DiLİn mahiYYƏTİ



Yüklə 13,74 Kb.
tarix31.12.2021
ölçüsü13,74 Kb.
#49511
DİLİN MAHİYYƏTİ


DİLİN MAHİYYƏTİ

Dilçiliyin obyekti olan dil mürəkkəb və çoxsahəli hadisədir. Dilin ictimailiyi onun yaranmasında va funksiyalarında müşahidə olunur. Dil ancaq cəmiyyətdə yaranır və cəmiyyətdə fəaliyyət göstərir. Cəmiyyətdən kənarda dil yoxdur.

Dilin vacibliyi onun universallığındadır. O, bu dildə danışan cəmiyyətin hamısına bütün fəaliyyat sahələrində xidmət edir. Ünsiyyət birtərəfli yox, ikitərəfli prosesdir və bu ictimailiyin bir təsdiqidir.

İctimai mahiyyəti ilə yanaşı dil həm də çoxsəviyyəli mürəkkəb bir quruluşdur – hər dilin özünəməxsus fonetik, leksik - semantik, qrammatik quruluşu var. Dildə baş verən dəyişikliklərin səbəbini ancaq ictimai hadisələrdə axtarmaq lazım deyil. Çox vaxt dil vahidlərinin qarşılıqlı təsiri nəticəsinda dəyişikliklər baş verə bilər.

Dil müxtəlif səviyyəli vahidlərdən ibarətdir - fonemlər, morfemlər, sözlər, cümlələr. Dilin əsas xüsusiyyətlərindən biri odur ki, onun daxili təkcə müxtəlif səviyyəli vahidlərin mexaniki toplusu deyil. Burada bir daxili mütəşəkkillik, qarşılıqlı asılılıq var. Müxtəlif səviyyəli vahidlər müəyyən əlamətlərə görə qruplaşdırıla bilər və bir-birinə qarşılaşdırıla bilər. Qruplaşma və qarşılaşma - xüsusi olaraq dilin daxili mütəşəkkilliyini təşkil edir.

Beləliklə, dil xüsusi daxili quruluşa malik ictimai hadisədir.



Dilin mahiyyətini izah edərkən çox hallarda ifrat mövqe müşahidə olunur. O, fizioloji, bioloji, psixoloji hadisələrdən və bütün başqa ictimai hadisələrdən öz xüsusi əlamətləri ilə ayrılır.

Dil fizioloji hadisə deyil. Məlumdur ki, fizioloji faktorlar bütün canlılara irsən keçir. Dil isə irsi fizioloji faktor deyil. Əgər bizim ana dilimiz Azərbaycan dilidirsə və bu dildə danışırıqsa, bu, heç də ata anamızın azərbaycanlı olduğuna görə deyildir. Bunun səbəbi odur ki, biz Azərbaycan dili mühitində yaşayırıq.

Dil psixoloji hadisə də deyildir. Dili insan ruhu, psixikası, geniş mənada xalq psixologiyası ilə əlaqələndirmək cəhdləri çox olmuşdur. Doğrudur, xalqın psixologiyası, dünyagörüşü bu və ya digər dərəcədə dildə əks etdirilə bilər, amma insan psixologiyasının dilə təsir etməsindən danışmaq yanlış olardı. Dili insan psixologiyası ilə əlaqələndirən 19 əsrin psixoloji cərəyan nümayəndələri belə hesab edirdilər ki, dillərin müxtəlifliyi insanların fərdi psixikalarının müxtəlifliyi ilə bağlıdır. Bu məqbul fikir sayılmır. Çünki dil psixi hadisə olsa idi, şəraitin və xarici mühitin təsirindən asılı olmayaraq ayrı-ayrı adamların xüsusi dili olardı və nəticədə onlar bir-biri ilə danışa bilməzdilər. Üzvlərindən hərəsinin özünəməxsus fərdi bir dili olan xalq yoxdur və ola da bilməz. Hər bir xalqın dili həmin xalqın bütün nümayəndələrinin vahid dilidir .

Dili bioloji hadisa da hesab etmək olmaz. 19 əsrdə alman alimi Avqust Şleyxer dili bioloji hadisələr sırasına daxil etmişdi. Buna görə də belə bir nəticəyə gəlmişdi ki, dil bioloji faktor olaraq, təkamül nəzəriyyəsində deyildiyi kimi yaranır, inkişaf edir, öz yüksək dərəcəsinə çatıb, nəhayət, ölür. Dilin inkişaf edərək daha da təkmilləşməsi sübut edir ki, dil bioloji hadisə deyil. Əgər dil bioloji hadisə olsaydı, ölərdi. Məlumdur ki, dilin ölmə səbəbi onun inkişafının nəticəsi deyil. Dil yalnız nitq şəklində mövcud olmadıqda, yəni canlı şəkildə işlədilmədikdə, istifadədən qaldıqda ölür.

Deməli, dil ona görə inkişaf etmir ki, ölsün,o , cəmiyyətin inkişaf etmiş tələblərini daha yaxşı ödəmək üçün inkişaf edir.
Yüklə 13,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə