1.Azərbaycan multikulturalizmin əsas xüsusiyyətləri
Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə daxil etməyə hazır idi. Bu və buna bənzər xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir.«Kitabi-Dədə Qorqud» dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək.Və bunu Ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Akademik Ramiz Mehdiyev qeyd etdiyi kimi, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara vahid Azərbaycan dövlətinə mənsub olmalarının əsasında birlik hissi aşılanmağa başladı. «Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq» deyən Ulu Öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir: “Din və dövlət” (Maddə 18, bənd 1); “Dövlət dili” (Maddə 21, bənd 2); “Bərabərlik hüququ” (Maddə 25, bənd 3); “Milli mənsubiyyət hüququ” (Maddə 44, bəndlər 1, 2); “Ana dilindən istifadə hüququ” (Maddə 45, bəndlər 1, 2); “Fikir və söz azadlığı” (Maddə 47, bəndlər 1, 2, 3); “Vicdan azadlığı” (Maddə 48, bəndlər 1, 2); “Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri” (Maddə 127, bənd 10).
Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi «dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik»olmalarını təmin etməli idi.Təbii olaraq, Ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan Azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O, qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də «Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır».Beləliklə, Ulu öndər Heydər Əliyev multikulturalizmi Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə ölkədə multikulturalizm siyasətinin əsasını qoymuş və Azərbaycan multikulturalizminin siyasi banisi olmuşdur. Ulu öndərin multikulturalizm sahəsində həyata keçirdiyi bu böyük iş müasir dövrdə onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. O, multikulturalizm siyasətinə nikbin qütbü formalaşdırmışdır. Müasir dünyada multikulturalizm siyasətinə ikili baxış, iki qütb formalaşmışdır – bədbin və nikbin. Bədbin qütbü Kameron, nikbin qütbü isə Azərbaycan Prezidenti İlham Əliyev formalaşdırmışdır. Prezident İlham Əliyev Kameronun bədbin nəticəsinə qarşı duran optimist baxışı və siyasi iradəni nümayiş etdirir. O, Azərbaycan xalqının çoxəsrlik multikultural dəyərlərə malik olması ideyasına arxalanaraq belə bir siyasi bəyanatla çıxış edir: “Bu gün multikulturalizmin dünyada alternativi yoxdur.” Bəzi ölkələr tarixən ən qədim zamanlardan bəri hər hansı müxtəlifliklərlə üzləşmədən digər mədəniyyətlərlə təmas nöqtəsinə monoetnik bir birlik kimi gəlib çıxmışdır. Buradakı müxtəlif mədəniyyətliliyi sonrakı müxtəliflik kimi ayıra bilərik. Bəzi ölkələrdə isə müxtəliflik ilkin xarakterli olmuşdur. Birinci hal ilə bağlı real sosial nəticə odur ki, gəlmə multikultural dəyərlər dəyərləri formalaşmış ölkədə özünə asanlıqla yer eləmir. Belə bir ölkədə yeni dəyərlərin calağı istər-istəməz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində bu modelin iflasa uğramasının obyektiv səbəbləri yox deyil. Bəzi ölkələrdə isə xalqın tarixində müxtəliflik ilkin çağdan başlayır və müxtəlif xalqlar ən qədim zamanlardan etibarən bir-birini formalaşdıra-formalaşdıra müasir dövrə qədəm qoyurlar. “İlkin müxtəliflik” və “sonrakı müxtəlifliyi” bir-birindən ayırmasaq bu günkü dünyada hansısa ölkədə multikulturalizmin iflasının, hansında isə təntənəsinin sirrini öyrənə bilmərik. Azərbaycanda normal multikultural əhvalın olması – müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması yenə də tarixin qədim dövrlərindən qidalanır. “İlkin müxtəliflik” Azərbaycan ərazisində özünü göstərən nadir xüsusiyyətlərdəndir və bu hal “sonrakı müxtəliflikdən” kəskin şəkildə fərqlənir. Məhz “ilkin müxtəliflik” bu gün Azərbaycan ərazisində özünü qoruyub saxlamış sistemli münasibət modeli formalaşdırmışdır. Nəticədə isə əsrlərdən bəri şair, yazıçı və alimlərin bədii ədəbiyyatda, elmi traktatlarda özünü göstərən müxtəlifliyə loyal münasibəti məhz Azərbaycanda, özü də müstəqillik dövründə yeni bir siyasi ahəng qazana bildi. Ona görə də təəccüblü deyil ki, bir sıra Qərb ölkələrində multikulturalizmin iflasa uğramasının bəyan edildiyi dövrdə Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi ortaya çıxır və Azərbaycan Prezidenti bu siyasətin davamlı olması üçün real və optimal fəaliyyət göstərir. Şübhəsiz, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi azdır. Amma mənəvi təcrübəsi böyükdür. Azərbaycan xalqının dastanlarından, nağıllarından, klassik ədəbi nümunələrindən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Tarix boyu Azərbaycan mənəvi həyatında tolerantlıqdan xeyli danışmaq mümkündür. Bunlar, təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə öncədən xas olmasına bir sübutdur.Baxın, multikultural dəyərlər harada iflasa uğradı? O ölkələrdə bu belə oldu ki, mənəvi baxımdan formalaşma prosesini başa çatdırandan sonra oraya miqrasiyaların yeni dalğası ilə bu çağa qədər tanış olmayan multikultural dəyərlər, yad baxışlar gəlməyə başladı. Və artıq formalaşmış orqanizm bu süni calağı qəbul etmədi. Sonrakı müxtəlifliyin mahiyyəti budur. Azərbaycanda isə əvvəlcədən bu dəyərlər süni deyildi. Çünki onlar təbii halda, başlanğıcdan bir yerdə idi. Əsas məsələ budur. Buna görə də biz metodoloji olaraq, “ilkin müxtəliflik”, “sonrakı müxtəliflik” anlayışlarını bir-birindən fərqləndirməliyik. İlkin müxtəliflik, əslində, özündə miqrasiya elementi saxlamır. O, hər hansı müxtəlifliyin ilk başlanğıcdan bir yerdə, yanaşı mövcudluğu kimi özünü göstərir.Azərbaycanda multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin subyektiv səbəblərinə gəldikdə, ilk növbədə ölkə rəhbərliyinin bu sahədə gördüyü böyük işləri göstərmək lazımdır. Prezident İlham Əliyev ölkədəki multikultural durumu daha da möhkəmlətmək məqsədilə bir sıra mühüm işlər həyata keçirir. O, ölkədəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinə böyük önəm verir. Bunun bariz nümunəsi kimi ilk növbədə onun 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin (hazırda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi adlanır), 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, həmçinin Prezidentin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsini və 11 mart 2016-cı il tarixli Sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsini göstərmək olar. Qeyd olunan təsisatların və Sərəncamların hər biri Azərbaycanın multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əsas məqsədi ölkədə mövcud olan milli müxtəlifliyin qorunub saxlanması, milli azlıqların hüquq və azadlıqlarının dövlət təminatının, milli azlıqlarla bağlı dövlət siyasətinin həyata keçirilməsi, ölkədəki multikultural mühitin öyrənilməsi və dünyada təbliği işinin aparılması, dövlətin din siyasətinin tənzimlənməsinə nəzarət etməkdən ibarətdir. Bu məqsədə nail olmaq istiqamətində həyata keçirilən işlər sırasında Şöbənin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığı xüsusi yer tutur.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) əsas məqsədi Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir. BBMM-in qarşısında duran bütün vəzifələr Azərbaycan multikulturalizminin inkişafına yönəlmişdir.Prezident İlham Əliyevin multikulturalizm siyasətinə yüksək önəm verməsi ölkənin daxili siyasəti ilə yanaşı xarici siyasətində də özünü büruzə verir. Mütəmadi olaraq Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqinə həsr olunmuş bir çox beynəlxalq forumlara, konfranslara ev sahibliyi edir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycanda 2010-cu ilin 26-27 aprel tarixlərində Dünya Dini Liderlərinin Sammiti, 2011-ci, 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü, 2016-cı və 2018-ci illərdə Bakı Beynəlxalq Humanitar Forumları, 2013-cü, 2014-cü, 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci və 2019-cu illərdə Qlobal Bakı Forumları, eləcə də 2016-cı ilin 25-27 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Bu tədbirlər “Bakı prosesi” çərçivəsində keçirilir11.“Bakı prosesi” – mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. “Bakı prosesi” təşəbbüsünü ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi. Bununla sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu.“Bakı prosesi”nin əsas aktorları Azərbaycan Respublikası hökuməti, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatıdır.“Bakı prosesi”nin məqsədləri aşağıdakılardır:
1. Mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişafı;
2. Müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi;
3. Xalqlar arasında olan dini və mədəni gərginliyin azadılması məqsədilə barışdıran və sakitləşdirən qüvvələrə dəstək göstərməklə mədəniyyətlər arasında hörmət və qarşılıqlı anlaşmanın qurulması;
4. Mədəniyyətin, mədəni irsin və incəsənətin imkanlarını müəyyən etməklə, onların potensialının mədəniyyətlərarası dialoqun və əməkdaşlığın həyata keçirilməsində daha səmərəli istifadəsi;
5. Mədəni və bədii fəaliyyətlərin dəstəkləməsi; qarşılıqlı anlaşma və dialoqun qurulması prosesində yaradıcılıq və incəsənət adamların təkan verici qüvvə kimi tanınması;
6. Üzv ölkələr və vətəndaş cəmiyyətinin cəlb olunması ilə, səlahiyyətli beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.
“Bakı prosesi” əvvəlcə regional təşəbbüs kimi yaranmışdır. 2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini elan etdi. Bu hadisə “Bakı prosesi”nin regional təşəbbüsdən qlobal hərəkata çevrilməsinə səbəb oldu. Azərbaycan Respublikası tərəfindən irəli sürülən “Bakı prosesi” təşəbbüsünü BMT-nin Baş Katibi Antonio Quterreş yüksək qiymətləndirərək onu 2008-ci ildən bəri bütün dünyada mədəniyyətlər arasında dialoqun təşviq olunmasındə mühüm rol oynadığını qeyd etmişdir. Bundan başqa Avropa Şurası Baş Katibinin müavini xanım Qabriella Battaini Draqoni “Bakı prosesi”nin əhəmiyyəti haqqında aşağıdakıları söyləmişdir: “Bəli, 2008-ci ildə bu, bir xəyal idisə, indi “Bakı prosesi” bir reallığa çevrilib. “Bakı prosesi” və mədəniyyətlərarası dialoq forumları bizlərə çox mükəmməl bir fürsət yaratmışdır ki, bir yerə toplaşıb dünyamızı narahat edən məsələləri müzakirə edək... Cənab Prezident, Sizə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya üz tutaraq xahiş edirəm ki, “Bakı prosesi”nin məşəlini heç zaman sönməyə qoymayaq. Çünki indi dünyanın sülhə, harmoniyaya, birgəyaşayışa daha çox ehtiyacı var”. Beləliklə, multikulturalizm siyasətinin meydana gəldiyi bir sıra Avropa dövlətlərinin başçıları bu siyasətin ölkələrində iflasa uğradığını bəyan etdikləri bir dövrdə Azərbaycanda multikulturalizm siyasəti cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsində ən mütərəqqi və optimal siyasət modeli kimi çıxış edir.