hüquq bərabərliyi prinsipi. İrqindən, milliyyətindən, dinindən, cinsindən, sosial mənsubiyyətindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, habelə işgüzarlıq keyfiyyətlərinə aid olmayan digər səbəblərdən asılı olmayaraq dövlət qulluğuna girməkdə və vəzifədə irəli çəkilməkdə vətəndaşların hüquq bərabərliyinin təmin edilməsini nəzərdə tutur;
sosial müdafiə prinsipi. Bu prinsip dövlət qulluqçularının sosial və hüquqi müdafiəsini, onlar üçün layiqli yaşayış səviyyəsinin təmin edilməsini nəzərdə tutur;
məsuliyyət prinsipi. Qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçularının, eləcə də yüksək rütbəli məmurların hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması;
peşəkarlıq və səriştəlilik prinsipi. Dövlət aparatında işləmək yüksək peşəkarlıq və səriştəlilik kimi keyfiyyətlərin olmasını və onların daim inkişaf etdirilməsini tələb edir;
aşkarlıq prinsipi. Dövlət sirrinin qorunması şərti ilə və xidməti etiket qaydalarından kənara çıxmadan məmurun fəaliyyətində aşkarlığa yer verilməsi nəzərdə tutulur;
neytrallıq prinsipi. Öz siyasi əqidəsindən asılı olmayaraq xidməti vəzifəni icra edərkən neytral olmağı tələb edir. Bəzi ölkələrdə bu prinsip dövlət qulluqçularının siyasi partiyalarda fəal iştirakına qadağa qoyulmasını nəzərdə tutur;
kadr stabilliyi prinsipi. Bu prinsip peşəkar kadrların seçiminə, hazırlanmasına və irəli çəkilməsinə dəstək verməklə yanaşı kadr axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini tələb edir.
Dövlət qulluğunun əsas vəzifələri və prinsiplərinin yüksək təsir gücünə malik olması ayrı - ayrılıqda deyil, qarşılıqlı əlaqəli şəkildə biri-birini tamamladıqda və yalnız onların vəhdəti təmin olunduqda bütövlükdə sistemin səmərəli fəaliyyət göstərməsinə zəmanət verə bilər.
Müxtəlif ölkələrin inzibatçılıq təcrübəsinə nəzər saldıqda məlum olur ki, dövlət qulluğunun idarə olunmasında forma cəhətdən müəyyən fərqlərə baxmayaraq məzmunca oxşarlıq daha çox özünü biruzə verir. Avropa ölkələrinin böyük əksəriyyətində bu və ya digər formada dövlət qulluğunun idarə olunmasında ictimai əsaslarla yaradılan məşvərətçi, məsləhətverici (və ya istiqamətverici) xarakterli orqanlarla yanaşı xüsusi dövlət orqanları yaradılır və onlara icra funksiyalarının yerinə yetirilməsi məsuliyyəti bilavasitə həvalə olunur. Belə ki, İngiltərədə dövlət qulluğu məsələləri ilə Mülki Qulluq Nazirliyi, Fransada yalnız Prezidentə tabe olan Mərkəzi Dövlət Qulluğunun Ali Şurası və Baş Nazirin bilavasitə rəhbərliyi altında - İnzibatçılıq və Dövlət qulluğu Baş İdarəsi, Polşada Dövlət Qulluğu Ofisi, Sloveniyada Məmurlar Şurası, Slovakiyada Dövlət Qulluğu İdarəsi, Qazaxıstanda Prezidentin yanında Dövlət Qulluğu Agentliyi məşğuldur.
Azərbaycanda dövlət qulluğu ilə bağlı məsələlərə ümumi rəhbərlik Dövlət Qulluğunu İdarəetmə Şurasına həvalə olunmuşdur. Şuranın tərkibi 18 nəfər üzvdən ibarətdir. Şura üzvlərinin 6 nəfəri - Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 nəfəri Milli Məclisin sədri tərəfindən, 6 nəfəri isə Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin olunurlar. Göründüyü kimi, Şurada hakimiyyətin üç qolunun proporsional nümayəndəliyi təmsil olunur. Şuranın səlahiyyətləri qanunla qəbul edilən Əsasnamədə müəyyənləşdirilir (29.09.2002-ci
ildə qəbul edilib). Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.
Dövlət qulluğu institutunun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 2005-ci ilin yanvar ayından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Komissiyanın Əsasnaməsi və strukturu təsdiq edilmişdir. Artıq Komissiya dövlət qulluğu ilə bağlı məsələlərin həllində dövlətin icraedici orqanı kimi fəaliyyətdədir.