İş № 2(107)-1047/2016
Azərbaycan Respublikası adından
QƏTNAMƏ
15 avqust 2016-cı il Şəki şəhəri.
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası
hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində,
hakimlər Əliyev Rəfail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə,
məhkəmə iclasnın katibi Əfəndizədə Həmdiyyə Natiq oğlunun katibliyi,
iddiaçı Həsənli Ruslan Qüdrət оğlunun nümayəndəsi və vəkili Şamxalov Tahir Camal oğlunun iştirakı
ilə,
iddiaçı Həsənli Ruslan Qüdrət оğlunun cаvаbdeh Əhmədova Jalə Zabid qızına qаrşı «uşaq ilə
görüş tələbinə dаir» ilk iddiası, Əhmədova Jalə Zabid qızının Həsənli Ruslan Qüdrət oğluna qarşı
«uşaqla görüş vaxtının müəyyən edilməsinə dair» qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon
Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qətnaməsindən iddiaçı Həsənli Ruslan Qüdrət оğlu tərəfindən
verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq
müəyyən etdi:
İddiaçı Həsənli Ruslan Qüdrət oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh
Əhmədova Jalə Zabid qızına qarşı “uşaq ilə görüş tələbi” üzrə, Əhmədova Jalə Zabid qızı isə qarşılıqlı
iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Həsənli Ruslan Qüdrət oğluna qarşı “uşaqla görüş
vaxtının müəyyən edilməsinə dair” qətnamə çıxarılmasını xahiş etmişlər.
Qax Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli 2(024)-300 nömrəli qətnaməsi ilə (hakim
A.Q.Kiçibəyov) iik iddia qismən, qarşılıqlı iddia tam təmin edilmiş, iddiaçı Həsənli Ruslan Qüdrət
oğluna 03.08.2012-ci il təvəllüdlü oğlu Həsənli İbrahim Ruslan oğlu ilə hər həftənin cümə günü saat
16:00-dan 18:00-dək Qax Rayon Məhkəməsinin həyətində ünsiyyət saxlamaq hüququ verilmişdir.
İşin halları
İddiaçı Həsənli Ruslan Qüdrət oğlu birinci instansiya məhkəməsinə iddiа ərizəsi ilə mürаciət
edərək, cavabdeh Əhmədova Jalə Zabid qızının himayəsində olan 03.08.2012-ci il təvəllüdlü oğlu
Həsənli İbrahim Ruslan oğlu ilə fasiləsiz, yəni gecələr də daxil olmaqla hər həftənin şənbə və bazar
günləri, həmçinin bayram günləri maneəsiz görüşmək hüququnu təmin edən qətnamə çıxarılmasını
xahiş etmişdir.
Əhmədova Jalə Zabid qızı dа həmin məhkəmədə Həsənli Ruslan Qüdrət oğluna qarşı sonuncuya
03.08.2012-ci il təvəllüdlü oğlu Həsənli İbrahim Ruslan oğlu ilə hər həftənin cümə günü saat 16:00-
dan 18:00-dək Qax Rayon Məhkəməsinin həyətində görüş təyin edilməsi tələbinə dair qarşılıqlı iddia
irəli sürmüşdür.
Mülki işin məhkəmə baxışı zamanı iddiaçı R.Həsənli öz iddia tələbini müdafiə etmiş, cavabdeh
J.Əhmədova isə həmin iddianı qismən qəbul etmişdir.
2
Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Həsənli Ruslan Qüdrət oğlu izahat verərək
göstərmişdir ki, o və cavabdeh Əhmədova Jalə Zabid qızı aralarındakı nikahı 08.10.2011-ci ildə Bakı
şəhəri Xətai rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan onların
03.08.2012-ci il tarixdə İbrahim adlı uşaqları anadan olmuşdur. Evləndikdən sonra cavabdehlə
münasibətləri həmişə yaxşı olmuş, lakin sonradan aralarında narazılıqlar yaranmış və Qax Rayon
Məhkəməsinin 22.01.2016-cı il tarixli 2(024)-05 saylı qətnaməsinə əsasən aralarındakı nikah qeydi
ləğv edilmişdir. Ayrıldıqdan sonra uşaq cavabdehin himayəsində qalmışdır. Cavabdeh onun uşaqla
ünsiyyətdə olmasını çətinləşdirir. Belə olan halda o, məhkəməyə müraciət etməli olmuşdur.
Göstərdiklərini nəzərə alaraq məhkəmədən onun 03.08.2012-ci ildə anadan olmuş Həsənli İbrahim
Ruslan oğlu ilə fasiləsiz, yəni gecələr də daxil olmaqla hər həftənin şənbə və bazar, habelə bayram
günləri maneəsiz ünsiyyətdə olmaq hüququnun təmin olunması öhdəliyinin cavabdeh Həsənli Jalə
Zabid qızının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Əhmədova Jalə Zabid qızı izahat verərək
göstərmişdir ki, o, iddiaçı Həsənli Ruslan Qüdrət oğlu ilə nikahlarını 08.10.2011-ci ildə Bakı şəhəri
Xətai rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmiş, birgə nikahdan onların 03.08.2012-ci il tarixdə
İbrahim adlı uşaqları anadan olmuşdur. Evləndikdən sonra iddiaçı ilə münasibətləri əsasən yaxşı
olmuşdur. Lakin sonradan aralarında narazılıqlar baş vermiş və Qax Rayon Məhkəməsinin 22.01.2016-
cı il tarixli 2(024)-05 saylı qətnaməsinə əsasən aralarındakı nikah qeydi ləğv edilmişdir. Birgə
nikahdan doğulmuş uşaq onun himayəsindədir. İddiaçı Həsənli Ruslan Bakı şəhərində, o isə uşaqla
Qax şəhərində atasının evində yaşayır. Qaxla Bakı arasında 420 km məsafə var, uşaqla iddiaçının
istədiyi vaxt görüşməsi mümkün deyil. Uşağa özü baxır, uşağın bütün qayğılarını çəkir. Uşağın atası
isə uşağının maddi ehtiyaclarını belə ödəmir. Bundan başqa, uşaq xəstədir, ağır bronxial astma
xəstəliyi var, 2012-ci ildən allerqoloqun nəzarətində müalicə olunur. Uşağa xəstəliyi ilə əlaqədar daim
nəzarət etmək və müalicə tələb olunur. İddiaçının istədiyi kimi, uşaqla istədiyi vaxt, hətta gecələr də
görüşməsi mümkün deyil. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Həsənli Ruslan Qüdrət oğlunun
03 avqust 2012-ci il tarixdə doğulmuş Həsənli İbrahim Ruslan oğlu ilə hər həftənin cümə günləri saat
16:00-dan 18:00-dək Qax Rayon Məhkəməsinin həyətində görüş təyin edilməsi barədə qətnamə
çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsinin iclasında maraqlı şəxs Qax rayon İcra Hakimiyyəti yanında Yaş
bərpası, qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Muradlı Yeganə Rəfail qızı izahat
verərək göstərmişdir ki, iddiaçı R.Həsənli qanunvericilikdən irəli gələn uşaqla ünsiyyət saxlamaq
hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etdikdən sonra məhkəmə tərəfindən Qax rayon
İcra Hakimiyyəti yanında Yaş bərpası, qəyyumluq və himayəçilik komissiyası işə cəlb edilmiş,
komissiya tərəfindən göstərilən məsələ bir daha araşdırılmış və azyaşlı İbrahimin atası ilə görüşməsi
uşağın mənafeyi baxımından məqbul hesab edilərək belə ünsiyyət hüququna mane olacaq hər hansı hal
aşkar edilməmişdir. O, azyaşlı uşağın və valideynlərinin mənafeləri nəzərə alınmaqla iddianın qanuni
həll edilməsini xahiş etmişdir.
İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır.
Qax Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qətnaməsindən iddiaçı Həsənli Ruslan
Qüdrət оğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, 03.08.2012-ci il tarixdə anadan
olmuş oğlu İbrahimlə həftənin şənbə və bazar günləri, həmçinin bayram günləri fasiləsiz, yəni gecələr
də daxil olmaqla görüş verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
Apellyasiya şikayəti iddiaçı Həsənli Ruslan Qüdrət оğlu tərəfindən onunla əsaslandırılmışdır ki,
Qax Rayon Məhkəməsi işə baxarkən məhkəmənin gəlidiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün
faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti
olan hallar məhkəmə tərəfindən sübut olunmamış, qeyri-mötəbər, ziddiyətli və aid olmayan sübutlarla
əsaslandırılmış və nəticədə tamamailə qanunsuz və əsassız olan qətnamə qəbul edilmişdir. Buna görə
də Qax Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini, ona 03.08.2012-
ci ildə anadan olmuş oğlu İbrahimlə həftənin şənbə və bazar günləri, həmçinin bayram günləri fasiləsiz
olaraq gecə də daxil olmaqla görüş verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
3
Apellyasiya məhkəməsinin iclasında iddiaçı Həsənli Ruslan Qüdrət оğlunun nümayəndəsi və
vəkili Şamxalov Tahir Camal oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun
təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
İddiaçı Həsənli Ruslan Qüdrət оğlu, cаvаbdeh Əhmədova Jalə Zabid qızı və maraqlı şəxs Qax
rayon İcra Hakimiyyəti yanında Yaş bərpası, qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi
məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq
məhkəmə iclаsınа gəlməmişlər. Cаvаbdeh Əhmədova Jalə Zabid qızı teleqram və ərizə ilə məhkəmə
kollegiyasına müraciət edərək 15.08.2016-cı il tarixdə Bakı şəhərində olacağından məhkəmə iclasında
iştirak edə bilməyəcəyini, iddiaçının şikayətinə etiraz etdiyini və məhkəmə qətnaməsinin
dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-
nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iddiaçı
Həsənli Ruslan Qüdrət оğlunun nümayəndəsi və vəkili Şamxalov Tahir Camal oğlunun izahatını
dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib
hesab edir ki, iddiaçı Həsənli Ruslan Qüdrət оğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin
edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilməlidir.
Hüquqi məsələlər
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya
instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar
əsasında mahiyyəti üzrə baxır.
Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci
instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən
hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda
ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin
dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini
yoxlayır.
İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.10.2012-
ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03.08.2012-ci il tarixdə anadan
olmuş Həsənli İbrahim Ruslan oğlunun atası Həsənli Ruslan Qüdrət oğlu, anası isə Əhmədova Jalə
Zabid qızıdır.
İş materiallarına əlavə edilmiş “Atlas Medikal Centr” MMC tərəfindən 26.10.2016-cı il tarixdə
verilmiş 07594 saylı arayışdan görünür ki, 03.08.2012-ci il təvəllüdlü Həsənli İbrahim Ruslan oğlu
ağır bronxial astma xəstəliyindən əziyyət çəkir.
İş materialları ilə müəyyən edilir ki, tərəflər aralarındakı nikahı 08.10.2011-ci ildə Bakı şəhəri
Xətai rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Onların birgə nikahdan 03.08.2012-ci il
tarixdə İbrahim adlı uşaqları anadan olmuşdur. Evləndikdən bir müddət sonra tərəflər arasında
narazılıqlar baş vermiş və Qax Rayon Məhkəməsinin 22.01.2016-cı il tarixli 2(024)-05 saylı
qətnaməsinə əsasən onların nikah qeydi ləğv edilmişdir. Birgə nikahdan anadan olmuş uşaq -
03.08.2012-ci il təvəllüdlü Həsənli İbrahim Ruslan oğlu cavabdeh J.Əhmədovanın himayəsində
qalmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsində uşağın valideynləri və yaxın qohumları ilə
ünsiyyət saxlamaq hüququnun birmənalı olaraq təsbit edilməsinə baxmayaraq cavabdeh Jalə
Əhmədova azyaşlı İbrahimin atası ilə görüşməsinə mane olaraq, ünsiyyətin təmin edilməsi üçün lazımi
şərait yaratmamışdır. Buna görə də iddiaçı Ruslan Həsənli hazırkı iddia ərizəsi ilə Qax Rayon
Məhkəməsinə müraciət etmişdir.
Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli və ədalətli qərar qəbul edilməsi
məqsədilə Qax rayon İcra Hakimiyyəti yanında Yaş bərpası, qəyyumluq və himayəçilik komissiyasını
işə cəlb etmiş və komissiya tərəfindən iddiaçı R.Həsənlinin azyaşlı İbrahimlə ünsiyyətinin təmin
edilməsi məqbul hesab edilmişdir. Bununla yanaşı, məhkəmə nəzərə almağı zəruri hesab etmişdir ki,
azyaşlı Həsənli İbrahim Ruslan oğlu ağır bronxial astma xəstəliyindən əziyyət çəkir, bundan əlavə,
uşağın atası Bakı şəhərində, anası isə Qax rayonunda yaşayır. Uşağın atası ilə maneəsiz görüşməyə
şərait yoxdur. Eyni zamanda, Respublikada həftənin şənbə və bazar günləri qeyri-iş günləri müəyyən
4
edilmişdir. Əgər iddiaçı R.Həsənlinin bu tələbi təmin olunarsa, məhkəmə qətnaməsinin icrası
nəzarətsiz qalmış olar. Lakin uşağın atası ilə əlaqəsinin kəsilməsi onun hərtərəfli inkşafına mənfi təsir
göstərə bilər. Odur ki, məhkəmə hazırkı iş üzrə azyaşlının valideynləri arasındakı kəskin
narazılıqlardan əziyyət çəkməməsini nəzərə alaraq, iddiaçı R.Həsənlinin azyaşlı oğlu İbrahimlə
görüşünün hər həftənin cümə günləri saat 16:00-dan 18:00-dək Qax Rayon Məhkəməsinin həyətində
müəyyən edilməsini uşağın mənafeyinə uyğun hesab etmişdir.
Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır.
Belə ki, Azərbaycan Respublikası Konistitusiyasının 17-ci maddəsinin II hissəsinə əsasən,
uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 56.1-ci mаddəsinə əsasən, vаlideynlər öz uşаqlаrı
bаrəsində bərаbər hüquq və vəzifələrə mаlikdirlər.
Аilə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd
həyata keçirilə bilməz.
Həmin Məcəllənin 61-ci maddəsinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət
hüququna, uşaqların tərbiyyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna
malikdir.
“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar
qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali
Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 nömrəli Qərarının 1-ci bəndində
göstərilir ki, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun
olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı
məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn
uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın
ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata
keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə,
mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra
hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi
və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Uşaqlardan ayrı
yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla
nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə
almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla
ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.
Həmin Qərarın 2-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, məhkəmələr uşaqla
ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın
olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha
çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır.
Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində
uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi göstərilə bilər.
Həmin Qərarın 9-cu bəndində izah olunur ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər
vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra
məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması
və ya həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər.
Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi iddia tələbini formal olaraq
təmin etmiş, iddiaçının öz uşağı ilə görüş və ünsiyyət hüququna həddindən artıq və yetərincə əsaslı
olmayan məhdudiyyətlər qoymuşdur. Belə ki, uşaqla görüş və ünsiyyətin Qax Rayon Məhkəməsinin
həyətində icra məmurunun nəzarəti altında keçirilməsinin müəyyən olunması qanuna uyğun sayıla
bilməz. Valideynin uşaqla görüşü və ünsiyyəti onlar üçün sərbəst və kənar müdaxilə olmayan şəraitdə
həyata keçirilməlidir. Əgər məhkəmə uşağın valideyni ilə nəzarət altında görüşməsini zəruri hesab
edirsə, bunun uşaq üçün hansı təhlükə və ya mənfi nəticələrlə əlaqədar olmasını əsaslandırmalı, belə
səbəblər olmadıqda isə ünsiyyət hüququnun həyata keçirilməsini qeyd olunan şərtlərlə
məhdudlaşdırmamalıdır. Digər tərəfdən, uşaqla görüş gününün qeyri-iş gününə müəyyən olunması hər
iki valideynin maraqlarına daha uyğun hesab edilməlidir. Xüsusən də iddiaçı-atanın Bakı şəhərində
yaşaması, əmək fəaliyyətindən sərbəst vaxtının qeyri-iş günlərində olduğu nəzərə alınsa, onun Qax
şəhərində uşağı ilə görüşə gəlmək imkanı məhz şənbə və bazar günlərində mümkün ola bilər.
5
Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsinin hər
həftənin cümə gününə müəyyən etdiyi görüş günü və görüşün keçirilmə yeri ilə razılaşmamaqda
haqlıdır.
Eyni zamanda məhkəmə kollegiyası 03.08.2012-ci il təvəllüdlü Həsənli İbrahim Ruslan oğlunun
yaşını, bu yaşda anaya daha çox bağlılığını, ana qayğısına və qulluğuna ehtiyacını, ağır bronxial astma
xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq onun uzun müddətə və xüsusən də gecələr daimi yaşayış
yerindən uzaqlaşdırılmasını, anasından ayrı saxlanılmasını məqsədəuyğun hesab etmir. Belə hallar
azyaşlı uşağın sağlamlığına və psixi durumuna mənfi təsir göstərə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə müvafiq olaraq
dövlət orqanları uşaqla bağlı bütün məsələləri uşağın mənafelərinin üstün tutulması baxımından həll
etməlidirlər.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə
valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi
qiymətləndirilir.
Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, işin halları və
03.08.2012-ci il təvəllüdlü Həsənli İbrahim Ruslan oğlunun mənafeyi baxımından iddiaçı Həsənli
Ruslan Qüdrət oğlunun həmin uşağı ilə görüşünün hər həftənin şənbə günü saat 14:00-dan 17:00-a
kimi Qax şəhərində müəyyən olunması məqsədəuyğundur.
Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə əsasən,
məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi
istinаd etdiyi hаllаrı sübut etməlidir.
Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin
edilməli, Qax Rаyоn Məhkəməsinin 23 iyun 2016-cı il tarixli 2(024)-300 nömrəli qətnaməsi
dəyişdirilməli, iddiaçı Həsənli Ruslan Qüdrət oğlunun 03.08.2012-ci il təvəllüdlü oğlu Həsənli İbrahim
Ruslan oğlu ilə görüşü hər həftənin şənbə gününə saat 14:00-dan 17:00-a kimi Qax şəhərinə təyin
edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384,
387, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Həsənli Ruslan Qüdrət oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin.
İş üzrə Qax Rаyоn Məhkəməsinin 23 iyun 2016-cı il tarixli 2(024)-300 nömrəli qətnaməsi
dəyişdirilsin.
İddiaçı Həsənli Ruslan Qüdrət oğlunun 03.08.2012-ci il təvəllüdlü oğlu Həsənli İbrahim Ruslan
oğlu ilə görüşü (ünsiyyətdə olması) hər həftənin şənbə gününə saat 14:00-dan 17:00-a kimi Qax
şəhərinə təyin edilsin.
Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın.
Qətnamədən, surəti rəsmi qaydada verildiyi gundən 2 (iki) ay müddətində Şəki Apellyasiya
Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya
şikayəti verilə bilər.
Qətnamədən şikаyət verilmədiyi hаldа qəbul edildiyi gündən 2 (iki) аy keçdikdə qanuni qüvvəyə
minir.
Sədrlik edən: /imza/
Hаkimlər: /imzalar/
Əsli ilə düzdür
İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Dostları ilə paylaş: |