AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİ
XIX əsrin sonu-XX əsrin əvvəli dünyada bir çox ciddi dəyişikliklərin baş verməsi ilə yadda qaldı, sosial-iqtisadi proseslər sürətləndi, burjuaziya cəmiyyəti formalaşmağa başladı, yeni siyasi partiya və təşkilatlar yarandı. Eyni zamanda, Rusiyada iqtisadi vəziyyət ağırlaşdı, ölkəni tətil hərəkatları bürüdü və siyasi hakimiyyət zəiflədi. Ölkə rəhbərliyi bu gerçəkliyi nəzərə alaraq, ciddi siyasi qərarlar qəbul etdi, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirdi. Lakin bütün bu qərarlar ölkədə siyasi sabitlik yaratmaq və hakimiyyəti qorumaq üçün yetərli deyildi.
Rusiyanın Qafqazdakı hakimiyyəti dövründə qonşu xalqlara nisbətən Azərbaycanda vəziyyət daha dözülməz idi. Qonşu ölkələrdə milli məktəblər, kilsələr, milli mətbuat, müxtəlif xeyriyyə cəmiyyətləri fəaliyyət göstərdiyi halda, bunlar Azərbaycan xalqı üçün qadağan edilmişdi. Xristian kilsəsinə etimad və qayğı göstərildiyi halda, Azərbaycanda məscidlər təqib olunurdu.
11 dekabr 1905-ci ildə II Nikolay Dövlət Dumasının çağırılması barədə qərar qəbul etdi və Qafqaz müsəlmanları Dumada iştirak etmək hüququ qazandı. Azərbaycan ziyalıları bu tarixi fürsətdən yararlanaraq siyasi proseslərdə fəal iştiraka, xalqı əsarətdən xilas etməyə və müstəqillik üçün təşkilatlanmağa başladılar. Bu məqsədlə davamlı olaraq mətbuatda xalqı oyanışa və birləşməyə çağıran yazılar dərc olunur, yaranmış tarixi fürsətdən mümkün qədər yararlanmaq təbliğ edilirdi. Bu çağırışlar XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanın öz müstəqilliyi uğranda mübarizəsində və müstəqillik qazanmasında xüsusi rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə nəticələnən milli dirçəliş, demokratikləşmə, maarifçilik və xeyriyyəçilik hərəkatlarında din xadimləri də fəal iştirak edirdilər. Maarifçilik, elm və savadın təbliği insanlar arasında böyük təsir gücünə malik nüfuzlu şəxsiyyətlər tərəfindən aparılırdı. Çünki maarifçiliyə yönəlmiş xeyriyyə tədbirlərini, elm və biliyin təbliği işini belə şəxslərin köməyi olmadan aparmaq uğursuzluğa məhkum idi.
Həmin dövrdə uzun müddət Rusiya imperiyasının işğalına məruz qalan Şimali Azərbaycanın milli demokratik qüvvələrinin Bakını siyasi mərkəzə çevirmək üçün təşkilatlanmasında Təzəpir məscidi mühüm rol oynadı. Azərbaycan ziyalıları vaxtilə çar Rusiyasının sünnilərlə şiələr arasında qızışdırdığı ixtilafları aradan qaldırmaq üçün Qafqaz Müsəlmanlarının Qurultayının çağırılmasını qərara aldı. Bu qərarı hər iki məzhəbin din xadimləri razılıqla qarşıladı və 1917- ci ilin aprelində “İsmailiyyə” binasında (indiki AMEA-nın Rəyasət Heyətinin binası) geniş toplantı keçirildi. Üç gün davam edən qurultaya Şimali Azərbaycanın bütün qəzalarından, o cümlədən Dağıstan, Basarkeçər, Borçalıdan nümayəndələr dəvət edildi. İclas başa çatdıqdan sonra tədbir iştirakçıları İsmailiyyədən Təzəpir məscidinə yollandılar, yüzlərlə din xadimi müfti və şeyxülislamın iştirakı ilə məsciddə Cümə namazı qıldılar. Sonra isə sünni-şiə ixtilafına son qoymaq üçün şeyxülislamla müfti qucaqlaşıb Qurana əl basaraq çar hökumətinin qızışdırdığı ədavəti aradan qaldırmağa çalışacaqlarına and içdilər.
Qeyd etmək lazımdır ki, hələ 1905-ci il Rusiyada başlamış burjua inqilabından sonra imperiya ərazisində yaradılan ilk dini-siyasi təşkilatlardan biri “İttifaqi müslimin” olmuşdur. Ə.M.Topçubaşovun rəhbərliyi altında 1905-1906-cı illərdə Rusiyanın Peterburq və Nijni Novqorod şəhərlərində təşkilatın üç qurultayı keçirildi. Bu təşkilatın əsas məqsədlərindən biri Rusiya ərazisində yaşayan müsəlmanların hüquqlarının qorunmasına nail olmaq idi. Bu dövrdə Şimali Azərbaycanda Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Axund Yusif Talıbzadə, Mirzə Əbdürrəhim Talıbov və başqaları İttihadi-İslam ideyasının üstünlüklərindən geniş bəhs edirdilər. Ə.Ağayev və Ə.Hüseynzadə ümumislam reallığı ilə yanaşı, bilavasitə Şimalı Azərbaycan gerçəkliyini də özündə əks etdirən baxışları ilə İttihadi-İslamı yeni orijinal fikirlərlə zənginləşdirmişdilər. Şimali Azərbaycanda İttihadi-İslam ideologiyasına əsaslanan siyasi partiya və təşkilatlar məhz bundan sonra təşəkkül tapdı. Ona görə də Rusiya imperiyasında İslam birliyi ideyasına, onun hər cür təzahürünə qarşı panislamizm damğası vurulur, ona qarşı amansız mübarizə aparılırdı. Eyni zamanda, pravoslav əhaliyə daha geniş hüquqlar verilsə də, müsəlmanların hüquqları pozulur və onlar arasında Xristianlığın zorla yayılmasına cəhd edilirdi.
1917-ci ilin yayında elan edilmiş Təşkilat Komitəsi heç də yalnız din xadimlərindən ibarət deyildi. Komitənin fəalları arasında Petroqrad Politexnik İnstitutunu bitirmiş Mir Yaqub Mehdiyev, “İrşad” qəzetinin naşiri Bəşir bəy Aşurbəyov, iqtisad elmləri namizədi Mahmud Quliyev, həkim Kərimağa Sultanov, Hacı Zeynalabdin Tağıyevin nəvəsi Ağa Zeynal Tağıyev, din xadimlərindən Axund Molla Ələkbər Abbasquluzadə, Axund Molla Ələkbər kimi şəxsiyyətlər var idi. Bir müddət sonra Rusiyada yaradılmış müsəlman təşkilatı ilə “İttihadi-İslam” birləşərək “Müsəlmanlıq” adlı qəzet nəşr etməyə başladı. Daha sonra isə Ceyhun Hacıbəyovun redaktorluq etdiyi “İttihad” qəzeti partiyanın orqanına çevrildi. 1919-cu ilin aprelində keçirilən ilk qurultayda partiya özünü “Qafqaz ittihad firqəsi” adlandırdı. 1920-ci ilin yanvar ayının 25- də ikinci qurultayını keçirən partiyanın sıralarına müsavat partiyasının bir çox üzvü, ziyalılar daxil oldu, ittihadi-İslam ideyası Rusiya imperiyasının milli-dini ayrı-seçkilik siyasətinə qarşı müsəlman xalqlarının həmrəyliyində mühüm rol oynadı.
Bütün bunlara baxmayaraq, 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası müsəlman dünyasında ilk dəfə olaraq müstəqil və demokratik respublikanın yaradılmasını elan etdi. Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində milli və dini məsələlərlə bağlı müddəalar öz əksini tapdı. Bəyanatda deyilirdi:
1. “Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər. Şərqi və cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.
2. Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır.
3. Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.
4. Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşları vətəndaşlıq və siyasi hüquqlarla təmin edir.
5. Azərbaycan Demokratik Respublikası öz ərazisi daxilində yaşayan bütün millətlərə azad inkişafı üçün geniş imkanlar verir.
6. Müəssislər məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.
Azərbaycan Cümhuriyyətinin yarandığı ilk gündən Sovet Rusiyası bu cümhuriyyəti tanımamaq siyasəti yeritməklə bərabər, əlində olan bütün vasitələrlə ona qarşı mübarizə aparmağa başladı. Çünki Sovet Rusiyası meydana gəldiyi ilk gündən etibarən “vahid və bölünməz Rusiya” prinsipindən çıxış edirdi. Lakin 1918-ci ilin yayında Sovet Rusiyasının Cənubi Qafqazda gedən siyasi və hərbi proseslərə təsir etmək imkanı çox məhdud olduğundan, bolşeviklər bu dövrdə bütün diqqətini Bakıya yönəldib heç olmasa Sovet hökuməti üçün həyati əhəmiyyət daşıyan bu şəhəri öz əllərində saxlamağa cəhd edirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail oldu. Azərbaycanın müstəqilliyinin elan olunmasına qədər bu idarələr Tiflisdə yerləşirdi. Lakin bölgədə cərəyan edən son dərəcə mürəkkəb hadisələri nəzərə alaraq, hər iki ruhani idarəsinin rəhbərləri Məhəmməd Pişnamazzadə və müfti Mustafa Əfəndizadə Azərbaycana köçmək qərarına gəldilər. XMDENnin 10 avqust 1918-ci il tarixli qərarı ilə onlar Gəncəyə köçdülər və könüllü olaraq 1918-ci ilin sentyabrın 1-də vahid orqanda birləşdilər. Sentyabrın 7-də XMDEN bu qərarı təsdiq etdi və Bakı 1918-ci ildə bolşeviklərdən azad olunduqdan sonra ruhani idarəsi buraya köçürüldü.
Həmin dövrdə Demokratik respublikada dini liderlərin rolu artdı, təcili milli ordu yaradıldı, hərbi hissələrdə “hərbi molla” vəzifəsi təsis olundu. Respublika rəhbərliyi bu məsələyə xüsusi önəm verdi və ciddi nəzarətdə saxladı. Hərbi din xadimlərinin fəaliyyətinə nəzarət isə Müdafiə Nazirliyi və dini idarə tərəfindən həyata keçirilirdi.
Sentyabrın ortalarında Qafqaz İslam Ordusu və onun 29 yaşlı komandanı Nuru Paşa Bakı şəhərini bolşeviklərdən azad etdi. Bakı əhalisinin xahişi ilə Axund Ağa Əlizadə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı sentyabrın 16-da Təzəpir məscidinə dəvət etdi. Nuru Paşa Ağa Əlizadənin müşayiəti ilə minbərə çıxdı. Cəmi üç pillə qalxdı. Minbərin hər iki tərəfində iri qara ələm sancılmışdı. Nuru paşa ələmlərdən birindən yapışaraq təmkinlə nitqini söylədi. Bakı camaatı bu mərasimə heyrətlə baxırdı, məscidin axundu Ağa Əlizadənin təbirincə desək, “Allah-Təala müsəlmanları kafirlərdən xilas etmək üçün osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərmişdi”. Bu hadisə Təzəpir məscidi və onun axundu Ağa Əlizadənin millətin həyatında baş verən bütün siyasi məsələlərdə öncül yerdə durduğunu göstərirdi.
Bakıda Hüseyn Ərəblinskinin rəhbərliyi altında Azərbaycan Dövlət teatrı fəaliyyətə başladı, maarifi və milli mədəniyyəti təbliğ edən və yayan cəmiyyətlərin, təşkilatların, ittifaqların fəaliyyəti geniş vüsət aldı. “Türk ocağı”, “Nəsiri-M aarif’, “M ədəni-maarif’ kimi cəmiyyətlər geniş fəaliyyətə başladı.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar təbliğat və təşviqat işini xeyli gücləndirdilər. Onlar Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə dair mühazirələr təşkil edir, kitablar nəşr edirdilər.
Bu dövrdə azərbaycançılıq ideyası öz təzahürünü milli dövlətin yaranmasında, onun dövlət və ictimai həyatın bütün sahələrində məqsədyönlü fəaliyyətində tapdı, bu ideya əhalinin xeyli hissəsinin şüuruna hakim oldu.
Azərbaycan Demokratik Respublikası iki ildən az müddət yaşasa da, Azərbaycan dövlət quruluşunun bərpa olunması, onun istiqlaliyyətinin dirçəldilməsi, xalqımızın milli mənlik şüurunun oyanması üçün az iş görmədi.
Dostları ilə paylaş: |