1
Saqqallı qadınlar diabeti
Şahin Böyükağa oğlu Əlibəyli
Diabetes in bearded women
Shahin Boyukaga oglu Alibeyli
Диабет бородатых женщин
Шахин Боюкага оглы Алибейли
Saqqallı qadınlar diabeti istər endokrinologiya, istərsə də tibbin digər sahələrində
çalışan mütəxəssislər üçün maraq doğurur. Aşağıda təqdim edilən materialda məhz onun
barəsində söhbət açılacaqdır.
Definisiyası və sinonimləri
Endokrin sisteminin yalnız qadınlarda rast gəlinən, özünü başlıca olaraq
hipertrixoz, piylənmə və şəkərli diabetlə göstərən bir xəstəliyi saqqallı qadınlar diabeti
adlanır. Ədəbiyyatda «saqqallı qadınlar diabeti» termininin sinonimi kimi aşağıdakı
anlayışlara rast gəlinir:
– Aşar–Tyer simptomokompleksi;
– Aşar–Tyer sindromu;
– saqqallı qadınların simptomokompleksi;
– saqqallı qadınlar sindromu.
Qısa tarixi arayış
Karbohidrat mübadiləsinin pozulması və hiperandrogenemiya arasında qarşılıqlı
əlaqə olduğunu ilk dəfə 1921-ci ildə məşhur fransız həkimləri Emil Şarl Aşar (Emile
Charles Achard) və Jozef Tyer (Joseph Thiers) göstərmişlər. Onların bir yerdə təsvir
etdikləri xəstəlik «saqqallı qadınlar diabeti» adlandırılmışdır.
Sonradan bəzi mənbələrdə xəstəliyin başqa bir adı kimi «saqqallı qadınlar
sindromu» termini işlənilmişdir. Hərçənd «saqqallı qadınlar sindromu» məfhumunu elə
uğurlu hesab etmək olmaz. Çünki barəsində danışılan patologiya qadının üzündə saqqal və
bığ çıxdığı yeganə xəstəlik deyildir. Xəstəlik haqqında birinci dəfə məlumat vermiş
tədqiqatçı həkimlərin şərəfinə olaraq «Aşar–Tyer simptomokompleksi» və «Aşar–Tyer
sindromu» kimi eponimik terminlər təklif edilmiş və mütəxəssislər tərəfindən rəğbətlə
qarşılanmışdır.
2
Şəkil 1. Emil Şarl Aşar (Emile Charles Achard; 1860–1944)
Etiologiyası və patogenezi (səbəbləri və inkişaf mexanizmi)
Kuşinq sindromunun inkişaf mexanizminə analoji patogenetik mexanizm olur.
Əsasən aşağıdakılara diqqət yetirilir: hipofizin bazofil adenoması, bəzən böyrəküstü
vəzilərin şişi və yaxud hiperplaziyası. Baş beyinin əsasında yerləşən və orqanizmin bütün
hormonal sisteminin fəaliyyətini tənzimləyən əsas endokrin vəzisi olan hipofizin və onunla
bərabər böyrəküstü vəzilərin qabıq qatının funksiyalarının pozulması xəstəliyin səbəbləri
kimi göstərilir. Həmin orqanlarda şiş olduqda xəstəliyin yaranma ehtimalı hədsiz böyüyür.
Buna görə saqqallı qadınların diabeti hipofizin bazofil adenomasının, nadir hallarda
böyrəküstü vəzilərin şiş və yaxud hiperplaziyasının əlaməti hesab edilir.
Klinik mənzərəsi
Aşar–Tyer sindromu – qadında menopauza başladıqdan sonra təzahür edən
nadir xəstəlikdir. Xəstəliyin başlıca xüsusiyyətlərindən biri onun məhz klimaks dövründə
müşahidə edilməsidir.
Saqqallı qadınlar diabeti xəstəliyinin simptomatologiyası özündə aşağıdakı əsas
əlamətləri birləşdirir:
1. Göz simptomları:
a) akkomodativ astenopiya;
b) diabetik, yaxud arteriosklerotik retinopatiya.
2. Ümumi simptomlar:
a) qadında kişi tipli olan, bığ və saqqalın çıxması ilə təzahür edən hipertrixoz;
civzə (sızanaq) çıxması, hirsutizm, adətən digər maskulinizasiya əlamətləri olmadan;
b) əksər hallarda inkişaf edən şəkərli diabet, qlükozotolerantlığın pozulması
(qlükozaya qarşı tolerantlığın aradan qalxması), qlükozuriya;
c) amenoreya (menstruasiyanın olmaması);
ç) çox tez-tez meydana çıxan arterial hipertoniya (hipertenziya);
3
d) piylənmə;
e) eritremiya;
ə) hiperxolesterinemiya (qanda xolesterinin səviyyəsinin yüksəlməsi);
f) qaraciyər sirrozu;
g) osteoporoz.
Aşar–Tyer sindromu qadında hiperkortisizm simptomlarının, xüsusən
hirsutizmin şəkərli diabetə xas aydın ifadəli əlamətlərlə qovuşmasıdır. Saqqallı qadınlar
diabeti kişi tipli hipertrixozda və bədənin piylənməsində ifadəsini tapır. Xəstədə şəkərli
diabet, bığ və saqqal çıxması ilə özünü göstərən kişi tipli hipertrixoz olur, lakin bunlar
virilizmin digər simptomları olmadan meydana çıxır (virilizasiyanın başqa əlamətləri zühur
etmədən gedir). Bədənin tüklənməsinin kişi tipli olması (kişi tipli tüklülüyün nəzərə
çarpması) xəstəliyin səciyyəvi əlamətlərindən biridir. Hipertrixoz məhdud xarakter daşıyır,
yalnız çənədə və onun altında, yuxarı dodaqda tüklər çıxır, lakin bununla eyni vaxtda çox
aydın ifadə olunmayan şəkərli diabet, bəzən arterial hipertenziya qeydə alınır, həmçinin
piylənmənin simptomları özünü göstərir. Beləliklə, Aşar–Tyer sindromu – postmenopauza
dövrünə qədəm qoymuş qadında hiperkortisizmin bir forması olub, dərindən gəldiyi dərhal
duyulan kişi səsi, qlükozotolerantlığın pozulması, qlükozuriya və yaxud insulinorezistent
şəkərli diabet, osteoporoz, adrenogenital sindrom, virilizasiya, amenoreya, piylənmə və
digər əlamətlərlə səciyyələnir.
Şəkil 2. Saqqallı qadınların diabeti [3]
Aşar–Tyer sindromu zamanı nisbətən düzgün qədd-qamət saxlanıldığı və
ətraflar mükəmməl quruluşlu olduğu halda, bədənin bəzi yerlərində, xüsusən üz, döş, bel
və sağrı nahiyələrində artıq miqdarda piy toplanması nəzərə çarpır. Əsasən İsenko–Kuşinq
xəstəliyi tipində displastik piylənmə (qızarmış girdə sifətə, kök bədənə, arıq ətraflara malik
olan insanın xarakterik piylənmə tipi) olur. Ümumiyyətlə, belə qadınların üzündə saqqal və
bığ çıxmasına baxmayaraq onların bədən quruluşu bitkin təsir bağışlayır, buna görə qaməti
qəşəng görünüşlü olur, sadəcə olaraq ətraflarının ölçüləri bütün gövdəsini mütənasib
şəkildə tamamlasa da ancaq başqa nahiyələrlə müqayisədə xeyli arıq olduğu gizlədilə
bilmir, əl və ayaqları çox nazik görünür. Çox vaxt hiperxolesterinemiya (qanda xolesterinin
səviyyəsinin yüksəlməsi) müşahidə olunur.
4
Aşar–Tyer sindromunun ümumi simptomlarından olan eritremiya haqqında
azca məlumat vermək lazım gəlir. Eritremiya qanyaradıcı sistemin xronik xəstəliyi olub,
təkcə qanın formalı hüceyrələrinin – eritrositlərin, leykositlərin, trombositlərin miqdarının
artması ilə deyil, həmçinin qan plazmasının həcminin çoxlaması ilə səciyyələnir, nisbi xoş
gedişə malik olur, bir neçə əsas əlamət şəklində təzahür edir ki, onların arasında dərinin
tünd qırmızı rəngdə olması, arterial təzyiqin yüksəlməsi, qanaxma və tromboza meyllilik,
dalağın böyüməsi daha çox nəzərə çarpır.
Bir çox hallarda Aşar–Tyer sindromu zamanı osteoporoz müşahidə olunur.
Osteoporoz isə sümük toxumasının ciddi dəyişikliklərə uğraması, ilk növbədə onun
distrofiyası, sümüklərin möhkəmlik və davamlılığının azalması, hətta sınma ehtimalının
hədsiz artmasıdır.
Diaqnostikası və müalicəsi
Tibb elmində qəbul edilmiş ənənəyə uyğun olaraq Aşar–Tyer sindromunun
diaqnostikası iki istiqamətdə həyata keçirilir: adi və diferensial. Adi diaqnostika dedikdə
hər hansı xəstəliyin müəyyən əlamətlərinə şübhə olduğu hallarda onun əsaslı şəkildə
təsdiqlənməsi, yaxud inkar edilməsi nəzərdə tutulur. Adi diaqnostika öz növbəsində klinik
və laborator olmaqla iki yerə ayrılır. Diferensial diaqnostika dedikdə xəstəliyin
simptomlarına oxşar olan əlamətlər təzahür edən hallarda onun başqa patologiyalardan
fərqləndirilməsi başa düşülür.
Müayinə zamanı hiperqlikemiya, qlükozuriya, böyrəküstü vəzilərin qabıq
qatının hormonu olan kortizolun hiperproduksiyası, böyrəküstü vəzilərin ölçülərinin
artması aşkara çıxarılır. Laborator tədqiqat zamanı kortizolun səviyyəsinin yüksəlməsi,
qanda qlükozanın konsentrasiyasının artması müəyyən olunur. Həmçinin sidikdə qlükoza
aşkar edilir. 17-ketosteroidlərin və 17-oksiketosteroidlərin urinar ekskresiyası bir qayda
olaraq yüksəlir, yəni onların sidikdə miqdarı artır.
Adətən böyrəküstü vəzilərin qabıq qatının şişi və yaxud hiperplaziyası aşkar
edilir. Bəzən kompüter tomoqrafiyası hipofizin ön payında yenitörəmə əlamətlərini
göstərir.
Saqqallı qadınların diabeti bir sindrom olaraq yalnız bəzi patoloji halların istisna
edilməsindən sonra diaqnoz kimi qoyula bilər. Saqqallı qadınlar sindromunun növbəti
patologiyalarla diferensial diaqnozu aparılmalıdır:
1) fizioloji klimaks;
2) qadında yaş diabeti (yaşa dolmaqla əlaqədar olaraq zərif cinsin
nümayəndəsində meydana çıxan şəkərli diabet forması);
3) adrenogenital sindrom;
4) suprarenal-genital sindrom (böyrəküstü vəzi – cinsiyyət sindromu);
5) Morqani–Stüart–Morel sindromu;
6) İsenko–Kuşinq sindromu.
Xəstəliyin təbiətindən (hipofizin və yaxud böyrəküstü vəzilərin zədələnməsinin
xarakterindən) asılı olaraq müalicə aparılır. Karbohidrat mübadiləsinin korreksiyası
5
göstərişdir, şiş aşkara çıxarıldığı təqdirdə cərrahi müalicə (operativ müdaxilə edilməklə
yenitörəmənin kənarlaşdırılması) lazım gəlir.
İstifadə olunmuş mənbələr
1. Achard Emile Charles, Thiers Joseph. Le virilisme pilaire et son association a
l’insuffisance glycolytique (diabete des femmes a barbe) [Texte] // Bulletin de l’Academie
nationale de medecine, Paris, 1921, series 3, numeros 86, pages 51–64
2. Бородулин Владимир Иосифович, Бруенок Александр Викторович,
Венгеров Юрий Яковлевич, Глянцев Сергей Павлович, Ланцман Михаил
Наумович, Левин Олег Семёнович, Селиванова Елена Анатольевна, Тополянский
Алексей Викторович, Шотемор Шириншо Шириншоевич. Клинические синдромы
и симптомы: краткий эпонимический словарь-справочник практического врача
[Текст] / Составители: Владимир Иосифович Бородулин и Алексей Викторович
Тополянский / Под редакцией Владимира Иосифовича Бородулина. Москва,
издательство «РИПОЛ классик», 2007, 464 стр.
3. Синдром Ашара–Тьера [Электронный ресурс] // www.medkarta.com
4. Стоименов Йордан Александров, Стоименова Мая Йорданова, Коева
Правда Йорданова, Коев Георги Михайлов, Попов Пламен Любенов, Стоименова
Лиляна Цанова. Психиатрический энциклопедический словарь [Текст]. София,
академическое
издательство
имени
профессора
М.
Дрирова,
Киев,
Межрегиональная Академия управления персоналом, 2003, 1200 стр.
5. Цвелев Юрий Владимирович, Кира Евгений Фёдорович, Берлев Игорь
Викторович, Гайворонских Дмитрий Иванович. Терминология в акушерстве,
гинекологии и перинатологии. [Текст]. Учебное пособие. Научное издание. Санкт-
Петербург, издательство «Н–Л», 2012, 288 стр.
6. Чурилов Леонид Павлович, Колобов Андрей Викторович, Колобова
Оксана Леонидовна, Константинова Анастасия Михайловна, Строев Юрий
Иванович, Утехин Владимир Иосифович. Толковый словарь избранных
медицинских терминов. Эпонимы и образные выражения [Текст] / Редакторы
Леонид Павлович Чурилов, Андрей Викторович Колобов, Юрий Иванович Строев.
Санкт-Петербург, издательство «Элби», 2010, 352 стр.
Dostları ilə paylaş: |