AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Q Ə T N A M Ə
AZƏRBAYCAN RESPUBLİKASI
SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİNİN
MÜLKİ KOLLEGİYASI
28 noyabr 2016-cı il
№ 2(105)-2803/2016
Sumqayıt şəhərində
Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi,
Hakimlər Hüseyn Əmir oğlu Nəbiyev və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə,
Zümrüd Ruslan qızı Abbaslının katibliyi,
Ərizəçi: Şirvan Sənham oğlu Nəciyev,
Maraqlı tərəfin nümayəndəsi: Əhməd Məhəmməd oğlu Şirinzadənin iştirakları ilə,
Ərizəçi Nəciyev Şirvan Sənham oğlunun şəxsin psixiatriya stasionarına qeyri-könüllü
yerləşdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2016-cı il
tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında
baxaraq
M Ü Ə Y Y Ə N
E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim
T.N.Mahmudova) ərizəçi Nəciyev Şirvan Sənham oğlunun Nəciyeva Vüsalə Şirvan qızının
psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizəsinin təmin edilməməsi qət
edilmişdir.
İ Ş İ N H A L L A R I:
Ərizəçi Nəciyev Şirvan Sənham oğlu şəxsin psixiatriya stasionarına qeyri-könüllü
yerləşdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 12-ci
mikrorayon, ev 10 ünvanında qeydiyyatda olan 19 may 1977-ci il təvəllüdlü qızı Nəciyeva Vüsalə
Şirvan qızının psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə qətnamə çıxarılmasını
xahiş etmişdir.
Ərizəçi ərizəsində göstərmişdir ki, V.Nəciyeva uşaq yaşlarından əsəb xəstəliklərindən əziyyət
çəkib. Uzun müddət müalicə alsa da, qız olduğu üçün gələcəyini nəzərə alıb dispanserdə qedyiyyata
aldırmayıblar. 2001-ci ilin fevral ayının 25-də rəsmi nikaha daxil olub və nikahdan 1 övladı doğulub.
Lakin, 2009-cu ildə ailəsindən boşanıb. Boşandıqdan sonra övladı ilə ərizəçinin evində yaşayıb.
Nikahda olduğu müddətdə o, xəstəxana şəraitində müalicə alıb. 2014-cü ildə uşağını da götürüb
evdən qaçsa da, onu yenidən evlərinə qaytarıblar. Sonra yenidən evdən gedib. Hazırda Bakı şəhəri,
Nizami rayonu ərazisində yaşayır. Əqli yerində olmadığı üçün, özünü vəzifəli şəxs kimi təqdim
edərək, insanlara müxtəlif problemlər yaradır. İnsanlar isə onun qeydiyyatda olduğu ünvan üzrə gəlib,
ərizəçiyə şikayət edirlər. Odur ki, onun psixiatriya müəssisəsinə yerləşdirilməsi zərurəti yaranıb.
Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
VƏ TƏRƏFLƏRİN İZAHATLARI:
Ərizəçi Ş.S.Nəciyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya
məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgun tətbiq etməmiş və işin
faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli
məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. İşə baxılarkən iş üzrə müvafiq
ekspertiza təyin edilərək ekspertin rəyindən asılı olaraq qərar qəbul edilməlidir. Lakin birinci
instansiya məhkəməsi ərizəyə baxarkən verdiyi vəsatət təmin olunmamış və şəxsin psixiatrik
ekspertizadan keçirilməsi barədə qərardad çıxarılmamışdır. Məhkəmə qətnaməsini onunla
əsaslandırmışdır ki, o öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edən dəlillərini məhkəməyə
təqdim etməmişdir. Həmin rəyi isə, o müstəqil qaydada əldə edə bilməmişdir. Hazırki ərizə ilə
məhkəməyə müraciət etməkdə heç bir pis niyyəti yoxdur. Bir ata kimi öz qızının psixi pozuntusuna
görə, özünü ailəsinə layiq şəkildə aparmamasından mənəvi əzab çəkir. Övladının və onun övladının
gələcəyini düşünüb bu addımı atmağa məcbur olmuşdur və bütün digər ailə üzvlərinin də bundan
xəbəri vardır. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 14 sentyabr 2016-cı il tarixli qətnaməsini
ləğv edərək, 19 may 1977-ci il təvəllüdlü Nəciyeva Vüsalə Şirvan qızının psixiatriya stasionarına
qeyri-könüllü yerləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Ərizəçi Ş.S.Nəciyev apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya
şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi.
Maraqlı tərəf Sumqayıt Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin nümayəndəsi
Ə.M.Şirinzadə apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun
pozuntusunun olmamasını bildirdi və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi.
İş üzrə maraqlı tərəf V.Ş.Nəciyeva məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada
xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir.
Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri
haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya
məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin
dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara
görə apellyasiya şikayəti təmin edilməməlidir.
H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R:
İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni təmin etməyərkən, ərizəçi
tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməməsinə istinad etmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və
əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur.
Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı
ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə
yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən
mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya
şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət
etməsini yoxlayır.
Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Ş.S.Nəciyevin apellyasiya şikayəti iş
üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona
etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə
məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi
tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə
hüquqi qiymət verilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsinin məzmunundan da
göründüyü kimi, şəxsin psixiatriya müəssisəsinə qeyri-könüllü yerləşdirilməsinə dair işlərə xüsusi
icraat qaydasında baxılır.
Həmin Məcəllənin 335.1.-ci maddəsinə əsasən, şəxsin psixiatriya stasionarına qeyri-
könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya
müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə
məhkəməyə təqdim olunur.
Həmin Məcəllənin 335.2-ci maddəsinə əsasən, Şəxsin psixiatriya stasionarına qeyri-
könüllü yerləşdirilməsi barədə ərizədə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsinə
2
aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir.
Qeyd edilən əsaslar “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununda
müəyyən edilib. Həmin Qanununun 1.0.4-cü maddəsinə əsasən, qeyri-könüllü hospitallaşdırma bu
Qanunla müəyyən edilmiş əsaslar olduqda, cinayət törətməmiş ağır psixi pozuntusu (xəstəlik) olan
şəxsin onun iradəsindən asılı olmayaraq bu Qanunla və Azərbaycan Respublikasının Mülki-
Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında psixiatriya
müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməlidir.
Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, psixiatriya stasionarına yerləşdirmək üçün əsas
şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında
həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi, qeyri-könüllü hospitallaşdırma zamanı isə
məhkəmənin qətnaməsidir. Psixi pozuntusu olan şəxsin psixiatriya stasionarına yerləşdirilməsinə
yalnız ambulator müalicənin məqsədəuyğun olmadığı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi
üçün stasionardankənar yardımın səmərəsiz olduğu hallarda icazə verilir.
Göründüyü kimi, şəxsin psixiatriya stasionarına yerləşdirilməsi üçün onun psixi pozuntudan
əziyyət çəkməsi və pozuntunun stasionar qaydada müalicəsinin zəruriliyi əsaslandırılmalıdır. Halbuki,
ərizədə bu hallar əsaslandırılmayıb.
Bununla yanaşı, ərizədə V.Nəciyevanın əqli problemləri üzündən üçüncü şəxslərə çətinlik
yaratdığını, həmin şəxslərin isə ərizəçiyə şikayət etdikləri qeyd edilsə də, bununla bağlı məhkəməyə
heç bir sübut təqdim edilməmişdir.
Məhkəmə kollegiyasının iclası zamanı müəyyən edilmişdir ki, ərizəçi qızı V.Nəciyevanın
stationar qaydada müalicə olunmasının zəruriliyini ərizədə qeyd etdikləri ilə deyil, ona gələcəkdə onun
tərəfindən əmlak bağışlayacağı və əmlakın idarə olunması üçün onun əqli cəhətdən sağlam olmasını
istəməsi ilə əsaslandırmışdır.
Məhkəmə kollegiyasının iclası zamanı müəyyən edilmişdir ki, hazırkı işdə V.Nəciyevanın
psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş
əsaslardan heç biri mövcud deyil. Belə olan halda, məhkəmə birinci instansiya məhkəməsi tərəfindən
ərizənin təmin olunmamasını düzgün hesab edir.
Bundan başqa məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, ərizəçinin qızı V.Nəciyeva
hazırda ikinci dəfə özündən 14 yaş kiçik bir şəxslə ailə qurmasına, oğlunu ərizəçi və onun ailəsinə
göstərməməsi ilə əlaqədar olaraq, ərizəçi Ş.Nəciyev qızının psixi durumunun pis olduğunu nəzərə
alıb, bu ərizə ilə məhkəməyə müraciət etmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 338.1.-ci maddəsinə əsasən, işə
mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul
edir.
Məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində göstərdiyi məhkəmənin onun
tərəfindən verilmiş iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatətinin təmin olunmaması barədə
gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, göstərilən dəlil qəbul edilə bilməz, belə ki, iş
materiallarında ərizəçi tərəfindən birinci instansiya məhkəməsinə vəsatətin verilməsi sübuta
yetirilməmişdir.
Beləliklə, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də
araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni
və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi
üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya
şikayəti isə təmin edilməməlidir.
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci
maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Ərizəçi Nəciyev Şirvan Sənham oğlunun apellyasiya şikayəti təmin edilməsin.
Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 14 sentyabr 2016-cı il tarixli 2(060)-8959/2016 saylı
qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi
gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
3
Qətnamədən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi
vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə
bilər.
Sədrlik edən: imza
Hakimlər: imzalar
Əsli ilə düzdür,
Sədrlik edən
Gülnarə Tağızadə
4
Sədrlik edən
Gülnarə Tağızadə
Hakimlər
Hüseyn Nəbiyev
Telman Quliyev
5
Dostları ilə paylaş: |