Azərbaycan tarixşünaslığında son dövrlərdə qəbul edilmiş, möhkəmlənmiş və özünə çox sayda tərəfdar toplamış bir fikrə görə, «skiflər Şimali Qara dəniz sahillərinə və Ön Qafqaza e.ə. Vlll əsrin ikinci yarısında gəlmişlər. Herodot və Diador skiflərin Araz çayı sahillərindən gəldiklərini söyləyirlər. Herodota görə, skiflər Asiyada yaşayırmışlar və massagetlər onları bu yerlərdən qovmuşlar. Skiflər Araz çayını keçərək Şərqi Avropaya, Qara dənizin şimalına gəlmiş, kimmerlərlə döyüşdə qələbə çalmış və onların bir qismini əsarət altına almışdılar. Kimmerlərin digər böyük bir qismi isə Ön Asiyaya qaçmışdı. Herodotun məlumatına görə, skiflər kimmerlərin arxasınca düşmüş, lakin yolu azaraq Dərbənd keçidi vasitəsi ilə Ön Asiyaya çatmış, Ön Qafqaza və şimali İrana yayılmışlar. Beləliklə, skiflər Araz çayı sahilindən şimala doğru hərəkət etmiş oraya gəlmə hesab edilirlər. Burada məskunlaşdıqdan sonra onların bir qismi kimmelərin ardınca Ön Asiyaya hərəkət etmişlər.
Saklar skif tayfası hesab olunurlar. Strabon yazırdı ki, skifləri həmçinin sak adlandırırlar. Onlar da geniş ərazidə təmsil olunmuşdular. İlk dəfə "sak" adı e.ə. Vll əsrin ortalarına aid Assur (Aşşur) mixi yazılarında, sonra isə Vl əsrin sonunda Bisitun kitabəsində çəkilmişdir. Sakların bir qismi Azərbaycan ərazisində məskunlaşmışdı» (Azərbaycan tarixi, 1994, s.103).
Qeyd edək ki, yuxarıdakı sözlərin sahibi Yusif Yusifovdur. Onun sözlərinə görə, skiflər Qərbi Azəbaycanda, Urmiya gölünün qərbində və şimalında məskən salmışdılar. Alim mixi qaynaqda qeyd edilən «skiflər Manna ölkəsinin vilayətində yaşayırlar» sözlərinə istinadən iskitlərin Urmiya gölünə qədər geniş ərazidə məskunlaşdıqları fikrini əsaslandırır və bildirir ki, kimmerlər də Mannanın hüdudlarına gəlmişdilər. Bu fikrini isə o, e.ə. 715-ci ilə aid Aşşur mənbəsində qeyd edilən «Kimmerlər Manna ölkəsini tərk edib, Urartuya gəldilər» sözlərinə istinadən vurğulayır: «Kimmer, skif və sakların Azərbaycanda məskunlaşması yer adlarında öz əksini tapmışdır. Mixi qaynaqlarda antik mənbələrin «kimmer» adı «qimiraya» (qimirə mənsub) şəklində əks olunmuşdur. Azərbaycanın müasir toponomiyasında Qımır və Qımırlı (Zaqatala rayonu) yer adları qalmışdır. Saklar əsasən Azərbaycanın Urmiya gölünün şimalına qədər uzanan ərazisində və Urmiya gölü hövzəsində məskunlaşmışdılar. Burada «şiş papaq» saklar yaşayırdılar. Həmin yerdən şimalda Araz çayının Kürə qovuşduğu çay arasında da saklar təmsil olunmuşdular. Erkən orta əsr qaynaqları buranı Balasaqan adlandırır. Beləliklə, e.ə. Vlll əsrin sonu-Vll əsrin əvvəllərində Qafqaz dağarını keçib Ön Asiyada yayılmış kimmer və sak tayfaları qədim Azərbaycan ərazisində də məskunlaşmışdılar» (Azərbaycan tarixi, 1994, s. 103-104).