Azərbaycan Respublikasının neft diplomatiyası
Sabiq prezidenti Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır.
70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500t gücündə "Azərbaycan" kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80–350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
Eyni zamanda neftayırma zavodlarının yenidən qurulmasına başlandı. "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri də genişlənərək dərinləşirdi. Məsələn, 1976-cı ildə "ELOU-AVT-6", 1980-ci ildə "Katalitik Riforminq", 1986-cı ildə "Neftin kokslaşdırılması", 1993-cü ildə "Katalitik Krekinq" qurğularının inşası, hələ sovet hakimiyyəti illərində onun rəhbərliyi ilə respublikamızda görülən digər işlər, yaradılan möhkəm təməl bu gün müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına imkan yaratmışdır.
Bu dövrdə Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrıldı, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olundu (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu).
Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş "Azəri", "Çıraq", "Günəşli" kimi yataqların işlənməsinə imkan vermirdi. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. Heydər Əliyev xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və "Yeni neft strategiyası" tez bir vaxtda işlənib hazırlandı. O dövrdə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı.
Dövlət müstəqilliyini yenicə qazanmış Azərbaycan Respublikası Xəzər hövzəsinin dünyaya açılmasının ilk təşəbbüskarı olmuşdur. Azərbaycan öz neft və qaz ehtiyatlarının istismarını iqtisadi inkişafın başlıca aləti və ölkə təhlükəsizliyi, suverenliyi və mustəqilliyinin möhkəmləndirilməsinə xidmət edən mühüm bir amil kimi görməkdədir. "Əsrin müqaviləsi" nin 1994-cü ildə bağlanmasından keçən dövrdə Azərbaycan hidrokarbon yataqlarının işlənilməsi üzrə 20-dən çox saziş imzalamış və onların gerçəkləşdirilməsi istiqamətində nəhəng işlər görmüşdür. ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrin şirkətlərilə bağlanmış bu sazişlər Respublika üçün böyük həcmdə sərmayə və gəlir gətirmiş, gətirməkdədir və gətirəcəkdir. Beləliklə, Azərbaycan hökumətinin "neft diplomatiyası" adı ilə məşhurlaşmış Xəzərin enerji layihələrinə xarici, əsasən Qərb şirkətlərinin cəlb edilməsinə yönəldilmiş kursu öz əməli faydasını artıq vermiş və verməkdədir.
Lakin Azərbaycanın inkişafına xidmət edən bu layihələrin gerçəkləşdirilməsi heç də asan başa gəlməmişdir. Elə 1994-cü ildən, yəni "Əsrin müqaviləsi"nin imzalanmasından sonra bəzi qüvvələrin məsələyə qarışması nəticəsində Sovet İttifaqının dağılması ilə əlaqədar, Xəzərin yeni hüquqi statusunun təyin edilməsi birdən problem kimi ortaya atıldı və bu, Azərbaycanın suveren haqqı olan və hələ keçmiş İttifaq vaxtında onun üçün müəyyən edilmiş sektorda hər hansı işin aparılmasına əngəllər törətmək məqsədi güdürdü. Lakin Azərbaycanın qətiyyətlə öz mövqeyini müdafiə etməsi, onun Qazaxıstanla və sonralar Rusiya ilə əldə etdiyi ikitərəfli razılaşmalar nəticəsində rəsmi Bakının tərəfdar olduğu dəniz dibinin milli sektorlara bölünməsi prinsipi əsas götürülmüşdür. Bu sahədə Türkmənistan və İranla davam edən danışıqlar prosesi də, çox güman ki, öz bəhrəsini verəcəkdir və beləliklə, bütün Xəzəryanı ölkələr üçün daha dinamik inkişafa doğru əməkdaşlığa yeni üfüqlər açılacaqdır.
Azərbaycanın artan neft hasilatının və ümumiyyətlə, Xəzər bölgəsinin karbohidrogen ehtiyatlarının dünya bazarına çatdırılması üçün 1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısı zamanı Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və ABŞ prezidentlərinin imzası ilə Bakı-Tbilisi-Ceyhan strateji neft boru kəmərinin çəkilməsinə dair tarixi siyasi bəyannamə qəbul olunmuşdur. 2002-ci ilin sentyabrında isə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakı yaxınlığındakı Səngəçal terminalında keçirilmiş mərasim boru kəmərinin tikilməsinə start vermişdir. O tarixdən etibarən kəmərin inşası prosesi uğurla həyata keçirilir və 2005-ci ildə həmin kəmərlə nəql olunan Xəzər nefti Ceyhan terminalından dünya bazarlarına artıq ixrac olunmağa başlanmalıdır. Bu isə, öz növbəsində, Azərbaycanın və bütün bölgənin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verəcəkdir.
ƏDƏBİYYAT
Aysel Yaqubova. Azərbaycanın neft diplomatiyası: əfsanələr gerçəkləşir. Bakı: "Azərnəşr", 2004, səh. 2-162.
Ipek, Pinar. “Azerbaijan's Foreign Policy and Challenges for Energy Security”. Middle East Journal 63.2 (2009): 227–239.
Dostları ilə paylaş: |