Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.
Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır:
hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə;
hər yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmə.
Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.
I sinifdə summativ qiymətləndirmə aparılmır.
Kiçik summativ qiymətləndirmə II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Hər fənn üzrə kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur.
Hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində aparılır.
summativ qiymətləndirmə ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda aşağıda sadalanan fənlər üzrə aparılır:
ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə;
ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;
lisey və gimnaziyaların V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə;
ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;
ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə;
Lisey və gimnaziyaların X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə.
Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.
şuranın qərarı ilə 4.7.3-cü, 4.7.5-ci, 4.7.6-cı yarımbəndlərdə və 4.8-ci bənddə müəyyənləşdirilməsi nəzərdə tutulmuş fənlərin seçimi tədrisin keyfiyyətinə nəzarət etmək məqsədi daşıyır. Pedaqoji Şuranın müvafiq qərarı dərs ilinin əvvəlində qəbul edilir və təhsilalanlara elan edilir.
bir fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində aparılır.
II-III siniflərdə böyük summativ qiymətləndirmə keçirilmir.
Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür.
Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:
– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.
Xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməyən təhsilalanın kiçik summativ qiymətləndirmədə iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın iştirak etmədiyi kiçik summativ qiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil edilir.
Üzrsüz səbəbdən kiçik summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanların həmin qiymətləndirmə üzrə balı “0” qəbul edilir və yarımillik balların hesablanmasında nəzərə alınır.
Üzrsüz səbəbdən I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə iştirak etməyən təhsilalan həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur.
Təhsilalan I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) iştirak edə bilmədikdə, müvafiq summativ qiymətləndirmə günündən sonra növbəti 2 (iki) həftə müddətində onun üçün böyük summativ qiymətləndirmə təşkil edilir. Qeyd olunan müddətdə təhsilalan böyük summativ qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə böyük summativ qiymətləndirmə üzrə balı “0” qəbul olunur.
Summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanlar üçün sinifdə istifadə olunan eyni səviyyəli yeni qiymətləndirmə vasitələri (test, imla, inşa, ifadə, çalışma) hazırlanır.
Təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bəndi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:
30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə;
30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə;
60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə;
80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.
Təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazılır.