“Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata
keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri,
dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və
"Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni
vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli
Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata
keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri,
dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və
"Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi
heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat" təsdiq edilsin (əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 noyabr 2004-cü il
№ 176
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi
heyvan ovuna görə cərimələrin istifadəsinə dair
T Ə L İ M A T
1.
"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödənişlərdən və qeyri-qanuni vəhşi
heyvan ovuna görə cərimələrdən daxil olmuş vəsait heyvanlar aləmi obyektlərinin
mühafizəsinin, səmərəli istifadəsinin və artırılmasının, habelə onların yaşayış mühitinin
qorunub saxlanılmasının və yaxşılaşdırılmasının stimullaşdırılmasına yönəldilir.
2.
Ovçuluq təsərrüfatlarından istifadəyə görə ödənişlər istisna olunmaqla, heyvanlar
aləmi obyektlərindən istifadəyə görə ödəmələr, qeyri-qanuni vəhşi heyvan ovuna görə
cərimələrdən daxil olan vəsaitlər xəzinədarlıq orqanlarında toplanaraq Ətraf Mühitin
Mühafizəsi üzrə Dövlət Fonduna və ya xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə
edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına köçürülür.
3.
Fondun vəsaitinin 5 faizi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22
fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi üzrə dövlət
fondu haqqında Əsasnamə"nin 7-ci bəndinə əsasən sosial təminat və maddi həvəsləndirmə
fonduna yönəldilir.
Fondda qalan vəsaitin Azərbaycan Respublikasının İqtisadiyyat
və Sənaye Nazirliyi ilə
razılaşdırılmış, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və
Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hissəsi, təsdiq edilmiş gəlir və xərclər smetası
əsasında "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vəhşi heyvanların, o cümlədən nadir və
nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi, artırılması və bərpasına, heyvanlar aləmi
obyektlərinin dövlət uçotu, kadastrı və monitorinqinin təşkilinə və keçirilməsinə sərf
olunur.
[1]
4. Bu Təlimatda nəzərdə tutulan məqsədlər üçün vəsaitlərin səmərəli istifadə
olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi nəzarət edirlər.