İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
www.jpis.az 35
UOT 338:04
Əliquliyev R.M.
1
, Mahmudov R.Ş.
2
1,2
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
1
secretary@iit.ab.az,
2
rasimmahmudov@gmail.com
İNTERNET CƏMİYYƏTİN İNKİŞAFININ HƏRƏKƏTVERİCİ QÜVVƏSİ KİMİ
Məqalədə İnternetin müasir cəmiyyətdə yaratdığı yeni reallıqlar, qlobal və virtual münasibətlər
analiz edilir. İnternetin təsiri ilə insan fəaliyyətinin bütün sahələrində baş verən keyfiyyət
dəyişiklikləri, yaranan imkanlar şərh olunur. Həmçinin İnternetin perspektiv inkişaf istiqamətləri
və mövcud təhlükələri göstərilir.
Açar sözlər: qloballaşma, virtuallaşma, İnternet iqtisadiyyatı, virtual əmək münasibətləri,
kosmik İnternet, biometrik İnternet, Əşyaların İnterneti, İnternet asılılığı, İnternet cinayətkarlığı.
Giriş
Ötən əsrin 40-cı illərində kompüterlərin, 60-cı illərində kommunikasiya və kompüter
texnologiyalarının konvergensiyası nəticəsində İnternetin əsası qoyuldu. İnternet şəbəkəsini
yaratmaq ideyası görkəmli Amerika alimi C.Liklayderin adı ilə bağlıdır. O, 1962-ci ildə yazdığı
“Qalaktika Şəbəkəsi” konsepsiyasında bir-birləri ilə qarşılıqlı əlaqədə olan kompüterlərdən ibarət
qlobal şəbəkə yaratmaq ideyasını irəli sürürdü. Müəllif bu şəbəkə vasitəsilə hər kəsin istənilən
kompüterdə olan verilənlərə və proqramlara ani giriş əldə etməsinin mümkünlüyünü göstərirdi.
Öz mahiyyətinə görə, həmin konsepsiya müasir İnternetin missiyasına çox yaxın idi. Məhz bu
xidmətlərinə görə C.Liklayderi haqlı olaraq “İnternetin atası” adlandırırlar [1].
Bu konvergensiya informasiyanın məkan üzrə yayılmasını daha da yüksək sürətlə təmin
etməklə, onun yadda saxlanılmasını həyata keçirməklə zaman problemini də həll etdi. İKT
inkişaf etdikcə bu imkanlar daha da yüksək sürətlə artmağa başladı. Artıq zaman və məkan
məhdudiyyətlərindən xilas olan hər cür informasiya İnternetə daxil edilir, hamı bu resurslardan
istifadə edir. Bunun nəticəsində İnternet ümumdünya informasiya anbarına (yaddaşına) çevrilir.
İnternet bəşəriyyətin sənaye cəmiyyəti mərhələsindən informasiya cəmiyyəti mərhələsinə
keçidinin əsasını qoydu. Minilliyin ideologiyası olan informasiya cəmiyyətinin əsas vəzifəsi
yaşından, dinindən, dilindən, irqindən, məkandan və zamandan asılı olmadan bütün insanların
informasiya tələbatını ödəmək, onların arasında sosial kommunikasiya mühiti yaratmaq, bilik və
düşüncələrini ictimaiyyətə çatdırmaqdır. İnformasiya cəmiyyətinin qarşısında duran bu vəzifələri
həyata keçirməklə insanlar min illərdən bəri miras qalmış qlobal sosial-iqtisadi və mənəvi
problemlərin – yoxsulluğun, səfalətin, savadsızlığın aradan qaldırılması, sağlamlığın qorunması,
demokratiyanın inkişafı, insan haqlarının və digər bəşəri dəyərlərin təmin olunması üçün fövqəl
və fenomenal imkanlara malik bir vasitəyə nail olacaqlar.
İnformasiya cəmiyyəti konsepsiyasının müəlliflərindən biri, görkəmli Amerika sosioloqu
E.Toffler “Üçüncü dalğa” əsərində sivilizasiyanın inkişafına təsir edən inqilabi dəyişikliklərin
istiqamətlərini təhlil edir. O, cəmiyyətin inkişaf mərhələlərini 3 dalğaya bölür – aqrar cəmiyyət,
sənaye cəmiyyəti və informasiya cəmiyyəti. E.Toffler informasiya cəmiyyəti şəraitində
informasiya və bilik mübadiləsinin rolunun artdığını, ənənəvi istehsal amillərinin – əmək, torpaq,
xammal və kapitalın əhəmiyyətinin azaldığını, ənənəvi pulların əvəzinə elektron informasiyanın
əsas mübadilə vasitəsinə çevriləcəyini, əmtəə və xidmət standartlarının əks olunduğu
informasiya uğrunda müharibələrin baş verəcəyini qeyd edir [2].
İnternet texnoloji yenilik kimi meydana gəlsə də, sivilizasiyanın tarixi boyu formalaşmış
informasiya dünyasının daxilində “zəlzələ” yaratdı. Bu qlobal şəbəkənin yaratdığı geniş imkanlar
insanların düşüncə tərzində, ünsiyyətində, fəaliyyətində və sosial münasibətlərində böyük
dəyişikliklərə səbəb olur.
İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
36 www.jpis.az
2015-ci ilin sonuna olan məlumata görə, dünyada 3,3 milyard İnternet istifadəçisi (dünya
əhlisinin sayı 7,2 milyard nəfər təşkil edir) mövcuddur. Əgər 2005-ci ildə bütün dünyada ev
təsərrüfatlarının cəmi 18%-i üçün İnternet əlyetərli idisə, 2015-ci ildə bu göstərici 46% olub [3].
İnternet texnologiyaları çox yüksək sürətlə inkişaf edir və böyük perspektivlər vəd edir. Bu
inkişaf prosesi bir çox hallarda proqnoza yatımlı olmur. Yəni İnternet inkişafını, perspektivlərini,
təsirlərini, təhlükələrini dəqiq proqnozlaşdırmaq mümkün olmayan bir fenomendir. İnternetin
cəmiyyət həyatına bəxş etdiyi bir mütərəqqi yenilik özü ilə birlikdə müəyyən problemlər də
gətirir. Bəşəriyyət İnternetin müsbət təsirlərindən faydalanmaqla yanaşı, onun mənfi
təsirlərindən qorunmaq məcburiyyətindədir.