Salam qəDİrzadə rezin adam



Yüklə 30,73 Kb.
tarix26.12.2016
ölçüsü30,73 Kb.
#3450

SALAM QƏDİRZADƏ


REZİN ADAM
M.M.M. Mehtərov, daha aydın desək, Məcnun Mirzə Məlikoviç Mehtərov divanda yorğanın altında arxası üstdə hərəkətsiz uzanmış vəziyyətdə gözlərini tavana zilləyib, xəyala dalmışdı. Müavini Tağı barədə fikirləşirdi.

Məcnunun tərtəmiz qırxılmış başı, üzü, buxağı hamar və qırışsız idi. Qaşları çox seyrəkdi, heç görünmürdü. Ağ, kündə sifətində dörd iri nöqtə qaralırdı: iki gözü, iki burun pərəsi.

Xeyli vaxt beləcə qımıldanmayan Məcnun birdən diksinən təhər oldu. Fövrən ağlına nə gəldisə, səhərdən qarnının üstündə rahladığı qırmızı telefonun dəstəyini götürüb müdirlik etdiyi idarəyə zəng vurdu. Salamsız-kəlamsız mətləbə keçdi:

- Mənəm, Məcnun Mirzə Məlikoviçdir. Sən, müavin olan bəndə, bir maraqlanmazsanmı iki həftədir müdirim ölüb ya qalıb? Necəyəm? Çox pis! - O yorğanı sinəsinə çəkib böyrünü basdırdı. - Bəli ağırdır xəstəliyim. Həkimlər?.. Eh!.. Gəlmişdi biri, cavan oğlandı. Baxdı, dərdimdən heç nə anlamadı. Resept yazanda da tələbəlik dövründən saxladığı şparqalkalarından istifadə edirdi...Tağı, danışmağa heyim qalmayıb, taqətdən düşmüşəm... İşdən çıxanda yolunu bizdən sal. Lap vacib! Gələrsən, bilərsən...

Müavin eyhamla soruşdu:

- Məcnun Mirzə Məlikoviç, gedim yüngülvari nahar eləyim, sonra, yoxsa...

- Əşi... Sən də... - Müdir səsini qaldırdı. – Keçi can hayında, qəssab piy hayında ... – Məcnun dəstəyi qoyunca qəhqəhə ilə gülməyə başladı. Qarnının üstündəki telefon asta-asta qalxıb düşdü...

Tağı rezin təki bir müavin idi. Dartanda uzanırdı, buraxanda yığılırdı. Bilirdi ki, buradan çıxartsalar köhnə təqvim kimi heç kəsə lazım olmayacaq. Əmrə müntəzir bu adam, ona tapşırılan hər işi görməyə çalışsa da, fərasətsizliyini gizlədə bilmirdi. Neçə illərdi idarənin divar qəzetini o, çıxarırdı. Əlvan karandaşlarla alabəzək başlıqlar çəkir, duzsuz məqalələr, felyetonlar və bəzən də zövqsüz şeirlər yazırdı. Bu qəzetin idarədə, cəmi - cümlətanı, Tağının özü ilə on bir nəfər oxucusu vardı.

İndi Məcnunun onu evinə çağırmaqda məqsədi başqa idi...
***

Taği kefi kök gəlmişdi. Məcnunun yataq paltarında qapını açdıqdan sonra çustlarını şappıldada – şappıldada gedib iş otağında cəld yorğanın altına girdiyini görəndə duruxdu.


- Ə kişi, sən yəni doğrudan xəstələnmisən?

Müdir göz qapaqlarını ehmalca endirib, qaldırdı:



  • Ölürəm!..

Tağı stul çəkdi, xəstənin ayaq tərəfində əyləşdi.

Arıqsifət, ovurdları batmış, nazik, uzun burunlu, kvadrat bığlı, çal, seyrək saçlı bu cılız kişinin xırda gözlərindən biclik tökülürdü. O, müdirin yatdığı iş otağını diqqətlə nəzərdən keçirdi. Çoxdandı görməmişdi. Bura eyni ilə onun idarədəki kabinetinə təqlidən düzəldilmişdi. Stol, qırmızı telefon, təqvim, kitab rəfləri, divar boyu düzülmüş kreslolar, pəncərənin pərdələri, hər şey, hətta başının üstündən asdığı çərçivədəki mənzərə də oradakının təkrarı idi. Tağı istər-istəməz özünü müdirin qəbulunda hiss elədiyindən, danışığını, hərəkətlərini cilovladı. Birdən-birə otağın zəhmi onu basdı, rəsmiyyətə keçdi. Bayaq Məcnuna “ə kişi” deyə müraciət etdiyinə peşman oldu və tez də şəraitə uyğunlaşdı. Qəribə bir görkəm alıb dəyişdi. Özünü müdir xəstələnəndən sonra hər şeydən xəbərdar adam kimi göstərməyə çalışdı.



  • Nə oldu, Məcnun Mirzə Məlikoviç, sağ-salamat qayıtdılar geri?

  • Nəyi soruşursan?

  • Kosmonavtları deyirəm də.

Müdir narazı tərzdə başını yırğaladı:

- Adə, onlar neçə gündür yerə eniblər, sən hələ bilmirsən?

- Xeyr, Məcnun Mirzə Məlikoviç, axı mən Əhmədlidə yaşayıram.

- Qəzet oxumursan, bəs radioya da qulaq asmırsan?

- Əlim aşağıdır, işıq pulunu verməmişəm, sçetçikimi bağlayıblar. Yaxşı, bunlar bir yana. Axı, nədi xəstəliyiniz? – deyə söhbəti dəyişərək idarə müdirinin biləyini ovcuna alıb nəbzini yoxladı.

- Ay Tağı...- Məcnun güya kövrəldi. – İçərimdə bərk ağrılar var... Mənə elə gəlir...şeytan qulağı kar olsun...pis naxoşam...

-Yəni nə?

Kişinin boğazı qurudu.



  • Xərçəng...

Tağı ağzını göyə açıb otağı dolduran gürşad bir qəhqəhə çəkdi.

- Rəhmətliyin oğlu, siz nə danışırsınız! Maşalllah, yanaqlarınızdan qan damır. Bu vəziyyətdə xərçəng sizi görsə o biri səkidən gedər. Nəbziniz divar saatı kimi işləyir. – Tağı onun biləyini buraxdı. – Düzünü deyin görüm dünən, srağa gün nə yemisiniz və nə qədər?..

Bu sual Məcnunun xoşuna gəlmədi. Sir-sifətini büzüşdürdü:

-Tağı, həkimsən?..

-Xeyr. Ancaq müavinin öz müdirinə diaqnoz qoymağına nə var ki.

- Srağagünkü yadımda deyil, - deyə Tağının sualına könülsüz cavab verdi. – Dünən... səhər yemişəm kəlləpaça, naharda cızbız. Axşam xəngəl. Yatanda da bir boşqab ...

Müavinin ağzı sulandı:

- Saxlayın! Aydindir. Toxluq eləmisiniz. Məcnun Mirzə Məlikoviç, kəkliyiniz azıb. Bəs indi nəyiniz var yeməyə və nəyiniz var içməyə?

Müdirdən səs çıxmadı.

Tağı arıq boynunu uzadıb yan otağa baxdı.



  • Yaxşı, Züleyxa bacı hardadır, heç gözümə dəymir?

- Cəhənnəmdə! - Məcnunun dərdi açıldı. – Bayaq ona deyirəm: “Ay insafsızın qızı, ölürəm axı, məni yalqız qoyub hara gedirsən?” Bir parça kağıza nəsə yazıb atdı üstümə. Dedi: “Ölsən bu nömrəyə zəng vurarsan. Mən padruqamgildə olacağam”. Züleyxa arvad deyil ki! Zənən timsalında bir əzrayıldır, allah sir-sifətini boyayıb göndərib canımı almağa.

Məcnun dikəldi. Yorğanqarışıq gəlib yazı stolunun arxasında əyləşdi. Qırmızı telefonu da idarədəki kimi sağ böyrünə qoydu.

-Tağı, bilirsən neyçün çağırmışam səni?

-Xeyr, Məcnun Mirzə Məlikoviç!

Müdir ağlamsındı. Pijamasının cibindən yaylıq çıxarıb gözlərini sildi.


  • Nekroloq yazmağa!

  • Nə?

  • Nekroloq!

  • Kimin üçün?!

  • Özümüzçün

  • Siz nə danışırsız, Məcnun...

- Bəli, Tağı! Xəstə yatdığım günlər böş vaxtım çox olub. Hər şeyi səliqə-sahmanla ölçüb-biçmişəm. İndi dərdim toxluqdur, xərçəngdir, ya başqa bir şeydir- fərqi nə imiş! Atam öldü - ya vəlvələdən, ya zəlzələdən. Sabah başımı yerə qoyandan sonra nekroloqumu kim yazacaq, nə təhər yazacaq, allah bilir. Mən istəyirəm həyatda necə varam tarixdə elə qalam. Onun üçün də öz nekroloqunu bu başdan sağlığımda yazdırıb rahat getməyim məsləhətdir. Hələ şagird vaxtımda məktəbdə yaxşı bir şeir əzbərləmişdim:

“Sübhə bugünkü işi

Qoymaz ağıllı kişi”

Kağız – qələm götür yavaş-yavaş başlayaq...

- Harda çap etdirəcəksiz onu?

- Öz idarəmizdə, sənin divar qəzetində!

- Onu yazmaq mənim üçün problem deyil, Məcnun Mirzə Məlikoviç...

- O nə sözdür?

- Yəni çətin məsələ... Ancaq indiki vəziyyətdə əsla ilhamım gəlməz.

Müdir hirsləndi



  • Adə, nekroloq yazmağa da ilham lazımdır?!

  • Bəs necə? Mən diriyə baxıb nə təhər şaxsey-vaxsey eləyə bilərəm?

  • Deyirsən ölüm, sonra?..

  • Mütləq! Qaydası belədir. Məcnun Mirzə Məlikoviç! Bəlkə bir neçə gün də gözləyək, vəziyyətiniz ağırlaşsın...

Müdir böğazında qurğuşun qalmış kimi güclə udqundu.

  • Tağı, ağlını başana yiğ. Elə ilhamsız yaz.

  • İlhamsız və qonararsız! O nekroloqun keyfiyyəti aşağı, təsiri zəif olacaq.

Məcnun onun qarnının ağrısını bilirdi

  • Qonarar yerinə ayrı şey verərəm.

  • Məsələn nə?

  • Bir şüşə zəhrimar...

Tağı cəld stolun böyrünə yan aldı. Kağız-qələm götürdü. Eynəyini taxdı.

  • Mən hazır! – O, bir an fikirləşdi. - Məcnun Mirzə Məlikoviç, şeirlə yazacağam, nəsrlə?

Müdir deməyə ayrı söz tapmadı:

  • Ay naxələf! Heç görmüsən ki, nekroloqu şeirlə yazalar? Yox, bir satira –yumorla!

  • Nə olar eksperiment edərik, görək necə çıxar.

- Onu saxla özününkündə edərsən! Qulaq as, gör əvvəlin necə gətirirəm... – Məcnun kövrəldi. – Ancaq yanıqlı olacaq, ağlama...

- Siz zəhmət çəkməyin. Mnim beynimdə hər şey hazırdır. Demək, belə təsəvvür eləyirik:yuxarı başda qara çərçivədə sizin gülümsər şəkliniz...Onun da altında bu sözlər gedir...” Məcnun Mirzə Məlikoviç Mehtərov.

Tağı kağızdan ayrıldı:


  • Yaxşı... Uzun sürən xəstəlikdən sonra vəfat eləyəcəksiz, ya qəflətən?

  • Onunçun yer qoy, nə formada getsəm özləri əlavə edərlər.

  • Bəs ilin hansı ayından, hansı günündən yazaq tarixini?

  • Nəyin?

  • Vəfatınızın...

  • Onlarında yerini boş saxla.

  • Tağı höccələyə-höccələyə quraşdırıb yazdı:

- “... vəfat etmişdir”. Əla! – Sonra əlavə etdi: M.M.M.Mehtərov 1913-cü ildə Gülməkan rayonunun Girdəkan kəndində dəmirçi ailəsində anadan olmuşdur.”

Müavin qələmi şıdırğı öşə salmışdı. Bu dəfə növbəti cümləni müdir özü dedi:



  • “M.M.M.Mehtərov uzun illər nöqsansız işlədiyi idarədə kollektivin böyük hörmət və məhəbbətini qazanmışdır”.

Tağı Məcnunun üzünə baxıb dişlərini ağartdı.

  • Hörmət və məhəbbətini qazanmışdır? Bu bir az gop oldu, amma yazıram.

  • Yaz! Dönə-dönə təşəkkürlər almış M.M.M.Mehtərov...

Bu yerdə başını kağızdan ayıran Tağı, xırda gözlərini onun sifətinə dikib irişdi:

- Məcnun Mirzə Məlikoviç, axı keçən ay siz ikinci dəfə şiddətli töhmət aldınız...

Müdir özündən çıxdı:


  • Adə...

  • Ay nadan! Nekroloqda töhməti göstərməzlər!

  • Niyə?

  • Ona görə ki, ölən kimi mexaniçeski silinir ayağımdan Özümlə qəbrə aparacağam?

  • Bəs təşəkkür necə?

  • O qalır. Nöqtəni qoy, abzasdan...

Müdir - müavin bu qayda ilə höcətləşə-höcətləşə vərəqin bir üzünü doldurdular.

  • Yekunlaşdırmaq lazımdır. Məcnun Mirzə Məlikoviç, yaman uzun çıxdı.

Nə qədər uzun çıxsa, başımın ucalığıdır. Tağı, makinaçıya verəndə tapşir, bu nekroloqdan iki nüsxə çap eləsin.

  • Axı nəyə lazımdır?

Birini sənə bağışlayacam, ora-burasına balaca əl gəzdirib saxlarsan özünçün.

Tağıya elə bil şillə vurdular.



  • Xeyr, Məcnun Mirzə Məlikoviç! Mənim üçün ölmək hələ çox tezdir! Bu bir! İkincisi – hamı bilir ki, mən yaxşı adamam!

  • Bu nə sözdür! Mən bəyəm pis adamam?! Ona qalsa, ölüm çox vaxt pisləri qoyub, yaxşıları aparır... Yaz! Abzasdan: “ Son dərəcə həssas yoldaş, nəcib, qayğıkeş və mehriban insan olan M.M.M.Mehtərov...”

Tağı bu dəfə lap möhkəm dəbbələdi:

  • Ona əsla inanmayacaqlar! Dünən idarədə bütün kollektiv danışırdı ki, nə bilim, Mehtərov həmişə özünü düşünür. Təzə mənzil aldı, köhnəsini heç kimə vermədi, oğlu üçün qoydu. Mestkomun hesabına ildə iki dəfə ailəsi ilə kurorta gedir, biz yada düşmürük. Mehtərov qayğımıza qalmır...başısoyuqluq edir və ilaxır.

- Müdir yorğanı çiynindən atıb, cəld ayağa durdu. Qarşısındakı stola güclü bir yumruq çəkərək qışqırdı:

  • Tağı! Bunlar kollktivin yox, sənin sözlərindir!

  • Deyəsən, müavin yavaş-yavaş kabinetin zəhmini unutmuşdu.

  • Mən də kollektivin bir üzvüyəm, ya yox!! - deyə bu dəfə qorxmadan, şax - mərdanə kişinin üzünə durdu.

  • Hə... indi belə oldu?! Sən elə bildin mən doğrudan – doğruya ölməyə hazırlaşıram?! O saat buynuz çıxartdın? Tağı! Bu nekroloq səni sınamaq üçün bir bəhanə idi. Dur, get idarəyə! Mən də dalınca gəlirəm! Bu gündən sonra ölən, öz payına, köpək oğludur!

  • Bayaqdan rezin kimi dartılmış müavin, indi yavaş-yavaş yığıldı, yenə öz həddinə düşdü...

ZZZ



Yüklə 30,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin