Mövzu 7 Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı



Yüklə 140 Kb.
tarix22.06.2020
ölçüsü140 Kb.
#31906
Mövzu7

Mövzu - 7

Azərbaycan Respublikasının multikulturalizm siyasəti və

ölkənin sosial-iqtisadi inkişafı

Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək.


Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin giriş nitqindən

Azərbaycan iqtisadiyyati haqqinda ümumi məlumat
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.

İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 83%-ə çatmışdır.

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013 illər ərzində 3 beşillik proqramlar həyata kecmişdi. Hazırda 2014-2018-ci illər ücün regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.

Son 10 il ərzində (2003-2013) Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq hazırda 52 milyard dollara yaxınlaşmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5 faizə qədər azalmışdır.

Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83, məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003-2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business-2009” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə elan edilmişdir. Növbəti “Doing Business” hesabatlarında da Azərbaycan öz müsbət mövqeyini qoruyub saxlamışdır. “Doing Business 2015” reytinq hesabatında Azərbaycan 189 dünya ölkəsi arasında 8 pillə irəliləyərək 80-ci yerdə qərarlaşmışdır.  Hazırda eləcə də, “Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti “Stabil”dən “Pozitiv”ə yüksəldilmişdir.

Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir, yəni ölkəmiz dünyada ən çox inkişaf edən 40 ölkə arasındadır.



2014-cü ildə

Sosial-iqtisadi inkişaf

2014-cü ildə ÜDM-in real artım tempi 2,8% təşkil etmiş və cari qiymətlərlə 59,0 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 6264.1 manat (7985.9 ABŞ dolları) təşkil etmişdir.

Neft-qaz sektoru üzrə 2014-cü ildə 2013-cü ilə nisbətən 2.9% azalma qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 39.0% (2013-cü ildə: 42.9 %) təşkil etmişdir.

2014-cü ildə qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu sahənin real ifadədə 7.0% artması ilə nəticələnmişdir. Belə ki, 2013-cü ilə nisbətən 2014-cü ildə rabitə sahəsi 15.1%, nəqliyyat sahəsi 4.7%, tikinti sahəsi 9.1%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektoru 18.2%, ticarət sahəsi isə 10.0% artmışdır.

2014-cü ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 17615.8 mln. manat investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 72.3%-ni daxili investisiyalar, 27.7%-ni isə xarici investisiyalar təşkil etmişdir. 2014-cü ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 11651.6 milyon manatı (66.1%-i) qeyri-neft bölməsinin, 5964.2 milyon manatı (33.9%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.

2014-cü ilin 1 dekabr tarixinə iqtisadiyyata banklar tərəfindən kredit qoyuluşlarının həcmi keçən ilin 1 dekabr tarixinə nisbətən 19.1% artaraq 18151.9 mln. manat təşkil etmişdir (2013-cü ilin dekabr ayının 1-nə kredit qoyuluşlarının artımı 30.0% olmuşdur).

2014-cü ilin 1 dekabr tarixinə əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nəzərən 10.4% artaraq 7.1 mlrd. manat təşkil etmişdir (2013-cü ilin dekabr ayının 1-nə əmanətlərin artımı 34.8% olmuşdur).

2014-cü ildə əhaliyə 22.0 mlrd. manatlıq çox genişçeşidli istehlak malları satılmış və 7.0 mlrd. manatlıq pullu xidmətlər göstərilmişdir. 2013-cü illə müqayisədə əmtəə dövriyyəsi 10.0%, pullu xidmətlərin həcmi isə 7.2% artmışdır. İl ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 11.0 mlrd. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricinin real həcmi ötən ilin eyni dövrünə nəzərən 16.2% artmışdır.

2014-cü ilin 11 ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları 2013-cü ilin eyni dövrü ilə müqayisədə 5.4% artaraq 442.1 manat təşkil etmişdir. 2014-cü ildə əhalinin hər nəfərinə düşən gəlirləri isə 3.5% artaraq 4180.5 manata çatmışdır.

2014-cü ilin 11ayında xarici ticarət dövriyyəsi 28.8 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 20.7 mlrd. ABŞ dolları, idxal isə 8.1 mlrd. ABŞ dolları olmaqla 12.6 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.


2014-cü ildə manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0.7844 AZN təşkil etmişdir.
Sosial sahələr


Məşğulluq və işsizlik. 2015-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4840,7 min nəfər olmuş, onlardan 4602,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil etmişdir.
2014-cü il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1507,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 883,7 min nəfər, qeyri-dövlət bölməsində isə 624,0 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1471,3 min nəfər çalışmışdır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1463,4 min nəfər təşkil etmişdir.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1 faizi məhsul istehsalı sahələrində, onlardan 6,8 faizi tikintidə, 6,2 faizi emal sənayesində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4 faizi mədənçıxarma sənayesində, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olmuşlar.

Xidmət sahəsində çalışanların 22,5 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 1,8 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənmişdir.
2015-ci il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,7 min nəfər olmuş, onların 39,4 faizini qadınlar təşkil etmişdir. İşsizliyə görə müavinətin orta məbləği 289,2 manat olmuşdur.

Əhalinin gəlirləri. 2014-cü ildə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.8 faiz artaraq 39.4 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 4180.5 manat və ya ayda orta hesabla 348.4 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 2.1 faiz bəndi üstələyərək 3.5 faiz olmuşdur.

Bu dövr ərzində gəlirlərin 68,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.

Əhalinin sərəncamında qalan 35,9 milyard manatlıq gəlir əvvəlki ildəki ilə müqayisədə 5,1 faiz çox olmuşdur.

Əmək haqqı. 2014-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artaraq 442,1 manat təşkil etmişdir.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.


Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 261,7 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 311,1 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət. 2014-cü il dekabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9583,2 min nəfərə çataraq, ilin əvvəlindən 106,1 min nəfər və ya 1,1 faiz artmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olmuşdur. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini kənd sakinləri təşkil edir.

Son illər doğum səviyyəsi yüksək olaraq qalmaqdadır. Belə ki, cari ilin yanvar-noyabr ayları ərzində ölkədə 156,2 min körpə doğulmuş və əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,0 təşkil etmişdir. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olmuşdur.

İlin əvvəlindən ölkədə 50,9 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil etmişdir.
Ölkədə rəsmi orqanlar tərəfindən 78,5 min nikah və 11,0 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,1, boşanmaların sayı isə 1,3 olmuşdur.

Cari ilin yanvar-noyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1534 nəfər gələn və 742 nəfər ölkədən gedən qeydə alınmışdır.



Sosial təminat. İlkin məlumatlara əsasən, 2015-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1290,0 min nəfər olmaqla ölkə əhalisinin 13,6 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 173,4 manata çataraq orta aylıq əmək haqqının 39,1 faizini təşkil etmişdir.

Cari ilin əvvəlinə 335,3 min nəfər sosial müavinət, 51,6 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 120,7 min ailənin 527,2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır. 2014-cü il ərzində birdəfəlik müavinət alanların sayı 116,4 min nəfər olmuşdur.



Səhiyyə. 2013-cü illə müqayisədə 2014-cü ildə səhiyyə üçün ayrılan büdcə vəsaiti 17 faiz artaraq 725 milyon manat təşkil etmişdir.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, ölkədə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması işi davam etdirilmişdir.
Hesabat ilində 66 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bunların 18-i Bakı şəhərində, 48-i isə regionlarda yerləşir. İlkin məlumatlara əsasən, 2015-ci ilin əvvəlinə ölkədə 32,9 min həkim və 57,9 min orta tibb işçisinin çalışdığı 567 xəstəxana və 1763 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 61 orta tibb işçisi düşür.
Uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən prioritet istiqamətlərindən olduğunu bir daha sübut edən "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair", "Ana və uşaqların sağlamlığının qorunması üzrə" Dövlət Proqramları qəbul edilmişdir. Bu sənədlər uşaqlar arasında xəstələnmə, sağlamlıq imkan-larının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Ekologiya. 2015-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 209,1 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 322,3 min hektar olan 9 milli park və sahəsi 361,2 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2014-cü ildə 1573 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər üç müəssisədən birində və atmosfer havasının çirkləndirilməsi üzrə müayinəyə cəlb olunmuş hər dörd müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınmışdır. Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 727 nəfər vəzifəli şəxslərdən və vətəndaşlardan 463,4 min manat məbləğində cərimə tutulmuşdur.



Təhsil. İlkin məlumatlara əsasən, 2015-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1639 dövlət və 41 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq və ya 1-5 yaşlı uşaqların 13,5 faizi tərbiyə alır.
2014/2015-ci tədris ilinin əvvəlinə ölkənin 4456 dövlət və 20 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil almışdır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6000 uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərmişdir.

2014/2015-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 50,4 min nəfərdən artıq olan 82 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərmişdir.

2014-cü ildə əyani ümumi təhsil müəssisələrini bitirən 83,8 min nəfər məzundan 83,2 min nəfəri və ya 99,4 faizi tam orta təhsil haqqında attestat almışdır.

Dövlət Statistika Komitəsi tərəfindən 2014-cü ilin sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, məktəblərin 93,1 faizi, o cümlədən şəhər yerlərində 99,5 faizi, kənd yerlərində isə 90,9 faizi kompyuterlərlə təmin olunmuşdur. Əvvəlki illə müqayisədə kompyuterlərin sayı 6,4 min ədəd və ya 12,3 faiz artaraq, 58,0 minə çatmışdır. Hazırda hər 22 şagirdə orta hesabla bir kompyuter düşür, halbuki 8 il əvvəl 101 şagirdə bir kompyuter düşürdü.


2014/2015-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 61 orta ixtisas təhsil müəssisəsində 60478 tələbə təhsil almış, onların üçdə iki hissəsini qadınlar təşkil etmişdir.

Azərbaycanda bakalavr və magistrlərın hazırlanmasını həyata keçirən 39 dövlət və 14 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 158212 nəfər olmuşdur ki, onların da 48,5 faizini qadınlar təşkil edir.



Elm. Ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" uğurla həyata keçirilir.
2015-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 140 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 22,4 minə yaxın mütəxəssis məşğul olur, onların da 70,6 faizi tədqiqatçılardır. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər.

2015-ci ilin əvvəlinə Milli Elmlər Akademiyasının 49 akademiki və 97 müxbir üzvü vardır.



Regionların sosial iqtisadi inkişafı

Məlum olduğu kimi, son illər Azərbaycanın bölgələrinin tarazlı və hərtərəfli inkişafında, iqtisadi fəallığın yüksəlməsində, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasında, iş yerlərinin və yeni müəssisələrin yaradılmasında, əhalinin məşğulluğunun yaxşılaşmasında, ümumilikdə respublikamızın dayanıqlı və sürətli inkişafının təmin olunmasında regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət iqtisadi tərəqqinin əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilib. Bölgələrdə milli-iqtisadi ehtiyatların tam səfərbər olunmasına, sahibkarlıq sektorunun dirçəlməsinə, azad biznesin inkişafına, rəqabətqabiliyyətli istehsal sektorunun formalaşmasına dərin zəmin yaradıb. 


Bu siyasət Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasına əsaslanır.Regionların inkişafına dair həyata keçirilən proqramlar Azərbaycanın iqtisadi siyasətinin ümumi tərkib hissəsi olmaqla uzunmüddətli və davamlı inkişafa, gələcəyə hesablanmış “Yol xəritəsi” hesab oluna bilər. Əslində, Azərbaycan regionlarının inkişafının prioritetləri və bu siyasətin konturları Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasına əsaslanır. 
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında işlənib hazırlanmış və ardıcıllıqla həyata keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları isə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində həlledici mərhələ oldu. 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub, ölkə başçısı 11 il ərzində bölgələrə davamlı şəkildə səfərlər etməklə proqram çərçivəsində əlavə tədbirlərin görülməsinə qərar verib. Ölkə başçısı ötən dövrdə müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib, iri müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub. Rayon ictimaiyyəti ilə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq regionlara vəsaitlərin ayrılması barədə sərəncamlar imzalayıb. Bu, Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqətin ən yüksək təcəssümüdür.
Ötən 11 ilin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsində regional inkişaf üzrə Dövlət proqramları mühüm rol oynayıb. Dövlət proqramları çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib. Bölgələrdə ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlər yaradılıb. İstehsal müəssisələrində işlə təmin olunan vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət proqramlarının icrası ölkənin makroiqtisadi göstəricilərinin yaxşılaşmasına səbəb olub.

Dövlət proqramlarının icrası ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub, bu dövrdə (2004-2014-cü illər ərzində) ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artıb və ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib. Strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artıb. Həmçinin, minimum əmək haqqının məbləği ötən 10 ildə 11,7 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşüb. Hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür. Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 2 milyard dollar məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılıb. 


Hazırda icrası davam etdirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynamaqdadır. Proqramın icrasından ötən 1 il ərzində regionların inkişafına ötən il bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. Son 1 ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Son 1 ildə regionlarda sosial infrastruktur və kommunal xidmət təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. Respublika üzrə 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılıb, regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı təmir olunub, məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınıb, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 1-ci ilinin yekunlarına həsr olunmuş konfransda qeyd olunduğu kimi, regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan tədbirlərin icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən, regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib. 
Azərbaycanda 55 min yeni müəssisə yaradılıb.Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib ki, 2014-cü ildə əldə olunmuş inkişaf göstəriciləri 2015-ci il üçün əlverişli zəmin deməkdir və cari ildə ölkəmizin iqtisadiyyatında artımın davam edəcəyini nikbinliklə söyləmək olar: “Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin”. Dövlətimizin başçısı regionların inkişafında sahibkarlar ordusunun fəaliyyətinin də mühüm rol oynadığını deyib və bu təbəqəyə xüsusi diqqət göstərdiyini vurğulayıb. “Mən sahibkarlarla mütəmadi qaydada görüşürəm. Son 10 il ərzində bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir”, - deyən dövlət başçısı bu dəstəyin qarşıdakı 5 ildə - üçüncü regional inkişaf proqramı çərçivəsində davam etdiriləcəyini bildirib: “Bu dəstək hesabına böyük işlər görülmüşdür. Son 10 il ərzində Azərbaycanda 55 min yeni müəssisə yaradılmışdır. Dövlət xətti ilə 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Gələcəkdə biz hər il təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlər verəcəyik. Beləliklə, proqramın sonuna - 2018-ci ilə qədər təxminən bir milyard yarım manat vəsait kredit veriləcəkdir. Bu vəsait də iqtisadiyyatın real sektoruna qoyulacaqdır”.

2014-2018-ci illərdə inkişaf doktrinasının əsas şaxələrindən biri regionların tarazlı inkişaf coğrafiyasını genişləndirmək, bölgələrdə istehsalın səviyyəsini və müəssisələrin sayını artırmaq, liberal və maliyyə baxımından özünü təsdiqləyən milli istehsalçıların sırasının çoxalmasına çatmaqdır. Proqramın əsas hədəfi regionlardakı iqtisadi sərvətləri tam hərəkətə gətirmək, dövriyyəyə cəlb etmək, istifadə olunmamış iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinin əsas mühüm hissəsinə çevirməklə iqtisadi gücü ən azı 2 dəfə artıqmaqdan ibarətdir. Bu məqsədlə ölkənin malik olduğu təbii sərvətlərdən səmərəli istifadə edilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və regionlar arasında mövcud olan differensiasiyanın minimuma endirilməsi, milli iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, ölkənin ixrac potensialının artırılması prioritetləri daxildir.



Multikulturalizm və sosial-iqtisadi inkişaf

2009-cu ilin siyahıya alınmasına görə Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. o cümlədən ləzgilər - 2% (180.3 min), ermənilər - 1.3% (120.3 min), ruslar - 1,3% (119.3 min), talışlar - 1,3%, avarlar - 0,6%, türklər - 0,4%, tatarlar - 0,3%, ukraynalılar- 0,3%, gürcülər - 0,1%, kürdlər - 0,1%, yəhudilər - 0,1% və başqa xalqlar təşkil edir. Bu gün Azərbaycan ərazisində kompakt halında yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, sayının azlığından və çoxluğundan asılı olmayaraq, həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldovanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaqauzlar və digər millətlərin nümayəndələri yaşayır.

Milli azlıqların kompakt yaşadığı iqtisadi rayonlara əsasən Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran və digər regionları misal göstərmək olar. Qeyd edək ki, hazırda bu regionların sosial-iqtisadi inkişafı kifayət qədər diqqət mərkəzindədir. Misal olaraq 2012-ci və 2013-cü illər ərzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bu regionlarda əsas sosial-iqtisadi göstəricilərin dinamıkasına nəzər yetirək:

Şəki-Zaqatala iqtisadi rayonu





2012-ci il

2013-cü il

Əsas kapitala yönəldilmiş investisiyalar (mln. manat)

222,8

958,6

Yenidən qurulmuş və əsaslı təmir olunmuş yollar (km)

23,6

452,4

Yeni tikilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələri

22

153

Yeni tikilmiş və əsaslı təmir olunmuş

səhiyyə müəssisələri

2

32

Əlil və şəhid ailələri üçün tikilib istifadəyə verilmiş yaşayış binaları və fərdi evlər




176

Yeni tikilmiş və əsaslı təmir olunmuş idman və gənclər müəssisələri

256

15

Yaradılmış yeni müəssisələr

256

1518

Açılmış yeni iş yerləri

 

9087

31712

Sahibkarlığa Kömək Milli Fondu üzrə:

- verilmiş güzəştli kreditlərin məbləği

mln. manatla

6.3

 

 

50



- maliyyələşdirilmiş investisiya layihələrinin sayı

189

 943

Quba-Xaçmaz iqtisadi rayonu




2012-ci il

2013-cü il

Əsas kapitala yönəldilmiş investisiyalar

(mln. manat)

 

583,1

 

2667,4

Yenidən qurulmuş və əsaslı təmir olunmuş yollar (km)

85,9

 

358,6

Yeni tikilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələri

27

85

Yeni tikilmiş və əsaslı təmir olunmuş

səhiyyə müəssisələri

3

25

Əlil və şəhid ailələri üçün tikilib istifadəyə verilmiş yaşayış binaları və fərdi evlər




160

Yeni tikilmiş və əsaslı təmir olunmuş idman və gənclər müəssisələri




12

Yaradılmış yeni müəssisələr

106

651

Açılmış yeni iş yerləri

  

5376

25472

Sahibkarlığa Kömək Milli Fondu üzrə:

- verilmiş güzəştli kreditlərin məbləği

mln. Manatla

24.6

 

 

79,5



- maliyyələşdirilmiş investisiya layihələrinin sayı

 

179

838

Lənkəran iqtisadi rayonu




2012-ci il

2013-cü il

Əsas kapitala yönəldilmiş investisiyalar (mln. manat)

222.8

958,6

Yenidən qurulmuş və əsaslı təmir olunmuş yollar (km)

23.6

452,4

Yeni tikilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələri

22

153

Yeni tikilmiş və əsaslı təmir olunmuş

səhiyyə müəssisələri

2

32

Əlil və şəhid ailələri üçün tikilib istifadəyə verilmiş yaşayış binaları və fərdi evlər




176

Yeni tikilmiş və əsaslı təmir olunmuş idman və gənclər müəssisələri

3

15

Yaradılmış yeni müəssisələr

256

1518

Açılmış yeni iş yerləri

9087

31712

Sahibkarlığa Kömək Milli Fondu üzrə:

- verilmiş güzəştli kreditlərin məbləği

mln. manatla

6.3

 

 

50



- maliyyələşdirilmiş investisiya layihələrinin sayı

189

 943

Ölkənin bütün regionlarında heç bir diskrinimasiya tətbiq edilmədən tarazlı inkişafın təmin olunması istiqamətində tədbirlər həyata keçirilir. Bu da regionlarda yaşayan əhalinin sosial rifah vəziyyətinin davamlı olaraq yaxşılaşdırılması hesablanılmış uğurlu daxili siyasətin təazhürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir.Nəticədə ölkəmizdə azərbaycanlılarla yanaşı digər milli azlıqları təmsi edən millətlərin də dövlətçiliyimizə, ölkəmizə bağlılığı, Azərbaycanda yaşamaq, işləmək istəyi artır.
Yüklə 140 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin