İZAHLI ŞƏRİƏT MƏSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim Ən e’timadlı şəxslərin şəhadətinə əsasən, bu şərif «İzahlı şəriət məsələləri» kitabı Ayətullahul-üzma Seyyid Sistani həzrətlərinin fətvalarına müvafiqdir. بِسمِ الله الرحمن الرَحِيمِ
اَلحَمدُ للهِ رَبِّ العالَمِينَ وَالصَّلَوةُ وَالسَّلاَمُ عَلَى سَيِّدِنَا وَنَبِيِّنَا أَبِى القاسِمِ مُحَمَّدِ وَآلِهِ الطاهِرِينَ وَلَعنَةُ اللهِ عَلَى أَعدَائِهِم أَجمَعِينَ إِلَى يَومِ الدَّينِ
Əlhəmdu lillahi rəbbil-aləmin, vəssəlatu vəssəlamu əla əşrəfil ənbiyai vəl-mürsəlin, Mühəmmədin və alihit-təyyibinət-tahirin. Vəllə'nətud-daimətu əla ə'daihim minəl anə ila yəvmil qiyaməti. TƏQLİDİN HÖKMLƏRİ Məsələ 1: Hər bir müsəlmanın üsuli-dinə əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. Üsuli-dində təqlid caiz deyil. Yə’ni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə e’timad edərək qəbul etmək olmaz. Amma haqq İslami əqidələrə yəqini olan bir şəxs onları izhar edirsə, bu əqidəsi bəsirət üzündən olmasa da, o şəxs müsəlman və mö’min sayılır, bütün İslam və iman hökmləri onun üzərində caridir. Müsəlman dinin zəruri və qəti olan hökmlərindən başqa, din hökmlərində ya müctəhid olub dini hökmləri çıxara bilməli, ya bir müctəhidə təqlid etməli, ya da öz təklifini (şər'i vəzifəsini) düzgün yerinə yetirməsinə yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə əməl etməlidir. Məsələn, müctəhidlərin bə’zisi bir əməlin haram olduğunu, digərləri isə haram olmadığını söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bə’zisi vacib, digərləri isə müstəhəbb buyururlarsa, onu etməlidir. Deməli müctəhid olmayan şəxslərin və ehtiyata əməl edə bilməyənlərin bir müctəhidə təqlid etmələri vacibdir. Məsələ 2: Hökmlərdə təqlid, müctəhidin göstərişlərinə əməl etməkdir. Təqlid ediləcək müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, 12 imam (ə.s) şiəsi, halalzadə, diri və adil olmalıdır. Adil, üzərinə vacib olan işləri yerinə yetirib, ona haram olan şeylərdən çəkinən şəxsə deyilir. İnsanın zahirdə yaxşı olması ədalətin nişanəsidir, belə ki, onunla bir yerdə yaşayan camaatdan, qonşulardan və ya onunla əlaqədə olan şəxslərdən onun haqqında soruşsalar, onun yaxşı bir insan olduğunu təsdiq etsinlər. Ehtiyac duyulan yerdə və ümumi məsələlərdə müctəhidlər arasında hətta icmalən olsa belə, fətva ixtilafı olduğu təqdirdə insanın təqlid etdiyi müctəhid ə’ləm olmalıdır. Yə’ni Allahın hökmlərini dərk etməkdə zəmanəsinin müctəhidlərinin hamısından daha bacarıqlı olmalıdır. Məsələ 3: Müctəhid və ə’ləmi üç yolla tanımaq mümkündür: 1. İnsanın özü yəqin etsin; məsələn, insanın özü elm əhli olub müctəhid və ə’ləmi ayırd edə bilsin. 2. Müctəhid və ə’ləmi tanıyan iki adil alimin, bir şəxsin müctəhid və ya ə’ləm olduğunu təsdiq etmələri ilə; yalnız bunlar kimi başqa iki adil alim, bunların sözlərinin əksini söyləməməsi şərti ilə; hətta bir şəxsin müctəhid və ya ə’ləm olmağı, insanın inamı və e'timadı olan xübrə (mütəxəssis) bir şəxsin sözü ilə də sübut oluna bilər. 3. İnsan əqlin qəbul etdiyi yolla bir şəxsin müctəhid və ya ə'ləm olmasına xatircəm olsun. Məsələn, müctəhid və ə’ləmi tanımağa qadir olan və sözlərindən xatircəmlik hasil olan bir dəstə elm əhlinin bir şəxsin müctəhid və ya ə’ləm olduğunu təsdiq etmələri ilə. Məsələ 4: Müctəhidin fətvasını, yə'ni göstərişini əldə etməyin dörd yolu vardır: 1. Müctəhidin özündən eşitmək. 2. Müctəhidin fətvasını nəql edən iki adil şəxsdən eşitmək. 3. Sözünə inanılmış bir şəxsdən eşitmək. 4. Düzlüyünə əmin olunduğu halda müctəhidin risaləsində görmək. Məsələ 5: İnsan müctəhidin fətvasının dəyişdiyini yəqin etməyənə qədər, onun risaləsində yazılmış fətvalara əməl edə bilər. Əgər hökmün dəyişdiyinə sadəcə ehtimal versə, axtarış aparmaq lazım deyil. Məsələ 6: Ə’ləm müctəhidin fətva verdiyi bir məsələdə, o müctəhidin müqəllidi, yə’ni ona təqlid edən şəxs başqa müctəhidin fətvasına əməl edə bilməz. Amma fətva verməsə və «ehtiyat bu şəkildə əməl etməkdir» - deyərsə, məsələn; ehtiyat budur ki, namazın birinci və ikinci rük’ətində Həmdi oxuduqdan sonra şəxs bir surə oxumalıdır, müqəllid ya vacib ehtiyat deyilən bu ehtiyata əməl etməlidir, yaxud ondan sonrakı mərhələdəki ə'ləmlik dərəcəsini gözləməklə başqa bir müctəhidin fətvasına əməl etməlidir. Belə ki, əgər o müctəhid təkcə Həmdi kifayət bilirsə, buna əsasən o, surəni tərk edə bilər. Həmçinin ə’ləm müctəhid bir məsələnin üzərində düşünülməli və ya işkallı olduğunu deyərsə, bu da eyni hökmdədir. Məsələ 7: Ə’ləm müctəhid, bir məsələdə fətvasını verdikdən sonra və ya fətva verməzdən əvvəl, o məsələdə ehtiyat edərsə, məsələn; «nəcis bir qab kürr suda bir dəfə yuyularsa, pakdır, amma ehtiyat odur ki, üç dəfə yuyulsun» – deyirsə, onun müqəllidi bu ehtiyatı tərk edə bilər və buna müstəhəbb-ehtiyat deyilir. Məsələ 8: Əgər insanın təqlid etdiyi müctəhid dünyadan köçərsə, vəfatından sonra da dirilik hökmünü daşıyır. Buna görə, əgər o, diri olan müctəhiddən ə’ləm imişsə, ehtiyac duyulan məsələlərdə hətta icmalən olsa belə, fətva fərqləri olduğu təqdirdə vəfat etmiş müctəhidə təqlid etməkdə baqi qalmalıdır. Amma diri müctəhid ondan ə’ləm olarsa, diri müctəhidə təqlid etməlidir. Əgər onların hansının ə'ləm olması mə'lum olmasa, yaxud bərabər olsalar, öz əməlini hansı birisinin fətvasına uyğun yerinə yetirməkdə ixtiyar sahibidir. Amma əgər namazı tamam, yaxud qəsr qılmaq kimi ixtilaflı hallarda təklifinə icmali elmi olsa, yaxud icmalı höccət bərqərar olsa, ehtiyat vacibə əsasən hər iki fətvaya riayət etməlidir. Məsələnin əvvəlində gələn təqliddən əsas məqsəd, müctəhidin fətvasına əməl etmək deyil, müqəllid üçün müəyyən bir müctəhidin fətvalarına əməl etməyə iltizamlı olmasından ibarətdir. Məsələ 9: Mükəlləfin, öyrənməmək vasitəsi ilə günaha düşməsinə (yə'ni vacibi tərk etməsinə, yaxud haram iş görməsinə) ehtimal verdiyi məsələləri öyrənməsi lazımdır. Məsələ 10: İnsan, hökmünü bilmədiyi bir məsələylə qarşılaşarsa, ya ehtiyata əməl etməlidir, ya da deyilmiş şərtlərə əsasən bir müctəhidə təqlid etməlidir. Amma əgər o məsələdə, ə’ləm müctəhidin fətvasını öyrənmək imkanı yoxdursa, növbəti mərhələdə ə’ləmliyə, riayət etməklə qeyri-ə’ləmə təqlid etməyi caizdir. Məsələ 11: Bir şəxs bir müctəhidin fətvasını başqa bir şəxsə söyləyərsə, sonradan o müctəhidin fətvası dəyişərsə, ona fətvanın dəyişdiyini xəbər verməyə ehtiyac yoxdur. Amma fətvanı söylədikdən sonra səhv dediyini başa düşsə, onun fətvanı səhv deməsi, o şəxsin şər’i vəzifəsinə əksinə əməl etməsinə səbəb olarsa lazım ehtiyata əsasən imkan daxilində o səhvi aradan qaldırmalıdır. Məsələ 12: Bir mükəlləf, əməllərini bir müddət təqlidsiz yerinə yetirsə, əgər onun əməlləri vaqe ilə, yaxud hal-hazırda onun təqlid edəcəyi mərcə olacaq müctəhidin fətvasına uyğun olsa, əməlləri səhihdir. Bundan başqa hallarda əgər qasir cahil olarsa və əməlin nöqsanlı olması rükn və bu kimi şeylər cəhətindən olmazsa, əməli səhihdir. Həmçinin, əgər müqəssir cahil də olsa, əməli nöqsanlı olması cahillik surətində səhih olan bir cəhətdən olarsa, məsələn namazı alçaqdan oxumaq yerinə ucadan oxumaq və ya əksinə, olarsa, hökm eynidir. Əgər keçmiş əməllərini necə yerinə yetirildiyin bilməzsə, «Minhac»da qeyd olunan hallar istisna olmaqla səhihliyinə hökm olunur. Sonra bir müctəhidə təqlid edərsə, əgər o müctəhid, onun təqlidsiz etdiyi bu əməllərin düzlüyünə hökm edərsə, əməlləri səhihdir, əks təqdirdə həmin əməllər batil hökmünü daşıyır. TƏHARƏTİN HÖKMLƏRİ
Mütləq və muzaf su Məsələ 13: Su ya mütləqdir (saf), ya muzaf (qarışıq). Muzaf su bir şeydən alınan suya deyilir. Qarpız və gül suyu kimi, ya bir şeylə qarışan su, belə ki ona «su» deyilməyəcək şəkildə, palçıq və ona bənzər bir şeylə qarışmış olan suya deyilir. Bunlardan başqa qalan sular mütləq sudur. Mütləq su beş qismə ayrılır: 1. Kürr su 2. Az su 3. Axar su 4. Yağış suyu 5. Quyu suyu
1-Kürr su Məsələ 14: Kürr su 36 qarış[1] olan bir qabı dolduracaq miqdardakı sudur. Və təqribən 384 kq-dır. Məsələ 15: Əgər sidik, qan, kimi eyni nəcis, həmçinin nəcis olmuş paltar və nəcis olmuş bir şey kürr suya dəyərsə, o suyun qoxusu və ya rəngi, ya da dadı nəcasatın tə’sirindən dəyişirsə, kürr su nəcis olur; əgər dəyişmirsə nəcis olmaz. Məsələ 16: Əgər kürr suyun qoxusu, rəngi və ya dadı nəcasatdan başqa bir şeylə dəyişirsə, nəcis olmaz. Məsələ 17: Əgər kürr su miqdarından artıq olan suyun bir hissəsinin qoxusu, rəngi və ya dadı, qan kimi nəcisin dəyməsi ilə dəyişirsə və dəyişməyən hissəsi kürr miqdarından az olsa, o suyun hamısı nəcisdir. Amma əgər dəyişməyən hissə, kürr miqdarında və ya daha artıq olsa, yalnız qoxu, rəng və ya dadı dəyişən hissə nəcis, qalan hissə pakdır. Məsələ 18: Fəvvarənin suyu, kürr suya bağlı (müttəsil) olsa, nəcis bir suyu pak edər. Ancaq nəcis suyun üzərinə damla-damla tökülürsə, onu pak etməz. Lakin fəvvarənin üzərinə bir şey tutsalar və su, damla-damla olmazdan əvvəl nəcis suya qovuşarsa, onu pak edər. Amma lazımdır ki, fəvvarə suyu nəcis su ilə qarışsın. Məsələ 19: Kürr suya birləşən bir krantın altında yuyulan nəcis bir şeydən tökülən su, əgər kürr suya birləşmiş olsa və nəcasatın qoxu, rəng və ya dadını almamışdırsa və nəcasatın özü də onda olmazsa, pakdır. Məsələ 20: Əgər kürr suyun bir miqdarı buz bağlayarsa, qalan hissəsi də kürr miqdarında olmazsa və ona nəcasat dəyərsə, nəcis olur; buzdan əriyib su olan hissə də nəcisdir. Məsələ 21: Kürr suyu miqdarında olan bir suyun, bu miqdardan azalıb-azalmadığına şəkk edilirsə, kürr su hökmündədir. Yə’ni nəcasatı pak edər və ona nəcasat dəydiyi vaxt (rəngi, dadı və iyi dəyişməsə,) nəcis olmaz. Kürr su miqdarından az olan bir suyun da, kürr miqdarına çatıb-çatmadığında insan şəkk edərsə, kürrdən az su hökmünü daşıyır. Məsələ 22: Suyun kürr olması iki yolla sübut olunur: 1. İnsanın özü bir suyun kürr olduğunu yəqin edə və ya əmin ola. 2. İki adil şəxs suyun kürr olduğunu bildirələr. Amma əgər bir adil, yaxud e'timadlı şəxs və ya su ixtiyarında olan şəxs xəbər versə, amma xatircəmlik hasil olmasa, onun sözünə e'tibar etmək məhəlli işkaldır.
2- Az su Məsələ 23: Yerdən qaynamayan və kürr su miqdarından az olan suya, «az su» deyilir. Məsələ 24: Az suya nəcis bir şey dəysə və ya onun üzərinə nəcis bir şey tökülsə nəcis olur. Amma əgər sıçrayışla (təzyiqlə) nəcis bir şeyin üzərinə tökülürsə, nəcis şeyə çatan qismi nəcis, qalan hissəsi isə pakdır. Məsələ 25: Eyni-nəcisi (nəcisin özünü) pak etmək üçün, nəcis şeyin üzərinə tökülərək ondan ayrılan az su bir dəfə yuyulmaqla pak olmayan şeylərdə nəcisdir. Həmçinin lazım ehtiyata görə, eyni nəcisin aradan qaldırılmasından sonra, nəcis şeyi suya çəkmək üçün onun üzərinə tökülərək ayrılan su da nəcisdir. Məsələ 26: Sidik və ğait məxrəcinin yuyulduğu az su beş şərtlə dəydiyi ayrı bir şeyi nəcis etməz: 1. Nəcasatın qoxusu, rəng və ya dadını almasın. 2. Kənardan başqa bir nəcis ona çatmasın. 3. Sidik və ya ğaitlə birlikdə qan kimi ayrı bir nəcasat gəlməsin. 4. Suyun içərisində ğait zərrələri olmasın. 5. Nəcasat məxrəc yerinin ətrafına normadan artıq yayılmamış olsun.
3- Axar su Axar su o sulara deyilir ki: 1-təbii mənbəyi olsun. 2-Hətta müəyyən vəsitə ilə cari (axar) etsələr belə axar olsun; 3-Müəyyən qədər axımı davamlı olsun, və təbii mənbəyə birləşik olması lazım deyil. Deməli təbii şəkildə ondan (mənbədən) ayrılsa, yuxarıdan damcılar şəkildə tökülmək kimi-yerin üstündə cərəyan etməsi fərz olunduqda, cari su hesab edilir. Amma əgər bir şey onun mənbəyə birləşməsinə mane olsa, məsələn əgər suyun axmasına, yaxud qaynamasına mane olsa, yaxud onun mənbə ilə olan əlaqəsini kəssələr, qalan su hətta cərəyan etsə belə, cari su hökmündə deyil. Məsələ 27: Axar su kürr su miqdarından az belə olsa, ona nəcasat dəydiyi zaman qoxusu, rəngi və ya dadı nəcasat vasitəsilə dəyişməyincə, pakdır. Məsələ 28: Əgər axar suya nəcasət dəysə və onun bir hissəsinin qoxusu, dadı və ya rəngi nəcasat dəyməsi ilə dəyişərsə o hissəsi nəcisdir. Dəyişməyən hissənin çeşməyə bitişən qismi kürr sudan az belə olsa, pakdır. Digər tərəfin dəyişməyən çay suları isə, əgər kürr miqdarında olsa və ya dəyişməyən su vasitəsi ilə çeşməyə bitişirsə, pakdır. Əks halda nəcisdir. Məsələ 29: Axmayan, amma suyundan bir az götürüldükdə təkrar qaynayan çeşmə, axar su hökmündə deyildir. Yə’ni əgər kürr miqdarından az olsa, nəcasat dəydikdə nəcis olur. Məsələ 30: Arxın qırağında toplanmış, axar suya birləşmiş durğun su, axar su hökmündə deyildir. Məsələ 31: Əgər bir çeşmə, məsələn; qışda qaynayar və yayda qaynaması kəsilirsə, yalnız qaynadığı zaman axar su hökmünü daşıyır. Məsələ 32: İçindəki suyun miqdarı kürrdən az olan hamamın kiçik hovuzu, ikisinin suyu birlikdə kürr miqdarına yetişən bir xəzinəyə bağlı olsa və ona nəcis dəydiyi zaman qoxu, rəng və ya dadı dəyişməsə, nəcis olmaz. Məsələ 33: Hamam və binaların krant və duşlarının borularından tökülən su, bağlı olduqları mənbədəki su ilə birlikdə kürr miqdarında olsa, kürr hökmünü daşıyır. Məsələ 34: Yer üzərində axan, lakin yerdən qaynamayan su, kürr su miqdarından azdırsa, nəcasat dəyərsə nəcis olur. Amma əgər təzyiqlə axırsa, aşağı hissəsinə dəyərsə, yuxarı hissəsi nəcis olmaz.
4- Yağış suyu Məsələ 35: Üzərində nəcisin eyni olmayan nəcis bir şeyin hər yerinə bir dəfə yağış yağarsa, pak olar. Lakin sidik ilə nəcis olan bədən və paltara isə vacib ehtiyat olaraq iki dəfə yağması lazımdır. Xalça, paltar və buna bənzər şeyləri sıxmaq lazım deyil. Amma iki-üç damcı yağmasının da faydası yoxdur, «yağış yağır» – deyiləcək şəkildə yağması gərəkdir. Məsələ 36: Əgər yağış eyni nəcis üzərinə yağaraq başqa bir yerə sıçrayarsa, eyni nəcis onunla birlikdə olmazsa və nəcasatın qoxu, rəng və ya dadını götürməmiş olsa, pakdır. Deməli, əgər qanın üzərinə yağıb ayrı bir yerə axan yağış suyunda qan zərrələri olsa və ya qanın qoxu, rəng və ya dadını götürmüşsə, nəcisdir. Məsələ 37: Əgər bir binanın tavanı və ya damı üzərində eyni nəcis varsa, yağış yağdığı müddətdə o nəcisə dəyərək tavandan və ya damdakı navalçadan tökülən su pakdır. Amma yağış kəsildikdən sonra, gəlməkdə olan suyun o nəcisə dəydiyi bilinirsə, nəcisdir. Məsələ 38: Nəcis olan bir yerə yağış yağarsa, pak olar. Əgər yağış suyu yerdə axmağa başlayıb, yağmağa davam etdiyi halda, tavanın altındakı nəcis yerə yetişirsə, oranı da pak edər. Məsələ 39: Yağış suyunun bütün hissələrini əhatə etdiyi nəcis torpaq pak olur, bu şərtlə ki, suyun torpağa yetişməsi səbəbilə muzaf olması mə'lum olmasın. Məsələ 40: Bir yerdə toplanmış yağış suyu, kürr miqdarından az olsa belə, yağış yağdığı zaman nəcis bir şey onun içərisində yuyularsa, o su nəcasatın qoxu, rəng və ya dadını almazsa, nəcis şey pak olar. Məsələ 41: Nəcis bir yer üzərində sərili olan pak bir xalçanın üzərinə yağış yağsa və yağış yağmağa davam etdiyi halda xalçadan yerə keçərsə, xalça nəcis olmaz. Həmin yer isə nəcisdən paklanar.
5- Quyu suyu Məsələ 42: Yerdən qaynayan quyu suyu, kürr su miqdarından az olsa belə, nəcasat ona dəydiyi zaman onun qoxu, rəng və ya dadı o nəcasat vasitəsi ilə dəyişməyincə, həmin su pakdır. Məsələ 43: Əgər bir nəcasatın tökülməsi nəticəsində qoxu, rəng və dadı dəyişən bir quyunun suyunda bu dəyişiklik yox olarsa, pak olar. Amma onun pak olması vacib ehtiyata gö-rə quyudan qaynayaraq çıxan su ilə qarışması şərti ilədir. SULARIN HÖKMLƏRİ Məsələ 44: On üçüncü məsələdə mə’nası aydınlaşdırılan muzaf su, nəcis bir şeyi paklamır, onunla dəstəmaz və qüsl almaq da batildir. Məsələ 45: Muzaf su, kürr miqdarında olsa belə, ona bir zərrə nəcasat dəysə, nəcis olur. Amma təzyiqlə nəcis bir şeyin üzərinə tökülürsə, nəcis şeyə dəyən qismi nəcis və qalan hissəsi pakdır. Məsələn, gül suyunu gülab suyu qabından nəcis olan əl üzərinə tökərlərsə, ələ yetişən hissəsi nəcisdir, ələ yetişməyən hissəsi isə pakdır. Məsələ 46: Əgər nəcis olan muzaf su, kürr və ya axar suya, artıq ona muzaf su deyilməyəcək şəkildə qarışırsa pak olar. Məsələ 47: Mütləq olan bir suyun sonradan muzaf olub-olmadığı bilinməzsə, mütləq su kimidir, yə’ni nəcis şeyi pakladığı kimi onunla dəstəmaz və qüsl də səhihdir. Muzaf olan bir suyun da sonradan mütləq olub-olmadığı bilinməzsə, muzaf su kimidir, yə’ni nəcis şeyi paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir. Məsələ 48: Mütləq və ya muzaf olduğu bəlli olmayan bir suyun, əvvəlcədən də muzaf və ya mütləq olduğu mə’lum olmazsa, nəcasatı paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir. Ona bir nəcasat dəyərsə və su, kürr miqdarından az olsa nəcis olur. Əgər kürr miqdarında və ya ondan çox olarsa, vacib ehtiyat olaraq nəcis olur. Məsələ 49: Qan və sidik kimi nəcasatın dəyməsi ilə bir suyun qoxu, rəng və ya dadı dəyişirsə, kürr və ya axar su olsa belə, nəcis olur. Hətta suyun qoxu, rəng və ya dadı onun xaricində olan bir nəcasat vasitəsilə dəyişirsə, məsələn; suyun kənarında olan murdar olmuş heyvan bir miqdar onun iyini dəyişdiribsə, lazım ehtiyata görə nəcis olur. Məsələ 50: Qan və sidik kimi eyni nəcisin tökülməsi nəticəsində qoxu, rəng və ya dadı dəyişən bir su, əgər kürr və ya axar suya bitişərsə, yaxud üzərinə yağış yağsa və ya külək yağışı ona çiləyərsə və yaxud yağış suyu yağış yağa-yağa navalçadan onun üzərinə tökülərsə və bu halların hamısında onun dəyişikliyi yox olarsa, həmən su pak olar. Amma gərək, yağış suyu kürr və ya axar su ilə qarışsın. Məsələ 51: Nəcis bir şeyi kürr və ya axar su içərisində paklasalar, onun pak olduğu yuyulmadan sonra ondan tökülən su pakdır. Məsələ 52: Pak olan bir suyun, sonra nəcis olub-olmadığı bilinməzsə, pakdır. Nəcis olan bir suyun da pak olub-olmadığı bilinməzsə, nəcisdir. TƏXƏLLİNİN (AYAQYOLUNA GETMƏYİN) HÖKMLƏRİ Məsələ 53: Təxəlli və digər vaxtlarda insana vacibdir ki, öz övrətini yetkinlik yaşına çatmış adamlardan, ona məhrəm olan ana və bacısından, hər hansı divanədən, yaxşını pisdən seçən uşaqdan gizlətsin. Lakin ər və arvada öz övrətlərini bir-birindən gizlətmək vacib deyil. Məsələ 54: İnsanın övrətini xüsusi bir şeylə örtməsi vacib deyil, məsələn, öz əli ilə də örtsə kifayətdir. Məsələ 55: Təxəlli zamanı bədənin ön tərəfini, yə’ni qarın və sinəni, lazım ehtiyata əsasən qibləyə tərəf yaxud arxası qibləyə tutmaq olmaz. Məsələ 56: Təxəlli vaxtında bədəninin ön tərəfi və ya arxa tərəfi qibləyə tərəf olan bir kimsə, yalnız övrətini qiblədən döndərərsə, kifayət etməz. Vacib ehtiyat odur ki, təxəlli vaxtında övrətini də üzü və arxası qibləyə çevirməsin. Məsələ 57: Müstəhəbb ehtiyat odur ki, bədənin qabaq tərəfi (hökmləri sonradan açıqlanan) istibrada, həmçinin bövlün və ğaitin məxrəci paklanarkən üz və arxa, qibləyə sarı olmasın. Məsələ 58: Əgər insan, naməhrəm bir adamın onu görməməsi üçün, ön və ya arxa tərəfini qibləyə çevirəcək şəkildə oturmağa məcburdursa lazım ehtiyat olaraq arxası qibləyə oturmalıdır. Məsələ 59: Müstəhəbb ehtiyat odur ki, uşağı da təxəlli zamanı üzü və ya arxası qibləyə sarı oturtmasınlar. Məsələ 60: Dörd yerdə təxəlli haramdır: 1. Sahibi icazə verməyən dalanda. Həmçinin yoldan keçənlərə zərər dəyməsinə səbəb olduğu təqdirdə ümumi küçələrdə və yollarda; 2. Təxəlliyə icazə verilməyən mülkdə. 3. Xüsusi şəxslər üçün vəqf olan yerlərdə, məsələn, bə’zi mədrəsələrdə. 4. Mö’minin qəbri üzərində ona hörmətsizlik olarsa; Hətta əgər ehtiramsızlıq olmasa da, haramdır; amma əgər yer əsli mübah yerlərdən olsa haram olmaz. Həmçinin bir din və məzhəb müqəddəsinin hörmətinin aradan getməsinə səbəb olsa, haramdır. Məsələ 61: Üç halda ğaitin çıxış yeri, yalnız su ilə pak edilir: 1-Ğait ilə birlikdə qan kimi ayrı bir nəcasat gəlmişdirsə. 2-Kənardan bir nəcasat ğaitin məxrəcinə dəymişdirsə. Qadınlarda bövlün ğait məxrəcinə yetişməsi istisnadır. 3-Məxrəcin ətrafı adi miqdardan artıq bulaşmışdırsa. Bu üç haldan başqa qalan hallarda, məxrəc su ilə yuyula bildiyi kimi, qarşıda göstəriləcəyi qaydada, parça, daş və bunlara bənzər şeylərlə də paklana bilər, amma su ilə yuyulması daha yaxşıdır. Məsələ 62: Sidiyin məxrəci sudan başqa bir şeylə paklanmaz. Bir dəfə yumaq kifayətdir. Amma iki dəfə yumaq müstəhəbb ehtiyatdır, daha yaxşısı isə üç dəfə yumaqdır. Məsələ 63: Ğaitin məxrəci su ilə yuyulduğu təqdirdə, orada ğait qalmamalıdır. Amma rənginin və qoxusunun qalmasında bir maneəçilik yoxdur. Birinci dəfə yuyulduqda onda ğaitdən bir zərrə belə qalmasa, ikinci dəfə yuyulmasına ehtiyac yoxdur. Məsələ 64: Ğaitin məxrəci quru və pak olan daş, kəsək, bez parçası və buna bənzər şeylərlə paklana bilər, hətta məxrəcə tə’sir etməyəcək şəkildə azacıq rütubətli olsa, maneçiliyi yoxdur. Məsələ 65: Ğaitin məxrəcini daş, kəsək və ya bez parçası ilə bir dəfə silməklə tamamilə paklanırsa, kifayətdir. Amma üç dəfə silmək daha yaxşıdır. Hətta üç ayrı parça olması daha yaxşıdır. Amma əgər üç dəfə silməklə paklanmazsa, məxrəc tamamilə paklanıncaya qədər davam etmək gərəkdir. Amma adətən yuyulmadan aradan getməyən zərrələrin qalmasının eybi yoxdur. Məsələ 66: Allahın və Peyğəmbərlərin adları yazılmış kağız kimi, ehtiram göstərilməsi vacib olan şeylərlə ğaitin məxrəcini paklamaq haramdır. Sümük və təzəklə də ğait məxrəcinin paklamağın eybi yoxdur. Məsələ 67: Məxrəcini paklayıb paklamadığında şəkk edən bir şəxs adətən sidik və ğaitdən sonra dərhal özünü pak edirmişsə də, yenidən paklaması lazımdır. Məsələ 68: Əgər namazdan sonra bir kimsə namazdan əvvəl övrətinin məxrəcini paklayıb-paklamadığında şəkk edərsə, qıldığı namaz səhihdir. Amma sonrakı namazlar üçün paklaması lazımdır.
İSTİBRA Məsələ 69: İstibra, kişilərin bövldən (sidikdən) sonra, bövlün məcrada (sidik kanalında) qalmamasına əmin olmaları üçün yerinə yetirdikləri müstəhəbb bir əməldir. İstibra bir neçə növdür: Onlardan ən yaxşısı odur ki, əgər sidik kəsildikdən sonra, ğaitin məxrəci nəcis olmuşdursa, əvvəlcə onu pak etməli, sonra üç dəfə sol əlin orta barmağı ilə ğaitin məxrəcindən alətin kökünə qədər çəkməli və daha sonra baş barmağı alətin üzərinə və onun yanındakı barmağı da alətin altına qoyaraq, aləti dəllək kəsən yerə qədər üç dəfə çəkməlidir. Sonra isə alətin başını üç dəfə sıxmalıdır. Məsələ 70: Bə’zən şəhvət hissinin təhrik olunmasından sonra insandan gələn «məzi» adlanan su, pakdır. Həmçinin, mənidən sonra gələn «vəzi» adlanan və bə'zən bövldən sonra gəlib «vədi» adlanan su da əgər bövl və məni ona qatışmayıbsa pakdır. Belə ki, əgər insan bövl etdikdən sonra istibra etsə və sonra ondan bir su gəldiyi zaman bövl və ya bu üç sudan biri olmasında şəkk edərsə, pakdır. Məsələ 71: Əgər insan istibra edib-etməməsinə dair şəkk edirsə və ondan bir nəm xaric olursa, onun pak və ya nəcis olmasını bilmirsə, nəcisdir və dəstəmaz alıbsa batildir. Amma etdiyi istibranın səhih olub-olmadığında şəkk edirsə və bu zaman ondan nəm gəlirsə və bunun pak olub-olmadığını bilmirsə, pak sayılır və dəstəmazı batil deyil. Məsələ 72: İstibra etməyən şəxs, əgər bövl etdiyi vaxtdan bir müddət keçəndən sonra məcrada bövlün qalmamasına arxayın olsa və sonra bir nəm görüb onun pak olub-olmamasında şəkk edərsə, o nəm pakdır. Dəstəmazı da batil etmir.