DÜYÜNLÜ UR
və qalxanabənzər vəzin
digər xəstəlikləri
Qalxanabənzər vəz
-
insan orqanizmində hormonlar ifraz edən vəzlərdən ən
böyüyüdür.
Qalxanabənzər vəz orqanizmin, demək olar ki, bütün funksiyalarının idarə
olunmasında iştirak edir.
Qalxanabənzər vəz 3 hormon ifraz edir:
triyodtironin, tiroksin və kalsitonin.
Bu hormonlar nəfəsalma, yuxu, qida qəbulu, hərəkət və s. proseslərə təkan
verir, uşaqlarda boy artımına və psixi inkişafa bilavasitə təsir göstərir. Buna
görə də qalxanabənzər vəzin hormonlarının çatışmazlığı boy artımının
ləngiməsinə və psixikada ağır pozuntulara səbəb olur.
Triyodtironin və tiroksin hormonları tərkibində yod molekullarının olması ilə
fərqlənir. İnsan orqanizmində olan 20-30 mq yodun təxminən 1/3 hissəsi
qalxanabənzər vəzin toxumalarının öhdəsinə düşür.
Normada orqanizm sutka ərzində 150-200 mkq, uşaqlarda isə 90-200 mkq
yod qəbul etməlidir. Orqanizmə yodun lazımi miqdarda daxil olmaması
qalxanabənzər vəzin böyüməsinə, yəni
ur xəstəliyinə
gətirib çıxarır. Ur
xəstəliyi yod defisitli regionlarda daha çox aşkarlanır. Azərbaycan isə
bütövlükdə yod defisitli region hesab olunur.
Qalxanabənzər vəzin xəstəlikləri onun hormonlarının çatışmazlığı və ya
həddən artıq hasili ilə müşahidə olunur. Bu xəstəliklərə aiddir:
1. Diffuz toksiki ur (hipertireoz)
2. Hipotireoz
3. Düyünlü (çoxdüyünlü) ur
Diffuz toksiki ur nədir?
Diffuz toksiki ur tireoid hormonların ar-
tıq miqdarda hasili ilə müşahidə olu-
nur, bu da nəticədə bütün orqanlarda
pozulmalara gətirib çıxarır. Xəstəliyə
onu ilk dəfə təsvir etmiş alimin adı
ilə Bazedov xəstəliyi də deyirlər. Bu
xəstəliyə insanın əsasən məhsuldar
dövründə rast gəlinir.
Diffuz toksiki uru törədən səbəb:
immun sisteminin funksiyasının pozulması
Diffuz toksiki urun əsas əlamətləri:
ümumi zəiflik, əzginlik, əsəbilik
göz almalarının qabarması (gözlərin “bərəlməsi”)
tərləmə
tremor (əsmə)
çəkinin azalması
kövrəklik (ağlağanlıq) və daim narahatlıq hissi
diqqətin dağınıqlığı
ürəkdöyünmə (nəbz dəqiqədə 90-150)
təngnəfəslik
Hipotireoz nədir?
Hipotireoz – qalxanabənzər vəzin funksiyasının kəskin aşağı düşməsi ilə
yaranan xəstəlikdir. Xəstəlik anadangəlmə və ya qazanılmış olur.
Hipotireozu törədən səbəblər:
bətndaxili dövrdə vəzin inkişaf qüsurları
vəzdə gedən proseslərin fəaliyyətdən qalması (atrofiyası)
cərrahi əməliyyatların nəticəsi (qalxanabənzər vəzin tam və ya hissəvi çıxarılması)
Hipotireozun əsas əlamətləri:
ümumi zəiflik, süstlük, halsızlıq
iş qabiliyyətinin kəskin aşağı düşməsi
yaddaş zəifliyi
yuxululuq
dəridə quruluq
saçların tökülməsi
üz və ətraflarda şişkinlik
baş ağrıları
qəbizlik
Xəstələrdə, həmçinin bədən hərarətinin aşağı olması və çəkinin artması
(orqanizmdə mayenin durğunluğu nəticəsində) müşahidə olunur.
Düyünlü (çoxdüyünlü) ur nədir?
Düyünlü (çoxdüyünlü) ur qalxanabənzər vəzin böyüməsi və müxtəlif düyünlü
törəmələrin əmələ gəlməsilə xarakterizə olunan xəstəlikdir. Düyünlü törəmələr
iki və daha artıq sayda olduqda isə bu, çoxdüyünlü ur sayılır.
Düyünlü uru törədən səbəblər:
irsi meyillilik
ətraf mühitdə yod defisiti
stress
infeksiyalar
şüalanma
Düyünlü ur böyük olduqda:
boyun nahiyəsində sıxılma
hissi, udqunma zamanı çətinlik;
boyunun nəzərə çarpan dərəcədə
böyüməsi meydana çıxır.
Xəstəlik zamanı vəzin funksiyası pozulmaya da bilər.
Qalxanabənzər vəzdə
düyünlü törəmələrin aşkar edilməsi:
Həkim boyun nahiyəsini palpasiya (əllərlə ilk müayinə) etdikdən sonra xəstəyə
aşağıdakı müayinələri məsləhət görə bilər:
ultrasəs müayinə
qalxanabənzər vəzin hormonlarının səviyyəsinin laborator təyini
qalxanabənzər vəzin hüceyrələrinə qarşı anticisimlərin təyini
nazik iynəli aspirasiyon biopsiyanın aparılması
sintiqrafiya-radioizotop skanerləşdirmə
Aparılmış müayinələr əsasında həkim
bu müalicə taktikalarından birinə qərar verir:
Dinamik müşahidə - qalxanabənzər vəzin funksiyasının mütəmadi olaraq
qiymətləndirilməsidir. Qalxanabənzər vəzin funksiyasının pozulmadığı və
hormonların faizinin dəyişmədiyi halda həkim dinamik müşahidə taktikasını
seçir. Bu zaman müalicə təyin edilmir, lakin vaxtaşırı həkimin qəbulunda
olmağın zəruriliyi bildirilir.
Dərmanla müalicəni həkim təyin edir ki, bu da vəzin funksional vəziyyətindən
asılıdır.
Cərrahi müdaxilə aşağıdakı hallarda zəruridir:
böyük toksiki düyün nəticəsində yaranan hipertireoidizm
hipertireoidizmlə müşayiət olunan diffuz toksiki ur (konservativ müalicə
uğursuz olduqda)
düyün böyüdükdə, udqunma və nəfəsalmada çətinlik yarananda
böyük çoxdüyünlü ur
düyünlər bədxassəli olduqda
Cərrah-endokrinoloq xəstə və onun ailə üzvlərilə birgə USM və digər mü-
ayinələrin nəticələrini nəzərdən keçirməli, müalicə taktikasını izah etməli,
bütün sualları cavablandırmalı, cərrahi müdaxilənin mümkün fəsadlarını
müzakirə etməli, cərrah məsləhəti verməlidir.
Cərrahi müdaxiləyə əks-göstəriş (yanaşı gedən digər xəstəliklər, yaşın
70-dən artıq olması, bədxassəli şişlərin gecikmiş forması) olduqda radioaktiv
yodla müalicə məsləhət görülür.
Hamilə qadınlarda qalxanabənzər vəzin
xəstəlikləri aşkar olunarsa:
müalicə taktikası və dərmanların təyini yalnız həkim tərəfindən aparılmalı
3 ayda bir dəfə hormonların səviyyəsi yoxlanılmalı, USM aparılmalı və
həkim-endokrinoloq nəzarətindən keçilməlidir.
Bu kitabça Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının
3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Düyünlü
ur xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol”
əsasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi
ilə CHS-A-00-06-0001-0-00 nömrəli müqavilə üzrə İlkin Səhiyyə
Xidmətlərinin Gücləndirilməsi Layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Kitabçada
dərc olunanlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş
endokrinoloqu ilə razılaşdırılmışdır.
Kitabça Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə
islahatları çərçivəsində ictimai səhiyyə kadrlarının hazırlanması üzrə
Tədbirlər Proqramı əsasında çap edilmişdir.
Dostları ilə paylaş: |