İş № 1(105)-298/2016
AZƏRBAYCAN RESPUBLİKASI
SUMQAYIT APELYASİYA MƏHKƏMƏSİNİN
CİNAYƏT KOLLEGİYASI
QƏRAR
(Apelyasiya şikayəti üzrə yekun məhkəmə baxışına dair)
02 noyabr 2016-cı il
Sumqayıt şəhəri
Hakimlər Zeynallı Fərmayıl Gülmalı oğlu (sədrlik edən və məruzəçi), Zeynalov
Mübariz Hüseyn oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə,
Həsənov Bəbir Hüseyn oğlunun katibliyi,
dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlunun,
zərərçəkmiş şəxs Əliyeva Gülər Mərdan qızının nümayəndəsi Əliyev Azad Ağamalı
oğlunun,
zərərçəkmiş şəxs Əliyeva Gülər Mərdan qızının nümayəndəsi, zərərçəkmiş şəxslərin
hüquqi varisi Əliyev Mərdan Ağamalı oğlunun nümayəndəsi və müdafiəçisi Qulamov
Ağazahid Şirzad oğlunun,
məhkum Manafov Cəmşid Qərib oğlunun və onun müdafiəçisi Eyvazov Əli Xançoban
oğlunun iştirakı ilə,
Manafov Cəmşid Qərib oğlunun Azərbaycan Respublikası CM-nin 263-1.4-cü
maddəsi ilə təqsirli bilinərək 4(dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək
hüququndan məhrum etməklə 10(on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum
edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.04.2016-cı il tarixli hökmündən
məhkum C.Manafovun müdafiəçisi Ə.X.Eyvazov tərəfindən verilmiş apelyasiya şikayətinə
açıq məhkəmə iclasında baxaraq,
Müəyyən etdi:
Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2016-cı il tarixli hökmü ilə (sədrlik edən
hakim S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov, Z.Q.Ağayev)
30.06.1972-ci ildə Siyəzən şəhərində anadan
olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta
təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər
məhkum olunmamış, Siyəzən şəhəri, 20 Yanvar
küçəsi, ev 36-da qeydiyyatda olmaqla və həmin
ünvanda yaşamış, Manafov Cəmşid Qərib oğlu
Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinərək 4(dörd) il
müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 10(on) il müddətə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdır.
Hökmdən məhkumun müdafiəçisi Ə.Eyvazov apelyasiya şikayəti verərək hökmü
dəyişdirib, məhkum C.Manafov barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
İşin halları:
Məhkəmənin hökmünə əsasən C.Q.Manafov onda təqsirli bilinib məhkum edilmişdir
ki, o, 05.08.2015-ci il tarixdə saat 13:40 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ
olmadan mülki etibarnamə əsasında idarə etdiyi özünə məxsus “VAZ-21074” minik markalı
90 HB 911 dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən-Qalaltı yolunun Sadan kəndi
ərazisindən keçən 8-ci kilometriliyində, yaşayış məntəqəsində Siyəzən şəhəri istiqamətində
hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı
maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş,
yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri
və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa
əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə
olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini
təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı
hərəkətini təmin etməli olduğu halda bunlara əməl etməmiş, sürücülük hüququ olmadan idarə
etdiyi avtomobili Siyəzən şəhər istiqamətində hərəkət etdirərkən yolun döngəli hissəsində
idarəetməni itirmiş və avtomobil yolun soluna çıxaraq aşmış, nəticədə ehtiyatsızlıqdan
nəqliyyat vasitəsində olan sərnişinlər Əliyeva Gülər Mərdan qızının sol bazu sümüyünün
aşağı 1/3-nin yerini dəyişmiş qapalı sınığı, sol körpücük sümüyünün akromial ucunun
sınıq-çıxığı, sağ oma sümüyü qanadının və 5-ci bel fəqərəsinin sağ köndələn çıxıntısının çox
qəlpəli yerdəyişmiş smığı, sağ qasıq sümüyünün yerdəyişməmiş sınığı və sol saidin sıyrılmış
yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər
vurmaya aid bədən xəsarətləri almasına, Əliyev Orxan Mərdan oğlunun baş beyin
toxumasının və beyın kötüyünün əzilməsi, baş beyinin ödemi, hər iki ağciyər toxumasının
əzilməsi və ikitərəfli hemopnevmotoraks, sağ mil sümüyünün qapalı sınığı, başın sol alın-
gicgah və təpə nahiyələrinin, üzün əzilmiş yaraları, döş qəfəsinin, hər iki dizlərin sıyrıqları və
başın yumuşaq örtüyü altına qansızmalarla müşayiət olunan, dərəcəsinə görə həyat üçün
təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb başın küt zədələnməsi
nəticəsində baş beyin toxumasının və baş beyin kötüyünün əzilmələrindən törəyən baş beynin
ödemi nəticəsində 10.08.2015-ci il tarixdə Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzdə
ölməsinə və Əliyeva Gülnarə Əlirza qızının baş beyin toxumasını əzilməsi, ağciyərin, qara
ciyərin və dalağın cırılmaları, 6-7-ci döş fəqərələri çıxıntılarının köndələn sınığı, sağ 4-5-6-7-
ci və sol 5-6-7-8-ci qabırğaların qapalı köndələn sınıqları, üzün qançırları, gövdənin sıyrıqları
və başın yumuşaq örtüyü altına qansızmalarla müşayiət olunan, dərəcəsinə görə həyat üçün
təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb gövdənin küt zədələnməsi
nəticəsində hər iki ağciyərin, qaraciyərin və dalağın cırılmaları, qabırğaların ikitərəfli çoxlu
sınıqları və 6-7-ci döş fəqərələrinin sınıqlarından törəyən ağır travmatik şok nəticəsində
05.08.2015-ci il tarixdə hadisə yerində ölməsinə səbəb olmuşdur.
Apelyasiya şikayətinin dəlilləri:
Apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən sübutları araşdırarkən
C.Manafovun psixi vəziyyətini müəyyən etməmiş, epilepsiya nəticəsində şəxsiyyət
dəyişkənliyi, tez-tez baş verən qıcolma tutmaları nədir, yol nəqliyyat hadisəsi baş
verməmişdən əvvəl C.Manafovda epilepsiya və qıcolma tutmalarının olması, konkret
hadisənin bu zaman baş verib-verməməsini, məhkum C.Manafovun şüurlu halda yol
nəqliyyat hadisəsi törətməsinin aydınlaşdırılmaması qeyd edilmişdir.
Həmçinin apelyasiya şikayətində qeyd edilmişdir ki, birinci istansiya məhkəməsi
tərəfindən C.Manafovun psixi vəziyyətinin, sağlamlıq durumunun, yol nəqliyyat hadisəsini
epilepsiya qıcolma halında törədib-törətməməsini müəyyən etmək üçün təkrar, kompleks
məhkəmə sağlamlıq və psixiatrik ekspertizası təyin olunub keçirilməsi barədə vəsatətlər
verilsədə, istintaq orqanı və məhkəmə tərəfindən əsassız olaraq bu vəsatətlər təmin
olunmamış, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki
hallar araşdırılmamış, hökm işin faktiki hallarına uyğun olmamış, məhkəmə tərəfındən iş
üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, məhkəmənin gəldiyi nəticələr məhkəmə
istintaqında təqdim edilmiş sübutlara əsaslanmamış məhkum C.Manafova elan olunmuş
ittiham kifayət qədər sübuta yetirilməmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən
edilməsini, habelə cinayət qanunun və CPM-nin normalarının tətbiq edilməsinin
düzgünlüyünü yoxlayır.
Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya
məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi
tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır.
Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına
riayət edilməsi apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq
yoxlanılır.
Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət
ittihamçısının, zərərçəkmiş şəxsin nümayəndələri, zərərçəkmiş şəxslərin hüquqi varisinin
nümayəndəsi və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməməklə, hökmün
dəyişdirilməməsi barədə, məhkum və onun müdafiəçisinin isə apelyasiya şikayətinin təmin
edilməklə, hökmün dəyişdirilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apelyasiya
şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda
şərh olunanlara əsasən, apelyasiya şikayəti qismə təmin edilməli, hökmü isə dəyişdirilməlidir.
Apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən sübutları araşdırarkən
C.Manafovun psixi vəziyyətini müəyyən etməməsi, epilepsiya nəticəsində şəxsiyyət
dəyişkənliyi, tez-tez baş verən qıcolma tutmaları nədir, yol nəqliyyat hadisəsi baş
verməmişdən əvvəl C.Manafovda epilepsiya və qıcolma tutmalarının olması, konkret
hadisənin bu zaman baş verib-verməməsi, məhkum C.Manafovun şüurlu halda yol nəqliyyat
hadisəsi törətməsinin aydınlaşdırılmaması qeyd edilmişdir.
İşdə olan ambulator, stasionar xəstənin tibbi kartasından görünür ki, məhkum
C.Manafov “epilepsiya nəticəsində şəxsiyyət dəyişkənliyi, tez-tez baş verən qıcolma
tutmaları” diaqnozu ilə müalicə olunur və buna görə də 2-ci qrup əlildir.
İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıə Nazirliyi Dövlət
Sosial Təminat Xidməti Siyəzən rayon Əhalinin Sosial Müdafıəsi Mərkəzinin 20.10.2015-ci
il tarixli məktubundan görünür ki, Manafov Cəmşid Qərib oğlu epilepsiya nəticəsində
şəxsiyyət dəyişkənliyi ilə, tez-tez baş verən qıcolma tutmaları ilə 2-ci qrup əlil kimi sosial
müavinət alır.
İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza
Mərkəzi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 24 oktyabr 2015-ci il tarixli 1530
saylı rəyindən görünür ki, Manafov Cəmşid Qərib oğlunun ifadəli şəxsiyyət dəyşikləri, ağıl
zəifliyi və psixi fəaliyyətin müvəqqəti hesab edilən düşüncə pozuntusu əlamətləri müəyyən
olunmadığı üçün o, hadisə zamanı öz hərəkətlərini dərk etmək, onları idarə edə bilmək
iqtidarında olmuşdur. C.Q.Manafovun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci
maddələrinin təsiri altına düşməmiş, törətdiyi əmələ görə anlaqlı hesab edilməlidir.
Yoxlanılan şəxsin baş vermiş hadisəni xatırlaya bilməməsi onun qəza nəticəsində almış
olduğu kəllə-beyin travması ilə əlaqədar olması mümkündür. Belə ki, kəllə-beyin travması
almış şəxsin hadisədən əvvəlki dövrün yaddaşdan silinməsi baş verə bilir və bu elmi
ədəbiyyatda retroqrad amneziya adlandırılır. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini
ölçüb biçmək və onları idərə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur.
Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir
ki, müdafiəçi apelyasiya şikayətində məhkum C.Manafovun yol nəqliyyat hadisəsi baş
verməmişdən əvvəl epilepsiya və qıcolma tutmaları nəticəsində hadisənin baş verdiyini qeyd
etsədə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi
Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 24.10.2015-ci il tarixli 1530 saylı rəyini
,
həmçinin zərərçəkmiş şəxs Əliyeva Gülər Mərdan qızının ifadələri ilə bu halın təkzib
olunduğunu, C.Manafovun yol nəqliyyat hadisəsi baş verməmişdən əvvəl epilepsiya və
qıcolma tutmalarının olmamasını, yol nəqliyyat hadisəsi zaman anlaqlı olmaqla yanaşı öz
hərəkətlərini ölçüb biçmək və onları idərə etmək iqtidarında olmasının öz təsdiqini tapmasını
nəzərə almamışdır.
Məhkəmə kollegiyası apelyasiya şikayətində birinci istansiya məhkəməsi tərəfindən
C.Manafovun psixi vəziyyətinin, sağlamlıq durumunun, yol nəqliyyat hadisəsini epilepsiya
qıcolma halında törədib-törətməməsini müəyyən etmək üçün təkrar, kompleks məhkəmə
sağlamlıq və psixiatrik ekspertizası təyin olunub keçirilməsi barədə vəsatətlər verilsədə,
istintaq orqanı və məhkəmə tərəfindən əsassız olaraq bu vəsatətlərin təmin olunmaması ilə
əlaqədar olan dəlillərini əsassız hesab edərək qeyd edir ki, ibtidai istintaq orqanı tərəfində
təyin edilmiş və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Ambulator
Məhkəmə Psixiatrik Ekspertizasının 24.10.2015-ci il tarixli 1530 saylı rəyi ilə C.Manafovun
epilepsiya və qıcolma tutmaları nəticəsində yol nəqliyyat hadisəsi baş verən zaman anlaqlı
olmaqla yanaşı öz hərəkətlərini ölçüb bilmək və onları idərə etmək iqtidarında olduğundan
təkrar kompleks məhkəmə sağlamlıq və psixiatrik ekspertizası təyin olunub keçirilməsi üçün
zəruri əsaslar olmamışdır.
Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə mühüm əhəmiyyət
kəsb edən bütün faktiki halları araşdırmaması, hökm işin faktiki hallarına uyğun olmaması,
məhkəmə tərəfındən iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməməsi, məhkəmənin
gəldiyi nəticələr məhkəmə istintaqında təqdim edilmiş sübutlara əsaslanmaması, məhkum
C.Manafova elan olunmuş ittihamın kifayət qədər sübuta yetirilməməsi qeyd edilmişdir.
Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya
cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət
təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin
tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları
məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş
təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə
olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin
əlamətlərinin
olub-olmamasını,
bu
əməlin
təqsirləndirilən
şəxs
tərəfindən
törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll
edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir.
Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə
gəlir ki, məhkum C.Manafova elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı,
istərsə də, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-
146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin
törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış
və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə
qiymətləndirərək, işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir.
Müdafiəçi apelyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.04.2016-cı
il tarixli hökmünü dəyişdirib, məhkum C.Manafov barəsində bəraət hökmü çıxarılmasını
xahiş etmişdir.
Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham
hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin
təqsiri sübuta yetirildiyi halda çıxarılır.
Azərbaycan Respublikası CPM-nin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən, məhkəmə
baxışı nəticəsində toplanmış sübutlar təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq etdikdə,
təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq
edən bəraət hökmü çıxarılır.
Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci
maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının
nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.
Məhkəmə kollehiyası işin tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində iş üzrə
sübutların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək belə nəticəyə
gəlir ki, məhkum C.Manafov barəsində Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinin
tətbiqi üçün əsaslar olmadığını qeyd edir.
Məkumun müdafiəçisi Sumqayıt Apelyasiya Məhkəməsinin 02.11.2016-cı il tarixli
məhkəmə iclasında çıxışında məhkum C.Manafov barəsində bəraət hökmü çıxarılmaması
qənaətinə gəlindiyi təqdirdə, məhkum C.Manafova təqsirli bilindiyi maddənin sanksiyasında
nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsini
xahiş etmişdir.
Kollegiya qeyd edir ki, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi
cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunması nəzərə alınmalıdır. Eləcə
də, birinci instansiya məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzası təyin edilərkən
onun ailə üzvlərinə maddi və mənəvi təsiri nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki,
Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsinin sanksiyasında yalnız azadlıqdan
məhrum etmə cəzası müəyyən edilmiş, yuxarı həddi də kifayət qədər yüksəkdir. Ona görə də,
sanksiya çərçivəsində cəzalar təyin edilərkən məhkumun ilk dəfə belə bir əməl törətməsi
nəzərə alınmalı, islah olunması üçün ona şans verilməlidir.
Məhkəmə kollegiyası hesab edir ki, cəza təyini zaman cinayət qanununun müvafiq
maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də
yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun
şəxsiyyətinə uyğun olmayan cəza hesab edilməklə apelyasiya şikayətinin baxışının nəticələri
üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsaslardan biri hesab
edilir.
Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkum C.Manafov barəsində
ittiham hökmü çıxararkən, istintaq zamanı araşdırılmış biri digərini tamamlayan sübutların
məcmusuna düzgün hüquqi qiymət versə də, məhkum C.Manafova sərt cəza təyin etmişdir.
Məkum C.Manafov Sumqayıt Apelyasiya Məhkəməsinin 02.11.2016-cı il tarixli
məhkəmə iclasında, baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını, buna görə də,
bir ay yarım müddət ərzində xəstəxanada yatdığını, zərərçəkmiş şəxslə, həmçinin zərərçəkmiş
şəxslərin hüquqi varisi ilə görüşməsinin mümkün olmadığını, lakin valideyinlərinin
zərərçəkmiş şəxslərin hüquqi varisi ilə dəfələrlə əlaqə saxladığını, görüşdüklərini, mərhum
G.Ə.Əliyevanın dəfnində və yas mərasimində iştirak etdiklərini, həmin vaxt zərərçəkmiş
şəxslərin hüquqi varisinin onun valideyinlərinə qarşı şikayətlərinin olmadığını, sadəçə oğlu
Orxanın sağalmasını gözlədiklərin, Orxanın ölümündən sonra isə dəfələrlə barışıq əldə
etməyə cəhdlər etdiklərini, lakin həmin cəhtlərlərə qarşı hər dəfə qarşı tərəfdən rədd cavabı
almaqlarına baxmayaraq barışıq üçün cəhdlərini davam etdirdiklərini, bu gün də, barışığa
maddi və mənəvi dəstəyə hazır olduqlarını bildirmişdir.
“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli
qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin
edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs
edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini
sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci
maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və
ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun
olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin
formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər
kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun
törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş
zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli
şəxslərin rolu və s.) əsasən müəyyən edilir.
Kollegiya qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə əsasən məhkəmənin
hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikasının
Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, cinayət və digər qanunlarının tələblərinə
riayət etməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin
gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu
sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi
hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir.
Azərbaycan Respublikası CPM-nin 399.1, 399.1.5-ci maddələrinə müvafiq olaraq
təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması
apelyasiya şikayətinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmünün
dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir.
Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə müvafiq olaraq cinayət
qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm
sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və
məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir.
Azərbaycan Respublikası CPM-nin 405.1, 405.1.1-ci maddələrinə müvafiq olaraq
cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını
hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə, apelyasiya instansiyası məhkəməsi
birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir.
Sadalanan xüsatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkum
C.Manafova təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi azaldılmalıdır.
Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq
hesab edir ki, C.Manafovun Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli
bilinib 4(dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə
10(on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Ağır
Cinayətlər Məhkəməsinin 19.04.2016-cı il tarixli hökmü məhkum C.Manafova cəza təyininə
dair hissədə dəyişdirilməlidir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 394, 397, 398, 399, 404,
405, 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldi:
Manafov Cəmşid Qərib oğlunun Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi
ilə təqsirli bilinərək 4(dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan
məhrum etməklə 10(on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə
dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2016-cı il tarixli hökmü dəyişdirilsin.
Manafov Cəmşid Qərib oğlunun Azərbaycan Respublikası CM-nin 263-1.4-cü
maddəsi ilə təqsirli bilinərək 4(dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək
hüququndan məhrum etməklə 10(on) il müddətə azadlıqdan məhrum etmə cəzası 4(dörd) il
müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 9(doqquz) il
müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin.
Apelyasiya şikayəti qismən təmin edilsin.
Hökm qalan hissədə dəyişdirilməsin.
Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş
müddətlərdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya
protesti verilə bilər.
Sədrlik edən:
Hakimlər:
Əsli ilə düzdür:
Hakim
Fərmayıl Zeynallı
Sədrlik edən:
Fərmayıl Zeynallı
Hakimlər:
Mübariz Zeynalov
Nazim Mövsümov
Dostları ilə paylaş: |