İdarəetmə informasiyası - sosial informasiyanın bir hissəsi olub dövlət idarəetmə proseslərində idarəedici təsirlərin formalaşdırılması və reallaşdırılmasında istifadə olunmaq üçün yararlı olması baxımından ümumi informasiya massivindən götürülmüş informasiyadır. Bu informasiya idarəetmə orqanlarının informasiya tələbatlarını, insanların məqsəd və maraqlarını, davranış və fəaliyyətlərinin təşkili və tənzimlənməsinin konkret mexanizm və üsullarını özündə əks etdirir. Dövlət idarəetməsinin rasionallığı və səmərəliliyi bilavasitə idarəetmə informasiyasının keyfiyyətindən asılı olur. İdarəetmə informasiyası ən azı aşağıdakıları əhatə etməlidir:
İnsanların ictimai və şəxsi həyatında dövlətin rolu və yerinə görə, uyğun olaraq konkret dövlət orqanının funksiya və səlahiyyətlərinə görə təşkil olunmalıdır. Yeri gəlmişkən qeyd edək ki, dövlət idarəetmə orqanları sistemində baş verən funksional və struktur dəyişiklikləri onların informasiya təminatındakı dəyişikliklərin meylini müəyyənləşdirir, belə ki, struktur dəyişiklikləri informasiya axınlarının istiqamətinin dəyişməsinə, funksional dəyişikliklər isə daxil olan informasiyada keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olur;
İdarəetmə proseslərində məcburi qaydada icra olunmalı qanunların, digər normativ aktların xarakterinə və iyerarxiyasına görə (dövlət idarəçiliyi əsasən qanunların icrasını nəzərdə tutduğu üçün burada hüquqi münasibətlərin vəziyyəti haqda informasiya tələb olunur) formalaşdırılmalıdır;
Müxtəlif dövlət orqanlarının idarəedici təsirlərini konkretləşdirən, özünəməxsus hüquq münasibətlərinin növlərini formalaşdıran idarəolunan obyektlərin xüsusiyyətlərini, formalarını, qanunauyğunluqlarını əhatə etməlidir.
Dövlət idarəçiliyində istifadə olunan idarəetmə informasiyasının aşağıdakı mənbələrini göstərmək olar:
Dövlət orqanlarına və dövlət qulluqçularına müəyyən idarəetmə qərarlarını qəbul etmək və ya müəyyən dövrdə və istiqamətdə idarəetmə təsirlərini həyata keçirmək (qanunların və digər normativ aktların icrası üçün qərar və hərəkətlər) səlahiyyətləri verən qanunvericilik və digər aktların normaları;
Vətəndaşların öz qanuni maraqlarını və subyektiv hüquqlarını reallaşdırmaq (vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi) üçün dövlət orqanlarına müraciətləri;
Dövlət idarəetməsinin reallığını təmin edən və aşağı orqanlar tərəfindən icra olunması nəzərdə tutulan yuxan dövlət orqanlarının məcburi göstərişləri (direktiv idarəetmə informasiyası);
Nəzarət proseslərində aşkar edilən və idarəetmə obyektlərinin vəziyyətini, idarəedici komponentlərin fəaliyyətinin səviyyəsini əks etdirən faktlar, münasibətlər (dövlət idarəetmə proseslərində əks-əlaqələr haqqında idarəetmə informasiyası);
Dövlət idarəetmə orqanlarının və vəzifəli şəxslərin aktiv və operativ müdaxiləsini tələb edən problemli, münaqişəli, ekstremal və digər mürəkkəb vəziyyətlər (ictimai proseslərin böhran vəziyyətləri haqqında idarəetmə informasiyası).
Sonuncu mənbələr uyğun idarəetmə təsirlərinin alqoritminin qabaqcadan müəyyənləşdirilməsini nəzərdə tutduğu üçün onlar haqqında bir qədər ətraflı məlumat vermək lazımdır. Belə vəziyyətlərin təkrarlanmayan olmasına baxmayaraq onların hər biri üçün konkret dövlət orqanları və vəzifəli şəxslər tərəfindən sürətli və təsirli davranış modelləri düşünülməli və hazırlıqlar görülməlidir.