Mövzu №13. UŞAqlarin yaş MƏRHƏLƏLƏRİ İLƏ bağli miLLİ adəT-ƏNƏNƏLƏr plan



Yüklə 40,97 Kb.
tarix02.01.2022
ölçüsü40,97 Kb.
#35783
Ailede milli terbiye MÖVZU 13


MÖVZU № 13. UŞAQLARIN YAŞ MƏRHƏLƏLƏRİ İLƏ BAĞLI

MİLLİ ADƏT-ƏNƏNƏLƏR

PLAN:

1. Mənəvi tərbiyədə yaş xüsusiyyətlərinin nəzərə alınması. Folklor nümunələrində yaş mərhələləri ilə bağlı adət-ənənələr.

2. Körpəlik dövründə bir sıra qadağalar və yasaqlar. Ailədə məktəbəqədər yaşlı uşaqlarda milliliyin formalaşdırılması.
I. Şəxsiyyətin kamillik dərəcəsi, onun bu istiqamətdə formalaşması prosesi öz-özünə yaranmır. İnsanın mənəvi tərbiyəsi ailədə, məktəbəqədər tərbiyə müəssisələrində, məktəbdən başlayır, sonralar təhsilin yüksək pillələrində möhkəmləndirilir, daha sonralar isə özünütəkmilləşdirmə, ümummədəni səviyyəni artırmaqla davam edir, zənginləşir, mükəmməlləşir.

Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev məktəbin mənəviyyatca təmiz, Vətən və xalq qədrini bilən, mədəniyyətini, milli adət-ənənələrini, tarixini, elmini dərindən öyrənən gənclər yetişdirmək vəzifəsini çox aydın və konkret şəkildə müəyyənləşdirərək deyirdi: “Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”. 

Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası və məzmunu yetişən nəslin milli-mənəvi dəyərlərimizi dərindən mənimsəməsinə bağlıdır. Təsadüfi deyildir ki, dünya şöhrətli siyasi xadim, ulu öndərimiz Heydər Əliyev Azərbaycan gəncliyinin, hər bir ölkə vətəndaşının milli ruhda tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimiz əsasında formalaşmasını bütün mənalı həyatı boyu diqqət mərkəzində saxlamış, bu istiqamətdə dövlət strukturları, tərbiyəçilik təsisatları və institutları, təhsil işçiləri qarşısında böyük və məsuliyyətli vəzifələr qoymuşdur. Ümummilli liderimiz Azərbaycan Respublikası Gənclərinin Birinci forumundakı “Müstəqil Azərbaycanın gələcəyi gənclərdir” proqram sənədli nitqində göstərirdi ki, “Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi çətinlik, maddi ehtiyaclar, şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfi halların meydana gəlməsinə gətirib çıxarır. Ancaq gənclərimiz də bilməlidirlər ki, vətəndaşlarımız da bilməlidirlər ki, bu dövrün müvəqqəti çətinliklərinə dözmək lazımdır, mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz…”.

Məlum olduğu kimi, insanın yüksək mənəvi keyfiyyətləri onun fəaliyyəti prosesində daha müvəffəqiyyətlə formalaşır.

Təlim prosesində əqli əmək tərbiyəsi böyük əhəmiyyətə malikdir. Bu zaman uşaqlar dünyanı dərk etməklə, həm də özlərini dərk etmiş olurlar. Bilik əldə etməklə “Təbiətin və cəmiyyətin qanunauyğunluqlarını dərk edərək yeniyetmə möhkəm qənaətə gəlməlidir ki, o təkcə nə isə yeni bir şey öyrəndiyi üçün deyil, ümumiyyətlə daha ağıllı olduğu üçün irəliyə addım atır. Biliklərə yiyələnmək həvəsi olmadan tam qiymətli mənəvi həyat, deməli həm də əmək həyatı, yaradıcı həyat yoxdur”.

Bütün bunlar hər bir pedaqoq-müəllimdən təlimin tərbiyəedici və inkişafetdirici funksiyasını rəhbər tutmaqla yanaşı, gənc nəslin daxili mənəvi inkişafının qayğısına qalmağı da tələb edir. Müəllim keçdiyi fənnin və mövzunun xüsusiyyətlərindən asılı olaraq ümumbəşər və milli əxlaqın hansı ideya və keyfiyyətlərini aşılayacağını əvvəlcədən bilməlidir.

Azərbaycan dilində el ədəbiyyatı, şifahi xalq ədəbiyyatı, şıfahi ədəbiyyat, şifahi xalq yaradıcılığı kimi tanınan ədəbiyyata elmi terminologiyada folklor deyilir. Əsli ingiliscə olan bu sözün mənası “xalq müdriklıyi” deməkdir. Tarixdə xalqlar bir sıra özünəməxsus əlamətlərə görə səciyyələnirlər; irq, dil, hərbi, psixoloji və s. əlamətlərlə bərabər, xalq müdrikliyi də bu sıradadır. Xalq müdrikliyi sadə anlayış olmayıb tarixi inkişaf prosesinin nəticəsidir. Dahi şəxsiyyətlərin qeyd etdiyi kimi, insanı əmək yaratmışdır. Elə xalqın müdrikliyi də əmək prosesində yaranmışdır. Kollektiv iş görənağır bir şeyi qaldıran, hansısa qüvvədən qorunan ibtidai insan, işini yüngülləşdirmək üçün mahnıya, rəqsə ehtiyac hiss etmişdir və bu yerdə ritmlə deyılən söz ona qüvvə vermiş, maneəni dəf etməsinə kömək olmuşdur. Həmin sözlər ağızdan-ağıza, nəsildənnəslə keçdikcə cilalanmış, müdrik kəlamlara çevrilərək həm mənsub olduğu xalqın, həm də bütün bəşəriyyətin sərvətinə çevrilmişdir. İnsanların həyat təcrübəsi, şəxsiyyətin inkişaf prosesi ilə bağlı biliyi artdıqca folklorun da növləri artmışdır. İnsan dünyaya gətirdiyi övladların böyüyüb ərsəyə çatmasında, əsl insan kimi yetişməsində folklorun faydasını görmüş və onu daha da inkişaf etdirmişdir. Beləliklə, xalqın pedaqoji fikir dünyası yaranmışdır.

Xalqımız qədim tarixə malik olduğu kimi, onun folkloru da qədimdir. Xalqın sevinci, kədəri, toyu, yası, əməyi, istırahəti, körpəsi, böyüyü folklorda əks olunmuşdur. Əvvəldə qeyd etdıyımiz kimi, atalar sözləri, laylalar, bayatılar, holovarlar, sayaçı sözləri, düzgülər, sanamalar, oxşamalar, nazlamalar, lətıfələr, yanıltmaclar, əfsanələr, rəvayətlər, nağıllar, dastanlar və s. folklor nümunələridir və xalqın tarixi təcrübəsi əsasında yaranmışdır. Onların hər birinin həyatda müstəsna əhəmiyyəti var. Prof. Əliheydər Həşimov bu barədə yazır: “Xalq pedaqogıkasının bizə çatan yadigarları, materialları müdriklik dəfınəsıdir. Onlar yığcamlığı, siqləti, obrazlılığı, dərin ictimai pedaqoji məzmunu, ədəbi-tarixi koloriti, əxlaqi-etik tövsiyəsi, nəsıhətamiz ruhu ilə xalqın kamal dünyasıdır. Xalq pedaqogikası materiallarının hər birində həyatın, tərbiyənin bu və ya dıgər məsələsi üzrə, zəhmətkeş kütlələrin real qənaəti, inamı, etiqad və təsəvvürü əks olunmuşdur”. Bu səbəbdən də biz folkloru ümümxalq sərvəti kimi dəyərləndiririk.



Xalqın yaratdığı bütün şifahi xalq ədəbiyyatı nümunələri insanın tərbiyəsinə, mənəvi kamillik yoluna istıqamətləndirilməsinə xidmət edir. Dünyaya gəldiyi gündən uşaq estetik, isti, məhrəm, işıqlı arzularla dolu sözlər dünyasına düşür; ona layla çalınır: Layla dedim yatasan, Qızılgülə batasan. Qızılgülün içində Şirin yuxu tapasan. Laylalar insanın tərbiyəsinə istiqamətləndirilmiş ilk folklor nümunəsidir. Hələ yeriməyi, danışmağı bacarmayan, ətrafdakıları tanımayan uşağın ruhuna sığal çəkir; ağlayırsa sakitləşir, yuxusuzdursa yatır. Anasının, nənəsinin səsini, ünsiyyətini duyur. Əminamanlıq və gözəllik içində böyüyür. Uşağın yuxudan oyanmasını ata-ana və evdəki digər böyüklər bir qədər də gözəl əhval-ruhiyyə ilə qarşılayırlar. Onu atıb-tutur, oynadır, əzizləyir, oxşayırlar. Bu əzizləmələr üçün xalqımız oxşama və nazlamalar qoşmuşdur. Məsələn, körpəni qucaqlarına alaraq, barmağın ucunda xəfifcə əvvəlcə bir yanağına, sonra o biri yanağına, axırda çənəsınə toxunaraq demişlər: Burda yağ var, Burda bal var, Gülən, gülən, gülən. Bu nəvaziş körpənin təbəssümünə səbəb olmuşdur. Bir neçə aydan sonra onu atıb-tutaraq əzizləmə söyləmişlər: Atın-tutun bu balamı, Şəkərə qatın bu balamı. Şəkərdən şirin olsa, Güllərə qatın bu balamı. Atın-tutun bu balanı, Şəkərə qatın bu balanı. Atası evə gələndə Qabağa tutun bu balanı, Qucuna atın bu balanı. Yaxud, aşağıdakı sözlərlə oxşamışlar: Dağda darılar, Sünbülü sarılar, Qoca qarılar Bu balama qurban. Onu çimizdirib geyindirəndə oğlan uşağları üçün oxumuşlar: Papağımı yan qoymuşam, İçinə biyan qoymuşam, Gəlib-gedən qızların Ürəyinə qan qoymuşam. Qızlar üçün isə belə demişlər: Qızım qızlar içində, Gül sünbüllər içində, Qızıma elçi gələcək, On beş yaşın içində. Uşaq tədriclə böyüdükcə tərbiyə prosesinə xırda oyunlar əlavə olunur. Məsələn, onu qucaqda oturdub bir əlindən tutur, şəhadət barmaqla xəfifcə ovcunun içinə toxunur və deyirlər: Lüli-lüli hödə, Aş bişdi bu öydə. Sonra çeçələ barmaqdan başlayaraq bir-bir qatlaya-qatlaya deyirlər: Bu yedi, Bu içdi, Bu yığışdırdı, Buna qalmadı. Bu da küsdü, uçdu, Uçdu, uçdu, uçdu, Gəlib qondu bura. Yavaşcadan uşağın burnunun ucuna təmas edirlər; uşaq da gülür. Tədriclə yerimək və diş çıxarma başlanır. Təzəcə ayaq açmağı “Yer dəmirdəndir, göy dəmirdəndir” deyə qarşılayırlar və onun əllərindən tutub “dar-dar” deyə-deyə yerimək öyrədirlər. Xalqın sınaqlı inancına görə, dişin çıxma prosesini qabıqlı baş soğan asanlaşdırır. Dişin çıxacağı ərəfədə onun yeri gicişir, bu zaman baş soğanın üstündən boşalıb soyula bıləcək qabıqları götürərək bərk qabıqlı halda uşağın əlinə verirlər. Uşaq instinktiv olaraq onu ağzına aparır və dişləməyə çalışır. Yaranan sürtünmədən dişin üstü açılır və o görünür. Ailə bunu “düyülər göründü” deyə sevinclə qarşılayır, “diş hədiyi” bişirilir. Hədik qohum-qonşuya paylanır. Uşaq isə belə oxşanıb əzizlənir: İki dişi var qabaqda, Çörək qoymaz tabaqda. Uşaq böyüdükcə ona danışmaq, saymaq, oyunlar öyrədilir. Saylarda barmaqlardan istifadə edilir. Bəzən hər barmağa ad qoyularaq bu işi həm də oyuna çevirirlər. Məsələn, baş barmaqdan başlayaraq sıra ilə göstərib deyirlər: Baş barmaq, Başala barmaq (şəhadət barmaq), Uzun hacı (orta barmaq), Gül papıcı (adsız barmaq), Balaca bacı (çeçələ barmaq). Barmaqlarla bağlı daha bir oyun öyrədilir ki, burada uşaqlar lap balacalıqdan düzlüyə, halallığa istiqamətləndirilir. Yuxarıda qeyd edilən tərzdə uşağın barmaqları göstərilərək deyilir: Bu (çeçələ) deyir: gəlin gedək oğurluğa, Bu (adsız) deyir: hanı nərdivan? Bu (orta )deyir: məndən uzun nərdivan? Bu (şəhadət) deyir: Allahdan qorxmursuz? Bu (baş) deyir: Allah gəlsə qaçarıq. Sonra uşağa başa salınır: Bu dörd barmaq səhv etdi. Şəhadət barmaq düz deyir; oğurluq pis işdir, onu heç kəs görməsə də Yaradan görür. Ondan utanmaq və qorxmaq lazımdır. Uşaq böyüdükcə oyunların da tərzi dəyişir və tədriclə mürəkkəbləşir. Nitqin və zehnin inkişafına xüsusi diqqət yetirilir. On dairəsində say yorğunluq hiss etdirmədən düzgü şəklində öyrədilir: Bir, iki-bizimki, Üç, dörd-qapını ört. Beş, altı-daş altı, Yeddi, səkkiz-Firəngiz, Doqquz, on-qırmızı don. Bu dövrdən etibarən uşaqların həyatını növbənöv düzgülər, sicilləmə, yanıltmac, çaşdırma, tapmaca, nağıl və oyunlar bəzəyir. Onların hər birində yüksək pedaqoji tələblər qoyulur. Məsələn, “Əmim oğlu Soltan ağa” oyun-müraciətdə məsuliyyət hissi, elmə, təhsilə hörmət, ehtiram təlqin olunur: Bir nəfər uşaq tək, qalanlar dəstə ilə üz-üzə dayanırlar. Dəstə deyir: Əmim oğlu Soltan ağa, Gəlin gedək oynamağa, Oynamağın vaxtıdır, Qızıl gülün taxtıdır. “Soltan ağa” cavab verir: Oynamağın vaxtı deyil, Qızılgülün taxtı deyil, Dərsimi hazırlaram, Sonra gedib oynaram. Yaxud uşaqların nitqini inkişaf etdirmək üçün böyüklər onlara yanıltmac söylədirlər. Yanıltmaclar uşaqları düzgün danışıq və nitq vərdişlərinə yiyələndirir, söz ehtiyatlarını artırır. Yanıltmaclarla bərabər, bir sıra sicilləmə-düzgülər də bu niyyətlə yaradılmışdır. Yanıltmaclardan əsas məqsəd dildə olan çətin sözləri yaxşı tələffüz etməyi bacarmaq və yersiz fasilələrdən uzaq olaraq rəvan nitq vərdişlərinə yıyələnməkdən ibarətdir. Yanıltmaclar həm nəsr, həm də şeir şəklində olur. Bir-birinə uyğunlaşmayan, çətin deyilən, dilə yatmayan sözləri el ustalıqla sıraya düzüb didaktik sənət nümunəsi yaratmışdır. Məsələn, bir neçə yanıltmaca diqqət yetirək: Aş asmış aşpaz Abbas, Az asmış aşpaz Abbas. Ay qılquyruq qırqovul, Gəl bu kola gir, qılquyruq qırqovul. Cüt dükcə, cüt-cüt dükcə, üç cüt dükcə. Cöngə, göy cöngə, gömgöy cöngə, dümgöy cöngə və s. Yanıltmac söyləməyin şərti var: sözlər aydın və düzgün tələffüz olunmaqla sürətlə deyilməlidir. Bu yöndən bəzən bir neçə uşaq arasında yarış da keçirilir. Yanılan, çaşan uduzmuş hesab edilir. Düzgülərdə də sürətli nitq tələb olunur, çaşmaq ehtimalı yanıltmaclardan azdır. Məsələn: A teşti, teşti, teşti, Vurdum, Gilanı keçdi. İki xoruz savaşdı, Biri qana bulaşdı. Qan elədim quşumçun, Yetdi Kəmər başımçın. Kəmər getdi oduna, Qarğı batdı buduna, Qarğı deyil, qamışdır, Beş barmağım gümüşdür, Gümüşü verdim tata, Tat mənə darı verdi. Darını səpdim quşa, Quş mənə qanad verdi. Qanadlandım uçmağa, Haqq qapısın açmağa. Qapıcı qapı toxur, İçində bülbül oxur. Məndən kiçik qardaşım Allah kəlamın oxur: Nitq inkişafı dövründə xalq həm də təfəkkürün, ağıl və zehnin inkişafı qayğısına qalmış, tapmacalar söyləmiş, onlara cavab istəmişdir. Tapmacalar bu və ya digər əşya, hadisə, məfhum haqqında olur. Həmin əşya və hadısənin bir əlaməti, bir keyfiyyəti dolayı yolla söylənilir, başqa cəhətləri isə gizli saxlanılır. Məsələn: Hacılar haca gedər, Əhd edər, gecə gedər. Bir yumurta içində Yüz əlli cücə gedər (Nar) Uzun-uzun dərvişlər Bizə qonaq gəlmişlər. O qədər oynamışlar, Torpağa qarışmışlar (Yağış) Sandığım var mərəndi, Nə qıfılı var, nə bəndi, Elə açılır, elə yumulur, Heç kəs bilməz o fəndi (Kələm). Balaca uşağa çətinlik üz verəndə də xalq onu əzizləmə tərzində, sevərək aradan qaldırmağa çalışmışdır. Məsələn, uşaq yıxılanda ağlayır. Böyüklər onu sakitləşdirmək üçün soruşurlar: “Duzu dağıtdın?” Uşaq əsası olmayan bu sualdan təəcüblənir; ətrafına baxır və ağlamaq yadından çıxır. Artıq yeniyetməlik yaşında olanlara isə yıxıldıqları təqdirdə belə sual vermirlər. Onların pərtliyini aradan qaldırmaq üçün ərklə deyirlər: “O boyda yeri sənə verərlər?” Uşaq xəstələnəndə isə qayğı ilə soruşurlar: “Nə olub, sərçələr təpik atıb?” Bu sual yeniyetməliyə qədər olan dövrə aiddir və kiçicik varlığa qayğının, onu himayənin təzahürüdür. Yıxılıb azacıq əziləndə isə uşaq ağlayırsa, onu sakitləşdirmək üçün deyirlər: “Gətir öpüm, sağalsın”. Uşaq böyüdükcə folklor nümunələrinin çeşidi və istıfadə imkanları artır. Eyni vaxtda nağıllar, əfsanələr, lətıfələr, atalar sözləri, nəğmələr onların həyatına daxil olur və milli ruhda böyümələrini, sağlam ruhda tərbiyə almalarını şərtləndırir. Elə buradaca qeyd etmək lazımdır ki, folklor insanla bərabər yol gedir, insan yaşa dolduqca onun da məzmunu və məntiqi dərinləşir, mövzusu uşaq aləmindən ayrılıb gənclik və müdriklik məqamlarına daxil olur, son nəfəsə-ölümədək gedib çatır. Sonda ağılar deyilir. Əzizinəm səsə mən, Enib gəldim səsə mən. Nə ana var, nə bacı, Səsim qatım səsə mən. Gəldi gülüm, ağlaram, Oldu zülüm ağlaram. Bir vəfasız yel əsdi, Tökdü gülüm, ağlaram. İnsan cürbəcür oyunlar oynayır. “Gizlənqaç”dan, “Beşdaş”dan, “Qaçdı-tutdu”dan başlayıb cıdıra, “Çovğan”a, gəşt tutmağa qədər yüksəlir, igid olur, cəngavər kimi, pəhləvan kimi ad çıxarır. Maldarlıqla, heyvandarlıqla məşğul olur, holovarlar, sayaçı sözlər oxuyur: təsərrüfatından şövqə gəlir, işinin avand olmasına can atır. Qara kəlim, gündə mən, Kölgədə sən, gündə mən. Sən yat qaya dibində Qoy qaralım gündə mən. Xırda-xırda çəpişlər Otların başın dişlər. Gedər yaylağı gəzər, Gələr aranda qışlar. Nənəm qoynun qarası, Qırxlığı polad parası, Yaz günü dələməsi, Qış günü qovurması. İnsan sağın sağıb, əkin əkib, ova çıxıb, ipək yetişdırib, xana toxuyub, balıq ovlayıb, iş görə-görə nəğmələr oxuyub; axşamlar evində ailəsini-uşağını başına yığıb, nağıl, dastan danışıb, lətifə, zərb-məsəl, atalar sözü söyləyib. Həyatın elə bir məqamı, elə bir incəliyi yoxdur ki, xalq bu barədə qəti hökmünü verməsin. Həmin hökmlər atalar sözləridir. Atalar sözü və məsəllər xalqın həyatı, məişəti, əmək fəaliyyəti ilə bağlı olan formaca kiçik, mənaca geniş janrlardandır. Hər atalar sözünün məzmununda bir kitab qədər məna dayanır. Ona görə də xəzinə timsalındadırlar. Nümunə üçün oğuznamələrdən bir neçə sözə diqqət yetirək: “Çubuq ikən əydinsə, əyibsən; pərdilik olandan sonar əyə bilməzsən”. “Kim qazarsa, dərin quyu, özü düşər üzüquyulu”. Birinci söz tərbiyə prosesi ilə bağlıdır; təbiətlə müqayısəli tərzdə söylənmişdir. Yəni ağacın çubuq hissəsini asanlıqla əymək mümkün olduğu halda, böyüyüb tikinti materialı əndazəsinə çatmış budağı əymək olmur. İnsan da belədir. Onu körpəlikdən düzgün tərbiyə etmək lazımdır ki, sonra fəsadlar yaranmasın. Digər sözün olduqca sadə məntiqinin içərisində böyük məna var. Yəni kim nə əməlin sahibidirsə, etdiyinin xeyri də özünə gəlir, zərəri də. Paraleli belədir: “Nə tökərsən aşına, o çıxar qaşığına”. Qısa şəkildə izahını verdıyımiz bu sözlərin hər birində mənəvi tərbiyə ilə bağlı saatlarla görülən işin cövhəri qəliblənib və inkaredilməzdir. Atalar sözləri və məsəllər arasında incə fərq var. Məsəllər sözgəlişi, bəzən də naməlum kimi görünən hadısəyə izahat vermək üçün işlənir və işlənməzdən əvvəl belə deyilir: “Məsəl var deyərlər…” sonra həmin məsəl çəkilir. Məsələn: “Göyçə muncuq handadır, mənim canım ondadır”. “Filin biri də gəldi” və s. Hər məsəlin arxasında kiçik bir hekayət dayanır və yeri gələndə atalar sözü məsələ, məsəl atalar sözünə çevrılir. Elə bir azərbaycanlı tapılmaz ki, o gün ərzində atalar sözündən istifadə etməsin. Uşaq vaxtlarında tapmacalar, düzgülər söyləməsin, nağıllar öyrənməsin, onların təsiri ilə qəlbində estetik duyğular, xeyrə məhəbbət, şərə nifrət yaranmasın. Azərbaycan xalqının hər bir övladı dünyaya gələndə folklorla-laylalarla qarşılanır, gedəndə də folklorla-bayatı və ağılarla yola salınır. Gəlimlə gedim arasındakı ömür payını isə yenə də folklorla qovuşduqda yaşayır. Bütün həyatını folklorun müşayiəti ilə keçirən hər bir şəxs xalqının övladı olmaqla, xalqın özünəməxsus keyfiyyət və tələbləri ruhunda böyüyüb formalaşır. Çünki folklor xalqın tərbiyə məktəbidir.

II. Körpəlik dövründə uşağa diqqət ən mühüm məsələlərdən biridir. Lakin bununla yanaşı, qadağa və yasaqlar da olmalıdır. Bu, onun həm qidasında, gəzməyə aparılmasında və s. məsələlərdə özünü göstərə bilər.

Son dövrlərdə kütləvi informasiya vasitələrində, mətbuatda uşaqların texnikaya, kompüterə həddən çox meyl göstərməsi nəticəsində onların ünsiyyət sferasında, sağlamlığında ciddi problemlərin yaranması ilə bağlı xeyli sayda informasiyalara rast gəlmək olur. Əlbəttə, müasir insan üçün, xüsusən də XXI əsrin ixtisaslı kadrı üçün kompüterdən istifadə etmək, onun dərinliklərinə bələd olmaq labüddür. Məhz buna görə də, son vaxtlar, valideynlər uşaqlarının gələcəyini düşünərək kiçik yaşlarından övladlarına kompüter alır, onları müxtəlif kurslara aparır və bunu faydalı hesab edirlər. Lakin, bu bəzən onunla nəticələnir ki, kompüter uşağın əsas “ünsiyyət partnyoruna” çevrilir və valideynlərilə, yaşıdlarıyla olan ünsiyyətini əvəzləməyə başlayır. Uşaq əksər vaxtını “hissiyatsız”, “cansız” maşınla təklikdə, kompüter oyunlarının fantastik aləmində, internet dolanbacında keçirir. Buradan onun “qazandıqları” isə əksər hallarda heç də ürəkaçan olmur.

İnternetin daha çox populyar olduğu ölkələrdə valideynlər uşaqlarının həmyaşıdları ilə ünsiyyətdən qaçdığını, onlarda kitab oxumağa meylin azalmasını göstərirlər. Son illər psixoloqların apardığı tədqiqatlarda da, internetdən həddən çox istifadə edən uşaqlarda aqressivliyə, zorakılığa meylin yüksək olması, fantaziyalara, yaradıcılığa meylin zəifləməsi, onlarda təfəkkürün analiz-sintez fəaliyyətinin çətinliklə getdiyi müəyyən olunmuşdu.

Ümumiyyətlə, uşaqların məktəb yaşına qədər kompüterdən istifadəsi məqsədəuyğun deyil. Əvvəla, təcrübə onu göstərir ki, uşaqlar məktəb dövründə kompüterdən istifadəni öyrəndikdə belə yüksək nailiyyətlər əldə edə bilirlər. Digər tərəfdən, 3-4 yaşından həddən artıq kompüterdən istifadə edən uşaqların böyüyəndən sora bu müddət ərzində elə bir şey öyrənmədiyinin şahidi olar. Çünki, erkən dövrdə uşağın əqli qabiliyyətləri onu ətrafda, real həyatda baş verənlərdən ayıran hansısa texnikanın köməyi ilə deyil, ətraf mühitlə qarşılıqlı əlaqədə, onun aktiv qavranılmasında inkişaf edir. Hansısa informasiyanı uşağa aşılamaq üçün onu kompüter arxasında otuzdurmaqdansa, əlindən tutub real həyatda onu göstərmək daha faydalı olar. Məsələn, heyvanlar haqqında, heyvanxanaya, bitkilər haqqında botanika bağına və ya adi parklara gəzintiyə çıxarmaq, mədəni inkişafı üçün kukla teatrına apararaq, onunla gördüklərini müzakirə etmək uşağın əqli qabiliyyətlərinin inkişafı baxımından əvəzedilməz rol oynaya bilər.

Valideynlər unutmamalıdırlar ki, uşağın normal psixi inkişafı üçün ünsiyyət və kollektiv oyunlar, onunla gördükləri və eşitdiklərini müzakirə etmək faydalı olduğu qədər, zəruridir. Belə ki, internetdən nə qədər gözəl informasiyalar götürməsindən asılı olmadan, uşağın inkişafı və tərbiyəsində valideynin təsirini, uşağı istiqamətləndirilməsini heç bir texnika əvəz edə bilməz.
Ümumiyyətlə, qeyd istərdim ki, nəinki kiçik yaşlı uşaqların, hətta daha böyük yaşlarda ola uşaqların belə, kompüterdən istifadəsinə böyüklər tərəfindən nəzarət olunmalıdır. Onlara evdə, məktəbdə kompüterdən istifadənin mədəniyyəti aşılanmalı, müasir texnologiyalardan sui-istifadənin nəticələri haqqında məlumatlar verilməlidir. Bəzi hallarda hətta böyüklərin nəzarəti altında, məhdud vaxt çərçivəsində uşaqların kompüter arxasında vaxt keçirməsinə imkan verilməsi məqsədəuyğun olardı.

Uşaq tərbiyəsini ən önəmli cəhəti kimliyin qazanılmasıdır. Uşağa sağlam bir kimlik duyğusu aşılamaq lazımdır. Yəni, bir gəncin “mən kiməm?” sualına verə biləcəyi cavabı lap kiçik yaşlarından formalaşdırmaq lazımdır. Kimlik duyğusu olan insanlar psixoloji olaraq tamlıq və bütövlük hissinə malik olurlar. Güclü bir kimlik duyğusu ilə dəyərlər arasında sıx bir bağlantı vardır. Jan Piajeyə görə, əxlaqi dəyərlər uşağın hər yaş dövrünə görə fərqlidir. Yəni, uşaq kiçik yaşlarında bəsit bir şəkildə ata-ananın öyrətdiyi əxlaq normalarına riayət edir. Amma artıq yetkinlik yaşına çatmış gənc isə əxlaqi qanunları daha geniş formada özünün əqli seçiminə və digər insanların rəğbətinə görə dəyərləndirir.

Əxlaqi dəyərləri bir çox nəzəriyyəçilər araşdırsalar da, bu keyfiyyətlərin ideal modelini təqdim edən İslam dini uşağın kimlik hissinin formalaşmasında ən kamil bir sistem ortaya qoyur. Dinimizin tövsiyəsinə görə, hələ körpə yaşlarından uşağa başa düşə bildiyi dildə Allahı tanıtmaq, əməllərini və rəftarlarını Allahın xoşuna gedə biləcək tərzdə etmək, yaşı artdıqca, ona yaradılmasının fəlsəfəsini sadə dildə anlatmaq, ona dəyərli və qiymətli bır varlıq kimi yaradıldığını başa salmaq lazımdır. Belə məlumatların yalnız və yalnız uşaqda şəxsiyyət və ləyaqət hissinin formalaşmasına xidmət etməsi məqsədini güdmək lazımdır. Ona görə də bu mövzularda da həddi aşmamaq, uşaqda təkəbbür və digər hisslərin baş qaldırmasına səbəb olacaq məlumatlar verməkdən çəkinmək məsləhətdir. Danışmağa başladığı yaşlarından onu diqqətlə dinləməyi bacarmaq, suallarını onu qane edəcək şəkildə cavablandırmaq, təklif etdiyi ağlabatan ideyaları həyata keçirmək, onunla razılaşmaq, ona şəxs kimi yanaşmaq lazımdır.

Kiçik yaşlardan uşaqlara ata-anaya hörmət və qayğı hisslərinin aşılanması da milli-mənəvi dəyərlər aspektində ən mühüm məsələlərdən hesab olunur. Çünki uşaq kiçik yaşlarında nə öyrənirsə, bu gələcəkdə həmin hisslərin daha da yüksək səviyyədə tərənnümü ilə səciyyələnmiş olacaqdır. Belə ki, uşağa onun Vətəni, el-obası, milli adət və ənənələri barəsində məlumat verilməsi gərəkli və vacib əməllərdən sayılır. Ən əsası isə məktəbəqədər yaşlı uşaqları milli-mənəvi dəyərlər fonunda tərbiyə etmək onların tərbiyəsi və əxlaqında mühüm amil hesab olunur.

Dinimizin kamil yaşam qanunları toplusu olan Qurani-Kərimdə belə buyurulur: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib, bəslədikləri kimi, Sən də onların hər ikisinə rəhm et!”.

Bu ayə uşaq tərbiyəsinin ata-ana üzərində bir haqq olduğunu göstərməklə yanaşı, bu çətin, həssas bir işi yerinə yetirən valideynə övladı tərəfindən dua edilərək, bağışlanma fürsətini qazandırır. Odur ki, bu işə yalnız ailə içi, ictimai bir vəzifə kimi deyil, İlahi bir tapşırıq kımı yanaşan valideyn, əxlaqi dəyərlərin bütün gözəl rəngləri ilə çəkdiyi əsrarəngiz sənət əsərinin töhfəsini həm dünya, həm də axirətində görəcəkdir.

Əxlaq alimlərinin gəldiyi qənaətə görə, insanın fitrətində həm heyvana xas olan sifətlər, həm də insani keyfiyyətlər mövcuddur. Uşaqda cismani və heyvani qüvvələr təlim görmədən fəal olur və getdikcə inkişaf edir. Uşaq böyüdükcə, ondan asılı olmayaraq, həmin qüvvələr də formalaşır. Əlbəttə, idman və bədən tərbiyəsi ilə məşğuliyyət, gözəl yeməklər yemək adı çəkilmiş hisslərin daha güclü inkişafına səbəb ola bilər, amma bu işdə əsaslı rol oynaya bilməz.

İnsanda olan insanlıq xisləti isə dünyaya gələndən onun fitrətində potensial imkan kimi mövcuddur və həmin potensial imkan insanı təkamül dərəcəsinə çatdırmağa qadirdir.

Ata-ana bir məsələyə xüsusi diqqət yetirməlidir; uşaqlar körpəlikdən öyrənmək həvəsində olur, hər şeylə maraqlanır. Yaxşını tanımaq, düzgün yol ilə getmək uşağın fitrətində var. Uşaq əyri yola meylli olmamağa sövq edilir. Həmişə həqiqəti, haqqı deyir, ona yalan danışmaq əmr olunsa, pərt olur, dili ağzında dolaşır.

Uşaqlıqda insanın qavrayışı daha iti, hafizəsi daha möhkəm olur. Bu imkandan yaxşı istifadə edilməlidir.

Ailədə, ilk növbədə, ata övladın rəftarına, davranışına daim nəzarət etməlidir, xüsusən də uşaq həddi-buluğa yetişdiyi dövrdə. Ata övladının təklikdəki halına diqqət yetirməli, onun dostlarını tanımalıdır.

Uşağa həddindən artıq qadağalar qoyulması, onu sıxmaq gərəkli hal deyil. Çünki qadağan olunmuş zona həmişə maraq kəsb edir. Uşaqla dost olmaq, onun fikirlərinə hörmət etmək isə vacib cəhətlərdən sayılır.

Tövsiyələr bunu göstərir ki, valideynlər öz övladına nəzarət etməli, onları özbaşına buraxmamalıdırlar.

Körpəlik dövründə həyata keçirilən bir çox qadağa və yasaqlar uşaqların həyatında özünəməxsusluğu ilə seçilir. Belə ki, bu dönəmdə uaşağa düzgün qulluq olunması, geyindirilməsi kimi vacib məsələlərlə yanaşı, uşağın inkişafı üçün bir çox

İnsanların tərbiyəsində millilik çox əhəmiyyətlidir, öz-özlüyündə bir gözəllikdir və hər zaman qiymətləndirilməlidir. Hətta cahil insan da müəyyən tərbiyəli cəhətlərinə görə sevilməlidir. İstənilən ixtisasın sahibi, hər şeydən əvvəl, müəyyən səviyyəyə malik olmalıdır. Kiçik yaşlardan qazanılan həmin səviyyə olmadan insanın şəxsiyyət kimi formalaşması və yaxşı mütəxəssis olması, demək olar ki, qeyri-mümkündür.

Milli tərbiyə, adət-ənənə və mədəniyyətlərdən uzaq cəmiyyətlər kobud, cahil və etibarsız olurlar. Məktəblərdə bütün fənlərlə yanaşı, tərbiyə, milli mədəniyyətlə bağlı mövzular keçilməli, yaşadıqları Vətəni cənnətə çevirəcək sağlam ruhlu və xarakterli nəsillər tərbiyələndirilməlidir. Lakin bəzən bunun əksi ilə qarşılaşırıq və belə əhəmiyyətli dərslərin, mövzuların arxa planda qaldığını görürük ki, bu da bütün insanları ciddi şəkildə narahat etməlidir.

Uşaq tərbiyəsi bir sənət əsərinə bənzəyir. Necə ki, rəssam bir tablo yaradır, yazıçı bir yazı yazıb ortaya çıxarır. Hər bir uşaq da oz valideynlərinin tərbiyəsi ilə formalaşıb, kimlik tapan insan adlı bir əsərə çevrilir. Bu baxımdan tərbiyə valideynlərin üzərinə duşən, həssaslıq və məsuliyyət tələb edən bir işdir. Ata-ana bu çətin, şərəfli və məsuliyyətli işlə Allah tərəfindən vəzifələndirilmiş və müqabilində də onlara böyük savablar vəd edilmişdir.

Anton Semyonoviç Makarenkoya görə, öncə uşaq sağlam mühitdə doğulmalıdır. Yəni, ailənin özünün formalaşmış ailə normaları, ailə rolları olmalıdır. Ailə rolları dedikdə, əsasən, valideynlərin, sonra da digər ailə üzvlərinin özlərinə məxsus funksiyaları yerinə yetirməsi nəzərdə tutulur. Ailə mühitinin sakit və rahat olmasının uşağın mənliyinə təsiri böyükdür. Bu heç də problemsiz ailə demək deyil. Hər ailədə, hər valideynlə uşaq arasında problem yaşana bilər. Əsas olan bu problemin necə həll edilməsidir. Təməlində sevgi və hörmət hissi dayanan münasibətlər valideyn-övlad münasibətlərinin ən düzgün modeli hesab olunur.

Uşağın xarakterinin formalaşmasında ətraf mühitin rolu çox böyük olsa da, onun qarşılaşdığı ilk tərbiyəalma mərkəzi – ailədir. Ona görə də hələ ilk günlərdən ata-ananın övlada münasibəti, öz aralarında və digər insanlarla davranışlarının uşaq tərəfindən qeydə alındığını, onun təmiz beynində həkk olunduğunu nəzərə almaq lazımdır. Valideynlərinin hər bir hərəkətini özlərinə örnək götürən uşaq onların bütün davranış tərzlərini mənimsəyir.

Valideyn uşağa kiçik yaşlarından etibarən milli və mənəvi dəyərləri aşılamalı, tərbiyə etməlidir. Uşağın məktəbə gedən zaman geyiminə nəzarət olunması və məktəbdə özünü düzgün şəkildə apara bilməsi xüsusiyyətlərinin təlqin edilməsi də milli-mənəvi dəyərlər sırasında vacib yer tutur.

Bəzi psixoloqların fikrincə, uşağı düzgün tərbiyələndirməyi bacarmaq üçün valideyn özünü uşağın yerinə qoya bilməli, onun duyğu və düşüncələrini anlaya bilməlidir. Valideyn uşağın içində olduğu yaşın özəlliklərini bilməli və ona uyğun rəftar etməli, uşağa hörmət etdiyini, dəyər verdiyini və sevdiyini hiss etdirməlidir. Uşağın fərdi çətinliklərini kəşf etməklə valideyn onu bacara bildiyindən daha çox yükləməməyə, istedadlarını kəşf etməklə isə onların ortaya çıxıb, inkişaf etməsinə nail ola bilər.

Beləliklə, məktəbəqədər yaşlı uşaqların ailə tərbiyəsində milli-mənəvi dəyərlərdən istifadə həmişə zəruridir və belə də olmalıdır.



İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1. http://deyerlermektebi.blogspot.com/2008/02/uaq-trbiysi.html

2. faktxeber.com/111_304slamda-u350aq-t399rb304y399s304.html

3. https://xanim.az/usaqlarda-liderlik-keyfiyyetini-nece-yaratmali-808

4.https://mektebgushesi.az/2019/05/12/sagirdl%C9%99rin-m%C9%99n%C9%99vi-t%C9%99rbiy%C9%99si/

5. Bədəlova Ə.S. Azərbaycan xalq pedaqogikası. Bakı, Müəllim, 2009


Yüklə 40,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin