Motivasiya məktubu nədir?
Motivasiya məktubu sizdən hər hansı bir xarici universitetə, şirkət və ya qurumda təcrübə proqramına, mübadilə proqramına qəbul olmaq üçün tələb olunan 1 səhifəlik yazıdır. Siz bu məktubda qəbul üçün nə qədər motivasiyalı, həvəsli olduğunuzu və səbəblərinizi bildirirsiniz. Sizin qəbul olunmağınız üçün sizə bir şans verilir. Siz bu şansı dəyərləndirə bilmək üçün “nəyə görə sizi seçməliyik?”, “bizim şirkətə nə kimi faydanız dəyə bilər?”, “nəyə görə bu universitet?”, “təhsildən gözləntiləriniz nələrdir?”, “nəyə görə bu ixtisas?” suallarını aydın və ətraflı cavablandırmalısınız. Məktubu yazarkən qrammatik qaydalara riayət etməli və sözləri yerində və düzgün istifadə etməlisiniz. Məktubun dili axıcı olmalı, yersiz və uzadıcı sözlərdən istifadə edilməməlidir.
Məktub necə yazılmalıdır?
Motivasiya məktubunun strukturu 5 hissədən ibarətdir:
Salamlama hissəsi (Greeting)
Məktubu kimin oxuyacağından asılı olmayaraq yazıya “Dear Sir\Madam” ilə başlaya bilərsiniz. Əgər müraciətiniz universitetədirsə, yazıya “Dear Admissions Director” ilə başlaya bilərsiniz.
Giriş hissəsi (Intoduction)
Giriş hissəsi son dərəcə vacibdir. Özünüz haqqında ümumi məlumatları verdikdən sonra sizin qəbul cavabını almağınız məktuba necə başlayacağınızdan asılıdır. Məktubu ilk andan oxumağa başlayan birisinin sizin haqqınızda təsəvvürü formalaşır. Giriş hissəsində özünüzdən əmin, səmimi və yaradıcı olmalısınız. Onu şablondan uzaq və özünəməxsus şəkildə yazın. Gələcəyə dair xəyallarınızı “niyə qəbul cavabı almaq istədiyinizlə” və “niyə sizi seçməli?” sualı ilə birləşdirib bir giriş edin. Bu suala elə cavab verməyə çalışın ki, sizə yox deyə bilməsinlər.
Məzmun hissəsi (Body)
Məktubun bu hissəsində şəxsi keyfiyyətlərinizdən, bacarıqlarınızdan, sosial fəaliyyətinizdən, iş təcrübənizdən ve akademik göstəricilərinizdən bəhs edə bilərsiniz. Özünüz barədə bəhs etdikdən sonra bu universitet və ya şirkətin sizin həyatınıza nələr qata biləcəyini və niyə məhz oranı seçdiyinizi yaza bilərsiniz.
Sonluq hissəsi (Closing)
Bu hissəni də mütləq əlavə etməlisiniz. Yazılan bütün detalları ümumiləşdirib son olaraq bir fikirlə, bu müraciətin sizin üçün nə qədər dəyərli və vacib olduğunu bildirərək sonlandıra bilərsiniz.
Minnətdarlıq hissəsi (Thanks)
Bu hissə çox da vacib olmasa da məktubunuzun oxunmasına görə təşəkkür etsəniz, sizə üstünlük verəcəkdir.
İmza və tarix əlavə edərək məktubu sonlandıra bilərsiniz.
Nümunə:
“Hörmətli Cənab və ya Xanım!
Vebsaytınızda Kompyuter elmləri və Mühəndislik üzrə magistr təhsili haqqında məlumatları böyük maraqla oxudum. Motivasiya məktubu ilə bu ixtisas üçün namizədliyimi irəli sürmək istərdim. Bu il ADA universitetinin İnformasiya texnologiyaları ixtisasını bitirəcəyəm. Özümü inkişaf etdirmək üçün təhsil aldığım müddətdə universitetdə ixtisasım ilə əlaqədar mövcud olan bütün kurslarda iştirak etmişəm. Kompyuter elmlərinə olan marağım təxminən beş il əvvəl kiçik bir veb sayt hazırlayarkən başlamışdı. O vaxtdan bəri kiçik layihələr üzərində işləməyə, veb saytlar hazırlamağa başladım. Mənim üçün kompyuter kodu üzərində işləmək yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq deməkdir. Kompyuter kodu yazarkən sanki sənət əsəri yaratdığımı hiss edirəm.
Keçən il IT meneceri ilə birlikdə çalışdığım Scania Financial Service-də bir həftəlik təcrübə keçib verilənlər bazası yaratmaq üzərində çalışdım. SQL öyrənməyi və verilənlər bazası yaratmağı öyrəndim. Bu iş təcrübəsi kompyuter elmləri haqqında biliklərimi dərinləşdirməyimə imkan verdiyi üçün çox faydalı oldu. Ümid edirəm ki, sizi kompyuter elmləri və mühəndislik üzrə təhsil almaq üçün tələb olunan bilik, bacarıq və motivasiyaya malik olduğuma inandıra bildim. Cavabınızı və Universitetinizdə təhsil almağı səbirsizliklə gözləyirəm.
Məktubumu oxuduğunuz üçün təşəkkür edirəm!
Hörmətlə,
Elgün Cavadlı
ADA Universitetinin İnformasiya texnologiyaları fakültəsinin IV kurs tələbəsi
20.04.2022
Dostları ilə paylaş: |