantılar xammal kimi qüvvəli yem istehsalında heç bir tullantı yaratmadan istifadə edilir. Proses beləcə davam edir. Mal fermasında yaranan heyvan ifrazatı avtomatik olaraq fermerin təbii qaz istehsalı qurğusunun bunkerlərinə toplanır, bunkerlər dolduqca bağlanaraq qaz sıxlaşdırıcı qurğu şəbəkəsinə qoşulur. Fermada heyvan nəcisindən alınan təbii qazdan həm yanacaq kimi istifadə edilir, həm də elektrik enrejisi almaq üçün mini-elektrik stansiyasına ötürülür. Növbəti mərhələdə qaz emal edən qurğuda istifadə edilən heyvan ifrazatı bunkerlərdən avtomatlaşdırılmış qaydada boşaldılaraq, fermerin üzvü gübrələr istehsalı sexinə daşınır. Üzvü gübrələrin (xam peyin) bir çatışmayan cəhəti ondan ibarətdir ki, emal edilmədən torpağa verildikdə heyvanların qidalandığı alaq otlarının toxumları da gübrə ilə birlikdə torpağa düşür və mədəni bitkilərlə birlikdə alaq otları da torpaqda bitərək inkişaf edir. Bu halda isə yabanı bitki və alaq otlarına qarşı tarla və plantasiyalarda ya dərman vasitələrindən istifadə edilməli, ya da əl əməyi sayəsində sahə alaq otlarından təmizlənməlidir. Lakin qaz emalı qurğularının bunkerlərində qıcqırma zamanı alınan yüksək temperatur bütün alaq otları toxumlarını və zərərvericilərin süfrə və yumurtalarını məhv edir. Odur ki, qaz emalı bunkerlərindən keçirilən peyindən hazırlanan orqanik gübrələr özü ilə sahəyə nə alaq otları toxumu, nə də zərərverici həşaratların süfrə və yumurtalarını daşımır. Ona görə də belə gübrələrə kənd təsərrüfatında tələbat çox böyükdür. Elit səviyyəli orqanik kənd təsərrüfatı məhsulları istehsal edən brend şirkətlər məhz kimyəvi deyil, bu cür orqanik gübrələrdən istifadə edir.
Göründüyü kimi, oxucularımız üçün təsvir etdiyimiz sadə bir istehsal dövriyyəsində heç bir tullantı yaranmır, bir istehsal prosesinin tullantısı digər istehsal prosesinin xammalı rolunu oynayır. Bu cür sxemləri istehsalat sahələrinin əksəriyyəti üzərində qurmaq mümkündür. Hətta, bir sıra elmi araşdırmalar aparıldıqdan sonra, belə sadə sxemlərin bir qədər təkimləşdirilmiş - mürəkkəb sxemini istənilən istehsal prosesi üzərində qurmaq olar. Ən ağır kimyəvi birləşmələrdən ibarət olan tullantıların da xammal kimi istifadəsi mümkündür, sadəcə olaraq bu məsələ üzərində düşünmək və işləmək lazımdır.
Lakin çox təəssüf ki, ciddi ətraf mühit problemləri olan Abşeron iqtisadi rayonunun havası normadan bir neçə dəfə çirkli olduğu halda, ölkəmizdə belə texnologiyalar barədə düşünən yoxdur. Maraqlıdır, nədən bu proses adıçəkilən ölkələrdə bu dərəcədə yüksək inkişaf mərhələsi keçib, amma Azərbaycanda bu barədə düşünmək, buna cəhd etmək istəmirlər? Bu suala cavab vermək üçün ilk növbədə yuxarıda adlarını sadaladığımız ölkələrin təcrübəsinə müraciət etməli, həmin təcrübəni Azərbaycan mühitinə uyğun bir model qurmaq lazımdır. Bu sahədə inkişafa nail olan ölkələrdə ilk növbədə intellekt və ona əsaslanan iqtisadiyyatın qurulması məsələsi gözə çarpır. Birincisi, ölkədə intellektual zəkanın inkişafına önəm verilməlidir. Bu sahədə inkişafa nail olduqdan sonra, növbəti mərhələdə hökumətin vəzifəsi intellektual potensialın iqtisadiyyatda tətbiqinə nail olmaqdır. Başqa cür desək, elm adamlarına, intellektual potensiala malik fərdlərə bilikləri ilə qazanc əldə etmələrinə şərait yaratmaq lazımdır. Belə olan halda elmlə iqtisadiyyat çiyin-çiyinə inkişaf edəcək, uğurlar qazanıb, brendlər yaradacaq, dövlət isə həmin qazancın vergilərindən həm bəhrələnəcək, həm də iqtisadiyyatı vergi və rüsumlar vasitəsi ilə idarə edəcək. İntellekt istehsalata yeni texnologiyalar gətirəcək, yeni texnologiyalar isə az tullantılı və tullantısız istehsal texnologiyalarına doğru addım deməkdir. Nə qədər ki, iqtisadiyyatımız elmə və intellektə əsaslanmır, elm iqtisadiyyat üzərində bir "yük" kimi qalırsa, biz heç vaxt inkişaf etmiş texnologiyalara əsaslanan iqtisadiyyat qura bilməyəcəyik. Bunu bacarmasaq, az tullantılı və tullantısız texnologiyalara, o üzdən də sağdam ətraf mühitə, təmiz ekologiyaya nail ola bilməyəcəyik.
Elm və intellekt iqtisadiyyata inteqrasiya etdikdən sonra, bizim qarşımızda inkişaf etmiş texnoloji imkanlar açılacaq ki, biz həmin imkanları stimullaşdıraraq az tullantılı və tullantısız texnologiyaların inkişafına təkan verə biləqik. Yəni elmə və intellektə söykənən iqtisadiyyat az tullantılı və tullantısız istehsalat qurmaq potensialına malik olur. Lakin bu potensialı reallaşdırmaq üçün stimullaşdırmaya ciddi ehtiyac var. Stimullaşdırma olmasa intellektə əsaslanan istehsalat qurmaq istəyən sahibkar az tullantılı və tullantısız texnologiyalar qurmağa risk etməyəcək. Çünki birincisi, bu istiqamətə kapital qoymalıdır, həmin kapitalı isə sahibkar öz dövriyyəsindən ayırıb cəlb etməkdə maraqlı olmur. İkincisi, bu cür texnologiyaların qurulması, heç də həmişə rentabelli olmur, itkilərlə başa gəlir, nəticədə sahibkar itkilərlə üzləşir. Ona görə də mütləq az tullantılı və tullantısız texnologiyaların tətbiqinə start verilərkən ilkin kapitalı dövlət qoymalıdır. Kapitalla yanaşı, tətbiq edilən texnologiyanın elmi əsaslarla işlənməsində sahibkarla dövlət öz intellektual imkanlarını birləşdirməlidir. Dövlət öz tabeliyində olan elmi institutların potensialından istifadə edərək, maksimum rentabelli texnologiyaların işlənib hazırlanmasına nail olmalıdır. Bir neçə bu cür "Start-Up" layihəsi həyata keçirildikdən sonra alimlər özləri potentləşdirilmiş layihələrlə iqtisadiyyata dövlətsiz belə təkliflər irəli sürəcəklər. Əsas məsələ ilk «qaranquşların uçurulmasıdır», davamını elm adamları özləri gətirəcək. Bu gün Azərbaycan Milli Elmilər Akademiyasında minlərlə müxtəlif dərəcəli alimlər, akademiklər çalışır, dediklərinə görə, elmi nəaliyyətlər əldə edirlər, alimin elmi uğuru ona pul qazandıra bilmirsə, o nə uğurdur, nə də, onun adı "uğur" olmalı deyil. Hazırda AMEA-nın elmi işçiləri gözlərini dövlətin verdiyi məvacibə dikib, o məvacib isə onu dolandıra bilmir. Amma bir alimin iki ixtirası patentləşdirilib iqtisadiyyatda uğur qazansa, həm iqtisadiyyat, həm ətraf mühit, həm də alim faydalanar. Artıq zaman dəyişib, elmi dərəcə, fəxri titullar bu gün alimə pul qazandıra bilmir, onun qazanc mənbəyi əldə etdiyi uğurlar əsasında ortaya qoyduğu ixtiralar və səmərəli təkliflər olmalıdır. Yalnız bunu bacaran insanları alim adlandırmaq olar.
Yuxarıda qeyd etdiklərimizi reallaşdırdıqdan sonra, anlaşılacaq ki, bizə bu qədər neft, qaz və digər karbohidrogen ehtiyatlarını çıxarmaq belə, səmərəli deyil. Onda neft-qaz heç kimin yadına belə düşməyəcək, çünki neft qaz asanlıqla qazanc gətirsə də, ətraf mühitə sağalmaz yaralar vurur, həlli mümkün olmayan ekoloji problemlər yaradır. İntellektə əsaslanan istehsal texnologiyasının qurulması həm də tükənən resurslara qənaət etmək imkanı yaradır. Resursların qorunması isə xalq təsərrüfatının artmaqda olan tələbatını təmin etmək sahəsində həlledici mənbələrdən səmərəli istifadə, onun bərəkətinin artırılması deməkdir.
Tullantısız istehsal texnologiyasında istehsalın təşkili prinsipi belə anlaşılır:
İlk xammal resursları -"istehsal" - "istifadə" - "təkrar xammal resursları" - "təkrar istehsal" dövriyyəsi ekoloji tarazlığı pozmadan xammalın bütün komponentlərindən, bütün enerji növlərindən səmərəli istifadə olunması üzrə qurulmuşdur. Tullantısız istehsal bir fabrik, zavod, kiçik bir sahə, region, nəticədə bütün xalq təsərrüfatı üçün yaradıla bilər. Bu proses pillə-pillə irəlilədikcə daha ağrısız və daha səmərəli olur. Əvvəl bir istehsal müəssisəsindən başlayıb, təcrübəni bütün sahəyə yaymaq, sonra isə bu təcrübəni digər sahələrə modifikasiya etməklə regionlaşdırmaq, növbəti mərhələdə isə bütün xalq təsərrüfatı sahələrinə yaymaq gərəkdir.
Dostları ilə paylaş: |