Cənubi Azərbaycan 1920-1930cu illərdə. Cənubi Azərbaycan müharibə və müharibədən sonraki illərdə. Milli hökumətin yaranması və süqutunun səbəbləri 1920-ci ildə Ş.M.Xiyabani üsyanı yatırıldıqdan sonra demokratik hərəkatı canlandırmaq üçün təşəbbüslər edildi. 1921-ci ildə Xiyabaninin ölümünün ildönümü münasibətilə mitinq keçirildi. Azərbaycan Demokratik Firqəsinin Təbriz təşkilatının gizli konfransı oldu və 9 nəfərdən ibarət yeni Komitə seçildi. 1922-ci ilin sentyabrında Cənubi Azərbaycanda yerləşən jandarm hissələri mayor Lahutinin başçılığı ilə mərkəzi hökumətə qarşı üsyan qaldırdı. Demokratların bir hisssı də onlara qoşuldu.
Cənubi Azərbaycan demokratları məğlub olandan sonra ölkəni böhrandan çıxarmaq təşəbbüsünü varlı təbəqə ələ keçirdi. 1921-ci ilin fevralında İranda dövlət çevrilişi baş verdi. Polkovnik Rza xan hərbi nazir oldu. 1923-cü ildə isə baş nazir vəzifəsini tutdu. O, Azərbaycanda iri feodalların və tayfa başçılarının bir hissəsini məhv etdi. Cənubi Azərbaycanda hakim siniflər öz mövqelərini möhkəmləndirmək üçün Rza xanı müdafiə etdilər. 1924-cü ildə yeni parlament seçildi. Parlament 1925-ci ildə Qacarlar sülaləsini devrilmiş elan etdi. Həmin ilin dekabrında Müəssislər Məclisi Rza xanı Pəhləvi soyadı ilə şah seçdi.
1920-ci illərin ikinci yarısı və 1930-cu illərdə Rza şah Pəhləvinin həyata keçirdiyi iqtisadi, siyasi, inzibati və mədəni islahatlar dövləti xeyli möhkəmləndirdi. İranın xarici ölkələrdən asılılığı azaldı. Lakin bu islahatlar xalqın ehtiyaclarını nəzərə almırdı. Ölkədə baş vermiş iqtisadi siyasi və mədəni irəliləyiş 1930-cu illərin sonuna yaxın durğunluq və irtica ilə əvəz olıındu.
1930-cu illərdə əmək münasibətlərini tənzimləyən qanunlar qəbul edildi və bu qanunlar kağız üzərində qaldı. Fəhlələr rəsmən həmkarlar təşkilatında birləşə bilərdilər. Lakin hökumət həmkarlar təşkilatını təqib etdi və onun açıq fəaliyyətini dayandırdı.
Birinci Dünya müharibəsindən sonra Cənubi Azərbaycanın iqtisadiyyatı qısa müddətdə bərpa olundu. Cənubi Azərbaycan İranın tərkibində kənd təsərrüfatı məhsulu bazası kimi qaldı. Rza şah rejiminin təsiri nəticəsində Cənubi Azərbaycanın iqtisadi inkişaf sürəti İranın digər rayonlarına nisbətən getdikcə gerilədi. 1930-cu illərin əvvəllərindən başlayan İran-SSRİ, o cümlədən Cənubi Azərbaycanla Azərbaycan SSR arasında iqtsadi əlaqələr zəiflədi. 1929-1933-cü illərdə baş verən dünya iqtisadi böhranı nəticəsində SSRİ ilə İran arasında iqtisadi əlaqələr zəiflədi ki, bu da birinci növbədə Cənubi Azərbaycanın kənd təsərrüfatına zərbə vurdu. 1920-1930-cu illərdə Rza şah Pəhləvinin apardığı iqtisadi siyasət Cənubi Azərbaycanın kənd təsərrüfatı regionuna çevrilməsinə, sənaye inkişafının mərkəzlərini farsların yaşadığı regionlara köçürürülməsinə yönəlmişdi. Bu səbəbdən Cənubi Azərbaycanda sənayedə daha çox əl əməyinə əsaslanan xırda sənət emalatxanaları çoxluq təşkil edirdi. Təbriz, Zəncan və Ərəbildə toxuculuq, yun, iplik, kibrit fabrikləri və şəkər zavodları fəaliyyət göstərirdi. Ancaq sənaye müəssisələrinin sayının yetərincə olmaması səbəbindən Cənubi Azərbaycan xammalı İranın digər regionlarındakı sənaye müəssisələrinə daşınırdı və bu proses sonrakı onilliklərdə də davam etmişdir. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar nəticəsində yerli azərbaycanlı mülkədarların ağalığı bir qədər məhdudlaşdırıldı və bu ağalıq mərkəzi hökumət məmurlarının əlinə keçdi. Kənddə sosial təbəqələşmə daha da gücləndi. Sərhədlər bağlandığına görə, Şimali Azərbaycan, Mərkəzi Asiya və Qafqaza işləməyə gedə bilməyən, torpaqsız qalan kəndlilər iş dalınca şəhərlərə axışdılar. Bu isə şəhərlərdə işsizlərin sayının artmasına gətirib çıxardı.
Rza şah Pəhləvinin apardığı islahatlar feodal hərc-mərcliyinə, özbaşınalığa son qoysa da, mahiyyət etibarı ilə fars şovinizminin maraqlarına xidmət edirdi. 1920-1930-cu illərdə dövlət səviyyəsində zorla farslaşdırma siyasəti həyata keçirilmişdir və bu mürtəce siyasət ilk növbədə o dövrdə İran əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinə qarşı yönəlmişdir. Tarixi ədəbiyyatda paniranizm adlanan bu siyasət farsların qatı millətçi hissəsinin şovinist nəzəriyyəsi, ayrı-seçkilik ieologiyasıdır və bu gün də davam etməkdədir. Paniranizm ideologiyasının ən fəal təbliğatçıları Şəfəq Rzazadə və Seyid Əhməd Kəsrəvi kimi ziyalılar idi. Onlar öz əsərlərində sübut etməyə çalışırdılar ki, guya Cənubi Azərbaycan türk əhalisi əslində fars mənşəlidir və səfəvilər dövründə qılınc gücünə türkləşdirilmişlər. Dolayı yolla, Azərbaycan türk əhalisinə guya öz həqiqi soy kökünə, irançılığa qayıtmaq təbliğ olunurdu. Bu siyasətin nəticəsi olaraq azərbaycanlılara ana dilində təhsil almaq, qəzet və jurnallar nəşr etdirmək, hətta ictimai yerlərdə, dövlət müəssisələrində ana dili-türk dilində danışmaq qadağan olunmuşdur. Rza şah Pəhləvinin farslaşdırma siyasəti azərbaycanlılara tarixini, mədəniyyətini unutdurmağa yönəlsə də, bu siyasət əks nəticə verdi: Azərbaycan türklərinin milli şüur və öznüdərketməsi gücləndi, onlar XX əsrin 40-cı illərinə formalaşmış milli şurla daxil oldular.
Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı — 1945-ci ilin noyabr ayından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş sosialist hökumət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına baxmayaraq, AMH tarixdə ikinci dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur.
İran hakimiyyətinin bəyənatlarından və gördüyü tədbirlərə cavab olaraq Cənubi Azərbaycanda əhali silahlanmağa başlamışdı. 1945-ci il noyabrın 20-21-də Təbrizdə keçiriləcək Azərbaycan Xalq Konqresinə (AXK) Cənubi Azərbaycanın bütün şəhərlərindən nümayəndələrin seçilməsi üzrə kompaniyanın getdiyi bir vaxtda İran qoşununun birinci dəstəsi noyabrın 17-də, ikinci dəstəsi 18-də Tehrandan Qəzvinə tərəf hərəkət etdi. Fədailər hökumətin silahlı qüvvələrinə ilk zərbəni 1945-ci il noyabrın 16-dan 17-nə keçən gecə Marağa, Mərənd, Miyanə, Sərab və Ərdəbil mahallarında eyni bir vaxtda endirdilər. Nəticədə Təbriz, Ərdəbil, Əhər, Astara, Marağa, Miyandab, Urmiyə, Xoy və Maku şəhərlərindəki dövlət qüvvələri bir-birindən ayrı düşərək təklənmiş oldular. 1945-ci il noyabrın 18-dən 26-dək Azərbaycanın böyük qəsəbə və şəhərlərində, o cümlədən Nəmin, Zəncan, Germi, Astara, Biləsuvarda, dekabrın 1- dən 19-dək Xoy, Maku, Salmas, Marağa, Meşkinşəhr, Təbriz, Əhər, Xalxal, Ərdəbil, Kələybər, Miyandab və Urmiyada “Hökumət qan tökülmədən irtica qüvvələrinin əlindən çıxıb xalqın əlinə keçdi”.
Cənubi Azərbaycanın bütün şəhərlərində toplantılar keçirildiyi kimi, 20-21 noyabrda Təbrizdə çağırılmalı olan Azərbaycan Xalq Konqresinə nümayəndələrin seçilməsi də sürətləndirilmişdi. Xalq Konqresi özünü Qurucular Məclisi elan etmiş, o da Milli Heyət üzvlərini seçmişdi. Azərbaycan Milli Məclisi seçilənə qədər bu heyət Qurucular Məclisnin qərarlarını icra etməli idi. Qurucular Məclisinin qəbul etdiyi, İran şahı Məmmədrza Pəhləviyə, Məclis Başqanı Tabatabaiyə və Baş Nazir İbrahim Həkimiyə göndərilən bəyannamədə İran dövləti daxilində milli muxtariyyət verilməsi tələb olunmuşdu. Beləliklə, 12 dekabr 1945- ci ildə məclisin açıldığı gün Azərbaycan muxtariyyəti qurulmuşdu. Məclis Azərbaycan hakimiyyətini qurmaq vəzifəsini Pişəvəriyə tapşırmışdı.
Ölkədə milli azadlıq hərəkatının ümumi yüksəlişi şəraitində manevr etməklə vaxt qazanmağa çalışan Tehran hökuməti 1946-cı il iyunun 13-də Azərbaycan Milli Məclisini Azərbaycan Əyalət əncüməni kimi tanımağa məcbur oldu. Azərbaycan valisini təyin etmək (Əyalət əncüməninin təklifi ilə) İran hökumətinin səlahiyyətində qaldı.
Pişəvəri və Mərkəzi hökumətin təmsilçisi Müzəffər Firuz arasında keçirilən uzun görüşlərin nəticəsində iyunun 13-də saziş imzalanmışdı. Pişəvəri hökuməti 15 maddəlik bu sazişlə dil sahəsindəki tələblərindən bəzilərini 12-ci və 13-cü maddələrdə təsbit etdirə bilmişdi. 12-ci maddədə bölgənin rəsmi dili olaraq fars və Azərbaycan dilləri qəbul edilmiş, ibtidai və orta məktəblərdə iki dilin tədris olunması nəzərdə tutulmuşdu. Eyni zamanda bu müqaviləyə görə, Pişəvəri Azərbaycan Milli Hökumətinin muxtariyyəti və ya müstəqilliyi ideyasından əl çəkiləcəyini, onun nazirlik və komitələrinin ləğv ediləcəyini öhtəsinə götürürdü. Digər maddəyə görə, Azərbaycan Milli Hökumətinin Parlamenti yerli məclis funksiyasinı daşıyacaq və bu İran konstitutsiyası tərəfindən də tanınmalı idi. Solçuların dəstəklədiyi, mərkəz sağ və milliyyətçilərin isə tənqid etdiyi bu saziş yalnız mərkəzi hökumət ordusunun Təbrizə girib demokratik hərəkatın varlığına son qoyduğu dövrə qədər qüvvədə qaldı.
1946-cı ilin dekabr ayının 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu Beləcə, bir il mövcud olmuş Azərbaycan Milli Hökuməti zor gücünə süqut etdi. Ən azı 500 nəfər Azərbaycan Demokrat Partiya üzvü öldürülmüş və yüzlərləsi həbs edilmişdir.
ABŞ Ali Məhkəməsinin hüquqşünası və siyasətçi Uilyam O. Duqlas ABŞ Ali Məhkəməsinə hesabatında bildirmişdi ki, rus ordusu (SSRİ ordusu nəzərdə tutulur) Azərbaycanda (Cənubi Azərbaycan) olarkən özlərini çox yaxşı və mədəni aparmasına baxmayaraq, İran ordusu buraya gəldikdən sonra əhali ilə əsl işğalçı kimi davranmış, kəndlilərin saqqalını yandırmış, onların arvadlarını və qızlarını zorlamış, bütün heyvanlarını və ərzaqlarını talan etmişdir. İran ordusu ölüm çığırı çəkib və gerisində qalan hər şeyi məhv edir.
Azərbaycan Milli hökumətinin qurucularından bəziləri Seyid Cəfər Pişəvəri başda olmaqla İran ordusu Təbrizə daxil olmamaışdan bir necə dəqiqə əvvəl şəhərdən çıxmışdır. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak olmuşdur. Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunmuş, maarif naziri Məhəmməd Biriya sovet siyasi – rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılmışdır. Milli Hökumətin digər qurucuları da həbs və sürgünlərə göndərilmiş, ağır mühacirət həyatı yaşamağa məcbur olmuşlar. Lakin onların Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə adlarını tarixə ədəbi olaraq yazmışdır.
Azərbaycan Milli Hökumətinin ömrü uzun olmasa da, bu hökumətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökumətidir.