Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu tam təsdiqləyir



Yüklə 55,66 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü55,66 Kb.
#29087

Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu tam təsdiqləyir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi iki

yüz ilə  yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm

olaraq  həyata  keçirilən  etnik  təmizləmə  və  soyqırımı  siyasətinin  davamı, ən  qanlı  səhifəsidir.

Xocalı  qətliamı  Ermənistanın  Dağlıq  Qarabağı  işğal  etmək  məqsədi  ilə  apardığı  işğalçılıq

müharibəsinin  gedişində  dinc  azərbaycanlı əhaliyə  qarşı  törədilmiş  soyqırımı  cinayətlərinin

miqyasca ən  dəhşətlisidir.  Tarixi  abidələri  ilə  fərqlənən, Azərbaycan  tarixinin  öyrənilməsində

mühüm əhəmiyyət  kəsb  edən  qədim  mədəniyyətə,  strateji  önəmə  malik  Xocalı  rayonu  erməni

separatizminin, şovinizminin qurbanı olmuşdur.

Həmin  gecə  erməni  cəlladları  Xankəndidə  yerləşən  366-cı  alayın  yaxından  köməyilə

Xocalıya  soxulub  onu  tamamilə  yandırdılar.  Kərkicahanın,  Malıbəylinin,  Meşəlinin  ardınca

tarixdə misli-bərabəri olmayan Xocalı müsibəti baş verdi. Bu faciə XX  əsrin Xatın, Sonqmi və

Xirosima  müsibətlərindən  də  acınacaqlı  idi.  Bu  hərəkətləri  ilə  uzun  illərdən  gizli  müharibəyə

hazırlaşan  torpaqlarımızda  məskunlaşmış  ermənilər  XX  əsrin  sonlarına  yaxın  həmin  əsrin

əvvəllərində olduğu kimi, Azərbaycan xalqının bir daha qənimi olduqlarını sübut etmiş oldular.

Əslində,  ermənilər  Xocalı  şəhərinin  mühasirəsinə  hələ  1991-ci  ilin  oktyabrında  başlamışdıdır.

Xankəndi  ilə  Əsgəran  arasında  strateji  yer  olan  Xocalının ələ  keçirilməsi  ermənilərin  əsas

məqsədlərindən  idi.  1991-ci  il  oktyabrın  30-da  Xocalı  ilə  quru  əlaqəsi  tamamilə  kəsilmişdi  və

ara-sıra  görünən  vertolyotlar  mühasirədə  qalan  2500  nəfərlik  Xocalını  Azərbaycanla  bağlayan

yeganə  nəqliyyat  vasitəsi  idi.  1992-ci  il  yanvarın  28-də  Ağdam-Şuşa  reysi  ilə  uçan  mülki

vertolyotun  Xankəndidən  atılan  raketlə  vurulmasından  sonra  Xocalı  ilə  hava  əlaqəsinə  də

tamamilə  son  qoyuldu. 1992-ci  il  yanvarın  2-dən  Xocalıya  hətta  elektrik  enerjisi  də  verilmirdi,

şəhər büsbütün təcrid olunaraq taleyin ümidinə buraxılmışdı. Fevralın ikinci yarısından etibarən

Xocalı dörd bir yandan erməni yaşayış məntəqələrindən intensiv artilleriya atəşinə məruz qalırdı.

Şəhərin mühasirədən  çıxarılması üçün kağız üzərində çeşidli planlar cızılsa da, onların heç biri

gerçəkləşdirilmirdi.

Həmin  dövrdə  hakimiyyətdə  olan  rejimin  Qarabağı  qorumaq  bacarığına  malik  olmadığı

qabarıq  görünürdü.  Üstəlik  silahlı  qüvvələr  siyasi  intriqaların  güdazına  verilmişdi.  1992-ci  il

yanvarın  sonu - fevralın  birinci  yarısında  Kərkicahan,  Quşçular,  Malıbəyli  və  Qaradağlı

kəndlərinin  işğalına  ölkə  rəhbərliyinin  göstərdiyi  biganəlik  Xocalıya  münasibətdə  də  aşkar  idi.

Güc  nazirliklərinin  tez-tez  dəyişdirilməsi  hərbi  uğursuzluqların əsas  səbəblərindən  birinə

çevrilmişdi. Xocalının müdafiəsi üçün mərkəzi hakimiyyət səviyyəsində planlı tədbirlərin həyata

keçirilməməsi  son  nəticədə  ermənilərin  1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  amansız

qətliamına şərait yaratmış oldu.

Şəhəri  mərdliklə  qoruyan,  əllərindəki  yüngül  silahlarla  döyüşən  xocalılılar  təpədən-

dırnağadək  silahlanmış  orduya  qarşı  uzun  müddət  tab  gətirə  bilmədilər. Şəhəri  yalnız  atıcı

silahları  olan  yerli  özünümüdafiə  dəstələri  qoruyurdu. Əlbəttə,  bu  qüvvələr  ən  müasir  hərbi

texnika  ilə  təchiz  edilmiş, əvvəlcədən  xüsusi  hazırlıq  keçmiş  silahlı  birləşmələrə  müqavimət

göstərməyə  qadir  deyildi.  Yaşayış  evləri  dağıdılaraq  yandırıldı,  şəhəri  tərk  etmək

məcburiyyətində  qalan,  Qarqar çayı  boyunca  Ağdam  şəhərinə  üz  tutan  dinc  əhali  Naxçivanik

kəndi yaxınlığında erməni silahlıları ilə qarşılaşdı: uşaqlar, qadınlar, qocalar, əlillər çalın-çarpaz

atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər. Soyqırımı törədənlər Xocalı sakinlərini

misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini

çıxarmışdılar.

Erməni  təcavüzkarlarının  Azərbaycan  xalqına  qarşı  törətdikləri  növbəti  genosid - Xocalı

soyqırımı  613  nəfərin,  o  cümlədən  106  qadının,  63  azyaşlı  uşağın,  70  qocanın  həyatına  son

qoydu. 487 nəfər şikəst oldu, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər itkin düşdü. Bu soyqırım

aktı  nəticəsində  bəzi  ailələr  bütünlüklə  məhv  edildi,  mülki  əhali  görünməmiş  qəddarlıqla  qətlə

yetirildi, əsir götürülənlərə amansız işgəncə verildi. Bu əməllərin qabaqcadan düşünülmüş

qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə



törədilməsi  beynəlxalq  və  dövlətdaxili  hüquqa  əsasən  məhz  soyqırımı  olduğunu  sübut  edir.

Erməni  qəsbkarlarının  törətdikləri  bu  vəhşilik  və  vandalizm  aktı  tərəqqipərvər  bəşəriyyətin

genosid  kimi  tanıdığı  Xatın  və  Sonqmi  faciələri  ilə  eyni  səviyyədə  qiymətləndirilməlidir.  Bu

dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub

onun  mübarizə  əzmini  qırmaq,  eyni  zamanda,  ölkədə  siyasi  vəziyyəti  qarışdıraraq  Azərbaycan

torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük

miqdarda  hərbi  yardım  alan  Ermənistan  Respublikasının  silahlı  qüvvələri  Xocalı  faciəsindən

sonra  tezliklə  özünə  gələ  bilməyən  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsinin  işğalını  qısa

müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdı.

Xocalıda  baş  verənlər  soyqırımı  aktı olsa  da,  o  zaman  Azərbaycanda  hakimiyyətdə  olan

qüvvələrin  məsuliyyətsizliyi  və  səhlənkarlığı  üzündən  erməni  vandalizminin  gerçək  mahiyyəti

barədə  dünya  ictimaiyyəti  yetərincə  məlumatlandırılmamışdı.  Rəsmi  təbliğat  Xocalıda  cəmi  iki

nəfərin  öldüyünü  iddia etməklə  soyqırımı  faktının  miqyasını  kiçiltmişdi.  O  zamankı  ölkə

rəhbərliyinin  bu  faciəyə  olduqca  laqeyd  və  qətiyyətsiz  münasibəti  nəticəsində  ermənilərin

işğalçılıq,  etnik  təmizləmə,  terrorçuluq,  habelə  Xocalı  soyqırımı  kimi  dəhşətli  cinayət

törətməsinə dünya  ictimaiyyəti  biganə  yanaşmış,  təcavüzkarın  cilovlanması  üçün  beynəlxalq

səviyyədə hansısa təsirli tədbirlər görülməmişdir.

BMT-yə  yeni  üzv  qəbul  olunmuş  Azərbaycanın  həmin  dövrdə  bu  mötəbər  təşkilatın

prinsiplərinə  əsaslanmaqla  Xocalıda  baş  verən  faciənin  soyqırımı  kimi  tanınması  istiqamətində

zəruri  tədbirlər  həyata  keçirməməsi  də  olduqca  üzücü  və  təəssüfləndirici  faktdır.  Halbuki

beynəlxalq  hüquqa  görə  genosid  sülh  və  bəşəriyyət  əleyhinə  yönələn  əməl  olaraq  ən  ağır

beynəlxalq cinayətlərdən biri sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı

qətnaməsində  isə  qeyd  olunur  ki,  genosid,  insan  qruplarının  yaşamaq  hüququnu  tanımamaqla

insan  mənliyini  təhqir  edir,  bəşəriyyəti  insanlar  tərəfindən  yaradılan  maddi  və  mənəvi

dayaqlardan  məhrum  edir.  Belə  bədnam  əməllər  BMT-nin  məqsəd  və  vəzifələrinə  tam  ziddir.

BMT  Baş  Məclisinin  1948-ci  il  tarixli  260  (III)  saylı  qətnaməsi  ilə  qəbul  edilmiş  "Genosid

cinayətinin  qarşısının  alınması  və  cəzalandırılması  haqqında"  Konvensiyanın  2-ci  bəndində

göstərilən şərtlər  də  Xocalı  faciəsinin  məhz  soyqırımı  adlandırılmasına  tamamilə  imkan

yaradırdı. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı

olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun

qarşısının  alınması  və  səbəbkarlarının  cəzalandırılması  üçün  tədbirlər  görməyi  öhdələrinə

götürmüşlər.  Ermənistanın  Azərbaycana  qarşı  təcavüzü  zamanı  həmin  Konvensiyada  təsbit

olunmuş  genosid  cinayətini  təşkil  edən  bütün  əməllər  tətbiq  olunmuşdur.  Həmin  beynəlxalq

sənəddə göstərilir ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən məhv edilməsilə

törədilən bir sıra hərəkətlər genosid (soyqırımı) cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlər

- həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, onların fiziki məhvinə səbəb olan

həyat şəraitinin  yaradılması,  uşaqların  zorla  bir  insan  qrupundan  alınıb  başqalarına  verilməsi

törədilmiş  cinayətin  soyqırım  kimi  tövsif  edilməsinə  əsas  verir.  Bu  hüquqi  meyarlardan

yanaşdıqda,  ermənilərin  Xocalıda  törətdikləri  dəhşətli  cinayətlərin  genosid  olduğuna  heç  bir

şübhə  qalmır.  Həmin  gün  mənfur  erməni  silahlı  birləşmələri  Xocalı əhalisini  məhz  milli-etnik,

dini səbəblərlə son nəfərinədək qətlə yetirmək, məhv etmək məqsədini qarşıya qoymuşdular.

Ermənistanın müharibə zamanı beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı

faktlar yalnız bununla bitmir. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız

silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə

iştirak  etməməli  və  onlarla  hörmətlə  davranılmalıdır.  "Müharibə  zamanı  mülki  şəxslərin

müdafiəsinə dair"  IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən mülki əhalinin həyatına

və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar

davranılması,  onlara əzab  və  işgəncə  verilməsi,  insan  ləyaqətinə  qəsd,  təhqir  və  alçaldıcı

hərəkətlər  qadağan  edilir.  Konvensiyanın  33-cü  maddəsində  isə  qeyd  olunur  ki,  heç bir mülki

şəxs  törətmədiyi  hüquq  pozuntusuna  görə  cəzalandırıla  bilməz.  Mülki  əhaliyə  qarşı  kollektiv

cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, bu


insanların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü

maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən

artıq  insanı  girov  götürən  ermənilər  bu  prinsipə  də  aşkar  sayğısızlıq  nümayiş  etdirmişdilər.

Ermənistan  silahlı  qüvvələri  bu  hüquq  normalarına  məhəl  qoymamış,  Xocalıda  dinc əhalinin

məhvi üçün ən qəddar üsullara əl atmışlar.

Xocalı  soyqırımı  və  işğalçı  Ermənistanın  torpaqlarımızda  törətdiyi  digər  faciələr

nəticəsində  "İnsan  hüquqları  haqqında  Ümumi  Bəyannamədə",  "İnsan  hüquqlarının  və  əsas

azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit

olunmuş  hüquq  və  azadlıqlar,  o  cümlədən  insanların  yaşamaq  hüququ  kobud  şəkildə,  kütləvi

surətdə pozulmuş, insanların şərəf və ləyaqəti tapdalanmışdır.

1992-1993-cü ilin yarısına qədər hakimiyyətdə olmuş səriştəsiz və yarıtmaz qüvvələr bu və

digər hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə

çatdırılması  üçün  heç  bir  iş  görmədilər.  Halbuki  artıq  Dağlıq  Qarabağ  münaqişəsi  beynəlxalq

ictimaiyyətin diqqət mərkəzinə gətirildiyi, beynəlxalq müstəvidə danışıqların başlandığı dövr idi.

Ermənilər Azərbaycanın guya təcavüzkar olduğunu sübuta  yetirmək üçün təbliğat maşınını tam

gücü  ilə  işə  salaraq  "Sumqayıt  olaylarını"  dünyaya  bəyan etdilər.  Biz  isə  yaşadığımız  gerçək

qətliamı  dünyanın  önünə  çıxarmağa  tələsmirdik.  Hətta  1993-cü  il  fevralın  23-də  imzalanmış

"Azərbaycana  qarşı  edilmiş  vəhşiliklərin  açıqlanması  haqqında"  fərman  da  kağız  üzərində

qalmışdı.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı

ilk  praktik  təşəbbüs  isə  ulu  öndərimiz  Heydər  Əliyevin  xalqın  təkidli  tələbilə  hakimiyyətə

qayıdışından  sonrakı  mərhələyə  təsadüf  edir.  Ümummilli  liderimiz  ilk  gündən  Ermənistanın

Azərbaycana  qarşı  həyata  keçirdiyi  soyqırım  və  terror  siyasətinin  mahiyyətini,  habelə

ərazilərimizin  işğalından  sonra  Dağlıq  Qarabağın  terrorizm  mənbəyinə  çevrilməsi,  orada

narkotik  maddələrin  yetişdirilməsi,  mədəni  abidələrin  məhv  edilməsi  faktlarının  və  digər

faktların dünya  ictimaiyyətinə  çatdırılmasını  xarici  siyasətdə  mühüm  vəzifələrdən  biri  kimi

müəyyənləşdirdi.  Bu  məqsədlə  atılan  mühüm  addımlardan  biri  də  erməni  təcavüzü  nəticəsində

üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.

Ulu  öndərin  təşəbbüsü  ilə  1994-cü  il  fevralın  24-də  Milli  Məclis  "Xocalı  soyqırımı  günü

haqqında"  qərar  qəbul  etmiş,  BMT-yə,  dünya  dövlətlərinə  bu  qətliamın  gerçək  mahiyyətini

açıqlayaraq  beynəlxalq  ictimaiyyəti  erməni  terrorizminə  qarşı  təsirli  tədbirlər  görməyə

çağırmışdır.  Son  17  ildə  Xocalı  həqiqətlərinin  dünyaya  tanıdılması,  Ermənistanın  sovet  hərbi

dairələrinin  dəstəyi  ilə  həyata  keçirdiyi  insanlıq əleyhinə  cinayətin  beynəlxalq  miqyasda  ifşası

istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi

müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.

Ümummilli  lider  hər  zaman  Xocalı  faciəsinə  xüsusi  həssaslıqla  yanaşmışdır.  Ulu  öndər

Heydər  Əliyev  hər  il  faciənin  ildönümündə keçirilən  matəm  tədbirlərində  iştirak  etmiş,  Xocalı

soyqırımını  kədər  hissi  ilə  xatırlamışdır.  Xocalı  faciəsinin  Azərbaycan  xalqının  qan  yaddaşı

olduğunu dəfələrlə bəyan etmiş ulu öndərimiz hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin

verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi

səy göstərmişdir. Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Heydər Əliyev eyni

zamanda Azərbaycanımızın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu şanlı, uğurlu yol

kimi dəyərləndirmişdir.

Ulu öndər Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan

edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-

da  Azərbaycan  Respublikasının ərazisində  Xocalı  soyqırımı  qurbanlarının  xatirəsinə  ehtiram

əlaməti  olaraq  sükut  dəqiqəsi  elan  edilir.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  26  fevral

2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar

Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı"nda isə bəyan edilir ki, Azərbaycan dövləti

mövcud imkanların hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı

faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və


icraçılarının layiqincə cəzalandırılmasına nail olacaqdır.

Yüz  ildən  artıq  dövrdə  erməni  xalqının  bir  neçə  nəslinin  Azərbaycan  xalqına  qarşı

düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü

qarşısında  Xocalı  soyqırımı  kimi  qanlı  faciənin  baş  verməsinə  gətirib  çıxarmışdır.  Hadisələr

göstərir  ki,  bu  gün  erməni  millətçiləri  hələ  də  özlərinin  bədnam  və  çirkin  niyyətlərindən  əl

çəkməyiblər.  Qəddar  üsullarla  dinc  insanları  kütləvi  qırğına  məruz  qoyan  erməni  millətçiləri

tarix  qarşısındakı  cinayətlərini  ört-basdır  etmək  məqsədilə  müxtəlif  vasitələrə,  tarixi

saxtalaşdırmağa əl  atır,  öz  xeyirlərinə  yazmağa  cəhd  edir,  bu  işdə  xaricdəki  erməni  lobbisinə

arxalanırlar.

Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı

soyqırımına  hələ  də  beynəlxalq  miqyasda  hüquqi  qiymət  verilməmiş,  terrorçu,  işğalçı əməllərə

qarşı qəti tədbirlər görülməmişdir. Ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquqi normalara əsasən

düşünmək  və  qərar  qəbul  etməyin  zamanı  çatmışdır.  Nüfuzlu  beynəlxalq  təşkilatlar

Azərbaycanın  haqq  mövqeyini  dəstəkləməli,  işğalçı  Ermənistan  dövlətinə  qarşı  səlahiyyətli



beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunmalıdır.

S.Mustafayev

Azərbaycan.-2009.-26 fevral.-S.8.

Yüklə 55,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin