“Xalq cəbhəsi”.-2010.-26 fevral.- .-№36.-S.3.
Xocalıya ədalət!!!
TBMM sədri: "Xocalı faciəsini dünya ictimaiyyəti tanımalıdır"
Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Mədəniyyət Mərkəzinin binasında "Xocalıya
Ədalət" kampaniyası çərçivəsində İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə Türkiyədə nəşr
etdirilən "Qarabağ: suallar və faktlar" kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə APA-ya İKGF-nin Media Departamentindən bildirilib. Məlumata görə, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ probleminin tarixi, geosiyasi, hüquqi və mədəni aspektlərini özündə əks etdirən kitabı
Azərbaycanın tanınmış alimləri və ekspertləri yazılıb.
Ankarada "Xocalıya Ədalət"
İKGF- nin Türkiyə deputatlarıyla birgə təşkil etdiyi bu tədbirdə TBMM-in sədri Mehmet Əli Şahin
danışıb. Mehmet Əi Şahin çıxışında Xocalı faciəsinin dünyada tanınmasının vacibliyini xüsusilə vurğulayıb. O,
İKGF Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsüylə irəli sürülən "Xocalıya
ədalət" beynəlxalq kampaniyanın fəaliyyətini yüksək qiymətləndirərək, Xocalı qırğınının dünya ictimaiyyətinə
çatdırılması üçün xarici ölkələrdə Türkiyə və Azərbaycan icmalarının birgə səylərinin gücləndirilməsinin
vacibliyini diqqətə çatdırıb.
"Qarabağ: suallar və faktlar" kitabının təqdimat mərasimində Türkiyə parlamentinin deputatları Cünyed
Yüksəl, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı, qondarma erməni
soyqırımı üzrə tarixçi professor Yusif Halacoğlu, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov çıxış ediblər.
Türkiyəli deputatlar öz çıxışlarında kitabın ölkə ictimaiyyətinin Qarabağ münaqişəsi haqqında ətraflı və obyektiv
məlumat ala biləcəklərinə ümid etdiklərini bildiriblər.
Tədbirin sonunda mart ayının 2-sinə qədər davam edəcək kampaniyanın 1 illik fəaliyyətini əks etdirən
"Xocalıya ədalət" fotosərgisinin açılışı olub. Tədbir Türkiyənin aparıcı KİV-ləri işıqlandırıb.
Qeyd edək ki, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə
irəli sürülən "Xocalıya Ədalət" kampaniyasına 2009-cu ilin fevralında start verilib və hazırda 30-dan artıq ölkədə
yüzlərlə könüllünun iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin
Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və
beynəlxalq
səviyyədə
anılmasını
təmin
etməkdir.
Kampaniyanın
beynəlxalq
əlaqələdirilməsi
www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Londonda "Xocalıya Ədalət"
"Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə
London şəhərində, Temza çayında üzən "Silver Sturgeon" gəmisində Böyük Britaniyanın ictimai-siyasi
xadimlərinin, parlamentar və diplomatların iştirakı ilə Xocalı qətliamının 18-ci ildönümünə həsr edilmiş tədbir
keçirilib. İKT Gənclər Forumundan APA-ya verilən məlumata görə, innovativ xarakter daşıyan tədbir zamanı
Temza çayı üzərində Xocalı faciəsi zamanı həlak olmuş 613 nəfərin adları yazılmış şarlar havaya buraxılıb və eyni
sayda qərənfillər çaya atılıb.
Tədbir zamanı amerikalı rep musiqiçisi Toni Blekmen və Azərbaycanın tanınmış rep qrupu "Dəyirman"
tərəfindən ifa edilmiş "Xocalıya Ədalət" adlı rep üslubundakı mahnının təqdimatı keçirilib. Sonda iştirakçılar
Böyük Britaniyanın baş nazirinə ünvanlanmış petisiyaya imza atıblar. Petisiya Xocalı qətliamını insanlığa qarşı
cinayət kimi tanımağa və günahkarların hüquqi məsuliyyətə cəlb edilməsi üçün səyləri gücləndirməyə çağırır.
Böyük Britaniya baş nazirinin katibliyi petisiyanı aldığını rəsmən təsdiqləyib. Bu ilin sonuna qədər
Britaniya vətəndaşlarından kampaniyanın saytı (www. justiceforkhojaly. org) vasitəsilə 100 minə qədər imza
toplanması planlaşdırılır. Tədbir zamanı Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsini əks etdirən fotoşəkillərdən
ibarət rəsm sərgisi də nümayiş etdirilib.
"Xocalı soyqırımı - əsrin yaddaşında"
Mirzə Fətəli Axundov adına Milli Kitabxanada "Xocalı soyqırımı - əsrin faciəsi" adlı sərginin açılışı və
"Xocalı soyqırımı rabitəçilərin yaddaşında" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov açaraq o ağrılı günləri bir daha yada salıb və bu faciənin Azərbaycan xalqının yaddaşından
silinməyəcəyini deyib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, rabitə və informasiya texnologiyaları nazirinin
müavini İltimas Məmmədov da xüsusi amansızlıqla törədilmiş qanlı cinayət əməlindən danışıblar. Sonra tədbir
iştirakçıları "Xocalı soyqırımı - əsrin faciəsi" adlı sərgi və təqdimatı keçirilən kitabla tanış olublar. Sərgidə Xocalı
faciəsinə həsr olunmuş 200-dən çox müxtəlif dillərdə çap olunmuş kitab, jurnal, qəzet materialları nümayiş
etdirilib.
"Hərbi cinayətlər cəzalandırılmalıdır"
Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Xocalı soyqırımı: siyasi, hüquqi və
psixoloji aspektlər" mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə əsas məruzəçilər Litva
parlamentinin İqtisadiyyat komitəsi sədrinin müşaviri, tarixçi-etnoqraf İmantas Melyantas və "Lazdiyay ulduzu"
qəzetinin redaktoru Riçaydas Lapaytis olub.
Riçardis Lapaytis deyib ki, Azərbaycana səfəri təsadüfən Xocalı faciəsinin ildönümünə təsadüf edib. O, 6
dəfə Dağlıq Qarabağda olduğunu, komandirlər və əsgərlərlə söhbət apardığını söyləyib: "İnsanlar kömək gözləyirdi,
Avropa isə bunlara göz yumurdu. Jurnalistin vəzifəsi insanlıq əleyhinə cinayətləri qeydə almaqdır. Həmin vaxt
erməni diasporası yaxşı işləyirdi və hamı ermənilərin çəkdiyi əzablardan danışırdı. Biz jurnalistlər faktları toplamaq
üçün əlimizdən gələni etdik. Çünki faktlar yox olmur. Hərbi cinayətlər cəzalandırılmalıdır".
İmantas Melyantas isə Litva ictimaiyyətinin uzun müddət erməni təbliğatının təsiri altında qaldığını və
tədricən bu təsəvvürləri dəyişməyin mümkün olduğunu vurğulayıb: "1989-cu ildə mən özüm də erməni təbliğatının
əsiri idim. Bu təbliğat qədər güclü idi ki, deyilənlərin doğru olub-olmadığını heç düşünmürdük. Vaxt keçdikcə
aydınlaşdı ki, belə deyil. Mən məsələni öyrəndim və uzun müddət Litvada beyinlərə yeridilənlərə zidd mənzərə
ortaya çıxdı". İmantas Melyantas son iki ildə faktoloji materialların ictimaiyyətə təqdim edilməsindən sonra bu
məsələyə baxışların dəyişdiyini vurğulayıb.
Niderlandda imzatoplamanın nəticələri açıqlanacaq
"Xocalıya ədalət" beynəlxalq informasiya kampaniyasının Niderland Komitəsi Xocalı faciəsinin 18-ci
ildönümüylə bağlı tədbirlər planını təsdiqləyib. Anım mərasimləri 2008-ci ildə Haaqada Azərbaycan-Türkiyə
Cəmiyyətinin Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısına xatirə çələngi qoymaqla başlayacaq.
Həmin gün Amsterdam Açıq Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək. Konfransı
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının Niderland Komitəsi və "Anadolulu tələbələr" qeyri-hökumət
təşkilatının dəstəyilə baş tutacaq. Konfransda Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərovun,
Almaniyada yaşayan yazıçı Orxan Arazın, Türkiyədən gəlmiş məşhur şair Yavuz Bülənd Bakilərin çıxışları nəzərdə
tutulur. Daha sonra Amsterdam Universitetinin müəlliməsi, pianoçu Sara Krombaxın ifasında Azərbaycan
mahnılarından ibarət matəm konserti keçiriləcək. Tədbirlər çərçivəsində "Xocalıya ədalət tələb edirik"
fotosərgisinin təşkili, "Xocalıya ədalət" klipinin təqdimatı da planlaşdırılır. Konfransın sonunda "Xocalıya ədalət"
kampaniyasının Niderland Komitəsinin sədri, Kral Ordeni cəngavəri Qert van Dam kampaniyaya dəstək
çərçivəsində imzatoplama kampaniyasının nəticələrini açıqlayacaq. Xatırladaq ki, ötən il dekabrın 10-da -
Beynəlxalq İnsan Haqları Günü başlayan kampaniya çərçivəsində 3 mindən artıq imza toplanıb. Tədbir ehsan
mərasimilə başa çatacaq.
Xocalı soyqırımı Fransada anılır
Fransada Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbirlərin keçirilməsi məqsədi ilə bu ölkədə səfərdə olan
Azərbaycan nümayəndə heyəti diaspor təmsilçiləri ilə görüşüblər. Bu barədə APA -ya Azərbaycanlıların və digər
Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzindən (ATXƏM) bildirilib. Məlumata görə, ATXƏM Strasburq
"Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı fevralın 24-28- də Paris və Strasburq
şəhərlərində silsilə tədbirlər həyata keçirir.
Fevralın 24-də Azərbaycan nümayəndə heyəti Azərbaycanın Fransadakı səfirliyində səfir Elçin Əmirbəyov
və Fransadakı diaspor nümayəndələriylə görüşüblər. Görüşdə Fransadakı diaspor təşkilatlarıyla birgə əməkdaşlıq
məsələləri müzakirə olunub. Qərara alınıb ki, Azərbaycanın ümummilli məsələlərinin həll olunması və Azərbaycan
həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması üçün birgə əməkdaşlıq səylərini gücləndirmək vacibdir. Görüşdə
Azərbaycan nümayəndə heyəti Azərbaycan və Qarabağla bağlı 40-a yaxın (ingilis və fransız dilində) kitab və
bukletləri səfirliyə təqdim ediblər.
Dünən isə Azərbaycan nümayəndə heyətinin üzvləri Strasburqda ITIRI- Yazılı və Sinxron tərcümə və
Beynəlxalq Əlaqələr İnstitutunda "Azərbaycan Respublikasının Diaspora siyasəti, icrası və Azərbaycan
Diasporasının əsas məsələləri (Qarabağ)" konfransına qatılıblar.
Litva parlamentində Xocalı soyqırımıyla bağlı tədbir keçirilib
Fevralın 24-də Litva Seymində səfirliyimizin təşəbbüsü və Demokratik Siyasət İnstitutunun dəstəyilə
Xocalı soyqırımıyla bağlı tədbir keçirilib.
Demokratik Siyasət İnstitutunun rəhbəri, Seymin üzvü Mantas Adomenas çıxışında Xocalı soyqırımı
ilə bağlı Litva ictimaiyyətində az məlumat olduğunu, Vilnüsdə Azərbaycan səfirliyinin açılmasından sonra bu
sahədə xeyli iş görüldüyünü deyib. O, dinc azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımını Serebrennitsa
qətliamı ilə eyniləşdirərək, etnik təmizləmə siyasətini pisləyib.
Litva Seymində Azərbaycanla dostluq qrupunun rəhbəri Egidiyus Vareikis Ruandada, Syerra-Leonedə
törədilən qətliamların Xocalı soyqırımı ilə eyni olduğunu bildirib, buna baxmayaraq, beynəlxalq müstəvidə Xocalı
qətliamına hüquqi qiymət verilməsinin gecikdiyinə diqqəti yönəldib.
Litvanın nüfuzlu qurumlarından olan Soyqırım İnstitutunun sabiq direktoru, deputat Dalia Kuodite
çıxışında, Litva xalqının da uzun illər genosidə məruz qaldığı üçün azərbaycanlıların faciəsini yaxşı başa
düşdüklərini bildirərək, dünyanın istənilən yerində insanlığa qarşı törədilən vəhşiliklərə biganə qalmamağa çağırıb.
Tədbirdə "Salnamə" studiyasında hazırlanan "Dua" filmi də nümayiş olunub. Heydər Əliyev Fondunun
hazırladığı "Qarabağ həqiqətləri" toplusu, müxtəlif əyani vəsaitlər, həmçinin səfirlik tərəfindən Litva və ingilis
dillərində xüsusi hazırlanmış çap nümunələri sərgilənib.
"İrəli" Avropanın 9 şəhərində aksiyalar keçirəcək
Dünən Tiflisin Şota Rustaveli adına Milli Dram Teatrında Azərbaycan Dövlət Simfonik Orkestri Xocalıya
həsr olunan xatirə konserti keçirilib. İspaniya, Türkiyə, Ukrayna və İraqın bu ölkədəki səfirlərinin, habelə dövlət
rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan və gürcü bəstəkarlarının əsərləri ifa edilib. Konsertdə Azərbaycanın
Gürcüstandakı Səfiri Namiq Əliyev çıxış edib. Xatirə konsertində Gürcüstan prezidentinin anası Giuli Alasaniya da
iştirak edib.
Xocalı soyqırımının ildönümü münasibətilə "İrəli" İctimai Birliyinin dəstəyilə Avropanın 9 şəhərində
aksiyalar və tədbirlər keçiriləcək. Tədbirlər Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya,
Litva və Estoniyada təşkil olunur. "İrəli" İctimai Birliyi hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.