“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Mövzu: 5. Dövlət idarəetməsinin təşkilati və funksional strukturu



Yüklə 0,54 Mb.
səhifə18/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   14   15   16   17   18   19   20   21   ...   57
referat 3390

Mövzu: 5. Dövlət idarəetməsinin təşkilati və funksional strukturu
Plan:
5.1. Dövlət idarəetməsinin prinsipləri.
5.2. Dövlət idarəetməsinin funksiyalar sistemi: mahiyyəti və növləri.
5.3. Dövlət idarəetməsinin funksional və təşkilati strukturu.
5.4. Dövlət idarəetmə orqanlarının təşkili xüsusiyyətləri

5.1. Dövlət idarəetməsinin prinsipləri
Dövlət idarəetmə sisteminin təşkili və səmərəli fəaliyyətinin təmin olunması, ilk növbədə, dövlət idarəçiliyinin məqsədlərinin, prinsiplərinin və təşkilati strukturunun müəyyənləşdirilməsini tələb edir. Dövlət idarəetməsinin məqsədləri haqqında yuxandakı fəsillərdə məlumat verilmişdir. Bu məqsədlərinin reallaşdırılması isə ilk növbədə dövlət idarəetməsinin prinsiplərində əks olunmuş əsas müddəalara əsaslanır.
Prinsiplər (latınca ilkin, əsas) nəzəriyyə və praktika ilə sınaqdan çıxarılmış ilkin müddəaları, bəşəriyyətin bir çox əsrlər ərzində təcrübə yolu ilə əldə etdiyi dövlət idarəetmə sisteminin elementləri arasındakı qanunauyğunluqları, münasibətləri, qarşılıqlı əlaqələri əks etdirir. Bu özünəməxsus anlayışda yalnız qanunauyğunluq, münasibət və əlaqələr deyil, həm də onlar haqqındakı biliklər də öz əksini tapmışdır.
Öz təbiətinə görə obyektiv və funksional olan prinsiplər insanlar tərəfindən dərk olunur, şərh edilir və onların şüurlu fəaliyyəti nəticəsində reallaşdırılır. Bu mənada prinsiplər həm də müəyyən dərəcədə subyektivlik elementlərini özündə saxlayır. Buna görə də prinsiplərin hüquqi formada ifadə olunmasının xüsusi əhəmiyyəti vardır. Belə ki, dövlət idarəetməsinin prinsipləri uyğun qaydada hüquqi normalarda təsbit olunduqca onların təsirliliyi daha da artır, obyektivlik xüsusiyyətləri özünü daha çox büruzə verir. Bu prinsip­lərin normativ (qanunvericiliklə) təsbit olunması idarəetmə münasibətlərinə konkretlik və dayanıqlılıq verir, onların reallaşdırılması üçün kimin nə edəcəyinə aydınlıq gətirir və onlara ciddi əməl olunacağına zəmanətlər yaradır.
Dövlət idarəetməsinin prinsiplərindən danışdıqda nəzərdə tutulur ki, bu prinsiplər obyektiv idarəetmə hadisə və proseslərini, onların təbiətini açıqlamalı, həqiqəti dəqiq əks etdirməklə dövlət-idarəetmə reallıqlarının qanunauyğunluqlarını, münasibətləri və qarşılıqlı əlaqələrini elmi məntiqin tələb etdiyi formada əks etdirməli, elmi biliklərin idarəetmə praktikasında istifadə olunmasına kömək etməlidir.
Dövlət idarəetməsinin prinsipləri aşağıdakı tələblərə cavab verməlidir:

  1. Dövlət idarəetməsinin yalnız əhəmiyyətli, başlıca, obyektiv-zəruri qanunauyğunluqlarını, münasibətlərini və qarşılıqlı əlaqələrini əks etdirməlidir;

  2. Dövlət idarəetməsinin yalnız dayanıqlı qanunauyğunluqları, münasibətləri və qarşılıqlı əlaqələrini xarakterizə etməlidir;

  3. Dövlət idarəetməsini tam sosial hadisə kimi xarakterizə edən ümumi xarakterli qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələri əhatə etməlidir;

  4. Dövlət idarəetməsinin özünəməxsus xüsusiyyətlərini, onun idarəetmənin digər növlərindən fərqini əks etdirməlidir.

Beləliklə, obyektiv şəkildə mövcud olan, dövlət idarəçiliyinin təşkili və fəaliyyəti üçün xüsusi əhəmiyyət daşıyan dövlət idarəetməsinin prinsipi anlayışına aşağıdakı kimi tərif vermək olar:
Dövlət idarəetməsinin prinsipləri dövlət idarəetməsinin ictimai-siyasi təbiətinin və digər elementlər qrupunun müəyyən elmi müddəalarda ifadə olunmuş, əsasən hüquqla təsbit olunan və insanların idarəetmə sahəsindəki nəzəri və praktiki fəaliyyətində tətbiq olunan qanunauyğunluqlar, münasibətlər və qarşılıqlı əlaqələrdir.
Dövlət idarəetməsinin prinsiplərinin ən mühüm fərqləndirici xüsusiyyəti onların sistemliliyindən ibarətdir. Hər hansı bir prinsipin xüsusiyyətlərini araşdırarkən onun digər prinsiplərlə qarşılıqlı əlaqələrini, bir-birini qarşılıqlı tamamlamasını və onlardan asılılığını nəzərə almaq lazım gəlir. Prinsiplər arasındakı mürəkkəb qarşılıqlı əlaqələr və qarşılıqlı təsirlər onların vahid sistemi çərçivəsində baş verir ki, burada onlar bir-birini tarazlayır və gücləndirir, öz təbiətini və tənzimləyici qabiliyyətini tam gücü ilə açıqlaya bilirlər.
Prinsiplərin sistemləşdirilməsi müəyyən elmi əsaslara malik olmalıdır. Qeyd edək ki, bu günə qədər prinsiplərin təsnifatı ilə bağlı vahid fikir yoxdur. Müxtəlif tədqiqatlarda dövlət idarəetməsinin siyasi, iqtisadi, təşkilati-hüquqi, texniki, funksional və bir çox başqa əsaslara görə prinsiplərini müəyyənləşdirirlər. Çox vaxt prinsiplər kimi nəyə və ya kiməsə irəli sürülən tələblər, adət və ənənələrdən irəli gələn və məqsədəuyğun hesab edilən qaydalar başa düşülür və bunlar öz aralarında müəllifin məntiqinə uyğun olaraq sərbəst şəkildə bağlı olurlar. Elmi ədəbiyyatda çoxsaylı prinsiplərdən danışılır (məsələn, H.Emerson - on iki prinsip, A.Fayol - on dörd prinsip, D.Karneqi - iyirmi doqquz prinsip və s.). Bəzən bir-birinə uyğun gəlməyən prin­siplərlə yanaşı, bu prinsiplərin sistemləşdirilməsinin də müxtəlif qaydalarına rast gəlinir. Məsələn, elmi ədəbiyyatda prinsiplərin aşağıdakı kimi təsnifatına təsadüf olunur:

  • Ümumi prinsiplər - bura sistemlilik, obyektivlik, özünütənzimləmə, əks-əlaqə, tamamlama, optimallıq, informasiyanın kifayətliliyi, aşkarlıq, ehtimallılıq, demokratiklik, aparıcı həlqə, stimullaşdırma prinsipləri daxildir;

  • Xüsusi prinsiplər - burada cəmiyyətin alt sistemlərində və sferalarında (iqtisadi, sosial-siyasi, mənəvi) və müxtəlif hadisələrin, təşkilatların və institutların təhlilində tətbiq olunan prinsipləri qeyd etmək olar;

  • Təşkilati-texnoloji prinsiplər - bu prinsiplərə vahid rəhbərlik, mərkəzi, regional və yerli idarəetmənin əlaqələndirilməsi, konkretlik, əmək bölgüsü, ierarxiya, vahid komanda, səlahiyyətlərin həvalə olunması və s. prinsiplərini aid etmək olar.

Bəzi tədqiqatlarda isə dövlət idarəetməsinin prinsiplərini aşağıdakı kimi fərqləndirirlər:

    1. sosial-siyasi prinsiplər (demokratiya; əhalinin dövlətin idarəetmə fəaliyyətində iştirakı; müxtəlif millətlərin bərabərhüquqluluğu; hər kəsin qanun qarşısında bərabərliyi; qanunçuluq; aşkarlıq və ictimai rəyin nəzərə alınması, obyektivlik). Prinsiplərin bu qrupu bütün idarəetmə fəaliyyəti sferalarını əhatə etməsi və bir qayda olaraq qanunvericiliklə təsbit olunması ilə xarakterizə olunur.

    2. dövlət idarəetmə aparatının qurulmasının (sahə, funksional, ərazi) təşkilati prinsipləri. Bu prinsiplər səlahiyyətlərin dövlət idarəetmə orqanları arasında bölüşdürülməsi üçün baza rolunu oynayır və bununla da səmərəli fəaliyyət göstərən, paralelliyə və təkrarlanmaya imkan verməyən vahid dövlət idarəetmə mexanizmini yaratmağa imkan verir.

    3. dövlət idarəetmə aparatının fəaliyyətinin təşkilati (normativ fəaliyyət, vahid rəhbərlik, kollegiallıq, idarəetmə əməyinin bölünməsi, qəbul olunmuş qərarlara görə məsuliyyət, operativ müstəqillik) prinsipləri. Prinsiplərin bu qrupu konkret dövlət idarəetmə orqanlarının fəaliyyətinin məzmununu müəyyənləşdirməyə, idarəetmə proseduralarının təsirliliyini, idarəetmə qərarlarının səmərəliliyini təmin etməyə yönəlmişdir.

Lakin, əgər prinsiplərin obyektiv mahiyyətə malik olan və dövlət idarəetmə sistemində rolu və yeri ilə müəyyən olunmuş qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələri əks etdirdiyi fikri ilə razılaşsaq, onda aydındır ki, hər bir prinsipin xarakteri, onların sistemləşdirilməsi (bir-biri ilə əlaqəsi) də müəyyən, kifayət qədər dolğun əsaslara malik olmalıdır.
Q.V.Atamançuk qeyd edir ki, dövlət idarəetməsinin prinsiplərinin sistemləşdirilməsinin birinci əsası elə qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələrin seçilməsini nəzərdə tutur ki, bunlar bütün dövlət idarəetmə sisteminə xas olub, dövlətin və cəmiyyətin möhkəm bağlılığını təmin edir. Dövlət idarəetməsinin belə, müəyyən mənada universal qanunauyğunluqları, münasibətləri və qarşılıqlı əlaqələri dövlət idarəetməsinin ümumsistem prinsipləri adlandırılır.
Dövlət idarəetməsinin prinsiplərinin sistemləşdirilməsinin ikinci əsası dövlət idarəetməsinin məqsədləri, funksiyaları, strukturu, prosesi kimi elementlər qrupunu təşkil edən qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələrin təhlili və elmi xüsusiyyətləri ilə bağlıdır. Əgər dövlət idarəetməsinin təbiəti dövlət idarəetmə sisteminin bütün elementlər qrupuna təsir göstərən ümumsistem prinsiplərində öz əksini tapırsa, onda aydındır ki, hər bir ele­ment qrupunda onların nizamlı strukturunu müəyyənləşdirən hansısa spesifik qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələr mövcud olmalıdır. Çünki, müxtəlif element qruplarının necə təşkil olunmasından (statik və dinamik halda) asılı olaraq, dövlət idarəetmə sistemində onların imkanları, fəaliyyətlərinin məzmunu meydana çıxır. Dövlət idarəetməsinin eyni elementlərindən (məqsədlərindən, funksiyalarından və.s.) ictimai həyatda tamamilə müxtəlif sosial rollara malik, kifayət qədər fərqli strukturlar (elementlərin kombinasiyasını) yaratmaq mümkündür (məsələn, idarəetmə fəaliyyətinin eyni elementləri dövlət idarəetməsinin avtokratik, liberal və ya demokratik üslublarını formalaşdırır). Bu baxımdan dövlət idarəetməsinin element qruplarının təşkilinin qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələrinin aşkar edilməsi və elmi dərkinə dövlət idarəetməsinin struktur prinsipləri kimi baxmaq olar. Dövlət idarəetməsinin struktur prinsiplərini aşağıdakı növlərə ayırmaq olar:

  • struktur-məqsədli prinsiplər - dövlət idarəetməsinin “məqsədlər ağacı”nın rasional şəkildə qurulması ib bağlı qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələri əks etdirən prinsiplər;

  • struktur-funksional prinsiplər - dövlət idarəetməsinin funksional strukturunun qurulması ilə bağlı qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələri xarakterizə edən prinsiplər;

  • struktur-təşkilati prinsiplər - dövlət idarəetməsinin təşkilati strukturunun qurulması ilə bağlı qanunauyğunluqlar, münasibətlər və qarşılıqlı əlaqələr;

  • struktur-prosessual prinsiplər - dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının idarəetmə fəaliyyətinin səmərəli təşkili ilə bağlı əsas qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələri ifadə edən prinsiplər.

Dövlət idarəetməsinin prinsiplərinin sistemləşdirilməsinin üçüncü əsası aşağıdakıları əhatə edir. Məlumdur ki, dövlət idarəetməsinin müxtəlif alt sistemlərində (ərazi, sahə, funksional və.s.), xüsusilə dövlət-idarəetmə fəaliyyətinin müxtəlif ixtisaslaşdırılmış aspektlərində təşkilatın yaxud bu və ya digər idarəedici elementlərin özünəməxsus, bəzən unikal qanunauyğunluqları, münasibətləri, qarşılıqlı əlaqələri mövcud ola bilər. Məsələn, dövlət qulluğunun prinsipləri, idarəetmə heyəti ilə işin prinsipləri, dövlət idarəetməsinin informasiya təminatı prinsipləri, dövlət idarəetməsinin texnologiyalaşdırılması prinsipləri, inzibati proses prinsipləri və s. fərqləndirmək olar. Burada bir şeyi nəzərə almaq lazımdır ki, dövlət idarəetməsinin digər prinsipləri ümumsistem və struktur prinsiplərinə zidd olmamalı və dövlət idarəetməsinin tamlığını möhkəmləndirməyə kömək etməlidir.
Dövlət idarəetməsinin ümumsistem prinsiplərinə obyektivlik, demokratiklik, hüquqi tənzimləmə, qanunilik, hakimiyyət bölgüsü, kütləvilik prinsipini aid edirlər.
Dövlət idarəetməsinin obyektivlik prinsipi ilkin prinsip olub, bütün idarəetmə proseslərində obyektiv qanunauyğunluqların və ictimai qüvvələrin real imkanlarının nəzərə alınmasını tələb edir. Bu prinsip dövlət idarəetmə sisteminin aşağıdakılardan asılılığını əks etdirir:

  1. Cəmiyyətin, ilk növbədə onun idarəolunan obyektlər kimi çıxış edən komponentlərinin xarakterindən, inkişaf səviyyəsindən və qanunauyğunluqlarından;

  2. Verilən tarixi zaman kəsiyində qarşıya qoyulan və həll olunan icti­mai məqsədlərdən;

  3. İdarəetməyə cəlb olunacaq mövcud vəsait və ehtiyatlardan;

  4. İdarəetmənin sistemli ictimai hadisə kimi fəaliyyətinin və inkişafının daxili qanunauyğunluqlarından.

Obyektivlik prinsipi həm də idarəetmə məqsədlərinin reallaşdırılması, cəmiyyətin obyektiv şərtləri və subyektiv amili ilə bağlı dövlət idarəetməsinin təşkili, fəaliyyəti və inkişafının qanunauyğunluq, münasibət və qarşılıqlı əlaqələrini özündə əks etdirir. Bu prinsipin (subyektiv qaydada) pozulması adətən böyük itkilərə səbəb olur, cəmiyyətin səylərini əsaslandırılmamış və neqativ tərəfə yönəldir, inkişafı ləngidir, dövlət-idarəedici təsirlərin insanlar tərəfindən qəbul olunmamasına gətirib çıxarır.
Müasir dövlətdə demokratiklik prinsipi xüsusi əhəmiyyət kəsb edir. Bu prinsipin qəbul olunması dövlət idarəetməsində xalq hakimiyyətini əks etdi­rir. Bu prinsip hər şeydən əvvəl, dövlətlə cəmiyyət arasında, dövlət idarəetməsi və cəmiyyətin müxtəlif elementləri arasında daimi və dərin qarşılıqlı əlaqələrin yaradılmasını tələb edir. Bu prinsip xalqın suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi olduğunun etiraf edilməsini, hər bir insanın və vətəndaşın hüquq və azadlıqlarına təminatların verilməsini nəzərdə tutur. Bu prinsip cəmiyyətdə dövlət orqanları tərəfindən referendumların, seçki kompaniyalarının keçirilməsindən daha çox dövlət idarəetməsinin bütün elementlərinin (siyasət, məqsədlər, funksiyalar, strukturlar, proseslər, idarəetmənin nəticələri və.s.) insanların (ölkə vətəndaşlarının) tələbatları, maraqları və məqsədləri ilə müəyyənləşdirildiyini nəzərdə tutur.
Əgər dövlətin cəmiyyətə xidmət etdiyini, dövlət və yerli özünüidarəetmə orqanlarının insanların idarəetmə tələbatlarının, maraqlarının və məqsədlərinin ödənilməsinə yönəldiyini qəbul etsək, onda belə nəticəyə gəlmək olar ki, dövlət idarəetməsində hər şey tənzimlənən olmalıdır. Hüquqi dövlətin mahiyyəti də dövlət idarəetməsi vasitəsi ilə həyata keçirilir. Bu baxımdan dövlət idarəetməsinin hüquqi tənzimləmə prinsipindən danışmaq olar. Bu prinsip, hər şeydən əvvəl, dövlət idarəetməsinin məqsədlərinin, funksiyalarının, strukturunun, prosesinin, prinsiplərinin qanunvericiliklə müəyyənləşdirilməsini tələb edir.
Bununla əlaqəli olan digər bir prinsip dövlət idarəetməsinin qanuniliyi (qanunun aliliyi) prinsipidir. Əgər dövlət idarəetməsinin hüquqi tənzimlənməsi onun rasionallığının, təsirliliyinin və səmərəliliyinin mühüm amilidirsə, bu yalnız qanunların və normativ hüquqi aktların hamılıqla və tam yerinə yetirildiyi şəraitdə mümkün olur. Qanunilik olmadan hüquqi dövlətdən danışmaq olmaz. Bu prinsip özündə bir sıra metodoloji və praktiki müddəaları əks etdirir: birincisi, bu prinsip nəzərdə tutur ki, dövlət idarəetməsinin fəaliyyəti və inkişafı möhkəm hüquqi əsaslara malikdir, qanunla müəyyən edilir və qanunların praktiki həyata keçirilməsindən ibarətdir; ikincisi, bu prinsip dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının təşkilati strukturunda, məzmununda, fəaliyyət elementlərində hüquqi tənzimləmə yolu ilə vaxtında və düzgün dəyişikliklərin aparılmasının aktuallığını şərtləndirir; üçüncüsü, bu prinsip idarəetmə orqanlarının normativ fəaliyyətində, xüsusilə hüquqi aktların qəbulu və icrası ilə bağlı fəaliyyətdə ciddi qaydaların olmasını tələb edir; dördüncüsü, dövlət qulluqçularının fəaliyyətində nizam-intizamın yaradılması və qorunmasının əsasmı təşkil edir.
Dövlət hakimiyyətinin demokratik, hüquqi təşkili yalnız dövlət idarəetməsində dövlət hakimiyyətinin bölgüsü prinsipinin gözlənildiyi halda mümkündür. Demokratik hüquqi dövlətlərdə hakimiyyət qanunverici, məhkəmə və icra hakimiyyətinə bölünür.
Ümumsistem prinsipləri arasında dövlət idarəetməsinin kütləvilik (publik, ictimai) prinsipini də qeyd etmək lazımdır. Bu prinsip də demokratik, hüquqi dövlətçiliyi əks etdirir və dövlət idarəetməsinin cəmiyyətlə, vətəndaşlarla əlaqəsini təmin edir. Bu prinsip aşağıdakıları özündə əks etdirir:

  1. Müxtəlif orqanların tərkibinin müəyyənləşdirilməsi və onların fəaliyyətində iştirak hüququnu reallaşdırmaq baxımından dövlət idarəetməsinin vətəndaşlar üçün əl çatan olması;

  2. Dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin açıqlığı və şəffaflığı. Açıqlıq idarəetmənin kənar yoxlama üçün açıq olduğunu, şəffaflıq isə onun yoxlama və nəzarət məqsədi ilə “kənar baxış” üçün tam şəffaf olduğunu nəzərdə tutur. Ümumiyyətlə, dövlət idarəetməsinin həyata keçirilməsi açıq və şəffaf olmalıdır. Yalnız müstəsna məsələlər, məsələn milli təhlükəsizliklə bağlı suallar gizli və məxfi qalmalıdır. Açıqlıq və şəffaflıq iki vacib funksiyanı yerinə yetirir. Bir tərəfdən onlar yanlış (səhv) idarəetmə və korrupsiyanı azaltmaqla cəmiyyətin maraqlarını müdafiə edir, digər tərəfdən isə şəxsi hüquqların müdafiəsinin mühüm aləti olub inzibati qərarlar haqqında izahat verilməsini tələb edir, maraqlı tərəflərə qərardan şikayət etmək və ona yenidən baxılmasını tələb etmək imkanı verir. Açıqlıq və şəffaflıq eyni zamanda qanunun aliliyinin, qanun qarşısında bərabərliyin və hesabatlılığın təmin olunmasının zəruri alətləridir.

  1. Əsas dövlət idarəetmə prosesləri üzərində ictimai nəzarət (o cümlədən kütləvi informasiya vasitələri ilə), hesabatlılıq. Ümumiyyətlə hesabatlılıq dedikdə şəxsin və ya orqanın tələb edən şəxs (fiziki və ya hüquqi) qarşısında öz hərəkətlərini izah etməli və əsaslandırmalı olduğu nəzərdə tutulur. Hesabatlılıq qanunun aliliyi, açıqlıq və şəffaflıq, qərəzsizlik və qanun qarşısında bərabərlik prinsiplərinə layiqincə əməl olunduğuna əmin olmağa kömək edən alət hesab olunur. Hesabatlılıq çox vacibdir, çünki bu, dövlət idarəçiliyində səmərəlilik, məhsuldarlıq, etibarlılıq və öncədən görülə bilmə kimi dəyərlərə (prinsiplərə) əməl olunacağına zəmanət verir.

  2. Dövlət idarəetməsində konstitusiya ilə müəyyən edilmiş cəmiyyət maraqlarına, vətəndaşların hüquq və azadlıqlarına əməl olunmasına nəzarət, xüsusilə məhkəmə nəzarəti. Dövlət idarəetmə sisteminin hesabatlılığını, dövlət hakimiyyət orqanlarının öz səlahiyyətlərindən qanuna və mövcud qaydalara uyğun istifadəsini təmin etmək üçün nəzarət tələb olunur. Nəzarətin məqsədi dövlət hakimiyyət orqanlarının nəticəli işlədiyinə, öz funksiyalarını səmərəli, vaxtında yerinə yetirdiyinə, xüsusi və ümumi normativ-hüquqi aktlarla müəyyən edilmiş prinsip və prosedurlara əməl olunduğuna əmin olmaqdan ibarətdir. Başqa sözlə desək, nəzarət “qanun üzrə idarəetmə” prinsipini təmin etmək məqsədi ilə həyata keçirilir ki, bu da həm ictimai maraqların, həm də insan hüquqlarının müdafiəsinin mühüm alətidir.

Dövlət idarəetməsinin struktur prinsiplərinin müəyyənləşdirilməsi çətin və mürəkkəb məsələdir. Dövlət idarəetməsinin struktur-məqsədli prinsipləri dövlət idarəetməsinin “məqsədlər ağacı” ilə bağlı olub aşağıdakıları özündə birləşdirir:

    1. Dövlət idarəetməsinin məqsədlərinin əsas parametrlər üzrə razılaşdırılması, onların ziddiyyətli olmaması;

    2. Məqsədlərin bir-birini qarşılıqlı tamamlaması (hər bir məqsəd digərinə nail olmağa kömək edir və onu gücləndirir);

    3. Lokal məqsədlərin ümumi (strateji) məqsədlərə tabeçiliyi prinsipi (dövlət idarəetməsinin məqsədlər “ağacında” ierarxiyanın mövcudluğu);

    4. Məqsədlərdən birinin reallaşmasının nəticələrinin digər məqsədlər üçün mənbəyə çevrilməsi (dövlət idarəetməsinin “məqsədlər ağacında” əks olunmuş məqsədlərə nail olunmaq üçün hərəkət ardıcıllığının gözlənilməsi);

    5. Məqsədlərin dövlət idarəetmə funksiyaları və dövlət orqanlarının idarəetmə funksiyaları üzrə paylanması (dövlət idarəetməsinin “məqsədlər ağacının” dövlət idarəetməsinin funksional strukturuna keçməsinin təmin edilməsi).

Dövlət idarəetməsinin funksional strukturunu təşkil edən struktur-funksional prinsiplərə aşağıdakıları aid etmək olar:

      1. Hüquqi normaların köməyi ilə funksiyaların müəyyən edilməsi - dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının idarəetmə funksiyalarının müəyyənləşdirilməsi;

      2. Uyğunlaşdırma - bu prinsip eyni bir orqanın səlahiyyətləri çərçivəsində eyni səviyyəli funksiyaların uyğunlaşdırılması, eyni zamanda bu orqanın idarəetmə funksiyalarının digər orqanların idarəetmə funksiyalarına və ya bütövlükdə dövlət idarəetməsinin təşkilati strukturuna uyğunlaşdırılmasını nəzərdə tutur;

      3. Funksiyaların təmərküzləşdirilməsi - bu prinsip müəyyən orqanlara elə idarəetmə funksiyalarının və uyğun olaraq resursların verilməsini nəzərdə tutur ki, həmin orqanın dövlət-idarəedici təsirləri idarəolunan obyektləri həqiqətən də geniş və güclü şəkildə yönəldə, təşkil edə və tənzimləyə bilsin;

      4. İdarəetmə funksiyalarının kombinə olunması - müxtəlif idarəedici komponentlərin idarəetmə funksiyalarının çoxluğu elə təşkil olunmalıdır ki, təkrarlanma və paralelliyə yol verilməsin;

5. İdarəetmə funksiyalarının kifayətedici müxtəlifliyi - bu prinsip tələb edir ki, idarəetmə sisteminin bu və ya digər komponentinə düşən idarəetmə funksiyaları sayma və məzmununa görə onun idarəetmə tələbatlarına cavab verməlidir;

    1. İdarəedici təsirlərin idarəolunan komponentlərin, başlıcası isə idarəetmə obyektlərinin real tələbatlarına uyğunluğu prinsipi.

Dövlət idarəetməsinin təşkilati strukturunun qurulmasına aid edilən struktur-təşkilati prinsiplərə aşağıdakılar daxildir:

      1. Dövlət idarəetmə proseslərinin tamlığını, təsirliliyini və razılaşdırılan olmasını təmin edən dövlət hakimiyyəti sisteminin vəhdəti prinsipi;

      2. Təşkilati strukturun ərazidən, istehsal və xidmət sahiblərindən, ictimai həyat fəaliyyəti sferalarından asılılığını şərtləndirən ərazi-sahə prinsipi;

      3. Dövlət idarəetmə sistemində dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının təşkilati baxımdan real şaquli və üfüqi qarşılıqlı əlaqələrini açıqlayan təşkilati əlaqələrin müxtəlifliyi prinsipi;

      4. Ayrı-ayrı dövlət hakimiyyət orqanlarının və yerli özünüidarəetmə orqanlarının təşkilati quruluşunun özünəməxsusluğundan irəli gələn kollegiallıqla təkbaşına rəhbərliyin əlaqələndirilməsi prinsipi;

      5. Dövlət idarəetməsinin təşkilati strukturunda tabeçiliyin və qarşılıqlı idarəetmə təsirlərinin həcmini və məzmununu açıqlayan ierarxiya və xətti-furıksional prinsip.

Dövlət idarəetmə fəaliyyətini təşkil edən və geniş tətbiq olunan struktur-prosessual prinsiplərə aşağıdakıları aid etmək olar:

        1. Dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının idarəetmə fəaliyyətinin elementlərinin (metodlar, forma və mərhələlər) onların funksiyalarına və təşkilinə uyğunluğu prinsipi;

        2. İdarəetmə fəaliyyəti və onun nəticələrinə görə şəxsi məsuliyyətin konkretləşdirilməsi;

        3. Səmərəli idarəetmə fəaliyyətinin stimullaşdırılması.

Göründüyü kimi dövlət idarəetməsinin prinsiplərinin aşkara çıxarılması və şərhi çox mürəkkəb intellektual prosesdir. Onların dövlət idarəçiliyi praktikasına tətbiqi də çox çətin işdir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin