Qərbi Kaspi Universiteti SƏRBƏst iŞ TƏLƏBƏ: Gülnarə Cabbarova faküLTƏ: İctimai və Siyasi elmlər İXTİsas: Psixologiya qrup: 2030 kurs: 2



Yüklə 115,46 Kb.
səhifə1/2
tarix11.11.2022
ölçüsü115,46 Kb.
#68540
  1   2
Orta əsrlərdə müsəlman fəlsəfəsi


Qərbi Kaspi Universiteti

SƏRBƏST İŞ
TƏLƏBƏ: Gülnarə Cabbarova
FAKÜLTƏ: İctimai və Siyasi elmlər
İXTİSAS: Psixologiya
QRUP: 2030
KURS: 2
TƏDRİS İLİ: 2022
FƏNN: Fəlsəfə
MÖVZU: Orta əsrlərdə müsəlman fəlsəfəsi


MÜƏLLİM: Aygün Kərimova

BAKI 2022
Mündəricat


Giriş………………………………………………………………………………3
1. İslam fəlsəfi fikrinin formalaşması…………………………………………..3
2. Orta əsrlərdə müsəlman fəlsəfəsinin ümumi səciyyəsi………………………7
Nəticə……………………………………………………………………………..19
Ədəbiyyat siyahısı………………………………………………………………19


Giriş
İslamda fəlsəfə tarixini araşdıran tədqiqatçıların gəldiyi qənaətə görə umumi tarixdə olduğu kimi qədim, orta və yeni dövr kimi üç mərhələyə bölgünün islam fəlsəfəsində də istifadə olunması süni bölgü olar. İslamda bəzi fərqliləşmiş düşüncə növləri var ki, başlanğıc dövründən bu günə qədər mövcudluqlarını davam etdirmişlər. Qütbuddin Əşkəvəri mütəfəkkirlər və mənəviyyat əhli barəsindəki tarixi İslamdan öncəki mütəfəkkirlər, Sünni islam mütəfəkkirləri, şiə islam mütəfəkkirləri olaraq üç böyük dairədə araşdırır. Ümumilikdə isə Abbasilər dövründə Yunan fəlsəfəsini tərcümə və yaxından tanıma işi sürətləndi. 832-ci ildə Xəlifə Məmun tərəfindən qurulan Daru'l hikmə (Fəlsəfə Akademiyası) bu sahədə vacib xidmət göstərib.


1. İslam fəlsəfi fikrinin formalaşması
Fransız filosof, araşdırmaçı Henri Korbin islamda fəlsəfi düşüncə barədə özünün "İslam Fəlsəfəsi Tarixi" adlı kitabında bunları bildirmişdir:
"İslamda fəlsəfi düşüncənin mənası və davam etdirilməsi, ancaq qərbdə bir çox əsrdən bəri fəlsəfə deyə adlandırılan şeyin tam bir qarşılığının İslamda axtarılması şərti ilə həqiqətən dərk edilə bilər. Hətda yunan terminlərinin ərəb dilinə uydurulmasından yaranan və İslamın ilk əsrlərinin peripatetikləri və yeni platonçuları üçün istifadə edilən "fəlsəfə" və "feylosof" terminləri də tam mənaları ilə bizim "philosophie" və "philosophe" terminlərimizi qarşılamır. "Philosophie" (fəlsəfə) və "theologie" nin (ilahiyyat) qəti şəkildə ayrılmağı qərbdə orta əsr sxolastik fəlsəfəsinə qədər gedib çıxır. Bu ayrım üçün bəlli bir ölçüdə dünyəviləşmə, din və dünya işlərinin ayrılması meylinin (secularisation) olması lazımdır ki, islamda bu meyil meydana gələ bilməzdi, çünki hər şeydən əvvəl islam "kilsə" faktını bütün o mahiyyət və nəticələri etibarı ilə tanımış deyildi."
İslam fəlsəfi fikrinin formalaşmasında heç şübhəsiz ki, islam dininin banisi, dünya miqyasında böyük və nadir şəxsiyyət sayılan Məhəmməd peyğəmbərin çox ciddi təsiri olmuşdur. Məhəmməd peyğəmbərin kəlamları xeyirxahlıq, ümumbəşərilik, ideyaları ilə yoğrulmuşdur. O, əxlaqi keyfiyyətlər, davranış qaydaları haqqında bir çox müdrik fikirlər söyləmiş və bu fikirlər müqəddəs Quranda, həmçinin hədislərdə öz əksini tapmışdır. Quran öz İlahi dəvətində insanları əqli nəticələr vasitəsilə metafizikaya, Allaha, mələklərə və Axirət gününə inam bəsləməyə səsləyirdi. Lakin fəlsəfə müsəlmanlar arasında xüsusi bir elm şəklində VIII əsrdən etibarən geniş yayılmağa başlandı. Bu bir tərəfdən müsəlmanların sıralarında ilahiyyat məsələləri ilə bağlı ciddi ixtilafların baş qaldırdığı, digər tərəfdən isə Abbasi xəlifələrinin yunan, hind və iran fəlsəfə kitablarını ərəb dilinə tərcümə etdirib, geniş yaydıqları zamana təsadüf edir. Hələ ilkin mərhələlərdən başlayaraq, İslam alimləri bütün əqli elmləri fəlsəfə kimi tanıyırdılar. Onlar tarix, ədəbiyyat, dilçilik, təfsir, hədis, üsul və fiqh kimi nəqli elmləri çıxmaq şərti ilə ilahiyyat, cəbr, həndəsə, astronomiya və musiqi kimi bütün əqli elmləri fəlsəfənin tərkib hissəsi hesab edirdilər.
Şərq və qədim yunan fəlsəfəsini öyrənmək əsasında X-XIV əsrlərdə ərəbdilli fəlsəfə özünün ən yüksək mərhələsinə çatmışdır. Bu dövrdə ilahiyyata bağlı islam fəlsəfəsi, vəhdəti-vücüd təlimi, xüsusən sufizm (təsəvvüf), yunan filosoflarının, ilk növbədə Platon (Əflatun) və Aristotelin (Ərəstunun) fəlsəfəsi zəminində yaranan, sonralar orijinal təlimə çevrilən Şərq peripatetizmi daha geniş yayılmışdır. Hələ xəlifə Məmun ibn Harun ər-Rəşidin dövründə (813-833) yunan, Roma, hind, fars və başqa mədəniyyətlərin bir sıra əsərləri, o cümlədən fəlsəfi əsərlər ərəb dilinə tərcümə edilmişdir. Bu tərcümələr, xüsusi ilə də Platon və Aristotelin əsərləri islam filosoflarına çox böyük təsir göstərmişdir. Peripatetikliyin Aristotelə, işraqiliyin isə Platona söykənməsi də məhz buradandır.
XII əsrin ikinci yarısından, xüsusən də XIII əsrin əvvəllərindən başlayaraq, islamda fikir müxtəlifliyinin, fərqliliyin meydana çıxması çeşidli məzhəblərin, təriqətlərin, cərəyanların yaranmasına səbəb oldu. Məhəmməd peyğəmbərə istinad edilən bir hədisdə buyrulur ki, «yəhudilər 71, xristianlar 72 qola ayrıldıqları kimi, islam ümməti də 73 qola bölünəcəkdir». Say məsələsi əhəmiyyətli olmasa da, müxtəlif bölünmələrin baş verməsi islam fəlsəfəsində də fərqliliyi ortaya çıxartdı. Müsəlmanların bölünərək bir-birindən fərqli firqələrə — qruplara ayrılması islam fəlsəfəsində müxtəlif baxışların yaranmasına səbəb oldu. Həmin firqələrin bir qismində sxolastika, digər qismində isə mistika özünü daha çox büruzə verirdi. Məsələn, cəbərilər və mütəzililər üçün sxolastik mühakimələr, sufilər və zahidlər üçün isə mistik görüşlər daha səciyyəvi idi.
Sxolastika
İslam sxolastikası cəbərilik, qədərilik və mütəzililik kimi məzhəblərin ortaya çıxması ilə yaranmışdır.
Cəbərilik
Cəbərilik cərəyanını 745-ci ildə Xorasanda öldürülən Cəhl bin Sarvanın ortaya atdığı qəbul edilir. Bu məzhəbə görə, insanın qüdrəti, iradəsi, azadlığı yoxdur və onun işi, hərəkəti, fəaliyyəti özünə məxsus deyil. Çünki insan hər işdə Allahın mütləq iradəsinə tabedir və hər işi yalnız Allah gördürür, insan isə sadəcə, Allahın istəyini yerinə yetirən bir vasitəçi rolu oynayır. İnsanı hər hansı bir işi yerinə yetirməyə Allah məcbur edir və bu səbəbdən, gördüyü işə görə insana cəza və yaxud tərbiyə vermənin elə bir mənası yoxdur.
Alın yazısı fikrini müdafiə edən və iradə azadlığını rədd edən cəbərilərin əksinə olaraq, qədərilər irəli sürürdü ki, insan öz hərəkətlərində sərbəstdir. İnsanın başına gələn xeyir də, şər də öz əməllərinin nəticəsidir və onun gördüyü işlər Allahın məcburiyyəti ilə yox, insanın özü ilə bağlıdır. Bir tərəfdən Allahın hər şeyə qadir olduğu təsdiq edilir, o biri tərəfdən elan edilir ki, insan ilahi göstərişlərə əməl edib etməməkdə tamamilə sərbəstdir və hər kəs əməllərinə görə şəxsən məsuliyyət daşıyır.
Ortodoksal islama müxalif olan digər məzhəb isə mütəzililik idi. VIII əsrdə Vasil bin Ata və Əmr bin Übeyd tərəfindən irəli sürülən mütəzililiyə görə, insan özünün xeyir və şər əməllərinin yaradıcısıdır. Allah ədalətlidir, zülmkar deyil. Allahın ədalət prinsipi ilə qoyduğu qanunlar xeyirə xeyirlə, şərə şərlə cavab verir. Mötəzililər İslam tarixində birinci olaraq ilahiyyatda rasionalist (ağıla əsaslanan) cərəyanın yaradıcıları hesab edilir. Onlar göstərirdilər ki, din məntiqi mühakimələrin cəminə əsaslanır. İlahiyyatçılar isə, əksinə, təsdiq edirdilər ki, belə fikir din üçün deyil, fəlsəfə üçün məqbuldur. Din vicdan işidir, o elmi nəzəriyyəyə oxşamır, buna heç ehtiyac da yoxdur. İlahiyyatçılar hesab edirlər ki, mötəzililərin fəlsəfəsi təfəkkürü yüksəldir, ruhu isə zəiflədir.
Orta əsrlərdə Şərq ölkələrində müsəlman fəlsəfəsi geniş inkişaf etmişdir. Müxtəlif xalqların nümayəndələri ərəbdilli müsəlman fəlsəfəsinin yaradılması və yayılması işində yaxından iştirak etmişdir. Şərq ölkələrində dünyagörüşü problemlərinin həllinin dünyəvi variantı «fəlsəfə» adı almışdı. Bu isə çox hallarda bilavasitə yunan fəlsəfəsinin təsiri altında formalaşırdı. VIII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində tərcüməçilik hərakatı güclənməyə başladı. Nəticədə müsəlman dünyası antik fəlsəfə və mədəniyyətlə yaxından tanış oldu. Yaxın və Orta Şərq, Orta Asiya və Azərbaycan alimləri Aristotel, Platon və platonçuluqla tanış olaraq yeni– yeni əsərlər yaratdılar.
Ərəbdilli müsəlman filosoflarının təlimlərinin əsasında dünya­nın əbədiliyi prinsipi, heç nədən yaranmanın qeyri– mümkünlüyü ideyası dururdu. Bu prinsip– emanasiya prinsipi ilk dəfə ərəbdilli müsəlman regionunda «Şərqin Aristoteli» əl– Fərabi (870– 950) tə­rə­findən inkişaf etdirilmişdir. Əl– Fərabiyə görə, Allah– zəruri mahiyyət– hər cür axının ilkin mənbəyidir. Oradan meydana gələn bütün varlıqlarda olduğu kimi, onun substansiyası da belədir. Əl– Fərabi emanasiya prinsipinin teoloji kreatsionizmin əksinə olaraq istifadə etmişdir. Emanasiya nəzəriyyəsinin plotinçi variantı Fərabi tərəfindən aristotelizm ruhunda təzədən işlənmişdir. Materiyanı «hiss aşkarlıq» kimi ruhun zəiflik səbəbi hesab edən və buna görə də onu insan idrakına layiq bilməyən Plotindən fərqli olaraq Fərabiyə görə, «ilk materiya» səma altında bütün substansiyaların potensiyası hesab olunur ki, burada da forma materiyanın sayəsində mövcud olur, materiya isə forma üçün substrat hesab olunur.
Fərabinin ardınca emanasiya prinsipindən digər orta əsr ərəbdilli filosofu İbn Ruşd (1126– 1198) ontoloji mövqeləri əsaslandırmaq üçün istifadə etmişdir. Bütövlükdə bu mövqeyi naturalist monizm kimi səciyyələndirmək olar. Rasional biliyin həqiqiliyinə inam və əqlin qeyri– məhdud imkanları İbn Ruşdun baxışlarında özünün geniş əksini tapa bilmişdir. O, insanları ağlına və qabiliyyətinə görə üç kateqoriyaya bölürdü: «Şərhə qadir olmayan» geniş publika; dialektik şərhə qadir olan dialektiklər və ən nəhayət, müdrik apodeytiklər. Həqiqi baxışlar və publikaya təklif olunan baxışlar ideyası (bu çox vaxt ikili həqiqət nəzəriyyəsi adlanır) həqiqi bilikləri aşkar etməyə xidmət edir. Həqiqi baxışları aşkar etmək qabiliyyəti filosoflara, alimlərə aid edilirdi. Bu üsul fəlsəfə avtonomiyasını təmin etmək üsulu, onu teologiyanın tənqidindən qorumaq üsulu, dinin diktatına tabe olmaqdan qurtarmaq üsulu olmuşdur. İbn Ruşd böyük ərəb peripatetiklərinin nəslindən onların sonuncusudur. İbn Ruşdun fikrincə, materiya əbədidir və deməli, əbədi olan hər şey heç vaxt yaradıla bilməz. Bu isə bütün müsəlman və orta əsr teologiyasına qarşı ən güclü protest hesab edilə bilər. Dini ehkamları qara camaat üçün zəruri hesab edən İbn Ruşd kainatın milyonlarla intellektdən əmələ gələn vahid ruh tərəfindən idarə olunduğunu iddia etmişdir. Onun «İkili həqiqət haqqında» məşhur əsəri orta əsr Avropasında geniş şöhrət qazanmışdır.
Orta əsrlərin ən böyük filosof və alimlərindən biri Əbu Reyhan Biruni (973– 1048) olmuşdur. Ensiklopedist mütəfəkkir öz dövrünün bütün elmləri sahəsində kəşflər etmişdir. 150– yə qədər əsərin müəllifi idi. Astronomiya, geodeziya, riyaziyyat, coğrafiya, mineralogiya, fizika, farmakologiya, fəlsəfə, tarix, etnoqrafiya, ədəbiyyatşünaslıq və s. aid əsərləri uzun illər alimlərin stolüstü kitabları olmuşdur. Ptolemeyin geosentrik sistemini müdafiə etsə də riyazi mövqedən helisentrizmin mümkünlüyünü etiraf etmişdir. O, ilk dəfə tarixi prosesin tsiklliyi ideyasını irəli sürmüşdür. «Hindistan tarixi», «Qədim xalqların xronologiyası», «Ötən nəsillərin yadigarları» əsərləri indi də öz əhəmiyyətini saxlamaqdadır. Allahın varlığını qəbul etsə də, hər yerdə materialist kimi çıxış etmişdir. Biruni varlığın əsasında materiyanın durduğunu və onun müxtəlif formalarda kainatın hər yerində təzahür etdiyini göstərmişdir.



Yüklə 115,46 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin