Ədəbi dilin şifahi normaları Bir qayda olaraq, ümumxalq dili üzərində müəyyən əməliyyat aparmaqla düzəldilmiş dil - ədəbi dil hesab olunur. Belə bir əməliyyatı aparmaq üçün, əlbəttə, müəyyən ölçü, norma, tələb və s. olur. Buna görə də bəziləri ədəbi dili düzgün qiymətləndirə bilməmişlər, hətta onu süni dil saymış, onun heç bir qanunauyğunluq əsasında inkişaf etmədiyini söyləmiş, ədəbi dili dilçiliyin tədqiqat mövzuları sırasında xaricə çıxarmaq kimi zərərli təşəbbüslər göstərmiş və ədəbi dil haqqında bir çox yanlış mülahizələr söyləmişlər.
Bəziləri ədəbi dil dedikdə,ancaq yazılı dili anlamışlar, şifahi ədəbi dilin də ola biləcəyini ağıllarına belə gətirməmişlər. Buna görə də ədəbi dil və onun inkişafı dedikdə, ancaq yazılı ədəbiyyatın, yazılı sənədlərin və nəhayət, kitabələrin dilini tədqiq etməkdən uzağa getməmişlər. Belə anlayış nəticəsində “ yazısı olmayan xalqların ədəbi dili olmaz” kimi yanlış fikir meydana çıxmış; yaxud bu və ya digər xalqın ədəbi dilinin başlanğıcı həmin xalqın yazıya malik olduğu dövrdən hesab edilmişdir.
Bəzən ədəbi dil anlayışı ilə dövlət dili eyniləşdirilmişdir və buna görə də bəzi xalqların ədəbi dili və onun tarixi haqqında yanlış fikirlər irəli sürülmüşdür. Müxtəlif dövrlərin ictimai-siyasi quruluşu ilə əlaqədar olaraq, dövlət idarələrində işlənilən gətirilmə dil, o dildə danışmayan xalqın ədəbi dili sayılmışdır. Məsələn, Azərbaycanda orta əsrlərdə dövlət idarələrində rəsmi surətdə işlənilən ərəb, fars dilləri azərbaycanlıların ədəbi dili kimi qələmə verilmiş; bu isə əsl mənada bu və ya digər xalqın ədəbi dilinin nə zaman təşəkkül tapdığını, bu dilin lüğət tərkibi, qrammatik quruluşu, üslubi sistemi və istifadə dairəsi haqqında düzgün təsəvvürün nədən ibarət olduğunu aydınlaşdırmağa ancaq maneçilik törətmişdir.
Ədəbi dil anlayışını daha bir sıra başqa məzmunlarda izah edənlər də olmuşdur.
Bütün bu müxtəlif mülahizələrin olmasından belə bir nəticəyə gəlmək mümkündür ki, ədəbi dil mürəkkəb, nisbi və tarixi bir anlayışdır; buna görə də bütün dövrlər üçün vahid meyarla ölçülən bir standart ədəbi dil ola bilməz.
Bəs ədəbi dil nədir? Bu doğrudur ki, ədəbi dil əsasən ümumxalq dili üzərində qurulur, lakin ümumxalq danışıq dili ilə ədəbi dil heç bir dövrdə tam eyniyyət təşkil etmir. Ədəbi dil ümumxalq dili üzərində seçmə və əvəzetmə prinsipi əsasında əməliyyat aparma yolu ilə düzəldilir.
Məsələn, ədəbi dilinin lüğət tərkibinin təşkili üçün ümumxalq danışıq dilinin lüğət tərkibindəki sözlər seçilir, ədəbi dilin lüğət tərkibinə qəbul olunur, ümumxalq danışıq dilində işlənilən bəzi sözlər isə ədəbi dil üçün məqbul sayılmır.
Ümumxalq dilinin fonetik sistemində də əvəzetmə və ya seçmə əməliyyatı aparılır; səs variantları ümumiləşdirilir, daha çox fonem mahiyyətli səslər məqbul sayılır. Yaxud, seçmə əməliyyatı aparılaraq bu və ya digər fonetik hadisə və qanun ədəbi dil üçün normativ sayılır, bəziləri isə, əksinə, məqbul hesab edilmir.
Qrammatik quruluşda da belə seçmə, əvəzetmə istiqamətində əməliyyat aparılır: ümumxalq dilinin şivələrində işlədilən bir forma ədəbi dilə götürülür, digəri isə qəbul edilmir. Bəzi birləşmə üsulu, bəzi cümlə quruluşu məqbul sayılır, bəzisi əksinə, hətta qeyri-qanuni hesab olunur və ədəbi dilə köçürülmür.
Ədəbi dil seçmə və əvəzetmə əməliyyatı aparmaqla normaya salınmış dildir. Ədəbi dilin şifahi və yazılı olmaq üzrə iki əsas növü vardır. Şifahi ədəbi dil daha əvvəl formalaşmışdır; lakin yazılı ədəbi dil yaradılandan sonra da şifahi ədəbi dil yazılı ədəbi dil ilə müvazi yaşayır və inkişaf edir. Əlbəttə, ədəbi dilin bir növü digərinə nisbətən, zaman və şəraitdən asılı olaraq, daha sürətlə inkişaf edə bilər.
Ədəbi dilin müəyyən normalara malik olması və bu normalara riayət etmək tələbi heç də ədəbi dili məhdudlaşdırmır. Belə normalar ədəbi dilin müxtəlif və dar sahələrin təfərrüatı ilə deyil, ancaq ümumi şəkildə ifadəsinə yarayan məhdud vasitələrə malik dil olduğuna dəlalət etmir. Əksinə, belə normalar ədəbi dilin hamı ilə və hər cür şəraitdə dil tapan, hər şeyi bütün təfərrüatı ilə əhatə və ifadə edə bilən bir vasitə oluğunu göstərir. Buna görə də ədəbi dil bir sıra spesifik xüsusiyyətləri ilə fərqlənən və belə xüsusiyyətlə, əlamətlər sistemi ilə də qollara ayrılan vahid ümumxalq dili kimi anlaşılmalıdır. Bu isə o deməkdir ki, ədəbi dilin əsasını ümumxalq dili vahidləri və hamı üçün ümumi olan cəhətlər təşkil edir. Lakin bununla yanaşı olaraq bir sıra məhdud sahələrlə əlaqədar spesifik cəhətlərə malik olduğundan, ədəbi dil müxtəlif qollara ayrılır ki, buna da ədəbi dilin üslubları deyilir.
Dil inkişaf etdikcə, onun xidmət sahəsi genişləndikcə üslubi vasitələr zənginləşir və dilin üslubları da artır. Bundan başqa, dilin üslubi norması da dəyişir, həm də dilin digər vahidlərinə nisbətən daha tez və sürətlə dəyişir.
Məhz buna görə də ədəbi dilin tarixi əsasən ədəbi dil üslublarının tarixi deməkdir.
Hər bir inkişaf etmiş ədəbi dilin özünəməxsus üslub qolları olur və bu qollar xüsusi əlamətdar cəhətlərinə görə bir-birindən fərqlənir. İndiyə qədər üslubiyyata dair yazılmış ədəbiyyatda üslubları fərqləndirici əlamətlər fərqləndici meyarla ölçüldüyündən üslubların da müxtəlif bölgüsü əmələ gəlmişdir.
Bütün bu cəhətləri nəzərə aldıqda belə bir nəticəyə gəlmək olur ki, üslub təfəkkür tərzi ilə bağlıdır və burada nitqin hər cür imkanlarından məqsədəuyğun surətdə istifadə olunur. Buna görə də üslub ilə nitqin müxtəlif təzahür şəkillərini eyniləşdirmək olmaz.
Nitqin təzahür şəkilləri aşağədakı əlamətlərlə müəyyənləşdirilir:
İfadə vasitəsinə görə
İfadə qurumuna – nizamına görə.
İfadə vasitəsinə görə nitq 2 cür ola bilər:
Şifahi; 2. Yazılı.
Şifahi nitqin ifadə vasitəsi mənalı səslərdir və onların tərkibindən düzələn sözlərin səslənməsidir. Yazılı nitqin ifadə vasitəsi isə hərfi işarələrdir və onalrın tərkibi ilə düzələn yazıdır. Bu vasitələrin əlamətdar cəhətləri də vardır ki, bunlardan məqsədəuyğunluq əsasında bu və ya digər üslubda istifadə edilə bilər; lakin belə əlamətdar cəhətlərin olması heç də iki üslub qrupunun, yəni şifahi və yazılı üslubların fərqlənməsi üçün əsas ola bilməz. Çünki üslublar ifadələrin, sözlərin, qrammatik əlamətlərin və fonetik imkanların məqsədəuyğunluq əsasında seçilmiş sistemindən formalaşır; yazılı və şifahi nitqi isə belə seçilmə əlamətləndirmir...