AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Q Ə R A R D A D
SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİNİN
MÜLKİ KOLLEGİYASI
29 iyul 2016-cı il
İş № 2(105)-1966/2016
Sumqayıt şəhəri
Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli
oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Məmmədova
Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, maraqlı
şəxs Sumqayıt şəhər Səhiyyə şöbəsi Psixiatriya Xəstəxanasının nümayəndəsi Bəbirov Elzibar
Eldar oğlunun iştirakı ilə,
Ərizəçi Nəciyev Şirvan Sənham oğlunun maraqlı tərəflər Nəciyeva Vüsalə Şirvan qızı
və Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinə şəxsin psixiatriya stasionarına qeyri-
könüllü yerləşdirilməsi tələbinə dair Sumqayıt şəhər məhkəməsinin 2(060)8959/2016 saylı,
26 may 2016-cı il tarixli qərardadından ərizəçi Nəciyev Şirvan Sənham oğlu tərəfindən
verilmiş şikayət üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq
məhkəmə iclasında apellyasiya qaydasında baxaraq,
MÜƏYYƏN ETDİ
Sumqayıt şəhər məhkəməsinin 26 may 2016-cı il tarixli qərardadı ilə (hakim
E.Məmmədov) ərizəçi Nəciyev Şirvan Sənham oğlunun maraqlı tərəflər Nəciyeva Vüsalə
Şirvan qızı və Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinə qarşı Nəciyeva Vüsalə
Şirvan qızının psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi tələbinə dair ərizəsinin və
ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
Ərizəçi Nəciyev Şirvan Sənham oğlu qərardaddan şikayət vermişdir.
Sumqayıt şəhər məhkəməsinin 28 iyun 2016-cı il tarixli qərardadı ilə şikayətin təmin
edilməməsi, Sumqayıt şəhər məhkəməsinin 26.05.2016-cı il tarixli 2(060)8959/2016 saylı
qərardadının dəyişdirilmədən saxlanılması, ərizəçi Nəciyev Şirvan Sənham oğlunun Sumqayıt
şəhər məhkəməsinin 26.05.2016-cı il tarixli 2(060)8959/2016 saylı qərardadından verdiyi
şikayət ərizəsinin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə
göndərilməsi qərara alınmışdır.
İŞİN HALLARI
Ərizəçi Şirvan Sənham oğlu maraqlı şəxslər Nəciyeva Vüsalə Şirvan qızına və Sumqayıt
şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək,
Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 10, mənzil 39 ünvanında qeydiyyatda olan 19 may
1977-ci il təvəllüdlü Nəciyeva Vüsalə Şirvan qızının psixiatriya stasionarına qeyri-könüllü
yerləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 10,
mənzil 39 ünvanında qeydiyyatda olan 19 may 1977-ci il təvəllüdlü Nəciyeva Vüsalə Şirvan
qızı onun qızıdır. O, uşaq vaxtlarında əsəb xəstəliklərindən əziyyət çəkmişdir. Uzun müddət
onu müalicə etdirsələr də, qız olduğu üçün dispanserdə qeydiyyata aldırmamışlar ki,
gələcəyinə problem olmasın. Lakin mütəmadi olaraq ev şəraitində müalicəsini davam
etdirmişlər. 25 fevral 2001-ci ildə o, rəsmi nikaha daxil olaraq ailə qurmuş, Nihad adlı övladı
olmuş, lakin 2009-cu ildə ailəsindən boşanmışdır. O, nikahda olduğu müddətdə onlar onu
qeyri-xəstəxana şəraitində müalicə etmişlər. Boşandıqdan sonra övladı ilə birlikdə onlarda
yaşamış və 2014-cü ildə uşağını da götürərək evdən qaçıb getmişdir. Onu taparaq evə
qaytarsa da, yenidən evdən qaçaraq getmişdir. Hazırda Bakı şəhəri Nizami rayonu ərazisində
yaşayır, əqli yerində olmadığı üçün özünü müxtəlif şəxslərə vəzifəli şəxs kimi təqdim edir,
insanlara problemlər yaradır. Hamı da onun qeydiyyatda olduğu ünvan üzrə gələrək ona
şikayət edirlər. Ona görə da hazırkı ərizə ilə məhkəməyə müraciət edir.
İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
ŞİKAYƏTİN DƏLİLLƏRİ
Ərizəçi Nəciyev Şirvan Sənham oğlu Sumqayıt şəhər məhkəməsinin 26 may 2016-cı il
tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətə
baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
O, şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qərardadını ərizədə şəxsin stasionara
yerləşdirilməsi barədə əsaslar sadəcə göstərilməməli, həmin əsasları təsdiq edən sübutlar da
öz əksini tapmalıdır. Məhkəm öz mövqeyini Psixiatriya yardımı haqqında Qanunun 11-ci
maddəsi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır.
Belə ki, işdə sübutları olmaması şəxsin tələbinin rədd edilməsi üçün əsas ola bilər, ərizənin
geri qaytarılması üçün yox. Bundan əlavə digər qərardadla sənədlər geri qaytarılanda, həmin
qərardadda göstərilən çatışmamazlıqlar aradan qaldırılaraq yenidən müraciət olunmuşdur.
Əgər belə nöqsanlar vardısa ilk dəfə ərizə geri qaytarılanda həmin nöqsanlar göstərilməli idi.
İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATI
Məhkəmə kollegiyasının iclasında dindirilən maraqlı şəxs Sumqayıt şəhər Səhiyyə
şöbəsi Psixiatriya Xəstəxanasının nümayəndəsi Bəbirov Elzibar Eldar oğlu şikayətin təmin
edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ərizəçi Nəciyev Şirvan Sənham
oğluna, nümayəndəsi Qasımlı Anar Elman oğluna və maraqlı şəxs Nəciyeva Vüsalə Şirvan
qızına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar
məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-
nin 376.2. və 397.2. maddələrinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını
mümkün hesab etdi.
İş materiallarını, məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin
dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli,
Sumqayıt şəhər məhkəməsinin 26 may 2016-cı il tarixli və onunla bağlı 28 iyun 2016-cı il
tarixli qərardadları ləğv edilməlidir.
HÜQUQİ MƏSƏLƏLƏR
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən
apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin
maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası
məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya
üçün müəyyən olunmuş qaydada baxır.
Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmasını iddia ərizəsinin forma və
məzmununa riayət etməməsi ilə əsaslandırmışdır.
Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və
əsaslı hesab etmir.
Ərizədən görünür ki, o, övladı olan Nəciyeva Vüsalə Şirvan qızının əqli yerində
olmadığı üçün özünü müxtəlif şəxslərə vəzifəli şəxs kimi təqdim edərək, insanlara problemlər
yaratdığından və hamının da onun qeydiyyatda olduğu ünvan üzrə gələrək ona şikayət
etdiklərindən psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə qətnamə qəbul
edilməsini xahiş etmişdir.
2
Mülki Prosessual Məcəllənin 335.1. maddəsinə əsasən şəxsin psixiatriya stasionarına
qeyri-könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə
psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin
yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.
Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı şəxsin psixiatriya stasionarına qeyri-
könüllü yerləşdirilməsi barədə ərizəni ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya
müəssisəsinin rəhbəri verə bilər. Ş.Nəciyevin ərizəsinin mahiyyəti övladının qeyri-könüllü
şəxsin psixiatriya stasionarında yerləşməsinə yönəlmişdir. O, ərizəsində övladının əqli
yerində olmadığı üçün özünü müxtəlif şəxslərə vəzifəli şəxs kimi təqdim etdiyini, insanlara
problemlər yaratdığını və həmin şəxsin onun qeydiyyatda olduğu ünvan üzrə gələrək ona
şikayət etdiklərini göstərmişdir. Şəxsin əqli yerində olmaması hər hansı sübutla deyil, yalnız
müvafiq psixiatriya müayinəsi və zərurət yaranarsa müvafiq ekspertiza keçirilməklə müəyyən
edilə bilər.
Şəxsin stasionarda yerləşməsi üçün əsasların ərizədə sadəcə göstərilməsi ilə
kifayətlənməməli, həmin əsasları təsdiq edən sübutları ərizəyə əlavə etməməsinə görə
ərizənin forma və məzmununa riayət edilməməməsi nəticəsinə gəlməklə ərizənin geri
qaytarılması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası
qanuni və əsaslı hesab etmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə,
apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan
məsələni həll etmək hüququna malikdir.
Mülki Prosessual Məcəllənin 152.3. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması
haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə
müraciət edildiyi gündən verilmiş hesab edilir.
Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər
məhkəməsinin 26 may 2016-cı il tarixli və onunla bağlı 28 iyun 2016-cı il tarixli qərardadları
ləğv edilməli və ərizə icraata qəbul edilməlidir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399,
400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Ərizəçi Nəciyev Şirvan Sənham oğlunun şikayəti təmin edilsin.
Sumqayıt şəhər məhkəməsinin 26 may 2016-cı il tarixli və onunla bağlı 28 iyun 2016-cı
il tarixli qərardadları ləğv edilsin.
Ərizə icraata qəbul edilsin.
Mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilsin.
Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt
Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki
kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: imza
Hakimlər: imzalar
Əsli ilə düzdür
Hakim
Səyyad Qafari
3
Sədrlik edən
Səyyad Qafari
Hakimlər
Elman Rəhimov
Lətifə Məmmədova
4
Dostları ilə paylaş: |