Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix01.06.2017
ölçüsü2,67 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

 
Yusifov E.F., Hacıyev V.C.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
HİRKAN BİOSFER  
REZERVATI  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2004 

 

 
 
Elmi redaktolar:  
Əsgərova R.K. – 
biologiya elmləri doktoru 
Atamov V.V.    – 
biologiya elmləri doktoru, professor 
 
 
 
Yusifov E.F., Hacıyev V.C.  
«HİRKAN BİOSFER REZERVATI»  
Bakı, «El- ALliance», 2004, 168 s. 
 
 
Kitabda  Biosfer  Rezervat  konsepsiyası,  prinsipləri  haqqında, 
Hirkan Biosfer Rezervatının tarixi əsasları, fiziki-coğrafi şəraiti və əsas 
iqlim göstəriciləri, flora biomüxtəlifliyi, meşə bitki örtüyü və ərazinin 
endemik bitkiləri haqqında geniş məlumatlar verilmişdir. 
Monoqrafiyada  həmçinin  Hirkan  Biosfer  Rezervatı  və  xüsusi 
mühafizə  olunan  təbiət  ərazilərinin  rekreasiya  və  turizm 
potensialından  istifadənin  gələcək  istiqamətləri  müəyyənləşdirilmiş, 
tövsiyələr  verilmiş,  bu  tip  ərazilərin  turizm  və  rekreasiya 
potensialından davamlı istifadənin  yolları  araşdırılmış, ekoloji turizm 
anlayışının mahiyyəti, prinsipləri, növləri, digər turizm formalarından 
fərqli  cəhətləri  əks  etdirilmiş, «Qırmızı  Kitab»  və  «Yaşıl  Kitab» 
məsələlərinə toxunulmuşdur.  
Xüsusi 
Mühafizə 
Olunan 
Təbiət 
Ərazilərində 
təbiət 
komplekslərindən  rasional  istifadə  və  mühafizə  məqsədi  ilə  turist 
resurslarının  rekreasiya  potensialının  hesablanması,  ekoloji 
normativlər, onların əsas vahidləri və tətbiq olunması qaydaları kimi 
məsələlər də kitabda öz əksini tapmışdır. 
Monoqrafiya  biologiya,  ekologiya  sahələrindəki  mütəxəssislər, 
xüsusi mühafizə olunan təbiət əraziləri əməkdaşları və turizm işçiləri, 
ətraf  mühit  profilli  ali  təhsil  ocaqlarının,  akademik  və  elmi-tədqiqat 
institutlarının əməkdaşları üçün dəyərli vəsait ola bilər. 
 
 
ISBN 9952-29-057-8 
© Yusifov E.F. 

 

 
MÜNDƏRİCAT 
 
Giriş  ............................................................................ 5 
 
I  Hissə.  Hirkan  Biosfer  Rezervatının  sosial-
iqtisadi və tarixi əsasları ............................. 13 
 
I Bölmə. Hirkan etimologiyası haqqında ........................... 14 
II Bölmə. Biosfer Rezervat konsepsiyası haqqında ............ 25 
III Bölmə. Hirkan Biosfer Rezervatının tarixi əsasları 
haqqında ........................................................ 31 
IV Bölmə. Hirkan Biosfer Rezervatının botaniki 
tədqiqatlarının tarixi haqqında ........................... 33 
 
II Hissə. Hirkan Biosfer Rezervatının flora və bitki 
örtüyünün bioloji müxtəlifliyi ..................... 35 
 
I Bölmə. Ərazinin fiziki-coğrafi şəraiti və əsas iqlim 
göstəriciləri ..................................................... 36 
II Bölmə. Ərazinin flora biomüxtəlifliyi ............................. 40 
III Bölmə. Ərazinin endemik və relikt bitkiləri, onların 
mühafizəsi («Qırmızı Kitab»lar sistemi) .............. 46 
IV Bölmə. Ərazinin bitki örtüyünün biomüxtəlifliyi və 
meşə bitki örtüyü ............................................. 65 
V Bölmə.  Friqana və ya dağ-kserofit bitki örtüyü .............. 68 
VI Bölmə. Bozqırlıq, çəmənlik və bozqırlaşmış çəmənlər .... 70 
VII Bölmə. Ərazinin təbiət abidələri ................................ 72 
 
III Hissə. Hirkan Biosfer Rezervatı üzrə fəaliyyətin 
gələcək istiqamətləri haqqında  .................. 75 
 
I Bölmə. Ekoloji turizm, rekreasiya və turizm 
potensialından davamlı istifadə ......................... 76 
II Bölmə. Biosfer Rezervat ərazisindəki təbiət 
komplekslərinin və abidələrinin mühafizəsinin 
təşkili ............................................................. 95
 

 

III Bölmə. Elmi-tədqiqat fəaliyyəti .................................. 96 
IV Bölmə. Ekoloji-maarifləndirmə fəaliyyəti və yerli 
əhali ilə işin təşkili ............................................ 103 
V Bölmə. Ekoloji-ekskursiya fəaliyyəti və öyrədici turizm 
formasının tətbiqi və inkişafı ............................. 107 
VI Bölmə. Maliyyə-təsərrüfat, kadr və digər məsələlər ....... 114 
 
Hyrcan biosphere reservation .................................... 116 
 
Əlavələr   .................................................................... 133 
 
Ədəbiyyat ................................................................... 163 
 

 

GİRİŞ 
 
Azərbaycanın  gözəl  guşələrindən  biri  olan  Lənkəran-Astara  ərazisi 
Talış  iqtisadi  coğrafi  vilayətinin  tərkib  hissəsi  kimi  öz  zəngin  təbiəti  və 
təbii sərvətləri, dilbər guşələri ilə məşhur olub ölkəmizin ən əlverişli iqlim 
şəraitinə malik, bol sulu və yüksək meşəlikli ərazilərindən hesab olunur. 
Buranın  iqlim  şəraitinin  valeoloji  əhəmiyyətini  qeyd  edən  görkəmli 
azərbaycan tarixçisi Seyid Əli ibn Kazımbəy «Cəvahirnameyi-Lənkəran» 
(«Lənkəran  cəvahirinə  aid  kitab»)  əsərində  yazır  ki, «taun  və  vəba 
xəstəlikləri bütün ətrafı – Ərdəbil, Rəşt, Ərşəd, Qaradağ, Şirvan və qeyri 
yerləri tutduğu halda xəstəlik Talışa sirayət etmədi». 
Bu  ərazilərin  yerli  əhalisinin  əksəriyyətini  qədim  və  zəngin 
mədəniyyətə malik, çox qədim yerli tayfaların nəsillərindən olan, maddi 
və  mənəvi  mədəniyyətləri  ilə  azəri  türklərinə  çox  yaxın  olub,  onlarla 
qaynayıb-qarışmış  talışlar  təşkil  edir.  Yerli  əhali  arasında  bu  yerlərin 
təbiətinin  füsunkarlığı  haqqında  çox  maraqlı  bir  rəvayət  mövcuddur. 
Əfsanəyə  görə  Allah  xalqlara  torpaq  paylayarkən  bu  yerlərin  sakinləri 
gecikdiklərindən  onlara  torpaq  çatmır.  Allah  onlardan  gecikmələrinin 
səbəbini soruşduqda, onlar - «Sənə ibadət etməklə məşğul idik» deyir-
lər.  Haqq  yolunda  savab  işlə  məşğul  olduqlarına  görə  Allah  onlara 
cənnətdən bir parça ayırıb verir. 
Hirkan  meşələri  (Talış  meşələri)  özünün  zəngin  meşə  sərvətləri  ilə 
ölkədən  çox-çox  uzaqlarda  məşhur  idi.  İsveç  sahibkarları  Lüdviq  və 
Robert  Nobel  qardaşlarının  Azərbaycana  gəlməsinin  əsas  səbəbi  neft 
yox, məhz bu ərazilərdə geniş yayılmış qoz 
(Cuglans regia L.) və dəmir 
ağacları 
(Parrotia persica C.F.Mey.)  idi.  Lüdviq  Nobel  Rusiya 
İmperiyasından  500  min  tüfəng  süngüsü  hazırlamaq  haqqında  çox 
sərfəli  bir  sifariş  almışdı 
(Osbrink  B., 2003).  Burada  bitən  ağaclardan 
hazırlanmış əşyalar şah saraylarını bəzəyirdi. Şirvanşahlar səltənətinin ali 
hakimiyyətinin əsas atributlarından olan şah taxtı buna əyani misaldır. 
Şirvanşah  dövlətinin  ən  qüdrətli  hökmdarlarından  olan  I  İbrahimin 
(1382-1417)  taxtı  Hirkan  ərazisində  bitən  qoz  və  dəmir  ağaclarından 
hazırlanmışdı.  Dövrünün  məşhur  zərgəri  Hacı  Sülhəddin  Şirvani 
tərəfindən hazırlanmış, hündürlüyü 1.7 m, çəkisi 60 kq olan bu taxt qızıl 
və  qiymətli  daşlarla  bəzədilmişdir.  Taxtın  arxa  ayaqları  və  söykənilən 
hissəsi  dəmir  ağacdan,  qalan  hissələri  isə  qoz  ağacından  hazırlanmış, 
ümumilikd ə bəzək işlərinə 9 kq qızıl və 200 ədəd brilyant sərf edilmişdi. 
Taxt  ornament  oymalar, «Allahu  Əkbər» («Allah  Böyükdür»)və  digər 
Qurani-Kərim  ayələrindən  götürülmüş  ifadələrlə  işlənmişdi.  Məmurların 

 

və hərbçilərin uzun-uzadı hesabatlarını və xarici qonaqları qəbul edərkən 
şahın yorulmaması üçün taxtın oturacağı qu tükü ilə doldurularaq yaşıl 
rəngli məxmərlə üzlənmişdir. 1501-ci ildə Şah İsmayıl Xətai I İbrahimin 
nəvəsi Fərrux Yasarı məğlub edərək taxtı Təbrizə gətirmiş, Fərəhabadın 
hakimi  olan  qardaşı  Müzəffər  xana  hədiyyə  etmişdir.  Təxminən  yüz  il 
sonra  dəniz  qulduru  olan  rus  kazakı  Stepan  Razin  (1630  –  1671) 
Fərəhabadı qəfil basqınla qəsb edərək taxtı Samaraya gətirmişdir. Razin 
Quldur Hərəkatı yatırıldıqdan sonra taxt əldən-ələ keçmiş, nəhayət rus 
milyonçusu  Savva  Morozov  tərəfindən  alınaraq  Romanovlar  sülaləsinin 
hakimiyy ətinin  300  illiyi  münasibəti  ilə  rus  çarı  II  Nikolaya  hədiyyə 
edilmişdir. Taxt bu minvalla çarın Qış Sarayına (Ermitac muzeyi) düşərək 
hal-hazırda  orada  saxlanır.  Çox  böyük  təəssüf  hissi  ilə  qeyd  edirik  ki, 
YUNESKO-nun dünya mədəni irsi abidələri sıyahısına salınmış Şirvanşah 
sarayı öz əsas atributunun yolunu hələ də gözləyir. 
Aleksandr  Düma  Talış  meşələrində  məskən  salmış  pələnglərin  Araz 
çayından  keçib  Qarabağa  qədər  gedib  çıxdıqlarını,  bu  ərazilərdə 
bəbirlərin  geniş  yayıldığını,  insanların  bəbirləri  əhliləşdirərək  onları 
yəhərin  qaşına  bağlayıb  ceyran  ovuna  çıxdığını  qeyd  edir 
(Düma  A., 
1985). 
Biosfer  rezervatlarla  bağlı  1970-ci  ildə  YUNESKO-nun  Baş 
konfransının  16-cı  sessiyasında  hökumətlərarası  «İnsan  və  Təbiət» 
(«Man and Biosphere», MAB) proqramı qəbul edilmişdir. Bu proqramın 
qəbul  edilməsində əsas  məqsəd  təbii  ehtiyatların  idarə  olunmasının və 
insanla  təbiət  arasındakı  davamlı  münasibətlərin  yaradılmasında  əsas 
problemlərini  öyrənməkdən  ibarət  idi.  MAB-ın  ali  orqanı  Beynəlxalq 
Koordinasiya Şurası (BKŞ) hesab edilir. Bu proqramın həyata keçirilməsi 
məqsədi ilə 
Biosfer Rezervatların Beynəlxalq Şəbəkəsi yaradıldı.  
Biosfer  rezervatlar  insan  və  təbiətin  qarşılıqlı  əlaqələrinin  optimal 
modelinin 
hazırlanmasında, 
elmi-tədqiqat 
və 
maarifləndirmə 
məsələlərində,  ekoloji  monitorinqin  aparılması  üçün  istifadə  olunur. 
Biosfer rezervatlar üç funksional zonaya bölünür:  
1  –  qoruq  recimi  statusuna  malik  əsas  zona;  bu  zonanın  əsas 
funksiyaları – ekosistemlərin və bioloji müxtəlifliyin qorunması, tədqiqi və 
bərpasından ibarətdir.  
2 – təbiətdən istifadəyə ciddi məhdudiyyətlər qoyulmuş 
bufer zonası; 
onların  əsas  funksiyaları  isə  əsas  zonaya  edilən  təsirin  nizamlanması 
hesab edilir. 
3  – 
keçid  zonası  (tranzit  zona)  –  bir  növ  davamlı  inkişafın 
mexanizmlərinin sınaq poliqonudur. 

 

Biosfer Rezervatların yaradılması zamanı əsas məqsədlərdən biri də 
kənd  əhalisi  ilə  ətraf  təbii  mühitin  harmonik  əlaqəsini  yaratmaqdan 
ibarət idi. BKŞ-nın 1971-ci ildə keçirdiyi ilk iclası MAB-ın yaranma tarixi 
hesab  edilir.  Bu  andan  etibarən  demək  olar  ki, «insan  və  təbiət» 
konsepsiyası «insan» anlayışına sistemdə ətraf təbii mühitə zərərli təsir 
edən  aqressiv  elementi  kimi  baxmağa  başladı.  Məhz  buna  görə 
proqramın  əsas  mövzusu  ekosistemlərin  mühafizəsi  məsələsidir.  BKŞ 
əsas  təbii  sistemlərə  –  ekvatorial  və  tropik  meşələrə, sahilyanı  və  dağ 
ekosistemlərinə, mülayim qurşaq meşələrinə, bozqır və səhralara insan 
təsirinin  miqyas  və  nəticələrini  müəyyənləşdirən  layihələrə  yardım 
etməyə başladı.  
1974-cü  ildə  amerika  alimləri  uzunmüddətli  elmi  tədqiqatlara 
əsaslanan ilk biosfer rezervat yaratdılar. Əgər 1976-cı ildə 8 dövlətdə 59 
biosfer rezervat yaradılmışdısa, növbəti 5 il ərzində «insan və biosfer» 
proqramının on illiyi ərəfəsində artıq dünyanın 55 ölkəsində 200 biosfer 
rezervat  fəaliyyət  göstərirdi.  Biosfer  rezervatların  böyük  əksəriyyəti 
əvvəllər yaradılmış milli parkların və digər xüsusi mühafizə olunan təbiət 
ərazilərinin sahələrində yaradılırdı. Burada əsas fərq ondan ibarət idi ki, 
indi alimlər və mütəxəssislər tədqiqatları MAB çərçivəsində aparırdılar. 
Biosfer rezervatların inkişafındakı növbəti mühüm addım 1983-cü ildə 
Minsk  şəhərində  keçirilmiş  biosfer  rezervatlar  üzrə  birinci  beynəlxalq 
konqresdə atıldı. Konqres üzvləri biosfer rezervatların çoxfunksiyalılığını 
qəbul  edərək  tədqiqat,  monitorinq,  təlim,  maarifləndirmə  və  yerli 
icmalarla  əlaqə  məsələlərini  xüsusi  qeyd  etdi. «İnsan  və  Biosfer» 
proqramı  1992-ci  ildə  Rio-de-Caneyroda  keçirilmiş  BMT-nin  ətraf  təbii 
mühit  və  inkişaf  üzrə  Konfransında  yeni  mərhələyə  qədəm  qoydu.  Bu 
konfrans təbiəti mühafizə üzrə beynəlxalq proqramlara çox böyük təkan 
verdi.  Məsələn,  Bioloji  müxtəlifliyin  qorunması  üzrə  Konvensiya 
biomüxtəlifliyin  mühafizəsində  «ekosistem  yanaşmasını»  irəli  sürərək 
ətraf təbii mühitin problemlərinin qlobal tədqiqi zamanı sistemin ayrı-ayrı 
hissələrinə də diqqət yetirməyin vacibliyini, onları birləşdirən proseslərin 
dinamikasının  izlənməsinin  mühümlüyünü  qeyd  etdi, «ekosistem 
yanaşma»  metodunun  təkcə  təbii  sistemlərə  deyil,  sosial  və  iqtisadi 
sistemlərə  də  tətbiqinin  mümkünlüyünü  vurğuladı.  MAB  Proqramı 
sonralar  bu  yanaşmanı  təqdirəlayiq  hesab  edərək  bu  konsepsiyanın 
biosfer rezervatlara tətbiqində 5 müddəa irəli sürdü. Bundan əlavə, XXI 
əsrin  Proqramının  «Hərəkət  planı»nda  ətraf  təbii  mühitin  keyfiyyətinin 
yaxşılaşdırılması  ilə  bərabər  yerli  ictimaiyyət  ilə  də  qarşılıqlı 
münasibətlərin yaradılmasının vacibliyi qeyd edilir. 

 

Biosfer rezervatların  bazasında  davamlı  inkişaf  konsepsiyası  1995-ci 
ildə Sevilyada keçirilmiş beynəlxalq konfransda özünün sonrakı inkişafını 
əldə etdi. Nümayəndələr bioloji rezervatların idarə olunmasında on əsas 
məsələni  müəyyənləşdirdi,  qarşıdakı  məqsədlərin  icrası  zamanı  zəruri 
parametrlərin  siyahısını  tərtib  etdikdən  sonra  onların  funksiyaları  daha 
aydın  şəkil  aldı 
(Batisse M., 2001).  Qeyd  edildi  ki,  biosfer  rezervatlar 
ərazilərində ancaq yerli əhali ilə cəmiyyət arasındakı razılıq nəticəsində 
davamlı inkişafa nail olmaq mümkündür. Bu addım cəmiyyətdə onların 
rolunu  yeni  bir  mərhələyə  qaldırdı.  Sevilya  konfransında  hazırlanmış 
«Biosfer  Rezervatlar  Qovşağının  Dünya  Şəbəkəsinin  yaradılması 
haqqında» Əsasnamə sonradan YUNESKO üzvü ölkələri tərəfindən qəbul 
edilərək  bir  növ  MAB  Nizamnaməsinə  çevrilib  onu  hüquqi  cəhətdən 
möhkəmləndirdi, cəmiyyətdə yeni bir baxışlar sistemi yaratdı.  
Son  zamanlarda  yaranmış  Sərhədyanı  biosfer  rezervatlarını  isə 
keyfiyyətcə  yeni  mərhələ  hesab  etmək  olar.  Bu  gün  artıq  Fransa  – 
Almaniya, Çexiya – Polşa, Polşa – Slovakiya, Rumıniya – Ukrayna, Polşa 
– Slovakiya – Ukrayna və s. sərhədyanı biosfer ərazilər buna misaldır. 
İnformasiya mübadiləsi sahəsində də xeyli nailiyyətlər əldə edilmişdir. Bu 
mübadilələr əsasən MAB-ın Avropa, Afrika, Cənub-Şərqi Asiya və digər 
regional mərkəzlərində təşkil edilən mütəmadi görüşlər nəticəsində əldə 
edilir.  Sonda  onu  demək  lazımdır  ki,  biosfer  rezervatlar  artıq  nəinki 
dünyada  özünə  yer  tutmuş,  o,  eyni  zamanda  Beynəlxalq  Təbiəti 
Mühafizə  Cəmiyyətinin  2000-ci  ildə  Omanda  keçirilmiş  Konqresində 
«ekosistem  yanaşmasının  ən  yaxşı  nümunəsi»  adlandırılmışdır.  Hal-
hazırda  biosfer  rezervatlar  nadir  təbiət  ərazilərinin  mühafizəsi 
məsələsindən  tutmuş  çeşidli  ekosistemlərdə  bioloji  və  mədəni 
müxtəlifliyin  qorunması  məsələsinə  qədər  uzun  bir  inkişaf  yolu 
keçmişdir.  Gələcəkdə,  şübhəsiz  ki,  biosfer  rezervatlar  insanla  təbiətin 
barışıq yaratdığı nümunəvi ərazilər olacaqdır.  
Xronoloji  baxımdan  İnsan  və  Biosfer  Proqramının  inkişaf  tarixindəki 
əsas mərhələlər aşağıdakılardır: 

 
1970: YUNESKO-nun Baş Konfransı. Nümayəndələr İnsan və 
Biosfer  Proqramının  yaradılmasını  dəstəklədilər.  Proqramın  məqsədinin 
kənd  əhalisi  ilə  ətraf  təbii  mühitin  harmonik  birgə  yaşayışını  müdafiə 
etməkdən ibarət olduğu qeyd edildi. 

 
1971: Beynəlxalq Koordinasiya Komitəsinin birinci iclası. 
Bu  iclas  İnsan  və  Biosfer  Proqramının  yaranma  tarixi  hesab  edilir. 
İclasda  14  tədqiqat  proqramının  təsis  edilməsi  qərara  alındı.  Bu 

 

proqramların  məqsədi  insanın  müxtəlif  təbiət  sistemlərinə  təsirini 
öyrənməkdən ibarət oldu. 

 
1972: İnsanı əhatə edən Ətraf Təbii Mühit üzrə BMT-nin 
Konfransı, Stokholm. Planetin ekosistemlərinin etalon nümunələrinin 
mühafizəsi  məqsədi  ilə  qorunan  təbiət  ərazilərində  qlobal  şəbəkənin 
yaradılması üzrə tövsiyələr verildi. 

 
1976:  YUNESKO-nun  Biosfer  Rezervatları  anlayışının 
müəyyənləşdirilməsi  üzrə  iclası.  Dünyanın  8  ölkəsində  59  biosfer 
rezervat yaradıldığı qeyd edildi. 

 
1983:  Biosfer  Rezervatlar  üzrə  Birinci  Beynəlxalq 
Konqres.  Nümayəndələr  elmi-tədqiqat,  monitorinq,  maarifləndirmə, 
təhsil  və  yerli  icmalarla  münasibətlərin  yaradılması  məsələləri  də  daxil 
olmaqla  biosfer  rezervatların  inkişafı  üzrə  hərəkət  planının  detallarını 
hazırladı. 

 
1992:  Yer  Planetinin  Sammiti,  Rio-de-Caneyro.  Bioloji 
müxtəliflik  üzrə  Konvensiya  «ekosistem  yanaşması»nı  təqdim  edərək 
ətraf  təbii  mühit  problemlərinin  analizi  ilə  yanaşı  sosial  və  iqtisadi 
problemlərin  də  öyrənilməsinin  zəruriliyini  qeyd  etdi.  Belə  ki,  Hərəkət 
Planının  21-ci  paraqrafında  lokal  təbii  mühitin  mühafizəsi  və  inkişafına 
yerli əhalinin cəlb olunması ideyası irəli sürüldü.  

 
1995: 
YUNESKO-nun 
Sevilya 
Konfransı. 
Biosfer 
Rezervatların yaradılması və idarə olunmasında davamlı inkişafın vacibliyi 
haqqında  Sevilya  Strategiyası,  biosfer  rezervatlar  haqqında  Əsasnamə 
qəbul  edildi. Bu  Əsasnamədə  ərazilərin  təsdiqi, şəbəkənin  yaradılması, 
dövrü  müşahidələr  və  biosfer  rezervatların  YUNESKO-nun  biosfer 
rezervatları siyahısından çıxarılması qaydaları müəyyənləşdirildi. 

 
2000:  Sevilya+5  İclası,  Pamplone.  Nümayəndələr  son  5  il 
müddətində beynəlxalq səviyyədə Sevilya Strategiyasının müddəalarının 
reallaşdırılması məsələlərini nəzərdən keçirdi. 

 
2004:  Daim  duman  şəraitində  olan  dağ  meşələrinin 
mühafiz əsi  və  idarə  olunmasının  tədqiqinə  həsr  edilmiş 
beynəlxalq simpozium, Vayme, Havay (ABŞ). Dünyanın tanınmış 
mütəxəssislərinin  və  mühafizəçi-ekspertlərinin  çox  vacib  olan  bu  tip 
meşələrin mühafizəsinin daha da gücləndirilməsi üzrə fikir mübadiləsinin 
keçirilməsi planlaşdırılır. YUNESKO-nun MAB proqramı və YUNESKO-nun 
Beynəlxalq  Hidrologiya  Proqramı  bu  tip  meşələrin  mühafizəsi  və  idarə 
olunmasındakı qarşılıqlı əməkdaşlıq üzrə birgə iclas planlaşdırır. 
Ölkəmizdə Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri mədəniyyəti çox 
qədim  tarixə  malikdir.  Ata-babalarımız  hər  zaman  təbiətlə  harmonik 

 
10 
ünsiyyət  yaratmış, onu  tərənnüm  etmiş, ona  sitayiş  edərək  müqəddəs 
yerlər  və  pirlər  şəklində  nəinki  təbiətin  ayrı-ayrı  elementlərini,  hətta 
meşəlikləri  belə  zaman-zaman  qoruyaraq  nəsillərdən  nəsillərə  yadigar 
qoymuşlar.  Qusar  rayonundakı  «Əlistan  Baba»  və  «Şeyx  Cüneyd» 
pirlərinin, Şamaxıdakı «Dədə Günəş piri»nin, Qəbələ rayonundakı «Şeyx 
Məhəmməd»  pirinin,  Astara  rayonundakı  «Quru  Nəbi  piri»nin  ağac  və 
meşəlikləri bu fikri bir daha sübut edir.  
Qafqaz  ərazisində  ilk  qoruq  1910-cu  ildə  qrafinya  P.S.  Uvarovanın 
təqdimatı  ilə  yaradılmış  Elləroyuğu  ərazisindəki  eldar  şamlığı  qoruğu 
hesab  olunur 
(Заповедники  Кавказа, 1990).  Bu  baxımdan 
Azərbaycanda  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  ənənəsinin 
təxminən  yüz  illik  tarixi  vardır.  Bundan  əlavə  bəzi  mənbələr  indiki 
Zaqatala  qoruğu  ərazilərinin  məşhur  rus  zadəganları  Demidov 
qardaşlarının şəxsi qoruq əraziləri olduğunu bildirir.  
Azərbaycan xalqı və dövləti ən ağır günlərində belə təbiəti müdafiə 
etmiş,  ona  xüsusi  qayğı  göstərmişdir.  Bu  baxımdan  İkinci  Dünya 
Müharibəsinin  ən  ağır  vaxtlarında  Azərbaycan  SSR  Xalq  Komissarları 
Sovetinin  12.09.1942-ci  il  tarixli,  №  3202  nömrəli  «Ceyran  ovunun 
qadağan  edilməsi  haqqında»  Qərarı  çox  diqqətəlayiqdir.  O  dövr 
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri T. Quliyevin imzaladığı 
bu  qərarda  «ceyranların  sayının  azalması  ilə  əlaqədar  olaraq  onların 
mühafizəsi və çoxalması məqsədi ilə bütün respublika ərazisində ceyran 
ovunun qadağan olunduğu» bildirilir 
(Алиев Ф.Т., 2002). 
Lakin  bu  ənənələrin  qara  səhifələri  də  olmuşdur.  Təbiətə  qarşı  ilk 
təcavüzkar addım 20 oktyabr 1948-ci il SSRİ Nazirlər Soveti və ÜİK(b)P 
Mərkəzi  Komitəsi  İ.  Stalinin  təşəbbüsü  ilə  xalq  arasında  «Təbiəti 
dəyişdirmək  haqqında  Stalin  planı»,  əsil  adı  isə  «SSRİ-nin  düzən  və 
meşəlik-düzən rayonlarında yüksək və sabit məhsul götürülməsini təmin 
etmək üçün tarla qoruyucu meşələr salmaq, ottarlalı növbəli əkin tətbiq 
etmək,  göllər  və  hovuzlar  yaratmaq  planı  haqqında»  qərarı  ilə  atıldı. 
Sonra  SSRİ  Nazirlər  Sovetinin  sədri  İ.V.  Stalinin  29  avqust  1951-ci  il 
tarixli  «Dövlət  Qoruqları  haqqında»  qərarına  əsasən  bir  sıra  qoruqlar 
ləğv edildi. Cəmiyyəti bir-birinə qarşı əbədi düşmən olan siniflərə bölən 
sovet cəmiyyəti dəhşətli repressiyalar vasitəsi ilə «ölkə daxilindəki siniflər 
mübarizəsini» ləğv etdikdən sonra təbiətlə mübarizəyə başladı. Bir sıra 
haqsız ittihamlar və antielmi mühakimələr əsasında 128 qoruqdan 88-i 
ləğv  edildi.  O  cümlədən  Rusiyadan  –  26,  Gürcüstandan  –  16, 
Belorussiyadan  –  2,  Qazaxıstandan  –  3,  Azərbaycandan  –  2, 
Türkmənistandan  –  4,  Ermənistandan  –  1,  Özbəkistandan  –  2, 

 
11 
Ukraynadan – 19, Litvadan isə 13 qoruq ixtisara salındı 
(Борейко В.Е., 
1996). Bu bədnam qərar nəticəsində Hirkan və Zaqatala qoruqları ləğv 
olundu (hər iki qoruq 7 ildən sonra – 1958-ci ildə yenidən bərpa olun-
du), Qızılağac qoruğunun sahəsi iki dəfə azaldıldı. Növbəti zərbə 10 ildən 
sonra,  tarixdə  volyuntarist  rəhbər  kimi  məşhur  olan  N.S.  Xruşşov 
tərəfindən endirildi. SSRİ Nazirlər Sovetinin «Dövlət qoruqları və ovçuluq 
təsərrüfatları sistemlərinin tənzimlənməsi haqqında» 10 iyun 1961-ci il, 
№  521 nömrəli Sərəncamına əsasən  qoruqların  bir  qismi  ləğv olundu, 
bir qismi isə kiçildildi. O cümlədən, bu sərəncamın 1 nömrəli əlavəsinə 
əsasən Göy-göl qoruğu ləğv edildi, 2 saylı əlavəyə əsasən isə Zaqatala 
qoruğu 3000 ha, Qızıl-Ağac qoruğu 4600 ha, Türyançay qoruğu 16000 
ha, Hirkan qoruğu isə təxminən 3000 ha azaldıldı.  
Hal-hazırda  Azərbaycan  ərazisində  4  milli  park, 13 qoruq  və  17 
yasaqlıq fəaliyyət göstərir. Ağ-Göl, Ordubad və Şirvan mill parkları 2003-
cü ildə, Hirkan milli parkı isə 2004-cü ildə yaradılmışdır 
(Yusifov E.F. və 
b., 2004). Ölkəmizin  ilk  dövlət  qoruğu  1925-ci  ildə  yaradılmış  Göy-Göl 
dövlət qoruğudur. 
Sonda  ilk  öncə,  yaratdığı  şəraitə  görə  Ekologiya  və  Təbii  Sərvətlər 
Naziri cənab H. Bağırova öz  minnətdarlığımızı bildiririk.  
Kitabın  ərsəyə  gəlməsində  səmimi  dəstəyinə  görə  Nazirliyin  Bioloji 
Sərvətlər  və  Xüsusi  Mühafizə  Olunan  Təbiət  Əraziləri  Departamentinin 
rəisi, xanım S.Məmmədovaya, ərazinin biomüxtəlifliyinin tədqiqi zamanı 
bilik  və  təcrübələrini  bölüşdürdüklərinə  görə  Hirkan  Milli  Parkının 
direktoru  S.Abdullayevə  və  Parkın  digər  əməkdaşları  –  Ş.Əliyevə, 
M.Kərimova və İ.Mahmudova xüsusi minnətdarlıqlarımızı bildiririk. 
Rəy,  təklif  və  səmimi  opponent  fikirlərinə  görə  qabaqcadan  öz 
təşəkkürlərimizi bildiririk: 
yusifov_eco@yahoo.com
 
 
 

 
12 
 
 
 
 
 
 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə