Əziz dostlar!



Yüklə 14,75 Kb.
tarix18.01.2017
ölçüsü14,75 Kb.
#5814

Əziz dostlar!

 

1990-cı ildə məzmun və formaca yeni bir ali məktəb yaratmaq ideyası üzərində düşünürdüm. Həmin ilin payızında (20 il əvvəl!) bu fikri həyata keçirmək imkanı yarandı. Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan Sovet Sosialist Respublikası hökumətinin 20 dekabr 1990-cı il  tarixli sərəncamı və 18 mart 1991-ci il tarixli fərmanı ilə sərbəst-öz nizamnaməsi ilə idarə olunacaq “İngilisdilli Azərbaycan universiteti” adlı ali təhsil ocağının yaradılması qanuniləşdi. Doğulduğu ilk günlərdən Azərbaycanın bu ilk özəl ali məktəbi siyasi, iqtisadi və insani-psixoloji problemlərlə qarşılaşdı. 1991-ci ilin payızında Azərbaycan Respublikası müstəqillik qazandı. Bu keçid dövründə tezliklə Xəzər Universiteti adını alan bu ali məktəb bütün maneələri və sədləri aşaraq, çətinlikləri dəf edərək yaşadı, böyüdü və gücləndi ( Bax: Hamlet İsaxanlı. “Xəzərin sorağında”. Xəzər Universitəsi nəşriyyatı, 2006).



Öz müasirliyi və dinamikliyi, ciddiliyi və təmizliyi, maddi bazası ilə təbiət elmləri və mühəndislik, humanitar və sosial elmlər, iqtisadiyyat və menecment, müəllimlik kimi sahələr üzrə uğurla fəaliyyət göstərən müəllimləri və elmi heyətilə, çalışqan və istedadlı tələbələri, məzunları ilə Xəzər Universiteti təhsil dünyasında özünə və Azərbaycana yeni cığırlar açdı, bölgədə və beynəlxalq aləmdə tanındı. Orijinal proqramları, tələbə və müəllim mübadiləsi, geniş beynəlxalq əlaqələri, cəmiyyətlə yaxın ünsiyyəti Xəzər Üniversitetini çox arzu edilən və çox sevilən elm, təhsil və mədəniyyət mərkəzinə çevirdi. Xəzər Universiteti çox müxtəlif sahələrdə bakalavr, magistr və doktor (PhD) proqramları üzrə səviyyəli mütəxəssislər hazırlamaqla, həmçinin nəzdindəki məktəbəqədər, ibtidai və orta təhsil sisteminə malik beynəlxalq İBO statuslu Dünya məktəbi ilə birlikdə geniş elm-təhsil-təlim-tərbiyə kompleksi şəklini aldı. Xəzər Universiteti inkişaf etmiş ölkələrin təcrübələrinin Azərbaycana gəlməsi və tətbiqində, eləcə də Azərbaycan elminin, ali və orta təhsilinin dünyaya qovuşmasında şəksiz rol oynadı. 

Xəzər Universitetinin təsisçisi, onu quran, inkişaf etdirən bir şəxs kimi həm strateji inkişaf və fəaliyyət planları üzərində, həm həmin planların həyata keçirilməsi üzərində gərgin işləməli oldum. Hal-hazırda Xəzər Universiteti öz sistemini qurmuş, öz xarakteri ilə seçilən, dayanıqlı ənənəyə malik çiçəklənən təhsil kompleksidir.

Xəzər Universitetinin təsisçisi kimi bu ali məktəbin Direktorlar və Qəyyumlar Şurasını qurmağa başladım. Özüm daha çox strateji inkişafla məşğul olmaq niyyətindəyəm. İndiyədək bunu üniversitetə gündəlik rəhbərlik etməklə bərabər aparmışam. Əsas istəyim Xəzər Universitetini Azərbaycanda, daha geniş bölgədə və beynəlxalq aləmdə daha yüksəklərə qaldırmaqdır. Bu şuranı yaratmaq və onu yönəltməklə yanaşı universitetin birbaşa idarə edilməsinə rəhbərlik edə bilən enerjili, təşəbbüskar və işgüzar yeni rektor axtarmaq qərarına gəldim. Bununla, həmçinin, elmi və bədii yaradıcılıqla məşğul olmaq üçün müəyyən vaxt qazanacağımı da güman edirəm.

2010-cu ilin başlanğıcında ali təhsil sahəsində yüksək idarəetmə təcrübəsi olan, bu dinamik zamanda iri və mürəkkəb təşkilatı əldə saxlayıb irəli apara bilən, orta və uzun vədəli böyüməni stimullaşdıra bilən rektor axtarışı elan etdim. Müxtəlif ölkələrdən bu iş üçün müraciət edən görkəmli elm və təhsil adamlarına səmimi - qəlbdən təşəkkür edirəm. 

Seçimimiz başa çatdı. Professor Dr. John Ryder (Con Rayder) Xəzər Universitetinin yeni rektoru təyin olundu. O, SUNY – New York dövlət universiteti kampuslarının birində department (kafedra) müdiri, beynəlxalq əlaqələr mərkəzinin direktoru və  dekan vəzifələrində çalışmışdır. Xəzər Universitetinin yeni rektoru Dr. John Ryderə uğurlar arzulayıram. Xəzər Universitetinin elmi-pedaqoji və işçi heyətinin, tələbə və məzunlarının, bütün dostlarının Dr. Ryderlə birlikdə maraqlı və faydalı layihələr üzərində çalışacaqlarına əminəm.

Dr. John Ryder`in Azərbaycanda və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tərəfdaşlarımızla yaxın əlaqələr quracağına, yeni fəaliyyət və əməkdaşlıq proqramları üzərində çalışacağına inanıram.



 

1 sentyabr 2010.



 
 
Yüklə 14,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin