GÖRKƏMLİ RUS PEDAQOQU K.D.UŞİNSKİ
Konstantin Uşinski 1824-cü il martın 2-də çar Rusiyasının Çerniqov quberniyasında Novqorod-Seversk yaxınlığında 30-a yaxın kəndlisi və kiçik təsərrüfata malik olan Dmitri Uşinskinin ailəsində doğulub. Oğlunun doğum günü münasibətilə atası təhkimli kəndliləri azadlığa buraxıb və orduya xidmətə yollanıb. Bir neçə ildən sonra ordudan tərxis olunan atası öz kəndli təsərrüfatına qayıdıb. Konstantin Uşinskinin tələbəsi olmuş L.Mozdalevski müəlliminin həyatı və pedaqoji irsinə həsr olunmuş kitabında yazır ki, 11 yaşı tamam olanda Konstantinin anası Lyubov Stepanovna vəfat edib və o, bu gözəl və qayğıkeş insan barədə ən kövrək xatirələrini bütün sonrakı həyatı boyu qoruyub saxlayıb. Konstantin ilk təhsilini Novqorod-Seversk gimnaziyasında alıb. O, gəncliyindən dərin zəkası və iradəsi, ən müxtəlif maneələri dəf etmək qabiliyyəti ilə digər həmyaşıdlarından seçilib.
İlk təhsilini başa vuran Konstantin XIX əsrin 40-cı illərinin əvvəllərində Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Moskva Universiteti həmin illərdə özünün çiçəklənmə dövrünü yaşayırdı. Rusiyanın ən məşhur professorları burada çalışırdı. Konstantin Uşinskinin universitet illərində birbaşa elmi rəhbəri hüquq professoru N.Redkin olub. O, Uşinskinin müasir elmi və fəlsəfi ədəbiyyatla yaxından tanış olmasına kömək edib. O dövrün açıq dünyagörüşlü yazıçılarından Gertsen və Belinskinin Uşinskinin mütərəqqi ziyalı kimi formalaşmasında, gələcək pedaqoji və ədəbi yaradıcılığında silinməz təsirləri olub. Universitet təhsilinin son ilində - 1844-cü ildə Uşinski gündəlik yazırdı. Gündəlik onun daxili aləminin xüsusi gərginliyindən xəbər verirdi. O ümid edirdi ki, zalım Nikolay rejimi tezliklə çökməlidir. Əmin idi ki, azadlıq hökmən baş verəcək.
Konstantin Uşinski 1845-ci ildə 21 yaşında Moskva Universitetini qızıl medalla başa vurub. Onun elmi rəhbəri professor Redkin tələbəsinə çox gözəl xasiyyətnamə vermişdi. 2 il sonra Uşinski Yaroslavl Kameral Liseyində icraçı professor vəzifəsinə təsdiq olunub.
Konstantin Uşinski atasından çoxdandır ki, maddi yardım almırdı və hələ universitetdə verdiyi fərdi dərslər hesabına yaşayırdı. Lakin 1849-cu ilin qışında o, Peterburqda heç bir maddi vəsait olmadan sıxıntılarla üz-üzə qalmışdı. Ancaq tam qətiyyəti ilə onun statusuna cavab verə biləcək iş tapacağına inanırdı. Bu iş hədsiz dərəcədə çətin bir vəzifə oldu. İşsiz qalmış keçmiş lisey professoruna hər yerdə şübhə ilə yanaşırdılar. Hətta yerli qəza məktəbində də Uşinskiyə müəllim yeri tapılmadı. O, tam ümidsizliyə qapılmışdı. Lakin özünün həyat amalı olan elmi işlərini təşkil etmək üçün bütün qüvvəsini səfərbər etməyə çalışırdı.
Sonralar Uşinski valideyn himayəsindən məhrum və yetim uşaqlar üçün nəzərdə tutulmuş Qatçinsk İnstitutuna rus dili müəllimi, daha sonra isə sinif müfəttişi vəzifəsinə təyin olunur. Beləliklə də Uşinski bütün pedaqoji və tədris işinə rəhbərlik edir.
Konstantin Uşinski çox qısa vaxt ərzində pedaqoji ədəbiyyatla tanış olaraq artıq 1857-ci ildə "Jurnal dlya çteniye" dərgisində pedaqoji məqalələrlə çıxış etməyə başlayıb.
1859-cu ildə Konstantin Uşinski yeni təyinat alıb. Onu Smolnı Qızlar İnstitutuna sinif müfəttişi təyin edirlər. Avropa təhsil sistemi ilə tanış olmaq üçün o, xaricə ezamiyyətə yollanır. Xarici səfərində artıq uşaqlar üçün pedaqoji ədəbiyyatların yazılması ilə məşğul olmağa başlayıb. K.Uşinski məktəbəqədər hazırlıq sinifləri üçün "Vətən dili", "Uşaq aləmi" kitablarının yazılması və nəşri ilə məşğul olub.
Azərbaycanın maarifpərvər pedaqoqları, o cümlədən Həsən bəy Zərdabi pedaqoji fəaliyyətində K.Uşinskinin irsindən, xüsusilə onun ana dilinin tədrisinə dair qiymətli fikirlərindən bəhrələniblər. Dil haqqında Konstantin Uşinski demişdir: "Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz".
Uşinksi 1871-ci il 47 yaşında vəfat edib.
Dostları ilə paylaş: |