mübadiləsi ilə keçirdikdə, tələdə olduğunu hiss etmirsən. Ağıl bu
mənada əvəzedilməz bir zövqdür.
- Tamamilə doğrudur.
Andrey Yefimıç müsahibinin gözlərinə baxmadan sakitcə və ara
verə- verə ağıllı adamlar və onların söhbəti haqqında danışırdı, Mixail
Averyanıç isə onu diqqətlə dinləyir və “ tamamilə doğrudur ” deyə
onunla razılaşırdı.
Poçt müdiri birdən:
- Siz ruhun ölməz olmasına inanırsınızmı? – deyə soruşdu.
- Xeyr, möhtərəm Mixail Averyanıç, inanmıram və inanmağa da
əsasım yoxdur.
- Sözün düzü, mən də şübhələnirəm. Hərçənd məndə belə bir hiss
vardır ki, guya heç ölməyəcəyəm. Bu yandan da öz- özümə deyirəm: ay
qoca kaftar, vaxtındır, bu gün- sabah öləcəksən. Amma ürəyimdə bir
səs mənə deyir: inanma, ölməyəcəksən!..
Mixail Averyanıç saat ona işləyəndə çıxıb getdi. Dəhlizdə kürkünü
geyinərkən içini çəkərək dedi:
- Amma tale bizi nə hicra bir guşəyə atıb! Hər şeydən çox adam
buna yanır ki, biz elə burada da öləcəyik. Eh!..
VII
Andrey Yefimıç dostunu yola salıb stol başına oturur və yenə kitab
oxumağa başlayır. Axşamın, sonra gecənin sükutu heç bir səslə
pozulmur, sanki vaxt dayanır və doktorla bərabər kitabın üzərində
donurdu, adama elə gəlirdi ki, bu saat dünyada bu kitabdan və yaşıl
şarlı lampadan başqa heç bir şey yoxdur. Doktorun müjiklərə məxsus
kobud sifəti insan zəkasının hərəkəti qarşısında yavaş- yavaş riqqət və
vəch təbəssümü ilə parlayırdı. “Ah, nə üçün insan ölməz deyil!- deyə o
düşünürdü.- Əgər hər şey torpağa gömülməyə məhkum isə və nəhayət,
Yer kürəsinin qabığı ilə bərabər soyuyacaqsa, sonra da milyonlarla il
mənasız və məqsədsiz bir halda günəşin ətrafına dolanacaqsa- əcəba,
beyin mərkəzləri və qırışıqları, görmə, danışma qabiliyyəti, xüsusi
hisslər, düha nə üçünmüş? Soyumaq və sonradan günəş ətrafında
mənasızcasına hərlənmək üçün, yoxluqdan yüksək və bəlkə də ilahi
ağla malik insan yaratmaq, sonra da onu sanki lağa qoymaq üçün
torpağa çevirmək nəyə lazımmış?”.
Maddələr mübadiləsi! Lakin bu ölməzlik surroqatı ilə özünə təsəlli
vermək nə böyük bir qorxaqlıqdır! Təbiətdə baş verən şüursuz proseslər
insan səfehliyindən də alçaqdır, çünki səfehlikdə, necə olsa, şüur və
iradə var, proseslərdə isə heç nə yoxdur. Yalnız ölüm qarşısında
qorxaqlığı qürur və ləyaqətindən çox olan bir qorxaq özünə təsəlli verə
bilər ki, bir zaman onun bədəni otda, daşda, qurbağada yaşayacaqdır...
Öz ölməzliyini maddələr mübadiləsində görmək- qiymətli və əziz bir
skripka sındıqdan sonra, onun qabının parlaq gələcəyi olduğunu
qabaqcadan xəbər vermək kimi çox qəribə bir şeydir.
Saat zəng vuranda Andrey Yefimıç kresloya söykənib bir az
düşünmək üçün gözlərini yumur, sonra kitabdan oxuduğu gözəl
fikirlərin təsiri altında öz keçmişinə və hal- hazırına bir nəzər salırdı.
Keçmiş iyrəncdir, bunu yadına salmasan yaxşıdır. Lakin hazırda da hər
şey keçmişdəki kimidir. Andrey Yefimıç bilirdi ki, onun fikirləri,
soyumuş yer kürəsi ilə birlikdə günün ətrafında hərlənməkdə ikən,
həkimin mənzili ilə yanaşı olan böyük korpusda adamlar cürbəcür
xəstəliklər və natəmizliklər içərisində əzab çəkirlər; bəlkə bu saat bu
adamlardan biri həşəratla çarpışır, digəri qızıl yel xəstəliyinə tutulur və
ya bərk sarınmış sarğının əziyyətindən inləyir; bəlkə xəstələr xəstə
baxıcıları ilə bir yerdə kart oynayır, yaxud da araq içirlər.Hesabat ili
ərzində min iki yüz adam aldadılmışdır; xəstəxananın bütün işi, iyirmi il
bundan qabaqkı kimi, oğurluq, qeybət, dava- dalaş, qohumbazlıq,kobud
şarlatanlıq üzərində qurulmuşdur, ona görə xəstəxana yenə qabaqkı
kimi əhalinin sağlamlığı üçün son dərəcə zərərli bir müəssisədir. O
bilirdi ki, 6 No- li palatada Nikita xəstələri barmaqlıq arxasında
kötəkləyir, Moyseyko da hər gün şəhəri dolaşıb sədəqə yığır.
Digər tərəfdən, ona gözəlcə məlum idi ki, son iyirmi beş il
içərisində təbabət elmində ağlasığmaz bir dəyişiklik əmələ gəlmişdir.
Universitetdə oxuyan zaman ona elə gəlirdi ki, təbabət elminin aqibəti
də tezliklə yalançı kimyanın və metafizikanın aqibətinə dönəcəkdir;
indi isə gecələr mütaliə edərkən təbabət elmi ona təsir edir, onda heyrət
oyadır və hətta onu vəcdə gətirərdi. Doğrudan da, nə gözlənilməz
inkişaf, nə böyük bir inqilab! Antiseptika sayəsindəelə operasiyalar
edilir ki, böyük alim Piroqov bunu hətta in sne qeyri-mümkün hesab
edirdi. Adi zemstvo həkimləri diz oynağının kəsilməsi əməliyyatına
cəsarətlə girişirlər, mədə operasiyasının yalnız yüzdə biri ölümlə
nəticələnir, daş bağlama xəstəliyi isə, o qədər bekara şey hesab olunur
ki, hətta bu xüsusda heç yazmırlar. Sifilisi olan xəstə tamamilə sağalır.
Hələ irsiyyət nəzəriyyəsi, hipnotizm, Pasterin və Koxun kəşfləri,
statistika ilə gigiyena, hələ bizim rus zemstvo təbabəti! Psixiatriya
indiki xəstəliklər təsnifatı ilə, xəstəliyi tanımaq və müalicə etmək
metodları ilə bərabər qabaqkına nisbətən tam bir Elbrusdur. İndi ağlını
itirmiş adamların başına soyuq su tökmür və əyinlərinə dəli köynəyi
geyindirmirlər, başına hava gəlmiş adamların indi insan kimi saxlayır
və qəzetlərdə yazıldığı kimi, hətta onlar üçün teatr tamaşaları və ballar
da düzəldirlər. Andrey Yefimıç bilirdi ki, indiki baxışları və zövqləri
nəzərə aldıqda, 6 №-li palata kimi bir biabırçılıq yalnız dəmir yolundan
iki yüz verst uzaq olan bir yerdə mümkündür, bu, yalnız bələdiyyə rəisi
və bütün qlasnıları yarımsavadlı meşşan olan şəhərdə ola bilər; çünki bu
yarımsavadlı meşşanların nəzərində elə bir kahindir ki, o, xəstənin
boğazına qalay töksə belə, ona tənqidsiz-zadsız inanması lazımdır!
Başqa yerdə olsaydı, camaat və qəzetlər bu balaca Bastiliyanı çoxdan
darmadağın etmişdilər.
Andrey Yefimıç gözlərini açıb öz-özündən soruşdu: “Yaxşı, bəs nə
olsun? Bundan nə çıxsın? Antiseptika da var, Kox və Paster də var,
amma mahiyyət etibarilə, işlər heç dəyişməmişdir. Xəstəlik və ölüm
hadisələri eyni dərəcədədir. Dəlilər üçün ballar və tamaşalar düzəldirlər,
amma onları azadlığa buraxmırlar. Demək, bütün bunlar boş-boş
şeylərdir, əbəs yerə əlləşib-vuruşmaqdır və gözəl Vyana klinikası ilə
mənim xəstəxanamın arasında, mahiyyət etibarilə, heç bir fərq yoxdur”.
Lakin kədər və paxıllığa oxşayan bir hiss onun laqeyd qalmasına
mane olurdu. Bu yəqin yorğunluqdan idi. Ağırlaşmış başı kitabın üstünə
düşür, yumşaq olsun deyə əllərini üzünün altına qoyub düşünürdü:
“Mən zərərli bir işə xidmət edirəm, aldatdığım adamlardan maaş
alıram, mən namuslu adam deyiləm. Ancaq öz-özlüyümdə mən axı bir
heçəm, yalnız zəruri ictimai bəlanın bir zərrəsiyəm: bütün qəza
məmurları pisdirlər, ziyalı adamdırlar və müftə maaş alırlar... İki yüz il
bundan sonra dünyaya gəlsəydim, başqa adam olardım”.
Saat üçü vuranda Andrey Yefimıç lampanı söndürüb yataq otağına
getdi. Lakin o yatmaq istəmirdi.
VIII
İki il bundan əvvəl zemstvo səxavətə gəlib, zemstvo xəstəxanası
açılanadək şəhər xəstəxanasında işləyən tibbi heyətin gücləndirilməsi
üçün ildə üç yüz manat buraxmağı qərara almışdı, qəza həkimi Yevgeni
Fyodorıç Xobotov Andrey Yefimıça köməkçi sifəti ilə göndərilmişdi.
Bu, hələ otuz yaşına dolmamış, qarayanız bir gənc idi, onun boyu uca,
almacıq sümükləri enli, gözləri xırda idi; yəqin ki, ata-babası başqa
millətdənmiş. Şəhərə qəpiksiz gəlmişdi, yanında balaca bir çamadan və
gənc, lakin kifir bir qadın vardı, öz dediyinə görə, bu onun aşpazı idi.
Qadının südəmər bir uşağı vardı. Yevgeni Fyodorıç günlüklü şapka və
uzunboğaz çəkmə geyirdi, qışda isə yarımkürkdə gəzirdi. O, çox
çəkmədən feldşer Sergey Sergeyeviçlə və xəzinədarla dostlaşdı, qalan
məmurları isə nədənsə aristokrat adlandırır onlardan çəkinirdi.
Mənzilində vur-tut bir kitabı vardı. “Vyana klinikasının 1881-ci il üçün
ən yeni reseptləri”. O, xəstələrin yanına gələrkən həmişə bu kitabı özü
ilə götürərdi. Axşamlar klubda bilyard oynardı, kart oyununu isə heç
sevməzdi. Danışarkən: ganitel, sirkəli mantifoliya, indi isə basacaq
gopa və sair bu kimi sözləri həvəslə işlədərdi.
Xəstəxanaya həftədə iki dəfə gələr, palataları gəzər və xəstələri
qəbul edərdi. Antiseptikanın yoxluğu və həcəmət bankları onun xoşuna
gəlməzdi, lakin Andrey Yefimıçı haramzadə bir adam sayırdı, onun
böyük məbləğ sahibi olduğunu güman edir və ona həzəd aparırdı.
Mümkün olsaydı Andrey Yefimıçın yerini məmnuniyyətlə tutardı.
IX
Bahar gecələrindən birində, martın axırlarında, qar tamam əriyərkən,
doktor öz dostu poçt müdirini qapıyadək ötürmək üçün həyətə çıxmışdı.
Bu dəmdə sədəqə yığmaqdan qayıdan cuhud Moyseyko həyətə girirdi.
Onun başı açıqdı, yalın ayaqlarına dayaz qaloş geymişdi, əlində balaca
bir sədəqə torbası vardı.
O, soyuqdan əsə-əsə təbəssümlə doktora müraciət etdi:
- Bir qəpik ver!
Rədd etməyi bacarmayan Andrey Yefimıç ona bir dənə ikişahılıq
verdi. Doktor onun qırmızı, arıq topuqlu yalın ayaqlarına baxıb
fikirləşdi:
“Belə də iş olar? Bu soyuqda ayaqyalın necə davam gətirir?”.
Doktor həm yazığı gəlməyə, həm də iyrənməyə oxşayan bir hisslə,
gah yəhudinin daz başına, gah qırmızı topuqlarına baxaraq, onun
ardınca fligelə getdi. İçəri girərkən Nikita cır-cındır üstündən qalxıb
gərnəşməyə başladı.
Andrey Yefimıç yumşaq bir tərzdə dedi:
-Xoş gördük, Nikita. Bu yəhudiyə bir cüt çəkmə düzəltsəydik, pis
olmazdı, yoxsa soyuqlayacaqdır.
- Baş üstə, zati-aliləri! Buyurduğunuzu nəzarətçiyə çatdıraram.
- Zəhmət olmasa! Mənim dilimdən xahiş edərsən. De ki, doktor özü
təvəqqe elədi.
Dəhlizin palataya olan qapısı açıldı. İvan Dmitriç çarpayıda
uzanmışdı. O, özgə adamın səsini eşidib dirsəkləndi. Dinləməyə başladı
və danışan adamın doktor olduğunu anladı. Qəzəbindən bütün vücudu
titrədi, acıqlı üzü qızarmış, gözləri hədəqədən çıxmış bir halda yerindən
sıçrayıb, palatanın ortasına yüyürdü.
- Doktor gəldi! – deyə bağırdı və qəhqəhə çəkdi. – Axır ki, gəlib
çıxdı! Ağalar, təbrik edirəm, doktor sizi yad eləyib! Alçaq hərif! – deyə
lap özündən çıxmış bir halda çığırdı, palatada bu vaxta qədər onda belə
hal görməmişdilər, o, qəzəblə ayağını yerə döydü. – Bu əclafı öldürmək
də azdır! Ayaqyoluna salıb boğulmalıdır!
Bu sözləri eşidən Andrey Yefimıç dəhlizdən palataya baxdı və
yumşaq bir əda ilə dedi:
- Nə üçün?
İvan Dmitriç hədəliyici bir görkəmlə ona yanaşdı və rəşə ilə xalata
bürünərək:
- Nə üçün? Onun üçün ki, oğrusan! – dedi və tüpürmək istəyirmiş
kimi dodaqlarını nifrətlə büzdü. – Şarlatan! Cəllad!
Andrey Yefimıç taqsırını duyan bir adam kimi gülümsəyərək dedi:
- Sakit olun! İnandırıram sizi ki, mən ömrümdə bir dəfə də olsun
oğurluq eləməmişəm, qalan şeylərə gəldikdə siz çox mübaliğə edirsiniz.
Mənim əlimdən acıqlı olduğunuzu görürəm. Xahiş edirəm, sakit olun və
soyuqqanlıqla deyin: niyə mənim əlimdən acıqlısınız?
- Məni niyə burada saxlayırsınız?
- Xəstə olduğunuz üçün.
- Hə, xəstəyəm. Amma onlarla, yüzlərlə dəli azad gəzib dolaşır,
çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayırd edə
bilmirsiniz. Nə üçün mən və bu yazıqlar hamının əvəzində bir günahkar
kimi burada qalmalıyıq? Nə üçün siz, feldşer, nəzarətçi və sizin kimi
xəstəxana rəzilləri, əxlaqca bizdən qat-qat aşağı olduğunuz halda,
özünüz burda yatmayıb, bizi yatırdırsınız? Bəs məntiq hanı?
- Əxlaqın və məntiqin buraya dəxli yoxdur. Hər şey təsadüfdən
asılıdır. Kimi tutub buraya salıblarsa, o burada qalır, kimi salmayıblarsa,
özü üçün gəzir, vəssalam. Mənim doktor, sənin isə ruhi xəstə olmağında
nə bir əxlaq var, nə də bir məntiq, bu yalnız boş bir təsadüfdür.
- İvan Dmitriç boğuq bir səslə:
- Mənim bu cəfəngiyatdan başım çıxmır... – deyib öz çarpayısına
əyləşdi.
Nikita doktorun hüzurunda Moyseykanın ciblərini axtarmaqdan
utandı; Moyseyko yığmış olduğu çörək qırıqlarını, kağız və sür-
sümükləri yatağı üzərinə qoydu. O, soyuqdan hələ də titrəyə-titrəyə
yəhudi dilində nə isə avazla danışmağa başladı.Yəqin təsəvvür edirdi ki,
özünə bir dükan açıbdır.
İvan Dmitriç titrək bir səslə:
- Məni buraxın! – dedi.
- Buraxa bilmərəm.
- Axı nə üçün? Nə səbəbə?
- Ona görə ki, buna mənim ixtiyarım yoxdur. Özünüz fikirləşin,
mən sizi buraxsam, bundan sizə nə fayda? Gedin. Şəhər əhli və ya polis
sizi tutub yenə buraya salacaq.
İvan Dmitriç:
- Hə, hə, düzdür... – dedi və alnının tərini sildi.
- Bu dəhşətdir. Bəs mən başıma nə kül töküm? Nə çarə qılım?
İvan Dmitriçin səsi və onun xoş ifadəli gənc siması Andrey
Yefimıçın xoşuna gəldi. O, bu cavan oğlanı oxşamaq və sakit etmək
istədi. Onun yanında çarpayıya oturdu, bir qədərdüşünüb dedi:
- Siz soruşursunuz ki, başıma nə çarə qılım? Sizin indiki
vəziyyətinizdən yaxşı çarə - buradan qaçmaqdır. Lakin təəssüf ki,
bundan bir fayda çıxmaz. Sizi tutacaqlar. Cəmiyyət özünü canilərdən,
ruhi xəstələrdən və ümumiyyətlə, yaramaz adamlardan qoruduqda, ona
batmaq olmaz. İndi bircə çarəniz var, siz bu qənaətə gəlməlisiniz ki,
burada qalmağınız vacibdir.
- Mənim burada qalmağım kimə lazımdır?!
- Madam ki, həbsxanalar və dəlixanalar var, demək, bunlarda bir
adam yatmalıdır, eləmi? Siz düşməsəniz, mən düşəcəyəm, mən
düşməsəm, bir başqası düşəcək. Səbr eləyin, bir vaxt gələcək ki,
həbsxana və dəlixanalar olmayacaq, o zaman nə pəncərələrdə barmqlıq
olacaq, nə də dəlilərə geyindirilən xalatlar. Əlbəttə, belə bir zaman gec-
tez gəlib çatacaqdır.
İvan Dmitriç istehza ilə gülümsədi və gözlərini süzərək dedi:
- Siz zarafat edirsiniz. Siz və sizin köməkçiniz Nikita kimi ağalar
gələcəyin fikrini çəkmirsiniz, lakin, möhtərəm cənab, əmin ola
bilərsiniz ki, gözəl vaxtlar gəlib çatacaqdır. Qoy mənim sözlərim sizin
xoşunuza gəlməsin, bu sözlərə gülün, lakin yeni həyat şəfəqi parlayacaq,
həqiqət qalib gələcək və bizim küçədə də bayram olacaqdır! Mən bunu
görə bilməyəcəm, ölüb gedəcəyəm, ancaq kimin isə nəvəsi, nəticəsi o
günü öz gözləri ilə görəcək. Onları səmimi qəlbdən təbrik edirəm və
xoşbəxtliklərinə sevinirəm! Allah köməyiniz olsun, dostlarım!
İvan Dmitriçin gözləri fərəhlə parladı, o ayağa qalxdı və əlini
pəncərəyə doğru uzadaraq həyəcanlı səsi ilə sözünə davam etdi:
- Bu barmaqlıqlar arxasından sizə xeyir-dua verirəm! Yaşasın
həqiqət! Mən sevinirəm!
İvan Dmitriçin hərəkəti doktora bir qədər suni göründüsə də, yenə
xoşuna gəldi. O:
- Burada sevinməyə bir səbəb görmürəm, - dedi. – Həbsxana və
dəlixanalar olmayacaq, siz buyurduğunuz kimi, həqiqət qalib gələcək,
lakin şeylərin mahiyyəti dəyişməyəcək , təbiət qanunları olduğu kimi
qalacaqdır. Adamlar indiki kimi xəstələnəcək, qocalacaq və öləcəklər.
Həyatınızı nə qədər gözəl bir şəfəq işıqlandırsa da, yenə axırda sizi
tabuta qoyub torpağa basdıracaqlar.
- Bəs ölməzlik, bəs əbədiyyət necə?
- Bəsdir, canım!
- Siz inanmırsınız, amma mən inanıram. Dostoyevskinin və ya
Volterin əsərlərində birisi deyir ki, əgər Allah olmasaydı, onu
insanlar özü uydurub yaradardılar. Mən qəti surətdə əminəm ki,
ölməzlik - əbədiyyət yoxdursa, böyük insan zəkası buna gec-tez nail
olacaqdır.
Andrey Yefimıç sevincindən gülümsəyərək dedi:
-Yaxşı sözdür. Sizin bu cür etiqadlı olmağınız yaxşıdır. Nelə bir
etiqadla, adamı lap divar arasına hörsələr belə, adam firavan yaşayar.
Siz bir yerdə təhsil almısınızmı?
- Bəli, universitetdə oxumuşam, ancaq qurtarmamışam.
- Siz düşüncəli və dərrakəli adamsınız. Siz hər bir şəraitdə öz-
özünüzdən təsəlli tapa bilərsiniz. Həyatı dərk etməyə çalışan azad və
dərin təfəkkür və dünyanın mənasız qayğılarına tam bir həqarətlə
baxmaq – insan bu iki nemətdən ən yüksək bir şey görməmişdir. Siz
üç qat barmaqlıq arxasında yaşamalı olsanız belə, bu nemətlərə nail
ola bilərsiniz. Diogen çəllək içində yaşadığı halda, bütün dünyadakı
padşahlardan xoşbəxt imiş.
İvan Dmitriç qaşqabağını töküb:
- Sizin bu Diogeniniz sarsağın biri imiş, - dedi və birdən-birə
acıqlanaraq yerindən sıçradı, uca səslə danışmağa başladı, - Diogen və
ya nə bilim dərk etmək barəsində danışmaqdan nə çıxar! Mən həyatı
sevirəm, həm də ehtirasla sevirəm! Məndə təqib olunma xəstəliyi,
əzabverici daimi qorxu var, amma elə dəqiqələr də olur ki, yaşamaq
arzusu mənim bütün vücudumu qapayır, belə anlarda qorxuram dəli
olam. Ehtirasla, ağlagəlməz bir həvəslə yaşamaq istəyirəm!
O, həyəcan içində otaqda gəzindi və alçaq səslə dedi:
- Xəyala dalanda məni kabuslar narahat edir. Yanıma bir cür
adamlar gəlir, cürbəcür səslər, musiqilər eşidirəm, mənə elə gəlir ki,
meşələrdə, dəniz sahilində gəzirəm... İstəyirəm, yana-yana istəyirəm ki,
mənim də işim-gücüm, qayğılarım olsun... Bir deyin, görüm, orada yeni
bir şey varmı? – deyə İvan Dmitriç soruşdu. – Orada nə var?
- Siz şəhər barəsində bilmək istəyirsiniz, yoxsa ümumiyyətlə?
- Əvvəlcə mənə şəhər haqqında danışın, sonra ümumiyyətlə.
- Nə olar, deyim də. Şəhərdə qüssədən bərk darıxırsan. Bir adam
tapmırsan ki, dərdini ona açıb deyəsən, ya da birini dinləyəsən. Təzə
adam yoxdur. Amma bu yaxında şəhərə Xobotov adlı gənc bir həkim
gəlibdir.
- O hələ mənim vaxtımda gəlib. Yoxsa qanmazdır?
- Bəli, tərbiyəsiz adamdır. Qəribə işdir... Hər şeydən görünür ki,
bizim paytaxtımızda zehni durğunluq yoxdur, hərəkət var. Demək,
orada həqiqi adamlar da olmalıdır, amma nədənsə hər dəfə oradan bizə
sarsaq adamlar göndərirlər. Şəhərimiz nə bədbəxtdir”
İvan Dmitriç ah çəkdi və:
- Hə, bədbəxt şəhərdir! – deyə güldü. – Yaxşı, indi də ümumiyyətlə
danışın. Qəzetlərdə və jurnallarda nə yazırlar?
Palata artıq qaranlıqdır. Doktor ayağa qalxıb, xarici ölkələrdə və
Rusiya mətbuatında nələr yazıldığını və ictimai fikrin hansı istiqamətə
doğru yönəldiyini nağıl etməyə başladı. İvan Dmitriç diqqətlə qulaq asır
və suallar verirdi, lakin birdən dəhşətli bir şey xatırlayan adam kimi
əlləri ilə başını qucaqladı və arxası doktora olaraq yatağa uzandı.
Andrey Yefimıç soruşdu:
- Sizə nə oldu?
- Bundan sonra siz məndən bir söz də eşitməyəcəksiniz! – deyə İvan
Dmitriç kobud cavab verdi: - Məni tək buraxın!
- Axı nə üçün?
Andrey Yefimıç çiyinlərini dartdı, köksünü ötürüb bayıra çıxdı.
Dəhlizdən keçərkən dedi:
- Nikita, buranı sil-süpür eləsəydin, nə yaxşı olardı... Havası çox
ağırdır!
- Baş üstə, zati-aliləri.
Andrey Yefimıç öz mənzilinə gedərkən düşünürdü: “Nə xoş
gəncdir! Burada yaşadığım müddət ərzində bu, gərək ki, söhbət
eləməyə layiq olan birinci adamdır. O, mühakimə yürütməyi bacarır və
məhz lazımlı şeylərlə maraqlanır”.
O, mütaliə edərkən və yatağında uzandığı zaman hey İvan Dmitriç
haqqında düşünürdü, səhər tezdən yuxudan oyandıqda isə dünən ağıllı
və maraqlı bir adamla tanış olduğunu xatırladı və mümkün olan kimi
onun yanına getməyi qərara aldı.
X
İvan Dmitriç dünənki vəziyyətdə uzanmış, başını əlləri arasına
almış və qıçlarını altına yığmışdı. Üzü görünmürdü.
- Xoş gördük, dostum, - deyə Andrey Yefimıç onunla salamlaşdı. –
Yatmayıbsınız ki?..
İvan Dmitriç üzünü yastıqdan ayırmayaraq dedi:
- Əvvələn, mən sizə dost deyiləm, ikincisi, nahaq yerə zəhmət
çəkirsiniz: məndən bir kəlmə də söz ala bilməyəcəksiniz.
Andrey Yefimıç pərt olub mızıldandı:
- Qəribə işdir... Dünən sizinlə mehribancasına söhbət edirdik, amma
nədənsə birdən-birə inciyib söhbəti qırdınız... Bəlkə mən söhbətimdə
kobud bir söz işlətmişəm, ya da bəlkə, sizin əqidənizə zidd bir fikir
söyləmişəm...
İvan Dmitriç yerində dikələrək istehza və təşvişlə doktora baxdı.
Gözləri qızarmışdı.
- Hə, siz dediniz; mən də inandım! – dedi. – Casusluq etmək və
işgəncə vermək üçün başqa yerə getməniz məsləhətdir, buradan sizə bir
iş çıxmaz. Mən sizin buraya nə üçün gəldiyinizi hələ dünən Dostları ilə paylaş: |