107
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2 Sosial-siyasi elmlər seriyası 2010
ƏHALİNİN SOSİAL MÜDAFİƏSİNİN
NƏZƏRİ-METODOLOJİ PROBLEMLƏRİ
H.S.ŞAMİLOVA
Bakı Dövlət Universiteti
huri-ana@mail.ru
Məqalədə əhalinin sosial müdafiəsi probleminin iqtisadi ədəbiyyatlarda qoyuluşu və
nəzəri cəhətdən şərhi ilə bağlı müxtəlif fikirlər və baxışlar təhlil olunur, sosial müdafiənin
iqtisadi mahiyyətinin açıqlanmasına cəhd edilir. Bunun üçün onun obyekt və subyektləri
ayrılır, sosial siyasət və sosial müdafiə anlayışları dəqiqləşdirilir. Daha sonra sosial
müdafiənin əsas modelləri və səviyyələri göstərilir.
Məqalədə, həmçinin, əhalinin sosial müdafiəsinin strukturu nəzərdən keçirilir və bu
strukturun əsas elementləri kimi sosial təminat, sosial yardım, sosial zəmanət və sosial sığorta
göstərilərək, hər biri ayrı-ayrılıqda şərh olunur.
Bəşər tarixinin ayrı-ayrı inkişaf mərhələlərində insanların tələbatlarının artması
onların ödənilməsinin müxtəlif vasitələrinin, yollarının axtarılmasını və formalaşdırıl-
masını zəruri etmişdir. Hələ eramızdan əvvəl insanların yeni formalaşdığı, fizioloji
varlıqdan sosial varlığa çevrildiyi bir dövrdə, icma münasibətləri şəraitində icmanın
ayrı-ayrı üzvlərinin sosial ehtiyacları, sosial fərqləri, həyat tərzində əsaslı fərqlər
mövcud idi. Lakin həmin mühitdə onların sadə, primitiv formada tələbatlarını, meyl
xarakterli sosial ehtiyaclarını ödəmək üçün obyektiv şərait, yardım və idarəetmə
mexanizmi yox idi. İnsanların tələbatlarının, sosial ehtiyaclarının ödənilməsi üçün
zəmin dövlətin qərarlaşması və tarixi inkişaf mərhələlərini keçməsi ilə yaranmışdır.
Əlbəttə, həmin dövrlərdə sosial problemlər ictimai münasibətlərin içərisində o qədər
də tam nəzərə çarpmırdı və dövlətin birbaşa funksiyası olaraq sərf-nəzər edilir, hakim
sinfin mənafelərinin reallaşdırılması, hökmranlıq münasibətləri baxımından aparıcı
yer tuturdu. Bu zaman kölə, qul və canlı alət formasında yaşayan insanların sosial
ehtiyaclarının ödənilməsindən danışmaq belə əsassız olardı. Belə ki, intellektual,
fiziki, mənəvi qabiliyyətləri deyil, insanın özü mülkiyyət obyektinə çevrilərək
hüquqi-iqtisadi asılılıq formasında mövcud idi. Belə bir şəraitdə onlarla qeyri-insani
rəftar edilir, bu isə o dövrün humanist, insanpərvər insanlarını düşünməyə məcbur e-
dirdi. Digər tərəfdən isə qulların özünün azad olmaq uğrunda mübarizəsi hakim sinfin
onlara ictimai, siyasi və sosial cəhətdən münasibətlərini dəyişməyə məcbur etmiş,
yanaşmalarında humanizm prinsiplərinin formalaşmasına səbəb olmuşdur.
Feodal münasibətləri dövründə dövlətin funksiyalarının genişlənməsi, qeyri-iq-
tisadi məcburiyyət münasibətlərinin formalaşması, iqtisadi və sosial maraqların art-
ması, bazar münasibətlərinin genişlənməsi şərtləri həmin dövrün siniflərinin ha-
mısının, həmçinin təhkimli və ortabab kəndlilərin həyat səviyyəsinin nisbətən yax-
şılaşması gündəlik sosial ehtiyacların ödənilməsini daha çox tələb etdi. Beləliklə də,
108
dövlətin bu problemlərin həllindəki rolu daha qabarıq şəkildə təzahür etməyə başladı.
Bilavasitə "əhalinin sosial müdafiəsi" ifadəsi işlədilməsə də, əhalinin ehtiyacı
olan təbəqələrinə qayğı göstərilməsinin zəruriliyi barədə müxtəlif fikirlər ən qədim
dövrlərdən bu günümüzədək səslənməkdədir. Bu, sanki xalqın milli-mənəvi dəyərləri
sırasına daxil olmuşdur. Burada humanizm, xeyirxahlıq, insaflıq, mərhəmət kimi prin-
siplərə əsaslanmanın vacibliyi həmişə ön plana çəkilmişdir. Sıravi vətəndaşların yox-
sul, əlil, sosial cəhətdən zəif soydaşlarına yardım, kömək göstərmələrinin vacibliyi,
bunun savab iş olmasının vurğulanması ilə yanaşı, dövlət başçılarının öz rəiyyətlərinə
münasibətdə qayğıkeşlik mövqeyində dayanmalarının zəruriliyi də əsaslandırılmışdır.
Sosial müdafiə tədbirlərinin həyata keçirilməsinin XVII əsrin sonlarından baş-
lanmasına baxmayaraq, ilk dəfə sosial müdafiə termini 1930-cu illərdə Amerika Bir-
ləşmiş Ştatlarında istifadə edilmişdir. Lakin 1942-ci ildə İngiltərədə Çerçillin sərənca-
mı ilə Lord Bevericin başçılıq etdiyi bir qrup tərəfindən hazırlanan «Beveric Pla-
nı»nın qəbulundan sonra daha geniş yayılmağa başlamışdır. Bununla da ilk dəfə
olaraq sosial təminat sadəcə muzdlu işçilərə deyil, bütövlükdə ölkə əhalisinin
hamısına şamil edilmişdir. Əhalinin sosial müdafiəsi ilə bağlı qanunlara gəlincə,
burada bir sıra Qərbi Avropa ölkələrini misal gətirə bilərik. Belə ki, dənizçilər üçün
nəzərdə tutulan ilk pensiya təminatı rejimi 1681-ci ildə Fransada qəbul olunmuşdur.
Bundan bir əsr sonra isə həmin sistem dövlət qulluqçularına, 1831-ci ildən hərbi
qulluqçulara, daha sonra digər sahələr üzrə çalışanlara da şamil edilmişdir. 1779-cu
ildə İtaliyada «Monte Dey Paski di Siena» bankı işçilərinin pensiya sistemi tətbiq
olunmuş və həmin ildə də muzdlu işçilərin istehsalatda bədbəxt hadisələrdən könüllü
sığorta olunmaları barədə qanun qəbul edilmişdir (11, 19). Almaniyada 1883-1889-cu
illərdə O.Bismark tərəfindən qəbul olunmuş qanunlar əslində sonradan sosial müdafiə
sisteminin əsas elementi olan sosial sığortanın təməli olmuş, ABŞ-da isə 1935-ci ildə
məqsədi yaşlıları, şikəstləri və işsizləri sosial risklərdən qorumaq olan ilk sosial
müdafiə qanunu qəbul edilmişdir.
İqtisadi dövriyyəyə nisbətən gec daxil olması səbəbi ilə bilavasitə əhalinin so-
sial müdafiəsi probleminin bu ad altında qoyuluşu və nəzəri cəhətdən şərhi də XX
əsrə aiddir. Odur ki, əvvəlki dövrlərdə yaşayan mütəfəkkirlər və iqtisadçılar tə-
rəfindən bu ad altında aparılan tədqiqata, söylənilər hər hansı bir fikrə rast gəlinmir.
Lakin bazar iqtisadiyyatının tənzimlənməsinin zəruriliyi tezisinin qəbul olunması ilə,
xüsusən də son dövrlərdə bu problem kifayət qədər yüksək maraq doğuran sosial və
iqtisadi problem kimi qəbul olunur.
Bütün dünyada sosial müdafiə anlayışı müxtəlif aspektlərdə və fərqli şəkildə
ifadə olunur. Məsələyə münasibət hər bir dövlətdə özünəməxsusluğu ilə seçilir. Lakin
ümumilikdə bu fərq bilavasitə sosial müdafiənin mahiyyəti ilə bağlı deyil, daha çox
onun reallaşdırılması və maliyyə mənbələri ilə bağlı fikirlərə aiddir.
T.V.Yuryevaya görə əhalinin sosial müdafiəsi bütün vətəndaşları müəyyən hə-
yat səviyyəsi ilə təmin edən və ayrı-ayrı qrupların xüsusi dəstəklənməsinin həyata ke-
çirilməsinə xidmət edən iqtisadi, sosial və hüquqi tədbirlər kompleksidir (6, 366).
B.Jerebin və A.Romanov sosial müdafiəni dövlətin əsas funksiyası hesab etməklə,
həyata keçirilməsinin həmişə, istənilən şəraitdə zəruri olduğunu göstərirlər (9, 132.)
Bu müəlliflər qeyd edirlər ki, əhalinin sosial müdafiəsinin təşkilində əsas yeri mini-
mal sosial zəmanət, sosial standartlar və sosial sığorta; pensiya təminatı; aztəminatlı
və sosial cəhətdən zəif əhali qruplarına yardım tutur (9, 133). N.M.Rimaşevskaya
sosial müdafiə sistemini elə bir mexanizm olaraq qəbul edir ki, onun köməyi ilə gəlir-
109
lərin yenidən bölgüsü həyata keçirilir (8, 7). G.Xijniyə görə sosial müdafiə yalnız so-
sial sığorta və sosial təminat istiqamətində sosial tədbirləri deyil, dövlət sosial infra-
strukturu sahələrinin formalaşdırılmasını da özünə daxil edir (11, 10). Xijniyə görə
əhalinin sosial müdafiəsi sistemi həm əmək qabiliyyətli əhalinin əmək resurslarının
formalaşması, hazırlanması, inkişafı və istifadəsi üzrə sosial tələbatlarının təmin olun-
ması, həm də əmək qabiliyyəti olmayan əhalinin yaşamının təmin olunması üzrə
kompleks tədbirlər sistemidir. Bu isə sosial müdafiə və sosial infrastruktur sahələri ilə
ictimai məhsulun yenidənbölgüsü mexanizmi vasitəsilə həyata keçirilir. Xijniy
həmçinin, hesab edir ki, əhalinin sosial müdafiəsinin dövlət sistemi gəlirlər və həyat
səviyyəsinin gözlənilməsi, əhalinin məşğulluğunun və normal həyat fəaliyyətinin
təmin olunması, sosial konfliktlərin aradan qaldırılması istiqamətində tədbirlər
kompleksindən ibarətdir (11, 11).
A.Əliyev və A.Quliyevə görə sosial müdafiə sistemi dedikdə, qanunvericiliklə
müəyyən edilmiş iqtisadi, sosial, hüquqi təminatların və hüquqların reallaşmasını tə-
min edən və əhalinin müxtəlif sosial, xüsusən də ən zəif təbəqələrinin və qruplarının
təminatlı və fəaliyyətli yaşaması üçün şərait yaradan sosial institut və müəssisələrin
cəmi nəzərdə tutulur (2, 90). onlar hesab edirlər ki, sosial müdafiə insanın yaşadığı
yerdən, milliyyətindən, cinsindən, yaşından asılı olmayaraq, konstitusiya hüquqlarının
və minimum zəmanətlərin təmin olunması üzrə dövlətin apardığı siyasətdir (2, 39).
Bəzi müəlliflər əhalinin sosial müdafiəsini dövlətin sosial siyasətinin əsas me-
xanizmlərindən biri kimi qəbul edir. Bu mexanizm bir tərəfdən iqtisadi fəal əhalinin
müdafiəsini, digər tərəfdən isə cəmiyyətin əmək qabiliyyəti olmayan üzvlərinin sosial
müdafiəsini ifadə edir. Burada iqtisadi fəal əhali dedikdə məşğul və müvəqqəti
məşğul olmayanlar, əmək qabiliyyəti olmayan üzvləri dedikdə isə qocalar, əlillər, ailə
başçısını itirənlər, uşaqlar, xəstələr və sosial xidmətlərə ehtiyacı olan digər əhali kate-
qoriyaları nəzərdə tutulur. Bir sözlə, əhalinin sosial müdafiəsi – cəmiyyətin bütün
üzvlərinin müəyyən olunmuş standartlar üzrə yaşayış səviyyəsinin təmin edilməsi
deməkdir (5, 196, 199).
V.I.Levaşov sosial müdafiəni həm makroiqtisadi, həm də sosial problem hesab
edir. Belə ki, sosial müdafiə istiqamətində həyata keçirilən əsas tədbir gəlirlərin yeni-
dən bölgüsüdür (7, 247.) Onun fikrincə, sosial müdafiə iqtisadi və sosial yoxsulluq-
dan müdafiəni nəzərdə tutur. O, həm də hesab edir ki, əhalinin sosial müdafiəsi siste-
mi dövlətin ictimai sabitləşdirmə siyasətinin həyata keçirilməsinin nəticəsində yaradı-
lır (7, 221).
A.N.Averinə görə sosial müdafiə – sosial və professional risklərdən, sosial mü-
hitin mənfi amillərinin təsirindən müdafiə deməkdir, yəni bu təsirlərin nəticələrinin
yumşaldılmasına yönələn tədbirlər kompleksidir (13, 71).
R.Əşrəfova hesab edir ki, sosial müdafiə müxtəlif sosial-demoqrafik qrupları
əhatə etməklə, onların maddi rifah halının yaxşılaşdırılmasına, həyat səviyyəsinin
yüksəldilməsinə istiqamətləndirilmiş və dövlət tərəfindən həyata keçirilməsi vacib
olan kompleks tədbirlərin məcmusunu təşkil edir. Müəllif haqlı olaraq sosial müda-
fiənin bütün əhali qruplarına şamil edilməsi fikrini dəstəkləyir. O, sosial müdafiə
anlayışının üç aspektdə nəzərdən keçirilməsini zəruri hesab edir ki, bunlara
vətəndaşların maddi tələbatını müstəqil şəkildə təmin edə bilməsinə şərait yaradan
sosial siyasətin aparılması; vətəndaşların sosial müdafiəsinin iqtisadi və hüquqi əsas-
larla təmin edilməsi mexanizminin yaradılması; yoxsulluq səviyyəsindən aşağı ya-
şayan və başqalarının köməyinə ehtiyacı olan insanların minimum yaşayış səviyyəsini
110
təmin edəcək məqsədli dövlət siyasəti aiddir (4, 28-29).
Berestova L.İ., Volqin N.A., Rakitski B.V., Roik V.D. və digərlərinin iştirakı ilə
yazılmış «Sosial siyasət» adlı dərslikdə əhalinin sosial müdafiəsi dövlətin sosial siya-
sətinin əsas funksiyalarından biri kimi göstərilir. Bu müəlliflər hesab edirlər ki, sosial mü-
dafiə cəmiyyət və dövlət tərəfindən elə bir şəkildə həyata keçirilməlidir ki, sosial müda-
fiəlilik həm bütövlükdə əhali, həm də hər bir sosial qrup tərəfindən hiss olunsun. Burada
sosial cəhətdən müdafiə olunmuşluq dedikdə, əslində cəmiyyətin dəyərlərindən biri
olmaqla, sosial subyektlər tərəfindən obyektiv olaraq müvafiq cəmiyyətin həyat
mühitinin müsbət sosial-psixoloji qiymətləndirilməsi başa düşülür (10, 24). Onların
fikrincə, sosial müdafiə sosial risklərdən müdafiə sistemi kimi yaranır və inkişaf
etdirilir (10, 25). Bu müəlliflərin fikrincə, sosial müdafiə dövlətin və cəmiyyətin hər
bir fərdə, sosial qrupa və bütövlükdə əhaliyə qeyd olunan subyektlərin hüquq, azadlıq
və qanuni maraqlarının reallaşdırılması imkanlarının, iqtisadi müstəqilliyin və sosial
rifahının tam və ya qismən itirilməsinə gətirən sosial risklərlə şərtlənən müxtəlif prob-
lemlərin kompleks, hərtərəfli həllini təmin edən, həmçinin, onların optimal inkişafı,
bərpası və ya əldə olunmasına yönələn siyasəti, məqsədyönlü fəaliyyətidir (10, 329).
İ.P.Denisova və V.R.Klinovenko sosial müdafiənin obyektlərini sosial siyasətin
tərkib elementləri hesab edirlər (12, 35). S.Mehbalıyev və R.İsgəndərov da sosial mü-
dafiəni xalq təsərrüfatının digər qeyri-istehsal sahələri kimi sosial siyasətin tərkib ele-
menti kimi göstərirlər (1, 214).
Beləliklə, sosial müdafiənin sosial siyasətin tərkib hissəsi kimi qəbul olunma-
sında bütün müəlliflər yekdildirlər. Onu da qeyd edək ki, sosial siyasət və sosial mü-
dafiə anlayışları bir-birinə çox yaxındır. Təbii ki, sosial siyasət daha geniş anlayış
olmaqla, sosial müdafiəni də öz strukturuna daxil etdiyi üçün bu anlayışları ey-
niləşdirmək olmaz. Lakin bir çox hallarda bu anlayışların mahiyyətinin açıqlanması
zamanı paralel fikirlər, oxşar müddəalar səslənə bilir. Bəzi hallarda isə sosial müdafiə
sosial siyasətin məqsədi kimi də ifadə olunur (12, 23).
İqtisadi mahiyyətinin açıqlanması sosial müdafiənin obyekt və subyektlərinin
ayrılmasını, məqsəd və vəzifələrinin, formalarının və realizə mexanizmlərinin, təşkili
prinsiplərinin müəyyənləşdirilməsini tələb edir.
İstənilən iqtisadi kateqoriyanın obyekt və subyektinin ayrılması üçün verilən
açıqlamada olduğu kimi, obyekt dedikdə, iqtisadi münasibətlərin nəyin xüsusunda,
hansı zəmin üzərində qurulduğu, subyekt dedikdə isə, həmin münasibətlərin kimlər
arasında yarandığı nəzərdə tutulur. Həmçinin, nəzərə alaq ki, obyekt göstərilən təsirin
nəyə və ya kimə yönəldiyi, subyekt isə sosial təsirin kimlər tərəfindən həyata keçiril-
diyini (göstərildiyini) ifadə edir. Hətta obyekti passiv, təşəbbüskarlıqdan uzaq, idarə
edilən struktur kimi ifadə edənlər də var. Bu fikir ətrafında isə mübahisə aparmaq
olar. Beləliklə, sosial müdafiənin obyekt və subyektlərinin müəyyən edilməsində bir
qədər fərqli yanaşmalar mövcud ola bilər. Məsələn, bir halda əhali, onun ayrı-ayrı
qrupları, fərdləri sosial müdafiənin obyekti, digər halda isə subyekti kimi təqdim
olunur. Beləliklə, bəzi müəlliflərin fikrincə insan sosial müdafiənin həm obyekti, həm
də subyektidir. Hesab edirik ki, bu, doğru müddəadır.
Digər müəlliflərin fikrincə, əhalinin sosial müdafiəsinin obyektləri: gəlirlər,
mənzil şəraiti, təhsil, səhiyyə, mədəniyyət və ya ümumilikdə həyat səviyyəsidir (7,
247). İ.Denisova və V.R.Klinovenko
ümumilikdə cəmiyyətin sosial sahəsi olmaqla,
obyektlər sırasında onun əsas elementləri və göstəricilərini - rifah halı, təhsil, səhiyyə,
sosial sabitlik və s. göstərirlər (12, 64). Bu sırada həmçinin məşğulluq, əmək, mədə-
111
niyyət və incəsənət, idman-sağlamlıq kompleksləri də qeyd oluna bilər. Daha ümumi
şəkildə isə obyekti sosial məqsədlərin məcmusu kimi göstərmək olar.
Sosial müdafiənin subyektlərinə gəlincə isə, əvvəldə qeyd etdiyimiz kimi, bir
tərəfdən bütün əhali, digər tərəfdən onun ayrı-ayrı qrupları və fərdləri nəzərdə tutulur.
Eyni zamanda subyektlər sırasında ayrı-ayrı sosial qrupların maraq və mənafelərini
təmsil edən təşkilati strukturlar da göstərilə bilər. Bu mənada İ.Denisova və
V.R.Klinovenko
subyektləri ilkin və ikincili olaraq iki yerə bölür və sosial qrupların
özünü ilkin, qeyd etdiyimiz təşkilati strukturları isə ikincili subyektlərə aid edirlər
(12, 34). Onlar passiv subyektlər kimi infrastruktur funksiyalarını yerinə yetirən bank
və maliyyə-kredit müəssisələri, sığorta cəmiyyətləri, səhiyyə, mədəniyyət ocaqları və
s. də göstərirlər. Volginə görə subyektlər - müvafiq dövlət strukturları, təşkilatlar və
təsisatlar, ictimai birliklər, qeyri-hökumət təşkilatlarıdır. Bu nöqteyi-nəzərdən, res-
publikamızda sosial müdafiənin əsas subyekti Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondudur. Buraya
qanunverici və icraedici qurumları da əlavə etmək olar.
İ.Denisova və V.R.Klinovenko
obyekt və subyekt rolunda bütövlükdə sosial-
əmək sferasını görürlər (12, 31). Onların fikrincə, bunun səbəbi ondadır ki, sosial
əmək sferası iş qüvvəsinin təkrar istehsalının bütün fazalarını ifadə edir.
Sosial müdafiənin əsas subyekti dövlət olmaqla, bu sırada işəgötürənləri də
göstərmək olar.
Beləliklə, qeyd etmək olar ki, əhalinin sosial müdafiəsi kateqoriyasına çoxob-
yektlik və çoxsubyektlik xasdır. Mövcud olan fikir ayrılıqları və müxtəliflik də elə
buradan doğur.
İqtisadi ədəbiyyatlarda əhalinin sosial müdafiəsinin əsas iki modeli qeyd olu-
nur: sosial-demokratik yönlü və neoliberal yönlü sosial müdafiə. Birinci model
dövlətin yüksək rolu və ümummilli sosial idarəetmə mexanizmləri ilə səciyyələnirsə,
neoliberal yönlü modeldə bunun əksinə olaraq, dövlət sosial-iqtisadi proseslərə daha
az müdaxilə edir. Həmçinin sosial müdafiənin müxtəlif sistemləri fərqləndirilir ki,
burada dövlət və fərdi olaraq iki sistemi göstərmək olar. Aydındır ki, birinci sistemdə
dövlətin hər bir vətəndaşına yönələn qayğısı və dəstəyi ifadə olunursa, ikinci halda
hər bir fərdin özünün və ailəsinin, uşaqlarının taleyinə görə daşıdığı məsuliyyəti ifadə
olunur (12, 329-330).
Əhalinin sosial müdafiəsinin müxtəlif səviyyələrini ayırmaq olar. Bu sırada
ümumdövlət, regional, yerli, müəssisə səviyyələrini göstərmək olar. Yerli səviyyədə
sosial müdafiəni başqa sözlə bələdiyyələr səviyyəsində həyata keçirilən sosial müda-
fiə kimi də ifadə etmək olar.
Sosial müdafiə eyni zamanda iş yerlərində təhlükəsizliyin təmin olunması, məş-
ğulluğun stimullaşdırılması və ya işçilərin iş yerləri ilə təmin olunmaları, eləcə də
onlara peşə yönümü və ixtisaslarının artırılması ilə bağlı təlimlərin təşkili ilə əlaqədar
müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu mənada dövlət tərəfindən
həyata keçirilən ümumi sosial müdafiə tədbirlərindən başqa, müəssisələr tərəfindən
aparılan sosial müdafiədən danışmaq olar. Müəssisə səviyyəsində həyata keçirilən
sosial müdafiə işçilərin normal əmək fəaliyyətini həyata keçirə bilmələri və həyat
keyfiyyətini azaldan amillərin mənfi təsirinin azaldılması üçün, həmçinin, işçilərin
sosial hüquq və zəmanətlərinin gözlənilməsi üzrə zəruri olan tədbirlər sistemidir.(13,
s.71) Yəni müəssisədə həyata keçirilən sosial müdafiə təhlükəsiz əmək şəraitinin təmin
olunması, işçilərin sağlamlığı və işgörmə qabiliyyətinin qorunması, bərabər əmək
112
sərfinə görə bərabər mükafatlandırma, əmək qabiliyyətini itirmə halında kompensasiya-
nın ödənilməsi, işsizlik, xəstəlik, iş yerində bədbəxt hadisələr, əlillik və s. hallarda
minimal gəlirin təmin olunmasını nəzərdə tutur. Bu səviyyədə həyata keçirilən tədbirlər
işəgötürənləri sosial müdafiənin subyektinə çevirir. Muzdlu işçilərin sosial müdafiəsi
onların işə qəbulundan başlayır və əmək fəaliyyəti göstərilən bütün müddətə, həmçinin,
əmək qabiliyyətini itirdikdə və ya iş yerlərinin ixtisarı zamanı, başqa sözlə təkrar isteh-
sal tsiklinin bütün mərhələlərinə şamil edilir. Müəssisə səviyyəsində həyata keçirilən
sosial müdafiə işçilərin müəssisənin idarə olunmasında iştirakını da nəzərdə tutur.
Əhalinin sosial müdafiəsi iki mənada fərqləndirilir. Geniş mənada sosial müda-
fiə fərdin özünün və ailəsinin maddi tələbatını müstəqil şəkildə təmin edə bilən sosial
münasibətlər sistemidir. Müxtəlif tarixi mərhələlərdə sosial müdafiə mexanizmi ailə
əlaqələrinin avtoriteti və təbəqəli sistemindən vətəndaşların sosial müdafiəsinin mü-
rəkkəb iqtisadi və hüquqi əsaslarla təmin edildiyi müasir demokratik institutlaradək
inkişaf yolu keçmişdir. Belə geniş mənada başa düşülən sosial müdafiə sistemi faktiki
olaraq zəmanət və şəxsiyyət hüquqları ilə üst-üstə düşür.
Dar mənada sosial müdafiə, xüsusilə çətin vəziyyətdə olan və kənardan kömək-
siz yaşaya bilməyən əhali qruplarının heç olmazsa kafi yaşayışını inzibati yolla təmin
etməyə yönəldilmiş dövlət siyasətidir. Sosial müdafiənin bu forması cəmiyyətin
iqtisadi və siyasi inkişafı ilə əlaqədar meydana çıxmış və inkişaf edərək hər bir
dövlətin imkan və maraqlarından asılı olaraq sosial müdafiəyə ehtiyacı olan əhali
qruplarının sosial müdafiə mexanizmi yaradılmışdır.
Sosial müdafiənin əsas formaları qanunverici qaydada müəyyən olunmuş sosial
zəmanətlər və onların baza standartları və proqramları əsasında ödənilməsi; əhali
gəlirləri və xərclərinin tənzimlənməsi; sosial sığorta; sosial yardım; sosial xidmətlər;
məqsədli sosial proqramlardır.
Sosial müdafiənin əsas istiqamətləri kimi iqtisadi ədəbiyyatlarda 1) uşaqların və
uşaqlığın sosial müdafiəsi; 2) əmək qabiliyyətli əhalinin sosial müdafiəsi; 3) əmək
qabiliyyəti olmayanların sosial müdafiəsi; 4) ailənin sosial müdafiəsi göstərilir.
Beləliklə, sosial müdafiə sistemi qazanc əldə etmək imkanı olmayan və xüsusi
xərclərlə üzləşən əhali qrupları üçün həmrəylik sistemi yaradan bir məfhumdur. Bu mə-
nada bir sıra ölkələrdə sosial kompensasiyalar sistemi barədə danışılır. Sosial kompen-
sasiyalar dedikdə müəyyən çətinliklərə və itkilərə məruz qalmış insanların problemlə-
rinin həllində hökumətin və ictimaiyyətin birgə səyləri, yəni həmrəyliyi nəzərdə tutulur.
Sosial müdafiə sisteminin genişləndirilməsi üç istiqamətdə həyata keçirilə bilər:
1) sosial sahənin genişləndirilməsi; 2) sosial müdafiə tədbirləri ilə əhatə olunan
qrupların genişləndirilməsi; 3) sosial təminat xidmətlərinin kəmiyyətinin və keyfiy-
yətinin yüksəldilməsi.
Seçilmiş sosial yönümdən asılı olaraq dövlətin sosial ehtiyacların ödənilməsi
üçün ayırdığı vəsaitin həcmi dəyişir. Lakin burada ümumi tendensiya ondan ibarətdir
ki, bütövlükdə sosial yönüm daha güclü olduqca, bu istiqamətdə həyata keçirilən döv-
lət xərclərinin payı getdikcə azalır.
İqtisadi baxımdan mövcud ilkin şərtlər təkmilləşdikcə, iqtisadi imkanlar art-
dıqca sosial müdafiə tədbirlərinin səmərəliliyi yüksələ bilər. Burada ən vacib məsələ
sosial müdafiə tədbirlərinin maliyyələşdirilməsi ilə bağlıdır. Ümumiyyətlə, burada
maliyyələşmədə əsas iki üsuldan istifadə olunur. Ümumi büdcə daxilolmaları və
məqsədli vergilər, və ya sosial sığorta üzrə ödənişlər.
Əhalinin sosial müdafiəsinin strukturu ilə bağlı bir qədər fərqli fikirlərə rast gə-
113
linir. Əksər iqtisadçılar (məsələn, T.Yuryeva, A.Əliyev, A.Quliyev və b.) hesab
edirlər ki, sosial müdafiənin strukturunu sosial təminat, sosial yardım, sosial zəmanət
və sosial sığorta təşkil edir. Eyni zamanda sosial yardım və sosial sığorta maliyyə-
ləşmə mənbələri baxımından sosial təminatın tərkib elementləri kimi də göstərilir.
E.Xijnıy isə Qərbi Avropa ölkələrinə istinad edərək bu strukturun üç elementdən
təşkil olunduğunu göstərir: sosial sığorta, sosial təminat və sosial infrastruktur sahə-
ləri. Onu da qeyd edək ki, sosial müdafiənin struktur elementlərini onun realizə
formaları kimi də göstərmək olar.
Sosial təminat sistemi özünə pensiyaları, işsizlik və s. üzrə müavinətləri, ahıl və
əlillərin saxlanmasını daxil edir. Vətəndaşlar qocaldıqda və əmək qabiliyyətini itir-
dikdə onların yaşayışının təmin edilməsi, tibbi xidmət göstərilməsi və müalicəsi üzrə
dövlətin həyata keçirdiyi və ya himayə etdiyi müəyyən sosial-iqtisadi tədbirlərin
məcmusunu sosial təminat adlandırırlar.
Sosial təminat sistemində müavinətlər mühüm yer tutur. Müavinət ciddi məq-
sədli təyinat xarakterinə malikdir. Bir sıra müavinətlər üzrlü səbəbə görə itirilən
qazancı əvəz etmək məqsədilə (müvəqqəti əmək qabiliyyətini itirməyə, işsizliyə və
s.), digərləri isə sosial yardım göstərmək məqsədilə verilir.
Sosial təminat vətəndaşlara və onların ailə üzvlərinə yaşayış vasitələri mən-
bəyini itirdiyi və ya zəruri yaşayış minimumu olmadığı hallarda sosial əhəmiyyətli
əlavə xərclər çəkilməsi, eləcə də tibbi yardım göstərilməsi, ailəyə, uşaqların saxla-
nılmasına və tərbiyə edilməsinə kömək olunması, digər sosial xidmətlər göstərməklə
və güzəştlər müəyyən etməklə onların tələbatını ödəmək üçün sosial təyinatlı
vəsaitlərin bölüşdürülməsi üzrə ictimai münasibətlərin məcmusunu əhatə edir.
Sosial yardım – xüsusi ehtiyacı olan vətəndaşlara onların yaşına, sağlamlıq vəziy-
yətinə, sosial vəziyyətinə və s. uyğun olaraq göstərilən köməkdir. Bu kömək yaşayış sə-
viyyəsinin təmin edilməsi üçün zəruri vəsaiti çatışmayan, ümumiyyətlə xüsusi yardıma
ehtiyacı olan vətəndaşlara dövlət qayğısıdır. Sosial yardım yaşayış minimumunun və
zəmanətli sosial xidmətlərin cəmiyyətin bütün üzvləri üçün əlçatan olması məqsədilə
həyata keçirilən tədbirlər sistemidir (2, 125). Sosial yardımın əsas məqsədi – maddi
ehtiyac içərisində yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasından və
cəmiyyətdə bütün insanların bərabər hüquqlarının qorunmasından ibarətdir (3, 51). Bu
səbəbdəndir ki, sosial yardım adətən pensiyaçılara, qaçqın və məcburi köçkünlərə və
digərlərinə göstərilir. Buraya uşaq doğularkən birdəfəlik müavinət, aztəminatlı ailələrin
uşaqlarına aylıq müavinət, dəfn üçün birdəfəlik müavinət və s. aid etmək olar.
Sosial yardım prinsipi büdcədən maliyyələşməni nəzərdə tutur. Ödənişlərin
ölçüsünə gəlincə, dörd fərqli yanaşmanı göstərmək olar: 1) ehtiyacı olanların hamı-
sına eyni ölçüdə yardım ödənilir; 2) yardım fərdi təminata əsaslanır; 3) yardım ya əv-
vəlki əmək haqqı səviyyəsinə, ya da sığorta ödəmələrinin həcminə əsaslanır; 4) yar-
dımın həcmi ehtiyac və tələbat əsasında müəyyən olunur (2, 127).
Sosial sığorta - sosial risklərdən qorunmaq üçün həyata keçirilən tədbirdir. So-
sial sığorta daha çox iş yerinin itirilməsi, əlillik, qocalıq, xəstəlik, işdə bədbəxt ha-
disələr və s. hallarda tətbiq olunur. A.Əliyev və A.Quliyevin hesab etdikləri kimi,
burada, xüsusən işləyənlərlə bağlı sosial risklər təkcə işçidən deyil, əmək münasibət-
lərinin digər subyektlərindən də asılıdır. Bu müəlliflər hesab edirlər ki, məhz bu
səbəbə görə əmək şəraiti ilə bağlı risk növlərinə görə məsuliyyət bu subyektlər
arasında bölüşdürülməlidir (2, 103-104). İstər sığorta, istərsə də yardım özü-öz-
lüyündə ayrıca götürülmüş hər bir halda sosial xidmət və pul transferlərinin müəyyən
114
kombinasiyasını təşkil edir.
Sığorta prinsipinin əsas cəhəti ondan ibarətdir ki, burada maliyyələşmə sığorta
haqları hesabına həyata keçirilir və həmin haqların həcmi ilə sosial xidmətin həcmi
arasında sıx qarşılıqlı əlaqə vardır. Sığorta olunana ödənilən vəsait onun fərdi
qaydada həyata keçirdiyi ödənişlərin həcminə müvafiq olur. Beləliklə də sığorta
prinsipi sosial ədalətin bazar prinsiplərinə daha çox uyğun gəlir, şəxsi məsuliyyət
hissinə əsaslanır. Digər tərəfdən isə sosial riskin mənfi nəticələrini azaldır.
Sosial sığortanın dövlət və qeyri-dövlət, həmçinin, məcburi və könüllü formalarını
ayırmaq olar (6, 374).
İnkişaf etmiş ölkələr üçün məcburi sığortalama variantı hamı tərəfindən qəbul edilmiş
bir forma kimi tətbiq olunur.
Sosial sığorta sosial problemlərin həllində bütün məsələləri əhatə edə bilmədiyi
üçün sosial yardımla onlar bir-birini tamamlamalıdırlar.
Sosial sığorta və sosial yardım üçün ümumi cəhətlər vardır. Əvvəla, hər ikisi
gəlirlərin yenidən bölgüsünə gətirib çıxarır. Daha sonra hər ikisi cəmiyyətdə sosial
ədalət barədə cəmiyyətdə formalaşmış fikirlərlə əlaqədardır. Nəhayət, hər ikisi bir-biri
ilə kəsişmə nöqtələrinə malikdir.
Lakin, sosial sığorta və sosial yardım arasında fərqlər də mövcuddur. Sosial
riskli şəraitin yarandığı hallarda sosial cəhətdən sığortalanmış tərəf onlar üzərində
yoxlama aparılmadan güzəştlər almaq hüququna malik olmalıdır. Yəni, sosial sığorta
üzrə ödənişlər digər hallardan fərqli olaraq gəlirlərin yoxlanmasını tələb etmir. Çünki
bu zaman mütəmadi sığorta ödənişləri barədə informasiya əsas rol oynayır. Həm də
bu ödənişlər müəyyən hadisənin baş verməsi üçün həyata keçirilməyə başlanır.
Məsələn, müəyyən yaşa çatma, iş yerinin itirilməsi və s. Lakin sosial yardıma ehtiyacı
olan tərəf hökumət tərəfindən onun müavinətlər almaq hüququ olub-olmadığının qiy-
mətləndirilməsi faktını nəzərə almalıdır. Bu zaman yaşayış üçün müvafiq vəsaitlərin
olması imkanları da nəzərdən keçirilir. Yəni, bir tərəf xüsusi yoxlamalar aparmaqla,
sosial yardımlar ala biləcək tərəf kimi qəbul edildiyi halda, digər tərəfə özünün həyata
keçirdiyi ödənişlər əsasında sosial sığorta üzrə vəsaitlər ödənilir.
İstənilən halda, ehtiyacı olan şəxsin başqalarının (dövlətin və ya digər şəxslərin)
hesabına yardım alması variantını onun özünün fərdi ödəmələri hesabına yardım al-
ması variantı ilə müqayisə etdikdə gəlinən nəticə ondan ibarətdir ki, birinci halda
fərdi yığım, ikinci halda isə ələbaxımlıq stimullaşdırılır. Lakin son dövrlərdə hər iki
variantın bir-birinə yaxınlaşması baş verir. Sosial sığorta və ya sosial yardıma aid
olmanın aydınlaşdırılması mümkün olmayan güzəştlərə “qarışıq güzəştlər” kimi
baxılmalıdır.
Sosial zəmanət isə - ölkə vətəndaşlarının əsas sosial nemət və xidmətlərlə təmin
olunması hüququnun dövlət tərəfindən reallaşdırılmasıdır. Buraya iş yerinin seçilməsi
və professional fəaliyyət, əmək haqqının minimal ölçüsü, pensiyaların minimal
ölçüsü, ritual müavinət, təhsil hüququ, yaşayış yeri ilə təmin olunma hüququ,
sağlamlığın qorunması və tibbi yardım və s. aiddir.
Keçid iqtisadiyyatlı ölkələrdə minimal sosial zəmanət məsələsi xüsusi önəm
kəsb edir. Belə ki, dövlətin öz vətəndaşlarına verə biləcəyi minimumun həcmi müəy-
yən olunmalıdır. Minimal gəlirə zəmanət sistemi adlandırılan bu zəmanət az təminat-
lılara sosial yardımla məhdudlaşır. Keçid iqtisadiyyatlı ölkələrdə fəaliyyət göstərən
müvafiq sistem gəlir səviyyəsinin qiymətləndirilməsi sistemidir. Əlbəttə ki, burada
sosial yardım sistemi yoxsulluq həddi ilə hazırkı gəlir səviyyəsi arasındakı fərqi
115
tamamilə aradan qaldırmaq vəzifəsini daşımır. Həmçinin bu sistem yaşayış
minimumu səviyyəsinə bərabər minimal gəlirə də zəmanət vermir.
Beləliklə, sosial müdafiə prinsiplərinə uyğun olaraq əməyin, sağlamlığın və ət-
raf mühitin mühafizəsi, insanın minimum normal həyat tərzi, həyat fəaliyyəti və
işləməsi üçün zəruri olan digər tədbirlər də dövlətin zəmanətinə daxildir.
Dostları ilə paylaş: |