8.4. Dövlət idarəçiliyində yeni informasiya texnologiyaları Dövlət idarəetməsinin informasiya təminatının əsasını informasiya resursları təşkil edir. Buna görə dövlət hakimiyyət və idarəetmə orqanlarını informasiya resursları ilə təmin edəcək informasiya sistemlərinin işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir. informasiya axınlarının müasir vəziyyətində bu məsələnin səmərəli həllini informasiya sistemlərindən, hesablama texnikası vasitələri və yeni informasiya texnologiyalarından istifadə etmədən təmin etmək mümkün deyildir.
Dövlət idarəçiliyində yeni informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə edilməsi idarəetmə proseslərinin xarakterinə və onun həyata keçirilməsinin təşkilati formalarına mühüm təsir göstərir. Dövlət idarəçiliyində İKT-nın tətbiqi bir çox sferalarda cəmiyyətin informasiya tələbatlarını daha dolğun ödəməyə, dövlət idarəetməsinin səmərəliliyini yüksəltməyə və dövlət sektorunun xərclərini azaltmağa, dövlət idarəetmə orqanlarının vətəndaşlarla və təsərrüfat subyektləri ilə qarşılıqlı fəaliyyətini yaxşılaşdırmağa imkan verir. Dövlət idarəetmə orqanlarının, yerli özünüidarəetmə orqanlarının vətəndaşlarla və təşkilatlarla informasiya qarşılıqlı fəaliyyətinin müasir metodlarının inkişafı qərarların qəbulunda açıqlığın və aşkarlığın təmin olunması üçün yeni imkanlar açır. Bu mənada dövlət idarəetməsinin informasiya təminatının ən mühüm strateji istiqamətlərindən biri müxtəlif növ səmərəli informasiya sistemlərinin, idarəetmə qərarlarının hazırlanması və qəbuluna yardım sistemlərinin işlənib hazırlanması və tətbiqindən ibarətdir.
Dövlət idarəçiliyində avtomatlaşdırılmış idarəetmə sistemlərindən (AİS) geniş istifadə olunur. Bu sistem informasiya texnologiyasının - onun toplanmasının, ötürülməsinin, yığılmasının və işlənməsinin ən optimal təşkilati və idarəedilməsi formasıdır. Avtomatlaşdırılmış idarəetmə sistemi yalnız dövlət idarəetmə orqanlarında deyil, regionlar və xalq təsərrüfatının ayrı - ayrı sahələri üzrə də yaradılmalıdır. Onlar çoxvariantlı plan-iqtisadi hesablamalar aparır, proqnozlar verir, təsərrüfat fəaliyyəti üçün optimal idarəetmə qərarları hazırlayırlar. Hazırda dövlət hesablama mərkəzləri şəbəkəsi əsasında avtomatlaşdırılmış plan-iqtisadi hesablamalar sistemi, habelə avtomatlaşdırılmış sahə sistemləri daxil olmaqla informasiyaların toplanması və işlənməsinin vahid dövlət sistemi yaradılmışdır. Avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması bəzilərinin düşündüyü kimi, heç də rəhbər işçiləri bir çox qayğılardan azad etmir, sadəcə olaraq idarəetmənin səmərəliliyinin, operativliyinin yüksəlməsinə və məhsuldarlığın artmasına şərait yaradır. Avtomatlaşdırılmış idarəetmə sistemləri şəraitində idarəçilik fəaliyyətinin funksional məzmunu xeyli dəyişir, konkretləşir, operativliyə, dəqiqliyə və mütəşəkkil iş fəaliyyətinə tələbat xeyli dərəcədə artır.
Dövlət idarəetməsinin informasiya sistemlərinin yaradılması bürokratik dövlət maşınına yeni texniki vasitələrin tətbiqi deyil, mülkiyyət formalarının müxtəlifliyinə, vətəndaş cəmiyyətinə, özünüidarəetmə mexanizmlərinin geniş inkişafına, insanların hüquq və azadlıqlarının tamlığına, qanunun aliliyinə və digər demokratik prinsiplərə və dəyərlərə əsaslanan yeni dövlət idarəetmə sisteminin yaradılmasını nəzərdə tutur. Eyni zamanda, idarəolunan obyektlərin, onların qarşılıqlı əlaqələrinin müasir təşkili, yeni rabitə vasitələrinin imkanları, informasiya işlənmə texnikasının xarakteri və digər amillər dövlət idarəetməsinin vahid və tam əhatəli informasiya sisteminin yaradılmasına şərait yaradır. Beləliklə, dövlətdə özünün vahid informasiya sisteminə malik ümumi dövlət idarəetmə sistemi qurulmalıdır.
Yeni informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə dövlət idarəetməsinin informasiya sisteminin təkmilləşdirilməsi dedikdə, sadəcə olaraq müəyyən obyektlərin vəziyyətini və dinamikasını əks etdirən informasiyanın formalaşdırılması, qeydiyyata alınması, toplanması, işlənməsi və saxlanması ilə bağlı fəaliyyət göstərən sistem deyil, keyfiyyətcə və prinsipcə yeni informasiya sistemlərinin qurulması başa düşülür. Mikroelektronikanın, informatikanın, mikroprosessorların, robotların və digər müasir xidmət vasitələrinin tətbiqi bütövlükdə informasiya ilə işin yeni elmi və texniki səviyyəyə yüksəldilməsinə, rasional və səmərəli informasiya texnologiyalarının yaradılmasına imkan verir.
Qeyd etdiyimiz kimi, dövlət idarəetməsinin səmərəliliyinə təsir edən amillərdən biri də yeni informasiya texnologiyalarından istifadə olunmasıdır. Yeni informasiya texnologiyaları informasiya ilə iş prosesində kompüter texnikasından və rabitənin telekommunikasiya vasitələrindən istifadə etməyə imkan verir. Bu texnologiyaların tətbiqi hər şeydən əvvəl idarəetmə fəaliyyətini, onun məzmununu dəyişir, idarəetmənin səmərəliliyini artırır, dövlət idarəetmə orqanlarında qərar qəbulu proseslərinin informasiya təminatının daha yüksək səviyyəsini təmin etməyə imkan verir. Bu baxımdan informasiya sistemləri sahəsindəki yeniliklərin gələcəkdə məhsuldarlığın artmasına təsiri daha çox olacaqdır. Bu yeniliklərə lokal və qlobal informasiya şəbəkələri, verilənlər bazasının idarə olunması imkanlarının genişlənməsi, müstəqil proqramlaşdırma, ofis əməliyyatlarının avtomatlaşdırılması, qərar qəbuluna yardım sistemləri, ekspert sistemləri və s. aiddir.
Dövlətin keyfiyyətcə yeniləşməsi cəmiyyətin bütün strukturlarını və ayrıca hər bir vətəndaşın məlumatlandırılmasını təmin edəcək vahid informasiya məkanının formalaşdırılması və inkişaf etmiş informasiya infrastrukturunun yaradılması kimi sosial idarəetmə məsələsinin həllini ön plana çıxarır. Bu gün vətəndaşların hökumətin informasiyalarına tələbatı artır ki, bu da vətəndaşlarla informasiya qarşılıqlı əlaqələrinin infrastrukturunun inkişaf etdirilməsini tələb edir. Belə bir informasiya infrastrukturunun olması dövlət hakimiyyət və idarəetmə orqanlarının bütün səviyyələrini inteqrasiya etməklə iri həcmli informasiyanın yığılması, sistemləşdirilməsi, təsnifləşdirilməsi, ötürülməsi və saxlanılmasının səmərəli vasitələrinin tətbiq edilməsini, məlumatların alınması və işlənilməsi, onların təhlili və modernləşdirilməsi müasir texnologiyaların istifadə edilməsini nəzərdə tutur ki, bu da dövlət idarəetməsinin səmərəliliyinin vacib şərti və göstəricisidir.
Əgər hər hansı bir təşkilatda və yaxud idarədə iki və ya daha artıq kompüter varsa, о zaman bu kompüterlərin verilənləri və informasiyanı bir-biri ilə əlaqəli olaraq işləməsi təşkilat üçün daha çox səmərə verər və məhsuldarlığın artmasına kömək edər. Hazırkı dövrdə kompüterlərin eyni məkanda və yaxud müxtəlif qitələrdə yerləşməsindən asılı olmayaraq onlardan birləşdirilmiş formada istifadə etməyə böyük ehtiyac yaranmışdır. Eyni məkanda yerləşən kompüterlərin birləşmiş formada istifadəsinə lokal şəbəkə, müxtəlif coğrafi məkanlarda yerləşən kompüterlərin birləşdirilməsinə isə qlobal şəbəkə adı verilmişdir. Kompüter istifadəçilərinin təşkilat daxilində tez-tez informasiyanın ötürülməsi, saxlanması, yenidən işlənməsi ilə bağlı problemləri meydana çıxdıqda daxili şəbəkənin köməyinə ehtiyac hiss olunur. Əgər bir istifadəçi digərinə sənəd, qrafik və yaxud təhlil xarakterli informasiya göndərmək istəyirsə bu zaman daxili şəbəkədən istifadə edir. Daxili şəbəkənin digər faydalarından biri də eyni informasiyadan bir neçə istifadəçinin eyni anda istifadə etməyə imkan verməsidir ki, bu da idarəetmə fəaliyyətində vaxta qənaət edilməsinə və səmərəliliyin yüksəldilməsinə səbəb olur. Daxili şəbəkədə informasiyanın paylanması üsullarından biri də elektron poçt xidmətidir. Elektron poçt xidməti sənədləri, şəkilləri və digər informasiyaları bir və ya bir neçə şəxsə göndərməkdən ibarətdir. Beynəlxalq qlobal şəbəkələr həb bir neçə onilliklər bundan əvvəl beynəlxalq telefon şəbəkəsi formasında mövcud olmuşdur. Müasir dövrdə müxtəlif coğrafi məkanlarda yerləşən kompüter istifadəçiləri arasında informasiya mübadiləsinə olan ehtiyac getdikcə artır və beynəlxalq şəbəkələr biznes, sənaye və dövlət idarəetmə orqanlarının fəaliyyətində daha böyük əhəmiyyət kəsb edir.
Kommunikasiya texnologiyaları içərisində internet mühüm əhəmiyyət kəsb edir və son dövrlərdə dünya birliyinin informasiya strukturunun mühüm elementinə çevrilmişdir. internet mərkəzləşdirilmiş idarəetmə orqanına malik olmayan, uzaq müraciətli telekommunikasiya kanalları ilə birləşdirilmiş qlobal şəbəkələrin toplusudur. Hər gün milyonlarla kompüter İnternetə qoşulur və onların real sayını müəyyən etmək qeyri-mümkündür. Qərb ölkələrində idarəetmə orqanlarının İnternetdən istifadə etməsinə dövlət hakimiyyətinin səmərəliliyinin yüksəldilməsi üçün mümkün imkanlardan biri kimi baxılır. Tədqiqatçıların fikrincə, yaxın dövrlərdə internet hakimiyyətin xalq kütlələri üçün açıqlığını təmin edə biləcək əsas vasitəyə çevriləcəkdir. Hesab edilir ki, informasiya texnologiyalarının dövlət idarəçiliyinə tətbiqi çox şeyi tezliklə optimallaşdırmağa, dövlətin saxlanılma xərclərinin azaldılmasına, dövlət hakimiyyət orqanlarının bir-biri ilə və vətəndaşlarla, cəmiyyətlə qarşılıqlı fəaliyyətinin sürətlənməsinə imkan verəcəkdir. Dövlət idarəetmə fəaliyyətində İnternetdən başqa ölkələrin idarəetmə təcrübəsinin öyrənilməsində, informasiyaların daha operativ qəbul edilməsində və ötürülməsində, ictimai xidmətlərin göstərilməsində istifadə edilir.
Bu gün idarəetmə proseslərində inteqrasiya olunmuş informasiya sistemlərindən daha çox istifadə olunur ki, bu da idarəetmə qərarlarının qəbulu və tələb olunan informasiyanın istifadəçilərə çatdırılması sahəsində mövcud olan müxtəlif informasiya sistemlərinin məcmusundan ibarətdir. Bu sistemlərə Əməliyyat Email Sistemi, İnformasiya İdarəetmə Sistemi, Qərarların Qəbuluna yardım Sistemi, Tətbiqi İnformasiya Sistemi, Strateji İnformasiya Sistemi, Ekspert sistemləri və.s. aid etmək olar. Bu sistemlər daxili və xarici verilənlər bazası ilə birlikdə inteqrasiya olunmuş informasiya sistemini təşkil edir. Konseptual baxımdan inteqrasiya olunmuş informasiya sisteminin fəaliyyəti daxili və xarici mənbələrdən məlumatların alınması ilə başlayır. Məlumatlar əməliyyat emalı sistemində işlənildikdən sonra daxili verilənlər bazasına ötürülür və sonrakı mərhələdə istifadəçilər lazımi informasiyanı tapmaq üçün bu bazadan istifadə edirlər. Bu informasiya sistem tərəfindən müxtəlif hesabatların hazırlanması və yaxud idarəetmə qərarlarının müxtəlif variantlarının hazırlanması və qiymətləndirilməsi üçün qərarların qəbuluna yardım sistemində istifadə olunur. Sistemin hesabatlan istifadəçilərə sənədlərin hazır forması şəklində və yaxud elektron poçt vasitəsilə ötürülə bilər, daxili verilənlər bazasındakı informasiya ilə birləşdirilərək tətbiqi informasiya sistemləri vasitəsilə yuxarı səviyyəli məsul şəxslərə çatdırıla bilər. Daxili verilənlər bazası strateji informasiya sistemləri üçün informasiya mənbəyi rolunu oynayır. Eyni zamanda bu informasiya dan ekspert sistemlərində də istifadə olunur. Bütün bu proses zamanı sistem qərar qəbulu prosesini bütün səviyyələrdə
İnformasiya-kommunikasiya texnologiyalarının dövlət idarəetmə orqanlarında tətbiqi mürəkkəb proses olub bir sıra amillərlə bağlıdır:
inzibati aparatın şaquli strukturunun üfüqi struktura dəyişdirilməsinin zəruriliyi ilə;
dövlət qulluqçularının hazırlıq səviyyəsinin aşağı olması və düşüncələrindəki inersialılıqla;
informasiya ya kütləvi çıxış imkanlarını nəzərdə tutan məlumatlar bazasının çatışmaması ilə.
Dövlət idarəçiliyində yeni İKT-nın tətbiqi ilə bağlı vəzifələrə aşağıdakıları aid etmək olar:
qanunvericiliyin təkmilləşdirilməsi;
İKT-dən istifadə etməklə dövlət hakimiyyət orqanlarının və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi;
İKT-dən istifadə etməklə dövlət hakimiyyət və idarəetmə orqanları ilə vətəndaşlar arasında səmərəli qarşılıqlı fəaliyyət üçün şəraitin yaradılması;
İKT üzrə mütəxəssislərin və yüksək ixtisaslı istifadəçilərin hazırlığı sisteminin inkişaf etdirilməsi.
İKT-nin dövlət idarəetməsi sferasına tətbiqi prosesinin əsas vəzifəsi hakimiyyət orqanlarının səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Bu vəzifə həll edilmədən vətəndaşların informasiyaya çıxış hüquqlarının və hakimiyyət orqanları tərəfindən göstərilən xidmətlərdən istifadənin səmərəli və rahatlığının təmin olunmasına nail olmaq mümkün deyildir. Dövlət idarəetməsində İKT-nin tətbiqi iqtisadiyyatın inkişafı üçün həyati əhəmiyyətli məqsədlərə nail olmaq, dövlət aparatının işinin səmərəliliyini artırmaq və dövlət idarəçiliyində məhsuldarlığın yüksəldilməsinə nail olmaq üçün çox böyük imkanlar yaradır. Məlum olduğu kimi informasiya inhisarçılığı bürokratizmin və korrupsiyanın inkişafı üçün münbit mühit rolunu oynayır. Buna görə də yeni informasiya-kommunikasiya texnologiyalarının dövlət idarəçiliyində tətbiqi açıq informasiya resurslarına idarəetmə strukturunun inhisarını aradan qaldırmağa, açıq vətəndaş cəmiyyəti formalaşdırmağa kömək edəcəkdir.
İnkişaf etmiş ölkələrin hökumətlərinin İKT sahəsindəki strategiya larının təhlili göstərir ki:
hökumət dövlət təşkilatları ilə qarşılıqlı münasibətlərdə vətəndaşlar üçün böyük rahatlığın yaradılmasında maraqlıdır;
hökumət iqtisadiyyatın elektronlaşdırılması sahəsində, о cümlədən elektron ticarətin inkişafının stimullaşdırılmasında lider rolunu öz üzərinə götürür;
hökumət onun fəaliyyətinə vətəndaşlar tərəfindən nəzarətin gücləndirilməsi barədə milli təşəbbüs çərçivəsində özünün fəaliyyətinə yenidən baxır.
Dövlət idarəetməsinin informasiya təminatının təkmilləşdirilməsi, İKT-nin dövlət idarəçiliyinə tətbiqi və dövlət idarəetməsinin informasiya sistemlərinin inkişaf etdirilməsi baxımından son dövrlərdə dünyanın müxtəlif ölkələrində reallaşdırılmağa başlanılmış “elektron hökumət” layihəsini xüsusi qeyd etmək lazımdır. Elektron hökuməti “informasiyanın elektron vasitələrlə işlənilməsi, ötürülməsi və yayılması əsasında qurulmuş dövlət idarəetməsi sistemi” kimi müəyyənləşdirmək olar. Bəzi ölkələrdəe-Government adlandırılan “elektron hökumət”in əsas vəzifəsi dövlətin, milli iqtisadiyyatın və sosial proseslərin idarə olunmasını daha da səmərəli və istifadəçilər üçün daha da rahat etməkdən ibarətdir. “Elektron hökumət” ideyasının tərəfdarlarının onun xeyrinə istifadə etdikləri ən mühüm arqumentlərdən biri bu sistemin dövlət hakimiyyətinin şəffaflığını artıracağı və onun həm vətəndaşlarla, həm də biznes strukturları ilə əks-əlaqələrinin yeni səviyyəyə yüksələcəyinə inamdan ibarətdir.
Elektron hökumət layihələri hal-hazırda ABŞ, İngiltərə, Kanada, Avstraliya, Yaponiya, Sinqapur və digər ölkələrdə həyata keçirilir. Bu sahədə liderlik elektron hökumət layihəsinin reallaşdırlmasına 1995 - 1996-cı illərdən başlamış və bu günə qədər kifayət qədər uğurlar qazanmış ABŞ və İngiltərəyə məxsusdur. Məsələn, ABŞ-da vergi xidməti portalının yaradılması vergi ödəyicilərindən daxil olan informasiyanın işlənilməsinə sərf olunan vaxtın 8 aydan 20-30 dəqiqəyə qədər azaldılmasına imkan vermişdir.
“Elektron hökumət” layihəsinin məqsədi İKT-nin tətbiqi hesabına demokratiyanın inkişafına şərait yaratmaqdan, dövlət və bələdiyyə idarəetməsinin, iqtisadiyyatın fəaliyyətinin səmərəliliyinin artırılmasından, vətəndaşların informasiyaya sərbəst çıxış hüquqlarının təmin olunması üçün şəraitin yaradılmasından, ölkənin vahid informasiya məkanının formalaşdırılmasından ibarətdir. Bu layihənin reallaşdırılması aşağıdakılara imkan verəcəkdir:
hökumətin (dövlət strukturlarının, dövlət qulluqçularının) intellektual və kadr potensialından maksimum istifadə etməyə;
vətəndaşların dövlət idarəetməsində iştirakına, əhalinin müxtəlif informasiyalara çıxış imkanlarının təmin olunmasına;
cəmiyyət üçün dövlətin informasiya şəffaflığı və açıqlığının təmin olunmasına.
“Elektron hökumət” layihəsinin tərkib hissəsi aşağıdakılardan ibarət ola bilər: elektron sənəd dövriyyəsi sistemləri, dövlət xidmətlərinin portalı, dövlət registrləri və vətəndaşlara avtomatlaşdırılmış xidmət sistemləri, sahəvi, regional və yerli məlumat bazaları və.s.
Dövlət idarəetməsində avtomatlaşdırılması nəzərdə tutulan proseslərə görə “elektron hökumət! layihəsinin yaradılmasına bir sıra tələblər irəli sürülür. İdarəetmə nəzəriyyəsində üç belə tələblər qrupu müəyyənləşdirilmişdir:
İnstitutsional tələblər. Burada ümumi siyasət və onun həyata keçirilməsinin başlıca vəzifələri müəyyənləşdirilir.
İnzibati tələblər. Bu tələblər funksional idarəetmə sferasını əhatə edir ki, burada institutsional səviyyədə müəyyənləşdirilmiş fəaliyyət istiqamətləri təşkilati-idarəetmə komponentlərinə ayrılır.
Texnoloji tələblər. Bunlar bütövlükdə cəmiyyət və ayrı - ayrı vətəndaşların, təşkilatların istifadə etdiyi konkret məhsullara çevrilən dövlət idarəetmə xidmətlərinə olan tələbatların bilavasitə ödənilməsi ilə bağlı tələblərdir.
İnzibati və texnoloji səviyyədə dövlət idarəetməsi funksional baxımdan konkret məsələlərə yönəlir və onları həll edir. Dövlət idarəetmə sistemi dövlət aparatının təşkilati strukturunu (dövlət orqanlarını), onların reallaşdırdığı funksiyaların məcmusunu, istifadə etdikləri metod, vasitə və resursları, idarəetmə subyektləri və obyektləri arasındakı birbaşa və qarşılıqlı əks-əlaqələri və bu zaman lazım olan informasiya axınlarını özündə birləşdirir. Buna görə də elektron hökumət modeli bu sistemin yalnız əhaliyə və təşkilatlara xidmətlərin göstərilməsi ilə bağlı ən aşağı texnoloji səviyyəsini deyil, bütün dövlət idarəetmə sistemini əhatə etməlidir.
Dövlət idarəetməsinin inzibati səviyyəsində əsas vəzifə elektron sənəd dövriyyəsinə keçiddən ibarətdir. Bu aşağıdakıları nəzərdə tutur:
təşkilatdaxili elektron sənəd dövriyyəsi sistemlərinin inkişafı;
dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanları arasında müxtəlif sənədlərin işlənilməsinin müddətlərinin azaldılmasını təmin edən təşkilatlararası elektron sənəd dövriyyəsi sistemlərinin inkişafı;
regional və yerli hakimiyyət orqanlarının qəbul etdiyi qərarların keyfiyyətinin yüksəldilməsini təmin edəcək üfüqi qarşılıqlı fəaliyyət sistemlərinin inkişafı.
Burada təşkilatlardakı informasiya və sənəd dövriyyəsinin təşkilati standartlarının uyğunluğunun təmin edilməsi vəzifəsi qarşıya qoyulur.
Dövlət idarəetməsinin texnoloji səviyyəsində, yəni vətəndaşlara və təşkilatlara xidmətlərin bilavasitə göstərildiyi səviyyədə aşağıdakı vəzifələrin yerinə yetirilməsi tələb olunur:
müəssisələrin dövlət orqanları ilə məcburi qarşılıqlı fəaliyyət növlərinin əksəriyyətinin elektron formaya keçirilməsi və tədricən bütün təsərrüfat subyektlərinin kağızsız sənəd dövriyyəsinə keçməsi. Bu zaman informasiya mübadiləsini təmin edən müxtəlif səviyyəli dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin razılaşdırılmasının təmin edilməsi, о cümlədən, mübadilə standartlarının, imzanın müdafiəsi və təsdiqi prinsiplərinin uyğunluğu, həmçinin dövlət orqanlarındakı kargüzarlığın və sənəd dövriyyəsinin açıq beynəlxalq standartlara uyğunluğunun təmin olunması tələb olunur;
İKT vasitəsi ilə dövlətlə vətəndaşlar arasında səmərəli qarşılıqlı fəaliyyətin təmin olunması. Burada vətəndaşlara əks-əlaqə imkanı da daxil olmaqla telekommunikasiya kanalları vasitəsi ilə mərkəzi və yerli səviyyəli müxtəlif dövlət orqanlarının informasiyasından istifadə imkanlarının yaradılması nəzərdə tutulur. Bu zaman vətəndaşlara yaşadığı yerdən asılı olmayaraq bərabər imkanlar yaradılmalıdır ki, bu da uzaqdan qoşulmaq və xidmətləri məsafədən əldə etmək imkanlarının da olmasını nəzərdə tutur;
dövlət orqanlarının internet nümayəndəliklərinin yaradılması və hökumət portalının qurulması. Burada regional və yerli səviyyədə əlaqələndirmə məsələləri də həll olunmalıdır.
Dövlət idarəetməsinin bütün səviyyələrinin və yerli özünüidarəetmə orqanlarının informasiyalaşdırılmasının inkişafı tədbirləri bütün ölkə ərazisində vahid informasiya məkanının yaradılmasını və həm cəmiyyət daxilində, həm də dövlətlə vətəndaş arasında informasiya mübadiləsi proseslərinin əsaslı dərəcədə sürətləndirilməsini təmin etməlidir. Qarşıya qoyulmuş bu vəzifələr tipik həll variantlarının işlənib hazırlanmasını və bütün ölkə miqyasında kütləvi şəkildə tətbiq olunmasını nəzərdə tutur. Məsələn, müxtəlif ölkələrdə «elektron hökumət» çərçivəsində aşağıdakı kimi məsələlər tətbiq olunur: