Qədim dövr və orta əsrlər
11
Tarix və onun problemləri,
№3 2013
NİZAMİ SÜLEYMANOV
Azərbaycan Dövlət İqtisad Universiteti
“Azərbaycan tarixi” kafedrasının dosenti
E-mail: nizamisuleymanov@mail.ru
SƏFƏVİ DÖVLƏTİNDƏ ÖLKƏDAXILI IQTISADI ƏLAQƏLƏRIN
QURULMASINDA ŞƏHƏRLƏRIN ROLU
Açar sözlər: sənətkarlıq, ticarət, şəhərlər, karvansara, Təbriz, Şamaxı, Dərbənd, Ərdəbil
Ключевые слова: искусство, торговля, города, караван-сараи, Тебриз, Шемаха, Дербент,
Ардебиль
Key words: craft, trade, cities, caravanserai, Tabriz, Shamakha, Derbent, Ardabil
XVI-XVII yüzilliklərdə ölkənin ayrı-ayrı bölgələri arasında iqtisadi əlaqələrin güclən-
məsi, ictimai əmək bölgüsünün dərinləşməsi, əmtəə istehsalının artması və əmtəə təsərrüfatı-
nın təkamülü kimi mühüm iqtisadi amillərdən asılı olaraq Azərbaycan Səfəvi dövlətində daxili
bazarın təşəkkülü prosesi gedirdi. İqtisadiyyatın bir sıra mühüm sahələrinin (ipəkçilik, sənət-
karlıq və s.) inkişafı, əmtəə təsərrüfatının təkamülü, daxili və beynəlxalq ticarət əlaqələrinin
güclənməsi bir çox şəhərlərin yüksəlişinə, bəzi qəsəbə və kəndlərin tədricən iqtisadi mərkəzlə-
rə çevrilməsinə şərait yaratmışdı. Danışılan dövrdə ölkənin daxili ticarətinin əsas hissəsi iqti-
sadi mərkəzlərə çevrilmiş şəhərlərdə cəmləşmişdi. Ümumiyyətlə, şəhərlər ölkə daxilində tica-
rət əlaqələrinin qurulması və inkişafında mühüm rol oynayırdı. Səfəvi dövlətinin tarixinin gör-
kəmli araşdırıcılarından olan O.Əfəndiyev Azərbaycan şəhərlərini iqtisadi əhəmiyyətlilik ba-
xımından qruplaşdırarkən Təbriz, Gəncə, Ərəş, Ərdəbil və Culfa şəhərlərini ümumdövlət miq-
yaslı, Bərdə, Naxçıvan, Marağa, Dərbənd şəhərlərini isə yerli-vilayət miqyaslı şəhərlər sırası-
na daxil etmişdir. Onun mülahizələrinə görə, inzibati və siyasi mərkəz olmayan bir çox sənət-
karlıq-ticarət məskənləri də var idi ki, bunlar da ölkənin iqtisadi həyatında yuxarıda adı sada-
lanan şəhərlərdən az rol oynamırdı [1, s.224].
Qeyd etmək lazımdır ki, XVI əsrin əvvəllərind əölkədə siyasi pərakəndliyin aradan qal-
dırılması kimi siyasi amillə yanaşı sənətkarlığın inkişafı, yeni istehsal sahələrinin yaranması
və ticarət əlaqələrinin güclənməsi kimi iqtisadi amillərin də təsiri altında Səfəvi dövlətində iri,
orta və hətta xırda sayıla bilən şəhərlərin ölkədaxili iqtisadi əlaqələrin qurulmasında rolu art-
mışdı. XVI-XVII yüzilliklərə aid mənbələrdə və səyyah gündəliklərində Azərbaycanın daxili
ticarətində və ölkədaxili iqtisadi əlaqələrdə mühüm rol oynayan şəhərlər haqqında çox qiymət-
li məlumat vardır. Mənbələrdə Azərbaycanın Şirvan bölgəsinin şəhərlərinə dünyanın hər tərə-
findən tacirlərin axışıb gəldiyi qeyd edilir. Təbii ki, güclü sənətkarlığı və zəngin daxili bazarı
olmayan heç bir şəhər xarici tacirləri belə cəlb edə bilməzdi.
Şamaxı ilə yanaşı Şirvanda yerləşən və XV əsrin sonu üçün əvvəlki ticarət əhəmiyyə-
tini itirən Dərbənd şəhərinin yenidən dirçəlməsi haqqında holland Yan Streysin «Səyahət»
kitabında qiymətli faktlar verilmişdir. Bunlar göstərir ki, Dərbənd şəhəri, xüsusilə XVII əsrdə
Səfəvilərin Xəzər dənizinin qərb sahillərində əsas iqtisadi-ticarət mərkəzlərindən biri idi.
Qeyd etmək lazımdır ki, Xəzər dənizi əsas su hövzəsi olmaqla, ölkənin daxili ticarətinin inki-
şafında və xarici iqtisadi əlaqələrinin genişlənməsində böyük rol oynayırdı. Dənizin sahilində
yerləşən şimal şəhəri Dərbəndin XV-XVI əsrlərdən fərqli olaraq XVII yüzillikdə ölkənin da-
xili ticarətində əhəmiyyətinin artması, digər iqtisadi mərkəzlərlə sıx əlaqələr saxlaması
12
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri,
№3 2013
Y.Streysin verdiyi məlumatlarda [2, s.231-232] təsdiqini tapır.
Gilanın da ölkədaxili ticarətdə rolu səyyah və tacirlərin nəzərindən qaçmamışdır. Hələ
XVI yüzilliyin ortalarında, 1566-cı ildə ingilis taciri Artur Edvardsın yazdığına görə, keyfiy-
yətli və ucuz ipəyin bol olduğu Gilan məmləkətin əsas iqtisadi bölgələrindən biri olub, daxili
ticarət əlaqələrində xüsusi rola malik idi. İpəklə zəngin olan Gilanda zəy də bol idi və bir bat-
manı yerli bazarlarda yarım bistiyə (1 bisti mis sikkə olub, 0,1 abbası dəyərində idi) satılırdı
[3, c.1, s.134]. İngilis tacirinin verdiyi məlumatlardan aydın olur ki, Gilan daha çox Xəzəryanı
bölgələrdə yerləşən liman şəhərləri ilə ticarət əlaqələri saxlayırdı. Qeyd etmək lazımdır ki,
Gilan - Dərbənd ticarət əlaqələri XVI yüzilliklə müqayisədə XVII əsrdə daha sıx olmuşdur.
Yan Streys Dərbənd taciri Hacı Məhəmməd Salehin qızıl boya və boyaq hazırlanan
başqa bitki köklərinin ticarəti ilə məşğul olduğunu, həmin bitkilərin bu torpaqda bol olduğunu
bildirmişdir. Y.Streys Xəzər dəniz ticarətindən danışarkən göstərir ki, bu dənizdə tutumu 40-
50 last (1 last-2 ton) olan gəmilər yaxşı hərəkət edir, ancaq iri gəmilər dənizin hər yerindən
asanlıqla keçə bilməz. Səyyah Xəzərin Şərq sahilində də dəyərli mallar olduğunu və ağasının
tumac, zəfəran, ravənd (dərman bitkisi) kimi malların alqı-satqısı ilə də məşğul olduğunu qeyd
etmişdir [2, s.231-232].
Yan Streys Dərbənd şəhərinin ölkənin iqtisadi həyatında rolunu düzgün qiymətləndir-
miş, cənubda – Hindistan sərhədində Hambrun olduğu kimi, onun şimalda xüsusi əhəmiyyət
kəsb etdiyini, ölkənin qapısı və açarı olduğunu [2, s.234] bildirmişdir.
Alman alimi Adam Oleari 1636-1639-cu illərdə Azərbaycanda olarkən ölkənin sosial-
iqtisadi həyatı, xüsusilə daxili ticarəti ilə ciddi maraqlanmış və gündəliyində bu məsələlərə
geniş yer vermişdir. Şamaxı şəhərinin ölkənin iqtisadi həyatında və daxili ticarətində oynadığı
rolu nəzərdən qaçırmayan səyyah yazırdı ki, şəhərin cənub hissəsində üstü müxtəlif üsullarla
örtülmüş, bir neçə küçəni əhatə edən böyük bir bazar, bazarda isə al-əlvan pambıq parça, ipək,
gümüş və qızılı zərxaralar, kaman, ox, qılınc və başqa mallar satılan dükanlar vardır. Bütün bu
malları ucuz qiymətə almaq mümkündür. Bazarın özündəcə müxtəlif yerdən qapıları və xırda
otaqları olan iki qonaq evi – karvansara var. Bura əcnəbi tacirlər gəlir və bir yerdən (topdansa-
tış) ticarət edirlər. Bunlardan biri Şah karvansarası, digəri Ləzgi karvansarası adlanır: bura çər-
kəz tatarları gəlirlər. Bu karvansarada çox gözəl Azərbaycan xalçaları satılır. Karvansarada
yəhudilər də vardır. Onlar Şamaxı bazarlarında satmaq üçün ipək məhsulları və gözəl xalçalar
gətirirlər [4, s.554-555]. A.Olearinin bu məlumatları karvansaralarda aparılan topdansatış tica-
rətin səviyyəsi barədə müəyyən təsəvvür yaradır.
1623-cü ildə Ərdəbil şəhərində olmuş rus taciri Fedot Kotov burada bazar, karvansara
və sarayların Şamaxıdakından çox olduğunu qeyd edərək yazırdı ki, bütün tikililəri daşdan
olan bu şəhərdə çoxlu dükan, 20 karvansara var və bazarlarında cürbəcür mallar və tərəvəz sa-
tılır. Şəhərin bazarlarına Gilandan və Kürün mənsəbindən, Rusiyada somğa adı ilə tanınan
dadlı balıq da gətirilir [5, s.73]. Səfəvi məmləkətinin daxili bazarlarının ümumi durumunu öz
ölkələrinin iqtisadi maraqları baxımından gözdən keçirən Avropa tacirləri və səyyahları mü-
hüm ticarət mərkəzi olan Ərdəbilin iqtisadi inkişafının şəhərin ölkənin iqtisadi bölgələrini
əlaqələndirən ticarət yollarının kəsişdiyi əlverişli ərazidə yerləşməsi ilə bağlı olduğunu göstər-
mişlər. Məsələn, İtaliya elçisi Pyetro della Valle 1619-cu il aprelin 22-də İsfahandan öz ölkə-
sinə göndərdiyi məktubda Ərdəbilin iqtisadiyyatı haqqında yazırdı ki, şəhərin əhalisi çox ol-
maqla, burada (bazarlarda) hər cür mal vardır [6, s.366-367]. O, şəhərin zənginliyini onun
dörd karvan yolu ayrıcında yerləşməsi ilə əlaqələndirərək qeyd edirdi ki, bura Kürdüstan, Gür-
cüstan, Qafqaz, Dəmirqapı və Gilandan müxtəlif ticarət malları gətirib satırlar [6, s.366-367].
1631-1668-ci illərdə bir neçə dəfə Səfəvi məmləkətində olmuş fransız səyyahı Jan
Qədim dövr və orta əsrlər
13
Tarix və onun problemləri,
№3 2013
Batist Tavernye isə qeyd edirdi ki, Ərdəbilin iqtisadi yüksəlişi yalnız Səfəvi şahlarının qəbir-
lərinin burada yerləşməsi ilə bağlı deyildir. Şamaxı və Gilandan buraya vaxtaşırı 800-900 baş
yüklü dəvədən ibarət ticarət karvanı gəlir ki, onlar şəhərə əsasən ipək gətirirlər. Səyyah sözünə
davam edərək yazır ki, bundan əlavə Gilan və Şamaxı tacirləri İzmirə, İstanbula Ərdəbil şəhə-
rindən keçən karvan yolu ilə gedirlər. Beləliklə, şəhərə müxtəlif yerlərdən ardı-arası kəsilmə-
dən tacirlər gəldiyinə görə ölkə miqyasında onun iqtisadi nüfuzu son dərəcə artmışdı. Ərdəbil
də Təbriz kimi ölkənin zəngin şəhərlərindəndir və burada çeşid-çeşid ticarət malları vardır [7,
s.76]. Şübhəsiz, şəhərin ölkədaxili iqtisadi əlaqələrdə xüsusi mövqe qazanmasının və mühüm
ticarət mərkəzinə çevrilməsinin başlıca səbəbi onun karvan yollarının kəsişdiyi yerdə yerləş-
məsi ilə bağlı idi. Şəhər bazarının zənginliyi barədə F.Kotovun və J.Tavernyenin verdikləri
məlumatlar [5, s.73-74; 7, s.76] Ərdəbilin ümumölkə miqyaslı ticarət mərkəzlərindən biri ol-
duğunu göstərir.
Qeyd etmək lazımdır ki, Ərdəbil şəhərinin ticarət həyatı haqqında Adam Olearinin ver-
diyi məlumatlar Azərbaycanın daxili bazarlarının durumu haqqında daha aydın təsəvvür ya-
radır. O yazırdı ki, Ərdəbil şəhərində uzunluğu 300, eni isə 150 addım olan bir meydan vardır,
bu meydanın hər iki tərəfi başdan-başa yaraşıqlı, cərgə ilə tikilmiş dükanlardan ibarət olub,
hər birində xüsusi sexlərin sənətkarları çalışırlar [4, s.583-584]. Buranı ticarət meydanı adlan-
dıran Oleari daha sonra qeyd edirdi ki, meydanın arxa tərəfindən əvvəlcə dördkünclü, taxta-
vanlı, günbəzli binaya daxil olursan ki, bu bazara onlar Qeysəriyyə deyirlər. Qeysəriyyədə
qızıl, gümüş məmulatlar, əla keyfiyyətli ipək, bahalı və qiymətli mallar satılırdı. Bu binanın
müxtəlif yerindən açılan üç qapıdan üstüörtülü dalanlara keçmək olur ki, həmin dalanlarda hər
cür ucuz mal satılırdı [4, s.583-584].
Ərdəbil şəhərinin daxili bazarının zənginliyini, ümumi durumunu təsvir edən Adam
Olearidən sonra, 1670-ci ildə, bu şəhərdə olmuş hollandiyalı Yan Streys onun bazarları ilə ya-
naşı başqa şəhərlər və iqtisadi bölgələrlə qarşılıqlı iqtisadi əlaqələrinə də diqqət yetirərək,
ölkənin daxili ticarəti haqqında daha aydın təsəvvür yaratmağa çalışmışdır. Yan Streys yazırdı
ki, Ərdəbil olduqca böyük ticarət şəhəri olub, Gilan, Gürcüstan, Kürdüstandan gəlib-gedən
tacirlərlə dolu idi. Bundan başqa, müqəddəs yeri ziyarətə gələnlərdən şəhər olduqca çoxlu
mənfəət götürürdü. İsfahandan gələn tacirlərin də şəhərə xeyri az deyildi [2, s.294].
Qeyd etmək lazımdır ki, bu dövrdə iri şəhərlərdə sənətkarlıq və ticarətin inkişafı şəhər-
ətrafı kəndlərin də iqtisadi tərəqqisinə güclü təsir göstərirdi. Bu təsirin nəticəsində həmin
kəndlər şəhər bazarları ilə tədricən daha sıx bağlanırdı və onlarda kənd təsərrüfatı məhsulları-
nın istehsalını artırmağa maraq daha da güclənirdi. Ərdəbilin böyük ticarət şəhərinə çevrilmə-
sinin şəhər ətrafında yerləşən kəndlərdə əmtəə təsərrüfatının inkişafına təsir göstərməsi və
həmin kəndlərin Ərdəbil bazarına qovuşması faktına diqqət yetirən Yan Streys yazırdı ki,
Ərdəbil mahalındakı düzənlikdə bir-birinə yaxın 57 kənd və qəsəbə vardır. Bu kəndlərdən
müntəzəm olaraq kəndlilər Ərdəbil bazarına meyvə, yağ, yumurta, pendir və başqa məhsullar
gətirirlər. Ona görə də burada hər şey ucuz və boldur. Ətraf kəndlərin əhalisi həftədə iki dəfə
təşkil edilən həftəbazara gəlirdi [2, s.286, 294].
XVI əsrin əvvəllərində 300 min əhalisi olan Təbriz şəhəri də ölkənin ən mühüm sənət-
karlıq və ticarət mərkəzlərindən biri idi. Şübhəsiz ki, XVI əsrin 30-50-ci illərində baş vermiş
Osmanlı - Səfəvi savaşları Təbriz şəhəri və şəhərətrafı bölgələrin iqtisadiyyatına böyük ziyan
vurmuşdu. İngilis taciri Antoni Cenkinson bu savaşların daxili ticarətə mənfi təsir göstərməsi
ilə bağlı yazırdı ki, Təbriz keçmişdən ölkənin ən böyük şəhəri idi. Ancaq indi ticarət və tacir-
lər üçün əvvəlki əhəmiyyətini itirmişdir [3, c.1, s.113].
Təbriz şəhərinin iqtisadi əhəmiyyətinin xarici amillərlə bağlı azalması haqqında Cen-
14
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri,
№3 2013
kinsonun qeydi ilə razılaşmaqla yanaşı onu da qeyd etməliyik ki, osmanlılarla aparılan savaş-
ların mənfi təsirinə baxmayaraq, ölkənin iqtisadi inkişafı dayanmamış, daxili iqtisadi əlaqələ-
rin təkamülü və bütövlükdə məhsuldar qüvvələrin inkişaf prosesi pozulmamışdı. Bu faktı
təsdiq edən S.M.Onullahinin araşdırmalarına görə, Səfəvilərin hakimiyyəti dövründə Təbriz
şəhəri nəinki Azərbaycanın, hətta Yaxın və Orta Şərqin mühüm ticarət mərkəzlərindən biri
olub, Avropa səyyahlarının göstərdikləri kimi, əsil «ticarət şəhəri» idi [8, s.136]. Əhalisinin
çoxluğu şəhərin müxtəlif məhsullarla xüsusi qaydada təchiz olunmasını tələb edirdi. Təbriz
şəhərinə ət, un, meyvə, tərəvəz ətraf kəndlərdən, balıq isə Urmiya gölündən tutulub gətirilirdi
[1, s.225]. Anonim Venesiya taciri Təbrizə Mazandaran və Mahmudabaddan müxtəlif balıqlar,
kürü, Gilandan isə narıngi və limon gətirildiyini qeyd etmişdir. Ona görə Təbrizdə yəhudi ta-
cirləri də var idi ki, onlar Bağdad, Kaşan, Yəzd şəhərlərindən gəlib, digər əcnəbi tacirlər kimi
karvansaralarda yaşayırdılar [9, s.384-385].
Qeyd etmək lazımdır ki, orta əsr Şərq şəhərlərində olduğu kimi, Təbrizin də iqtisadiy-
yatında sənətkarlığa nisbətən ticarət üstünlük təşkil edirdi. Təbrizdən başqa karvan yolları
üzərində yerləşən Ərdəbil, Gəncə, Şamaxı, Bakı kimi digər şəhərlərin də iqtisadi həyatında
ticarət əsas rol oynayırdı. Həmin şəhərlərdə iri sənətkarlar məhsulun həm istehsalçısı, həm də
satıcısı kimi çıxış edirdilər. Daxili bazarlarda xırda sənətkarlarla alıcılar arasında vasitəçilik
funksiyasını tacirlər yerinə yetirirdilər. Oruc bəy Bayatın Təbrizdə şəhər əhalisinin əksəriyyə-
tinin tacirlərdən ibarət olması faktı tacirlərin artıq xüsusi bir zümrə kimi formalaşdığını və
daxili bazarlarda üstünlük təşkil etdiyini göstərir.
Şardenə görə, Təbriz XVII yüzillikdə əhalisinin sayına (550000 nəfər), nüfuzuna, bö-
yüklüyünə, ticarətinə və zənginliyinə görə Səfəvi dövlətində ikinci şəhər idi. Bu şəhər ölkənin
hər bölgəsi ilə, habelə tatarlarla, Türkiyə, Moskva və Hindistanla da ticarət edirdi. Şəhər ipək,
pambıq və qızıl məmulatları ilə zəngindir. Gilandan və Şirvandan gətirilən xam ipəyi hind
tacirləri bu şəhərin bazarlarından alırlar [10, c.2, s.403-404]. Şardenin qeydləri Təbrizin iri ti-
carət mərkəzi olduğunu və ölkənin iqtisadi həyatında böyük rol oynadığını bir daha təsdiq
edir. Səfəvi dövlətinin əsas topdansatış mərkəzləri də Təbriz şəhərində yerləşirdi. XVII yüzil-
liyin 60-70-ci illərində şəhərdə 200 karvansara, 70-ə qədər ticarət evi, 15000 dükan, bir neçə
bazar var idi və bunların çoxu Hələb memarlıq üslubunda kərpicdən tikilmişdi [10, c.2, s.403-
404]. Bu bazarlarda və dükanlarda hər cür yerli sənətkarlıq və ərzaq məhsulları, habelə xarici
mallar satılırdı.
1631-1668-ci illərdə 9 dəfə Səfəvi ölkəsində olmuş fransız alimi Jan Batist Tavernye
Təbriz şəhərində ticarətin vəziyyətinə diqqət yetirərək yazırdı ki, ticarətinə görə Təbriz Asi-
yanın ən məşhur şəhərlərindən biridir. Təbriz Osmanlı dövləti, Ərəb ölkələri, Gürcüstan, Fars,
Hindistan, Moskva və tatarlarla daim ticarət edir... Şəhərin bazarlarının hamısı üstüörtülüdür.
Bu bazarlar həmişə nəfis mallarla doludur. Sənətkarlar üçün də ayrıca bazarlar vardır. Onların
sənətkarlarının əksəriyyəti dəmirçidir; mişar, balta, tiyə, tənbəkini və tütünü alışdırmaq üçün
çaxmaq, bəzisi isə qıfıl, qapı-pəncərəyə lazım olan dəmir məmulatlar düzəldirlər və burada
çox mahir ipək toxucuları vardır ki, onlar da gözəl parçalar toxuyub satırlar [7, s.67].
Qeyd etmək lazımdır ki, rus taciri F.Kotovun İsfahan haqqındakı məlumatları şəhərin
ölkədaxili ticarətdə rolunu göstərməklə yanaşı, daxili bazarların durumu haqqında da çox
aydın və hərtərəfli təsəvvür yaradır. O yazırdı ki, İsfahanda qala ilə rabat (sənətkar və tacirlə-
rin yaşadıqları ərazi – N.S.) arasında böyük və geniş meydan yerləşir və meydanın ətrafında
içərisində su olan daş döşəməli xəndək qazılmışdır. Meydanın hər iki başında hündürlüyü iki
adam boyunda iki qoşa sütun vardır. Bu hamar meydanın uzunluğu 400 sajından (1 sajın 2,134
metrə bərabərdir) çox, eni isə təxminən 100 sajındır. Meydanın yanında daşdan rastabazar
Qədim dövr və orta əsrlər
15
Tarix və onun problemləri,
№3 2013
sırası, qəhvəxanalar və karvansaralar yerləşir. Deyilənə görə, karvansaraların sayı 100-dən
çoxdur. Karvansaraların fasadında anbarlar yerləşir və içərisindəki divarlara müxtəlif rənglərlə
və qızıl suyu ilə bitki şəkilləri çəkilmişdir. Burada İran, hind, türk, ərəb, erməni, yəhudi və
başqa xalqların nümayəndələri alver edirlər. Meydanın başlanğıcındakı darvazadan Tınçaka
daxil olurlar. Rus taciri İsfahandakı Qeysəriyyəni Tınçak adlandıraraq Rusiyadakı Suroj baza-
rına oxşatmışdır. Bazarın dükanları daşdan olub, üstündə anbar yerləşir və daşdan hörülmüş
yaraşıqlı taxtavanı, qübbəsi vardır. Bazar içəridən və bayırdan müxtəlif rənglər və qızıl suyu
ilə çəkilmiş naxışlarla bəzədilmişdir. Hər iki tərəfindəki böyük qapılarda heyvanları bağlamaq
üçün dəmir zəncirlər vardır. Bazarda anbar və köşklərlə yanaşı 200 rus dükanı da var idi. Qey-
səriyyə boyunca uzanan rastabazar sırasında misgərliklə məşğul olurdular. Digər tərəfində
basma naxışlı parça hazırlanırdı. Bura saya parçalar Hindistan və ərəb ölkələrindən gətirilirdi.
Bazarda təxminən 400-ə qədər dükan vardı [5, s.78-80].
XVII yüzillikdə ölkənin daxili və xarici iqtisadi əlaqələrində İsfahanın rolunun xeyli
artdığını şəxsən müşahidə edən Yan Streys yazırdı ki, İsfahandakı ticarət meydanı (Amster-
damdakı kimi birja) olduqca böyükdür. Uzunluğu 700, eni 250 addımdır, qərb tərəfində gözəl
taxtavanlı, qübbəli şah sarayı və həyəti yerləşir, içərisindəki üstüaçıq meydançalarda müxtəlif
sənətkarlar çalışırlar. Meydanın şimal tərəfindən bazara çıxış hissədə olduqca gözəl Qeysə-
riyyə, yaxud ticarət sarayı yerləşir. Burada hər cür mal tapmaq olar. Bu bazarın çox hissəsinin
üstü örtülüdür. Bazar əsasən dalanlardan ibarətdir. Burada müxtəlif tacirlər: iranlı, hindli, ta-
tar, türk, erməni, gürcü, holland, ingilis, fransız, italyan və başqa tacirlərə rast gəlir. Alqı-satqı
nağd pulla aparılır. Çox nadir hallarda mal borc sənədi ilə verilir [2, s.310-314].
Göründüyü kimi, ölkənin iri şəhərlərinin daxili ticarət müəssisələri olan bazarlarda alış-
veriş işinin səviyyəsi, ticarətin təşkili, aparılması formaları, üsulları, o dövrün kommersiya
mərkəzləri olan karvansaralarda səyyahın, digər əcnəbi qonaqların diqqətini cəlb etmişdir.
Yan Streys yazırdı ki, İsfahana əcnəbilər çox gəldiyinə görə burada karvansaralar da çoxdur.
Əksəriyyəti dördkünc və üçmərtəbəli olan karvansaraların yaşayış mənzilləri anbarları ilə
yanaşıdır, dövrəsinə daş hasarlar çəkilmişdir [2, s.315].
XVI-XVII əsrlərdə ölkənin mühüm daxili ticarət mərkəzlərindən biri də Hörmüz-
Təbriz yolu üzərindəki Kaşan şəhəri idi. 1617-ci ildə ispaniyalı elçi Don Qarsiyade Silva bu
şəhəri Farsla Azərbaycan arasında bağlı-baxçalı və zəngin bir şəhər kimi təsvir edərək yazırdı
ki, onun ticarət mərkəzi olan meydanının ətrafında olduqca geniş və rahat karvansara yerləşir.
Elçi şəhər kənarında əcnəbilərin yaşadığı və hər cür şəraiti olan karvansaralar haqqında da
məlumat vermişdir [11, s.246-247].
XVI-XVII əsrlərdə Səfəvi dövlətinin iqtisadi inkişafının başlıca səciyyəvi xüsusiyyəti
şəhərlərin böyüməsi, ticarət və sənətkarlığın inkişafı ilə müəyyən olunur. Bu dövrdə Mərkəzi
və Qərbi İranın İsfahan, Şiraz, Kaşan, Yəzd, Kirman, Azərbaycanın Təbriz, Ərdəbil, Qəzvin,
Həmədan, Gəncə, Şamaxı, Bakı, Ərəş şəhərləri getdikcə böyümüş və ölkənin iqtisadi həyatın-
da onların nüfuzu artmışdı. Həmin şəhərlər ölkədaxili ticarətin və xarici iqtisadi əlaqələrin
mərkəzlərinə çevrilmişdi.
İstifadə olunmuş ədəbiyyat:
1.Əfəndiyev O.A. Azərbaycan Səfəvilər dövləti. Bakı, Şərq-Qərb nəşriyyatı, 2007, 342 s.
2.Стрейс Я.Я. Три путешествия. Пер.c немец. на русск. Э.Бородиной, Москва: ОГИЗ-
СОЦЭКГЗ, 1935, 415 с.
3.Путешественники об Азербайджане. Т.1, Составил З.И.Ямпольский, Баку: Изд.АН
16
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri,
№3 2013
Азерб.ССР, 1961, 497 с.
4.Адам Олеарий. Подробное описание путешествия Голштинского посольства в Моско-
вию и Персию в 1633, 1636и 1639 годах. Пер. С немец. П.Барсова, Москва: Универси-
тетская типография, 1870, 1033 с.
5.Хожение купца Федота Котова в Персию. Москва: Изд. Восточной литературы, 1958,
110 с.
6.PyetrodellaValle. Səfərname-ye Pyetro della Valle. Tərcome-ye əzmətneəsli-ye italyayi
doktor Şüaəddin Şəfa, Tehran: Şerkəte Enteşarate Elm vəFərhəngi, h.1348, 483 s.
7.Səfərname-ye Tavernye. Tərcome-ye Əbuturab Nuri. İsfahan: Çapxane-ye Pərvin, h.1346,
719 s.
8.Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı: «Elm» nəşriyyatı, 1982,
278s.
9.Səfərnameha-yeVeneziyan dər İran. Tərcome-ye Mənucöhr Əmiri. Tehran: Enteşarate Xa-
rəzmi, h.1346, 450 s.
10.Şarden. Səfərname-ye Şarden. Tərcome-ye Məhəmməd Abbasi, c.II-IV, Tehran: Entesarate
Əmir Kəbir, h.1335-1336, c.II, 470 s.
11.Səfərname-ye Don Qarsiyade Silva Fiqeroa. Tərcome-ye Qulamrza Səmia. Tehran, Çapxa-
na-ye Kətbiyye, h. 1363, 530 s.
НИЗАМИ СУЛЕЙМАНОВ
доцент кафедры Истории Азербайджана
Азербайджанского Государственного Экономического Университета
РОЛЬ ГОРОДОВ В СТРОИТЕЛЬСТВЕ ВНУТРЕННИХ ЭКОНОМИЧЕ-
СКИХ ОТНОШЕНИЙ В ГОСУДАРСТВЕ СЕФЕВИДОВ
На основе путевых дневников и первичных источников в статье, изучены очень
ценные информации о развития экономических отношений в стране, внутренних и ме-
ждународных торговых отношений, роли городов, а также установление торговых отно-
шений. Проанализированы основные характеристики городов, как Дербент, Шемаха,
Ардебиль, Тебриз, Казвин, Исфахан и их роль в экономической жизни страны. На осно-
ве изучения источников новой информации и фактов, установлено что, эти города стал
центром торговли и внешнеэкономических связей. Вэтомбольшуюрольимелиипутевы-
едневники.
NIZAMI SULEYMANOV
Associate Professorof the Department of History of Azerbaijan,
Azerbaijan State Economic University
THE ROLE OF CITIES IN THE CONSTRUCTION OF INTERNAL
ECONOMIC RELATIONS IN THE STATE OF THE SAFAVID
On the basis of the travel diaries and primary sources in the article, studied very valua-
ble information on the development of economic relations in the country, domestic and inter-
national trade relations, the role of cities, as well as the establishment of trade relations. Ana-
lyzes the main characteristics of cities as Derbent, Shemaxa, Ardabil, Tabriz, Qazvin, Isfahan,
Qədim dövr və orta əsrlər
17
Tarix və onun problemləri,
№3 2013
and their role in the economic life of the country, based on the study of new sources of infor-
mation and facts found that, these cities became the center of trade and foreign economic rela-
tions. This had a big role and diaries.
Rəyçilər: t.e.d.H.F.Cəfərov, t.e.d.Q.S.İsmayılov
Azərbaycan Dövlət İqtisad Universiteti, “Azərbaycan tarixi” kafedrasının 12 sentyabr
2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№01).
Dostları ilə paylaş: |