8.2. Dövlət idarəetmə qərarlarının qəbulunun informasiyaya tələbləri İnformasiya və onunla bağlı olan informasiya təminatı prosesləri hazırkı dövrdə dövlət idarəetmə sisteminin fəaliyyətinin və istənilən səviyyədə qərarların qəbulunun əsas şərtinə çevrilir. Bu mənada dövlət idarəetməsini təmin edən idarəetmə informasiyalan sistemində idarəetmə qərarlarında əks olunan informasiyanın xüsusi əhəmiyyəti vardır. Qərar qəbulu üçün aşağıdakı məlumatlan özündə saxlayan informasiya tələb olunur:
idarə olunan obyektin məqsəd və vəzifələri;
fəaliyyət meyarları və obyektin idarəolunanlıq sərhədləri;
obyektin fəaliyyət mexanizmləri, qanunauyğunluqları və inkişaf meylləri;
təşkilatın fəaliyyət şərtlərinin mümkün dəyişmələri;
alternativ fəaliyyət strategiyaları;
mümkün həll alternativləri;
alternativlərin reallaşdırılmasının nəticələri;
ən yaxşı alternativin seçilmə mexanizmi.
Məhz idarəetmə qərarlarında bir tərəfdən (qərarın şərhedici hissədə) idarəetmənin aşkar edilmiş tələbatlan, maraqlan və məqsədləri qeyd olunur, müəyyən dövlət idarəedici təsirlərin formalaşdırılması və reallaşdırılmasını tələb edən vəziyyət, amil və səbəblər şərh edilir, idarəetmə situasiyasının dəyişdirilməsi üçün konkret resurslar, imkanlar göstərilir. Digər tərəfdən isə qərarın qətnamə, direktiv hissəsində hansısa idarəolunan prosesin, hadisənin, münasibətin vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə əməl edilməsi və həyata keçirilməsi lazım gələn tələblər, norma və qaydalar, müəyyən hərəkətlər göstərilir. Buna görə də idarəetmə qərarlarının nəticəliliyi tamamilə idarəetmə informasiyasından, onun necə ifadə olunmasından asılı olur.
İdarəetmə qərarlarınıninformasiya keyfiyyəti (başqa sözlə desək, informasiya səviyyəsi) idarəetmə qərarında ifadə olunan və müəyyən idarəetmə situasiyasını, məsələsini, problemini əks etdirən, onları yeni səviyyəyə gətirmək potensialına malik idarəedici təsirləri özündə saxlayan informasiya toplusundan ibarətdir.
İnformasiya baxımından idarəetmə qərarları aşağıdakı tələblərə cavab verməlidir:
İdarəetmə qərarları hər şeydən əvvəl həm baxılan məsələnin təhlili və qiymətləndirilməsi, həm də gələcək dəyişdirilməsi və inkişafı baxımından şərhedici və direktiv (qətnamə) hissəsində əks olunan informasiyanın tamlığıilə fərqlənməlidir. İdarəetmə problemlərinin mürəkkəbliyini nəzərə alaraq praktikada bir qərarda onların yalnız ayrı-ayrı aspektlərini, tərəflərini, qarşılıqlı əlaqələrini əks etdirməyə çalışırlar. Belə olduqda qərarları hazırlamaq və qəbul etmək daha asan olur. Lakin bu zaman yaddan çıxarmaq lazım deyil ki, idarəetmə qərarındakı informasiyanın başlıca mahiyyəti bu qərarın idarəolunan proseslərə gələcək təsiri ilə bağlıdır. Məhz onların dəyişdirilməsi üçün idarəetmə qərarında ifadə olunmuş informasiyanın tamlığı tələb olunur.
İnformasiyanın tamlığı ilə birlikdə onunsıxlığı və yazılma təmizliyitələb olunur. Burada yazılı şəkildə ifadə olunmuş idarəetmə qərarının bir vahidinə düşən (məsələn, mətnin bir səhifəsinə) informasiyanın miqdarı nəzərdə tutulur. İnformasiyanın yazılışının sıxlığı nəzərdə tutur ki, qərarın mətnində yalnız о məlumatlar, verilənlər, normalar, tələblər və.s. göstərilmişdir ki, bunlar bilavasitə idarəetmə mahiyyətinə malikdir və birbaşa uyğun məsələyə aiddir. Həm faktlar, həm də onların qiymətləndirilməsi və qarşıya qoyulmuş məsələlərin həll üsulları qərarda konkret, dəqiq və lakonik şəkildə ifadə olunmalıdır. Burada sözlərin düzgün işlədilməsinə, cümlələrin məntiqi qurulmasına, istifadə olunan anlayışların adekvatlığına, ifadələrin aydınlığına və məzmunluluğuna, ünvanlı tələblərin əsaslandırılmış olmasına və dəqiqliyinə xüsusi diqqət yetirilməlidir. Qərarın qətnamə hissəsi burada ifadə olunmuş informasiyanın xüsusi keyfiyyəti ilə fərqlənməlidir: konkret icraçılar, yerinə yetirilməli işin həcmi və məzmunu, bu iş üçün ayrılmış resurslar, işin icra müddətləri (başlanğıc, aralıq, son), nəzarətin qayda və formaları, yerinə yetirilmiş işin nəticələrinin yekunlaşdırılması və qiymətləndirilməsi, işin keyfiyyətli və vaxtında (və ya vaxtından əvvəl) yerinə yetirilməsinə görə stimullar və.s. bu hissədə öz əksini tapmalıdır. Bir sözlə, idarəetmə situasiyasının bir vəziyyətdən başqa bir vəziyyətə gətirilməsinin qərarda ifadə olunmuş mexanizmi həm qərarı qəbul edənlər üçün, həm də bu qərarların bilavasitə icraçıları üçün kifayət qədər aydın və başa düşülən olmalıdır.
İdarəetmə qərarlarına irəli sürülən növbəti tələb hər bir konkret idarəetmə qərarında informasiyanındaxili razılaşdırılmış olmasıdır. Məsələn, qərarın şərhedici və qətnamə hissələrinin məzmununa, intonasiyasına, aksentlərinə, kəskinliyinə görə bir-birinə uyğun olması daha məqsədəuyğundur. İdarəetmə qərarlarında informasiyanın bərabər yerləşdirilməsinin də əhəmiyyəti vardır. İdarəetmə qərarlarında icraçıların diqqətini cəlb etməli olan əsas informasiyanın verilməsi üçün kursiv, abzas, altından xətt çəkilməsi və digər üsullardan istifadə olunması da qərarların daha yaxşı qavranılmasına kömək edir.
İdarəetmə qərarları idarəetmə fəaliyyətinin əsas ifadə və təsbit olunma forması olduğu və bir-birini tamamlamaq, inkişaf etdirmək və ya ləğv etməklə (inkar etməklə) daim qəbul olunduqları üçün hər bir idarəetmə qərarının əsasında duran informasiyanınsistemlixarakter daşıması, məzmun və konseptual baxımdan əvvəl qəbul olunmuş və fəaliyyətdə olan aktlarla, həmçinin qəbul olunması planlaşdırılan və ya gözlənilən aktlarla bağlı olmalıdır. İnformasiyanın sistemliliyi tələbinə əməl olunması müəyyən problemlərin həllində vahid, tipik və daha səmərəli yanaşmaların işlənib hazırlanmasına kömək edir, praktikada müxtəlif şəraitlərdə idarəetmə fəaliyyətinin ayrı-ayrı elementlərinin rasionallığını yoxlamağa və onlardan ən yaxşılarını seçməyə imkan verir, idarəetmənin normativ-hüquqi əsaslarını təkmilləşdirməyə, idarəetmə kadrlarının işində nizam-intizam yaratmağa, digər idarəetmə hadisələrinin təkmilləşdirilməsi üçün əlverişli şəraitin yaranmasına kömək edir. İdarəetmə qərarlarında istifadə olunan informasiyanın sistemliliyi, həm də müasir texnika bazasında informasiya sistemlərinin yaradılması üçün zəruri şərtlərdən biridir. Eyni zamanda informasiyanın sistemliliyi idarəetməyə çəkilən səylərə, vəsaitlərə və vaxta qənaət etməyə imkan verir.
İdarəetmə qərarlarının informasiya keyfiyyəti problemi informasiya ilə zəngin aktların qəbul olunması ilə məhdudlaşmır. Bu problem həmçinin qəbul olunmuş qərarların reallaşdırılması mərhələsinə də keçir, çünki məhz bu mərhələdə idarəetmə qərarlarının təsirliliyinin informasiya məzmunu aşkara çıxır. Bu mərhələdə bir sıra şərtlər mövcuddur ki, onlara əməl olunması informasiya “impulslarının” qorunub saxlanılmasına və “təyinat yerinə” çatdırılmasına kömək edir:
İdarəetmə qərarlarında əks olunmuş informasiyanın ötürülməsi. İnformasiyanın ötürülməsi zamanı sürətinin və informasiyanın autentikliyinin (oxunaqlığının) qorunub saxlanılmasının mühüm əhəmiyyəti vardır. İnformasiyanın ötürülmə sürəti idarəetmənin rasionallığı və səmərəliliyi ilə birbaşa bağlıdır, çünki hər bir gecikmə informasiyanın itirilməsinə, köhnəlməsinə, onun təşkiledici - tənzimləyici imkanlarının zəifləməsinə və azalmasına səbəb olur. İnformasiya idarəetmə sisteminin iyerarxiya pillələri üzrə ləng hərəkət etdikcə bu qərarın yaranmasına səbəb olan şərtlər və amillər köklü şəkildə dəyişilə bilər. İdarəetmə informasiyasının autentliyinin saxlanılması da az əhəmiyyətli deyil. Qeyd etmək lazımdır ki, idarəetmə qərarı çox müxtəlif pillələrdən keçdikcə burada ifadə olunmuş informasiya müxtəlif təhriflərə məruz qala bilir və orijinalda olduğundan fərqlənmiş ola bilir. Buna görə də idarəetmə qərarlarını mümkün olduqca tez və onun bilavasitə iştirakçılarına göndərmək lazımdır.
Uyğun idarəetmə qərarlarında ifadə olunmuş informasiyanın başa düşülməsi, şərh olunması. Praktikada çox vaxt icraçı tərəfindən qərarın mənasını düzgün başa düşməyərək onu öz bildiyi kimi şərh etməsi ilə bağlı bir sıra problemlər yaranır. Burada dil, din, mədəniyyət, özünəməxsus təbii şərait amilləri də təsir göstərə bilər. Nəticədə qərarın icrası başqa istiqamətdə gedə bilər və ya nəzərdə tutulduğundan fərqli aspektlər yarana bilər. Buna görə də idarəetmə qərarının şərh olunması, izah olunması bu qərarı işləyib hazırlamış və qəbul etmiş dövlət orqanı tərəfindən həyata keçirilməlidir.
İnformasiya əks-əlaqələrinin, operativ informasiya nəzarətinin təşkili.Bu, informasiyanın necə ötürülməsi, onun necə qəbul olunması və başa düşülməsi, mənimsənilməsi və icraya qəbul olunması haqda etibarlı məlumat əldə etməyə imkan verir. Belə məlumat qərarın düzgün icrasına başlamağa zəmanət verə biləcək təkrar izah (zərurət yarandıqda), əlavə şərh, başqa tədbirlərin görülməsi imkanı yaradır. Burada qeyd etmək lazımdır ki, hər bir idarəetmə qərarı qüvvədə olan normativ idarəetmə informasiyasına uyğun olmalı, məzmun, məkan və zaman baxımından bu normalarla razılaşdırılmış olmalıdır. Qərarda əks olunmuş informasiyanın şaquli (qərarların iyerarxiyası üzrə) və üfüqi (orqan daxilində və informasiya fəaliyyətinin mərhələləri arasında) istiqamətdə sistemli razılaşdırılmış olması idarəetmə qərarlarının informasiya təminatının səmərəliliyinin vacib şərtidir.
8.3. Dövlət idarəçiliyində informasiyanın təşkili xüsusiyyətləri Məlumdur ki, dövlət idarəçiliyində çox müxtəlif və iri həcmdə informasiya dövr edir və bu həcm getdikcə artır. Bu informasiyanın bir qismi bilavasitə idarəetmə xarakteri daşıyır və idarəedici təsirlərin formalaşdırılması və reallaşdırılması ilə bağlıdır. informasiyanın böyük bir qismi isə dövlətin cəmiyyətlə, onun müxtəlif təzahürləri ilə, milyonlarla vətəndaşın tələbat və maraqlan ilə qarşılıqlı əlaqələrini əks etdirir. Bu baxımdan dövlət idarəetmə orqanlarının lazımi informasiya ilə təmin edilməsi, cəmiyyətin, vətəndaşların bu informasiyalara çıxış imkanlarının artırılması üçün informasiyanın təşkili sisteminin təkmilləşdirilməsi, bütövlükdə optimal informasiya sisteminin formalaşması və inkişaf etdirilməsi çox vacibdir.
Dövlət idarəçiliyində informasiyanın təşkili sisteminin əsas funksiyaları aşağıdakılardan ibarətdir: 1) qərar qəbul edən şəxsin etibarlı informasiya ilə vaxtında təmin edilməsi; 2) informasiyada keyfiyyət çevrilməsinin həyata keçirilməsi imkanının olması, yəni bu informasiyanın işlənilməsi yolu ilə insanın dərk edə biləcəyi şəkilə və həcmə gətirilməsi; 3) obyektiv informasiyaya əsaslanmaqla qərarları qəbul etmək və reallaşdırmaq üçün rəhbərlərə şəratin yaradılması. Bu funksiyaların yerinə yetirilməsi dövlət idarəetmə prosesinin informasiya təminatını optimallaşdırmağa, həqiqi dəyərlərə əsaslanan obyektiv inzibati-siyasi qərarlar qəbul etməyə imkan verir.
Hər bir dövlətdə idarəetmə informasiyasının təşkili problemi mövcud olur ki, onların da həlli ümummilli səylər tələb edir. Burada hər şeydən əvvəl, idarəetmə informasiyasının hərəkəti və onun parametrlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Dövlət idarəetmə sistemində informasiyanın təşkilinin mahiyyətini daha dərindən başa düşmək üçün dövlət idarəetmə orqanlarında informasiyanın hərəkətini izləməyə çalışaq. Qeyd edək ki, dövlət idarəçiliyinin mövcud praktikasında dövlət informasiyası hər şeydən əvvəl ayrı - ayrı şaquli strukturlar çərçivəsində toplanılır və mahiyyət etibarı ilə sahə xarakteri daşıyır. İnformasiyaların təşkilinin bu qaydası aşağıdakı kimi bir sıra problemlərin meydana çıxmasına səbəb olur.
Dövlət idarəetmə orqanları informasiyanı əsasən idarəetmə və nəzarət funksiyalarını yerinə yetirmək üçün toplayırlar. Buna görə də dəqiq səlahiyyət və cavabdehlik dairəsinə malik hər bir orqan yalnız öz funksiyalarını yerinə yetirmək üçün zəruri olan informasiyanı toplayır və bu informasiyanı özünə rahat olan formada sistemləşdirir. Başqa sözlə desək, dövlət orqanlarında mövcud olan informasiya onların daxili ehtiyaclarına uyğun olaraq toplanır, təşkil olunur, təhlil olunur, rəsmiləşdirilir və bu informasiyanın digər məqsədlər üçün istifadə olunması (o cümlədən, əhali və ictimai təşkilatlar tərəfindən) yalnız zəruri informasiyanın mövcud olması ilə deyil, həm də bu informasiyanın təqdim olunma formasına görə məhdudlaşdırılmış olur.
Dövlət idarəçiliyində informasiyanın təşkilatdaxili hərəkət sxemini özünəməxsus piramidaya bənzətmək olar. Hər bir dövlət orqanı daxilində informasiya mübadiləsi qarşı-qarşıya axın prinsipi üzrə təşkil olunur. informasiya aşağıdan yuxarıya rəqəmlər, şərhlər, hesabat materialları və.s. formasında ötürülür. Bir qayda olaraq informasiya axını bir neçə aralıq “süzgəclərdən” keçərək (bölmə, müəssisə, rayon, baş idarə, nazirlik və.s.) yuxarıya çatdırılır. “Süzgəc” nə qədər yuxarıda olarsa verilənlərin, cədvəllərin, sxemlərin təhlilinin məqsədi daha çox aydın olur, bunların əsasında ümumi xarakterli nəticələrə gəlinir və bütövlükdə şərhin (interpretasiyanın) yekunu kimi ümumi məlumat bloku alınır. Ən yuxan səviyyədə informasiya ərazi məlumatlarının geniş sferasını əhatə etməklə özünün predmetliliyini və konkretliyini itirməyə başlayır. Əhəmiyyətli dərəcədə ümumiləşdirmə (ortalama) ona gətirib çıxarır ki, detallar və xırdalıqlar buraxılmış olur.
İnformasiyanın əksinə (yuxarıdan aşağı) hərəkəti əmrlər, normativ aktlar, qərarlar, metodik göstərişlər, təlimat xarakterli digər materiallar vasitəsi ilə ötürülür. Piramidanın aşağı pillələrində bu informasiyaya şərhedici və detallaşdırıcı məlumatlar əlavə olunur ki, bəzən bunlar informasiyanın mahiyyətinin düzgün başa düşülməməsinə, təhrif olunmasına səbəb ola bilir.
Qeyd etmək lazımdır ki, informasiyanın aşağıdan yuxan hərəkəti zamanı konkret detalların yoxa çıxması və ümumiləşdirmələrin payının artması tamamilə təbii haldır və qüsur kimi qəbul oluna bilməz. Konkret ümumiləşdirmələrin qiymətləndirilməsi isə ilkin informasiyanın keyfiyyətindən asılı olur. Həqiqətdə isə ciddi problem bundan ibarətdir ki, verilənlərin şərhi və ümumiləşdirilməsi ənənəvi olaraq piramidanın yuxarı pillələrində həyata keçirilir. Aşağıda isə yalnız ilkin məlumatların toplanılması baş verir. Buna görə də yerli miqyaslı bir çox problemlər ilkin məlumatlarda öz əksini tapmış olsa da yekun ümumiləşdirmədə əks olunmur və dövlət orqanlarının diqqətindən yayınmış olur. Müəyyən mənada bu bütün şaquli strukturların ümumi problemidir. Qismən isə belə vəziyyət ölkədə sovet dövründə mövcud olmuş idarəetmə sistemindən miras kimi qalmışdır.
Dövlət idarəetməsinin informasiya təminatı ilə bağlı daha bir problem təşkilatlararası qarşılıqlı fəaliyyətin mürəkkəbliyindən, üfüqi istiqamətdə informasiya mübadiləsinin çətinliyindən ibarətdir. Əgər informasiyanın bir təşkilat daxilində şaquli mübadiləsi müəyyən dərəcədə tənzimlənmişdirsə də (ilk növbədə vəzifə təlimatlan ilə), informasiyanın müxtəlif təşkilatlar arasında dövr etməsi təşkilati maneələr səbəbindən çətin baş tutur. Bir sıra hallarda təşkilatın informasiyanı digər təşkilata ötürməyə borclu olduğunun aşkar görünməsinə baxmayaraq bu baş vermir. Təşkilatlararası informasiya mübadiləsinin çətinliyinin başqa bir tərəfi isə bu məlumatların əldə olunma, işlənmə və saxlanma metodikalarının fərqli olmasından ibarətdir ki, bu da müxtəlif təşkilatların hətta yalnız dövlət idarəetmə sistemində birgə istifadəsini çətinləşdirir.
Ən mühüm problemlərdən biri də ondan ibarətdir ki, informasiyanın toplanılması ilə məşğul olan dövlət orqanlarının fəaliyyəti bir qayda olaraq dövlət idarəetmə sistemindən kənarda yerləşən təşkilatlara, vətəndaşlara məlumatların verilməsinə istiqamətlənməmişdir. Burada söhbət dövlət orqanlarından informasiyanın əldə olunmasının çətinliyindən daha çox informasiyanın xarakterindən gedir. Belə ki, dövlət orqanları bir qayda olaraq nadir hallarda vətəndaşların, müxtəlif qrupların və təşkilatların məqsədlərinə və tələbatlarına cavab verən və yalnız mütəxəssislərin deyil, həm də geniş ictimaiyyətin başa düşə biləcəyi informasiya materiallarının hazırlanması ilə məşğul olurlar. Bu orqanlarda informasiyaya çıxış infrastrukturunun yaradılmasına az səy göstərilir və hətta ictimaiyyətin informasiya ilə təmin olunmasının bəzi dövlət orqanlarının vəzifəsi olsa da bu məsələ bir qayda olaraq prioritet məsələ hesab edilmir.
Bütün bunlar dövlət idarəetmə orqanlarında informasiyanın təşkili sisteminin qeyri-mükəmməlliyini və informasiyanın hərəkəti ilə bağlı bir sıra nöqsanların olduğunu göstərir. İnformasiya sistemlərinin təşkilində ən başlıca məsələ informasiya axınlarının təşkilindəki nöqsanların aradan qaldırılmasıdır. Bu cür nöqsanlar müxtəlif və çoxcəhətlidir. Burada ilk növbədə eyni informasiyanın paralel keçməsi, verilməsi halını qeyd etmək lazımdır. Eyni qəbildən olan məlumat və göstəricilər müxtəlif idarəetmə bölmələri, müxtəlif qrup adamlar tərəfindən toplanır və işlənib hazırlanır. Nəticədə fəaliyyətin səmərəliliyi aşağı düşür, plan, hesabat və analitik informasiyalar arasındakı əlaqələr zəifləmiş olur. Bu isə informasiya axınlarının hərəkətini çətinləşdirir, onların çevikliyini və dinamikliyini zəiflədir. Başqa bir nöqsan informasiyaların formalaşmasında vəhdətin olmaması hallan ilə bağlıdır. Bu о deməkdir ki, hər bir bölmə özünün xüsusi plan və hesabat göstəricilərindən, normativ sorğu məlumatlarından, sənədlər formasından, onların hərəkət marşrutlarından istifadə edir. Nöqsanlardan biri informasiyaların bir-birini təkrar etməsidir. Bir sıra hallarda eyni informasiya və massivlər yuxarı orqanlara bir neçə dəfə gündəlik, aylıq və rüblük məlumatlar kimi verilir. Bu hal informasiyaların miqdarının süni olaraq çoxalmasına gətirib çıxarır. İnformasiyaların vaxtlı-vaxtında verilməməsi, gecikdirilməsi də informasiyanın təşkili ilə bağlı nöqsanlardan biridir. Bu, informasiyaların toplanması və hazırlanmasında kifayət dərəcədə operativliyin çatışmaması ilə bağlıdır ki, bu da öz növbəsində idarəetmə prosesinin gedişində baş verən kənarlaşmaların vaxtında aradan qaldırılması üçün müvafiq qərarların qəbulunu xeyli çətinləşdirir. Mühüm nöqsanlardan biri də informasiyaların kifayət qədər etibarlı və əhatəli olmamasıdır. Bir sıra hallarda informasiyaların toplanmasına qarşı vahid tələblər qoyulmur və onların düzgün uçotu aparılmır, informasiyalarda təsadüfi məlumatlar, göstəricilər özünə yer tapır, işin həqiqi vəziyyətini əks etdirmir. Belə informasiyalar əsasında aparılmış hesablamalar düzgün nəticə vermir, dəqiqliyi təmin etmək üçün həmin hesablamaların yenidən aparılması isə artıq iş vaxtı sərfinə səbəb olur. İnformasiya axınlarında mövcud olan başqa bir nöqsan onların tələbatdan artıqlığı və informasiyaların özlərinin müqayisə oluna bilməməsi halları ilə əlaqədardır.
Bir sıra hallarda müxtəlif bölmələr informasiyanı müxtəlif vaxtlarda alırlar ki, bu da informasiyanın işlənib hazırlanmasında çətinliklər yaradır. İdarəetmə informasiyasının işlənilməsi prosesinə əlavə mürəkkəblik idarəetmə aparatının struktur bölmələri tərəfindən daxili istifadə üçün əlavə informasiyanın yaradılması yolu ilə gətirilir. Belə ki, bir çox hallarda dövlət orqanlarındakı informasiya axınlarına məlumatların təkrarlanması, çox vacib və ikinci dərəcəli məlumatların fərqləndirilməməsi, daxil olan məlumatların müddətlərinin və sürətlərinin razılaşdırılmaması kimi xüsusiyyətlər xas olur ki, bu da məlumatların işlənilmə səviyyəsini aşağı salır.
Bu tipli nöqsanların aradan qaldırılmasının ən səmərəli yolu inteqrasiya edilmiş informasiya sisteminin yaradılması hesab olunur. Bu sistemin xüsusiyyəti idarəetmə strukturundan asılı olmayaraq informasiya axınları probleminin kompleks həllinə əsaslanır və informasiya axınlarının bütün kanallar üzrə verilməsinin səmərələşdirilməsini nəzərdə tutur. Belə sistemlər aşağıdakı prinsiplər üzrə təşkil olunurlar: buraxılış sənədi prinsipi, sistemli yanaşma prinsipi, informasiyanın keyfiyyəti prinsipi, səmərəlilik prinsipi və informasiyanın vahid massivi prinsipi. Buraxılış sənədləri müvafiq informasiyaların işlənib hazırlanmasının tamamlayıcı (yekun) mərhələsidir. Sistemli yanaşma informasiya sistemlərinin idarəetmə funksiyaları və təşkilati strukturla, idarəetmə sisteminin tərkib hissələrinin bir-biri ilə əlaqələndirilməsini, informasiya modelləri və sənəd dövriyyəsinin qarşılıqlı əlaqələndirilməsini özündə əks etdirir. İnformasiyalar müəyyən keyfiyyət xassəsinə malik olmalıdırlar. İnformasiyanın keyfiyyətliliyi onun etibarlılığı, kifayətliliyi, əlverişliliyi, birmənalılığı və operativliyi ilə müəyyən edilir. Səmərililik prinsipi informasiyaların toplanması və işlənib hazırlanması işində texniki vasitələrdən istifadə olunması zamanı xüsusi olaraq nəzərə alınmalıdır. İnformasiya sistemlərinin təşkili zamanı şərti-sabit informasiya massivlərinin formalaşması mühüm əhəmiyyətə malikdir. Bu, müəyyən təyinatlı informasiyalar üzrə bir növ ixtisaslaşdırılmış informasiya fondlarının yaradılması sistemi ilə bağlıdır. İnformasiya fondlarının yaradılması idarəetmədə istifadə olunan müxtəlif sənədlərin həddən artıq informasiyalarla yüklənməsinin qarşısını alır, bir çox problemlərin həllini, ilk növbədə isə buraxılış sənədlərinin hazırlanmasını xeyli yüngülləşdirir.
Dövlət idarəçiliyində informasiyanın təşkili sistemlərinin təkmilləşdirilməsi prosesində aşağıdakı kimi bir sıra məsələlərə xüsusi diqqət yetirilməlidir.
İdarəetmə informasiyasının hərəkətinin təşkili bu informasiyanın xarakteri və həcminin dövlət orqanının və vəzifəli şəxslərin funksiya və səlahiyyətlərinə uyğunluğu prinsipinə əsaslanmalıdır. İdarəetmə funksiyalarının düzgün nəzərə alınması, informasiyaların məzmunu ilə idarəetmə bölmələrinin fəaliyyət uyğunluğunun təmin edilməsi idarəetmənin informasiya təşkilinin səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyətə malikdir. Bu uyğunluğun təmin edilməsi bütövlükdə dövlət idarəetməsinin səmərəliliyinin zəruri şərtidir. informasiyanın təşkili sistemləri ilə idarəetmə strukturu arasında üzvi əlaqə və qarşılıqlı asılılıq mövcuddur. Belə ki, idarəetmə orqanlarında dövr edən informasiyanın həcmi, xarakteri və informasiya axınları xeyli dərəcədə struktur bölmələrinin tərkibi və qarşılıqlı əlaqəsini müəyyən edir. Artıq, yaxud düzgün olmayan informasiyalar idarəetmə strukturunu mürəkkəbləşdirir, idarəetmə xərclərini artırır. Qeyri-səmərəli informasiyalar və gecikdirilmiş informasiya axınları idarəetmə funksiyalarının bir-birini təkrar etməsinə, rəhbər və icraçıların məsuliyyətinin aşağı düşməsinə, beləliklə də idarəetmə sisteminin ahəngdar fəaliyyətinin pozulmasına səbəb olur. Е1ə etmək lazımdır ki, idarəetmə fəaliyyətində funksiyaların icrası zamanı onların kəsişməsi hallarına yol verilməsin. Kəsişən funksiyalar mənfi bir hal kimi diqqət mərkəzində olmalı və belə halların aradan qaldırılmasına həmişə cəhd edilməlidir. Bunun idarəetmə fəaliyyətinin dəqiqliyi, aydınlığı və müəyyənliyi üçün mühüm əhəmiyyəti vardır. Burada əsassız olaraq bir bölmənin az, digərinin isə çox informasiyalarla yüklənməsi hallarının da aradan qaldırılması çox vacibdir. Funksiyalar, informasiyalar bərabər bölüşdürülməlidir. Ən vacib məsələlərdən biri də idarə edənlərin onların fəaliyyətinə aid olmayan informasiyalardan azad edilməsidir. Belə olduqda idarə aparatı işçiləri bilavasitə öz fəaliyyətlərini yerinə yetirmiş olarlar ki, bu da idarəetmə proseslərinin daha da intensivləşdirilməsinə müsbət təsir göstərmiş olar.
İzafi informasiya axınlarının qarşısını almaq üçün idarəetmə heyətinin informasiya tələbatını müəyyənləşdirmək lazım gəlir. Adətən, informasiya tələbatı dedikdə istifadəçinin funksiyaları ilə, onun maraq dairəsi ilə müəyyənləşdirilən informasiya göstəricilərinin məcmusu başa düşülür. İnformasiya tələbatı dinamik dəyişən göstəricilər sistemidir. İnformasiya tələbatının müəyyənləşdirilməsi zamanı istifadəçinin maraqlarının genişliyi ilə onun üzərinə qoyulmuş funksiyaların yerinə yetirilməsi üzrə işlərin dar ixtisaslaşması arasında kompromisin tapılması lazımdır. Ən başlıca məsələ idarəetmə orqanlarının, cəmiyyətin, vətəndaşların informasiya tələbatına təsir edən amillərin düzgün nəzərə alınmasıdır. Burada elmi-texniki tərəqqi, informasiyaların köhnəlmə səviyyəsi, iqtisadi əlaqələr və təhlil, informasiyalarla faktiki təmin olunma səviyyəsi birinci növbədə nəzərdə tutulmalıdır.(elave material üçün https://www.facebook.com/pages/ADNA-%C4%B0qtisadiyyat-beyn%C9%99lxalq-iqtisadi-m%C3%BCnasib%C9%99tl%C9%99r-v%C9%99-menecment-fak%C3%BClt%C9%99si/164107810409213?ref=hl)
İdarəetmə informasiyasının hərəkətinin ən vacib məsələlərindən biri təkrarlanan və paralel informasiyaların çıxarılması yolu ilə onun həcminin sıxılmasından ibarətdir. Burada bir sıra çətinliklər mövcud olur ki, bu da informasiyanın kifayət qədər olmaması və onun müəyyən hadisəni, prosesi və münasibətləri adekvat şəkildə əks etdirdiyini söyləməyin çətinliyi ilə bağlıdır.
İdarəetmə informasiyasının hərəkətinin təşkilində informasiya materiallarının hər vahidinin məzmununun zənginləşdirilməsi mühüm rol oynayır. Bu, həmin materiallara yalnız elə məlumatların, göstəricilərin daxil edilməsini nəzərdə tutur ki, onlar idarəetmə qərarları və hərəkətləri üçün aktual olan informasiya əlamətlərinə malik olurlar. Prinsipcə idarəetmə üçün elə məlumatlar və göstəricilər lazımdır ki, onlar 1) başlıca olaraq hadisələrin, proseslərin, münasibətlərin mahiyyəti, sosial dəyəri ilə bağlı olan keyfiyyət xüsusiyyətlərini əks etdirir; 2) konkret hadisə, proses və münasibətləri bilavasitə açıqlayır.
İdarəetmə informasiyası dəqiq strukturlaşdırılmalıdır, çünki informasiya elə hərəkət etməli və elə parametrlərə malik olmalıdır ki, bu dövlət orqanlarının, vəzifəli şəxslərin, idarəetmə prosesinin digər iştirakçılarının informasiya tələbatlarını ödəyə bilsin. Başqa sözlə desək, idarəetmə informasiyası dövlət idarəetməsinin təşkilati strukturuna uyğun struktura malik olmalı və ona xidmət etməlidir. Bu baxımdan kollegial və vahid (təkbaşına) rəhbərlik prinsipləri ilə fəaliyyət göstərən orqanların informasiya imkanlarını fərqləndirmək lazımdır. Birincilərdə, kollegiyanın hər bir üzvü müəyyən informasiyanı işləyərək bütün kollegiyanın müzakirəsinə çıxara bilər ki, bu da həmin orqanların informasiya tutumunun çox yüksək olduğunu göstərir. Vahid rəhbərlik orqanlarında isə əgər məsələyə formal deyil, mahiyyəti üzrə yanaşsaq, bütün giriş və çıxış informasiyalarını bilavasitə rəhbərin özü təhlil etməlidir. Lakin qeyd etmək lazımdır ki, xüsusilə eyni səviyyədə duran belə orqanlara çox vaxt elə həcmdə idarəetmə informasiyası daxil olur ki, vahid rəhbərlər bütün bu informasiyalarla tanış olmaq imkanına malik olmurlar. Buna görə də həmin iş müavinlərə, köməkçilərə, ekspertlərə, aparata tapşırılır ki, nəticədə rəhbər bütün informasiyalara malik olmur və bu informasiya onun nəzarətindən çıxmış olur. Bu halda dövlət orqanının təşkili ilə idarəetmə informasiyasının hərəkətinin təşkili arasında uyğunsuzluqdan danışmaq olar. Bu mənada informasiya ilə işin təkmilləşdirilməsi informasiya axınlarının rəhbər manqanın əlində cəmləşdirilməsindən ibarət ola bilər. Belə olduqda rəhbərlərin özləri də informasiyaya daha tənqidi və məsuliyyətli yanaşarlar.
İdarəetmə orqanlarının təşkilindəki ikili tabeçilik və xətti-funksional prinsiplərin informasiya aspektlərinə də diqqət yetirmək lazımdır. Bu prinsiplərin əsas üstünlüyü onların informasiya axınlarının uyğun istiqamətlərdə necə tarazlaşdırmasından asılıdır. Bu həm də həmin kanallar üzrə hərəkət edən idarəetmə informasiyasının məzmununun, həcminin və məqsədəuyğunluğunun təhlilinin aktuallığını meydana çıxarır.
Müasir informasiya problemlərinin həlli idarəetmənin mərkəzləşdirilməsi və qeyri-mərkəzləşdirilməsinin nisbətinin gözlənilməsi prinsipinin də reallaşdırılmasını tələb edir. Belə ki, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının müəyyən müstəqilliyinə baxmayaraq, onlar vahid informasiya sahəsində fəaliyyət göstərirlər və hər biri digərlərinin nəyi və necə etdiklərini bilməlidirlər. Burada dövr edən idarəetmə informasiyasının axınları və kanallarını aydınlaşdırmaq və cəmiyyətin zəruri idarəolunanlığını təmin etmək lazım gəlir.
Dövlət idarəetməsində qanunçuluğun informasiya təminatının da təhlil tələb edən məqamları mövcuddur. Təcrübə göstərir ki, hüquqi normaları, onlara edilmiş dəyişiklik və əlavələri bütün dövlət qulluqçularının bilməsinin aktuallığı bu və ya digər dərəcədə uyğun orqanın öz səlahiyyətlərini reallaşdırılması ilə bağlıdır. Aparat işçilərinin rəhbər tərəfindən qəbul olunmuş əsas, prinsipal aktlarla vaxtında və tam məlumatlandırılması da çox arzu olunandır. Dövlət idarəetməsində qanunçuluğun təmin olunmasının əhəmiyyəti nəzarətin yalnız yuxandan, rəhbərlik tərəfindən deyil, həm də aşağıdan, icraçı heyət tərəfindən həyata keçirilməsini tələb edir.
İdarəetmə informasiyasının strukturlaşdırılmasında onun müstəqil və obyektiv ekspertizadan keçirilməsini xüsusi qeyd etmək lazımdır. Məhz ekspertizanın nəticəsi informasiyanın keyfiyyəti və aktuallığını müəyyənləşdirməyə, informasiya boşluqlarını azaltmağa və aradan qaldırmağa imkan verir. Dövlət idarəçiliyinə rasionallıq xarakterinin verilməsinin tələb olunduğu hazırkı şəraitdə idarəetmə qərarlarının ekspertizasının sosial və hüquqi statusunu möhkəmləndirmək, onu cəmiyyətə, elmi təşkilatlara, mütəxəssislərin birliklərinə, kütləvi informasiya vasitələrinə, ictimai təşkilatlara həvalə etmək və ictimai rəyə təqdim etmək lazımdır.
Dövlət idarəetməsinin informasiya təminatının vəziyyəti informasiyanın dövlət idarəetmə orqanının daxilində düzgün paylanmasından çox asılıdır. informasiyanın obyektlər üzrə bölüşdürülməsi, dövlət orqanının daxilində paylanması zamanı rəhbərlər və ya rəhbər manqa üçün, vəzifəli şəxslər üçün informasiya üstün əhəmiyyətə malik olur. Bu zaman xüsusi diqqət tələb edən informasiyanın bir-birindən asılı olmayan bir neçə mənbədən alınması və ya göndərilməsi daha məqsədəuyğundur ki, bu da həmin informasiya əsasında aparılacaq təhlillərin, qiymətləndirmənin, proqnozun obyektivliyini təmin etməyə imkan verir. Rəhbərlərin və rəhbər manqanın üzvləri daxil olan və göndərilən informasiya haqqında çox yaxşı məlumatlandırılmalıdırlar. İnformasiyanın vəzifəli şəxslər arasında paylaşdırılması bu informasiya ilə bilavasitə icraçıdan başqa daha kimin tanış olmasının müəyyən edilməsini nəzərdə tutur. Rəhbərlər informasiyanın hərəkəti ilə manevrlər etməli, bu informasiyanın bir hissəsindən kiminsə inhisarçı kimi təkbaşına istifadə etməsinə yol verməməli, informasiyanı elə paylaşdırmalıdır ki, bu informasiya həmişə obyektiv qəbul olunsun. Çalışmaq lazımdır ki, informasiya idarəetmə orqanının bütün vəzifəli şəxsləri üçün əlçatan olsun, çünki bu xidməti funksiyaların daha yaxşı icrasına kömək edir.
İnformasiya işində informasiyaya nəzarət, yəni idarəetmə qərarlarında əksini tapmış maraqların, sorğuların, tələblərin, vəzifələrin həyata keçirilməsinə nəzarət xüsusi yer tutur. Bura informasiyanın mənsubiyyətinə və təyinatına görə hərəkətinə nəzarət, informasiyanın sosial təcrübəyə (konkret hərəkətlərə, fəaliyyətə, dəyişikliklərə) çevrilməsinə nəzarət, hesabat informasiyasının direktiv informasiyaya uyğunluğuna nəzarət kimi müxtəlif istiqamətləri aid etmək olar. Dövlət orqanlarının rəhbərləri, onların xüsusi nəzarət şöbələri informasiyaya daim nəzarət etməli, ötürücünün, qəbuledicinin, informasiya kanallarının sazlığına diqqət yetirməlidir. Bu zaman informasiya axınlarında əks-əlaqəyə xüsusi diqqət yetirilməlidir.
Dövlət idarəçiliyində informasiyanın təşkili prosesinə texniki-texnoloji yeniliklərin tətbiqi kompleks xarakterli olub informasiya, təşkilati, hüquqi, sosial-psixoloji, kadr, texniki, məntiqi-semantik və bir çox digər amillərin eyni vaxtda və razılaşdırılmış şəkildə istifadə olunması ilə bağlıdır. Bütün bunlar kompleks yanaşmanın tətbiq olunması ilə, həm informasiya ilə iş sisteminin, həm də idarəetmənin funksional və təşkilati strukturunun, idarəetmə münasibətlərinin xarakteri və quruluşunun, bir sıra digər idarəetmə hadisələrinin keyfiyyətcə dəyişdirilməsini tələb edir.
Dövlət idarəetməsinin səmərəliliyini təmin etmək üçün informasiya sisteminin məzmununun formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Belə informasiya vahidləri kimi aşağıdakıları qeyd etmək olar:
idarəolunan obyektlərin maddi, istehsal, sosial, texniki və texnoloji parametrlərini əks etdirən məlumatlar;
idarəetmə obyektlərinin istehsal, sosial-xidmət, mənəvi-mədəni və digər istehlak xarakterli fəaliyyətini tənzimləyən normalar, normativlər, stimullar haqqında məlumatlar;
dövlət orqanlarının idarəetmə sferasında fəaliyyətini müəyyənləşdirən materiallar (qanunvericilik və digər normativ-hüquqi aktlar, müqavilə öhdəlikləri, plan tapşırıqları, yuxan orqanların göstərişləri, nəzarət aktlarının nəticələri və s.);
dövlət və yerli özünüidarəetmə orqanlarının heyətinin kəmiyyət və keyfiyyət tərkibi, hazırlıq səviyyəsi və peşəkarlığının artımı haqqında məlumatlar (idarəetmə subyektinin insan potensialmı xarakterizə edən bütün məlumatlar toplusu).
Belə informasiya vahidləri idarəedici alt sistemlərin və onların bölmələrinin səviyyəsinə və miqyasına uyğun olmalı, ilk növbədə bu orqanlar çərçivəsində fəaliyyət göstərən informasiya sistemlərinə daxil edilməlidir. Bu sistemlərdə elmi-texniki tərəqqi və onun ən yeni nailiyyətləri, bunların tətbiqi ilə bağlı xarici ölkələrin təcrübəsi haqqında məlumatlar da olmalıdır.
Bütünlükdə cəmiyyətdə və dövlət idarəetməsində həmişə informasiyanın özünü, onun işlənməsinin forma, metod və vasitələrini, informasiya proseslərinə cəlb olunmuş insanları əhatə edən müəyyən informasiya sistemləri mövcud olur. Bu sistemlər informasiyanın qəbulu, saxlanılması, işlənilməsi, ötürülməsinə imkan verir, idarəetmə subyektinin istifadəsi üçün əhəmiyyətli olan bütün əməliyyatların həyata keçirilməsini təmin edir və idarəetmə qərarlarının qəbul edilməsi zamanı müstəsna əhəmiyyət kəsb edir.