İş № 2-1(105)-279/2016
Q Ə R A R D A D
Sumqayıt Apelyasiya Məhkəməsinin
inzibati-iqtisadi kollegiyası
Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı,
Hakimlər Nəsibov Nazim Məcid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət
tərkibdə, Nəcəfquliyev Ruslan Maqsud oğlunun katibliyi ilə,
iddiaçının nümayəndəsi Ağayev Rəşad Əlövsət oğlunun və
cavabdehin nümayəndəsi Qasımov Rəşad Nizami oğlunun iştirakları ilə,
İddiaçı – Mahmudov Nəsir Səfdər oğlunun cavabdeh – Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinə qarşı cavabdehin vurduğu
mənəvi zərərə görə 10000 (on min) AZN, maddi 250000 (iki yüz əlli min) AZN,
məhkəmə xərclərinə görə 100 (yüz) AZN ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt
İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2016-cı il tarixli 2-1(85)-581/2016 saylı
qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya
Məhkəməsinin inzibati binasında (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) 07
noyabr 2016-cı il tarixdə şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası
MÜƏYYƏN ETDİ:
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2016-cı il tarixli 2-1(85)-
581/2016 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova)
Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir.
İŞİN HALLARI:
İddiaçı Mahmudov Nəsir Səfdər oğlu cavabdeh Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinə qarşı cavabdehin vurduğu
mənəvi zərərə görə 10000(on min) AZN, maddi 250000 (iki yüz əlli min) AZN,
məhkəmə xərclərinə görə 100 (yüz) AZN ödənilməsi barədə iddia ərizəsi ilə Sumqayıt
İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərardadı qəbul etmişdir.
APELYASİYAŞİKAYƏTİNİN DƏLİLLƏRİ
VƏ TƏRƏFLƏRİN İZAHATLARI:
Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Ağayev apelyasiya
şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçının əməlində heç bir cinayət
tərkibi olmasa da, barəsində 24.12.2014-cü il tarixdə Sumqayıt şəhər Prokurorluğunda
AR CM-nin 321.1-ci maddəsi ilə cinayət işi başlanılaraq başqa yerə getməmək haqqında
intizam qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22.04.2015-ci il tarixli
hökmü ilə həbs qətimkan tədbiri ilə əvəz edilməklə, 1 (bir) il müddətinə azadlıqdan
məhrumetmə cəzasına məhkum olunmuş, məhkəmə iclas zalında həbs edilərək
Pentensiyar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Avropa
Konvensiyasının 1,6 və 7-ci maddələrini, 1 saylı protokolun 13-cü maddəsinin, BMT
konvensiyasında nəzərdə tutulan öhdəliklərin, o cümlədən AR CPM-nin 6, 10, 21, 28.5,
125.2.7, 139, 143, 144, 145.1, 145.3, 146.1, 244.1, 346.1.3, 349.3, 351.2, 353.2.2-ci
maddələrinin və prosesual hüquq normalarmm tələbləri pozulmaqla çıxarılan 1(060)-
86/2015 saylı iş üzrə 22 aprel 2015-ci il tarixli hökmü qanunsuz və əsassızdır. Cinayət işi
materialları ilə tanışlıq və məhkəmə istintaqı onu deməyə əsas verir ki, işin istintaqı hər
iki mərhələdə qərəzli və səthi aparılmış, çoxsaylı kobud qanun pozuntularma yol
verilmiş, toplanmış süni sübutlara söykənən, eləcə də ciddi prosesual pozuntularla ittiham
aktı tərtib və təsdiq edilərək məhkəməyə verilmiş və məhkum edilmişdir. Göstərilən
ittihamları təstiq edən sübutlar məhkəmə istintaqında əldə edilməmiş, hökmü sübutlara
görə yox ehtimallara, işin nəticəsi ilə maraqlı şəxslərin ziddiyyətli, iş materialları ilə
təkzib olunan ifadələrinə və ibtidai araşdırma zamanı kobud qanun pozuntuları ilə
toplanmış süni sübutlara görə çıxarılmışdır. Belə ki, ittiham aktı AR CPM-nin 289.3.1,
289.3.3, 289.3.6-cı və 290-cı maddələrinin tələblərinin pozulması ilə tərtib olunaraq
təstiq edilmiş, bir çox hallarda təqsiri təsdiq edən sübutlar, eləcə də öz müdafiəsi üçün
gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar ittiham
aktmda öz əksinin tapmamışdır. Müdafiəçisi P.M.Məhərrəmov tərəfindən apelyasiya
şikayəti verilmiş, Sumqayıt Apelasiya Məhkəməsinin 10.07.2015-ci il tarixli qərarına
əsasən, əməlində AR CM-nin 321.1-ci maddəsinin tərkibi olmaması əsası ilə bəraət
alaraq azadlığa buraxılmışdır. İddiaçı ticarət fəaliyyətinə başladığı vaxtdan etibarən
fəaliyyəti nəticəsində kifayət qədər gəlir əldə etmiş, deməli bundan sonra da fəaliyyətinə
maneəsiz davam etsəydi hər il ən azı 16.600 (on altı min altı yüz) avro olmaqla, 2027-ci
ilədək 250.000 (iki yüz əlli min) avro gəlir əldə etmiş olardım ki, cavabdehin qanunsuz
hərəkətləri nəticəsində əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur.
Cavabdeh tərəfindən iddiaçıya qarşı qanunsuz hərəkət edilərək onun uzun illər boyu
qazandığı işgüzar nüfuzuna ciddi zərər dəymiş, ona külli miqdarda ziyan vurulmuşdur.
Nəticədə, həmkarları arasında ona qarşı mənfi fikir formalaşmışdır. Nümayəndə məlumat
üçün bildirdi ki, iddiaçı uzun müddətdir Avropada yaşayır və daim diaspor sahəsində
fəallığı ilə seçilir, ölkəmizi xaricdə layiqincə təmsil edir, Benilüks Azərbaycanlıları
Konqresinin (BAK) Media və İctimai Əlaqələr üzrə baş müşaviri, Avropada Ədalət və
Sülh Təşkililatının (AƏST) sədri, “Melrama” şirkətlər qrupunun rəhbəridir. Qərardad
qəbul edilərkən birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış və iş üçün xüsusi
əhəmiyyətə malik olan bəzi xüsusatlara qiymət vermədən ədalətsiz qərar qəbul etmişdir
bu səbəbdən ləğv edilməlidir. Məhkəmə qərardadında qeyd olunur ki, cavabdehə qarşı
iddia tələbi qanuni istifadəsində olan Abşeron rayonu, Xirdalan şəhəri, 22-ci məhəllədə
yerləşən torpaq sahəsinə cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi
ziyana görə 30.000 (otuz min) AZN, darvazanın və hasarın yenidən əvvəlki vəziyyətinə
qaytarılması üçün 200.00 (iki yüz) AZN olmaqla əldən çıxmış fayda 12.000 (on iki min)
AZN, cəmi 47.000 (qırx yeddi min) AZN, işguzar nüfuzunun, ailəsinin şərəf və
ləyaqətinin tapdalanması nəticəsində dəymiş 50.000 (əlli min) AZN mənəvi zərərin
ödənilməsi barədədir. Halbuki, Sumqayıt şəhəri, Xızı və Siyəzən rayonları inzibati ərazi
vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət
qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ
idarələrinin arxiv məlumatlarında, ƏMDK və DT və XK tərəfindən təqdim edilmiş
elektron məlumat bazasında iddiaçının adına daşınmaz əmlak(lar) qeydiyyata
alınmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi hesab etmişdir ki, müvafiq iş üzrə
cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilmədiyindən ona vurduğu maddi və
mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilə bilməz. Ona görə də,
nümayəndə apelyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin
qərardadının ləğv edilməsini və cavabdehin iddiaçıya vurduğu mənəvi zərər 10.000 (on
min) AZN, maddi 250.000 (iki yüz əlli min) AZN, məhkəmə xərclərinə görə 100 (yüz)
AZN ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
Məhkəmə
kollegiyasının
iclasında
cavabdehin
nümayəndəsi
R.Qasımov
apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını və birinci
instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə
kollegiyasından xahiş etdi.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə
əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə
mahiyyəti üzrə baxaraq həll edir.
Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin
dəlillərini müzakirə edərək, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin
təmin edilməməsi və qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir.
Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı Mahmudov Nəsir
Səfdər oğlunun cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinə qarşı iddia tələbi qanuni istifadəsində olan Abşeron rayonu,
Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən torpaq sahəsinə cavabdehin qanunsuz
hərəkətləri nəticəsində dəymiş maddi ziyana görə 30000 manat, darvazanın və hasarın
yenidən əvvəlki vəziyyətinə qaytarılması üçün 5000 manat, kommersiya fəaliyyətindən
əldə etdiyi hər gün üçün 200 manat olmaqla əldən çıxmış fayda 12000 manat, cəmi
47000 manat və işgüzar nüfuzunun, onun və ailəsinin şərəf və ləyaqətinin tapdalanması
nəticəsində dəymiş 50000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi
barədədir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə
əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların
qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində
vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati
məhkəmə icraatı qaydasında baxılır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin
əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs vurulmuş zərərin əvəzinin
tam ödənilməsini tələb edə bilər.
Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş
şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,
əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ
pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən
çıxmış fayda) başa düşülür.
«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh
edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il
tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının
pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi
məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə
və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar
nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik
hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla
fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin
hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya
səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O
həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda
kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və
dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə
alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar
məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki
hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə
(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd
(mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt)
nəticəsində fiziki şəxsin şəxiyyəstinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin
əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə
ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsi öhdəsinə
qoyula bilər.
Birinci instansiyası məhkəməsinin qərardadında
qeyd edilmişdir ki, qeyd olunan
maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar
müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud
hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik
arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən
olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırki işdə
isə bu əsaslar mövcud deyildir.
Belə ki,
birinci instansiyası məhkəməsinin qərardadında
hesab etmişdir ki,
müvafiq iş üzrə cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilmədiyindən
iddiaçının vurduğu maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilə
bilməz. İddiaçının ona dəymiş 250.000 manat maddi və 10000 manat mənəvi zərərin
cavabdeh tərəfindən ödənilməli olduğuna dair iddia tələbinin qanuni əsasının (Mülki
Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığından həmin əsasın
hüquqi nəticəsi də yaranmamışdır.
İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı tərəf cavabdeh inzibati
orqanın hərəkətləri nəticəsində ona ziyan vurulması və həmin ziyanın məbləğinin
müəyyən edilməsini təsdiq edən hər hansı sübut (o cümlədən iddiaçının kommersiya
fəaliyyəti ilə məşğul olması, həmin fəaliyyət nəticəsində nə qədər gəlir əldə etməsi və
gəlirdən məhrum olması və s.) məhkəmə xərclərinin nədən ibarət olmasını təsdiq edən
sənədləri təqdim edə bilmədi.
Beləliklə, birinci instansiyası məhkəməsinin qərardadında hesab etmişdir ki,
iddiaçı tərəf inzibati məhkəmə icraatı zamanı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti tərəfindən hansı hüquqlarının və qanunla qorunan
maraqlarının pozulduğunu əsaslandıra və bu halı təsdiq edəcək hər hansı sübutu
məhkəməyə təqdim edə bilmədi.
Məhkəmə kollegiyası tərəfindən iddiaçıya hüquqlarının və qanunla qorunan
maraqlarının pozulduğunu təsdiq edəcək sübutların təqdim edilməsi təklif olunmuşdur,
lakin o, hər hansı sübutu təqdim edə bilməmişdir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə
əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra
qiymətləndirilir.
İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa
qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi
və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya
hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının
pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında,
öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia
mümkün sayılır.
Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul
etmir və iddiaçıya izah olunmalıdır ki, ibtidai istintaq və prokurorluq orqanlarının
vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə pulun Azərbaycan Respublikası
Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə iddia
tələbi ilə ümumi məhkəməyə müraciət olunmalıdır.
Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1101.1-ci maddəsinə
qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri
kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi,
inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini
təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin
təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş
qaydada tam həcmdə ödəyir.
Həmin Məcəllənin 1101.2-ci maddəsinə görə isə təhqiqat, ibtidai istintaq,
prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə
vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb
olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə
görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal
nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz
hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə bəraətverici hökm
çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və
qaydada ödənilməsi hüququ yaranır.
Həmin Qanunun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və
məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və
mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə
edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli
mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və
məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi
ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir
əsas yoxdur, ona görə də, apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən
qüvvədə saxlanılmalıdır.
Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya
instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə
saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə
bilər.
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual
Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçının apelyasiya şikayəti təmin olunmasın.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2016-cı il tarixli 2-1(85)-
581/2016 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində
Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri,
Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün
keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: imza
Hakimlər: imzalar
Əsli ilə düzdür
Hakim
Afaq Nuriyeva
Dostları ilə paylaş: |