Verilənlər” ingiliscə data



Yüklə 23,11 Kb.
səhifə1/3
tarix08.05.2023
ölçüsü23,11 Kb.
#109276
  1   2   3
sual 1,2


Fənnin predmeti. Əsas anlayışlar.


Məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur. “Verilənlər” (ingiliscə data) texniki vasitələrlə (məsələn kompüterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan kodlaşdırılan məlumatdır. “Verilən” termini latınca “datum” (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə edə bilər. Odur ki, verilənlər dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.
Verilənlər ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar.
Verilənin adı onun mənasını (semantikasını) ifadə edir. Məsələn, çəki, ölçü, rəng və s. Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir, çünki faktları bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi Verilənlərin adları ilə qiymətlərinin birlikdə təsvirinə imkan verir. Məsələn, “ temperatur +30 dərəcədir ” ifadəsində “+ 30” verilənin qiyməti, “temperatur dərəcə” verilənin adıdır.
Qısa izahatdan görünndüyü kimi “informasiya”, “fakt”(“məlumat”, “xəbər”) və “verilənlər” anlayışları bir-birinə çox oxşar olsa da, onlar arasında müəyyən fərqlər vardır. Buna baxmayaraq, informatikada bu anlayışlar eyni məna kəsb edirlər, yəni bu terminlər sinonim kimi qəbul olunur.
Kompüterlərin proqram təminatı dedikdə onların fəaliyyəti və həm də müəyyən tətbiqi sahələrin faydalı funksional məsələlərinin həlli üçün nəzərdə tutulmuş proqramların məcmusu başa düşülür. “Proqram” terminini istifadə etdikdə yalnız proqramlaşdırma dilinin operatorlarının ardıcıllığı deyil, həm də üzərində bu və ya digər əməliyyatların yerinə yetirilə biləcəyi müxtəlif informasiya obyektləri yığımı nəzərdə tutulur. Proqramın belə informasiya obyektlərini verilənlər adlandırırlar.
Hansı problemi həll edirsinizsə, siz verilənlənlərlə (məlumatlarla) məşğul olursunuz - istər işçinin maaşı, səhm qiymətləri, alış-veriş siyahısı və ya hətta sadə telefon kitabçası.
Verilənlər – müəyyən proses və ya alqoritmlərin köməyi ilə emal və interpretasiya üçün yararlı olan, həm insanlar, həm də texniki vasitələrlə ünsiyyətdə ola bilən və ya ötürülə bilən faktların, anlayışların, təlimatların, ideyaların və ya hər hansı informasiyanın formallaşmış şəkildə təsviridir.
Verilənlər istənilən proqramın çox vacib atributlarıdır. Verilənlər ayrı-ayrı bitlər, müstəqil bitlər ardıcıllıqları, müxtəlif formalarda təsvir edilmiş ədədlər (qeyd olunmuş və ya sürüşkən nöqtəli, adi və ya ikiqat dəqiqlikli və s.), müxtəlif kodlaşdırma sistemlərində simvolları təsvir edən baytlar və müstəqil baytlar qrupları, ədədlər massivləri, kompüterin yaddaşında yerləşən əlaqəli siyahılar formasında saxlanan informasiya, həmçinin kompüterin xarici yaddaş qurğularında ayrı-ayrı fayllar və qarşılıqlı əlaqəli fayllar sistemləri şəklində təşkil edilmiş informasiya ola bilər. Sadaladığımız misallar verilənlərin müxtəlif mürəkkəblik və ya təşkiledilmə səviyyəsini nümayiş etdirir. Bu təşkiledilmə səviyyəsinin xarakteri məhz “verilənlərin strukturu” anlayışının təcəssümlərindən biridir. Daha dəqiq desək, verilənlər strukturu məlumatlarımızı saxlamağımız və təşkil etməyimizdir. Məsələn, bir otaqda kitablar təşkil etməyi düşünün, bu kitabları bir rəfdə saxlaya bilərik, ya da bir masa üzərində üst-üstə yığa bilərik və ya hətta onları təsadüfi olaraq otağın hər hansı bir yerinə qoya bilərik. Beləliklə, kitabları bir otaqda yerləşdirmək üçün fərqli seçimlərimiz var və ya başqa sözlə fərqli strukturlarımız var. Kompüterlərdə buna bənzər bir ssenari var, buna görə məlumatlarımızı istədiyimiz kimi təşkil edə bilərik və məlumatların təşkili üçün bu fərqli üsullar fərqli verilənlər strukturlarıdır.
Beləliklə, verilənlərin strukturu dedikdə onların kompüterdə saxlanılması üsulu başa düşülür və o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadə etmək mümkün olsun. Sadə sözlə desək, verilənlər strukturu məlumatı müəyyən bir şəkildə saxlayan konteynerdir. Tərtibatçının məqsədi mövcud strukturlardan müəyyən bir tapşırıq üçün ən yaxşı variantı seçməkdir.
“Verilənlərin strukturu” anlayışı ən azı iki müxtəlif mənada istifadə edilə bilər. Birincisi, verilənlərin strukturu – verilənlərin təşkil edilməsinin məntiqi və ya riyazi modelidir. Faktiki olaraq, verilənlərin strukturuna məhz bu verilənlərin kompüterin yaddaşında təsviri kimi baxıla bilər (fiziki struktur), həm də o hər hansı proqramda istifadə edilən istənilən informasiya obyektinin ümumi xassəsi olur.
İkincisi, verilənlərin strukturu – proqramda və kompüterin yaddaşında verilənlərin, obyektin məntiqi anlayışının məxsusi reallaşdırılmasıdır. Bu, ayrıca bir dəyişən, massiv və ya daha mürəkkəb proqram obyekti, məsələn, siyahı, ağac və s. ola bilər. Yadda saxlamaq lazımdır ki, verilənlərin istənilən strukturu kompüterin yaddaşında (ilk növbədə, operativ yaddaşda) yerləşir, müəyyən qədər, mümkündür ki, olduqca böyük miqdarda yaddaş xanaları tutur və yerləşdikləri yerin başlanğıc ünvanı ilə xarakterizə olunur. Bu vəziyyəti təsvir etmək üçün “yaddaşda yer” anlayışı istifadə olunur.
Verilənlər strukturuna ehtiyacımız var, çünki onlardan istifadənin bir neçə üstünlükləri var, onlardan bəziləri aşağıdakılardır:
1. Məlumatların təşkili: Xüsusi məlumatlara ehtiyac duyduğumuz zaman səmərəli əldə edilə bilməsi üçün məlumatların düzgün qurulması lazımdır. Verilənlər strukturu məlumatların təşkili üçün müxtəlif yollar təqdim edir, buna görə məlumatları tələbata əsasən müxtəlif verilənlər strukturlarında saxlamaq imkanı olur.
2. Səmərəlilik: Məlumatları təşkil etməyimizin əsas səbəbi səmərəliliyi artırmaqdır. Məlumatları massivlərdə saxlaya bilərik, onda niyə Linked lists (əlaqəli siyahılar) və digər verilənlər strukturu lazımdır? Massivlərdə əlavə, yeniləmə və silmək kimi bir neçə əməliyyat aparmalı olduğumuzda bəzi digər verilənlər strukturlarına nisbətən massivlərdə daha çox vaxt tələb olunur. Beləliklə, digər verilənlər strukturlarına maraq göstərməyimiz, səmərəliliklə əlaqədardır.
Adətən, verilənlərin strukturlarına verilənləri emal edən alqoritmlərin qarşılıqlı əlaqəsi şəklində baxılır. Alqoritm dedikdə ilkin verilənlər üzərində aparılan elə əməliyyatlar ardıcıllığı başa düşülür ki, həmin əməliyyatlar yerinə yetirilərkən baxılan məsələnin həlli alınır. Daha dəqiq desək, alqoritm qarşıya qoyulmuş məqsədə çatmaq (məsələnin həlli) üçün icraçını təlimatlandıran aydın və dəqiq göstərişlər ardıcıllığıdır.
Lap qədim zamanlardan bu günə qədər bir çox məsələlərin həlli üçün müxtəlif hesablama alqoritmləri yaradılmışdır. Maşın alqoritmlərinin yaradılması isə hesablamaların çox böyük sürətlə aparılmasına imkan vermişdir.
Ümumiyyətlə, hər hansı bir məsələni həll etdikdən sonra onun həll alqoritmi haqqında nəticə çıxara bilərik. Lakin hər hansı problemi həll edə bilmədikdə onun həll alqoritminin olub olmamağı haqqında hökm çıxara bilmirik.

Yüklə 23,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin