“Dövlət və Din”.-2010.-№1-2.-S.44-48.
NAXÇIVAN TARİXİNƏ VƏ MƏDƏNİYYƏTİNƏ
DAİR ƏLYAZMA MƏTNLƏRİ
SƏBUHİ İBRAHİMOV,
AMEA-nın Naxçıvan bölməsinin Əlyazmalar Fondunun şöbə müdiri,
fəlsəfə elmləri namizədi
Naxçıvan tarixinə və mədəniyyətinə dair əlyazma mətnləri araşdıran tədqiqatçı alimlərimiz tərəfindən sübut
olunmuşdur ki, bu diyarın elm adamları dünya mədəniyyətinə yalnız doğma dillərində deyil, başqa dillərdə də
(Orta əsrlər ənənəsinə uyğun ərəb və fars dillərində) sanballı əsərlər bəxş etmişlər. Naxçıvan şairləri, ədib və
alimlərinin əsərləri hazırda bir çox məşhur muzey və kitabxanalarda nadir sənət nümunələri kimi mühafizə
olunmaqdadır. Zəngin bədii və elmi irsə yiyələnən Naxçıvan tarixi və mədəniyyətinin uzun yüzilliklər ərzində
yaradılmış abidələrinin mətnşünaslıq baxımından araşdırılması və onların elmi-tənqidi mətnlərinin tərtibi sahəsində
alimlərimizin xidmətləri olduqca böyükdür. Xüsusən, tanınmış mətnşünas alim Ziya Bünyadov, Kamandar Şərifli,
Möhsün Nağısoylu, Sənan İbrahimov kimi elm adamları bu istiqamətdə ciddi tədqiqat işləri aparmış və nəticədə,
xalqımızın nə qədər zəngin tarixi keçmişə malik əlyazma mətnlərinin olması aşkarlanmışdır. «Son dərəcə böyük
təcrübəyə və hərtərəfli dərin biliyə yiyələnən Xətib Təbrizi hələ XI əsrdə el mi mətn tərtibi sahəsində son dərəcə
gərgin və məhsuldar fəaliyyət göstərmiş, orta əsr mətnşünaslıq fikrini inkişaf etdirmiş, yeni bir mərhələyə
yüksəldilməsində ölçüyəgəlməz dərəcədə böyük əməyi olmuşdur» (1, s. 18).
Azərbaycan şərqşünas alimlərinin gərgin və yüksək əməyi sayəsində Əcəmi Naxçıvani, Əkmələddin
Naxçıvani, Fəxrəddin Hinduşah Naxçıvani, Məhəmməd ibn Hinduşah Naxçıvani və neçə-neçə başqa Naxçıvan və
Azərbaycan klassikləri əsərlərinin dəyərli elmi-tənqidi mətnləri tərtib edilmiş, onların əsasında mükəmməl kütləvi
nəşrlər həyata keçirilmişdir. Fəxrəddin Hinduşah Naxçıvaninin «əs-Sihah əl-əcəmiyyə» və oğlu Məhəmməd ibn
Hinduşah Naxçıvaninin «Sihah əl-furs» adlı izahlı lüğətləri buna bariz nümunədir.
«Fəxrəddin Hinduşah Naxçıvani Azərbaycan mədəniyyəti tarixində çoxcəhətli yaradıcılığa malik bir alim,
həm də dövlət xadimi kimi tanınır. O, dövrünün görkəmli tarixçisi, mütərcimi, munşisi (yazıçı, təsis edən, tərtib
edən), şairi və dilçisi olmuş, özündən sonra «əs-Sihah əl-əcəmiyyə» adlı fars-türk lüğətini, ərəb dilində yazılmış
«Məvarid əl-ərəb» adlı antologiyasını, fars dilində yazılmış «Təcarib əs-sələf» adlı məşhur tarixi əsərini və bir sıra
farsca şeirlərini miras qoyub getmişdir» (2, s. 6).
Bununla belə, klassiklərin əsərlərinin mətnləri üzərində tekstoloji araşdırmalar aparan Azərbaycan
şərqşünas alimləri Naxçıvan tarixi və mədəniyyətinə dair əlyazma mətnlərinin bu və ya digər məsələləri ilə bağlı
müxtəlif elmi-kütləvi nəşrlərdə çıxış etmişlər. Lakin təəssüfləndirici haldır ki, orta əsr Naxçıvan tarixinə və
mədəniyyətinə dair əlyazma mətnlərinin yazılı abidələrinə söykənərək Naxçıvanın klassik mədəniyyətinin ilkin
qaynaqları və inkişaf yolları, onun metod və üsulları yalnız son dövrlərdə şərqşünas alimlərimiz tərəfindən həyata
keçirilmiş tekstoloji araşdırmalar sayəsində öyrənilməyə başlanmışdır.
C.Ə.Sadıqova və T.Ə.Ələsgərova tərəfindən araşdırılan Hinduşah Naxçıvaninin «Sihah əl-əcəmiyyə»
tədqiqat əsərində qeyd edilir: «Soyu Naxçıvandan olan bu görkəmli Azərbaycan aliminin həyatı haqqında əlimizdə
çox az məlumat var» (2, s. 6).
«Ya Rəbbi!
Ey məkan və zamanı yaradan,
Peyğəmbəri göndərən,
Quranı göydən endirən Allah!
Mən dərvişə güc bəxş et,
Mən ürəyi yaralıya şəfa göndər.
Birdə ki, arzum var ki,
Məni Naxçıvan torpağına çatdırasan» (3, s. 308).
Tarix boyu müxtəlif ictimai-siyasi mühitə düşmüş, qanlı döyüşlərin şahidi olmuş, ayrı-ayrı ideoloji, dini və
fəlsəfi cərəyanların toqquşması sayəsində mətinləşmiş Naxçıvan xalqı dünya mədəniyyəti xəzinəsini
zənginləşdirməyə qabil böyük şəxsiyyətlər yetişdirmişdir. Hazırda Hinduşah Naxçıvani, Əkmələddin Naxçıvani,
Hacı Molla Məhəmməd Naxçıvani, Məhəmmədəli Naxçıvani, Məhəmməd Təqi Sidqi, Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Məhəmmədağa Şahtaxtlı və Əbülqasim Ordubadi kimi onlarca alim və
şairlərimiz ədəbi irsi müstəqil Azərbaycan dirçəlişi sayəsində dünya mədəniyyətinin cahanşümul inciləri sırasına
düşmüşlər.
Naxçıvan tarixi və mədəniyyətinə dair əlyazma mətnləri üzrə Azərbaycan xalqının klassik irsinin tədqiqi və
nəşri sahəsində son zamanlarda böyük canlanma nəzərə çarpır. Naxçıvan mətnşünaslıq abidələrinin öyrənilməsi
yalnız mətnşünas filoloqları de yil, bütün ictimai elmlərin nümayəndələrini də maraqlandırır və nəticədə isə təbii
olaraq Naxçıvanın tarixi keçmişini və mədəniyyətini işıqlandırmaq üçün əsas mənbələr meydana çıxarır.
Azərbaycanın ictimai-iqtisadi, fəlsəfi fikir, ədəbiyyat və ədəbi dil tarixinə, Naxçıvan tarixinə və
mədəniyyətinə həsr olunmuş elmi monoqrafiyalarda, tədqiqat və oçerklərdə, eləcə də çoxcildli əsərlərdə qədim
dövrlərdə və orta əsrlərdə yazıb-yaratmış yüzlərlə naxçıvanlı alimlərin, filosof, ədib və şairlərin adları çəkilir, bir
çoxlarının əsərlərindən nümunələr verilir. Naxçıvan əlyazma mətnləri sahəsində isə bu əsərlərin sadəcə xronoloji
ardıcıllıqla tərtib olunmuş siyahısı belə hər bir tədqiqatçının qəlbini iftixar hissi ilə doldurur.
Orta əsr Şərq təzkirələrində bir çox naxçıvanlı müəlliflərin, alim, şair, xəttat və rəssamların, filosof və
mütəfəkkirlərin adları çəkilir ki, onların yaratdıqları əsərlər hələ də tədqiq olunmamış və aşkara çıxarılmamışdır.
Qeyd etmək lazımdır ki, orta əsr Şərq təzkirəçiləri bir qayda olaraq yalnız ən məşhur müəlliflər haqqında məlumat
verirdilər. İkinci dərəcəli müəlliflər təzkirələrə daxil edilmirdi. Bu baxımdan, Naxçıvan tarixinə və mədəniyyətinə
dair əlyazma mətnlərinin ciddi tədqiqata ehtiyacı var.
Naxçıvan ədib və yazıçılarının, ərəb və fars dillərində yazan müəlliflərin əsərləri bəzi səbəblərə görə
nisbətən çox və dözümlü şəkildə mühafizə olunmuşlarsa da, Azərbaycan dilində yazan müəlliflərimizin əsərlərinin
tapılması sahəsində hələ xeyli iş görmək lazım gələcəkdir.
Zəngin ədəbi və bədii irsə malik Naxçıvan əlyazma mətnləri xalq ədəbiyyatının ana dilində yaradılmış
abidələrinin toplanması və öyrənilməsi xalqımızın bədii təfəkkürü və ədəbi dilini tədqiq etmək sahəsində əsas
problem kimi qarşıda durmaqdadır. Qeyd etmək lazımdır ki, doğma ana dilimizdə yazılmış şeir, bədii nəsr və xalq
yaradıcılığı abidələri, Naxçıvan tarixi və mədəniyyətinə dair qədim əlyazma mətnləri bu vaxtadək layiqincə
toplanıb nəşr edilməmiş və müasir səviyyədə tədqiq olunmamışdır. Uzun əsrlərdən bəri zəngin elmi ənənələr
yaratmış orta əsr Naxçıvan tari xi və mədəniyyəti haqqında yalnız Azərbaycanda deyil, eyni zamanda, dünya
şərqşünaslığında da indiyədək heç bir monoqrafik tədqiqat aparılmamış və bu elm sahəsi sistemli şəkildə
işıqlandırılmamışdı. Nəinki klassik Naxçıvan mətnləri, hətta çağdaş mətnşünas alimlərin klassik mətnlərin tədqiqi
və nəşrə hazırlanması sahəsində əldə etdikləri zəngin təcrübə ümumiləşdirilərək, geniş araşdırmalarla müasir
Azərbaycan mətnşünaslığı və onun nəzəri problemləri də kompleks şəkildə öyrənilməmişdir. Bununla da, Naxçıvan
tari xi və mədəniyyətinə dair əlyazma mətnlərini öyrənməkdən çox, ayrı-ayrı abidələrin elmi-tənqidi mətninin
tərtibinə və nəşrinə daha çox yer vermişlər. Bu tədqiqat əsəri də müasir Naxçıvan tarixi və mədəniyyətinin elmi,
onun metod və prinsiplərinin öyrənilməsi istiqamətində atılmış addımdır.
İstər Naxçıvan tarixi və mədəniyyətinə dair əlyazma mətnlərinin öyrənilməsi, istərsə də onun gələcək
inkişafı perspektivlərinin müəyyənləşdirilməsi baxımından, klassik mətnlərdə aşkar edilmiş təhriflərin və onları
doğuran səbəblərin müəyyənləşdirilərək sis temli şəkildə şərh edilməsi, eləcə də çağdaş əlyazma mətnləri elminin
özülünü təşkil edən Naxçıvan tarix və mədəniyyətinin araşdırılması bu elmi sahənin öyrənilməsi baxımından böyük
əhəmiyyət daşıyır. Digər tərəfdən isə, belə araşdırmalar orta çağdaş Azərbaycan ədəbi-tənqidi fikir tarixinin
öyrənilməsinə də əvəzsiz yardım göstərəcəkdir.
Orta əsr Naxçıvan əlyazma mətnlərin öyrənilməsində naxçıvanlı ədiblərin əsərlərinin XIX əsrin birinci
yarısından başlayaraq, Asiya və Avropanın bir sıra ölkələrinin mətbəələrində nəşr edilməsi faktı aşkarlanmışdır ki,
bu da onların elm və ədəbiyyat aləmində böyük maraq doğurduqlarına dəlalət edir. London, Varşava,
Sankt-Peterburq, Kazan, İstanbul, Bombey, Laknau, Tiflis, Təbriz və başqa şəhərlərdə naxçıvanlı müəlliflərin
əsərlərinin istər ana dilində, istərsə də ərəb, fars, rus və bəzi Avropa dillərində nəşr edilməsi, əlbəttə milli
mədəniyyətimizin nüfuzunu artırır.
Danılmaz həqiqətdir ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən imzalanmış 2002-ci il 7 avqust
Fərmanı ilə AMEA-nın Naxçıvan bölməsinin yaradılması nəticəsində elmi tədqiqat işlərinin daha da aktiv şəkildə
təşkil edilməsi və bölgə maraqlarının gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Bölmənin
Əlyazmalar Fondu Naxçıvan əlyazmaları mətnlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görmüşdür.
Zəngin tarixi keçmişə malik XII əsr Atabəylər yadigarı «Munisnamə» əsəri tərəfimizdən tədqiq edilərək tərcümə
olunmuş və nəticədə elmi monoqrafiya kimi çap olunaraq mətnşünaslıq elmin’ yeni töhfə vermişdir.
Bununla belə, bəzi naxçıvanlı müəlliflərin, eləcə də Naxçıvan haqqında yazıb yaratmış şair və
yazıçılarımızın elə maraqlı əsərləri vardır ki, kifayət qədər öyrənilmədiyindən həm bu əsərlər, həm də onların
müəllifləri elm aləminə о qədər də məlum deyildir.
Azərbaycan ədəbiyyatşünaslığı tarixində bu tədqiqat işində Naxçıvan tarixinə və mədəniyyətinə dair
əlyazma mətnləri, ümumiyyətlə mətnşünaslıq elminin tarixi və fəlsəfi köklərinin, inkişaf yollarının, eləcə də çağdaş
əlyazma mətnləri, onun metod və prinsiplərinin kompleks şəkildə araşdırılması bir məqsəd kimi qarşıya
qoyulmalıdır.
ƏDƏBİYYAT
1. Kamandar Şərifli. Mətnşünaslığın əsasları (ali məktəblər üçün dərslik), Bakı, 2003, s.312.
2. Hinduşah Naxçıvani. Əs-Sihah əl-əcəmiyyə. Bakı, «Şərq-Qərb», 1993, s. 336.
3. Sadıqova C.Ə. və Ələsgərova.T.Ə. Məhəmmədibn Hinduşah Naxçıvani. Sihah al-furs, Tehran, 1341 h.ş.
4. Möhsün Nağısoylu. Həzinin «Hədisi-Ərbəin» tərcüməsi (filoloji-tekstoloji araşdırma, mətn). Bakı,
«Nurlan», 2008, s. 432.
5. Sənan İbrahimov, Səbuhi İbrahimov. Azərbaycan Mətnşünaslığı, Suli Fəqih, Yusif və Züleyxa. Bakı,
«МВМ» nəşriyyatı, 2008, s. 400.
РЕЗЮМЕ
Рукописные тексты об истории и культуре Нахчывана
Очень велики заслуги наших ученых в области текстологического исследования и оформления
научно-критических текстов, созданных в течение долгих столетий памятников Нахчыванской истории и
куль туры, обладающих богатым художественным и научным наследием. В результате из трудов собраны
научно-критические тексты таких классиков Азербайджана как Аджами Нахчывани, Акмаледдин
Нахчывани, Хиндушах Нахчывани, Мухаммед ибн-Хиндушах Нахчывани, на основе их текстов
опубликованы превосходные массовые издания.
SUMMARY
Manuscripts about history and culture of Nakhchivan
Services of our scientists in the field of textual research and making up of scientifically-critical literary
monuments of the Nakhchivan history and culture which have been created during long centuries and possess rich
art and scien tific heritage are very great. As a result of their works scientifically-critical texts of such classics of
Azerbaijan asAjami Nakhchivan!, Akmaleddin Nakhchivan!, Hindushah Nakhchivan!, Mohammed ibn-Hindushah
Nakhchivan! are collec ted, excellent popular editions are published on the basis of these texts.