AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRİNİN
ƏMRİ
AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49, Tel: (012) 496-34-83
№ 1404
15 İyul 2011-ci il
Qanunun elan edilməsi və icrası
barədə
"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-İVQD
nömrəli Qanununu elan edirəm:
"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasənqərara alır:
Azərbaycan Respublikası Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər
edilsin:
1. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:
"Maddə 10-1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın
yaş həddi
10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş
həddi 65-dir.
10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış
işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri
tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5
ildən çox uzadılmasına yol verilmir.
10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət
büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti
müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə
tutulmuş müddətdən artıq uzadıla bilər.
10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq
müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin
ümumi sayının 15 faizindən artıq ola bilməz.
10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir
müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin
işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100
nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə
qədər yuvarlaqlaşdırılır.
10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin
çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir".
2. 70-ci maddənin "d" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda "e" bəndi əlavə edilsin:
"e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş
həddinə çatdıqda.".
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il. № 127-İVQD"
Qanunun icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanunu rəhbərlik və icra üçün qəbul
edilsin.
2. Aparatın rəhbəri (İ.Pirməmmədov), Strateji təhlil, planlaşdırma və kadrların
idarə olunması şöbəsi (F.Qədirov), Kənd rayonları üzrə Ümumi təhsil şöbəsi
(A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Ali və orta ixtisas təhsili şöbəsi
(İ.Mustafayev), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov), Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov), Məktəbəqədər təhsil
sektoru (N.Alnağıyeva), Hüquq sektoru (E.Həsənov) ilə birlikdə:
2.1.Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə uyğun olaraq Təhsil Nazirliyinin
nomenklaturasına əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil
işçilərinin siyahısını hazırlayıb rəhbərliyə təqdim etsinlər.
3. Əmək Məcəlləsinin 10-1.3-cü maddəsinə uyğun olaraq təhsil sahəsinin
inkişafında xüsusi xidmətləri olan 65 yaşına çatmış işçilərin çalışma müddətinin
Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadılması ilə
əlaqədar təkliflərini hazırlayıb rəhbərliyə təqdim etsinlər.
4. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində yaş
həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin
uzadılması zamanı aşağıdakı meyarları nəzərə alsınlar:
-son 1ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi;
-elmi dərəcə və ya elmi adının olması;
-dövlət təltifi ilə təltif edilməsi;
-attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi;
-"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması;
-müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək
mümkün olmadıqda;
-səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda;
-işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması.
5. Təhsilin İdarəolunmasının Məlumat Sistemləri Şöbəsi (İ.Sadıqov) Strateji
təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), Kənd rayonları
üzrə Ümumi təhsil şöbəsi (A.Əhmədov), Ali və orta ixtisas təhsili şöbəsi
(İ.Mustafayev), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov), Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov), Məktəbəqədər təhsil
sektoru (N.Alnağıyeva) ilə birlikdə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və orta
ixtisas təhsili pillələri üzrə məlumat bazasının formalaşdırılmasını təmin etsin.
6. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər)
təhsil şöbələri:
6.1.Əmək Məcəlləsinin 10-1.2, 10-1.4, 10-1.5, 10-1.6-cı maddələrinə əsasən
müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla təhsil müəssisələrində yaş həddi
65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması ilə
əlaqədar məsələləri qanunvericiliyə uyğun həll etsinlər və nəticələr barədə Təhsil
Nazirliyinə məlumat təqdim etsinlər.
6.2.Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə uyğun olaraq təhsil
müəssisələrində 65 və ondan yuxarı yaş həddində olan təhsil işçilərinin siyahısını
hazırlasınlar, əmək məzuniyyətindən qayıtdıqdan sonra onlarla bağlanmış əmək
müqaviləsinin ləğv edilməsi ilə əlaqədar tədbirləri həyata keçirsinlər, nəticəsi
barədə siyahılar təqdim edilməklə Təhsil Nazirliyinə məlumat versinlər.
6.3.Əmək müqaviləsi ləğv olunmuş pedaqoji işçilərin dərs yüklərinin mövcud
normalara uyğun olaraq ixtisaslı digər müəllimlər arasında bölüşdürülməsini təmin
etsinlər.
6.4.Qanunun icrası ilə bağlı yerlərdə maarifləndirmə işlərinin aparılmasını
təmin etsinlər.
7. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov)
təhsil müəssisələrində yaş həddi 65-ə çatmış pedaqoji işçilərlə bağlanmış əmək
müqaviləsinin ləğv edilməsi ilə əlaqədar təhlillər aparsın, ehtiyac olan təhsil
müəssisələrinin kadr təminatı ilə bağlı təkliflər hazırlayıb təqdim etsin.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
9. Ümumi şöbənin müdiri (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə
göndərilməsini təşkil etsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-İVQD
nömrəli Qanunu "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-
İVQD nömrəli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentin
01.07.2011-ci il tarixli 460 nömrəli Fərmanı.
MİSİR MƏRDANOV
Dostları ilə paylaş: |