Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin hüquqi vasitələrinin hamısı verilmiş mühit üçün xarakterik olan xüsusi hüquqi rejimdə fəaliyyət göstərirlər, yəni tənzimləyici başlanğıcda birləşmiş olurlar. Dövlət idarəetməsinin özünəməxsus hüquqi rejimində hüquqi tənzimləmənin konkret vasitələrini və üsullarını fərqləndirirlər, onların tənzimləyici xüsusiyyətlərinin özünəməxsusluğu mövcud olur. Eyni zamanda burada dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin bütün məzmununu əhatə edən özünəməxsusluq da meydana çıxır. Onun özünəməxsusluğu tənzimləmədə aşağıdakı kimi vasitələrin, üsul və qaydaların birgə istifadəsində və dominantlığında özünü göstərir: icazə vermə, qadağan etmə, öhdəlikləndirmə, tabeçilik, hesabatlılıq və nəzarətdə saxlamaq, dövlətin etibarı, qulluqçuların sadiqliyi, hüquqi stimullaşdırma və hüquqi məhdudlaşdırma. Məsələn, hamılıqla qəbul olunmuş mülahizəyə görə, hüquqi stimullaşdırma özündə həm pozitiv (subyektiv hüquq, imtiyazlar, mükafatlandırma), həm də neqativ (qadağalar, cavabdehlik, məcburetmə tədbirləri, töhmət, cəzalandırma) təsirlərini birləşdirir.
İdarəetmə proseslərində və münasibətlərində davranışı müəyyən edən hüquqi normaların mahiyyəti və məzmunu hüquqi tənzimlənmə üsullarından asılı olur ki, bu üsullarda hüquqi normaların qarşılıqlı fəaliyyətdə olan iştirakçılara hüquqi təsirlərinin xüsusiyyəti (mahiyyəti) öz əksini tapır. Dövlət idarəetməsinin hüquqi tənzimlənmə üsullarının ümumi şəkildə aşağıdakı növlərini fərqləndirirlər:
məcbur etmə (pozitiv öhdəlikləndirmə) - müəyyən fəaliyyətin yerinə yetirilməsinin birbaşa vəzifə (borc, öhdəlik) kimi şəxsin üzərinə qoyulması;
qadağan etmə - hər hansı fəaliyyət növündən çəkinməyin borc kimi şəxsin üzərinə qoyulması;
icazə vermək - şəxslərə bu və ya digər fəaliyyət növü ilə məşğul olmaq hüququnun verilməsi.
Bu üsulların hər birindən dövlət idarəetməsinin hüquqi tənzimlənməsində istifadə olunur və onları dövlət orqanlarının hüquqi statusunda aşkar etmək olar. Lakin ən çox pozitiv öhdəlikləndirmə üsulu dominantlıq təşkil edir, çünki bu və ya digər dövlət orqanına verilən səlahiyyət, onun üzərinə qoyulmuş öhdəlik (vəzifə) kimi çıxış edir. O, özündə müəyyən qərarların və hərəkətlərin yerinə yetirilməsinə icazə və ya qadağanı əks etdirə bilər, lakin istənilən halda dövlət orqanının səlahiyyətinə aid edilən işlər hökmən yerinə yetirilməlidir. Bu, dövlət orqanının mülki hüquq subyektindən fərqini göstərir. Buna görə də dövlət idarəetməsi əsasən Konstitusiya və inzibati hüquq normalan ilə tənzimlənir.
Dövlət idarəetməsi özündə çox müxtəlif ictimai əlaqələri, bu zaman baş verən prosesləri və formalaşan qarşılıqlı əlaqələri əks etdirir. Bütün bu dövlət-idarəetmə münasibətləri, hadisələri, prosesləri və qarşılıqlı əlaqələri hüquq normalarının köməyi ilə zəruri hüquqi formalarda tənzimlənməlidir. Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin predmetinə uyğun olaraq onun metodları çoxluğundan elə üsullar, vasitələr, qaydalar, strukturlar istifadə olunur ki, bunlar dövlət orqanlarının statusuna və onların fəaliyyət proseslərinə müəyyənlik, məqsədyönlülük və ardıcıllıq vermiş olsun. Burada çox şey onların hər birinin hüquqi baxımdan əks olunduğu və təsbit edildiyi hüquqi formalardan çox asılı olur.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin
formaları, növləri və strukturu Çoxşaxəli dövlət-idarəetmə praktikasında ictimai proses və münasibətlərin hüquqi tənzimlənməsinin elmə məlum olan müxtəlif formalarından və növlərindən istifadə edilir ki, bu da həmin sferada meydana çıxan bütün hadisələrin hüquqi tənzimlənmə ilə əhatə olunmasının zəruriliyi ilə əlaqədardır.
Dövlət idarəçiliyinin hüquqi tənzimləməsində istifadə olunan formalar dövlətin forması ilə müəyyənləşir ki, bu da öz növbəsində dövlət quruluşunun forması, idarə forması, siyasi və dövlət rejimləri ilə xarakterizə olunur. Məsələn, demokratik hüquqi dövlətdə ictimai münasibətlər sferasının hüquqi tənzimlənməsində yalnız sırf hüquqi təsir vasitələrindən istifadə olunur. Adətən, bütün dövlətlərdə tipik hüquqi tənzimləmə formalarından istifadə edilir. Başlıca fərqlər isə formaların ifadə olunduğu normativ məzmunla bağlı olur.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsininformaları dövlət idarəetmə institutları, prosesləri və münasibətlərinin hüquqi vəziyyətini müəyyənləşdirmək və onlara lazımi struktur mütəşəkkilliyi və rəsmi xarakter vermək məqsədləri üçün istifadə olunur. Bu formalar həm xarakterinə, həm də məzmununa görə razılaşdırılmış olmalı və onların toplusu bütövlükdə dövlət idarəetməsinin hüquqi tənzimlənmə sistemini təşkil etməlidir. Dövlət orqanlarının və vəzifələrinin hüquqi vəziyyətini, həmçinin onların praktiki reallaşdırıldığını müəyyənləşdirmək məqsədi ilə istifadə olunan hüquqi formalar bu orqanların lazımi qaydada struktur təşkilində, fəaliyyətinin rasionallığında və qarşılıqlı əlaqələrinin sistemliliyində böyük əhəmiyyətə malikdirlər. Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin formalarına bir sıra tələblər irəli sürülür.
Birincisi, hüquqi normalarvaxtında qəbul olunmalı və mahiyyətcə aktual olmalıdır. Təcrübə göstərir ki, idarəetmə əlaqələrinin normativ rəsmiləşdirilməsində gecikmələrə yol verilməsi keyfiyyətcə yeni hadisələrin süni şəkildə köhnəlmiş hüquqi çərçivələrə “sıxışdırılmasına” gətirib çıxarır ki, bu da hüquqi normaların sanki idarəetməyə mane olduğu, “idarəedənlərin” yaradıcı təşəbbüsünü boğduğu haqda təəssüratların yaranmasına səbəb olur.
İkincisi, dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin formaları kifayət qədərdayanıqlı və sabit olmalıdır. Dövlət orqanının və vəzifələrinin statusunu tez-tez dəyişdirmək insanların bu statusa uyğunlaşmaq, başa düşmək, praktikada tətbiq etmək və qiymətləndirmək imkanını azaldır. Buna görə də, uzun müddət həyatın tələblərinə cavab verə biləcək normalar seçməyi bacarmaq lazımdır.
Üçüncüsü, hüquqi normalarıntamlığı və daxili razılaşdırılmış olması təmin edilməlidir. Bu mənada iri həcmli, kompleks hüquqi aktların yaradılması daha məqsədəuyğun hesab edilir ki, burada idarəetmə fenomenləri (elementlər, onların qarşılıqlı əlaqələri, alt sistemlər) mümkün qədər tam hüquqi rəsmiləşdirilə bilər.
Dövlət idarəetməsinin hüquqi tənzimləməsində istifadə olunan ən mühüm hüquqi formalar hüquqi aktların qəbul olunması (qanunlar, qanunaltı aktlar, idarəetmə (inzibati) aktları) ilə bağlıdır.Hüquqi aktlarmüəyyən hüquqi nəticələr doğuran, hüquqi vəziyyətlər yaradan və müəyyən ictimai münasibətlərin tənzimlənməsinə yönələn rəsmi sənədlərin hüquqi formasını müəyyən edirlər. Hüquqi aktlarınormativ hüquqi aktlara, yəni özündə hüquqi normaları saxlayan, ictimai münasibətlərin müəyyən sferasını tənzimləyən vəqeyri-normativ hüquqi aktlara, yəni yalnız ünvanlandığı subyektlərdə hüquq və vəzifələr yaradan aktlara ayırırlar. Dövlət idarəetməsinin elementlərinə, idarəetmə proseslərində insanların davranış normalarına status xüsusiyyətləri verən hüquqi akt nə qədər yüksək səviyyəli və “güclü” olarsa, bu aktın dövlət idarəetməsinin tamlığını təmin etmək və onun müxtəlif səviyyələrinin və təşkilati strukturunun müxtəlif növlərinin (alt sistemlərinin) idarəedici təsirlərinin əlaqələndirilmiş olmasına yardım etmək üçün bir о qədər çox imkanları olur.
Hakimiyyətlərin bölgüsü prinsipi vahid dövlət hakimiyyətinin bütün orqanlarının fəaliyyət müstəqilliyini və onların qəbul etdiyi hüquqi aktların formalarında müxtəlifliyin olmasını nəzərdə tutur. Məsələn, qanunverici orqanların yerinə yetirdiyi qanunvericilik tənzimləməsi bütün ölkə ərazisində icrası məcburi olan qanun və qərarlar (Milli Məclisin qəbul etdiyi qanunlar) formasında həyata keçirilir. Məhkəmə orqanları tərəfindən həyata keçirilən ədalət məhkəməsi hökmlərin, qərarların, qətnamələrin qəbul olunması kimi məhkəmə tənzimlənməsi formalarından istifadə edirlər. Ölkə Prezidentinin qəbul etdiyi fərmanlar, sərəncamlar Prezident tənzimləməsi formalarını təşkil edir. Hökümət tənzimləməsi hökümətin qəbul etdiyi hüquqi aktlar formasında rəsmiləşdirilir və.s. Beləliklə, dövlət idarəetməsinin hüquqi tənzimlənməsi formaları ən müxtəlif normativ-hüquqi aktların çoxluğundan ibarətdir. Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin aşağıdakı əsas formalarmı fərqləndirirlər:
Konstitusiya - ali hüquqi qüvvəyə malik normativ hüquqi akt;
Qanunlar - həm status vəziyyətlərini, həm də bu və ya digər işlərin yerinə yetirilməsinin hüquqi qaydalarını müəyyənləşdirən normativ hüquqi akt;
President fərmanları və sərəncamları;
Qanunaltı normativ hüquqi aktlar - səlahiyyətli orqanların normativ-hüquqi aktları: a) hökümət qərarları; b) sahə normativ-hüquqi aktları (nazirlik, komitə, xidmət və.s.); c) yerli, о cümlədən yerli özünüidarəetmə orqanlarının normativ-hüquqi aktları (şəhərlərin, yerli özünüidarəetmə qurumlarının nizamnamələri); d) lokal (təşkilatdaxili) normativ-hüquqi aktlar - bu aktlar dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən özlərinin daxili idarəetmə fəaliyyətini nizamlamaq məqsədi ilə qəbul olunurlar (reqlamentlər, əsasnamələr, təlimatlar).
Yuxarıdakı tələblər baxımından dövlət idarəetməsinin hüquqi tənzimlənməsində ölkədə ali hüquqi qüvvəyə malik hüquqi akt kimi Konstitusiyanınbaşlıca əhəmiyyətə malik olması tamamilə məntiqidir. Konstitusiya müəyyən ictimai münasibətlər sistemini əks etdirməklə cəmiyyətin məqsəd və dəyərlərinin strukturunu müəyyənləşdirir, gələcək inkişafının istiqamətlərini təyin edir. Digər hüquqi-normativ aktlardan fərqli olaraq Konstitusiyanı çox vaxt hüquqi xartiya, əsas qanun adlandırırlar və bununla da onun cəmiyyətin bütün hüquq sisteminin mənbəyi və bazisi olması keyfiyyətini xüsusi vurğulayırlar. Məhz Konstitusiya hakimiyyətin strukturunu, onun formalaşdırılması, fəaliyyət prinsipləri və mexanizmlərinin, əsas status vəziyyətləri və bir çox məsələlərin müəyyənləşdirilməsinin əsasını qoyur ki, bunlar dövlət idarəetməsinin hüquqi tənzimlənməsi üçün böyük əhəmiyyətə malikdir.
Konstitusiyanın mətninə və ya mənasına nə qədər böyük əhəmiyyət verilsə də, başlıca məsələ onun praktiki reallaşdırılmasından, cəmiyyətin vəziyyətinə və inkişafına necə təsir göstərməsindən ibarətdir. Yeri gəlmişkən qeyd edək ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlət idarəetməsinin sistemli təşkilinin əsaslarını yaradır. Azərbaycan Respublikasının Konstitusiyasında demokratik, hüquqi, dünyəvi, unitar dövlət qurmaq və onun köməyi ilə ictimai prosesləri, insanların davranışını və fəaliyyətini lazımi qaydada idarə etmək üçün kifayət qədər maddələr mövcuddur. Buna görə də, dövlət idarəetməsinin hüquqi tənzimlənməsi problemlərinin öyrənilməsi dövlətin, onun alt sistemlərinin və ayrı-ayrı dövlət orqanlarının təşkilinə aid Konstitusiyanın bütün müddəalarını bilməyi və uyğun məsələlərin aydınlaşdırılmasında bu müddəaları əldə rəhbər tutmağı tələb edir.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin çox mühüm bir forması həm hüquqi status vəziyyətlərini, həm də bu və ya digər ictimai işlərin yerinə yetirilməsinin hüquqi qaydalarını müəyyənləşdirənqanunlardan ibarətdir. Qanun dedikdə dövlət həyatının əsas məsələləri üzrə xüsusi qaydada qəbul olunan, bilavasitə ümumi dövlət iradəsini ifadə edən və ali hüquqi qüvvəyə malik olan (Konstitusiyadan sonra) normativ hüquqi akt başa düşülür.
Dövlət idarəetməsinin hüquqi tənzimləmə formalarından biriniPrezidentfərmanları və sərəncamlarıtəşkil edir. Konstitusiyaya əsasən Azərbaycan Respublikasında bir çox dövlət idarəçilik elementlərinin və onların qarşılıqlı əlaqələrinin hüquqi tənzimlənməsi sahəsində ölkə prezidenti geniş səlahiyyətlərə malikdir. Prezident fərmanları normativ xarakter daşıyır. Bu fərmanlar öz hüquqi qüvvəsinə görə zəruri qanunların olmadığı hallarda ilkin hüquqi normativ akt rolunu oynayır. Dövlət idarəetməsi üçün prezidentin mövcud dövlət vəzifələri çərçivəsində kadr dəyişiklikləri barədə fərman və sərəncamlarının böyük əhəmiyyəti vardır.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin formaları arasında müxtəlif səlahiyyətli orqanların qanuna əsaslanan və qanuna zidd olmayan qanunaltı normativ hüquqi aktlarının xüsusi əhəmiyyəti vardır. Bu aktlara aşağıdakıları aid etmək olar: ümumdövlət; sahə; yerli, о cümlədən yerli özünüidarəetmə orqanlarının; lokal (təşkilatdaxili).
Ümumdövlət normativ aktları əsasən hökümət tərəfindən onun səlahiyyətinə aid edilən məsələlər üzrə hüquqi statusun və müxtəlif idarəetmə işlərinin aparılması normalarının (qaydalarının) müəyyənləşdirilməsi barədə qəbul olunmuş qərarlardan ibarət olur. Bu qərarların icrası bütün ölkə ərazisində məcburidir. Ümumdövlət normativ aktları həm də ayrı-ayrı səlahiyyətli nazirliklər və ona bərabər tutulan icra hakimiyyəti orqanları tərəfindən qəbul oluna bilər.
Sahə normativ aktları xüsusi səlahiyyətlərə malik orqanlar tərəfindən qəbul olunur və dövlət idarəetməsinin uyğun alt sisteminə daxil olan idarəçilik işlərinə və vəzifəli şəxslərin davranışına aid edilir (nazirlik, komitə, agentlik, idarə və .s.).
Yerli, о cümlədən yerli özünüidarəetmə orqanlarının normativ aktlarıyerli dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul olunur və bu ərazidəki idarəetmə proseslərinə aid edilir. Belə aktlara şəhər və rayonların, bələdiyyələrin nizamnamələrini aid etmək olar.
Lokal (təşkilatdaxili) normativ aktlardövlət orqanı və ya yerli özünüidarəetmə orqanı tərəfindən öz daxili idarəçilik fəaliyyətini tənzimləmək məqsədi ilə qəbul olunmuş aktlardır. Belə aktlara reqlamentlər, əsasnamələr, vəzifə təlimatlan və digər sənədlər aiddir.
Bütövlükdə, dövlət fəaliyyətinin hər bir növü öz hüquqi ifadəsini müəyyən hüquqi formalarda tapir ki, bunlar da hüquqi tənzimləmənin növlərinə uyğun gəlir. Dövlət idarəetməsinin hüquqi tənzimləməsi istiqamətindən və predmet xüsusiyyətlərindən asılı olaraq müxtəlif növlərə ayrılır. Dövlət idarəçiliyində istifadə olunan hüquqi tənzimləmə növlərinin strukturunu aşağıdakı kimi təsvir etmək olar:
normativ
1) qanunvericilik;
2) qanunaltı - prezident fərmanları və sərəncamları; hökümət qərarları; parlament qərarları; məhkəmə qərarları; sahə idarələrinin qərarları
1) ümumi-hüquqi; 2) xüsusi-hüquqi
1) sahə;
2) kompleks - konstitusiya; inzibati; əmək; vergi; maliyyə; gömrük; və.s.
beynəlxalq
1) mərkəzi; 2) regional; 3) yerli; 2) yerli özünüidarəetmə.
müqavilə
1) xarici; 1) təşkilatdaxili
1) maddi; 2) prosesual; 3) hüquq-mühafizə
1) mərkəzləşdirilmiş (imperativ);
2) qeyri-mərkəzləşdirilmiş (dispozitiv);
3) yardımçı (subsidiar)
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin bu növlərinin xüsusiyyətlərini də xarakterizə etmək olar. Məsələn,normativ tənzimləmə- dövlət hakimiyyəti və idarəetməsi sahəsində səlahiyyətli və cəmiyyətin (xalqın) legitini etimadına malik subyektlər tərəfindən ictimai həyat fəaliyyəti qaydaları, üsulları və prosedurları sisteminin müəyyənləşdirilməsindən ibarətdir. İnsanların davranışı və ictimai əhəmiyyətli işlərin yerinə yetirilməsi normalarının işlənib hazırlanması və dövlət orqanlarının aktlarında təsbit olunması normativ tənzimləmənin mahiyyətini təşkil edir. Dövlət idarəetməsi sahəsindəki ictimai münasibətlərə təsir etmək üçün müxtəlif hüquq sahələrinin normalarından istifadə olunur. Hüquqi normaların sahə mənsubiyyətindən asılı olaraq konstitusiya, inzibati, əmək, mülki, cinayət və digər tənzimləməni fərqləndirirlər. Bununla yanaşı, hüquqi tənzimləmə yalnız bir sahəli deyil, həm də kompleks ola bilər. Bu о zaman baş verir ki, müəyyən münasibətlərin tam tənzimlənməsi üçün hüququn başqa sahələrinin normalarından istifadə etmək tələb olunur. Beləliklə, dövlət idarəetmə subyektlərinin fəaliyyəti hüququn yalnız bir sahəsinin normalan ilə deyil, bir çox hüquq sahələrinin və institutlarının müəyyənləşdirdiyi maddi və prosesual hüquq normalan ilə tənzimlənir.
Dövlət idarəçiliyində tətbiq olunan hüquqi tənzimləmə növlərinin və formalarının müxtəlifliyi dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin strukturunu yaradır. Bu struktur bir-birinə zidd iki məqamın təsiri altında formalaşır. Bu, bir tərəfdən Konstitusiya və qanunvericiliklə təsbit edilmiş və obyektiv şəkildə mövcud olan hüquqi tənzimlənmə formalarından (hüquqi aktlar), digər tərəfdən isə hüquqi tənzimlənmənin məzmununu diqtə edən dövlət idarəetməsinin elementlərinin, proses və münasibətlərinin özünün xarakterindən ibarətdir. İkinci məqam dövlət idarəetməsinin elementlərinin tipik və unikal xüsusiyyətləri ilə bağlıdır. Aydındır ki, dövlət idarəetməsinin universal, idarəetmə fəaliyyətində geniş və müntəzəm tətbiq olunan, idarəetmədə daha aktual və müəyyənləşdirici rol oynayan elementləri tam və vahid qaydada hüquqi tənzimlənməyə məruz qalmalıdırlar. Bu, xüsusilə, ümumdövlət xarakteri daşıyan, vahid dövlət siyasətini həyata keçirməyi təmin edən elementlərə aiddir. Eyni zamanda, dövlət idarəetməsinin unikal elementlərinin və ya tipik elementlərin unikal tərəflərinin, cəhətlərinin tətbiqi imkan, təşəbbüs və müstəqillik tələb edir. Burada ciddi reqlamentləşdirmə mümkün deyil və lüzumsuzdur, çünki bu təkrarlanmayan, özünəməxsus idarəetmə vəziyyətlərində unikal elementlərin konstruktiv imkanlarını azalda bilər. Lakin əgər elementlərin özlərinin hüquqi tənzimləməyə məruz qalması məqsədəuyğun deyilsə də, üsullar, prosedurlar, onların tətbiq «sahələrinin» sərhədləri tənzimlənməlidirlər. İdarəetmədə qanunilik müstəqil idarəetmə fəaliyyətinin müəyyən çərçivələrinin və miqyaslarının, məzmunu və məsuliyyətinin olmasını nəzərdə tutmaya bilməz.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin strukturu elə olmalıdır ki, onun hər bir elementinə öz mahiyyətinə və təyinatına uyğun olan və səmərəli reallaşdırılmasını təmin edən hüquqi forma verilsin. Bu baxımdan dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin strukturu aşağıdakıları əhatə edir:
Qanunvericilik tənzimlənməsi- burada dövlət idarəetməsinin ən tipik elementləri - ümumi başlanğıclar, əsas prinsiplər, yanaşmalar, metodoloji əsaslar müəyyənləşdirilir;
Normativ müəyyənləşdirmə - dövlət idarəetməsinin bir sıra elementlərinin rayon və şəhər dövlət idarəetmə orqanları və yerli özünüidarəetmə orqanları vasitəsi ilə normativ müəyyənləşdirilməsi;
Altsistemdaxili normativ tənzimlənmə- ümumi və xüsusi səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən idarəetmə proseslərinin altsistemdaxili normativ tənzimlənməsi;
Özünüidarəetmə tənzimlənməsi- əhalinin öz iradəsini bilavasitə ifadə edə bildiyi kiçik ərazilərdə özünüidarəetmə tənzimlənməsi;
Hüquq-mühafizə tənzimlənməsi- insanların hüquq və azadlıqlarına, dövlət idarəetməsində təyin olunmuş prinsiplərə və institutlara zəmanətləri təmin etmək və müdafiə etmək məqsədilə nəzarət və hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən idarəetmə proseslərinin tənzimlənməsi.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsində həm maddi, həm də prosessual normaların real, tam və səmərəli şəkildə həyata keçirilməsini təmin edən hüquqi mexanizmlər də mühüm rol oynayır. Bunlar dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının fəaliyyət reqlamentləri, idarəetmənin müxtəlif sosial və informasiya texnologiyalarından ibarətdir. Dövlət idarəetməsinin keyfiyyətinin yüksəlməsinə imkan verən yeni texnologiyaların mənimsənilməsi aktuallıq kəsb edir. Burada da hüququn nüfuzu və gücünün köməyi olmadan keçinmək mümkün deyildir. Dövlət idarəetməsinin elementlərinin “statik” parametrlərinin hüquqi rəsmiləşdirilməsində olduğu kimi, onların tətbiqi prosesinin hüquqi tənzimlənməsi də tipik və unikalın, zəruri və arzuolunanın, məcburi və mümkün olanın dəqiq və düşünülmüş şəkildə fərqləndirilməsini nəzərdə tutur.
Bütün bunlar bir tərəfdən hüquqi tənzimləmənin hər bir növünün müstəqilliyini və özünəməxsusluğunu, digər tərəfdən onlar arasında müəyyən qarşılıqlı əlaqəni və razılaşdırmanı şərtləndirir. Bu məsələdə istənilən kənarlaşma sistemli asılılıqların pozulmasına səbəb ola bilər və xoşagəlməz hallar, xüsusi halda struktur gərginliyi yarada bilər. Dövlət idarəetməsinin tamlığının antipodu kimi çıxış edən sahəçilik və yerliçilik xüsusilə təhlükəli ola bilər. Dövlət idarəetməsinin hüquqi tənzimlənməsi prosesinin özü isə sistemli şəkildə təşkil olunmalıdır.