1
Şahin Böyükağa oğlu Əlibəyli
Ölüm burnumuzun ucunda...
Aqil atalarımız deyiblər ki, «ölüm qaşla göz arasındadır». Heç şübhəsiz, burada
insan həyatı üçün hər an təhlükə ola bilməsi nəzərdə tutulub. Amma burunla ağızı
əhatələyən kiçik üçbucaqda gizlənən ölüm sirləri barədə heç eşitmisinizmi?
«Ölüm üçbucağı»
Müxtəlif elm sahələrində (tibb, suisidologiya, tarix, kinomatoqrafiya və s.) rast
gəlinən obrazlı terminlərdən biri «ölüm üçbucağı» adlanır. Burada belə bir terminin yalnız
tibbi aspektindən danışacağıq.
Tibbi ədəbiyyatda burun-dodaq büküşləri, burun və ağızla (yuxarı dodaqla)
kənarları cızılan, məhdudlaşan xüsusi yerə burun-dodaq üçbucağı, yaxud nazolabial
üçbucaq (trigonum nazolabialis) deyilir. Bəzi mənbələrdə onu sadəcə «üz üçbucağı»,
yaxud «fasial üçbucaq» («trigonum facialis») adlandırırlar. Həmçinin «burun-dodaq
zonası», yaxud «nazolabial zona» terminləri təklif edilmişdir. Antropologiyada «üz
üçbucağı» termini başqa mahiyyət kəsb edir, onun sərhədlərinin ümumi təsviri insan
sifətinin forması haqqında şəhadət verir.
Şəkil 1. Uşaqda burun-dodaq üçbucağı
Normal halda burun-dodaq üçbucağının rəngi bədənin başqa sahələrinin rəngi
ilə eyni olmalı, onlar fərqlənməməlidir. Yeni doğulan uşağın nazolabial üçbucağında
yüngülvari göylük görünə bilər. Buna pulmonar sianoz, yaxud ağciyər mənşəli göyərmə
deyilir. Uşaq ağladıqda və yaxud qışqırdıqda belə bir hadisə müşahidə olunur. Çünki
həmin anlarda qanda oksigenin miqdarı azalır və dərisi göyərir. Qanda oksigenin
konsentrasiyasının norma parametri 92–95 % hesab edilir. Uşağın arabir ağlaması və
yaxud qışqırması orqanizm tərəfindən qanda oksigenin miqdarını normada saxlamağa
hesablanmış bir uyğunlaşma mexanizmidir. Dəcəl və hiperaktiv uşaqlarda daim
emosiyaların təzahür etməsi qanda müvafiq dəyişikliklərə gətirib çıxarır. Bundan başqa,
2
nazolabial üçbucaq nahiyəsinin dərisi uşaqda həddən ziyadə nazik olur və altındakı zəngin
vena damarlarının asanlıqla görünməsinə (göylük effektinin hasil olmasına) imkan verə
bilir. Nəhayət, körpənin orqanizminin həddən artıq soyuması onun burun-dodaq
üçbucağının göyərməsinə səbəb olur. Odur ki, qeyd edilən sianoz fizioloji sianoz adlanır.
Uşaq yaşa dolduqca dəri örtüyü möhkəmləndiyindən və ağciyərləri tam ölçüdə fəaliyyət
göstərdiyindən nazolabial üçbucağın göyərməsi keçib gedir. Lakin bəzi hallarda göyərmə
tam keçmədiyindən hətta sakit halda belə nəzərə çarpır. Odur ki, belə hadisə patoloji sianoz
adlanır. Anadangəlmə ürək qüsuru, kəskin ürək çatışmazlığı, ağciyər arteriyasının inkişaf
anomaliyası, tənəffüs yollarının xəstəlikləri (pnevmoniya, ağciyərlərin digər patologiyaları,
tənəffüs yoluna yad cisim düşməsi) və digər patologiyalar nazolabial üçbucaq sianozunun
daha geniş yayılmış səbəbləridir. Buna görə uşağı açıq havada çox gəzdirməklə, onun
düzgün qidalanmasını təmin etməklə, stresə məruz qalmasına imkan verməməklə bərabər,
sianozu törədən patologiyaları aradan qaldırmaqdan ötrü diaqnostik (araşdırıcı) və
terapevtik (müalicəvi) tədbirlərin vaxtında görülməsi vacibdir.
Şəkil 2. Uşağın nazolabial üçbucağında sianoz olub-olmadığı daim valideynlərin
nəzarəti altında saxlanmalıdır
Enterovirus meningiti zamanı üzün hiperemiyası fonunda burun-dodaq
üçbucağı avazımış (rəngi qaçmış) ola bilər.
Nazolabial üçbucaq insanın yaşı haqqında fikir yürütməyə imkan verən bir
zonadır. Çünki insanda burun-dodaq üçbucağı ən birinci, hətta gözlərin ətrafındakı dəridən
daha tez qocalmağa başlayır. Dərinin hissedilməz bürüşüklüyü və solğunluğu təzahür edir.
İlk kiçik qırışlar məhz burada görünür. Bunu yaxşı başa düşən qadınlar yaşlı
görünməmələri naminə dodaqlarına hər gün diqqət yetirir, ona ayrıca qulluq göstərirlər.
Gənc yaşda ikən dodaqların çatlaması və qabıq verməsi onların quruluğunun, maddələr
mübadiləsi pozğunluğunun, habelə A, B, E və K qrupu vitaminlərinin çatışmazlığının
3
labüd nəticəsi ola bilər. Bundan başqa, herpes virusu təsirindən qızdırma yarandıqda
onlarda uçuq meydana gəlməsi mümkündür. Daha çox dodaqların qırmızı haşiyəsinin
xarici kənarları boyunca bir neçə şəffaf qovuqcuğun quruması və bərkiməsi müşahidə
edilir.
Nazolabial üçbucaqda yaranan sızanaq, yara, çiban, səpgi və başqa
xoşagəlməzliklərlə ehtiyatsız davranma elə dövrümüzdə də çox ağır dəyişikliklərə gətirib
çıxara, hətta bəzi hallarda ölümlə nəticələnə bilir. Odur ki, burun və dodaq büküşlərinin
əhatələndiyi üz nahiyəsinə başqa sözlə «ölüm üçbucağı» («trigonum mortis») deyirlər.
Həmin zona əbəs yerə «ölüm üçbucağı» adlandırılmamışdır. Məsələ burasındadır ki,
tarixin müxtəlif dövrlərində neçə-neçə insan məhz bu səbəbdən həyatla vidalaşmalı
olmuşdur. Buna dair tibbi ədəbiyyatda təsbit edilmiş məlumatlardan bir neçəsini
xatırlamaq lap yerinə düşərdi.
Şəkil 3. Böyükdə «ölüm üçbucağı»
Təxminən 200 il bundan qabaq Rusiya imperatoru Birinci Pavelin qızı,
Vürtemberq kraliçası Yekaterina Pavlovna üzündə burun-dodaq üçbucağındakı sızanağı
müstəqil surətdə adi bir iynənin köməyilə aradan götürmək, çıxartmaq istəyir və buna nail
olur. Ancaq çox keçmədən kraliçanın vəziyyəti pisləşir və onun həyatını xilas etmək
mümkün olmur.
4
Şəkil 4. Yekaterina Pavlovna (solda) və Aleksandr Nikolayeviç Skryabin
(sağda) «ölüm üçbucağı» ilə ehtiyatsız davranmanın qurbanı olmuşlar
Yaradıcılığı XX əsr simfonik və fortepiano musiqisinin inkişafına mühüm təsir
göstərmiş məşhur rus bəstəkarı və pianoçusu Aleksandr Nikolayeviç Skryabinin burun-
dodaq üçbucağında, daha dəqiq desək yuxarı dodağında furunkul yaranır. Musiqiçi
furunkulu sıxıb çıxartmaq istəyir, lakin bunu uğursuz edir. Səmtsiz sıxılan furunkul
pisləşir, karbunkul yaranır, bunun ardınca sepsisə keçir. Xəstənin vəziyyətinin pisləşdiyini
görən həkimlər onu əməliyyat edirlər. Lakin artıq gec idi. Bədən temperaturu yüksəlir,
bunun ardınca sepsisə keçir və 1915-ci ilin 27 aprelində istedadlı musiqiçi 44 yaşında ikən
dünyasını dəyişir.
«Ölüm uçbucağı»nın təhlükəliliyinin səbəbləri
Əlbəttə, «üçbucaqdakı» lüzumsuz hərəkətlərin qısa vaxt ərzində ölümlə
nəticələnməsi səbəbsiz ola bilməz. Tibb ixtisası olmayan insanların belə ciddi məsələ
haqqındə düzgün təsəvvür əldə edə bilmələri üçün əvvəlcə qısa bir arayış təqdim edirik.
Furunkul tük follikulunda, piy vəzisində və ətraf birləşdirici toxumada
irintörədici bakteriyaların əmələ gətirdiyi kəskin irinli-nekrotik iltihabi prosesdir.
Karbunkul tük kisəcikləri və piy vəziləri ətrafındakı dərinin və dərialtı
birləşdirici toxumanın kəskin irinli-nekrotik iltihabı olub, çox tez yayılmağa və ümumi
intoksikasiya törətməyə qabildir.
Meninqoensefalit baş beyinin maddəsi və qişalarının iltihabi prosesidir.
Sepsis yerli infeksion proses zamanı qana yoluxucu agent və yaxud onun
toksinləri düşdükdə buna cavab olaraq baş verən ağır gedişli sistemli iltihabi reaksiyadır.
5
Şəkil 5. Burun üstündə yaranmış furunkul
2007-ci ildə V. P. Litovçenko tərəfindən ərsəyə gətirilmiş «Burun-dodaq
lokalizasiyalı travma yetirilmiş (sıxılmış) furunkulun müalicəsi haqqında məsələyə dair»
adlı məqalədə oxuyuruq: «Xüsusən gənc qızlarda zahirən gözəl olmaq arzusu güclü və
tükənməz olduğundan onlar üzlərində ən balaca ölçüdə və sanki ziyansız bir sızanaq
yarandığını görən kimi yubanmadan onu amansızcasına sıxmağa başlayırlar ki, belə bir
müdaxilə bəzən çox acı nəticələrə gətirib çıxarır. Əgər sızanaq yerinə burunda və yaxud
burun-dodaq üçbucağında təzəcə başlayan furunkula travma yetirilərsə (ona təzyiq
edilərsə), belə hal xüsusən təhlükəli olur. Məlum olduğu kimi, bu zonada venoz qan və
limfa axını bilavasitə kəllə boşluğuna doğru istiqamət götürür və qarşısında heç bir maneə
olmayan infeksiya ildırım sürətilə beyin qişalarını zədələyir. Həkimə gec müraciət
olunduğu təqdirdə belə pasiyeni ölümdən xilas etmək həddən ziyadə çətinləşir»*.
Aparılan tədqiqatların nəticələrinə əsaslanmaqla nazolabial üçbucağa qarşı
diqqətsizliyin həyatla bir araya sığmamasına dair bir neçə səbəb göstərmək mümkündür.
Birincisi, üzün nazolabial hissəsi həm arterial, həm də venoz şəbəkəyə məxsus
damarların və onların anastomozlarının xeyli sayda olduğu bir yerdir. Ostər sistemlərarası,
istərsə də sistemlərdaxili anastomozların sayca artıqlığı nəzərə çarpır. Həqiqətən üzün
nazolabial hissəsinin vaskulyarizasiyası çox yaxşı inkişaf edir. Təhlükə həmin nahiyənin
çoxlu sayda qan damarları ilə təchiz olunmasından başlayır. Buna görə üçbucaq zona
travma alan zaman çoxlu qanaxma baş verə bilər.
İkincisi, bədənin digər hissələrindəki venalardan fərqli olaraq üçbucaq zonada
yerləşən venaların qapaqları yoxdur.
Üçüncüsü, kəllə boşluğundan venoz axının (daşınmanın) bir hissəsi üzün səthi
venaları boyunca həyata keçirilir.
6
Dördüncüsü, qeyd edilən nahiyə baş beyin venaları ilə birbaşa, ən qısa yolla
əlaqədə olur. Üzdəki qan damarları baş beyin damarlarına çox yaxın yerləşir. Venoz qan və
limfa axını bilavasitə kəllə boşluğuna doğru istiqamət götürür. Buna görə hər hansı
səbəbdən, məsələn, furunkul vasitəsilə, yaxud iltihabi xəstəlik nəticəsində üzdə irinləmə
prosesi gedərkən nazolabial üçbucağa düşən infeksiya qarşısında heç bir maneə
olmadığından maksimal ölçüdə yararlanaraq venoz damarlarla ildırım sürətilə baş beyinin
sərt qişasının kavernoz sinuslarına (mağaralı ciblərinə) keçə və yayılaraq
meninqoensefalitlə nəticələnə bilər. Üzdəki burun-dodaq zonasına düşən infeksiyanın
kifayət qədər tez bir müddətdə beyinə nəqli baş verə bildiyindən ehtiyatlı olmaq lazımdır.
Şəkil 6. Alt çənədəki sızanağın sıxılması
Beləliklə, verilən məlumatdan bir daha aydın olur ki, nazolabial üçbucaq arterial
və venoz anastomozların sıx olduğu, travma zamanı massiv hemorragiyanın (çoxlu
qanaxmanın) baş verdiyi və üzdə irinləmə (çirketmə) prosesləri gedərkən infeksiyanın
venoz damarlarla baş beyinin sərt qişasının sinuslarına yayılmasının mümkün ola bildiyi
çox təhlükəli bir zonadır.
Ölümdən qaçmaq üçün «uçbucaq»dakı xoşagəlməzliklərlə mübarizənin
yolları
Söz yox ki, müasir təbabətin güclü dərman preparatları və təkmil müalicə
metodikaları Avropada iki yüz il bundan qabaq insanların həyatına son qoymuş bir
problemin öhdəsindən uğurla gəlmək üçün yetərlidir. Amma bütün bunlara rəğmən tam
sakitləşərək nazolabial üçbucağa necə gəldi münasibət bəsləmək olmaz.
7
Uçbucaqda yara, irinlik, çiban yaranarsa, onu heç bir vəchlə deşmək, sıxmaqla
möhtəviyyatını çıxarmaq, ona təzyiq etmək olmaz. Həmçinin burun tüklərini dartmaqla
çıxarmaq, dəridəki qara nöqtələri primitiv yolla kənar etmək, sızanaqları lüzumsuz şəkildə
gizlətməyə çalışmaq fəsadlar verə bilər. Ümumiyyətlə, təmiz olmayan əllə «üçbucağa»
toxunmaq, orada xoşagəlməyən hər hansı bir şeyi qıcıqlandırmaq, «gözəllik düşmənlərini»
sıxmaq, onları çıxartmağa çalışmaq kimi hallara heç bir şəraitdə yol verilə bilməz. Sızanaq
və ona bənzər digər şeylərin sıxılması sayəsində birləşdirici toxuma hüceyrələrinin
çoxalması stimullaşdırılır (prosesin sürətlə getməsinə təkan verilir) və kiçik bir yaranın
yerində çapıq yaranması ehtimalı artır. Kifayət qədər ciddi olan və orqanizmə sarsıdıcı təsir
bağışlayan ağırlaşmalar yaranması, hətta insanın ölməsi onun ən faciəli, dəhşətli
nəticələridir. Beləliklə, burunda, dodaqda sızanağı sıxmaqla insan öz əllərilə həyatını çox
böyük təhlükə qarşısında qoymuş olur.
Üçbucaqda görünməsi istənilməyən şeylərlə mübarizənin yeganə düzgün yolu
təmizliyi gözləmək, əllə toxunmaqdan mümkün qədər qaçmaq, aşağı keyfiyyətə malik
kosmetik vasitələrdən istifadə etməməkdir. Sızanağın üzərinə tonal krem çəkməklə onu
gizlətməyə çalışma məqbul sayılmayan bir tədbirdir. Çünki çəkilən krem oradakı
məsamələri tutmaqla iltihabi prosesin daha gərgin xarakter almasına və güclənməsinə
səbəb olur. Belə vaxtlarda şirin və yağlı yeməklərdən mümkün qədər az istifadə
edilməlidir. Çünki həmin məhsullar dəridə piy hasilatını stimullaşdırır.
____________
*Литовченко В. П. К вопросу о лечении травмированного (выдавленного)
фурункула носогубной локализации // «Вестник оториноларингологии», 2007, № 6,
стр. 53
Dostları ilə paylaş: |