99.1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinə qarşı xalq hərəkatı və üsyanlar.
Sovetləşmənin ilk illərindən bolşevik rejiminə qarşı xalq üsyanları başlandı. ABŞ tarixçisi T.Svyatoçovski bu üsyanları "Azərbaycan döyüşü" kimi səciyyələndirərək yazırdı ki, Bakıda hakimiyyətin devrilməsindən keçən bir ay ərzində Azərbaycan Respublikasının sərhədlərindən aralıda İrana, Gürcüstana və Ermənistana başlanan sovet hücumu müvəffəqiyyətsizliyə uğradı. Bu vəziyyət isə azərbaycanlıların narahatçılığını yüngülləşdirdi. Çünki onlar işğalın mənəviyyatı sarsıdan zərbəsindən xilas oldular. Siyasi fəaliyyət göstərən iki antisovet mərkəzin meydana gəlməsinə baxmayaraq, müxalifət nə sıx şəkildə birləşə bilmişdi, nə də tələb olunan səviyyədə təşkilatlanmışdı. Bu mərkəzlərdən biri Tiflisdə Xan Xoyskinin başçılığı ilə qaçqınların yaratdığı Azərbaycanın Qurtuluş Komitəsi, ikincisi gənc müsavatçılar Mirzəbala Məmmədzadə, Əbdülvahab Yurdsevər və Cəfər Cabbarlının rəhbərlik etdikləri Azərbaycanın Müstəqilliyi Təşkilatı idi. Sovet üsuli-idarəsinə qarşı göstərilən müqavimət özünü, əsasən, artmaqda olan xalq narazılığı formasında göstərirdi ki, bu da hərbi kommunizm təcrübəsinin kobud şəkildə tətbiqi ilə bağlı idi.
Canlı şahidlər sərxoş dənizçilərin, əsgərlərin və çekistlərin ağlasığmaz vəhşiliklərini, soyğunçuluq hallarını, təhqiramiz hərəkətlərini, rəsmən tanınmış başlıca insan hüquqlarının məsxərəyə qoyulmasını, qadınların zorlanması hallarını və buna oxşar sayagəlməz cinayətkar hərəkətlərini, Çeka özəklərinin törətdiyi,ustalıqla ört-basdır etdiyi dəhşətləri sonralar daim xatırlayacaqlar... Hər gün, hər saat axtarışlar, qeyri-qanuni və qərəzli xarakter daşıyan müsadirələr aparılırdı.
Narazılıq əhvali-ruhiyyəsi həmçinin devrilmiş rejimə o qədər də sadiqlik göstərməyən Azərbaycan qoşunlarına sirayət etdi. Yerli hərbçilər Azərbaycan silahlı qüvvələrinin qırmızı ordu təbirincə yenidən təşkil olunmasından qeyzləndilər. Bu, zabitlərin tərxis olunmasına və birləşmələrin parçalanmasına səbəb olacaq bir sistem idi. Rus ordusu zabitlərinin Gəncədə yerləşmiş diviziya komandiri, polkovnik Mirzə Qacarı vəzifəsindən götürmək cəhdi həmin ərəfədə Azərbaycanda ilk və ən güclü qiyamın qalxmasına səbəb oldu. Beləliklə, gec də olsa, Azərbaycan üçün əsil döyüş başlandı.
Cəmi 1800 döyüşçüdən ibarət Gəncə diviziyası mayın 26-sı gecəsi qiyam etdi. Qiyamçılar cəld şəhərin müsəlmanlar yaşayan məhəllələrini ələ keçirdilər və dəmiryol stansiyası ətrafında ağır döyüşlər getdi. Azərbaycanlılar rusları bu rayondan sıxışdırıb çıxartmaq istəyirdilər, ancaq bu, onlara müyəssər olmadı. Dəmiryol ilə qırmızı orduya çoxlu əlavə hərbi qüvvə daxil olan zaman Gəncənin böyük bir hissəsi mühasirəyə alındı və onun ətraf rayonlarla əlaqəsi kəsildi. Ruslar ardı-arası kəsilmədən hücuma keçsələr də, hər dəfə ağır itkilər verərək dəf olundular. Lakin son məqamda rusların çoxlu canlı qüvvəsi və ara verməyən artilleriya atəşləri hesabına onlar üstünlüyü ələ aldılar. Döyüş mayın 31-də sona yetməzdən qabaq minə yaxın qiyamçı həlak oldu bəziləri lap axırıncı gün yerli ermənilərin əli ilə qətlə yetirildi. Digər döyüşçülər dağlara qaça bildilər. Gəncə qiyamından sonra həyata keçirilən cəza tədbirləri amansız olub, kütləvi xarakter daşıdı. Həmid Sultanov Bakıdan uzaqlaşdırıldı. Yüzlərlə vəzifə cəzası alanlar oldu. Bütün azərbaycanlı generalları həmin təmizləmənin qurbanı oldular. Nərimanovun işə qarışması ilə Şıxlinski və Mehmandarov xilas olundu. Bundan əlavə, altı polkovnik, üç mayor və yeddi kapitan həlak oldu. Onlardan çoxu Gəncə qiyamı başlayandan bir gün sonra Nargin adasında güllələnən 76 nəfərdən ibarət qrupun üzvləri arasında idilər. 1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər həlak olanların sayı 48000 nəfərə çatdı.
Gəncə üsyanı XI Ordu komandanlığında təşviş hissi oyatdı və həmin vaxt verilən xüsusi sərəncamda "təlqin olunmuş milli və dini ideyalar zəminində köklənən qarışıqlığın kütləvi xarakter ala biləcəyi" imkanı nəzərə alınırdı. Belə olduğu təqdirdə, qoşunlar əks-hücumların mərkəzi sayılan Bakıya cəmlənməli idilər. Digər bir sərəncamda xalq narazılığını doğuran dərin səbəbləri araşdırmaq məqsədi güdülürdü:
Bir şeyin pulu ödənilmədən müsadirəsi əsla yolverilməzdir. Qəbz təqdim etmədən, yerindəcə haqqını nağd pulla ödəyin. Hər bir adama izah edin ki, o öz dininə ehtiram bəsləməyə borcludur və hazırkı vaxtda din xadimlərinə qarşı təbliğatı dayandırmaq, adət-ənənələrə hörmət etmək lazımdır.
Keçmişə nəzər salanda, XI Ordunun baş komandanlığının əmrlərinin həyəcanlı tonu üsyanların xarakter və mahiyyətinin təsiri altında çox güclü səslənirdi. Ölkəni üsyan dalğası bürüdü. Lakin bunların heç biri gücünə görə Gəncə üsyanına çata bilməzdi. Gəncə tamamilə susdurulduqdan və rus hərbi qüvvələri bütün Azərbaycan boyu gedən vuruşmalarla əlaqədar səfərbər edildikdən sonra Qarabağda böyük üsyan baş verdi. Üsyanın başında Nuri Paşa dururdu. Panislamçıların əksəriyyəti kimi onun da bolşeviklərə bağladığı ümidlər tamamilə boşa çıxmışdı. Üsyançılar Şuşanı ələ keçirdilər. Burada Azərbaycanın piyada alayı onların tərəfinə keçdi, lakin sonra bu qüvvələr hərbi hava qüvvələri eskadronunun dəstəklədiyi qırmızı ordu süvari diviziyası ilə üz-üzə gəldilər. Qırmızıları Zaqatalada yeni bir üsyan təhlükəsi gözləndiyinə baxmayaraq, iyunun 15-də asanlıqla Şuşanı yenidən ələ keçirdilər. Bundan sonra, çox keçmədən Nuri Paşanın qüvvələri parçalandı və ordunun qalıqları İran sərhədlərinə, Xiyabaninin Azadistanına tərəf çəkildilər.
Dostları ilə paylaş: |