Modul : Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) Mövzu 1: İş şəraitində əmək, təhlükəsizlik və sağlamlıq qaydaları.
PLAN : SƏTƏMM nədir?
Əməyin təhlükəsizliyi və əmək fəaliyyəti ilə bağlı ümumi faktorlar.
Əməyin mühafizəsi ilə bağlı məqsəd, norma, qayda və təlimatlar.
Tərtib etdi: Yusubov Nəsib.
SƏTƏMM nədir?
Bu gün Azərbaycanda uğurla davam etdirilən hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu prosesi sivil dünya ənənələrini əhatə etməklə yanaşı həm də ölkə vətəndaşının hüquq və mənafelərinin ən yüksək səviyyədə təminatına xidmət edir. Vətəndaşın bir işçi olaraq hüquqlarının qorunması, əməyinin mühafizəsi, onun üçün sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlət siyasətinin prioritet məsələləri sırasındadır.
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə hazırlanmış bu modul, tələbələrə müvafiq qanunvericilik tələblərinə əsasən iş yerində çalışarkən müəssisədaxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etməsi, eləcə də əmək prosesi zamanı sağlamlıq və təhlükəsizlik ilə bağlı risklərin qarşısının alınması və eyni zamanda, əməyin təhlükəsizliyinin qorunması haqqında geniş məlumat verir.
SƏTƏMM hərifi mənada:
S – Sağlamlıq (Health) – Peşə sağlamlığı iş yerlərində işçilərin sağlamlığının bütün aspektləri ilə məşğul olan, sağlamlığı gözləyən təhlükələrin aradan qaldırılmasına fokuslanan əsas tədbirlərin məcmusudur.
ƏT - Əməyin təhlükəsizliyi (Safety) - Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik tədbirlərin və vasitələrin elə bir sistemidir ki, əmək fəaliyyəti prosesində insanın təhlükəsizliyini, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edir (Az.Res. Əməyin mühafizəsi haqqında qanun).
ƏMM – Ətraf Mühitin mühafizəsi (Environment) – ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanmasıdır.
Əməyin təhlükəsizliyi və əmək fəaliyyəti ilə bağlı ümumi faktorlar.
İşəgötürən iş yerinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçi üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik daşıyır və işçinin həyatı, sağlamlığı müəssisənin iqtisadi mənafeyindən yüksək tutulmalıdır. Əmək müəssislərində təhlükəsizlik qaydalarına dair təlimatın keçirilməsi, müəssisədə ümumi təhlükəsizlik qaydalarını öyrətmək, xüsusilə də istehsalatın təhlükəsizlik dərəcəsindən, xarakterindən, işçilərin peşələri və dərəcələrindən asılı olmayaraq, bütün işçilərin əməyin təhlükəsizliyi qaydalarını aşılamaq, təhlükəsiz iş metodları üzrə təlimatları təlqin etmək məqsədilə aparılır. Əmək müəssisələrində aparılan təlimatlandırma giriş təlimatı, iş yerində ilkin təlimat, dövrü təkrar təlimat və növbədən kənar təlimat kimi növlər əsasında təşkil olunur.
Əməyin mühafizəsi ilə bağlı məqsəd, norma, qayda və təlimatlar.
İşçilərin sağlamlığını qorumaq, işçilərin təhlükəsiz əmək şəraitini təmin etmək, istehsalat zərərçəkmələrinin qarşısını almaq məsələləri dövlətin başlıca qayğılarından biridir. Əmək mühafizəsi qarşısında duran əsas məsələlər müstəqil Azərbaycan dövlətinin qüvvədə olan konstitusiyasına uyğun, qanunvericilik əsasları, Əmək Məcəlləsi xüsusi qayda və normalar əsasında tənzim edilir. Azərbaycanda əməyin mühafizəsi ilə bağlı milli qanunvericiliyin əsasını Konstitusiyanın 35-ci maddəsi, yəni “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu, Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57-ci konvensiyasının (o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21-ci konvensiyasının) prinsipləri Əmək Məcəlləsində öz əksini tapmışdır. Əməyin mühafizəsi haqqında hər bir işçi maarifləndiril- məlidir, bundan əlavə, hər bir gənc işləməzdən öncə bu mövzuda hər hansı bilgiyə sahib olmalıdır. Yalnız bu zaman peşəsini yerinə yetirən şəxslərin təhlükəsizliyi qorunar. “Əmək mühafizəsi”nin metodiki əsası əmək proseslərində istifadə olunan maşınların, alətlərin, avadanlıqların, materialların və başqa texniki və canlı obyektlərin elmi təhlili nəticəsində təhlükə və zərərlərin aşkara çıxarılmasını təşkil edir. Bunun nəticəsində istehsalın təhlükəli sahələri, təhlükəli vəziyyətlər aşkar edilərək onların aradan qaldırılması üçün elmi əsaslarla tədbirlər hazırlanır. “Əmək mühafizəsi” kursunun əsas məqsədi gələcək mütəxəssislərə lazımi nəzəri bilikləri öyrətmək və təcrübi vərdişlərlə müxtəlif istehsalat proseslərində sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasını təmin etməkdən ibarətdir.